Mövlud Taha Qayaçının “Dayı Mehdi” hekayəsi - Qəzənfər Paşayevin təqdimatında

Onu unutmaq olmur...

 

İnsan yaşa dolduqca xatirələrlə yaşayır. Dünyasını dəyişmiş dostlar haqqında xatirələr isə adama dinclik vermir. Belələrindən biri, 1964-cü ildən dostluq etdiyim Mövlud Taha Qayaçı idi. Bakı həsrətilə yaşayan, Azərbaycanı öz vətəni sayan Mövlud Taha Qayaçı hisslərini, isti duyğularını, yazıları və məktubları yoluyla izhar edirdi. Onun Xalq şairi Rəsul Rzaya, professor Abbas Zamanova  və bu sətirlərin müəllifinə göndərdiyi məktubları həyəcansız oxumaq olmurdu. Uzun illər dostluq etdiyim, Bakıya həsrətlə yaşayan dostumun arzusunu gözündə qoymadım. 2005-ci ilin avqust ayında Bakıya dəvət etdim. Azərbaycan Yazıçılar Birliyində, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində - İraq-türkman ədəbiyyatı və mədəniyyəti ekspozisiyasında (təəssüf ki, muzey təmir olunandan sonra mənə məlum olmayan səbəbdən ekspozisiya fəaliyyətini dayandırdı), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, "Ədəbiyyat qəzeti"ndə yüksək səviyyəli görüşlər keçirdik. Fəxri Xiyabanda Səməd Vurğun, Rəsul Rza, Abbas Zamanovu ziyarət etdik. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.

Təəssüf ki, 7 mart 2011-ci ildə 70 yaşında əbədiyyətə qovuşdu.

Mövlud Taha Qayaçı uzun müddət Kərkük Televiziyasında yüksək vəzifələr tutmuş, sonralar Yazarlar Birliyinin başqanı seçilmişdi.

İctimaiyyət arasında böyük hörməti vardı.

Prof. Dr.Mehmət Ömər Qazançı "Son söz yoxdur" kitabında (Bağdad, 2017, 200 səh.) Mövlud Taha Qayaçı dünyasını dəyişəndə yazdığı "Vida sözü"nü (s.41-47) və Mövlud Tahanın ona ünvanladığı, həyat düşüncələri haqqında məktubunu (s.49-60) dərc etmişdir.

Qazançının "Vida sözü"ndə diqqətimi çəkən Mövlud xəstə olanda onu ziyarət edən Əta Tərzibaşı və Nicat Kövsəroğlunun Mövludla birgə çəkilmiş şəkli oldu. İraq-türkman folklorşünaslıq və ədəbiyyatşünaslıq məktəbini yaradan qocaman alimin Mövlud Taha Qayaçını ziyarət etməsi, Mövludun böyük hörmətindən xəbər verirdi. Əta bəy o vaxt artıq evdən bir yana çıxmırdı, ayağı sınmışdı.

Ədəbi əlaqələrimiz yolunda çalışan Mövlud Taha Qayaçı Azərbaycana gəlişində əlində böyük bir qovluqda uzun illərdən bəri topladığı, heç yerdə çap olunmayan çox sayda nağıllar gətirmişdi. Mən "İraq-Türkman nağılları"nı (Bax: Bakı, "Təhsil", 2014, 432 səh.) tərtib edərək geniş ön sözlə çap edəndə Mövludun topladığı nağılları "Ailə-məişət nağılları", "Məişət nağıl-hekayələri" və "Uşaq nağılları" adı altında kitaba daxil etdim. Həmin nağılların hər birinin sonunda yazdım: "Toplayanı Mövlud Taha Qayaçıdır" (Bax: İraq-Türkman nağılları, səh. 129-389). Nağılların ağız özəlliklərinin saxlanmasında və bəzi sözlərin dəqiqləşdirilməsində kitabın rəyçisi Dr.Şəmsəddin Kuzəçi yardımçı oldu.

