Haqqa doğru gedən yollarda... - Gülxani PƏNAH

"Fəxrəddin Meydanlı-70" silsiləsindən

Azərbaycan xalqı həmişə öz istedadlı insanları ilə tanınıb. Hansı sahədə çalışmasından asılı olmayaraq o sahədə elmi, istedadı, əməyi, bir şəxsiyyət kimi ictimai-siyasi həyatda imzası, rolu ilə tanınan vətənimin ziyalıları daima diqqətimi çəkib.

İllərimin təcrübəsindən görürəm ki, əməklə, zəhmətlə həyatının, ömrünün bünövrəsini qoymuş zəhmət adamları yaşadığımız dünyanın sosial ictimai-siyasi, ədəbi-mədəni həyatında daima diqqəti çəkib.

Şair-publisist Fəxrəddin Meydanlının imzasını mətbuatdan tanımışıq. Sonralar tədbirlərdə, mühüm ədəbi-mədəni məclislərdə nəzakəti, insanlığı, səmimiyyəti ilə hörmətimizi qazanıb.

Keçən əsrin 70-ci illərindən bədii yaradıcılığa başlasa da, o ədəbi ictimaiyyətə 90-cı illərin sonlarından qoşulmaqla, Azərbaycan mətbuatında "Meydanlı" imzası ilə yazılarını çap etdirən Fəxrəddin Meydanlının "Sevdalı könüllər" adlı ilk şeirlər kitabı 2000-ci ildə işıq üzü görmüş, daha sonralar - 2004-cü ildə "Azərbaycan torpağı - gözəlliklər diyarı", 2009-cu ildə isə, "Sevənlər qocalmır" adlı şeirlər kitabları, daha sonralar isə, "Musiqimizi yaşadanlar", "Elmin yollarında" və "Mükəmməl adam" kimi kitabları və çoxsaylı publisistik yazıları ədəbi ictimaiyyətə təqdim olunmuşdur.

Fəxrəddin ədəbiyyata lirik şeirləri ilə gəlib. Elə yaradıcılığında lirik üslubu ilə diqqəti çəkir. Poeziyasında nəzəri cəlb edən məqamlar var. Özünəməxsus təbii üslubu olan Fəxrəddinin şeirlərində milli-mənəvi dəyərlərə sevgi var. O milli-mənəvi dəyərlər ona imkan verir ki, şeirinin mövzusunu seçərkən poetikasında təşbehlər, bənzətmələr yaradanda oxucu qəlbinin "sarı simi"inə toxuna bilsin. "Xalıda naxış kimi" şeirini "Ədəbiyyat qəzeti"ndə oxumuşdum. Lirik boyalar, xəfif temp, incə, həzin, kövrək hisslərlə lirik qəhrəman "ürəyini açır."

 

Ürəyimdə yerin var,

Xalıda naxış kimi.

Gözüm yol çəkər, axar,

Həsrətli baxış kimi.

 

Nə yay, payız, qış, bahar,

Əsər xəzri, gilavar.

Misralarım damcılar,

Çiskinli yağış kimi.

 

Yer verməyək qubara,

Bağlanaq etibara.

Dönək məğrur çinara,

Bitməyək qamış kimi.

 

Dünya ki var - bizimki,

Ondan niyə bezim ki?!

Başqa hara yozum ki,

Görüşək, tanış kimi.

 

Təkcə bu lirik şeirdə oxucu qəlbinə həmdəm olan kövrək, səmimi hisslər, bəzən bir bənddə (Ürəyimdə yerin var, xalıda naxış kimi. Gözüm yol çəkər, axar, həsrətli baxış kimi), bəzən iki misrada (Dönək məğrur çinara, Bitməyək qamış kimi; və yaxud; Misralarım damcılar, Çiskinli yağış kimi) ustalıqla ifadə edilir.

"Muncuğu" lirik şeirində hansısa bir yaxın insanını bədnəzərdən qorumaq istəyir, "Bu boya, bu buxuna" göz muncuğu əvəzinə "düzüm bir söz muncuğu" - deyir. Maraqlı bir poetik mənaya yol açır; "düzüm-düzüm" muncuqlar içində "gözəl muncuq, gözündü" - deyir. Poetik cəhətdən yeni, təkrar olmayan, yeni deyimli bir bənzətməylə gözlərinin gözəlliyini daha qabarıq şəkildə tərif etməyə nail olur. Son bənddə boy-buxununa heyran olduğu insanın bütün üz gözəlliklərini də təsirli şəkildə təsvir edə bilmişdir.

