Hörmətli Azər Turan!
Azərbaycanın xalq yazıçısı, akademik Mirzə İbrahimovun şəxsi arxivini onun tövsiyəsi ilə Azərbaycan Dövlət Arxivinə şəxsən təqdim etmişəm. Orada qalın qovluqlarda yazıçının çap olan və olunmayan əsərlərinin əlyazmaları toplanmışdı. 2006-cı ildə Mirzə İbrahimovun anadan olmasının 95 illiyi münasibətilə onun yaxın həmkarı, ədəbiyyatşünas alim, tərcüməçi Əziz Şəriflə və Cənubi Azərbaycan ədibləri ilə yazışmalarının - epistolyar irsinin bir hissəsini həmin qovluqlardan götürüb nəşr etdirdim.
Professor Əziz Şərifə 1974-cü ilin iyul ayının 26-da göndərdiyi məktubunda Mirzə İbrahimov yaradıcılıqla məşğul olmaq arzusu ilə Mərkəzi Komitəyə ərizə verib Azərbaycan Yazıçıları İttifaqı sədrliyindən uzaqlaşması, "sərbəst yazıçı həyatına qədəm qoyması" barədə xəbər verirdi. O, məktubunun bir yerində yazırdı: "… Mən bütün uşaqlar və nəvələrimlə Şüvalan bağında oturmuşam. Ağaclara qulluq edir, oxuyur, düşünürəm, yaradıcılıq planlarım çoxdur: "Mayak" romanı, "Füzuli" povesti, məqalələr, yol xatirələri və "Pərvanə", … "Gələcək gün" … indi fikrim budur ki, qüvvəmi, iradəmi, hiss və həyəcanlarımı toplayım, yaradıcılıq planlarımı yerinə yetirməyə verim. Beş-altı il belə edə bilsəm, özümü gündəlik həyatın fırtına və dalğalarından qoruya bilsəm, sənin kimi sədaqətli dostlarımın, minlərlə oxucularımın səbirsizliklə gözlədiyi yaradıcılıq planlarımı - qəlbimin ən əziz arzularını yerinə yetirərəm"…
Mirzə İbrahimov 25 yanvar 1975-ci il tarixli məktubunda Əziz Şərifə yazırdı ki, "Azərbaycan" jurnalının mart nömrəsində "Mayak" romanından bir hissə çap etdirəcək, payızda isə əsəri tam başa çatdıracaqdır.
Lakin gözlənilmədən, 1976-cı ildə Azərbaycan Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin şəxsi müraciətini qəbul edib ictimai işə qayıtmalı olan Mirzə İbrahimov bilavasitə rəhbərin razılığı və göstərişi ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda öz arzusuna müvafiq Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaratdı. Sovet hökumətinin qadağalarına rəğmən mətbuat aləmində İran Azərbaycanı deyil, Cənubi Azərbaycan işlənməsini reallaşdırdı, 1813-cü ildən bu günədək o tayda yaranan zəngin milli ədəbi-mənəvi dəyərlərimizin elmi araşdırma mərkəzinin təməlini qoydu. Mirzə İbrahimovun misilsiz ictimai xidmətlərindən biri də müasir Cənubi Azərbaycan ədəbi məktəbini yaratması oldu.
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etdiyi dövrdə də Mirzə İbrahimov ədəbi yaradıcılığını davam etdirirdi. O, 1977-ci il oktyabrın 14-də Əziz Şərifə göndərdiyi məktubda bildirirdi: "Mən yazıram: məqalələr, publisistik lövhələr, birdə ki, Füzuli haqqında povest - "Əbədi həyat". İşim belə getsə, bu ilin axırına qurtararam".
Bütün nikbin məlumatlara baxmayaraq, nədənsə bu əsərlərin sonrakı vəziyyəti barədə səs-soraq çıxmadı.
Son illər Mirzə İbrahimovun şəxsi arxivində saxlanan qovluqların arasında müəllifin ərəb əlifbası ilə yazdığı "Mayak" romanının əlyazmasının tam mətni tapılmışdır.
Bu romandan yazıçı Kənan Aslanın transliterasiya etdiyi bir hissəni "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.
Teymur Əhmədov
Usta Züleyxa ilə rəsmən tanış olmasa da, onu yaxşı tanıyırdı. Son iki ildə mədəniyyət sarayındakı təntənəli iclaslardan sonra təşkil olunan bütün müsabiqələrdə Züleyxa mütləq iştirak edirdi. O. Azərbaycan, rus, Ukrayna, rəqslərini məharətlə oynar və həmişə gurultulu alqışlarla qarşılanardı. Neftçilər öz aralarında ona "bizim balerinamız" deyərdilər. Səhnədə müvəffəqiyyəti artdıqca onunla maraqlananların da sayı artırdı, haqqında da cürbəcür yaxşı-yaman sözlər deyilirdi. Usta Səfər eşitmişdi ki, Züleyxanın heç kəsi yoxdur. Qayınanası ilə bir yerdə yaşayır.
