Hekayə
Tanınmış yazıçımız Əli Vəlioğlunun yanvarın 1-də 78 yaşı tamam olur. Bu yaşda ad günü təbriki qəbul etməyin, yəqin ki, bir ayrı feyzi var. Onu Əli müəllim yaşda olanlar yaxşı bilərlər. Mənimsə bildiyim odu ku, o 14 kitabı yazmasaydı belə, Əli müəllim tək elə aforizmləri ilə yaddaşlarda qala bilərdi. Bəyəm Yeji Letsi bu kiçik, möcüzəli janr dünyaca məşhur etmədi? Hələlik Əli müəllimdən bir hekayə, bizlərdənsə ad günü və bayram təbriki. Möhkəm cansağlığı, Əli müəllim!
Sayğılarla, Əlabbas
29.XII.2017
"Ay ev yiyəsi" səsinə əlimdəki işi yarımçıq qoyub həyətə çıxdım. Darvaza ağzında 60-65 yaşında kişinin kimisə axtardığını duyub ona yaxınlaşdım. Salamını alıb,-- tanımadım bağışlayın, siz kimsiniz? - deyə soruşdum.
- Allah qonağıyam. Qəbul edərsiniz?
- Allaha da qurban olum, onun qonağına da. Xoş gəlmisiniz, buyurun keçək içəri.
İçəri keçdik. Rahatlanmamış evə göz gəzdirib atamı xəbər aldı. Allah rəhmətinə getdiyini dedim. Heyifsiləndi, rəhmət oxudu:
- Yəqin ki, məni tanımadınız.
- Xeyr.
- Qədimdən atanla dost idim. Adım da Həsəndir. Dağıstanlıym. Müharibədən bir neçə il əvvəl sizin kəndə işləməyə gəlmişdim. O vaxtdan da atanla dost olmuşdum.Çox qədirbilən, sənətkarın qiymətini verən adam idi. Sonra mən müharibəyə getdim. Başım çox müsibətlər çəkdi. Odur ki, bir daha görüşə bilmədik. Bu mənim sizin kəndə ikinci gəlişimdir.
- Siz bəlkə qalayçı Həsən dayısınız?
- Bəli, oğlum. O vaxtdan çox illər keçib.
Doğrusu, məni təəccüb bürüdü. Axı onun müharibədə itkin düşdüyünü bilirdik. Təəccüblə soruşdum:
- Həsən dayı, atamdan sizin müharibədən qayıtmadığınızı eşitmişdik.
- Bəli, atan dediyində bir həqiqət vardı,--o, əlinin üstündəki güllə yarasını və inkişafdan qalmış nazik barmaqlarını göstərərək,- müharibənin yadigarıdır, -dedi.
O, sonra başına gələn bütün hadisə və çəkdiyi müsibətləri açıq-saçıqlığı ilə şirin-şirin danışdı. Bizə aydın oldu ki, müharibədə ölmüş bildiyimiz Həsən sağ imiş. Onun bu maraqlı və həyacan doğuran söhbətindən sonra qonağımız gözümüzdə daha da döğma və əziz göründü. Uzun illər atamın xatırladığı 17-18 yaşlı Həsən birdən-birə gözümüz önündə Həsən dayıya çevrildi. Çox söz-söhbətdən sonra onun əsir düşməsi, yaralı qayıtması, günahsız yerə 15 il sürgündə olması, özünə bəraət qazandırması bizə aydın oldu. Bütün əzab-əziyyətlərə baxmayaraq, atamın dediyi fağır, utancaq Həsən, indi qarşımızda şirinsöhbətli, duzlu-məzəli, atmacalı Həsən dayı olmuşdur.
Şam yeməyindən sonra Həsən dayının muğamatımızla bağlı söhbəti bizim xəyalımızda elə naxış saldı ki, onun təsirindən uzun zaman ayıla bilmədik.
