"Kişilər gec ağlayır..." - Aydın Tağıyevin fraqmental-romanından parçalar

Püşk

 

Kəndə birdən-birə elə bir sakitlik, elə bir sükut çökmüşdü ki, kimə desən, qətiyyən inanmazdı ki, çox yox, vur-tut, iki-üç saat bundan qabaq güllələrin, top mərmilərinin, ağır tankların tırtıllarının səsindən buralarda yer-göy lərzəyə gəlmişdi və qulaq tutulurdu.

Göy üzünü qara buludlar bürümüşdü. Yay günü idi. Səhər-səhər göy üzü tərtəmiz, mas-mavi idi. Güllələrin, mərmilərin qara his-pası, od tutub yanan evlərin qara tüstüsü idi ki, qurğuşun kimi buluda çevrilib indi göydə asılmışdı.

Kənddə ins-cins qalmamışdı. Düşmən qəfil hücum edib kəndə girəndə qaçan qaçıb canını qurtarmış, ayağı yer tuta bilməyənlər isə düşmən gülləsinə tuş gəlib həlak olmuşdular.

Nə bir səs, nə bir hənirti...

Birdən vəhşi bir qəhqəhə bu sükutu pozdu. Düşmən zabiti əyilə-əyilə yarıuçuq evdən qaçmaq istəyənləri görmüşdü. Düşmən əsgərləri bir anda avtomatlarını onlara tərəf çevirib barmaqlarını tətiklərə sıxmaq istədilər. Zabit bağırdı: "Diri tutun!"

...Üç nəfər idilər. Qoca, orta yaşlı kişi, bir də yeniyetmə bir oğlan! Qoca içini çəkdi: "Güllələsəydilər, canımız birdəfəlik qurtarardı..."

Orta yaşlı kişi dili ilə dodağını çeynədi, dodağından qan fışqırdı...

Təkcə yeniyetmə oğlanın halı dəyişmədi.

Əsgərlər əsirləri qamarladılar. Qoca ayaqlarını bərk-bərk yerə dirədi. Orta yaşlı kişi də ilk əvvəl müqavimət göstərməyə cəhd etdi. Onlar müqavimət göstərmək, öz ölümlərinə sarı qeyri-ixtiyari olsa da, sakit-farağat, kirimişcə getmək istəmirdilər.

Təkcə yeniyetmə oğlan dimdik durub qabağa yeridi, elə bil ölümə meydan oxumaq istəyirdi.

Əsgərlər qoca ilə orta yaşlı kişini, az qala, sürüyə-sürüyə zabitin qənşərinə çəkib gətirdilər. Fatehlər kimi şəstlə əllərini belinə vurub dayanmış zabit qoca ilə orta yaşlı kişiyə heç gözünün ucu ilə də baxmayıb baxışlarını kinlə yeniyetmə oğlana zillədi, nə fıkirləşdisə, birdən qətiyyətlə:

- Öz qəhrəman əsgərlərimlə bir neçə saat dincəldikdən sonra bu xaraba kəndi tərk edəcəyik, - dedi, - əlbəttə, sizi özümüzlə aparmaq fikrində deyiləm. İşinizi elə burada bitirəcəyik. Avtomatlarımızın daraqları doludur. Gülləyə hayıfımız gəlməz. Amma...

Zabit sözünü yarımçıq kəsib onun hər sözünə dinşək kəsilmiş əsirlərə üzünü tutdu:

- Amma...

Zabit yenə də susdu, altdan yuxarı əsirlərə baxa-baxa qəfildən sınayıcı nəzərlərlə onları süzdü, qoca ilə orta yaşlı kişidə sağ qalmağa gizli bir ümid hissi oyandığını hiss edib açıq-aşkar bir lovğalıq, məmnunluq hissi duydu. Lakin yeniyetmə oğlanın daş kimi dayanıb durduğunu görəndə cin atına minsə də, acığını büruzə verməməyə çalışdı.

"Axırına baxarıq!..." - beləcə fıkirləşib hirsini uddu.