Züleyxanı gördükdə usta yəqin etdi ki, Əhmədovun bura gəlməsinin səbəbi qazma-buruq məsələsi deyil, nə isə başqa əhvalatdır". - Ada olmaya lotu qızın saqqızını oğurlayıb?!
Züleyxa həyəcanlandı. İri açılmış gözləri ilə ustanı süzərək durmuşdu. Usta onun paltosunu almaq istədi. Qızın qarabuğdayı üzü açıldı. Lakin bu xəfif gülüş belə onun həyəcanını gizlədə bilmədi. Necə də həyəcanlanmaya idi? Haqqında bu qədər eşitdiyi, adı gələndə hamıdan hörmət gördüyü usta Səfər qabağında durmuşdu. Züleyxa nəinki həyəcanlı idi, həm də sıxılırdı. Gəncliyin təravəti ilə yanan üzü gah qızarır, gah ağarırdı. Paltosunu tutmaq istəyən ustaya titrək səslə:
- Yox, zəhmət çəkməyin, özüm asaram, - dedi və qəribə bir yüngüllüklə paltosunu çıxarıb asılqana keçirdi, alnına tökülən qara buruq saçlarını əlilə dala itələdi.
Usta gah Əhmədova, gah da Züleyxanın piyalə kimi açılmış iri gözlərinə baxaraq xoş bir duyğu ilə hər ikisini irəli buraxdı. Özü isə geri dönüb ucadan o biri otağa tərəf səsləndi:
- Nənəcan, çay hazırla, yanında şəkərburası da olsun. Özü də badam içindən!
Züleyxa və Əhmədov otağa keçib ayaq üstə ustanı gözlədilər. Usta balaca dairəvi stolun arxasında onlara yer göstərdi:
- Hə, Əhmədov, sən az qala məni qorxutmuşdun, de görüm nə var?
Əhmədov təmkinini pozmayaraq danışdı:
- Usta, o qədər də qorxulu bir şey deyil, hər halda yaxşı xəbər də gətirməmişəm.
Qazmaçı Əliyev birdən-birə xəstələnmişdir, xəstəxanaya aparmışlar.
Dərhal ustanın qaşları çatıldı:
- Nər kimi oğlandır, nə oldu ona belə?
- Hələ ki, məlum deyil, axşamdan bərk sancı tutdu, az qala özündən getmişdi.
Usta fikirli-fikirli:
- Yatalaxdan-zaddan olmasa yaxşıdır, - dedi və düşünüb əlavə etdi, - yerini boş qoymaq olmaz, lap elə sabah adam tapmaq lazımdır. Bu saat kontora zəng edərəm!
Usta danışa-danışa qalxıb divardan asılmış telefonun dəstəyini götürdükdə Züleyxa narahat oldu, təlaş içində Əhmədova baxdı. Əhmədov özünə yaraşmayan tələsik bir hərəkətlə əlini telefonun dəstəyinə basdı:
- Lazım deyil, usta, elə məsələ ondadır ki, mən adam tapmışam.
Usta əlini əlinə vurdu, ucadan danışdı:
- A kişi, sən də əntiqə adamsan ha! - Özün mənə siyasi dərs verirsən, vaxta qənaət etməkdən danışırsan, özün də sözü bu qədər uzadırsan. Ürəyində nə var hamısını birdən de, qurtarsın getsin. Tapdığın kimdir?
Əhmədov ustanın yerində oturmasını gözlədi. Sonra sağ əlini qaldırdı, şəhadət barmağı ilə Züleyxanı göstərdi:
- Tapdığım budur!
Usta indicə görürmüş kimi heyrətlə Züleyxanı süzdü, gözləri güldü, üzü işıqlandı.
Lakin bu əhval ki, işığa oxşayırdı, istehza ilə dolu idi:
- Yaxşı tapmısan, Əhmədov!..
Əhmədov bu ikibaşlı sözün üstündən keçdi:
- Deməli, sabah kontora deyim əmrini versinlər.
Əhmədovun belə ciddi və işgüzar sözlərini eşitdi də yenə ustanın üz-gözünü bir çaşqınlıq bürüdü, sonra ciddiləşib qaraldı, daha sonra ağardı və nəhayət, güldü:
- Ay Əhmədov, zarafatı bir kənara at! Düzünü de görüm təklifin nədir?
