Asif Atanın Füzulisi
Sayğılı Azər Turan! Ürəyinizdə Günəş olsun! Asif Atanın Azərbaycanın klassikləri ilə bağlı yazıları oxuculara yaxşı tanışdır. Ədəbiyyatımızda Dədə Qorqudluq olayının (dastan örnəyində), Nizamiliyin, Füzuliliyin, Nəsimiliyin və b. kimi örnəklərin əbədilik imkanı yaradıcılığın ulusal (xəlqi) ölçünü (səviyyəni) təsdiq etməsi ilə şərtlənir. Ulusal olan mahiyyətcə bəşəridir, deməli, zamanı aşandır. Min illərdir ki, ədəbiyyat insanın həyata, dünyaya, təbiətə, özünə münasibətini ifadə edir. Burada təbii ki, yalnız "əks etdirir" anlayışını demək, mahiyyətcə ədəbiyyatın rolunu kiçiltmək olardı. Ona görə ki, ədəbiyyat təkcə əks etdirmir. Əslində əks etdirmək onun ilkin görəvidir. Əsil ədəbiyyat zamanüstü hadisə olub, həmişə gerçəkliyi ötür, bu səbəbdən də ifadə edir. Ədəbi əsərin yaşarılığı həm də yaradıcının ruhunun nə dərəcədə güclü olması ilə bağlıdır. Zəif özünüifadənin məhsulu zamanı ötə bilmədiyindən gerçəkliyə bağlı qalır, sabaha yol ala bilmir. Ədəbi əsərin sabahlı olması yaradıcının şəxsi məziyyətləri ilə sıx şəkildə bağlıdır. Yəni əsərin əbədi olması həm də yaradıcının ləyaqətli ömür yaradıcılığı ilə bağlıdır.
Ədəbiyyatın insani missiyası yalnız gerçəkliyi əks etdirmək olsaydı, zamanında yaradılan örnəklər elə oradaca ilişib qalardı, əbədiyyət üfüqlərinə yetə bilməzdi. O deməkdir ki, ədəbiyyatın işi İnsaniliyi təsdiq etməkdir. İnam (Asif) Ata yazır: "Ədəbiyyat hadisələri Mənaya yüksəldir. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; bunu elə daim təkrar edirlər və unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, ancaq ədəbiyyatı zaman yetirmir".
Ədəbiyyatın əks etdirmədən ötə olan ifadəçiliyi - dünyanın ağılda, yaradıcı düşüncədə mahiyyətcə yenidən yaradılmasıdır. İnam (Asif) Ata bu məqamı özünəməxsus biçimdə belə ifadə edir: "Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və s".
"Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur". Atanın bu qənaətini necə anlamalı?
Dünyanın, həyatın, insanın mənası, mahiyyəti gerçəkliküstü olaydır. Ədəbiyyat bu anlamı özünəməxsus şəkildə - bədii təsvir və ifadə vasitələri ilə çatdırır. Şübhəsiz, yaradıcının mövzuya baxışı gərəkli rol oynayır. Atanın fikrincə, bu gedişdə ədəbiyyatın yaxşı mənada, vasitə olması onun dəyərini qətiyyən aşağı salmır. Dünyanın, Həyatın, İnsanın mənası birdir - Mütləqilik. Mütləqilik - Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik deməkdir.
Hələ 31 il öncə Asif Ata deyirdi: "Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır".
Bəs ölçünü necə müəyyən etməli? İndi çoxunun klassikaya qayıdışı, hərfi hərfinə anladığı kimimi qayıtmaq? Ya bu prosesdə ədəbi yaradıcılığın yeni, bənzərsiz özünüifadə çalarını, xəttini yaratmaq? Əlbəttə, çətin məsələdir. Əslində Atanın sunduğu (təqdim etdiyi) ideya ipuclarını aydınca göstərir. Di gəl, ki, Füzuliliyə, Nəsimiliyə qayıdış şübhəsiz, onları hərfi hərfinə təkrar etmək kimi anlaşılmamalıdır. Yaradıcılıq bənzərsizlik olayıdır, başqasını təkrarlamamaqdır. Deməli, Atanın "Ədəbi ideyalar vaxtıdır" fikri burada mahiyyət ölçüsündə çözüm, çıxış yolu tapmaq üçün gözəl imkanlardan biridir.
Poeziyada yeni deyim tərzi, ifadə imkanlarının çoxçalarlılığı, əruzla hecanın birliyi (əruzdakı əzəmətlə hecadakı zərifliyi birləşdirmək), nəsrdə məna ölçüsündə yığcamlıq, mövzu ilə biçimin bənzərsiz uyumunu, ifadəsini tapmaq...
Oxuculara Atanın Füzuli ilə bağlı yazılarından birini təqdim edirəm. Gerçəkdən bu, Asif Atanın Füzulisidir...
Sayğıyla,
İşıqlı ATALI
İnam ATA (Asif ATA)
Füzuliliyimiz - aşiqliyimiz
1. Eşq - İnam
Füzulidə Eşq - İnam səviyyəsindədir; sevgili İlahi Varlıqdır; Aşiq - Eşq Möminidir.
