İsi Məlikzadə-90: Nisgilli gözlərin işığı - Nəriman FƏRMAN

...İsi Məlikzadə mənim yaxın qohumum idi. Ona görə də onu hələ uşaqlıq illərimdən tanıyırdım. Atası Abbas əmini, anası Zəriş xalanı, onların şirin, duzlu- məzəli söhbətlərini yaxşı xatırlayıram. İsi müəllim şən, zarafatcıl, mehriban, bəzən isə dalğın, sanki nələrisə tez-tez xatırlamağa çalışan bir insan idi. Gözlərinin dərinliyində həmişə bir nigarançılıq, sanki sual dolu nisgilli bir nöqtə vardı. Yaxın olsaq da, belə hallarda bunun səbəbini aramızdakı yaş fərqinə görə soruşmağa utanır, çəkinirdim. Amma indi düşünürəm ki, kaş soruşaydım... Bəlkə elə o zaman İsinin verəcəyi cavab mənim onu daha dərindən tanımağıma kömək edəcəkdi...

İsi Məlikzadə 1934-cü ildə may ayının 1-də Ağcabədidə dünyaya gəlmişdi. Sanki elə bu səbəbdən baharın gözəlliyi və təravəti onun qəlbinə, düşüncəsinə, mənəviyyatına hopmuşdu. Görünür, buna görə də, İsi Məlikzadə həyatda çoxlarının görə bilmədiyi rəngləri, işığı, sevinci, kədəri görür və təmənnasız olaraq bütün gördüklərini hamıya çatdırmaq istəyirdi. 

Mən onun əsərlərinin əksəriyyətini oxumuşdum. İsini yaxından tanıdığımdan bu əsərləri oxuduqca, yaratdığı bır çox obrazların simasında sanki öz doğmalarımı, ətrafdakılarımı görüb təsirlənirəm. Çünki o, mənim yaxından tanıdığım insanların obrazını yaratmışdı. 

İsi Məlikzadə 1982-1983-cü illərdə özünün parlaq əsərlərindən birini - "Gümüşgöl əfsanəsi" povestini yazdı. Bu onun mühit, cəmiyyət haqqında düşüncələrinin nəticəsi idi. Yazıcı xalq əfsanəsindən cəmiyyətin problemlərini əks etdirmək üçün istifadə etmişdir. İsi Məlikzadə bu povestdə bütün məharəti ilə öz düşündüklərini təsvir edə bilmişdi.

"Gümüşgöl" əfasanəsində müəllif milli-mənəvi dəyərlərimizin itməməsini, adət-ənənələrimizin qorunmasını təbliğ etməklə yanaşı, dövrün qüsurlarını ustalıqla göstərmişdir. Yazıçı ideal bir cəmiyyət görmək arzusundadır. Ancaq maneələr var. Maneələr elə cəmiyyətin özü olduğundan yazıçı əsərdə sirli-sehirli, əfsanəvi bir göl yaratmaqla, arsuzuna birbaşa yox, dolayısıyla "çatır".

Orxan ali təhsilli bir gəncdir. Elmi iş götürüb, onun üzərində işləyir. Orxanın evlənmək vaxtıdır. Ancaq o, hələ evlənmək istəmir. Daha doğrusu, Orxan ərindən boşanmış Səfa ilə oturub-durur. Orxanın anasının buna etirazı kəskindir və o, oğlunun bu hərəkətinə mane olmağa çalışır.

İsi Məlikzadə povestin əsas qəhrəmanlarından biri olan Orxanın, eləcə də əsərdəki digər obrazların: - Ağbəyim, Bənövşə, Səfa və Yavərin taleləri fonunda cəmiyyətin üzləşdiyi bu cür problemləri əks etdirməyə çalışmışdır.

Yazıçı əsərlərində o dövrün səciyyəvi xüsusiyyətlərini verməklə yanaşı, cəmiyyətin nöqsanlarını, qüsurlarını, eybəcərliklərini elə ustalıqla göstərib ki, sovet senzurasının güclü bir vaxtında belə detalların necə çapa getməsinə təəccüb edirsən. Məsələn, "Evin kişisi" povestində oxuyuruq: Milis idarəsində milisioner işləyən Qaçay hərdən rəisinin qapısında odun doğrayır. Yazıçı burada incə bir priyomdan istifadə edir. Qaçayın rəisin həyətində odun doğramaq xoşuna gəlir. Axı, rəisin Bakıda oxuyan qızı Gülxar tətildədir. Qaçay odun doğrayanda o, piano çalır. Rəisin Qaçayla münasibəti çox səmimidir. Hiss olunur ki, o, Qaçayı gələcək kürəkəni görmək istəyir. Niyə də olmasın. Qaçayın rəisi Sahibov Qaçaya kifayət qədər bələddir. Doğrudan da Qaçay saf, pak, fiziki və mənəvi cəhətdən sağlam gəncdir. Yoxsa vəzifəsi ictimai asayişi qoruyan milis işçisinin rəisin qapısında odun doğramasını yazıya gətirmək çətin olardı. 