 

Keçmək olmaz üzündən,

Bu teldən, bu düzümdən.

Fəxrəddinin sözündən,

Şeirindən üz muncuğu.

 

Fəxrəddin Meydanlının lirik şeirlərindəki yuxarıda qeyd etdiyimiz kimi, özünəməxsus deyim çalarları, ifadə gözəllikləri onun poeziya texnikasına yaxından bələd olduğunu göstərir.

Qələmindən çıxan lirik şeirlərində yaşadığı reallıqlar, daxili əhval-ruhiyyəsi, keçirdiyi müəyyən zaman dönəmindəki incikliklər, içində "ipə-sapa" yatıra bilmədiyi reallıqlar duyulur və bunları şeirin məzmununa çevirə bilmək imkanları vardır. Onun "Qınama məni" şeirində bunu asanlıqla görə bilirik, duya bilirik...

 

Əl at, ulduzlardan "pay ver" desəm, mən,

Günəşsən, bədirli "ay ver" desəm, mən,

Dənizdən doymuşam, "çay ver" desəm, mən,

Qınama məni.

 

Qısa tellərinə saç söyləsəm mən,

"Qanad aç, göylərdə uç" söyləsəm, mən,

"Bir gün ürəyini aç" söyləsəm, mən,

Qınama məni.

 

Azərbaycan yazarları, eləcə də Fəxrəddin bir şair, publisist kimi Şuşa həsrətini, Xocalı qətliamını, talan olan el-obaların, düşmən tapdağı altında qalan dədə-baba məzarlarının həsrətini yaratdığı ədəbi əsərlərlə tarixləşdirdi. Çəkdiyimiz əzablar, Azərbaycanın dilbər guşələrindən olan Şuşanın həsrəti bütün vətənpərvər yazarlarımız kimi, Fəxrəddin Meydanlının poeziyasında da əsas mövzulardan biri oldu.

 

Yanır Cıdır düzü, solur Xan bağı,

Gözləyir qonağı İsa bulağı,

Turşsuyun üstündən gedib yığnağı,

Gözləri yollarda qalıb Şuşanın...

 

ATƏŞKƏS kimi bir mənasız müqaviləyə nifrət edir, dövlətinin, xalqının sülh yolu ilə torpaqlarının qaytarılmasını istəyənlərin humanist duyğularına hörmətlə yanaşır, beynəlxalq aləmdə aparılan xarici siyasətimizi dəstəkləyir, amma düşmənin qazanının altını körükləyən çirkin niyyətlilərin əməllərini də bir ziyalı kimi görür, bir oğul kimi qeyrəti içini didir, səbrini tükəndirir...

Döyüş ruhumuza ruh qatan Tarixi aprel döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu "Vətənnamə" adlı tariximizin şərəfli səhifələrini döyüş meydanında yazanda, Azərbaycan yazarları qələmi ilə, ruhu ilə o döyüş meydanlarında idi. Dünya siyasi tarixinə müdrik siyasi imkanları ilə adı yazılan, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin  müdrik rəhbərliyinin və rəşadətli ordumuzun əzminin nəticəsi olan ZƏFƏR bütün vətənsevər qələm əhli kimi, Fəxrəddin Meydanlının da şeirlərində böyük ruh yüksəkliyi ilə tərənnüm olunurdu. İşğaldan azad edilən hər qarış torpaq uğrunda döyüşən oğullarımızın igidliyini, mənfur düşmənlərin, "qara yağı"ların işğalı altında inləyən Qarabağın nəhayət ki, azad olunmasını "Yetişdi Zəfər günü" misrasıyla möhürləyir. Qürur hissiylə:

 

Ağdamdan, Füzulidən, Cəbrayıldan keçmişik,

Qubadlı, Zəngilanda düşmənləri biçmişik.

Neçə kəndə, şəhərə bayraq taxıb, ötmüşük -

Şuşada düşmənlərə endirdik son zərbəni,

Yetişdi Zəfər günü...

