Mərhəmətsizə həkim mərhəməti - Hekayə. Şirxan Aranlı

Gecənin bir aləmində Təcili yardım şöbəsinə çağırış zəngi gəldi. Şəhərin Qələbə prospektində, 28 saylı evdə ağır xəstə var idi. Təcili tibbi kömək istəyirdilər. Çağırışdan yenicə qayıtmış, növbədə olan Qadir həkim cəld tibbi çantasını götürüb yola düşdü.

Bayırda qar yağsa da, hava bir qədər aydın və mülayim idi. Tək-tək yanan küçə işıqlarının aydınlığında yağan quşbaşı qarın kəpənək kimi göydə uçaraq yerə düşüb əriməsi insanda xoş əhval yaradırdı. Bütün günü insan axını ilə qaynayıb-coşan mərkəzi prospekt insan həniri olmayan, kimsəsiz gecə görüntüsündə olduqca, məhzun və yazıq görünürdü.

Sürücü oğlan gecənin alaqaranlığında prospektdə bir-bir evlərin nömrəsinə baxaraq qeyd olunan evi tapıb qarşısında maşını saxladı. Həkim maşından düşüb dəmir darvazadan içəri girdi. Həyətdə olan işıq stolbasına vurulmuş gur işıqlı gecə lampası həyəti gündüz kimi işıqlandırmışdı. Ətrafa baxan həkim birdən nəyi isə xatırlayıb bir anlığa duruxdu. Həyət ona tanış gəlirdi. Hiss etdi ki, nə vaxtsa, bu həyətdə olub, ancaq ani olaraq ayırd edə bilmədi. İçəri keçməyə tələsdi. Evin xanımı onu balkonda qarşıladı:

- Həkim, kişi ağır vəziyyətdədir, bayaqdan zəng eləmişəm, hardasınız?!

- Çağırışdan indi qayıtmışam, mənə xəbər verilən kimi gəldim.

- Yaxşı, day gəlmisiniz, keçin içəri.

Qadının haqsız ittihamı və məzəmmətli təklifi həkimin əhvalını qarışdırsa da, səbrini sıxıb içəri keçdi.

Xəstə otağın yuxarı başında, çarpayıda, yanı üstə uzanmışdı. İri, dolu sifəti, boynunun dalında qat-qat peysəri və yorğanın altından hiss olunan gövdəsi onun gödək boylu, şişman adam olduğunu göstərirdi. Qalın, lopa bığları da, sanki bu görkəmi təsdiqləyirdi. Qadir həkim yaxınlaşanda xəstə xırıltılı səslə:

- Ay arvad, ustul gətir, doxtur otursun. Ürəyimin qardiaqramın da gətir, həkim çəkmişdi ey... - dedi.

- Yaxşı, ay kişi, bir tavaxıl elə...

Ər-arvadın hər ikisinin danışığı, sifəti də həkimə tanış gəldi. Kök əndamlı qadının ağır gəlişi həkimə xatirələrini çözələmək üçün imkan yaratdı. Ani olaraq bir-bir olub-keçənləri telefon kadrları kimi yaddaşından keçirdi. Birdən beynindən keçən "Tapdım"  sözünü, az qala, dilində ifadə etmək istədi. Uşaq vaxtı eşitdiyi, yaddaşına həkk olan sözlər qulaqlarında cingildədi: "Araba qırılar, elə bir-bir qucağınızda daşıyın".

Həmin adam idi: kök-tösmərək ev sahibi. Xeyli yaşlaşsa da, sifət cizgiləri dəyişsə də, həmin səs idi. O vaxt yoğun, indi isə xırıltılı səs yenidən xırıldadı:

- Ay arvad, harda qaldın?

Qonşu otaqdan qadının çır-çığırtıya bənzər səsi gəldi:

- O zəhirmarı tapa bilmirəm.

