Ağacda alma - Mübariz Cəfərlinin romanından parça

Bütün günahlar almadadı...

..."Qulağ ver, hayıl-mayıl ola-ola altında oturduğun o alma ağacı var e, həyətin ortasında... Barının ağırlığından yarpaqları yerə dəyir o ağacın... Altı, ətrafı gün işığına həsrət qalıb... Stol, stul da qoymusan e, ora... Necə deyirsən onu, özünə təbii, yox e, təbiətdən kabinet düzəltmisən, yenə çaşdım, deyirsən ki, təbiət özü sənə kabinet düzəldib. Qanmıram ki, səhərdən-axşamacan nağayrırsan, nə yazıb pozursan orda... Heç yazıb-pozana da oxşamırsan, amma stolunun üstü ağ, qalın kağızlarla, cürbəcür qələmlərlə, karandaşlarla, əyri-üyrü xətkeşlərlə doludu. Şəkilçəkənə, rəssama da bənzəmirsən. Heç indiyəcən düz-əməlli bilmirəm sənin əsl sənətin nədi, nə işlə məşqulsan, hansı yuvanın quşusan, bir-iki kərə soruşmuşam, çavabından heç nə qanmamışam, ağlım bir şey kəsməyib, ona görə çəkilmişəm kənara, anladığım bu olub ki, sən həftəbecər alimsən, yerdə, göydə, yan-yörədə, ətrafda nə var hamısını qatıb qarışdırırsan. Hamı dağa gedir, meşəyə gedir, çaya gedir, gölün qırağıda dincəlir, sən səhərdən-axşamacan o şoğərib ağacın altından çıxmırsan... Cıxanda da gedib eşələnirsən meşənin qırağındakı qəbiristanlıqda...

Sənəmin qızı dedi mənə ki, neçə kərə vedrə bazarına gedəndə səni qəbiristanlıqda, qəbirlərin arasında gəzişən görüb. Bura bax, nə görmüsən axı bizim o köhnə məzarlıqda, min ilin ölülərindən nə istəyirsən, sənin rəhmətliklərlə nə alış-verişin? Nə də soruşuram həqiqəti gizlətməkdən, düzünü deməməkdən ötrü hər şeyi gülməklə, zarafatla yola verirsən... Mən də özümü qanmazlığa vurub dərinə getmirəm... Həmişə özünlə gəzdirdiyin, üstündə elə deyəsən alma şəkli olan balaca əl kömpüteri də sanki sənin üçüncü əlindi. Rəhmətlik babam deyərdi ki, kəramətli adamların üçüncü gözü, bəsirət də açılır, ona görə onlar uzaqgörən olur, gələcəyini qabaqcadan duya bilir. Səninsə üçüncü əlin çıxıb, sən hansı adamlardansan, necə adamsan bilmək müşküldü, qəlizdi... Hərdən canım yandığından sənə çay gətirəndə də görürəm ki, nəsə ilan-qurbağa çəkirsən qabağındakı iri, enli, qalın kağıza... Elə bil oturduğun taxta stulda da deyilsən, ayaqların yerdən üzülüb, dünya-aləmdən xəbərsizsən... Mən də ehmalca çayı sənin qabağına qoyub dinməz-söyləməz çıxıb gedirəm... Çünki həm sənin fikrini dağıtmaq istəmirəm, həm də o ağacın altında çox qalmağdan çəkinmirəm, yox, belə... üşənəntəhər oluram... Hə, elə yaxşı yadıma düşdü, bax, sən mənim gətirdiyim çayı nədən içmirsən, fikir vermişəm, soyudub-soyudub tökürsən yerə... Bişirdiyim xörəkləri ləzzətlə, nuşcanlıqla, iştahla yeməsəydin ağlıma pis şeylər gələrdi, deyərdim, insandı da, bəlkə çimçəşir, iyrənir məndən?.. Amma bilmirəm gül kimi ətirli, xotuzquyruğu, dəmli çayı nədən ötrü israf eləyirsən... Mən dəmlədiyim çaydan heç Hidistanda da yoxdu e, bir-iki dəfə eyvanda süzmüşəm axı sənə... Nəsə...

