Bu günlərdə yeni bir poetik ünvanla tanış oldum, həm sevindim, həm də təəccübləndim. Sevindim ki, Şabran ədəbi mühitinin belə bir bənzərsiz, istedadlı nümayəndəsi var və təəccübləndim ki, indiyə kimi onun bircə şeirini də oxumamışam, dostlar onun poeziyası haqqında niyə mənə heç nə deməyiblər?!.
Onun "Qəlbin şeir çiçəyi", "Haqdan gələn general", "Səbrimin daşan günü" adlı kitablarını birnəfəsə oxudum və müasir poeziyanın, çağdaş ədəbiyyatın səsi, sözü, çağırışları ilə üz-üzə dayandım. Bu kitablarda sözə sahib bir şairin poetik uğurlarına, vətənpərvər bir sənətkarın Vətən uğrunda möhtəşəm mübarizəsinə, poeziyanın uğurlarına şahid oldum, açığı deyim ki, bəzi məqamlarda ədəbiyyatın bəxtəvərliyini, sevinc dolu göz yaşlarını gördüm. Mən təxminən otuz il müddətində əvvəl "Ədəbiyyat və publisistika", sonra "Ədəbi dram" baş redaksiyasının (Azərbaycan Televiziyasında) baş redaktoru olmuşam, ədəbiyyatımızı yaxından izləmişəm, təqdim və təbliğ etmişəm, amma həmin bəxtəvərlik məqamlarını elə də tez-tez görməmişəm...
Haqqında danışdığım şair Məzahir Zeynaldır! On illər boyu tanımadığım, şeirlərindən xəbər tutmadığım, layiqli poeziyası haqqında dostların susduğu Məzahir Zeynal! Və indi bu sözləri yaza-yaza qəlbimin göylərində qəfil bir üzrxahlıq buludu da səmimi bir təbəssümlə dolanır...
Məzahir Zeynalın poeziyası söz oyunundan uzaqlığı, sadə, səmimi sözə yaxınlığı ilə seçilir. Onun, xüsusilə, vətəndaşlıq poeziyasında pafos, patetika yox dərəcəsindədir, əksinə, qəlbdən, qandan gələn səmimi duyğular, sadə, bəzək-düzəksiz ürək söhbətləri ön plandadır, şüarçılıq, "poetik" ritorika ədəbi nəfəsi təngitmir, küncə sıxışdırmır, oxucunun zəhləsini tökmür, əksinə, sözün ədəbi dəyərləri gülümsəyir, bədii fikrin işıqları sayrışır, ürək genişliyində ruhun azadlığı göz güldürür; şeirlərdə səhnənin ön planındakı reklamçı qışqırıqları yox, pərdəarxası gizli pıçıltıları eşidirsən; şeirlər çoxdan görmədiyin, köhnəlməyən köhnə dostlar kimi qəlbində, qarşında qəfil bir titrəyişlə zühur edir, sənə əl uzadır, salam verib salam alır; poetik nəfəs çoxdan getmədiyin doğma yollar kimi çağırır, təzə dolaylara çəkib aparır səni. Və qəfildən ədəbiyyatın uğuruna, şeirin şənliyinə, şadlığına şahid olursan...
Öyrəşib daşlara qız ağacları...
Hər daşın sevinci, öz ağrısı var,
Dərd bitər daşların sarı yerində
Yollara dikilmiş göz ağrısı var.
Poeziyamızın dönə-dönə müraciət etdiyi "Qız ağacı-qoz ağacı..." mövzusuna tam yeni yanaşma oxucunu tilsimləyir, duyğularda yeni işıqlar yandırır, heyrətlənirsən ki, hər misranın, hətta hər sözün öz yükü, öz poetik hədəfi var. Və qəfildən, nə vaxtsa, haradasa bir çəmənlikdə görüb-götürdüyün daşın gün işığına həsrət sarı yatağını xatırlayırsan; qız duyğularının sirr saxlancında, dərd divanəsi "sarı yerində" ədəbi tilsimin qırxıncı qapısı açılır...