- Amma... - zabit axır ki, sözünü tamamladı, - belə qərara gəldim ki, igid əsgərlərimin qəhrəmanlıqlarını öz gözləri ilə görən yeganə şahid kimi aranızdan birini öldürməyib salamat buraxım...

Zabit yeniyetmə oğlana baxmağa gecikdi, bu sözlərindən sonra onun nə hala düşdüyünü görə bilmədi. Ona görə də bu dəfə bir qədər əsəbi tonda:

- Ancaq bir şərtim var, - dedi, - kimin sağ qalmasını aranızda elə özünüz müəyyən etməlisiniz.

Sonra da zabit əda ilə:

- Zabit şərəfimə and içirəm ki, seçiminizlə razılaşacağam, beş dəqiqə də vaxt verirəm... - Bunu deyib zabit əsgərlərə əsirlərdən aralanmağı işarə etdi. Və elə özü də bir az aralandı.

Üç əsir, bir də ortada ölüm sükutu...

İlk əvvəl qoca özünü ələ ala bildi.

- Lənət şeytana! Bəlkə bu əclaf elə doğrudan da, sözünün üstündə durdu!..

"Aha, bir ayağı burda, biri gorda olsa da, qoca ölmək istəmir!.." - Orta yaşlı kişi elə bil indi bədənində dəmir qurşunun soyuqluğunu hiss etdi.

Təkcə oğlan yenə də lal-dinməz durmuşdu. Qara buludların təkəm-seyrək çəkilib getdiyi başı üstündəki göylərə baxırdı. Elə bil günəşi axtarırdı.

Orta yaşlı kişi tərəddüdlə:

- Bəlkə... bəlkə oğlan yaşasın, hələ lap uşaqdı, nə görüb ki... - deyə lap astadan dilləndi. Orta yaşlı kişi bu təklifi ilə, həm də qocanı utandırmaq istəyirdi: "Dövranını sürmüsən, hələ də gözün dünyadan doymayıb?! Fikirləşmirsən ki, səndən daha çox, cavanlar yaşamaq istəyir..."

Qoca dinmədi. Görəsən, aradan nə qədər keçib, vaxta neçə dəqiqə qalıb?..

Qoca bu həyəcanla da:

- Bəlkə... bəlkə püşk ataq, - dedi.

Orta yaşlı kişinin qəlbində sağ qalmağa gizli bir ümid, həyat eşqi oyandı. Səsi titrəyə-titrəyə:

- Onda gərək oğlan da bu şərtə razı olsun, - dedi. Qoca, sanki özünə bəraət qazandırırmış kimi:

- Qoy, hər şey ədalətli olsun, - deyə pıçıldadı, - bəxt kimin üzünə gülərsə...

Qoca ilə orta yaşlı kişinin dizləri əsdi, alınlarında puçurlanan soyuq təri əlləri ilə silib, taqətsiz halda yerə çökdülər.

Əsgərlər komandirlərinə baxdılar, komandir isə hələ ki, susurdu.

Birdən bu amansız sükutu oğlanın pıqqıltısı pozdu, sonra bu saf uşaq pıqqıltısı qəhqəhəyə, aramsız gülüşə çevrildi...

Qoca ilə orta yaşlı kişiyə baxa-baxa uğunub gedən zabit başa düşürdü ki, gecikib. Oğlan ondan qabaq qəhqəhə çəkmişdi və atəş səsləri altında da onun qəhqəhəsi bir müddət eşidildi və zabitə də yer eləyən, onu qorxudan da elə bu idi...

Sonra araya sükut çökdü və bu sükutu düşmən əsgərlərinin getdikcə uzaqlaşan ayaq səsləri pozdu.

 

Vidalaşma

 

Hər gün sübhün erkən çağı halal çörəkpulu ardınca yollanan oğlu ilə anası söz-sözə gəlib balaca çəpləşirdilər.

Oğlunu yola salan ana hər dəfə onu bərk-bərk qucaqlayıb bağrına basar, hər iki yanağından dönə-dönə öpərdi. Anasını özündən güclə aralayan oğul da ərklə səsini qaldırmalı olardı: - Qol-qabırğamı sındırdın ki, ay ana! Ev-eşikdən bəyəm birdəfəlik gedirəm? Elə bil daha geri dönməyəcəm?!. Bəsdir də!

