Kəpənək sevgisi - Nisə Bəyim

Hekayə

-Ola bilməz!

Yaxınlıqdakı iri sütunun arxasıda gizlənib, əlini sürətlə çırpınan sinəsinə sıxdı. Yaxşı ki, foyedə adam çox idi. "Görəsən, məni gördümü?"- ağlından keçən ilk fikir bu oldu. Xeyli yerindən tərpənə bilmədi. "Əgər görmədisə, indiyə çıxıb getmiş olar." Onu bu qədər adamın içində bir anda görüb tanıdığı üçün özünə də heyrətləndi. Ehtiyatla sütunun kənarından başını çıxarıb baxdı: yox idi. Dərindən nəfəs alıb,  burdan uzaqlaşmaq üçün pilləkənlərə sarı getdi.

İşə bax! İllərlə bir şəhərdə yaşayasan, eyni yollardan keçəsən, eyni günləri, eyni gecələri bölüşəsən, rastlaşmayasan. O qədər getdikləri ortaq yerlər var idi ki! Hər zaman hardasa qarşılaşa biləcəklərini düşünməkdən özünü saxlaya bilmirdi, qeyri-ixtiyari, gözləri onu arayırdı. Ağlına gəlməzdi ki,  ömründə tək bircə dəfə ölkədən kənara çıxasan, başqa bir şəhərə gedəsən, onda da  heç gözləmədiyin yerdə, ağlına gəlmədiyi vaxtda qarşına çıxa!

Qapıdan çıxıb göyə baxdı. Çisələyirdi, hava axşama doğru xeyli soyumuşdu. Taksi tutmaq üçün yola doğru irəlilədi. İki-üç addım atmışdı ki, arxadan gələn səs onu yerə mıxladı:

-Fidan!

O idi! Aman Allah!

Çevrildi. Ona doğru gələ-gələ:

-İçəridə gördüm səni, bir anın içində itirdim. Bayaqdan axtarıram, hara gedirsən?

Həyəcandan dodaqları səyriyə-səyriyə onun uzatdığı əlini tutdu:

-Aaaa, nə qəribə təsadüf... sən neynirsən burda?

-Festifalla bağlı burdayıq. Sən?

Fidan onun üzünü tələsik nəzərdən keçirdi. Birdən-birə ona həkimə gəldiyini demək istəmədi:

-Mənmi? Şey... nə vaxtdır gəlmək istəyirdim... dedim, bir mən də görüm buraları...

-Yaxşı eləmisən. Sən gəzməyə elə də həvəsli deyilsən. Heç gözləməzdim səni burda görəm. İndi hara gedirdin?

-Oteldə qalıram. Gördüm hava dönür, gec qalmayım dedim.

Nadir saatına baxaraq:

-Gedək, səni taksi ilə aparım, tədbirə hələ var.

Fidan tez etiaz elədi:

-Yox, sən işindən qalma, özüm gedərəm, uzaq deyil.

-O zaman yola salım, tədbir olmasaydı, mən də gedərdim səninlə, amma çıxışım da var.

-Gerçəkdən lazım deyil.

-Sabah görüşərik onda. Nə vaxt gəlim otelə? Ordan gedərik bir yerə. Al kartımı, gecə zəngləşərik.

Fidan kartı ondan alıb, çantasına qoyaraq:

-Sabah günortayacan işim var. Bir yerə getməliyəm. Nə qədər çəkər,  bilmirəm. Ən yaxşısı, axşama doğru.

-Yaxşı... gəl, gəl...

Yaxınlaşan taksini saxlatdı.

***

Darıxıb yerindən qalxdı, pəncərədən küçəyə baxmağa başladı. Yağış bərkimişdi. Küçədən keçən maşınların işığında, sanki göydən ağ sel axırdı.

Hara qaçacağam ki, dünyadan? Bir ömür boyu səndən qaça bilmədim. Hara getdim, içimdə apardım səni. Gündüzlər yoldaşım, gecələr sirdaşım oldun. Eh...