Yaxud "Gümüşgöl əfsanəsi" povestində belə bir epizod var: "Arvadının ölümündən bir müddət sonra, Mirzə Muxtar da rəhmətə getdi və eyvanına tut ağacının budağı toxunan İçərişəhərdəki evini Tambovdan gəlmiş bir rusa- fəhlə ailəsinə verdilər".

Adıkeçən povesti İsi müəllimin sağlığında oxumuşdum. Məni povestdə olan bu epizod həm düşündürür, həm də narahat edirdi. Əsərdə təsvir edilən İçərişəhər, tut ağacı, Mirzə Muxtar... Bunların hamısı milli və koloritli idi. Bəs elə isə niyə evi Tambovdan gələn gənc rus ailəsinə veriblər? Bu o dövr idi ki, Bakıda ev növbəsinə durmaq üçün ən azı beş il Bakıda daimi qeydiyyatda olmalı idin. Ondan sonra, gərək ən azı beş-on il də gözləməli idin ki, ev növbən çatsın. Sözsüz ki, Mirzə Muxtarın qonum-qonşusunda, ətrafında illərdir ev gözləyən neçə-neçə elm adamları, müxtəlif peşə sahibləri kirayədə qalırdılar. Onda necə olurdu ki, Mirzə Muxtarın evini çoxdan ev növbəsi gözləyən çoxsaylı azərbaycanlılardan birinə yox, məhz Rusiyadan, Tambovdan gəlmiş bir rus ailəsinə verirdilər?

Qərara gəldim ki, bu sualı münasib bir vaxtda yazıçının özünə verim. Belə də etdim. İsi Məlikzadə ilə görüşən zaman bu sualı ona verdim. O, mənə mənalı bir baxışla baxıb, bir az susandan sonra dedi:

- Sən məni yaxşı başa düşmüsən. Hər bir yazıçı üçün, o cümlədən mənim üçün bundan yaxşı mükafat yoxdur. Bunu senzura, senzor sənin kimi anlasaydı, ən azı həmin epizod povestdən çıxarılacaqdı. Bundan isə povest çox şey itirərdi. Belə sətiraltı mənaların əsərdə qalması yazıçının qələbəsidir.

Onu da qeyd edək ki, belə sətiraltı mənalar yazıçının əsərlərində yetərincədir.

İ.Məlikzadənin yaradıcılığında hər şey təbii ciddi, düşündürücüdür: yumor da, kədər də. O yumoru sevdiyindən yaradıcılığında yumor bol olmaqla yanaşı kədərli notlar da var.

İ.Məlikzadənin əsərlərində kəmağılılar da səmimi, xeyirxah və zəhmətkeşdirlər. "Gümüşqol" əfasanəsindəki kimi. "Baton" ləqəbli Qorxmaz metroda "işə" girib, səhər erkən düşür metroya. Qatara daxil olub, özünə yer tutur. Növbəti stansiyada qatara qoca - qadın daxil olanda o, ehtiramla yerini onlara verir. Bu minvalla o axşam saat 8:00-a kimi vicdanla vəzifəsini yerinə yetirir. Oxucu isə Qorxmazın hu halına yanıb acıyır.

"Qırmızı yağış" romanında isə vəzifə düşkünü Əhəd ağıldankəm, amma heç kimlə işi olmayan, səmimi, qayğıkeş, fağır qardaşı Əbili qəzmək adıyla aldadıb, ruhi dispanserə göndərir. Əbilin ürək pörşələyən vida çıxışını və ölümünü göz yaşısız oxumaq olmur.

İsi Məlikzadənin yaratdığı ədəbi obrazlar, qəhrəmanlar müxtəlif idi. Onun əsas qəhrəmanları gənclər, tələbələr, müxtəlif peşə adamları - kəndli, pinəçi, süpürgəçi, ocaqçı, ziyalı, zabit, həkim, müəllim və digər adamlar idi. İsi Məlikzadə öz qəhrəmanlarını əsərlərində elə şəkildə təsvir edir ki, oxucunun həyatda belə adamların həqiqətən də olmasına şəkk-şübhəsi qalmır. Çünki yazıçı həmin qəhrəmanların həm daxili aləmini, xarakterini bir psixoloq kimi açır, həm də zahiri görkəmlərini peşəkar bir rəssam kimi təsvir edir.