Mövlud Taha Qayaçı İraqda mənim yaradıcılığıma məqalələr həsr edən ilk araşdırmaçıdır (Bax: "Qardaşlıq" dərgisi, №10-11. Bağdad, 1972, s.30-31). Haqqımda son yazısı isə "Sevməmək olmur onu" başlıqlı yazısı oldu (Bax: "Türkmaneli" Ədəbiyyat və Sənət dərgisi, iyul, sayı 30. Kərkük, 2010). Mövludla imkan daxilində görüşürdük. Türkiyədə Qaysəri şəhərinin Ərciyəs Universitetində, İstanbul və Ankarada konfranslarda görüşlərimiz şirin xatirələr kimi yadımdan silinməyəcək.

Mövlud Taha Qayaçı tanınmış yazıçı və tədqiqatçı idi. Namik Kamala monoqrafiya, dəfələrlə məni görüşünə apardığı qocaman şair Məhəmməd Sadiqə kitab həsr edib. Xalq şeirlərini toplayaraq "Bizim oğlan" adı altında çap etdirmişdi. Mövlud Taha ilə son görüşümüz 14.04.2010-cu il tarixdə Əta bəyi ziyarətə gedəndə oldu. Təyyarə ilə İstanbuldan İraqın şimal bölgəsi Ərbil şəhərinə uçaraq oradan maşınla Kərkükə yollandım. Kərkükün 40 km-liyində - Altun Körpüdə Mövlud Taha Qayaçı, Bəndəroğlunun kürəkəni Cəlal Polad, Necat Kövsəroğlu, Məhəmməd Bayat və başqaları məni qarşıladılar, cəmi bir neçə ay öncə partlayış baş verən lokantada təlaş içində çay və sərinlədici içkilər içərək birbaşa Əta Tərzibaşının evinə yola düşdük. Orada bir xeyli türkman aydınları toplanmışdı. Şəkil çəkdirdik. Bu, Mövludla çəkdirdiyimiz son fotolar oldu.

Mövlud folkloru və etnoqrafiyanı dərindən bilir və bu xalq xəzinəsindən yaradıcılığında bol-bol istifadə edirdi. Yazıçının "Dayı Mehdi" hekayəsi deyilənə əyani sübutdur.

Şübhəm yoxdur ki, gənc yazarlarımızın bu kiçik həcmli hekayədən götürə biləcəyi çox şey vardır.

Dostumun rəğbətlə qarşılanacağına əmin olduğum, adət-ənənənin bariz nümunəsini özündə əks etdirən, yetərincə ilgi çəkən "Dayı Mehdi" hekayəsini məmnuniyyətlə dəyərli oxucularımıza ərməğan edirəm.

Qəzənfər PAŞAYEV

 

 

vlud Taha Qayaçı

Dayı Mehdi

Bayat əşirətinin Quraq kəndində belə hadisələr tez-tez olur. Dayı Mehdi qızı Bağdagülü İsmayıl Kəviyənin oğlu Həsənquluya verəcək, Kəviyənin qızı İncini isə oğlu Murtuzaya alacaqdı. Bu təhər qohumluq onun ağlına batmırdı. Həyatda azmı olur cürbəcür hadisələr? Amma başqa bir çıxış yolu da yox idi. Belə olsa, xərci çıxmazdı, baş-başa olardı. Kəviyə tez-tez toydan söz salır, Dayı Mehdini narahat edirdi. Lakin il pis gəlmiş, Dayı Mehdinin əlində bir şey yox idi. Bu yandan da gözlənilmədən Bağdagül qarayatalaq xəstəliyinə tutulmuşdu. Dayı Mehdi xəstə qızını həkimə göstərmək üçün illərdən bəri sirdaşı olduğu tüfəngindən başqa evdə satılacaq bir şey görmürdü. Oğrular, qurd-quş, qonşu kəndin bəzi nanəcib adamları gözünün qabağına gəlincə, fikrindən vaz keçdi. Ömründə ilk dəfə olaraq arvadının yanında kasıblıqdan şikayət etdi. Baqqal Məstəvinin namərdliyindən danışdı:

- Ay kişi, Bağdagülün xatirinə, bu qışı yağsız da keçirərik. O küpədəki kərə yağını apar, bazarda sat.