İllərlə özü ilə mücadilə etməkdən yorulmuşdu. Bunun mənasız bir cəhd olduğunu da çoxdan anlamışdı. Nə hər gün bir-birlərini gördükləri  vaxtda, nə də aylarla, illərlə ayrı qaldıqları zamanlarda heç nəyi dəyişə bilmədi. İndi, budur, sakitləşdiyi, başı xəstəliyinə qarışdığı bir zamanda yenidən, lapdan qarşısına çıxır. Bu- tale deyil, bəs, nədir?

Gözünü qaranlıq boşluqdan çəkib, çarpayıda oturdu. Telefonu açdı. Saat birə işləyirdi. İndiyə bitər tədbir. Düyməni basdı.

-Alo...

-Mənəm. Gecən xeyir. Yatmışdınmı?

-Yox. Zəngini gözləyirdim.

-Necə keçdi tədbir?

-Normal. Necəsən?

-Babatam.

Nadir bir neçə saniyə susdu. Bu an Fidan əllərindən tər damcılarının qoluna axdığını hiss etdi. Bərk- bərk sıxdığı əlini bir az boşaltdı. Telefon da islanmışdı.

-Fidan, bura həkimə gəldiyini bilirəm. Sözü ora-bura çəkmə. Səhər gəlim, bir yerdə gedək.

Gözlərini bərk- bərk sıxıb, içindən gələn acını zorla qaytardı:

-Hardan bilirsən?

-Təsadüfən öyrəndim. Nə fərqi var ki?

Dinmədi.

-İndi gecdir. Yat, dincəl. Səhər gələcəm. Gecən xeyrə qalsın.

-Gecən xeyrə.

Hmmm... indi gəl, bundan sonra yat! Kim deyib, görəsən? Bunu öyrənməyə nə var ki! İşdə xəstə olduğunu hamı bilir. Yəqin bizimkilərdən də festivala gələn var. Həkimə onunla getmək istəmirdi. Hər şeyi biləcəkdi.

Qalxıb  yenidən sakitləşdirici içdi. Sabahkı sıxıntını indidən hiss edib gərginləşdi.

***

Ağlı kəsəndən onu tanıyırdı. Nadir əvvəlcə jurnalist kimi qəzetdə, radioda, sonra da televiziyada çalışmışdı. Evli idi. Universitetdə oxuyarkən qohumu ilə evlənmişdi, artıq uşaqları böyümüşdü.

Ölkənin ən böyük xəbər agentliyinə təyin olunanda Fidan da burada işləyirdi. Nadirin gəlişinə, demək olar ki, hamı sevinirdi. Belə maraqlı adamla işləmək çoxlarının ürəyincə idi. Gözlənildiyindən daha səmimi və istiqanlı idi. Fidanla elə ilk gündən yaxınlaşıb mehribanlaşdı:

-Səni tanıyıram. Yaxşı yazırsan, - deyib gülümsündü.

İlk gündən onunla elə yaxın, elə doğma davrandı ki, Fidan istəsə də, aralarına məsafə qoya bilmədi. O, nəzakətsiz adam deyildi, amma istədiyi zaman Fidanın işinə qarışır, istədiyi zaman zəng edir, hər şeyi ona danışır, məhrəm adam kimi  özəl duyğularını da onunla bölüşürdü. Onun belə sərbəstliyi, yaxınlığı, bəzən, Fidanın xoşuna gəlmirdi. Bir dəfə pillələri düşəndə onun qolundan tutmuşdu, Fidan gülə-gülə qolunu çəkərək:

-Sevgilim çox qısqancdır, görüb-eləyər.

Nadir dönüb onun gözlərinə diqqətlə baxaraq:

-Sevgilin yoxdur sənin.

-Nə bilirsən yoxdur, var.

-Yoxdur. Olsa, ilk mən bilərəm.

