Xatirələrim silsiləsindən
Sənə edilən pisliyi dərhal yadından çıxar,
yaxşılığı isə ömrün boyu yadında saxla!
Müdrik kəlam
Nəql edəcəyim hekayənin başlanğıcı keçən əsrin qırxıncı illərinin birinci yarısına - müharibə illərinə təsadüf etdiyinə görə yazıma həmin dövrün ab-havasını yaddaşımda canlandırmaqla başlamaq istəyirəm. Şəkidə səhər tezdən-obaşdan əhalinin əksəriyyətinin yeganə iş yeri və dolanacaq mənbəyi olan, 7 mindən artıq fəhlə və qulluqçunu birləşdirən 5 ipəkçilik fabrikinin bir-birindən fərqli və seçilən amiranə fit səsləri insanları işə çağırırdı. Həm də bu 5 müəssisədən verilən fit səsləri eyni vaxtda yox, əvvəlcədən razılaşdırılmış ardıcıllıqla yayılırdı. Şəhər əhalisi, ipəkçilər fitlərin hansı müəssisəyə aid olduğunu asanlıqla ayırd edirdilər.
Şəhərdə sayılıb-seçilən bir neçə məşhur müəzzin vardı. Müəzzinin məscid minarələrindən (o vaxtlar, təbii ki, minarələrdə səsgücləndirici qurğular yox idi) və yas yerlərində azan verməsi üçün gur, məlahətli, yanıq səsi olmalı idi.
Müharibə illərindəki ağır günlərin dəhşətli, həm də yaşımın azlığından dumanlı xatirələrimdən ən acınacaqlısı cəbhədə döyüşən bəzi şəkililərdən gələn "qara kağız" idi. Bu, ölən və ya itkin düşənlər barədə hərbi hissələrin göndərdiyi rəsmi xəbər idi. "Qara kağız" alan ailə müsibətə qərq olur, bu kağızı gətirən poçtalyonlar isə ağır durumla üzləşirdilər - onlara bəzən hətta hücum çəkilir, təhqir edir, hadisənin üstündən illər keçəndən sonra da az qala düşmən kimi, faciənin baiskarı kimi baxılır, hətta yerli ənənəyə uyğun ləqəb də qoyurdular.
O illərin ən yaddaqalan, ağır epizodlarından birini - dövlət tərəfindən müəyyən edilmiş hər bir vətəndaşa düşən çörək normasını (zaboru) xatırlamasam, yaddaşım məni bağışlamaz. Zabora görə verilən kiçik kubik formalı çörəyə xalq arasında "bombu" deyirdilər. Zaboru itirmək ac qalmaq deməkdi, çünki zabora görə verilən çörək norması, əslində, yaşamaq üçün yox, ölməmək üçün hesablanmışdı.
Əsas mövzuya keçməmişdən əvvəl yaxın qonşularım haqqında da qısa məlumat verməliyəm, çünki hekayəmizin baş qəhrəmanı da məhz yaxın qonşuluğumda yaşayırdı.
***
Nuralıların Bilal dayının üç oğlu, iki qızı vardı. Hekayəmin qəhrəmanı onun böyük oğlu Paşadır. Paşa haqqında o vaxtlar şəhərdə müxtəlif əfsanələr gəzir, onun mərd hərəkətləri barədə bir-birindən maraqlı əhvalatlar danışılırdı. Bütün söhbətlərin məğzi isə onun şücaəti, qorxmazlığı, comərdliyi, xeyirxah və geniş qəlbli olması, hər cür çətin vəziyyətdən çıxmağı bacarması barədə idi. Ucaboy, gülərüz, məğrur baxışlı, bədəncə çox sağlam bir gənc idi. Ona qalib gəlmək fikrinə gətirməyə kimsənin cürəti çatmazdı.
Subaylıq həyatı yaşayırdı. Çox güman ki, evlənmək, ailə qurmağa münasib ev şəraitləri yox idi. Bilal dayının övladlarından böyük qızı Bilqeyis Yevlax şəhərinə Qulu adlı birisinə ərə getmişdi. Digər dörd övlad ataları Bilal dayı və anaları Maral bacı ilə kiçik bir binada yaşayırdı.
Paşa müntəzəm olaraq vaxt tapıb məhəllənin kiçik yaşlı oğlan uşaqlarını qonşumuz Yaqub Mirzəyevin (Zorbaların) geniş və bir tərəfi açıq göy çəmənli həyətinə yığaraq güləşin fəndlərini öyrədirdi. Paşanın kiçik qardaşı, "Mıqan" ləqəbli Nadirin də qatıldığı bu məşqlərdə 10-15 uşaq iştirak edərdi. Nadir yaşıdımız olsa da, boyda bizdən kiçik idi, lakin çevikliyinə, güc və sağlamlığına həsəd aparardıq. Onu güləşdə məğlub etmək müşkül iş idi. Qardaşı Paşanın apardığı məşq zamanı bəzən anası Maral bacı ehtiyatla divarın dalından başını göstərir və bu zaman Mıqan dərhal onun yanına qaçaraq az müddətdən sonra qayıdardı. Biz Maral bacının Mıqanı əmizdirdiyini bilirdik. Paşadan ehtiyat etdiyimizə, həm də utandığımıza görə başımızı aşağı salaraq bildiyimizi açıb-ağartmaz, içimizdə xəlvəti gülərdik. Ancaq o vaxtlar heç birimizin ağlına belə gəlməzdi ki, Mıqandakı gücün əsas mənbəyi elə ana südündə imiş...