"Öyrəşib daşlara qız ağacları" şeirinin bir bəndindəki poetik sehri açmağa, tilsimin qırxıncı qapısını aralamağa çalışdım. Şübhəsiz ki, bu yanaşmaya, ədəbi təhlilə şeirin bədii yükü, yüksək səviyyəsi imkan yaradır. Sevindirici hal odur ki, Məzahir Zeynalın əksər şeirləri məhz belə bədii yükü, yüksək lirik, poetik səviyyəsi ilə seçilir, ciddi ədəbiyyatşünaslıq təhlillərinə imkan və şərait yaradır.
Filologiya elmləri doktoru, professor, fədakar tənqidçi Vaqif Yusiflinin "Qəlbin şeir çiçəyi" kitabına yazdığı "Şeir çiçəkləri heç vaxt solmur" adlı Ön sözündə, şair-publisist Əlirza Xələflinin "Haqdan gələn general" poema-kitabına yazdığı "Ölməzliyin tərənnümü, yaxud Məzahir Zeynalın "Haqdan gələn general" poeması üzərində düşüncələr" məqaləsində, filologiya elmləri doktoru, professor Mahmud Allahamanlının, yazıçı-publisist Elçin Mehrəliyevin yazılarında rast gəldiyim səmimi təhlillər məni çox sevindirdi. Bunlar ciddi ədəbiyyat haqqında ciddi yazılardır, Məzahir Zeynalın poetik uğurlarına güzgü tutan, qədirbilənliklə yanaşan ədəbi-tənqid faktlarıdır.
Adətən giley-güzar edirlər ki, bizdə müharibə ədəbiyyatı yaranmır, gecikir. Məzahir Zeynalın general Polad Həşimova, döyüşçü Mübariz İbrahimova həsr etdiyi "Haqdan gələn general" və "Səbrimizin daşan günü" poemaları məhz müharibə ədəbiyyatımızın layiqli nümunələri, geniş elmi təhlillərə cəlb olunası ədəbiyyat həqiqətləridir. Bu, Azərbaycanın tarix gücünə, etnogenetik potensial imkanlarına söykənərək 44 günlük müharibədə qazanılan möhtəşəm qələbəni vahid milli-mənəvi müstəvidə təqdim edən, məhz həyat həqiqəti ilə ədəbi həqiqəti bütöv vəhdətdə təqdim edən müzəffər şair hünəridir. Özü və sözü ilə təzəcə tanış olduğum və sanki yüz illərdir tanıdığım şair dostum Məzahir Zeynala yeni-yeni ədəbi uğurlar, böyük qələbəmizə yaraşan ədəbi qələbələr arzulayıram.
Bu gün tariximizin qanlı işğal boşluqlarını dolduran, olmazları olduran möhtəşəm zəfər zirvələrini yaşayırıq. Bu gün ədəbiyyat, sanki həyatla, həyatın çox sürətli gedişləri ilə ayaqlaşa bilmir. Bu gün "bir-bir kərpicini canından kəsib ruhunu qalatək tikən adam"lardan ("Haqdan gələn general" poemasının proloqundan), təkbaşına döyüş meydanına atılıb qalib ruhuna uca dağlardan heykəllər yapan Mübarizin mübarizəsindən, ingilis generalın "ya öldürmək, ya tutmaq" əmri verdiyi, son gülləsini gicgahına sıxan snayperçi qızın, topçu Seyid Əli Çabukun Çanaqqala dastanından, 44 günlük böyük qələbənin başladığı Aprel, Tovuz döyüşlərinin general Polad Həşimov, xüsusi təyinatlı Cəbrayıl Dövlətzadə hünərindən, oyanan, səfərbər olan tarixi türk yaddaş enerjisinin bu günə nəql, transformasiya möcüzələrindən... yazmaq zamanıdır. Sənətin həyatla, poeziyanın yüz illər sonra qazanılan böyük qələbə ilə ayaqlaşmasına Məzahir Zeynalın poemalarında şahid oldum. Bu, Şabran ədəbi mühitinin bütöv, böyük ədəbiyyatımıza verdiyi töhfədir.
Şabran,
22 fevral 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!