Televizorda Hacıbaba Hüseynovun "Mahur" muğamını dinləyən Həsən dayı keçmiş xatirələrlə bağlı söhbətə başladı:
- Oğlum, sizin muğamınız bizi bir gün ölümdən qurtarıb. Sözümə inanmazsınız. Gözlərimin şahidiyəm. Özüm iştirakçısı olmuşam. Başağrısı olmasın, söhbətdir edirik.
- Bizim üçün xoşdur, Həsən dayı, söhbətinizi edin.
Kiçik fasilədən sonra Həsən dayı söhbətinə davam etdi:
- Müharibənin odlu-alovlu illəridir. Gününü deyə bilmərəm, ancaq yaz ayları idi. Düşmən göz verir, işıq vermirdi. Döyüşün qızğın vaxtı idi. Aramsız atışma dörd saatdan çox çəkdi. İtkimiz çox oldu. Biz mühasirəyə düşsək də almanlar cəbhəni yara bilmədilər. Kömək gələnə kimi necə olursa-olsun mövqeyimizi qoruyub saxlamalıydıq. Düşmən bizi mühasirədə saxlamaqla axırımıza çıxmaq istətirdi. Hər şeyimiz tükənmək üzrə idi. Suyumuzu qarşımızdakı çaydan götürmək lazım gəlirdi. Alman əsgərləri isə çayın o biri sahilində mövqedə durmuş, çaydan su götürməyə imkan vermirdilər. Su gətirməyə gedənlərin heç biri sağ qayıtmırdı. Gecələr çayın sahili projektorlarla işiqlandırılırdı. Su götürmək qeyri-mümkin idi. İki gün idi ki, susuz qalmışdıq. Azərbaycanlı yoldaşım Əziz komandir Kovorovdan icazə alandan sonra mənə yaxınlaşıb dedi:
- Həsən, komandirdən icazə almışam, deyir ürəyin kimi istəyir götür get. Gəlsənə gücümüzü sınayaq.
Mən istər-istəməz razı oldum. Su qablarını yığıb yola düşdük. Almanlar görməsin deyə, gizli yerlərdən keçib çaya yaxınlaşdıq. Çayın o biri sahilində keşiş çəkən alman əsgərləri aydın görünürdü.Nəzarət üçün qurulmuş çardaqda üç əsgər hər tərəfi bir an belə nəzərdən qoymurdu. Biz sürünüb çayın sahilinə çatdıq. Əziz əlimdən tutub yarğan aşağı sürüşdü. Gözüm gah Əzizdə, gah da qarşıda keşiş çəkən əsgərlərdə idi. Əziz su qablarını doldurdu. Almanların hərəkətlərindən hiss etdim ki, nəsə duyublar. Əziz qabları doldurduqdan sonra ağzını basıb sudan doyunca içdi. Qorxu məni götürmüş, həyəcanım get-gedə artırdı. Çox çəkməz avtomatlar şaqqıldayar, cəbhə dostum gözlərim önündə sərili qalar. Bunları düşündükcə gözlərimdən yaş qeyri-ixtiyarı axırdı. Əziz mənə tərəf sürünüb dolu qabları verdi. Məndəki boş qabları alıb yenidən çaya sarı süründü. Mən qaqbları alıb təhlükəsiz yerdə daldalandım. Su dolu qablardan birini başıma çəkib susuzluğumu yatırtdım.