Heç nəyi büruzə vermədi, açıb ağartmadı həkim. Ancaq beynində bir təlatüm yarandı. Ani olaraq on altı il əvvəl olan hadisələrin acı xatirəsi ürəyini qorlandırdı:

Füzuli rayonundan köçkün idilər. Köçkün qəsəbəsində yaşayırdılar. Ana, iki qardaş və bir də kiçik bacı. Ataları Birinci Qarabağ müharibəsində Füzulidə şəhid olmuşdu. Maddi vəziyyətləri ağır idi. Böyük qardaşı Nadirlə hər gün el arasında "qul bazarı" deyilən yerə gedib, uşaq olmalarına baxmayaraq evlərdə fəhləlik edirdilər. Nadirin on altı, özünün isə on dörd yaşı vardı. Bir gün də...

...Soyuq qış günü idi. Bir həyətdə işləyirdilər. Həyət darvazasının qabağına tökülmüş bir maşın kubik daşlarını evin arxa tərəfinə daşımalı idilər. Qardaşı Nadir həyətdə gördüyü əl arabasını gətirib içərisinə daşları yığanda kök, tösmərək boylu ev sahibi bozarıb qışqırdı:

- Araba qırılar, elə bir-bir qucağınızda daşıyın.

Qardaşlar məcbur olub, ağır daşları bir-bir qucaqlarında daşıyası oldu. Balaca qardaş Qadirin iri daşlara gücü çatmadığından tək-tək parçalanmış daşları seçib daşıyırdı. Qışın soyuğunda daşların sərt soyuqluğu hər ikisinin əlini qılınc kimi kəsirdi. Balaca Qadir daşların arasından bölünmüş daşı seçib götürəndə, qəflətən yuxarıdan sürüşən daşların biri onun əlinin üstünə düşdü. Əli iki daşın arasında  qalıb bərk əzildi. Barmağının əti parçalandığından bir anda qan əlini boyadı. Həyəcanlı vəziyyətdə əlindən bir şey gəlməyən Nadir tez evə qaçıb kömək istədi. Balkona çıxan ev sahibi:

- Nə olub, ay uşaq, nə haydı? - dedi.

- Dayı, qardaşımın əlini daş əzib, qanı kəsmir, evdən bir şey verin, sarıyım.

Ev sahibi, tösmərək kişi etinasızcasına:

- Heç nə olmaz, boş şeydir, damın altında nöyüt var, bir az tök üstünə, qanı kəsəcək.

Başqa çıxış yolu tapmayan Nadir yaranın üstünə neft tökəndən sonra yerdən bir əski parçası tapıb qardaşının yaralı barmağını bərk-bərk sarıdı. Bir qədər keçəndən sonra barmağının qanı kəssə də, dəhşətli ağrı balaca Qadiri uzun müddət rahat buraxmadı. Qardaşı onu evə göndərmək istəsə də, getmədi, balaca bir kötüyün üstündə oturub ağrıdan zoqquldayan, yaralı barmağı ilə baş-başa qaldı.

Bərk yorulmuşdular, həm də üşüyürdülər. Havanın soyuqluğundan birnəfəsə işləmələrinin istiliyi də onları isidə bilmirdi. Tez-tez evə tərəf baxır, gözləyirdilər ki, indi ev sahibi onlara isti çay gətirəcək, içib qızışacaqlar. Ancaq elə olmadı. Ev sahibi əlində su qabı ilə bir stəkan gətirib, onların yanına qoyub getdi.

...Günorta naharının vaxtı keçirdi. Aclıqdan işləyə bilmirdilər. Evin xanımı balkonda balıq qızardırdı. Xoş qoxusu ətrafı bürümüşdü. Qardaşlar yenə də tez-tez evə tərəf baxır, onları nahara çağıracaqlarını səbirsizliklə gözləyirdilər.

Çoxdan idi onlar balıq yemirdi. Qadir böyük qardaşına:

- Qaqa, axırıncı dəfə balıq  yediyim yadıma düşmür.

- Elə mənim də.

Bir qədər keçəndən sonra ev sahibi onları harayladı:

- Ay uşaqlar, gəlin, çörək yeyin.

Qardaşlar bayaqdan səbirsizliklə gözlədikləri bu sözə bənd imiş kimi, əlüstü evə tərəf tələsdilər. Hər ikisi balkona çıxmaq istəyəndə ev sahibi:

- Arvad yeməyinizi damın altına qoyub, bayaq nöyüt götürdüyünüz yerə, gedin, yeyin.