Əhmədov pərt oldu, o zarafat etməz və zarafatı sevməzdi, həmişə ciddi danışmağa adət etmişdi. Bunu usta da yaxşı bilirdi.
- Mən sizi anlamıram!
- Hər şeyi belə gec anlasan, vay bizim halımıza...
Bütün bu danışıq zamanında usta Səfər gözlərini Züleyxadan qaçırır, daima Əhmədova baxırdı. Züleyxa isə onun hər bir hərəkətini izləyir, üzünün ən xırda ifadələrinə fikir verirdi: Bu diqqəti müşahidə ona deyirdi ki, ürəyi üzündə oxunan adamlardandır. Əhmədovun tərsinə olaraq onun üzü tez-tez dəyişirdi: qızışanda sərt və gərgin olur, şadlananda işıqlanaraq açılır, əsəbiləşəndə qaralır, fikrə gedəndə mülayimləşirdi. Əhmədovun üzündə isə eyni mülayim ifadələr vardı. Züleyxa "görünür usta qızğın təbiətlidir" - deyə düşündü və nədənsə ona qarşı ürəyində etimadsızlıq duydu: "Belələri ilə ehtiyatlı olmaq gərək!" Züleyxa belə düşünə-düşünə diqqətlə onlara baxır və mübahisənin nə ilə qurtaracağını gözləyirdi. Əhmədov Züleyxanın ürəyini oxşayan sakitliklə və səbirlə fikrini ustaya izah edirdi:
- Qazmaçı köməkçisini qazmaçılığa irəli çəkmək vaxtıdır. Verxovoyu onun yerinə, fəhləni də verxovoyluğa keçirərik. Onda yoldaş Züleyxaya da yer açılar.
Usta Səfər yenə də:
- Mən ölüm, zarafatı burax, - deyib güldü. Ustanın bu məsələyə zarafat kimi baxmağı Züleyxaya çox pis təsir etdi, qız bərk pörtmüşdü, az qala, ağlayacaqdı, Əhmədov Züleyxanı bir baş bura gətirdiyinə peşiman oldu, onun yanında özünü günahkar hiss etdi, lakin geri çəkilmək istəmədi:
- Xoşunuza gəlməyən nədir, usta?
Züleyxanın nazik belinə, incə əllərinə baxdıqda sahillərdən çox uzaqda, Açıq dənizin ortasında dalğaların döyəclədiyi tənha buruq gəlib usta Səfərin gözləri qabağında durdu. "Bu zərif qız hara, o ağır iş hara?"
- Həyat çox qəribə şeydir, mən bu vaxta qədər elə bilirdim ki, daha dünyada heç şeyə təəccüb etmiyəcəyəm. Çünki nə cür qəribə şeylər desən görmüşəm. Gözümün qabağında möcüzədən böyük işlər olub. Amma yenə görürsən ki, əntiqə işlərə rast gəlirəm.
Əhmədov gərginliyi dağıtmaq üçün söhbət bu mücərrəd fəlsəfi davam etdirməyi daha elverişli bildi:
- Nə etməli, usta, elə dünyanın ləzzəti də ondadır ki, insan gözləmədiyi yeniliklərə rast gəlsin, gərək ki, belə bir məsəl var, deyərlər ki, qulaq gündə təzə bir söz eşitməsə kar olar, göz təzə bir şey görməsə kor olar.
- Orası elədir, amma...
Usta "amma" sözünün axırıncı hecasını xeyli uzadıb durdu. Əhmədovun və Züleyxanın gözündəki sual ifadəsinə baxmayaraq, dalını gətirmədi. Əhmədov davam edə bilmədi:
- Nə amma?
- Amma təzə var, təzə var. O təzə ki, adamın ağlına batmır, nə eşitməyə, nə də görməyə deyər.
Araya ağır bir sükut çökdü. Bu sükut içində usta Səfər qıyıq gözlərilə Züleyxanı bir də süzdü, parıldayan nazik sarı corabların altındakı düz ayaqlarına, tez-tez balaca ipək yaylığı büküb-açan nazik barmaqlarına, yumşaq əllərinə baxdı. Əhmədov onun bu baxışlarını, hətta üzündə parlayıb sönən xəfıf istehzanı da gördü. Usta aydın deyirdi ki, "bu ayaqlar, bu əllər qazmaya yaramaz, bala".