Anası da özünə əl atıb:

- Ağzından yellər aparsın, a bala! İraq-iraq, bu nə sözlərdir, dilinə gətirirsən?.. - deyə həyəcanlanardı.

Oğlu da əlbəəl anasının könlünü alardı. Gündəlik iş yerimə tələsirəm də, ay ana! Axşama qayıdacağam...

 

***

Bir gün qonşu qapıya bayrağımıza bükülmüş tabut gətirdilər. Ana da neçə gün idi ki, üzülə-üzülə qalmışdı. Elə bil bu gen-geniş dünya oğluna dar idi, heç yerdə özünə yer tapmırdı.

 

***

...Həmin gün oğlu həmişəki kimi evdən erkən çıxmadı. Gözü divardakı saatda qalmışdı. Axır ki, yerindən qalxıb qapıya sarı yollandı. Onu yola salan anasını bu dəfə özü bərk-bərk qucaqlayıb bağrına basdı. Qırışmış sifətindən dönə-dönə öpüb:

- Hə, ay ana, öp məni, - dedi, - indi nə qədər istəyirsən, öp məni. Doyunca öp... Öp... Sonra da anasının boynuna sarıldı.

 

***

Oğlunun ardınca bir dolça su atan ana elə ardınca da xeyli vaxt baxa-baxa qaldı, handan-hana otağa keçdi. Özünə yer tapa bilmirdi.

Elə bil əli də dinc dura bilmirdi. Stolun üstünə çəkilmiş tarım müşəmbəni dartışdırmağa başladı. Müşəmbəni sığallaya-sığallaya əli stolun küncünə toxundu. Zərf idi. Ana əlləri titrəyə-titrəyə zərfi müşəmbənin altından çıxartdı. Zərf açıq idi. Ana heyrətləndi. Şeir idi. Oğlu hara, şairlik hara?

Ana gözləri toranlaşsa da, vərəqdəki o şeiri axıracan oxudu:

 

Vəsiyyət

 

...ölüm haqdır,

haqdır ölüm...

Gec-tezi var,

əvvəl-axır gələr o gün,

döyülər qapım, döyülər...

nə yalvarış, xahiş-minnət

kara yetməz, dada çatmaz,

yazılanlar da pozulmaz...

Elə isə... Elə isə

qismət eylə, Tanrım, qismət,

bükülsün tabutum bayrağa,

çiyinlərdəki tabutumdan

əllərindəki bayraqlarla

düşsün əsgərlər qabağa...

 

***

qismət eylə, Tanrım, qismət,

qoy, boyanım al qanıma.

Nə sidr-kafər,

nə mürdəşir gərək deyil,

qanım damcı-damcı

qoy, qarışsın öz

daşıma, torpağıma.

qismət eylə, Tanrım, qismət,

arzum gözümdə qalmasın,

cismim yerə gömülsə də,

ruhum göylərdə dolaşsın...

 

Oktyabr, 2023

 

Qalalar

 

"Kişiyə şərəflə ölüb Haqq yolunda yanmaq nə gözəl! Ağ bürünmək yerinə, al boyanıb Allah yolunda üzüağ olmaq nə gözəl!"

 

İmam Hüseyn (ə)

 

Zahirindən Qorqud dədəyə oxşayan bir ixtiyar baba qışdan sonra xoş havalı, işıqlı bir yaz günündə ilk dəfə idi ki, beş-altı yaşlı nəvəsini də yanına qoşub evdən çöl-bayıra çıxartmışdı. Oğlan gördüklərinə heyran-heyran, uşaq marağı ilə baxırdı. Uzaqdan dağların zirvəsində görünən Çıraqqala, sanki bir topa bulud idi. Beş-altı yaşlı totuq oğlan uşağı o bir topa buluda baxa-baxa heyrətdə qalmışdı.