Belə gözlənilməz dialoqları çox olurdu və hər dəfə Fidan bundan çox gərginləşirdi. Doğrudan, niyə onun sevgilisi yoxdur? Məmləkətdə bir kişi yoxdur ki, ərə gedib qaxılsın xarabasına? Nə işin var sənin evli bir kişiylə? İş bir yana, indi onun uşaq doğub böyüdən vaxtıdır. Yanındakı qadınlar, rəfiqələri, ərki çatanlar onu danlamaqdan yorulmuşdular. Özündən xeyli böyük olan Şövkət xanım:

-Ay  qız, elə bilirsən, bizimkilər şaftalı tabağıdır? Neyləyək, ər deyib hərləyirik, birtəhər yola veririk. Necə olsa, uşaqların atasıdır. Sən istədiyin kimi hərtərəfli mükəmməl kişi çətin tapılar dünyada. Ha otur, ha gözlə... hardan gələcək?

Fidan gülərək:

-Bir qonşumuz vardı rayonda, deyirdi ki, süpürgə olsun, ər olsun.

-Heç qəribçiliyə salma. Düz deyib, kim deyibsə. Süpürgə olanda nə olar, evi-eşiyi, həyəti-bacanı süpürəcək ki! Mənimki heç süpürgəçiliyə də yaramır.

Bütün bunları Fidan hər kəsdən yaxşı bilirdi. Amma yox, gözünün, sözünün qabağında Nadir var idi. Nadirin düşüncələri, fikirləri, arzuları, duyğuları var idi. Nadirin gözü onun üzərində idi, o fikirləşmədən öncə, Nadir fikirləşirdi, o, qərar vermədən öncə, Nadir qərar verirdi.   Ondan öncə Nadir var idi və Fidan bu münasibəti dəyişməyə qadir deyildi. Hərdən Fidana elə gəlirdi ki, anadan olandan onunla bir köynəkdə  doğulub-böyüyüb, bir məktəbə gedib, bir qrupda oxuyub, bir ailədə yaşayıb.

Nadirin təzə kitabı nəşr olunanda vəziyyət bir az da qəlizləşdi. Bu, bir sevgi romanı idi. Nadir son vaxtlar bu romandan çox danışırdı. Səbirsizliklə çapını gözləyirdi. Nəhayət, bir səhər işə kitablarla gəldi və təbii ki,  birinci  üstünü yazıb Fidana verdi. O gün Fidan günorta olmamış, tələm-tələsik yığışıb evinə getdi və romanı oxumağa başladı. Yerindən qalxmadan oxuyub bitirdi.  Heykəl kimi donub qalmışdı. Neyləyəcəyini, nə deyəcəyini bilmirdi. Sonra təkrar yenə oxudu, sonra yenə. Bu sevgi romanının qəhramanı o idi - Fidan!

Bir neçə gün işə getmədi. Evdə dörd dolanıb gəzirdi. Böğazından heç nə keçmirdi, yata bilmirdi, düz-əməlli düşünə bilmirdi. Key-key kitabı götürüb baxır, yenə divana atırdı. Çox qəribədir ki, Nadir də zəng eləmirdi. Keçirtdiyi stresdən xəstələndi.

Yığışıb bibisigilə getdi... Bir-iki gün bibisi ilə qalıb, sakitləşmək istəyirdi.

O qədər sınıxıb arıqlamışdı, solub-soluxcamışdı ki, iş yoldaşları narahatlıqla onu dövrəyə alıb sorğu-sual etməyə başladılar. Nəhayət, Nadir də gəldi. Onun uzanmış üzünə, kədərli gözlərinə baxıb , heç nə demədi. Fidan da gözlərini gizləyərək, ona baxmadan  yerində quruyub qaldı.

Danışmırdılar.

Elə bil bir-birinə deyəcək sözləri qalmamışdı. Nadir demək istədiklərini, ürəyindən keçənləri, duyğularını, istəklərini romanda deyib bitirmişdi.

Fidan da görmək istəmədiyi, tanımadığı, anlaya bilmədiyi özünü görüb tanıyaraq sarsılmışdı...

O, saatlarla başını qaldırmadan, fikirli-fikirli işini görüb gedirdi. Hadir onun bu üzüntülü, kədərli və məhzun halını görüb peşman-peşman dolanırdı. Lənətə gəlmiş roman onları biri-birindən uzaqlaşdırmışdı.

