hekayə
Bir aya yaxın idi Hüseyn dayını görmürdük...
Futbol üzrə SSRİ, Avropa, dünya çempionatlarını televizorda izləməyi, stadionda “Neftçi”nin bütün oyunlarına baxmağı öz yerində, məhəlləmizdəki oyunlara məşqçilik, hakimlik etməkdən xüsusi həzz alan Hüseyn dayı zəif, amma oynamaq həvəsində olanları komandalar arasında bölüşdürürdü ki, qıraqda kefsiz dayanmasınlar. Yarış bərabər getsin deyə, hər komandaya eyni səviyyədə oynayan uşaq salırdı. Arada özü də meydançamıza girib top ötürürdü, amma qol vurmurdu.
Əvvəlcə o, bizə yüngül, sarı rəngli, bir müddət sonra daha həvəslə oynayaq deyə, əsl futbolçuların oynadığı bahalı dəri top aldı. Hərəmizə bir ləqəb qoymuşdu: Elşad – Sokrates, İntiqam – Maradona, uzundraz İlqar – Bertolduydu. Mənsə fərsiz qapıçı kimi nə Subisaretta idim, nə də Dasayev, zərbəylə vurulan topu yumruqlarımla qaytarmaq əvəzinə, sifətimə dəyəcəyindən qorxduğumçün, arxamı çevirirdim, top ya belimə, ya da pardon, dalıma dəysin və çox vaxt qol buraxırdım.
Oyun maraqlı, gərgin keçsin deyə, Hüseyn dayı qalib komandanın oyunçularına, – hər komandada altı nəfər, – dondurma söz verirdi. Damağındakı siqaret tüstüsünün acısından gözlərini qıyan, həmişə çirkli ağ xalat geyinən Qüdrət dayı dondurmalarla dolu arabasıyla “Marojenni (dondurma), kafeyni, plambir, fruktovı (meyvəli)!” deyə-deyə məhəlləmizdə peyda olan kimi, qalib komandanın uşaqları qaçırdı Hüseyn dayıgilə. O da cibindən yaşıl üçlük çıxardıb kapitana verirdi. Uduzan komandanın uşaqlarına da bir manat göndərirdi ki, özlərinə nisbətən ucuz, on beş qəpiklik meyvəli dondurma alsınlar.
Bir dəfə Hüseyn dayının yoldaşı Mahizər xala qonşu arvadlara bərk-bərk tapşırdı: “Axşam saat altıda çölə çıxmayın, ərlərinizlə bir yerdə oturun televizorun qabağında, Hüseyni göstərəcəklər”. 1986, ya 1987-ci iliydi, doğma dildə cəmi bir kanal, – AZTV varıydı. O kanalda bircə dəfə çıxış edən adam qısa zamanda az qala, bütün Azərbaycanda məşhur ola bilərdi. Yeri gəlmişkən, Hüseyn dayı Xarici Dillər İnstitutunun (indiki ADU) yataqxanasının komendantıydı. Verilişin mövzusu tələbələrlə bağlıydı, böyük zalda üç-dörd sırada xeyli adam oturmuşdu. Evdə atam, anam, qardaşım, mən televizorun qabağında oturub on beş-iyirmi dəqiqə tanımadığımz adamlara candərdi qulaq asandan sonra, Hüseyn dayıya söz verdilər. Həmişə idman şalvarında, “Radopi” çəkə-çəkə bizə məşqçilik, hakimlik edən, hoppanıb başıyla top vuranda ağzını açan İntiqama “Maradona, ağzıvı yum, milçək girər” deyən Hüseyn dayını ilk dəfəydi ciddi sifətdə, qara kostyumda, ağ köynəkdə, qalstukda görürdük. Əlində mikrofon beş-altı cümlə dedi, bircə “İnfrastruktur dəyişiklikləri etmək lazımdır” sözləri yadımda qalıb. Mən dərs oxuyan uşaq olduğuma görə məhəllədə “Arximed” ləqəbi almış məktəbli, ilk dəfəydi “infrastruktur” sözünü eşidirdim, o söz mənə qeyri-adi, sirli gəlmişdi. Mənasını anlamaqda nə atam, nə də evimizdəki izahlı lüğət mənə kömək edə bilmişdi. Üstəlik, futbolla assosiasiya olunan Hüseyn dayının bu sözü deməsindən əməlli-başlı heyrətlənmişdim.
Həmin verilişdən sonra o, bir müddət uşaqlı-böyüklü gözümüzdə ucaldı, ona olan sevgimizin, hörmətimizin üstünə ciddilik gəldi. Tezliklə, Hüseyn dayı yenə uşaqlara qaynayıb-qarışdı, onu az qala, tay-tuşumuz kimi hiss etməyə başladıq. Yenə oyunlara can qoyduq ki, onun hesabına o vaxtın ən dadlı plombir dondurmasını yeyək, uduzanda heç olmasa, meyvəlisiylə keçinək.