 

- deyir. Misralarında qazandığımız hər bir qələbə sorağından vəcdə gələn şair ürəyinin döyüntüləri duyulur. Düşmənə qan udduran vətən oğullarının hərb meydanında qazandığı qələbələri Azərbaycan xalqının şəxsi qələbəsi kimi tərənnüm etməkdə haqlı olan şair Ali Baş Komandanından tutmuş, sadə bir vətəndaşına kimi bu qələbədə rolu olan xalqının sülhsevər bir xalq olduğunu bütün düşmənlərimizə eşitdirir. Bunun sübutu kimi 30 il ATƏŞKƏS adlı bədnam bir sülh siyasətinin baş tutacağını düşünən, qaçqın-köçkün ömrü yaşayan həmvətənlərinin səbrini, dözümünü xatırladır, erməni işğalçıların mənafeyini müdafiə edən Fransa, İran kimi bəzi qüvvələrin iç üzünü döyüş meydanlarında açan, səbri tükənmiş Azərbaycan dövlətinin, Azərbaycan xalqının hərb meydanında göstərdiyi gücünü, qalib bir ölkə olduğunu unutmamağa çağırır.

 

Azərbaycan basılmaz, indi qalib ölkədi,

Düşmən üstə dayanmış kabus-qara kölgədi.

Bütün dünya bilir ki, o sülhsevər bölgədi -

Fəxrəddin Meydanlının şad eylədin könlünü,

Yetişdi Zəfər günü.

 

Bu Böyük Qələbənin Zəfər şirinliyini dadmış Fəxrəddin Meydanlı Ali Baş Komandan - möhtərəm İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi şeirində də səmimiliyi ilə diqqəti çəkir. 

Beynəlxalq aləmdə artıq Azərbaycanın nüfuzunu yüksəltməklə yanaşı, bir dövlət başçısı kimi də yeritdiyi müdrik siyasəti ilə tanınan dövlət başçısı xalqının əbədi sevgisini qazanıb, həqiqətən, alqışlara, böyük hörmət və ehtirama layiqdir. "Qoymadın işğal altda, Yurdun bircə qarışın. Bütün Turan dünyası, sənin gücün, alqışın" misraları Ali Baş Komandana ünvanlanır, DƏMİR YUMRUQ kimi birləşən Azərbaycan Ordusunun  DƏMİR YUMRUĞunun dadını bilənlərə də ismarışını göndərir, türk birliyinin, Turan dünyasının birliyinin də vacibliyini vurğulayır. Bu birliyin sevincini istəyir, Qarabağda gedən quruculuq işlərində, Şuşada keçirilən beynəlxalq məclislərdə, poeziya günlərində, böyük sənətkarlarımızın yubiley günlərini görən Fəxrəddin Meydanlı gördüyü həqiqətləri şair qələmiylə vəsf edir...

 

...İşıq çəkir, yol çəkir, yeni yurdlar salırsan,

Küsüb, yatmış torpağı, yenidən oyadırsan.

Sən Şuşa qalasından göylərə ucalırsan -

İndi "Cıdır düzü"ndə çalır canlı kvartet,

Altımış yaşın mübarək, əziz, cənab Prezident!

 

Milyonlarla sevən var - səni türk ellərində,

"Xarı bülbül" gül açır Qarabağ çöllərində.

Fəxrəddin Meydanlıdan sənə doğum günündə -

xoş arzu, diləkləri lütf eylə, qəbul da et,

Altımış yaşın mübarək, əziz, cənab Prezident!

 

Fəxrəddin Meydanlının poeziyasında xalqımızın yaratdığı şifahi poeziya ənənələri,

xüsusən, aşıq poeziyasına məxsus incəliklər, gəraylı, bayatı üstündə köklənmələr diqqəti çəkir:

 

Aşıq demə hər dinənə,

Tez alışıb, tez sönənə.

Çox yaraşar ağ sinənə

Bircə-bircə düz çiçəyi...

 

Qoşma, gəraylı, bayatı üstündə deyimlərində Fəxrəddin istədiyini "deyə bilir". Heca vəznli şeirlərində xalq poeziyasında ən çox yayılmış gözəllərin vəsfinə, təbiətin gözəlliklərinin tərənnümünə məxsus üslub yaxınlığı var.

