Aauuu...
Babasıyla məktəbdən qayıdan Şəm-Şəm ikinci mərtəbəyə qalxan kimi qaçıb durardı arxa həyətə baxan pəncərədə:
-Babacan, baax, canavar olmuşam - və ulayardı. - Aauuu... aauuu...
-Gəl gedək, qonşuları güldürmə bizə! - Baba qolundan çəkərdi.
Bu yay kəndə - nənəsinə qonaq gəlmişdi. Axşam olan kimi babasının əlindən yapışdı:
-Getdik.
-Hara?
-Ulamağım gəlir!
-Ulama, nənən qorxar.
-Nənə?
-Caa-an!
-Qorxma, ha.
-Maşallah, oğlum yanımda, nəvəm yanımda, nədən qorxacam, ay bala?!
-Bilirsən da, mən canavar oluram hərdən?
-Nəəə... canavar?
-Bax, indi ulayacam!
-Ulayacaqsan?! Vallah, itlər gəlib şalvarını çıxardar, sakit otur.
-Qorxma, babam yanımdadı. - Şəm-Şəm balkonun arxa həyətə baxan tərəfinə keçdi:
-Aauuu... aauuu... aauuu...
-Necədi, nənə?
-Əsl canavarsan ki, lap!
Şəm-Şəm sevinə-sevinə qaçıb girdi yerinə - yorğanı çəkdi başına.
Sabah axşam da dünənki yerindəydi:
-Aauuu... aauuu... aauuu.... aaa... - Birdən dayandı. - Ba-ba, o işıq nədi?
Baba diqqətlə baxıb, birdən itləri çağırdı:
-Alabaş, tut, Qarabaş, tut!
Bayaq itlər hürə-hürə həyətin arxasına cumdu. Qonşuların iti də onlara qoşuldu.
İşıqlar yoxa çıxmışdı.
-Baba, o nə idi?
-Canavar.
Ayı və ovçular
Ayı dəmir qəfəsin küncündə oturub, mürgü döyürdü. Şəm-Şəm də babasıyla gəlib qəfəsin qabağında dayandı.
-Babacan, səndən gizli bir iş görmüşəm.
-Nə iş? - Baba qaşlarını çatdı.
-Danlamazsan?
-Əlbəttə!
-"Hə", "yox"?
-Yox.
-Ayıya bal gətirmişəm.
-Çaşmısan, deyəsən, ayı, irağ olsun, qolunu dibindən qopardar.
-Qoparda bilməz! - Şəm-Şəm əlini cibinə salıb, dörd bükülü bir vərəq çıxartdı. - Bax, babacan, balı buna bükmüşəm.
-Ay qırışmal! - Baba güldü. -
Baxım?
-Ayıdan sonra. - Şəm-Şəm vərəqi açıb, qəfəsə yaxınlaşdı. - Ey, əyripəncə, gör sənə nə gətirmişəm! - Ayı gözlərini açıb, baxdı... baxdı, sonra da qalxıb irəli yeridi. Şəm-Şəm geri çəkildi. - Olmaz, əyripəncə, olmaz! Yaxına gəlmə, qorxuram!
Ayı alnını qəfəsə dirəyib, birdən sağ pəncəsini qabağa uzatdı.
-Əllə danışma! Yaxşısı budur, dilini çıxart, balı qoyum üstünə. Arısı da var ha, vursa, mənlik deyil. - Şəm-Şəm kağıza çəkdiyi bal pətəyini azca qabağa uzatdı.
Ayı baxdı-baxdı... yavaşca dönüb, gedib oturdu bayaqkı yerində.
-Qorxaq!
-Bəri tut, görüm! - Baba şəklə baxdı. - Gözəl çəkmisən! Bax, pətəyin bu tərəfində ayı şəkli də çəksəydin, lap əla olardı.
-Düz deyirsən, babacan!
Ayı üzünü yana çevirib, küsülü kimi oturmuşdu.
Bu zaman iki ovçu gəlib durdu qəfəsin qabağında:
-O deyil?
-Özüdür ki, var.
-Bir az arıqlayıb, deyəsən?
-Bir var meşə - azadlıq, bir də var - zoopark. Bura heyvanların həbsxanasıdır. Kökəlməyəcək ki!
-Ey... əyripəncə, gəlmişik, ha!
-Bax gör bizi tanıyırsan?
Ayı başını səsə çevirdi. Əvvəlcə küt-küt baxdı. Sonra gözləri böyüyən kimi oldu. Bayaq dartınıb yerindən qalxdı:
-Ö...ö...ö... ööö... - var gücüylə donquldanıb, ovçulara tərəf atıldı. Dəmir barmaqcıqlara dəyib, yanı üstə aşdı.
-Gördüün, tanıdı!
-Necə tanımasın, neçə dəfə üz-üzə gəlmişik, neçə dəfə gülləyə tutmuşuq, tələyə salmışıq...