Biz Paşaya çox öyrəşmişdik.
Nə isə. Paşa Nakam küçəsinin başlanğıcından təxminən yüz metr aşağıda meyvə dükanı açmışdı (o, dünyasını dəyişəndən sonra Bığ Bəkir adlı birisi həmin dükanda parça satırdı). Bir dəfə həmin küçə ilə üzü aşağı gedərkən Paşanın dükanının yanından keçirdim. "Hikmət" - deyə məni səslədi. Ayaq saxlayaraq dönüb baxdım. İçəri çağırdı. Dükanda meyvələr növlərinə görə ayrı-ayrı qutularda səliqə ilə, zövqlə qablaşdırılmışdı. Meyvələrin silinib təmizlənməsi də diqqəti cəlb edirdi. O, almalardan gözə xoş olan birini mənə uzatdı. Utandım, almaq istəmədim, lakin təkidlə verdi. Almanı götürərək həyəcanla "sağ ol" deyib özümü küçəyə atdım. Bu, mənim üçün çox fərəhli bir məqam idi. Xalq arasında dillər dastanı olan bir insanın hörmətinə layiq olmaq hər uşağın nəsibi deyildi... Paşa bir alma ilə sevgisini, məhrəm münasibətini, qayğısını çatdırırdı. Evdəkilərə də bunu fərəhlə danışdım.
Paşa mənim üçün daha da doğmalaşdı. Onun verdiyi almanı yeməyə günlərlə əlim getmirdi, buna ürək etmirdim... Bu alma mənim üçün sadəcə bir meyvə, əşya yox, sevgi, qayğı, diqqət rəmzi olaraq böyük mənəvi dəyər kəsb edirdi.
O dövrün uşaqları cüzi istisna olmaqla boş vaxtlarını əsasən küçələrdə keçirir, oynamağa üstünlük verirdilər. Bu sırada ənzəli, dülədöymə, çilingağac, moza-moza, yeşinbabaş (gizlənpaç), işdi-işdi, fırrağan döyüş, topqalax və başqa oyunlar uşaqların arasında daha məşhur idi. Uşaqların ən çox sevdiyi isə milli güləş idi. Qonşumuz Paşanın məhəllənin oğlan uşaqlarını güləşə cəlb etməsini yuxarıda qeyd etmişdim.
Bahar fəsli idi. Şəhərin qoynunda yerləşdiyi Böyük Qafqaz sıra dağları əlvan xalçanı xatırladırdı. Yaşıllığa qərq olmuş dağlardakı cır meyvə ağaclarının çiçəkləri, dağların zirvəsində hələ əriməmiş qalın qar insanı heyrətə gətirən gözəl mənzərə yaradırdı. O günlər kiçik qardaşım Ənvərlə sünnət olunmuşduq. Yatırdım. Birdən hamıdan əvvəl hər şeydən xəbər tutan qonşumuz dəmirçi İslam dayının arvadı Səhnə xala arakəsməsiz həyətimizə girərək həyəcanlı səslə, rəngi ağarmış halda əsə-əsə dəhşətli bəd xəbər verdi ki, Nuralıların Paşanı dağda güllələyiblər, ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Məni sanki ildırım vurdu, yerimdən qalxmağa cəhd etsəm də nənəm razı olmadı. Lakin mən necə olursa-olsun Paşagilə getmək, o müsibəti yaxından öyrənməyə, baş verənləri öz gözlərimlə görməyə can atırdım. Nənəm müqavimət göstərməyin əhəmiyyətsizliyini görüb, əvvəldən tikdirdiyi yubkanı geydirərək tez qayıtmağımı dönə-dönə tapşırdı.
Paşanın yaşadığı evin böyük həyəti və küçə insanla dolu idi. Adamlar dəstə-dəstə topalaşaraq baş vermiş hadisəni astadan, sanki nədənsə, yaxud kimdənsə ehtiyatlanaraq danışır, hadisənin fərqli versiyalarını söyləyirdilər. Arada Paşanın artıq öldüyünü pıçıltı ilə danışanlar da vardı. Hadisəni incəliklə söyləyənlər də tapılırdı. Məsələn, deyirdilər ki, Paşanın yaxın dostu guya ləzgilərdən qoyun almaqda kömək etməsi üçün onu dağa apararaq subaşına çıxmaq adı ilə böyük bir daşın arxasına keçib və onu arxadan vurub. Bunu da vurğulayırdılar ki, əgər üzbəüz dayanaraq atəş açsaydı belə Paşanı vurması elə asan iş deyildi. Bu adamlar elə danışırdılar ki, sanki hadisənin içində olmuşdular.