Damın altına gələndə gördüklərinə hər ikisinin gözləri böyüdü. Balaca stolun üstünə qəzet sərilib kartof yeməyi qoyulmuşdu. Pərt, əsəbi halda, hər ikisi bir-birinə baxıb qaldı. Heç biri keçib stulda oturmadı. Qəflətən Nadir əsəbi halda:

- Getdik, - dedi.

Həyət qapısını bərk vurub çıxdılar. Lap yaxınlıqda, "bulvar" deyilən yerdə böyük yeməkxana var idi. Ora gəlib balıq sifariş etdilər. Dünənki qazancları ilə doyunca balıq yeyib, yenidən "qul bazarı"na qayıtdılar. Nadir buradan qardaşını məcbur evə yola salıb özü yeni müştəri gözlədi. Bir daha həmin evə qayıtmadılar.

...Xatirələrin qucağında ilişib qalan həkimi qadının qəfil, hikkəli səsi diksindirdi:

- Doxdur, nə fikrə getmisən, kişi ölur ey...

Həkim baxdı ki, əndamlı qadın bir əlində stul, o biri əlində isə xəstənin ürəyinin kardioqrama kağızı, onun yanında dayanıb, kinlə qadına:

- Bu dəqiqə baxaram, narahat olmayın, - dedi.

Qadir həkim əvvəl xəstənin nəbzini yoxladı. Nəbzi lap yavaş vururdu. Xəstənin dolu sifətindən puçur-puçur, soyuq tər tökülürdü. Hiss etdi ki xəstənin halı özündə deyil. Tez çantasından təzyiqölçən aparatını çıxarıb xəstənin təzyiqini yoxladı. Təzyiq çox aşağı düşmüş, 90/60 həddini göstərirdi, ürək döyüntüsü də çox zəif idi. Xəstə güclə:

- Doxtur, ölürəm, gör, neyniyirsən.

- Narahatçılığınız nədir? - həkim soruşdu.

- Başım bərk ağrıyır, mədəm bulanır, gözlərim də qaralır, doxdur.

Xəstənin xırıltılı səsi, elə bil quyunun dibindən gəlirdi. O, vaxtkı gurultulu, yoğun səsindən əsər-əlamət yox idi.

Həkimin beynini çuğlayan acı xatirələrlə ürəyinin mərhəmət hissi, həkimlik borcu bir-biri ilə qarşı-qarşıya gəldi. İllər əvvəl bu evdə ona göstərilən qul, nökər münasibəti uşaqlıq dünyasına, barmağının əzilib-qırılaraq sümüyünün əyri bitməsi nəticəsində  barmağının bu gün də şikəst olması isə, sağlamlığına yara vurmuşdu. Nə etməli?! Ağır sual qarşısında qalmışdı həkim. Adi halda, ilk yardımı göstərib gedə bilərdi. Sonra isə... Həkim gördü ki, xəstənin vəziyyəti ağırdır. Xəstənin özünün dediyinə görə,  onda, həm ürək çatışmamazlığı, həm də təzyiq xəstəliyi olduğundan, onu bu vəziyyətdən çıxarmaq ciddi zəhmət tələb etməklə, çox vaxt aparacaqdı. Vəziyyəti tam yaxşılaşıncaya qədər yanında oturub nəzarətdə saxlamağa ehtiyac vardı. Bu müddətdə isə başqa tibbi çağırışlar da ola bilərdi.

Beyni ilə ürəyi arasında gedən daxili çarpışmada müqəddəs həkimlik borcu, ürəyin mərhəmət hissi qalib gəldi. Çantasından lazım olan dava-dərmanları bir-bir götürüb müalicəyə başladı. Ardıcıl bir neçə iynə vurdu, tabletka dərman verdi. Sonra xəstənin yanında oturub vəziyyətini izləməyə başladı. Səyyar fikri yenə uzaq xatirələrə uçdu.

...O, vaxt barmağı əziləndən sonra qardaşı Nadir onu daha fəhlə kimi işə aparmadı. - Mənə baxma, səndən fəhlə olmaz, sən oxumalısan, - dedi.