"Bu necə işdi" şeirində aşıq ədəbiyyatına məxsus bir incəlik var... Uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaratmış, istedadlı şairimiz İlyas Tapdıq fikirlərində haqlıdır ki, "Şairin qələmindən çıxmış bir çox cizgilər onun portret cizgiləridir. Bu şeirləri yazmaq üçün Fəxrəddinin əsas bədii vasitəsi hər birinin özünəməxsus gözəllik atributlarını hiss etdirməkdir. Bu hiss və duyğu şairə imkan verir ki, quru bir gözəlliyi deyil, həm də dürüstlük, xeyirxahlıq, gözəlliyin qədrini bilmək, şükranlıq, alicənablıq, nikbinlik kimi ali sifətləri üçün öz sözünü desin, yaddaqalan bir silsilə yaratsın".

 

Tanrı hər gözələ bir az kəm verib,

Hər şeyin yarısın, bölüb tən verib.

Sənə nə veribsə, tamam-cəm verib -

bu necə süzüşdü, necə yerişdi,

Yerdə mələk olmaz, bu necə işdi?!

 

Sənin xalın solda, mənimki sağda,

Sallanıb meyvətək qoşa, budaqda.

Kipriyin ox kimi durub ayaqda -

qaşların Aypara, gözün Günəşdi,

Yerdə mələk olmaz, bu necə işdi?!

 

Görəndə bildim ki, ilham pərimsən,

Üzümə sökülən dan, səhərimsən,

Şairəm, sən mənim şah əsərimsən -

Fəxrəddin fikrini sənlə bölüşdü,

Yerdə mələk olmaz, bu necə işdi?!

 

 Fəxrəddin Meydanlının şeirlərindəki didaktik keyfiyyətlər, dəyərli məsləhətlər, insan oğlunu bu dünyada qazana biləcəyi yaxşı keyfiyyətlərə səsləmək, düzlüyə, dürüstlüyə çağırış əsasdır, bu mənada, şeirlərindəki mükəmməl ifadələr, beytlər, misralar diqqəti çəkir:

 

Məğrur dağları da arxa sanma sən,

Ömrün duman-çənə bürünüb gedər,

Dünyada zəmisən, otsan, çəmənsən,

Üstündən ilanlar sürünüb gedər.

 

Fəxrəddin Meydanlının "Daş və əl" şeirindəki bədii məzmunla yanaşı, bədii texnika maraq oyadır. Buradakı alliterasiya diqqəti çəkir. Alliterasiyadan istər Azərbaycan xalq şeirində, istərsə də klassik poeziyamızda bədii üsul kimi geniş istifadə edilmişdir. Müasir yazarlarımızın da yaradıcılığında alliterasiyaya rast gəlinir.

Fəxrəddinin "Daş və əl" şeirində alliterasiya hadisəsi demək olar ki, bütün bəndlərdə özünü göstərir.

 

Daş daşa dəyəndə qığılcım saçar,

Əldən-ələ keçər qəlb hərarəti.

Bir başa daş düşsə, əlacsız, naçar,

Əl var, daşdan ağır, qılıncdan iti.

 

...Daş-daşa söykənsə, dağ da yaradar,

Əl-ələ söykənsə, gücü tükənməz.

Hər daş ayrılıqda gözü qaraldar,

Əl üstə əl olsa, bir ocaq sönməz.

 

Şeirlərindəki ritm, musiqiyə yatımlıq bəstəkarların diqqətini çəkmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şairin musiqi bəstələnmiş həmin şeirləri "Min bir nəğmə" adlı mahnılar toplusu şəklində çap edilmiş, "Sevdalı könüllər" adlı kompakt diskdə və vidi diskdə 2004-cü ildə işıq üzü görmüşdür.

Fəxrəddin Meydanlının poeziyasında olduğu kimi, publisistikasında da özünəməxsusluq diqqəti çəkir. Onun "Elmin yollarında" və "Musiqimizi yaşadanlar" kitablarında toplanan bədii-publisist məqalələrinin dil sadəliyi, məzmun zənginliyi onun bir publisist kimi də fəaliyyətinin dəyərləndirilməsinə imkan yaradır.

70 illik ömrünün böyük bir hissəsini ədəbiyyata bağlayan bir insan kimi, qələm sahibi kimi, bir həmkar, qardaş kimi Fəxrəddin Meydanlıya həyatda cansağlığı, söz meydanında da uğurlar diləyirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!