Bu arada mənim yubka geyməyim də diqqətdən yayınmadı. Yaşıdlarım ələ salaraq astadan gülür, istehza ilə söz atırdılar. Burada ictimai asayişə nəzarət edən qonşum milisioner Mabud dayı da (üzündə iri qara xal olduğuna görə ona xallı Mabud deyirdilər) mənə yaxınlaşaraq: "Hikmət, deyəsən qız olmusan", - deyərək zarafatlaşdı.
Paşagilin həyəti və küçə get-gedə adamla dolur, sanki bütün şəhər bura axışırdı. Mahir cərrah sayılan yəhudi həkim Danilov Paşanı əməliyyat etmiş, güllələri çıxarmışdı, ancaq sağ qalıb-qalmadığı bilinmirdi.
Mən hadisə yerinə gedəndən təxminən dörd saat keçərdi. Nəhayət, Paşagilin evindən qopan qışqırıq, ah-nalə səsləri tüklərimi ürpətdi. Görünür Paşanın ölüm xəbəri artıq ailəsinə çatmışdı. Küçənin yuxarısında, Paşagilin evindən 15 -20 metr məsafədə məşhur meyit yuyanlar Ümmü və Səltənət bacıları göründülər. Ancaq onlar meyiti yumağa yox, yasa gəlirdilər. Artıq hər şey məlum oldu. Nə vaxtsa eşitmişdim ki, bəd xəbər heç vaxt yalan çıxmır. Görünür, bu da sirrini açmayan dünyanın yazılmamış qanunlarındandır. Paşanı xilas edə bilmədilər. Yuyucu bacılar qorxulu kabus kimi zəhmli sifətlə, amiranə, bir az da sanki təntənəli, qarşısı alınmaz qətiyyətli yerişlə yas yerinə yaxınlaşdılar. Onlar həyətə daxil olan kimi yenə dəhşətli səs-küy, vay-şivən qopdu. Yəqin ki, Paşanın doğmaları indiyədək ümidlərini itirməmişdilər, hadisənin faciəli yekununa inana bilmirdilər...
Az sonra cənazəni gətirdilər. Salacanı çiyinlərində gətirənlərin ön sırasında Paşanın əmisi oğlu məşhur pəhləvan Ləzgi Paşa və mərhumun qardaşı Əsabəli gedirdilər. O vaxtlar şəhər xəstəxanası Şəki Xan sarayının yanında yerləşirdi. Məsafənin uzaqlığına baxmayaraq cənazəni çiyinlərində gətirmişdilər.
Paşanı əbədi məkanına, son vətəninə - məzarına yola salmaq üçün az qala bütün şəhər əhalisi axışıb gəlmişdi. İnsan dalğası dəniz kimi kükrəyirdi. Cənazənin dalınca gedən izdiham sanki bu müsibətdə günahkarmış kimi sakitsə başını aşağı salaraq irəliləyirdi. Cənazənin qabağında gedən mollanın yanıqlı naləsi ilə müşahidə olunan minacatından insanların ürəyi qan ağlayırdı. Mən vəziyyətim ucbatından o məsum gənci, böyük qardaşımızı, həmişə qayğısını üzərimizdə hiss etdiyimiz əziz insanı haqq dünyasına yola sala bilmədim. Ürəyim qan ağlaya-ağlaya cənazəni aparanlar gözdən itənədək dallarınca baxdım, baxdım... Qəlbimdə böyük bir boşluq yarandı.
Bu faciədən 76 il ötüb. Paşanın əziz xatirəsini bu müddətdə qəlbimdə gəzdirmiş, yaşatmışam. Onun mənə verdiyi bir almanın möcüzəli dəyərini isə bu gün də axıradək dərk edə, anlaya bilmirəm. Sirrini kimsəyə açmayan dünyanın qəribə işləri var. Bəlkə bu, elə belə də olmalıdır. Axı dünyanın gözəgörünməz nizamı var. Müqəddəs səmavi kitabımız olan Qur'ani-kərimdə deyilir: "Bir pisliyin əvəzində bir cəza vardır. Halbuki bir yaxşılığa onun on qatından yeddi yüz qatına qədər və daha çox mükafat vardır" ("Yunis" surəsi).
Dahi Lev Tolstoy deyirdi ki, yazmaya bilməyəndə yaz. Az qala bütün ömrüm boyu ürəyimdə gəzdirdiyim bu əhvalatı daha ürəyimdə dustaq edə bilmədim. Bu hekayəm xatirəsi mənə daim əziz olmuş Paşanın məhəbbət hopmuş bir almalıq ərməğanına gecikmiş mükafatımdır. 76 il bundan əvvəl bu vəfasız və ədalətsiz dünyanı tərk edərək əbədiyyətə qovuşmuş Paşa şəxsən mənim qəlbimdə ölməzdir, yaşayır. Bu yazını da onun daim xatırlanması üçün qələmə aldım. Ruhu şad, yeri cənnət olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!