Üzdə isə usta belə demədi, mətləbi yenə uzaqdan gətirdi: tərəfdarıyam, yox! Ancaq mən deyirəm ki, o tazaya "hə" de ki, onun işə xeyri var. Yoxsa hər tazanın tazalığına allansaq pis olar. Deyir ki, hər bala deyəndən dədə çıxsaydı, Şakquludan böyük dədə olmazdı.
Qapı açıldı və ustanın gah "nənə can", gah Balış xala cağırdığı saçları dümağ qadın içində üç stəkan çay olan balaca padnosla içəri girdi. Səliqə ilə çayın birini Züleyxanın, o birini Əhmədovun, üçüncüsünü də ustanın qabağına qoydu, sonra da böyük bir boşqabda şəkərbura gətirdi. Usta şəkərburanı Züleyxaya tərəf itələdi:
- Götürün, Züleyxa xanım, yaxşı şəkərburadır. Özüm bişirmişəm. Görün yaxşıdırmı? Əhmədov, sən də götür, bax bunu, bu yaxşı qızaranını götür.
Züleyxa şəkərburanı götürdü, lakin nəlbəkinin qırağına qoyub fikrə getdi. Aydın idi ki, bu saat nə çay, nə də şəkərbura onun gözündə deyildi.
Züleyxa qazmada faydalı olacağına ustanın inanmadığını çoxdan anlamışdı. Daxilində onun bu etiqadını sarsıtmaq və fikrinin yanlışlığını sübut etmək həvəsi oyandı. Bu yenilməz bir həvəs idi. Züleyxa həyəcanlı olduğuna baxmayaraq, ahəngdar, bir səslə danışdı. Hətta səsindəki məlahət usta Səfərin qulağını oxşayırdı:
- Uzaqlara getmək nəyə gərək, usta. Mən işləmək istəyirəm.
Züleyxanın söhbətə qarışması sanki usta Səfərin vəziyyətini yüngülləşdirdi, sözünü açıq deməsinə kömək etdi:
- Mən də deyirəm ki, işləmək istəyirsən, işlə, ancaq özünə layiq iş tap, arvad nədir, qız nədir, qazma nədir? Ümumən mənim əqidəm belədir ki, bir çox sahələrə arvadı yaxın qoymaq lazım deyil. Yaradan arvadı başqa cür yaradıb, həyat da arvadın qarşısına başqa tələblər qoyur.
- Sizdə qadına hörmət yoxdur! - deyə Züleyxa ağarmış halda ustanın sözünü kəsdi:
Bu söz usta Səfərə bərk təsir etdi, yenə haldan-hala düşdüyü üzündən bilinirdi.
Ancaq ağır cavab vermədi:
- Özümü doğrultmaq fikrim yoxdur. Ancaq onu deyə bilərəm ki, mən qadını pristanda yük daşıyan görəndə ürəyim ağrıyır, qazma da elə o cür işdir. On dörd yaşından mən buruqdayam. Bilirəm ki, arvad sənəti deyil. Get özünə layiq peşə tap.
Usta Səfərin sözləri Züleyxanın qulağını deşirdi, beynində at nalı kimi tappıldayırdı. İndi bu cavan qızın nəzərində usta çox geridə qalmış, təsəvvürləri və fikri qoca bir adama oxşayırdı. Hətta iki arvadın onu nə üçün qoyub qaçdığını da anlamağa başlayırdı: "Belə adamla bir saat da yaşamaq olmaz" - deyib düşünürdü:
- Neylək, usta, sənin briqadan olmaz, olmasın. Nə çox Bakıda qazma briqadaları, birində bizə iş tapılar.
- Əlbəttə, - deyə Əhmədov təsdiq etdi, mən istəyirdim ki, bizimlə işləsin.
Səhərdən bəri Züleyxaya baxarkən ustanın üzündə ona yazığı gəldiyini, həm də bir uşağa hörmət edər kimi hörmət etdiyini bildirən yumşaq ifadə vardı. Züleyxanın sözlərinə qulaq asdıqca bu ifadə üzündən çəkilirdi, usta əsəbiləşər kimi olurdu. Lakin buna baxmayaraq, özünü saxlayıb zahiri təmkinini pozmadı:
- Əlbəttə, tapılacaq. Hətta Əhmədov kimilər şəklinizi qəzetlərə də vurduracaq. Ancaq yenə də mən deyirəm, ürəyində doğrudan da qadına hörmət bəsləyənlər, sizi qazmaçılığa qoymazlar.