Füzulidə Eşq - Dindir; Aşiq - Dindardır.
Füzuli Eşqdən başqa din tanımır.
Xublər mehrabi-əbrusinə qılmazsan sücud,
Dinini döndərgil, ey zahid ki, yaxşı din deyil.
Eşqdən kənardakı Din - Dinsizlikdir Füzulidə; Eşqdən kənardakı səcdə - Səcdəsizlikdir; Eşqdən kənardakı Etiqad - Etiqadsızlıqdır.
Eşq möminliyindən başqa möminlik yoxdur Füzulidə.
Hər yana baxsam, sürahi tək sücud etmək işim,
Qanda olsam, badə tək düşmək ayağa adətim.
Səcdə Aşiqlik İzharıdır, İnam Təsdiqidir.
Füzuli Səcdə vasitəsilə Səcdəsizliklə döyüşür, Aşiqlik vasitəsilə Zahidliklə döyüşür. Eşq evi məscidə qarşı durur Füzulidə.
Ey olan sakini-məscid, nə bulubsan, bilməm,
Buriyasında onun buyi-riyadan qeyri?
İmanə gəlmək Füzulidə Eşqə gəlmək olur:
Eşqsizlik - küfrdür; Zahid əslində kafirdir, İmansızdır.
Görməyincə hüsnünü imanə gəlməz aşiqin,
Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.
Sevgiliyə üz tutmaq Füzulidə Allaha üz tutmaqdır; Hürufi davamçısıdır əslində Füzuli.
"Sevgili - Allahdır!" deyir Füzuli, Allahlığı sevgilisində görür.
Ey Füzuli, yarə döndərdim üzüm əğyardən,
Xəsmi çox gördüm, sığındım sidqilə Allahimə.
Eşq vasitəsilə Füzuli həqiqətsizliklə döyüşür, əslində inam vasitəsilə İnamsızlıqla döyüşür.
Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər alma.
Aşiqçilik İnamçılığı yaranır Füzulidə.
2. Eşq - İdrak
Füzulidə Aşiqlikdən Yüksək İdrakilik Yoxdur.
Aşiqlik İnsanı kamal əhli eləyir.
Eşq - İdraki Ucalıqdı Füzulidə - ömrün İdraki hasilatıdır.
Həyat sərf edibən dərd qılmışam hasil,
Sirişki-alü-ruxi-zərd qılmışam hasil.
Dərd - İdrak Dərsidir Füzulidə, Müdriklik Məktəbidir, kamillik yoludur, İnsanı Zaman üzərində Yüksəldən.
Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,
Nə hasil bivəfa dəhrin həyati-müstəarindən.
Eşq İnsanı Gerçəklik üzərində Yüksəldir, bu, İdraki Yüksəlişdir - İdrakın Yüksəlməsidir - həqiqətçilik Dərdiylə, əzabıyla, səbriylə, Dözümüylə bir yerdə.
Eşq - İnsanın İdrak Göyüdür; İdrak Eşqdə Göyləşir, - Əsilləşir, Saflaşır.
Olma xali dudkeşlər söhibətindən, ey könül,
Gər dilərsən edəsən ayineyi-idrakı saf.
Eşqsizlik - Füzulidə İdraksızlıqdır; Aşiqi Eşqdən qorumaq - naşılıqdır. Eşq divanəliyində sonsuz İdrakilik var, Eşqsiz Beyində İdraksızlıq Yuva qurub.
Eşq sevdasından, ey naseh, məni mən eylədin,
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.
Eşqdə Aşiqlik Müdrikliyi yaranır - Ağlasığmaz.
3. Eşq - Mənəviyyat
Eşq - İlahi Mənəviyyat yaradır; İkinin Bir olması, heyrət Ülviyyəti, Fədakarlıq Təşnəsi, Ali "Mən" Müqəddəsliyi...
Dil uzadar bəhs ilə ol arizu-xəndanə şam,
Od çıxar ağzından, etməzmi həzər kim yanə şam.
Yanmaqdan, şamtək əriməkdən Usanmamaq, Doymamaq; Yana-yana Qalmaq, eşq halına ucalmaq, Eşq halında İlahiləşmək...
Derəm əhvalımı cananə qılam ərz, vəli,
Görə bilməm özümü onda ki, canan görünür.
Eşqdə özünü itirmək və tapmaq, özündəki Böyüklüyə çatmaq...
Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,
Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Özündən keçmək özümlüyü, eşqə xidmət sultanlığı, ləyaqəti.
Yar qılmazsa mənə cövrü cəfadən qeyri,
Mən ona eyləməzəm mehrü vəfadan qeyri.
Cəfaya qarşı - Vəfa, cövrə qarşı - mehr, - Aşiqlik əhvalı...
Zamanı üstələmək.
Eşqdən məhrum olanlar, Dövrançılar - cəfaya qarşı cəfa, cövrə qarşı cövr əhvalından Yüksəyə qalxmırlar; Aşiqlik - İlahi əhvaldır gerçəkliyi ötən.
