Qaçış - NARGİS

"Tanrılogiya"dan hissə

Qaia dünyalar arasında itməyi getdikcə qəbul etməyə, bununla barışmağa başladı. Çünki bu, zamanın tələbi idi. Barışmadığın gerçəklik, ya səni intihara sürükləyir, ya da dəli edir. Ağlını getdikcə itirirsən. Qaia çox da ağıllı sayılmazdı,  cəmiyyətin nəzərində. Ona görə ki, onun geyim tərzi, saçı, dialoqları, həm çox fərqli, həm ağıllı, həm də arada kifayət qədər dəlicə idi. Çünki qəbul olunan kimliyin daşıyıcısı - varlıqlar bu tərzdə düşünə bilməzdilər. Bəzən kimlərləsə dialoqunda Qaia hiss edirdi ki, mənliyini qəribə bir boşluq doldurur, daha sonra bu boşluq dərinləşir və getdikcə ora nəhəng bir xaos dolur. Bu xaosun rəngi çox vaxt qəhvərəngi olur. Qaia belə vaxtlarda elə bilirdi ki, dəli olmağa başlayır.Ya da elə əslində o dəlidir. Bəzi dialoqlar onun dəli kimliyindən ağıl libasını soyundurur. Beləliklə, gerçəklik görünürdü. Qəbul olunmanın xaricində tamamilə yad hisslərə düçar olurdu. Qaia bilirdi ki, qarşı tərəf əslində onu dərk etmir. Aralarında böyük bir boşluq, kanyonvari yadlaşma baş qaldırıb. Ancaq Qaia yenə də danışır, qarşı tərəfin heç vaxt dərk edə bilməyəcəyi mövzuları izaha çalışırdı. Belə vaxtlar Qaia ağlayıb qaçmaq istəyirdi. Amma o qaçmırdı. Ədəb-ərkanla yaranan yeni və heç vaxt bir parçasına çevrilə bilməyəcəyini gözəl şəkildə bildiyi yeni dünyanın nizamından uzaqlaşa-uzaqlaşa, eyni zamanda adaptasiya olurdu. Hətta getmədən sağollaşırdı da hər şeylə. Ətalət halındakı ruh halı, həm də qəribə bir qaçhaqaçda idi.

Dünyada qurulan, addımbaddım sakitcə toxunan nizam bu idi. Məsələn, Bakının göbəyində bir kafedə oturub, qəlyan çəkib söhbətləşən dostlar  heç vaxt düşünməzdilər ki, hansısa arxa planda insani hisslərin getdikcə yox olması ilə bağlı planlar qururlar, artıq hər şey, hər şey dəyişir. Ən dəhşətlisi isə odur ki, baş verən bütün bunlar elə edilir ki, sanki normalı elə budur. Hər şey belə olmalıdır. Bütün düzlər itməli, insanlar bir-birlərilə yırtıcılar kimi davranmalı, bir ovuc maddi qazanc üçün bütün şəxsiyyətlər hərraca çıxarılmalı, mənəvi keyfiyyətlərə təcavüz edilməlidir. Axı, bu necə ola bilərdi? Bezdirici, yorucu, qorxulu bu məqamları necə həzm edə bilərdim? Getmək istəyirəm. Mən yaşaya bilmirəm bu cür nizamda... Bilinməyən bir çox şey mənə artıq aydındır. İstəmədiyim şəkildə qurulan bütün oyunlar, hörülən bütün tələlər  məni bu dünyadan qoparırdı. Bütün bu şütüyən zamanın fonunda mən hər şeyin fərqində idim. Bir künc axtarırdım ki, mənə toxunmadan, dəyişdirmədən, hiss etdiklərimi əlimdən almadan mən orada yaşaya bilim. Bu künc Gümüşlandiya idi. Mən əslində orada tanrılogiyanı öyrənirdim. Gizliliklər mənə öyrədilirdi.

Ancaq görünürdü ki, bu çox çətin olacaqdı.