Amma əvəzində əsər böyük uğur qazanmışdı. İşdə, demək olar, hər gün kitabdan söz düşür, obrazlar, əhvalatlar müzakirə olunurdu. Kitabdan söz düşəndə Nadir qaşqabağını tökür, bir bəhanə ilə ortadan uzaqlaşırdı. Fidan da "oxudum, yaxşıdır", - deyib müzakirələrə qatılmırdı.

Güzgüyə baxa bilmirdi. "Onun durna boynu kimi ağ və uzun boynunda, sinəsində gəzən öpüşlər" ...lənət şeytana! Nə vaxta qədər davam edəcək bu işgəncə? Nə haqqın var sənin? Nə haqqın var, mənim bədənimi, yatağımı düşünəsən? Hə, öz-özlüyündə deyirsən ki, bu, ümimiləşdirilmiş bir obrazdır, mənə heç bir dəxli yoxdur. Əlbəttə, mən heç nə deyə bilmərəm, sənə heç nə sübut edə bilmərəm. Çox gözəl, o zaman söylə, niyə bu haldasan? Özündən xəbərin var sənin? Heç güzgüyə baxırsan? Söyləsənə!Yoxsa, sən də baxanda...

Əsəbi halda durub yerində oturdu, hirslə balışını götürüb çarpayıya çırpmağa başladı. Əlindən başqa bir şey gəlmədiyi üçün özünə çox qızğın idi. "Sarı-qəhvəyi damalı köynəyinin altından"...Sarı- qəhvəyi damalı köynəyini də, romanda təsvirə düşmüş  qara haşiyəli boz kostyumunu da, qara şifon dekolte paltarını da qayçılayıb tullamışdı. Təkcə ağ ipək blüzünü doğramağa əli gəlmədi. Onu ilk dəfə görəndə bu köynəkdə idi.

Günlər keçib gedirdi. İstər -istəməz aralarındakı gərginlik də yumşalırdı. İşləri elə idi ki, bəzən məclisərdə bir olmaq məcbiriyyəti ortaya çıxırdı. Ara-sıra danışırdılar da. Amma bu mövzunu heç biri açmırdı. Bir -birini incitməmək üçün məsafəli dolanırdılar.

Az keçmədi ki, Nadiri Mədəniyyət Nazirliyinə göndərdilər. Fidan əvvəlcə buna çox sevindi. Elə bilirdi, ondan uzaqda  sərbəst və rahat olacaq. Belə olmadı. Keçirdiyi bütün acıların üstünə darıxmaq da əlavə olundu. Çox darıxırdı onsuz. Evdə televiziyanı həmişə açıq qoyurdu. Mədəniyyət xəbərlərindən süjet gedəndə bəzən onu da göstərirdilər.

Gecələrin birində  zəng gəldi. Fidan götürüb baxdı:o idi. Telefonu açdı.

-Alo...

Səs gəlmədi. Bir söz söyləmədən susub durdu. Nəfəs almağından hiss elədi ki, içkilidir. Telefonu qapamadan balışın üstünə qoydu. Çarpayıda dizini qucaqlayıb oturmuşdu. Pəncərəyə baxa-baxa fikirləşirdi ki, sabah Nadirin iş yerinə gedəcək. Elə-belə, onu görmək üçün. Görsün necədir, neyləyir? Olmazmı? Niyə olmur? Necə olsa, xeyli bir yerdə çalışıblar, yaxın dost olublar. Görüşmək üçün mütləq sevgilimi olmaq lazımdır? İnsan münasibətləri o qədər mürəkkəbdir ki, bəzən,  sevgilidən də yaxın olduğun adam da olur həyatında. Qərar verib yuxuladı. Səhər açıldı, amma o, Nadiri görməyə getmədi.

Bir dəfə hansı rəssamınsa sərgisində qarşılaşdılar. Uzaqdan Fidanı görən kimi, əhatəsindəki dəstədən  ayrılıb, onun yanına gəldi. Əvvəlki kimi, səmimi görüşdülər, hal-əhval tutdular.Nadir tələsik:

-Fidan,  mən səninlə danışa bilmədim o vaxt. Bağışla məni. Çox böyük haqsızlıq elədim sənə qarşı.

Fidan onun sözünü kəsərək,  yavaşca:

-Nadir, lazım deyil... keçdi, getdi...