Min can olaydı, kaş məni-dilşikəstədə,
Ta hər biriylə bir kəz olaydım fəda sənə.
Aşiq - Fədakarlıq Təşnəsidir; özündənkeçmə burada Vəcd səviyyəsində, Ehtizaz səviyyəsindədir. Vəcd, Ehtizaz xislətli Fədakarlıq istəyi yaranır Eşqdə: Aşiq mənəviyyatı İlahiləşir.
Xali etmişdir məni məndən məhəbbət, dustlar,
Eyb qılmın görsəniz aləmdə bipərva məni.
Özünü-özündən ayıran Ehtiras əslində özünü-özünə çatdıran Ehtirasdır; özünü-özündən Artıq, Böyük, Yüksək eləyən Ehtirasdır; mənəviyyatın ülvi səviyyəsidir; bu hal Aşiq Mənəviyyatını Müqəddəsliyə Qərq eləyir.
Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,
Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.
Aşiqlikdən mənəviyyat Göylüyü yaranır - Yerdəkiləri ucaldan.
4. Eşq - İradə
Eşq - İlahi İradə yaradır; Bəlanı, Əzabı - nemət kimi qəbul etmək, Dərddə, Bəlada, Əzabda Böyümək; Dərddən, Bəladan, Əzabdan Dönməmək, əzabkeşlik, cəfakeşlik İnamına, İnadına Yetmək; onlardan Güc almaq.
Çox olduqca qəmu dərdim rəhi-eşq içrə xoş haləm,
Füzuli, şad olub şükr etməyimmi, nemətim artar.
Dərd-qəm adlı nemət yaradır eşq, Aşiq İradəsinin neməti yaranır, dərdin nemət yaratmaq qüdrəti peyda olur; əzab barı-bəhrəsi yaranır.
Dərd-Qəm yükü düşür çiyninə Aşiqin,
Ağır nemət düşür aqibətinə; Aşiq İradəsi adlanan İlahilik yaranır - Aşiq Səlahiyyəti Təsdiq olunur - Qeyri-adi.
Yaşım təxti-rəvandır, taci-zərrim şöleyi-ahim,
Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır.
Eşq Bəlası - Dəhşətdir; Aşiq İradəsi - Dəhşətdən Fəlakət yaradır.
Qara baxt Aşiq Aqibətində Ağarır.
Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar.
Bu məzmun ilə xətt ol səhfeyi-rüxsarə yazmışlar.
Eşq - Dərd Yoludur, həm də Aşiq əlacıdır.
Aşiq Dərd Yolundan dönmür; Dərd əlacına çatır, o, eşq dərdindən başqa dərman tanımır.
Eşq - Dərd Dərmanı Yüküdür - Bəlalı və Şəfqətli.
Aşiqlik - Bəlalı Şəfqət Aqibətidir.
Bəlanın - nicat səviyyəsidir; Fəlakətli Səadət Yoludur; - bu Yolu keçməyə İlahi İradə gərək.
Eşq dərdilə olur aşiq mizacı müstəqim,
Düşmənimdir, dustlər, bu dərdə dərman eyləyən.
Eşq Yolu - Ağrı Yoludur, Yanğı Yoludur;
Cövr odu yaxdı məni, yanımda durma, ey könül,
Bir tutulmuş atəşəm, qürbü civarımdan saqın.
O, həm də həqiqət Yoludur; bu səbəbdən də Fərəh Yoludur.
Aşiq İradəsi Bəladan İlahi Bar yetirir.
Ey Füzuli, çox məlamətdən məni mən etməgil,
Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.
Aşiq - Eşq Yolunu - qəm Yolunu sona qədər gedir; bu Yolda Aşiqlik Qüdrətinə Yüksəlir.
Qəm kimi öldürsə, canan tək qaçar məndən yana,
Şahi-dərdəm iltica eylər ülüvvi-cahimə.
Dərd Şahlığıdır - Aşiqlik, Dərdin - Şahlıq Yüküdür, Yoludur, Aqibətidir.
Eşq - Möhnət Yolçuluğu, Qətiyyət əhvalıdır.
Gərçi ey dil, yar üçün üz verdi yüz möhnət sana,
Zərrəcə qəti məhəbbət etmədin, rəhmət sana.
Eşq qətiyyətindən - Ali həqiqət yaranır; gerçəklikdən Üstün;
Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm,
Qəmi-eşqə məni bundan betər, yarəb, giriftar et.
5. Qohumluq
Füzuli Eşqi - Zərdüşt İşığıdır - Atəşin.
Babək Fərəhidir - Döyüşkən.
Qorqud Həyanlığıdır - Uca.
Hürufi İnsaniliyidir - Vəcdli.
Muğam Loğmanlığıdır - Ehtizazlı.
Saz Carçılığıdır - Şövqlü.
6. Ölçü
İnam səviyyəsində Aşiqliyimiz var - Zamandan Üstün.
14-cü il (1992)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!