-Yuxu iynəsiylə vurmasaydıq, indi o dünyalıq eləmişdi bizi.
-Ööööö.... - ayı sakit olmaq bilmirdi - donquldana-donquldana özünü qəfəsə çırpır, başını dəmir şəbəkəyə döyürdü.
-Görürsən nə kinlidi, parçalamaq istəyir bizi?
-Ööööö... - ayının səsi xırıldamağa başlamışdı.
Bu zaman zooparkın işçiləri gəlib ovçuları götürüb apardı.
Ayı sakitləşən kimi yerə çökdü - yırğalandı-yırğalandı və yanı üstə aşdı - tappadan başı dəydi beton döşəməyə - xırıldadı. Bayaq ağzından qara qan açıldı. Çırpınıb-çırpınıb, arxası üstə düşüb qaldı.
Şəm-Şəm qorxmuş halda babasına baxdı. Baba qolundan çəkdi:
-Gəl gedək!
-Ayıya nə oldu, baba?
Şəm-Şəmlə Nökərin əhvalatı
-Şəm-Şəm...
-Xorrr...
-Ay Şəm-Şəm!
-Hmmm...
-Səhər açılıb, dur!
-Qoy yatım!
-Dur!
-Durmuram! Sən kimsən?!
-Mən sənin nökərin!
-Rədd ol... - Şəm-Şəm qışqırdı.
-Şəm-Şəm, dur... dur...
-Qoy ya-a-a-tım, nökər oğlu Nökər! -Şəm-Şəm bağırıb ağzı üstə çevrildi.
Bayaq Nökər sağ əlini havaya qaldırıb, cəld aşağı endirdi - şap... şap... şap...
-Adə, -Şəm-Şəm dik atıldı, - yaramaz, neyləyirsən!? - Yanını ovxalaya-ovxalaya çarpayıdan yerə tullandı. -Rədd ol gözümün qabağından!
Bayaq Nökər sağ əlini düyünləyib yeridi Şəm-Şəmin üstünə.
-Aaa... - Şəm-Şəm mat qaldı, - bu lap, deyəsən mənim baş-gözümü əzmək istəyir?! - Güclə özünü eşiyə atdı. Qapını dartıb, çöldən bərk-bərk bağladı. Az qalırdı qapı qırılsın - taq... taq...
***
Ad günü münasibətilə Babası Şəm-Şəmə xeyli pul vermişdi. O da gedib özünə Robot almışdı. Adını da qoymuşdu "Nökər". Bu Nökər həm ağıllıydı, həm də üzüyola.
Hərdən top-top oynayırdılar, hərdən gəzməyə gedirdilər. Bəzən də Şəm-Şəm görürdü bərk istidi, çağırıb Nökəri yollayırdı marketə:
-Tut pulu, get mənə dondurma al.
Nökər gedirdi, bir dondurma əvəzinə ikisiylə qayıdırdı.
Şəm-Şəmin gözləri çıxırdı kəlləsinə:
-Adə, nökər oğlu Nökər, olmaya oğurlamısan?!
Robot Azərbaycan türkcəsini anlasa da, danışa bilmirdi. Odur ki, "yox" əvəzinə başını yelləyirdi. Şəm-Şəm tez qaçırdı marketə:
-Xala, mənim Nökərim sizdən dondurma oğurlayıb, buyurun, gətirmişəm.
Satıcı gülərdi:
-Birincisi, Nökərin üstünə oğurluq yıxmayın, cənab. İkincisi də nökər xoşuma gəldi, bir dondurma da pay verdim.
***
Şəm-Şəm yaxşı oğlan olsa da, yaman yuxucul idi. Oyatmasaydın, axşamacan yatardı. Robotu da elə buna görə almışdı:
-Məni səhər saat 08.00-da durquzarsan. Durmasam, qalın ətimə bir-iki şapalaq çəkərsən! Bərk yox, ha, diksinərəm, yavaşca!
Robot da kişi kimi sözünün üstündə durmuşdu - Şəm-Şəm oyanmayanda bir-iki şapalaq çəkmişdi... Amma neyləsin ki, əli dəmirdən idi - ağrıtmışdı.
Elə həmin günü Şəm-Şəm Babasıyla Robotu aparıb Təzə Bazarda satdı. Bundan sonra bütün işləri düşdü öz boynuna - gəzməyə tək çıxırdı, oynamağa tək gedirdi, ürəyi istəyəndə gedib dondurma alırdı. Hər dəfə də satıcı qadın onu sorğu-suala tuturdu:
-Özün niyə gəlirsən, nökəri yollasana?!
Şəm-Şəm də mızıldayırdı.
Bir məsələ vardı ki, daha Şəm-Şəm yatıb günortaya qalmırdı. Axşam da televizora baxmadan yerinə girirdi ki, səhər tez oyansın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!