Gözəl ünvanları ziyarət edin... - Sərvaz Hüseynoğlu yazır

Peyğəmbər əfəndimizdən buyruqdur ki, "gözəl ünvanları ziyarət edin. Sizə doğma, əziz olanları yada salın, ziyarətində bulunun".

Savabdı xalqın, vətənin adına xeyirli işlərə imza atmış şəxsiyyətlərin doğma ünvanlarına səhih qəlblə sayğı pıçıltıları, zikr duaları ünvanlamaq. Savabdı vəfa borcuna sadiq yaşamaq.

Bir də "qəbirləri ziyarət edin" buyruğu var həzrəti Peyğəmbərimizin. Buyurur ki, onlarda sizin üçün ibrət vardır...

Ziyarət ediləsi əziz, doğma ünvanlar təkcə qan qohumluğu səbəbindən olmur ki! Daha çox əqidə, dünyagörüşü, xalqın, millətin adına vəfa borcu, minnətdarlıq duyğusu zərurətidi. O zərurət səni doğma ünvanlara çəkir, tələbata çevrilir.

Dəyərli soydaşımız Ramin Rahim oğlu Hüseynzadənin yaxın günlərdə qardaş Türkiyədə milli düşüncəmizin banilərindən biri olan Əli bəy Hüseynzadənin məzarını ziyarət anlarını özündə ehtiva edən görüntülərə nəzər saldıqca Peyğəmbər əfəndimizin "insanda insan oyadan" kəlamlarını birər-birər xatırladım. Ruhən özümü də o məzar başında hiss etdim. Qürurlandım. Kövrəldim. Bu, türkçülük düşüncəsinin, istiqlal hərəkatının "təkcə rəssamı deyil, həm də memarı olan" Əli bəy Hüseynzadənin xatirəsi önündə ehtiram dayanışıdı. Təkcə Ramin Rahim oğlunun yox, bütövlükdə Əli bəy Hüseynzadə Turan sevdalılarının gözəl ünvanlardan biri önündə əbədi ehtiram anıdı. Bizə əziz olan, bizi biz yapan müqəddəs, pak ünvanlar qarşısında olduqca şairanə, olduqca Şaiqanə, olduqca qaibanə bir yadetmə məqamıdı bu! Ziyarət şəkilləmələrinin hər anı çocuqluğumuzun şairi Abdulla Şaiqin unudulmaz misralarını pıçıldayır yaddaşımıza. Elə bil bu an, bu məqam üçün öz böyük fikirdaşının dilindən qələmə alıb Şaiq əfəndi:

 

"Yad et məni, qaibanə yad et!.."

 

Bu kövrək, unudulmaz misranı yad etdikcə Əli bəy Hüseynzadə irsinə, Əli bəy Hüseynzadə Turan haqqına sahib çıxan dövlətimizə, dövlət başçımıza dərin minnətdarlıq hissi sarır duyğularımı. Bu böyük şəxsiyyətin 150 illik yubileyinin keçirilməsi haqqında müstəqil, suveren ölkəmizin başçısı 21 yanvar 2014-cü ildə Sərəncam imzaladı. Əli bəyin adına layiq tədbirlər planı hazırlanıb həyata keçirildi. Əli bəyin ciyərparası Feyzavər xanım ömrünün son günlərində atasının xatirəsinə bəslənən böyük sayğının şahidi oldu. Azərbaycan Prezidentinin Sərəncamı ilə Feyzavər xanım "Dostluq" ordeni ilə təltif edildi. Oldu bütün bunlar. Davam etdirilməsi, ənənəyə çevrilməsi boynumuzun borcudu.

Bu sətirləri yaza-yaza Ramin Rahim oğlu Hüseynzadənin Əli bəy Hüseynzadənin məzarı başında övladarı Rahim və Riyadla bərabər dayandığı anları özündə ehtiva edən fotoşəkillərə nəzər salıram. Mənəvi, ruhi bağlılıqla bir arada Ramin Hüseynzadəni  Əli bəylə  soy-kökdən gələn qan qohumluğu da bağlayır. Yaxın əqrabadırlar. Köklü bir nəsildən gəlirlər.

Bu cür yadetmələr daha çox maarifləndirici, istiqamətverici, yönəldici ziyarətlərdi. Simvolik dəyərlərə hesablanıb. Unudulmaz Əli bəy Hüseynzadə Turanın mübarək məzar daşı üzərində Azərbaycan və Türkiyə bayraqları, şanlı sancaqları yan-yana dayanıb. Qoşa bayrağımız qardaşcasına dalğalanır məzarı başında. Bu bayraqların xəfif kölgəsi altında əbədi uyumaq, hüzura qovuşmaq nə xoş.

Nə xoş ki, mübarək ziyarətgahlarda böyük etirafların mutluluğunu yaşayırsan. Tanımadığın bir xanım əfəndi, bir bəy əfəndi sənə yanaşır. Maraq edirlər:

- Bayraqlarımızın şaxlanışından anlaşılan odur ki, məzar sahibi ünlü ismlərdəndir...

- Elədir-deyirsən, - türkçülüyümüzün atası, türkçülüyün siyasi məramnaməsinin  müəllifi, böyük həmyerlimiz Əli bəy Hüseynzadə Turanın uyuduğu məzardı.

- Can Azərbaycandanmı gəldiniz?

- Əvət!"

O xanım əfəndi məmnunluqla ömür yoldaşına səslənir:

- Sədaqəti, vəfa borcunu azərbaycanlı qardaşlarımızdan öyrənmək gərək!

Təşəkkür edirsən:

- Eyni ruhdan, eyni kökdən gələnlərik. Qan qardaşlarıyıq. Burası bizim gözəl, doğma ünvandır. Bütün azərbaycanlılar, bütün türklər üçün əziz olan bir ünvanı ziyarət edirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!