-Yaxşı ki, kinli deyilsən, yoxsa, qəhrimdən ölərdim, - deyib güldü.

Fidan onun gözlərinə baxıb başını buladı.

Nadir:

-Yaxşı... mən gedim. Bura danışmaq üçün uyğun deyil.

Fidan sahildə bir az gəzdi, oturacağa əyləşib uzaqlara baxmağa başladı. Nə qədər dəyişib. Həmişə dağınıq olan saçları ağarıb, həm də tökülüb, seyrəlib. Elə bil qaməti də əyilib. Nə tez? Çox işləyir, yəqin. İşi də ağırdır. Ailəsi yaxşıdır, bir problemi olmasın gərək ki... özü deyirdi ki, uşaqları ağıllıdır, onu heç incitmirlər. Hələ yaxın olan vaxtlarında danışırdı ki, arvadı ilə əsgərlik dostu kimidir. O qədər çətinlikdən, döyüşlərdən keçmişik ki... kasıb vaxtımızda çox əziyyətimizi çəkib. Arvadı ilə bibioğlu - dayıqızı idilər... Zarafatla gülürdü ki, bunun bir tərəfi yaxşıdır, bir-birimizi söyə də bilmirik. Ailə onun üçün çox önəmli idi. Boşanma ilə bağlı söhbət düşəndə, deyirdi uşağı olan kişi boşanmaz. O, tək bir qadının deyil, uşaqların da taleyini məhv edir. Bizim tərəflərdə boşanan kişini adam yerinə qoymurlar, boşanan qadının da qızını almırlar. Ailə məsələsində konservator idi.  O, haqlı idi. Əslində, Nadirin başqa işə keçməsi yaxşı oldu. Fidan çox fikirləşirdi, onsuz da onların bir yerdə olması mümkün deyildi. Onun dərdindən ölsə belə, Fidan başqa münasibətə razı olmazdı. O, heç zaman ikinci qadın olmağı özünə bağışlamazdı. Nadir də bunu bilirdi. Fidanın duyğularına hörmət edir, heç zaman bu barədə danışmırdı...

Romanından sonra daha iki kitabı çıxmışdı. Biri publisistik, o biri tədqiqat əsəri idi. O, yenə sübut elədi ki, istedadlı alim, orijinal yazıçıdır. Hər ikisini özü agentliyə gətirib paylamışdı. Fidana da vermişdi.

***

"Sabahın xeyir. Mən Nursellə çıxdım. Gəlmə. Otelə qayıdanda sənə zəng edəcəm. Görüşərik" . Mesajı göndərib otaqdan çıxdı. Bu gün təhlillərin cavabını alacaqdı. Onsuz da cavabı bilirdi. Bakıda çox çıxmışdı analizlərdən. Hamısı eyni şeyi göstərirdi. Tibbi aparatlar hər yerdə eynidir. Nə göstərirsə, həkimlər də ona uyğun müalicə yazır. İnterneti ələk-vələk eləmişdi. Düz deyirmişlər ki, adam öz xəstəliyi haqqında həkimdən çox bilir.  Səhv deyildi. Beynində şiş var idi.

Üz-üzə oturmuşdular. Nadir qarşısındakı fincanı fırladırdı. Eşitdiklərindən özünə gələ bilmirdi.

-Əməliyyat? - Ümidlə Fidanın gözlərinə baxdı.

-O da riskli. Təminat verən yoxdur.

-Yenə az da olsa, ümid var də. Mən tibbi yaxşı bilmirəm, amma bu zamanədə bir çarəsi olmamış deyil. Baxaq, axtaraq, sorub-soruşduraq... İsraildə, Amerikada, nə bilim, hardasa bir əlacı var, yəqin ki...

Fidan onun bozarmış üzünə baxıb:

-Nə olacaq-olacaq... mən öyrənmişəm artıq.

-Bakıya gedək, Səhiyyə Nazirliyində dost-tanış çoxdur. Axtarıb taparıq. Bircə sən fikir eləmə.

Fidan gülümsünərək:

-Fikir eləmirəm. Tək uzun-uzun yatmaq məni qorxudur. Ağlımı itirib-eləyərəm...