Əvvəllər uzaq rayon mərkəzinə məktəbə gedirdi. Sonra xoşbəxtlikdən öz qəsəbələrində köçkün məktəbi açıldığından həmin məktəbə dəyişildi. Və birinci gündən də yaxşı şagird kimi özünü tanıtdı. Məktəbin direktoru, öz qonşuları Kərim müəllim onun ən yaxşı yardımçısı oldu. Orta məktəbi əla qiymətlərlə başa vurub Tibb Universitetinə daxil oldu. Onun maddi qayğılarını və ailənin dolanışıq yükünü qardaşı Nadir çəkdi, həkim olub gəlməsini səbirsizliklə gözləyirdi. Ancaq bu xoşbəxtlik ona qismət olmadı. Həkim kimi fəaliyyətə başlamasına on bir gün qalmış qəfil maşın qəzasında həlak oldu. Təzəcə evlənmişdi, bir övladı var idi. Hər iki ailənin qayğıları Qadir həkimin üzərinə düşdü...

...Qəfil xəstənin huşunu itirməsi ilə arvadının cikkə çəkib qışqırmağı bir oldu:

- Həkim, neylədin, kişi öldü ki...Vay, evi yıxılan canım...

Qadir həkim:

- Sakit olun, mane olmayın, - dedi və tez xəstənin nəbzini yoxladı. Get-gedə nəbzin döyüntüsü itirdi. Aparatla təzyiqini yoxladı. Təzyiqin yuxarısı altmışı, aşağısı isə iyirmi səkkizi göstərirdi. Xəstə doğrudan da, şok vəziyyətinə düşmüşdü. Artıq həyəcandan həkimin özünü də tər basmışdı. Birinci dəfə idi şoka düşən xəstə ilə qarşılaşırdı. Tələbə vaxtı hörmətli müəlliminin belə məqam üçün dediyi tövsiyəsi qəfil yadına düşdü. Tez xəstənin başının altından yastığı götürüb, ayaqlarını yuxarıya qaldırıb bir müddət əlində saxladı. Həyəcanlı gözləri xəstənin sifətinə sancılıb qaldı. Qadını köməyə çağırıb, tez əlavə bir iynə vurdu. Həyəcanlı, narahat dəqiqələr bir qədər davam etdi. Xəstə yavaş-yavaş gözlərini açmağa başladı, halı özünə gəldi. Hikkəli qadın sevinərək dərindən köks ötürdü:

- Allah, sənə şükür, kişi əlimizdən getmişdi...

Həkim yenidən xəstənin nəbzini, təzyiqini yoxladı. Aparılan müalicələr artıq öz təsirini göstərirdi. Nəbzi də, təzyiqi də yaxşılaşırdı.

Qadir həkim bir qədər də qalıb xəstənin tam yaxşılaşmasını gözləmək istəyirdi. Lakin Təcili yardım şöbəsindən qəfil gələn zəng onu fikrindən daşındırmalı oldu. Başqa xəstə üstünə çağırırdılar. Yenidən xəstənin nəbzini və təzyiqini yoxladı. Artıq vəziyyəti tam yaxşı idi. Bu dəfə özü xəstəyə gözaydınlığı verdi:

- Allaha şükür, vəziyyətiniz tam yaxşıdır. Əlavə müalicə də yazaram, sabahdan başlayıb elətdirərsiniz.

- Allah köməyin olsun, həkim, ölmüşdüm, məni diriltdin.

Ay arvad, şalvarın cibindən pul gətir mənə, həkimə şirinlik verim.

- Heç nə lazım deyil. Şirinliyi neçə illər əvvəl vermisiniz.

- Nə vaxt, balam, yadıma düşmür.

- Uşaq vaxtı qapınızda kubikləri daşıyanda, bu barmağım qırılıb bu hala düşəndə.

Həkim əyri bitmiş barmağını göstərdi.

- Bıy başımıza xeyir, - hər ikisi qoşa dilləndi, heyrət içində  donub qaldılar.

...Qadir həkim başqa xəstə üstünə çağırışa getdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!