Ustanın inadı Züleyxanın azca əvvəlki sıxıntısını tamamilə məhv etdi, mübarizə aparmaq, istəyinə çatmaq həvəsini gücləndirdi:
- Mən sizi başqa cür düşünürdüm, - dedi və davamlı, nazlı baxışlarla onu süzüb əlavə etdi. - Yaxşı deyiblər ki, igidin adını eşit, üzünü görmə.
Züleyxa danışdıqca səsində, üzünün ifadəsi də sərtləşirdi. Daxili həyəcan və sıxıntının üzündə doğurduğu yumşaq ifadə və cizgilər tamamilə çəkilib gedirdi.
Fikrindən dönənə oxşamırdı. Usta əqidəsində möhkəm idi. Danışığı kəsmək istədiyini bildirən bir ifadə ilə dedi:
- Atalar məsəlidir, cücəni payızda sanarlar, işlərsən baxarıq.
Züleyxa ayağa durdu. Usta Səfər gözucu onun əl vurduğu soyumuş çaya və şəkərburaya baxdı, bir söz deməyib yerindən qalxdı. Züleyxa paltosunu geyinib qapıdan çıxarkən usta son dəfə gülümsəməyə çalışdı:
- Belə səy ilə başqa hansı işdən yapışsanız qızıl çıxararsınız! - dedi. Züleyxa yavaş, lakin qəti səslə cavab verdi.
- Elə bu sahədə də çıxaracağam, əmin ola bilərsiniz.
***
Züleyxa və Əhmədov çölə çıxdıqda hava artıq qaranlıq idi. Usta Səfərgilin asfaltlanmış böyük həyətindəki çılpaq ağaclar öz şəklini itirmişdi...
...Mədənlərdən xeyli aralı böyük fəhlə qəsəbəsinə daxil olana kimi heç biri danışmadı.
- Yaxşı, salamat qalın, - deyə Əhmədov əlini Züleyxaya uzatdı. Züleyxa sarı yun əlcəyi çıxarıb əl verdi, ağzını büzüb:
- Bəlkə bizə gedək, - dedi, - bir stəkan çay içərsiniz...
Züleyxanın balaca isti və yumşaq əlinin hərarəti Əhmədovun bütün vücuduna yayıldı, sanki ilıq bir şey axaraq qanına doldu. Əlbəttə, bütün ürəyilə onlara getmək, Züleyxanı evdə, paltosuz, şlyapasız görmək, onun əlindən çay alıb içmək onun üçün şirin bir xəyal idi. Axı o, hələ bir dəfə də qadın nəvazişi görməmişdi. Lakin belə bir cəsarət özünə də qəribə gəldi.
- Sağ olun, başqa bir zamana qalsın.
Züleyxa təkid etməyib əlini çəkdi və geri baxmadan balaca asfalt səki ilə evə getdi.
Zəngi basmağa fürsət tapmamış qapı açıldı:
- Ana, sən yenə qapıda gözləyirdin? - deyə Züleyxa yarı töhmət, yarı naz dolu bir səslə yun şala bürünmüş Səkinə xalaya müraciət etdi:
Hər iki əlini göbəyinin üstündə çarpazlamış, diqqətli qıyıq gözlərini Züleyxadan çəkmədən Səkinə ana dedi:
- Neyləyim, bala? Yolunu gözləyirdim. Gecikdin. Bu yandan da bərk xəzri başladı. Dedim üşüyərsən, çay süzümmü, qızım?
Züleyxa birdən bərk çaysızladığını hiss etdi.
- Süz, anacan, ürəyim yaman yanır.
Soyunaraq əl-üzünü yuyub, stol başında oturduqda Səkinə qarı göy fincanda ona zoğal mürəbbəsi ilə çay gətirdi. Züleyxa iştaha ilə bir qab mürəbbəni yedi və fincanı qabağa itələdi:
- Ana, bir fincan da süz...
Səkinə qarı bilirdi ki, çay Züleyxaya çox sevdiyi zoğal mürəbbəsini yemək üçün bir bəhanədir. Ona görə də hər il çoxlu zoğal mürəbbəsi bişirər, payızın axırından yazda təzə meyvə çıxana qədər Züleyxanın mürəbbəsini kəsməzdi. Səkinə qarı üçüncü dəfə fincana çay süzdü, mürəbbə qabını götürüb doldurmaq istədi.
- Lazım deyil, ana, elə doğrudan da ürəyim yanır. Çaysızam.
Səkinə qarı qıyıq gözlərini Züleyxanın üzündəki, gözlərindəki gizlədə bilmədiyi tutqunluğu süzdü:
- Niyə, bir stəkan çayları da yox idi?
- Var idi. Şəkərbura da qoymuşdular. İçmədim.