Babası nəvəsinin başını sığallayıb gizli bir qürurla:

- Qaladır, oğlum, - dedi, - Çıraqqala! - Nəvəsinin zəndlə qalaya baxa-baxa durub qaldığını görən baba, sonra da nə fikirləşdisə: - Yurdumuzun hər qarışında keçmişin yadigarları olan belə qalalara rast gələrsən, mənim balam! Axı, tarix boyu torpaqlarımıza göz dikən düşmənlərimiz çox olub.

Oğlan uşaq marağı ilə soruşdu:

- Bəs... indi niyə belə qalalar tikmirlər, baba?

Babanın səsində bu dəfə bir iftixar, təntənə, qürur var idi:

- İndi el-obanın ən etibarlı qalaları onun övladlarıdır, oğlum!..

Nəvə bir anlığa nə fikirləşdisə, birdən qətiyyətlə:

- Mən də böyüyəndə qala olacam, baba, - dedi, - görəcəksən!..

Baba nəvəsinin sözlərinə sidq-ürəklə inandığından idi ki, gülümsəyirdi...

 

***

Nəvəsiylə baba söhbətləşə-söhbətləşə gəzintilərini davam etdirirdilər. Babasıyla ilk dəfə birgə belə bir gəzintiyə çıxan nəvənin isə sorğu-sualları bitib-tükənmirdi. Ancaq ağacları sıx bir bağda əlindəki cib bıçağı ilə qoca palıdın gövdəsini ciddi-cəhdlə ovan 15-16 yaşlı oğlanla qarşılaşan baba ayaq saxladı:

- Ağacı niyə yaralayırsan, a bala?

Oğlan bir anlığa özünü itirdi, əlini işdən ayıraraq çevrilib dilini ağzında sürüyə-sürüyə:

- Adımı yazıram, - deyə şəstlə dilləndi, - qoy adım yaddaşlarda qalsın...

Baba öyüd-nəsihətə keçib həlim səslə:

- At əlindəki bıçağı yerə, oğlum, - dedi, - ağacı yaralama! Adı... - Bir anlığa susdu, sonra da qətiyyətlə: - qanla əbədiləşdirərlər!..

 

***

Güllü-çiçəkli bir yamacın döşündə bardaş qurub oturan bir cavan oğlan qara zurnada şövqlə "Cəngi" çalırdı. Oğlanın başı öz çalğısına necə qarışmışdısa, bayaqdan bəri səssiz-səmirsiz durub "Cəngi"sinə heyran-heyran qulaq asan baba ilə nəvəsini qəfildən gördü. Çalğı yarımçıq qaldı.

Baba diqqətlə oğlanı süzüb:

- Nə yaman zilə qaldırmısan qara zurnanı, ay oğul? - deyə yumşaq bir səslə xəbər aldı:

- Sən yaşda cavanlar "Vağzalı" arzusunda olur...

Sifəti qızaran oğlan üzünü babaya tutub ötkəm bir səslə:

- "Cəngi"dən sonra "Vağzalı" çalacağam, baba!.. - dedi. - Qoy, hələ "Cəngi"ni başa çatdırım.

Və "Cəngi" səsi dağı-dərəni başına götürdü...

 

***

Uzaqdan, dağların zirvəsindən yüksələn Çıraqqala yerində donub qalmış bir topa buluda oxşayırdı. Beləcə, gəzə-gəzə baba, nəhayət, nəvəsini indiyəcən özünün həmişə tək-tənha gəldiyi yerə gətirdi. Şəhərin qurtaracağındakı Şəhidlər Xiyabanı idi.

Qorqud dədəyə bənzəyən Azər baba ilə nəvəsi sükut içində, lal-dinməz şəhid qəbirlərinin arasını gəzir, babasının yolüstü gül dükanından aldığı qərənfilləri bir-bir qəbirlərin üstünə düzürdü. Baba nəvəsinin yenə də qalaya tərəf baxdığını görüb köks ötürə-ötürə nəzərlərini şəhid qəbirlərinə zilləyib:

- Bax, elə bunların da hər biri qaladır, oğlum, - dedi, - elin qeyrət qalaları!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!