Dayı Mehdinin üzərindən elə bil ağır bir yük götürdülər. Minnətdarlıqla vaxtından əvvəl qocalmış arvadını süzdü. Ertəsi gün alaqaranlıqdan küpə yağı bir xurcuna qoyub boz eşşəyin tərkinə atdı və bazara yola düşdü.   Sərin meh Mehdinin üzünə vurduqca kefi açılırdı. Bağdagülün toyunda Kəviyənin oğlunun gəlib camaatın gözü qarşısında əlini öpəcəyini düşündükcə fərəhlənirdi. Tütün qutusunu çıxardı. Bir papiros bükdü. Boz eşşəyi mahmızladı. Yenidən xəyala daldı. Barı yağı yaxşı pula sataydı... "Bağdagülə baxmağa yaxşı bir həkim çağıracağam. Ölsə də, bayatlı doktor  Şahbazı çağırmaram. Özgə vaxt bizi adam yerinə qoymur. Bizim yanımızda başa düşmədiyimiz dildə danışır. Görüm kasıblığın üzü qara olsun. Kimdi kasıbı sayan. Nə qədər özümüzü oda-közə vursaq da, qurddan ac, yalandan çılpağıq".

Xəyal Dayı Mehdini ağuşuna alıb o qədər uzaqlara aparmışdı ki, o hətta sabahın nə vaxt açıldığını belə duymamışdı.

- Ay Allah, mənə uğurlu bir gün qismət et, - deyərək əbədi yatan şəhidlərə bir fatihə verdi və əlini saqqalına çəkdi.

Şəhərə girən yola çatmışdı. Bu vaxt iki köpək ona hücum etdi. Yaxşı ki, əl ağacını özü ilə götürmüşdü. Özünü itlərdən zorla qoruyurdu.

- Ay it, çəkil...

Köpəklər aralandılar.

Dayı Mehdi dönüb baxdı. Baqqal Məstəvi idi. Köpək oğlu haradan çıxdı? Yaxşı deyiblər: "Obaşdan qabağına çıxan ya xerxız (oğru), ya da xeyirsiz olar".

- Dur, baba, dur. Səninlə işimiz var.

Dayı Mehdi borcdan qaçan deyildi. Əldə bir şey yoxdu.

Utana-utana dedi: "Bu qədər gözləyibsən, Məstəvi. Sənə minnətdaram. Rica edirəm bir az da gözlə".

- Kişi, boşboğazlıq etmə. Mənə nə olub ki, səhər-səhər yuxuma haram qatıb bazar yolunda duram. Altı aydır gözləyirəm. Elə etmə məhkəməyə verim.

Mehdini soyuq bir tər basdı. Məstəvinin namərdliyi hər şeyi alt-üst edə bilərdi. Kəviyə qohumluqdan geri dura bilərdi. Onda Mehdi xalqın üzünə necə çıxardı?  Mehdi həm sıxılır, həm də yalvarırdı.

- Balalarının başına çevir, Məstəvi.

- Baba, zəkat ayı keçdi. Un üyütmək vaxtı çatıb. De görüm, bu il nə qədər buğdan olub?

- Ağa, siz bilirsiniz ki, bu il görünməmiş quraqlıq keçdi. Heç nə olmadı.

Məstəvi ucadan güldü: "Bəs bu qış hava ilə dolanacaqsınız?" - deyib Dayı Mehdinin üstünə gəldi. Mehdi bir addım geri çəkildi.

- Xurcundakı nədir?

Mehdi qorxdu ki, baqqal yağı əlindən alsın. Xurcundan bərk yapışdı. Bu, Məstəvini daha da hiddətləndirdi.

Əlini atıb xurcunun o biri gözündən yapışdı. Elə zərblə dartdı ki, xurcun Dayı Mehdinin əlindən çıxdı.  Məstəvi özünü saxlaya bilməyib arxası üstə yıxıldı. Xurcun əlindən çıxdı. Dayı Mehdi zərblə yerə dəyən xurcunda yağ küpəsinin sındığını eşitdi. Sanki qırılan küp deyil, Dayı Mehdinin ürək telləri idi. Elə bil qeyb olan küp deyil, Dayı Mehdinin istək və arzuları idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!