Hər gün daxilimdə baş qaldıran böyük həyəcanla qapını bağlayıb yatıram. Əgər gecə 5-də yatıb 7-də oyanmağa yatmaq deyilərsə. Oyaq qaldığım saatlarda min dəfə dolub-boşalıram. Bəzən elə əməllicə ağlayıram. Ürəyim çəkilir uşaqlığıma doğru. Artıq bilirəm, əgər yaşamaq istəyiriksə, çox düşünməməliyik. Sadə şəkildə yaşamaq üçün, həm də. Düşündükcə yaşamaq çətinləşir, düşünməmək üçün mahnını ən yüksək səsdə dinləyirəm. Daima kafelərdə vaxt keçirirəm. Film izləyirəm. Tək qalan kimi ruhum ki, başlayır, ha yenə kədərə doğru xatirələrə doğru çəkilməyə bax, elə həmin an başlayıram telefonumun kontaktını qarışdırıb mənə fikirləri heç vaxt lazım olmayacaq o Varlıqları yığmağa, boş-boş danışmağa, əslində heç birimiz belə anlarda bir-birimizi başa düşmürdük. Həyatda hər şey ehtiyacdan doğulur. Səhvlər də, düzlər də, eşq də, nifrət də. Bu tərz dialoqlar da.

Düşünəndə özümü tanımıram. Düşündükcə ölürəm. Ölmək istəmirəm. Anlayırsınızmı, bu nə deməkdi? Görünür, məni heç biriniz dinləmirsiniz. Zövq almağa belə vaxtın olmur. Halbuki insan dünyaya zövq almağa gəlib. Sadəcə, zövq insanı yaşadan düşüncələrin ehtirasıdır. Nə qədər çox arzulaya bilirsənsə, birini o qədər çox yaşaya bilirsən. Ancaq mən o qədər düşünürəm ki, yaşamağa vaxtım olmur. İnsan düşündükcə hər şeyi məhv edə, dağıda yaralaya bilərmiş. Mən özümü düşünə-düşünə öldürürəm çox vaxt. Düşündükcə darıxıram. Bir anda daxilimdə elə böyük bir tənqid hissi peyda olur ki,  hər kəsi silib, tək yaşamaq labüd son kimi tək çıxış yolu kimi gəlir mənə. Qaçmaq əlimdə olsa, elə inzivaya çəkilib yaşamağa başlayaram. Amma çox vaxt bu mümkün olmur. Bu düşünmək sərxoşluğundan insanı məsuliyyət hissi oyadır. Məcburiyyətlərin səni emosiyalar yağmurunda islanmağa qoymur. Süni intellektin şilləsi ilə məcbur edilirsən dəyişən dünyanı, yeni dünyanı qəbul etməyə. Bu dünyada düşünmək lazım deyil, sənin yerinə düşünürlər. Bu yeni dünyada, sadəcə, yaşamağı bacarmaq lazımdır. Səndən tələb olunan budur. Sadəcə, bu. Bir növ, həyat və var olmaq mücadiləsidir. Mənəvi  məsələləri gündəmdən kənarlaşdıran dünya artıq istəsə də, bunu yenidən aktuallaşdıra bilmir. Hər şeyi pul, güc, şöhrət həll edir. İstəsən də, bu cür məcburi sərhədlərdən kənarlaşa bilmirsən. Dünyada artıq hər şey idarə olunur. Hətta insanlar  robotlaşır, bu proses tam təbii şəkildə baş verir. Hiss edilmir. Hətta bu ibtidai icma dövründən bu yana, baş verən təkamül keçidlərindən fərqli şəkildə reallaşır. Bu keçid son dərəcə sakit şəkildə insanların həyatına süzülür. Bir kölgə səssizliyi ilə yaradılışdan olan bir parçan kimi səninlə paralel şəkildə hərəkət edir. Bunun fərqində necə oldum? Fikrimcə, dünyalar arasındakı hərəkətim, səyahətim bu nizama tam və şüursuz şəkildə tabe olmaqdan məni xilas edib. Bu, sevindirici hal olsa da, elə yaşamalı idim ki, hər şeyi gördüyümün fərqində olmasınlar. Yoxsa, yaşamaq mənə baha başa gələrdi. Hər kəs üçün ucuz olan varlığımın artıq  qiyməti yox idi. Bunu bilmək və özümü qorumaq lazım gəlirdi. Eyni şəkildə onlar kimi olduğuma inanmalı idilər.

Hiss edirdim ki, artıq gerçək mənada,  keçmişimlə, kədərlərlə  vidalaşıram. Məni daha böyük şeylər maraqlandırır - daha nəhəng ideyalar. Tanrılogiya elminin mahiyyətinə varmaq. Robotlaşmamaq, titanlaşmamaq, insanlaşmamaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!