- Yazıçı əsərlərində həmişə gənclərə mənəvi cəhətdən sağlam olmalarını, vətənin, torpağın, ata-analarının qədir-qiymətini bilib, onları müqəddəs saymağı aşılayır. İsi Məlikzadənin "Duz" və "Oğul" hekayələri bu baxımdan yaddaqalan, təsirli və ibrətamizdir.

"Duz" hekayəsində qış tətilindən Bakıya qayıdan Seymura, otuz il poçtalyon işləyən atası çətinliklə otuz manat yol pulu düzəldir. Seymur isə "azdır" - deyib pulu götürmək istəmir, anası yalvarıb birtəhər o pulu Seymurun cibinə qoyur.

Yazıçı bununla Seymur kimi cavanlara bir növ ibrət dərsi verir, onlara ailələrinin maddi vəziyyətinə uyğun davranmağı tövsiyə edir.

"Oğul" hekayəsində vəziyyət əksinədir. İnstitutun üçüncü kursunda oxuyan Tahir atası xəstələnəndən sonra - artıq bir aydır ki, evə gec gəlir... Səbəbini soruşduqda isə Tahir dostlarla imtahana hazırlaşırıq, - deyir.

Gecə saat ikidir. Tahir hələ də evə gəlməyib. Atası narahatdır. Birazdan Tahir qapıda görünür, gözləri gülür. Ata oğlundan şübhələnib onu vurur, sonra da peşman olur. Heç demə, Tahir evin maddi vəziyyətini nəzərə alıb işə giribmiş. Atasını şübhələndirən gözlərindəki gülüş isə aldığı ilk maaşın sevinci imiş.

İsi Məlikzadənin "Qatarda" hekayəsi ilk baxışda komediya təsiri bağışlayır. Ancaq dərindən fikir verdikdə görürsən ki, yazıçı məsələni başqa cür qoyur. İ.Məlikzadənin təqdimatında əsərdə sanki vaqon kupesi "istintaq otağı", qatardakıların bir çoxu əyri yollarla natəmiz, rüşvətxor həyat tərzinə görə "təqsirləndirilən şəxslər", Dadaşov isə sanki dövlət ittihamçısıdır.

İsi Məlikzadə "Qatarda" hekayəsində bir şəxsdə iki Dadaşov familiyası daşıtdırmaqla maraqlı bir obraz yaratmışdır. Bir yalançı Dadaşov, bir də əsil Dadaşov. Qatardakılar yalançı Dadaşovu vəzifəli adam zənn edib, ondan ehtiyat edirlər. Yalançı Dadaşov da bundan məharətlə istifadə edib, Sabit Mirzədən başqa hərəni bir iş dalınca buyurur. Sabit Mirzə Dadaşovun bu yekəxanalığına görə onu acılamaq da istəyir. Ancaq hər dəfə də o anda Dadaşovun gözlərində adamın ürəyini hərarətlə, sevinclə dolduran işıq, nurlu üzündə mülayim bir təbəssüm görüb, pis fikrə düşməyinə peşman olur. Hekayənin sonunda yalançı Dadaşovun içindən Sabit Mirzənin pis fikrə düşməyə mane olan ikinci: gülərüz pinəçi əsl Dadaşov çıxır:

Zamanından, məkanından asılı olmayaraq İ.Məlikzadənin qatarı hələ çox məsafə qət edəcək.

Çox təəssüf ki, görkəmli yazıçı yaradıcılığının məhsuldar çağında, 61 yaşında dünyasını dəyişdi. 1995-ci il dekabrın 4-ü gecəsi aldığım acı bir xəbər - İsi Məlikzadənin ölüm xəbəri mənim varlığımı sarsıtdı. Bu, xalqımız üçün, ədəbiyyatımız üçün böyük itki idi...

İstedadlı yazıçı İsi Məlikzadə qırx ilə yaxın bədii yaradıcılıqla məşğul oldu, dəyərli əsərləri ilə ədəbiyyat tariximizi daha da zənginləşdirdi. Özü də təmənnasız, iddiasız, hay-küysüz, sakit və təmkinli olaraq.

Ruhun şad olsun, İsi müəllim...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!