Səkinə Züleyxanın qayınanası idi. Müharibənin ikici ili Kamalın atası öləndən yarım il sonra, qarı oğlunun deyiklisi olan on səkkiz yaşlı qızı götürüb evinə gətirmişdi. Mədəndə işləyən oğlu Kərim Züleyxanı çox sevirdi. Lakin onların xoşbəxt sevgisi bircə il davam etdi. Kərimi müharibəyə apardılar və cəbhələrdə həlak oldu.
Dünyada kimsəsi olmayan gənc qızla qoca arvad doğma ana-bala kimi bir yerdə yaşıyırdılar. Səkinə Züleyxanın fikirli olmağından bildi ki istədiyinə nail olmayıb.
-Razı olmadı, hə? Onun üzünü mürdəşir yusun. Dünya dağılsa, öz dediyindən dönən deyil. Nə dedi?
Züleyxa Səkinə qarı ilə söz seçməyə çalışmadan, hissiyyatını boğmadan danışmağa adət etmişdi və hər belə danışıqdan sonra yüngülləşərdi:
- Deyir, arvad nədir, qazma nədir? Get özünə iş tap. Tikiş-tik, bozbaş bişir, soğan soy.
- Vayy, başıma xeyir, - deyə Səkinə qarı əlini əlinin üstünə vurdu, - gədə xəfifləyib. Bəs bu hökumətin zakonlarından xəbəri yoxdur?
- Var, niyə yoxdur. Amma zakon dillərində ilişib qalıb hələ başlarına, ürəklərinə gedib çatmayıb.
- Onun başı batmasın, bəs nə vaxt çatacaq. İndi də çatmayanda qiyamətdə çatmayacaq ki!
Müvəffəqiyyətsizliyi ilə qarının kədərini artırmaq istəməyən Züleyxa ruhdan düşmədiyini bildirmək istədi:
- Neylək, o usta Səfər olsun, mən də Züleyxa, görək kimin sözü keçəcək.
- Bax belə, qızım. Dünyada acizlik göstərmə. Acizlərin arzusu mənim kimi ürəyində qalar.
Züleyxa maraqla soruşdu:
- Hansı arzu, anacan?
Arvad köksünü ötürüb həsrətlə danışdı:
- Hansını deyim, ay bala. Cavanlıqda ürəyimin heç bir arzusuna çatmadım. Ata, ana qohum, qardaş, zəncir kimi qolumu bağladı. Tərpənməyə qoymadı. Bir cəsarətim də olmadı ki, hamısını qırıb, istədiyimə çatam.
Züleyxa, yeni bir maraqla qayınanasına baxdı. Bu vaxta qədər Züleyxaya elə gəlirdi ki, Səkinə ana taleyin qisməti ilə razılaşmış, hər şeyə şükür edən və artıq ürəyində heç bir ehtiras olmayan xeyirxah, dözümlü bir anadır və beləcə də dünyadan gedəcəkdir. Onun ürəyində qızğın və nakam duyğular yatdığını, həsrətlər gizləndiyini Züleyxa ağlına da gətirmirdi.
- Bəs istədiyin nə idi, ana?!
- Çox şey idi, qızım. Cavanlıqda mənim bir səsim var idi ki, dörd divarın arasında oxuyanda yeddi məhəllə o yanda ayaq saxlayıb qulaq asardılar. Onda qonşuluğumuzda bir artist olurdu. Bir dəfə bizə gəldi. Atamdan gizlin mənimlə danışdı. Məni teatra apardı. Tamaşaya baxdım. Dedi, "Gəl, Səkinə, bu yol böyük yoldur. Sən ulduz kimi işıq verərsən". O çox yaxşı sözlər bilirdi. Məni də yaman həvəsə gətirmişdi. Ürəyim əsirdi ki, mən də bir yüz adamın qabağında oxuyum, mənə də əl çalsınlar. Mənə də qulaq asanda ürəklər döyünsün, necə səhnədəkilərə baxanda mənimki döyünürdü. Amma arzum gözümdə qaldı. Atam biləndə ki, mən teatra getmişəm, saçımdan tutub həyətə sürüdü, anam hayıma gəldi, o yazığı da ayağı altına salıb əzdi. Artistə xəbər göndərdi ki, bizlərə tərəf dolansa, özünü ölmüş bilsin... Bu gözəl zəmanədən ki, sizə veriblər, istifadə edin qızım, - dedi. Ürəyinin nə arzusu var, ona çat. Özünü böyük yola sal... İstəyirsən qazmaçı olasan, get ol, heç şeydən qorxma, ürəyin səni hara çəkir, ora da get.