Almanların narahat danışığı aydın eşidilirdi. Hiss edirdim ki, suyun gurultusundan almanların səsi Əzizin qulağına çatmır.Əziz qabları doldurub təzəcə qurtarmışdı ki, keşik çəkənlər bir-birinə dəydi. Onlar Əzizi görmüşdülər. Hər üçü avtomatlarını ona tuşlayaraq bağırır, söyüşlər yağdırırdı. Bu hadisədən xəbərsiz cəbhə dostum uzalı halda başını əyib yenidən su içdi. O, başını sudan qaldırıb ayağa durduqda düşmən avtomatlarının ona tuşlandığını gördü. Durduğu yerdə quruyub qaldı. Gözlərini almanlardan çəkmədi. Oturmadı. Yerindən tərpənmədi. Almanların istehzalı gülüşlərı, ləzzət alırmışlar kimi ələsalma hərəkətləri mənim üçün nə qədər kin doğurudusa, Əziz üçün yüz qat belə dəhşətli idi. Ölüm necə də haxladı onu düşünürdüm ki, birdən bir ecazkar səslə - həmişə də heyranı olduğum bir səslə "Mirzəhüseyn segahı"nı başladı. Bu möcüzə səsin qarşısında həqarətli gülüşlər susdu. Səs almanları sehrlədi. Qeyri-ixtiyarı olaraq Əzizə tuşlanmış avtomatlar aşağı düşdü. Səs get-gedə şahə qalxır, zəngulələr göyə pərvazlandı. Bu möcüzəli səs yandırdı ürəkləri, sehrlədi onun üstünə şığıyan ölümü.
Bu mənzərədən göz yaslarımı saxlaya bilmirdim. Sanki o, özünün ölüm marşını oxuyurdu. Çox çəkməz segah bitər, dünyaya həsrətlə baxan gözlər əbədilik niskillə yumular. Deyəsən segah buna görə bitmək istəmirdi. Bu zəngulələr çayın səsinə qarışaraq əbədiləşmək istəyirdi.
Muğamın yandırıcı təsirindən düşmən də quruyub qalmışdı. Azərbaycan muğamı düşməni - dünyada özlərini bütün xalqlardan üstün tutan alman döyüşçülərini əfsunlamışdı.
Əziz şöbədən-şöbəyə keçdikcə zəngulələr zilə qalxır, sanki ölüm yağdıran düşmənlərə insanlığı təbliq edirdi.
Avtomatlar tam hədəfdən düşdü. "Əhsən səni doğan anaya, Əziz!" - deyə ürəkdən sevindim. Deyəsən Əziz də düşmənin muğamata təslim olduğunu hiss etmişdi. Zəngulələr altında bayaqdan kisəyə doldurmuş dolu qabları saymazyana çiyninə atıb yoluna düzəldi. Almanların uca bir səslə "es lebe"* deməyi ilə üçü də ürəkdən gülüb başlarını heyranlıqla buladı. Ara vermədən ikinci bir səs "danke shon"** qulaqlarıma dəydi.
Segah getdikcə səslənir, tükənmək bilmirdi. Fürsət məni də sağ-salamat təhlükədən sovuşdurdu. Bir qədərdən sonra biz görüşüb bir-birimizi bağrımıza bassaq da sevincdən xeyli özümüzə gələ bilmədik.
İki gün ərzində ilk dəfə idi ki, səfər uğurla nəticələnmişdi. Gətirdiyimiz su ilə bir gün də dözməli olduq. Sonra yeni qüvvələrin gəlməsi ilə mühasirədən çıxa bildik.
Həsən dayı sözünü tamamlayıb dedi:
- Oğul, budur muğamınızın möcüzəsi. O, düşmənə də, ölümə də qalib gəldi.
Həsən dayı sabahısı qayıtmalı oldu. Ancaq ondan iki şey bizə qiymətli yadigar qaldı. Biri 36-cı ildə hədiyyə etdiyi stolüstü lampa, bir də şirin söhbətli bu ləzgi qardaşın "Mirzəhüseyn segahı"nın sehrkar qüvvəsindən danışdığı əfsanəyə oxşar şirin və unudulmaz söhbəti. Həmişə də hər iki yadigar ilə Həsən dayını xatırlayırıq, milli muğamımıza Allahın gözəl, əvəzsiz neməti kimi baxırıq.
*eş lebe-yaşa
**danke shon-sağ ol (almanca)
fevral 1983 Nüvədi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!