Sayğac - Yeqzar Cəfərlinin hekayəsi

Payızda yarpaqlar saralır, solur, ağacdan düşür, ömürdən gedən saatlar, günlər, aylar kimi. Payızın xoş sədaları ağac qıtlığı olan yerlərdə öz qoxusunu divarlardakı nəmişlikdə göstərir. Bunun başqa bir səbəbi də Bakının əksər ərazilərində kürəbənd sisteminin olmamasıdır.

Evə yaxınlaşar-yaxınlaşmaz hasarımız gözümə qəribə görünür. İlk olaraq hasardakı nəm qoxusundan təəccübləndiyimi zənn edirəm, yanılıram. Hasarın yola tərəf olan hissəsində yeni qoyulmuş sayğacı görəndə dodaqlarım bir-birini qucaqlayır.

Həyətimizin yanında köməkçi bir yol da var. Görünür, kimsə həyəti bölüb satanda arxa tərəfdə yaşayacaq adamlar üçün açıb həmin cığırı. Məndən bir neçə il əvvəl bura köçən arxa qonşum, yəqin ki, sözügedən yol sənədsiz olduğuna görə sayğacı yapışdırıb bizim hasara.

Evin arxa hissəsində tikdiyim hində bir neçə toyuq-cücə saxlayıram. Evin aşağı hissəsi zirzəmi kimi nəzərdə tutulsa da, hündürlüyü onu gələcəkdə ev kimi istifadə etməyə imkan verir. Qonaq otağının altındakı yeri qaraj etməyi düşünürəm. Toyuqları yemləyib, hində olan yumurtaları götürürəm.

Oğluma "toyuqlar sənə hədiyyə göndərib, bax" deyən kimi gözləri işıqlanır, beləcə, bayaqkı hadisəni də unuduram.

Bir neçə gün də eləcə, beləcə keçir. Bir də görürəm ki, qonşunun həyət qapısını taqqıldadıram. Qonşunun ikimərtəbəli evi sahəsi təxminən sot yarım olan həyətin içindədir. Köhnə bir dəmir parçasını da kiçik darvaza əvəzinə istifadə edirlər.

Bir neçə saniyə çağırandan, qapını taqqıldadandan sonra cırıltı səsi gəlir, qapı açılır.

- Salam, qonşu, bu sayğacı siz qoymusuz qapıma?

Qadın üzünü turşudur, sifəti rəng alıb, rəng verir. Elə bil yaxın bir qohumunun ölüm xəbərini gətirmişəm.

Bir neçə saniyə də səssizliklə keçir.

Sükutun söyüş və ya təhqirlə nəticələnəcəyini gözləsəm də, qadın "üz verməmək" modunu dəyişdirmədən nitqinə davam edir.

- Hə, şoçciki biz qoşmuşux, nolub ki?

- Mənim hasarıma yapışdırmısız...

Bu sözü deyən kimi özümü elə qəribə hiss edirəm ki... Özümdən asılı olmadan gülmək tutur məni.

- Kişiyə demişiy evdə.

- Hansı kişiyə demisiz? Bizim evdə bir dənə kişi var, o da mənəm...

Qadın bir anlıq gülümsəmək istəyir. Bunun mənə hədiyyə olacağından ehtiyatlanır hər halda, sifətinin qırışını açmağa lüzum görmür.

Yaşadığım qəsəbədə o qədər adam yaşayır ki, tıxaca öyrəncəli olmuşuq. Düzdür, şəhərə çıxış rahatdır, bir manata Koroğluya, Qarayevə, Neftçilərə filan getmək olur. Yağış, qar olanda sürücülərin bir çoxu qiyməti qaldırsa da, avtobuslarda basabas olduğundan adamlar çarəsizlikdən bu nəqliyyata üstünlük verirlər. Sübh vaxtı raflarla yanaşı, adətən, içində istixanalarda işləyən fəhlələrin olduğu iri ekaruslar da gözə dəyir. Hər dəfə sovetdən qalma bu avtobusların səsini uzaqdan eşidən kimi dayanacaqda toplanmış adamların gözləri parıldamağa başlayır.

Qonşumuzdakı qadın da gülə-gülə bir dəstə adamla istixanaya gedən avtobusu gözləməkdədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!