Sonra təcili yardım maşını məhəlləmizdə peyda oldu, maşından düşən həkim, balacaboy, kök tibb bacısı, əynində zolaqlı xəstəxana xalatı olan Hüseyn dayı və Mahizər xala həyətə girdilər. Beş dəqiqə keçməmiş həkimlə tibb bacısı öz maşınlarına minib getdilər. Hardasa bir saat sonra qəfildən onların həyətindən ağlaşma səsi gəldi. Kişili-arvadlı qonşular evlərindən çıxıb ora axışdı.
Bircə ay əvvəl sağlam gördüyüm yaxşı insanın qəfil ölməsini dərk edəmmirdim, elə bilirdim, xəstəxanadan evinə qayıdan o yaşda adam ancaq qocalıb ölə bilər. Uşaqların sevimlisi, öz ayaqlarıyla həyətlərinə girən Hüseyn dayının otuz altı yaşında qəfil bizi tərk etməsi uşaqlıq həyatımda mənə məntiqsiz, yanlış hadisə kimi gələn, həm də zərbə aldığım üçüncü ölüm hadisəsi idi... Artıq əlli yaşın içindəyəm, amma hələ də o, yaşca məndən böyük, altdan yuxarı ona baxdığım, boyca məndən hündür Hüseyn dayıdır və axıra qədər də belə olacaq.
Ağlaşma səsinin vahiməsindən onların həyətinə girmədim, eləcə çöldə dayanıb deyilən ağılara qulaq asırdım. Cənazə həyətdən çıxarılanda, – əminiydim ki, baxsam, mafə mütləq yuxuma girəcək, – evimizə qaçacaqdım. Bu vaxt Hüseyn dayıgilin dəmir darvazasının qapısı açıldı, rəhmətliyin oğlu, ən yaxşı futbolçumuz, bombardirimiz Elşən həyətlərindən çıxıb var-gücüylə qaçmağa başladı. Ardınca yaşca hamımızdan böyük, Sovetin iki illik əsgərliyini çəkmiş qonşumuz Daşdəmirlə mən hərbi hospitalın divarı boyu qaçdıq. Tramvay xəttinə çatmamış Daşdəmir onun qolundan tutaraq ərklə danlamağa başladı. Elşən ağlamasa da, sifətində çaşqın ifadə varıydı, elə bilirəm, evdən qaçmaqla atasının yoxluğuna qarşı üsyan etmişdi.
Geri qayıdırdıq, bir qolundan Daşdəmir, o birindən mən tutmuşdum, özümü lap milisaner (indiki polis) kimi hiss edirdim. Əlimlə belinə vura-vura ürək-dirək verirdim: “Möhkəm ol, olan şeydi, sən daha yekə oğlansan”. Ondan bir sinif yuxarı oxuyurdum. Elə şəstlə yeriyirdim, elə bil, çox çətin bir işin öhdəsindən gəlmişəm. İstəyirdim, məhəlləmizdə hamı qəhrəmanlığımı görüb ürəyində mənə “malades” (əhsən) desin, bunu bilməkçün uşaqlı-böyüklü qarşıma çıxan hər kəsin üzünə diqqətlə baxırdım. Onlarsa mənə yox, qəmgin-qəmgin Elşənə baxırdı, gözlərimlə “Mənə də baxın də” deyirdim. Evlərinə çatana yaxın onu qucaqlayıb, üzündən öpüb yenə dedim, möhkəm olsun. Daşdəmirlə bir yerdə onu evlərinə gətirib çatdırdığıma görə hədsiz sevinirdim, həmin anlar bəlkə də Hüseyn dayının bu dünyadan köçməsini unutmuşdum. Ən əsası, həyatımda ilk dəfə kiməsə təsəlli verdiyimçün özümlə fəxr edirdim, şüuraltı hiss edirdim ki, yavaş-yavaş böyüyürəm.
Dəmir darvaza taybatay açılanda, ağlaşma səsi güclənəndə aradan çıxdım. Sonra eşitdim, Hüseyn dayını dəfn etməkçün doğulub böyüdüyü Salyana aparıblar. Məhəllə uşaqları bir neçə gün futbol yetimçiliyi çəkdi.
...Rəhmətliyin üçündə, mağarda oturub şəklinə baxanda, mənə elə gəlirdi, Hüseyn dayını Bakıda dəfn etsəydilər, onu uzun müddət yanımızda hiss edəcəkdik. O isə Salyana – uzağa getməklə sanki özünü bizə unutdurmaq istəmişdi, istəməmişdi onun yoxluğunu hiss edək, xiffətini çəkək.
31 avqust, 2014 – 9 aprel, 2024
Bakı – Altıağac – Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!