Züleyxa - gedəcəyəm, anacan, gedəcəyəm! - deyib Səkinə ananı öpdü...
...Əynində adi boz brezent plaş və şalvar, ayağında uzunboğaz çəkmə, başında qulaqlı papaq və şapka olan fəhlələr körpüdəki dolu küçələri, qulplu qara qutuları, uzun boruları, dəmir parçalarını və başqa şeyləri katerə doldurub qurtarırdı. Fəhlələrin əksəriyyəti cavanlar idi. Onların arasında xüsusi bir canlılıq və sevinc duyulurdu. Deyib-gülür, biri-birilə zarafat edir, ucadan danışırdılar. Bütün bunlar istər körpünün üstündəkilərə, istər katerdəkilərə göstəriş verən, hər şeyin öz yerinə və səliqə ilə yığılmasına nəzər yetirən usta Səfəri qətiyyən əsəbiləşdirmirdi. O təmkinlə və eyni zamanda iti nəzərlərlə gənclərin canlı hərəkətinə, qızğın işinə baxır, xoş və şad danışıqlarına maraqla qulaq asırdı. Bununla belə kənardan ona nəzər salan olsaydı, ümumən işdən razı qaldığına baxmayaraq, qarabuğdayı üzündə bir tutqunluq görərdi. Əhmədov onun üzünə baxmadan da bu tutqunluğu sezir və səbəbini də bilirdi. Lakin nə Əhmədov, nə də usta bu barədə bir söz danışmırdı. Əhmədov bütün iş zamanı hey intizar dolu gözlərlə sahilə tərəf baxırdı. Usta da Əhmədovun nigarançılığının, hətta daxilən çox narahat olduğunun səbəbini bilir və dinmirdi. Dünən, qazma kontoru müdiri ustaya zəng eleyib. Züleyxanı briqadaya qəbul etməyi tapşırmışdı. Ustanın bütün etirazlarını gah ciddi gah da zarafatyana sözlərlə heçə çıxarmışdır. Ustanın dişi bağırsağını kəssə də, tabe olmuşdu. İndi Züleyxanın gəlib çıxmadığını gördükdə qeyri-ixtiyari olaraq içərisində bir sevinc baş qaldırırdı. Əvvəlcə bunu üzə vurmadı, lakin yola düşmək saatı yaxınlaşdıqda özünü saxlaya bilmədi, yuxarıdan aşağı Əhmədovu süzərək soruşdu:
- Hə, nə oldu, bizim balerina, deyəsən gəlib çıxmadı?
Usta özü də istəmədən "balerina" sözünü xüsusi bir ahənglə dedi. Briqadalarına bir qız gələcəyini eşitmiş cavan fəhlələr gözlərində incə bir gülüş oynadığı halda bir-birinə baxdılar. Əhmədov isə üz-gözünün adi ifadəsini pozmadan ciddiyyətlə cavab verdi:
- Bəli, yoldaş Kərimova gecikdi.
Əhmədov qəsdən, "yoldaş Kərimova" sözünü bərkdən və xüsusi bir sərtliklə dedi. Axı kəskin və qəti hərəkətlərdən qaçan Əhmədovda qəribə ziddiyyətlərə rast gəlmək mümkün idi: bəzən heç özü də istəmədən ağzından elə qəti və ağır sözlər çıxarırdı ki, bütün onu tanıyanlar heyran qalırdılar. Həyatın hansı hallarında, hansı ruhi vəziyyətdə belə hərəkət etdiyini nəinki özgələri, heç özü də deyə bilməzdi. Artıq körpünün üstü tamamilə boşalaraq fəhlələr hansı katerə dolduğu zaman usta Səfər bir şey yaddan çıxıb qalmasın deyə, bir də diqqətlə ətrafı süzdü. Bütün avadanlığın körpüdən daşındığına əmin olaraq katera keçmək istədikdə gənc fəhlələrin xor kimi səslənən çığırtısını eşitdi: - Gəlir, gəlir! Yoldaş Züleyxa gəlir!
Gənclər sevinc dolu gözlərini sahilə dikmişdilər. Usta Səfər də o tərəfə baxdı və töyşüyə-töyşüyə katerə tərəf qaçan Züleyxanı gördükdə qaş-qabağını salladı. Üz-gözündən tutqunluq aşdı.
...Çaydan sonra adəti xilafına Züleyxa taxta uzanaraq dincəlmək əvəzinə elektrik ütünü qızdırdı. Şifonerdən şal paltarını çıxardı və ətəklərini, yaxalığını ütüləməyə başladı. Səkinə ana stolun üstünü yığışdıra-yığışdıra soruşdu.