-Sən Allah, belə danışma. Sənə heç nə olmayacaq. Müalicə etdirəcəyik, sağalacaqsan. Sən nə vaxt dönürsən?

-Hələ burdayam bir həftə. Alanyaya , bir də  Ankaraya gedəcəm. Geri biletim var.

-Biz sabah axşam qayıdırıq. Dur gedək, bir az gəzək. Yaxşı yerlərə aparacam səni. Burda görməli yerlər çoxdur.

Bütün günü  gəzdilər, danışdılar, zarafatlaşdılar, ciddiləşdilər. Gecə restoranda yemək yedilər. Ən çox Fidan danışırdı. Duyğularını açıb buraxmışdı. Onunla hər şey elə xoş, elə rahat, elə gözəl idi ki! Kaş ki, bu gün, bu gecə bitməyəydi, bir ömür boyu davam edəydi. Fikirləşdi ki, bəlkə, elə onun ömrü bir gündən ibarətdir. Kəpənək kimi. Hətta Nadirin sinəsinə sığınıb ağladı da. Onun çətinlikdən, ümidsizlikdən, qeyri - müəyyənlikdən üzülmüş qəlbinə  arxa, dayaq duracaq güclü bir adama ehtiyacı var idi. Bir neçə saatın içində dirilib yüngülləşmişdi. İçi də, çölü də xoş duyğularla işıqlanmışdı.

-Nadir...

-Hə...

-Səncə, bizim burada rastlaşmağımız təsadüfmü?

-Bilmirəm.

Bir az fikrə gedib:

-Amma bir şey var. Daima bir-birini düşünən adamlar bir -birilərinə doğru gedirlər. Çünki düşüncələr də canlıdır, fikirlərində energiya var, onlar da bir-birini çəkir. İnsanın özündən asılı olmayaraq, fikri onu harasa çəkir, harasa aparır. Belə götürəndə, təsadüf deyil, zəruri ehtiyacdır. Görüşdüksə, deməli, belə olmalıymış.

Fidan onun gözlərinə baxa-baxa:

-Səni dinləmək o qədər xoşdur ki, adam istər-istəməz dincəlir, rahatlanır.

-Mən dayanmadan, bir ömür boyu danışa bilərəm.

Gülüşdülər.

Fidan:

-Mənsə bir ömür boyu susa bilərəm.

Nadir onun əlindən tutdu, dodaqlarına yaxınlaşdırıb öpdü.

-Səninlə hər şey gözəldir. Danışmaq da, susmaq da, qüssələnmək də, darıxmaq da - hər şey... unutma, sən mənə çox lazımsan. Düşündyündən daha  çox...  

Gecə yarısı Nadir onu otelə gətirdi.

Saçını sığallayaraq:

-Çox yordum səni. Get, yaxşı-yaxşı yat. Xəstəliyi -filanı da  unut getsin. Yaxşımı?

-Yaxşı.

-Bakıda səni gözləyirəm. Gələn kimi zəng elə.

-Yaxşı.

Onu özünə sarı çəkib qucaqladı.  

-Səni heç yerə buraxmaram... bildinmi? Anladınmı?

Fidan otelin qapısına çatanda dönüb ona baxdı. Əllərini cibinə qoyub dayanmışdı. Fidan əlini qaldırdı. O da cavabında əl yellədi.

***

Alanyada üç gün qaldı. Bakıya gələndə həmişə onun evinə düşən rəfiqəsinin- Sürəyyanın yanında dincəldi. Lap uşaqlığında olduğu kimi, qayğısız-qayğısız, iki gün dənizə baxdı, sahildə avaralandı. Sonra avtobusla Ankaraya gəldi. Ankarada, Hactepe Universitetində çalışan bir azərbaycanlı alimlə görüşəcəkdi. Çoxdan onun haqqında yazmaq istəyirdi. Ana tərəfdən eyni kökdən idilər. Bakıdakı qohumlar vasitəsilə onu tapmış, görüşmək  üçün  vədələşmişdi.  Otelə yerləşib, ona zəng edərək, gəldiyini bildirdi. Doktor ona sabah görüşmək üçün vaxt təyin etdi.