- Gedən yerin var, qızım?
- Bəli, gedəcəyəm.
Səkinə sual dolu gözlərilə Züleyxaya baxdı. Lakin bir söz demədi. Züleyxa cavabının kifayətləndirici olmadığını özündə başa düşürdü. Səkinə ana həmişə onun hara getdiyi haqqında sorğu-suala ətraflı məlumat verməsinə öyrənmişdi. Züleyxa indi də ondan bir şey gizlətmək istəmirdi:
- Kinoya gedəcəm, ana.
- Nadya ilə gedirsən?
- Yox.
Ani fasilədən sonra Züleyxa qızardığını bildirməmək üçün ütü çəkmək bəhanəsilə üzünü yana tutub dedi.
- Bizim qazma kontorunda Rəhman adlı bir texnik var. Xahiş etdi ki, bir yerdə gedək.
Züleyxanın nə isə tələsik danışdığını, zor çəkdiyini görən Səkinə ana ona kömək etmək istədi, öz daxilində baş qaldıran heyrət duyğusunu boğmağa çalışıb:
- Nə olar ki, get, çoxdandır evdən çıxmırsan, - dedi və tez mətbəxə çəkildi. Züleyxaya elə gəldi ki, bir şey ananın boğazında qaldı və onu boğdu. Ütünü saxlayıb fikrə getdi.
Züleyxa "Mən nə pis adamam. Ancaq özümü düşünürəm. Heç bu yazığın halına qalmıram. Necə olsa, köhnə arvaddır, belə şeylər ona dərd olar...
Bəzənib-düzənməyim heç lazım deyil" - deyə düşünüb şal paltarı təzədən asılqana keçirərək şifonerdən asdı, həmişəki kimi yubkasını və sarı koftasını geydi, şlyapasını başına qoydu, paltosunu götürüb əyninə keçirdi və üzünü mətbəxə tutub:
- Ana, hələlik sağ ol, - deyərək qapıdan çıxmaq istədi.
Səkinə tez mətbəxdən koridora gəlib onu yola saldı:
- Salamat get, bala, - dedi və gülümsəməyə çalışdı. Züleyxa onun qurumuş gözlərinin sulandığını gördü və birdən-birə ürəyində baş qaldıran duyğuların təsirilə dönüb boynunu qucaqladı, üzünü üzünə sürtərək gözlərini dumanlandıran yaşı saxlaya bilmədiyi halda nə isə dedi və özünü çölə atdı. Geriyə baxmadan sürətlə balaca səkidən böyük asfalt yola çıxdı.
O tələsirdi. Bir yandan şirin bir həvəs onu Rəhmanla görüşməyə, birlikdə kinoya və teatrlara getməyə, parka çıxmağa çəkirdi. O biri tərəfdən sanki yeriməyə ayağı gəlmirdi, ağır fikirlər zəncir kimi ayağına ilişirdi, içərisindəki həyat eşqi və həvəsini soyudurdu, əzib boğurdu. Ürəyini yeyən, həvəsini ehtirasını gəmirən bu dumanlı duyğuların dalınca birdən-birə daxilində qəribə bir fırtına qopdu: Əl-ayağını bağlayan, həyat və səadətinə kölgə salan bu duyğuları, mövhumatı andıran əsassız təsəvvür və fikirləri boğmaq, bu çürük vəziyyəti məhv etmək, əzib parçalamaq! Qoy Səkinə qocalığına və xəstəliyinə baxmayaraq madam ki yaşayır, həyatı doğru anlasın, zəmanə adamı olsun!
İndi Züleyxanın nəzərində həyati hadisələr, ömrünün bütün əzablı məsələləri açıq və aydın şəkil almışdı. Ürəyi və fikri şirin xəyallarla çırpmırdı. Həqiqəti səadət duyğusu varlığına hakim olmuşdu. Ah, belə dəqiqələr nə qədər gözəl və xoşdur. Lakin Züleyxanın qəlbinin şirin döyüntüsündə üzücü bir iztirab vardı. Bu iztirab haradasa ürəyinin dərinliyində yatmış gizli şübhələrdən, anlaşılmaz tərəddüdən doğurdu. Züleyxa özü bu iztirabı duymaq və anlamaq istəmirdi, ondan qaçmağa çalışırdı: gənc qadın ürəyi köhnə fikir və təsəvvürlər buxovundan qurtarmaq üçün çırpınırdı, ehtirasla dolu bir həyat istəyirdi… Bu istək isə onu Rəhmanla görüşə çəkirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!