Saçlarını qurudub çarpayıda oturdu. Telefonu götürüb yığdı. Şövkət xanıma söz vermişdi ki, epiqrizi alan kimi, zəng edib danışacaq.  Zəng etmədiyi üçün danlanacağını gözə alaraq:

-Alo, Şövkət xanım, axşamınız xeyir.

-Ah, gözəlim, hardasan? Bizi nigaran qoydun. Elə bu gün danışırdıq işdə, bu qızdan niyə bir xəbər çıxmadı?

-Şövkət xanım, nə olub, səsiniz niyə belə gəlir? Xəstəsizmi?

-Yox... xəstə deyiləm. Yasda çox ağladım, çox... başım çatlayır lap.

-Nə yas? Kim rəhmətə gedib ki?

-Ayyy... soruşma... heç deməli dərd deyil.

-Yoo... deyin, narahat oldum, kim  ölüb?

- Bizim Nadir yadına gəlirmi? Necə gözəl insan idi, necə gözəl yazıçı idi... mən çox sevirdim onu. Heç özümə gələ bilmirəm.

-Nə? Necə yəni?

Telefon sürüşüb əlindən düşdü.

Nadir!..

Nə deyir bu? Necə yəni?

Telefondan Şövkət xanımın kallaşmış səsi gəlirdi.

-Bədbəxti təzəliklə televiziyada yaxşı işə keçirtmişdilər. Heç iki gün deyilmiş. Hərbi  heliokopterdə kimisə müşayiət edirmiş. Heç düz-əməlli bilən də yoxdu. Qəza olub, partlayıb deyirlər. Nə bilim, bəlkə də, vurublar. Danışırlar ki, Suriya ərazisində olub. Onun orda nə işi varmış? Alo, alo, Fidan, eşidirsənmi məni? Alo...

Necə yəni? Bəs... bəs...

Elə bil beyni birdən -birə durdu. Eşitdiklərini dərk eləyə bilmirdi. Səslər, sözlər, işıqlar - hər şey havada uçuşurdu. Sürətlə çarpan ürəyinin döyüntüsü qulaqlarında uğuldayırdı. Nəfəs ala bilmirdi. Əvvəlcə, onu öskürək, sonra da öyümə tutdu.

Olacaq şey deyidi. İndiyə qədər ağlından çox şeylər gəlib keçmişdi. Ayrılıqlar, həsrətlər, işgəncələr, əzablar... xəstəliyi üzə çıxandan sonra yalnız öz ölümünü düşünmüşdü.  Son vaxtlar gecələr yata bilməyəndə, fikirləşirdi ki, ölsə, Nadir çox ağrıyacaq, təəssüflənəcək, özünə yer tapa bilməyəcək, məzarına çiçək dəstələri gətirəcək, bəlkə, bir yazı da yazdı, demədiklərini dedi. Amma Nadirə ölüm qondurmaq xəyalına belə gəlməmişdi. İndi, birdən-birə, uzaq yerdə, tək otaqda belə bir məşum hadisənin ağırlığını təsəvvürünə yerləşdirə bilmirdi.

İndi nə olacaq? Neyləyim?  Məni Bakıda gözləyəcəkdin, axı! Getməliyəm. Gedib onu görməliyəm! İndi, bu dəqiqə getməliyəm!

Hövlnak durub paltarını geyindi. Çantasını götürüb hava limanınına getmək üçün otaqdan çıxdı. Liftdən çıxıb  bir neçə  addım atmışdı ki, huşunu itirib  yıxıldı. Otelin işçiləri yüyürüb yaxınlaşdılar:

-Hanım efendi, hanım efendi, iyimisiniz? Hanım efendi...

İnzibatçı təcili yardıma zəng elədi:

-Acil ambulans lazım. Bir hanım bayılmış, burnundan kan geliyor. Lütfen, ecele edin!

Fidanı ehtiyatla xərəyə qoyub, təcili yardım maşınına yerləşdirdilər.

Yağış yağırdı. O, yağışı sevmirdi. Heç sevmirdi.

17 avqust 2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!