Bu heç, hər nədisə, özün bilərsən.. Heç bilmirəm nə təhər deyim... Hayıfım gəlir, hayıfım da yox e, yazığım gəlir sənə... Iraq-iraq, qorxuram sənin başına bir iş gələr o ağacın altında... Mat-məəttəl qalıb çaş-baş-çaş-baş üzümə baxma, yer üzündə o ağacdan sırtığı yoxdu... Bilmirəm. ağaca "sırtıq" demək olar, ya yox... Ancaq ağac da canlıdısa, adam kimi nəfəs alıb verirsə, həlbət ki, olar... Adamların həyasızı, üzlüsü varsa, yəqin heyvanların da, lap belə, böcəklərin, ağacların da eləsi bəs deyincədi... Neçə kərə sənə demək istəmişəm ki, oturma orda, yaşı bilinməyən o ağacdan hələ heç kəs xeyir görməyib... Ancaq ki, son məqamda mətləb üstünə gələ bilməmişəm, qorxmuşam ki, sənin xətrinə dəyər... Elə bilərsən ki, qıymıram sənə nəyisə... Eh, mənim üçün nə fərqi?.. Bütün ev-eşik, həyət-baca, ağac-uğac, belə canım sənə desin, kol-kos qurbandı sənə... Harda kefindi otur, uzan, lap mayallaq aş... Onsuz da səndən başqa mənim qapımı ya külək açır, ya da yol azanlar... Sən də ki, hər il bütün yayı mənim qonağım olursan, gülmə-gülmə, bilirəm ki, düz danışmıram, adam qonaqdan pul almaz, sənsə hər gələndə bir ətək pul verirsən mənə burda qalmaqdan ötrü... Fəqət inan ki, imkanım olsa, bir qəpik də götürmərəm sənnən. Çünki pul təkcə əl çirki deyil e, şeytan tələsidi... Var-dövləti heç kəs dalına şələləyib aparmır o biri dünyaya. Yer üzünün bütün ləl-cəvahiratını yığsan da, itirdiklərini geri qayrarmaq olmursa, demək ki, hər şey puçdu, əbəsdi, baş aldatmaqdan ötrüdü, yox, əgər sərvətini öğul-uşağından, nəvə-nəticəndən ötrü topladığını düşünürsənsə, bilmək olmaz törəmələrindən ötrü saxladıqların onlara firavanlıq gətirəcək, yoxsa dərd-bəla?.. Mıxı mismar eləyəndi o gözəgörünməz... Fələyin elə ağlasığmaz işdəkləri olur ki... İntəhası, nə olursa olsun, mənim burda da tutacaq yerim yoxdu, nədən ki, quqquluqu təkəm... Məndən sonra ip qırılır... Belə alındı... Alındı da yox e, alınmadı... Oldu kəlləmayallaq... Yatsam yuxuma da girməzdi ki, illər ötüşəcək, mənim kimi gözəllər gözəli evdə qarıyacaq...

Gözlərindəki bic təbəsümdən görürəm: "Heç kəs öz ayranına turş deməz," - fikri keçir sənin ağlından. Albomdakı cavanlıq şəkillərimi göstərmişəm də sənə... Baxma ki, o şəkillərin çoxu ağ-qaradı, fotoqraf Tahir əli əsə-əsə çəkib. Sanki uzaqdan ilan görübmüş şəklimizi çəkəndə. İlandan qorxduğuna görə kənddə adının qabağına "ilan" ləğəbi qoymuşdular rəhmətliyin. Olmuşdu ilan Tahir. Nə fotoqraflığını, şəkilçəkənliyini dilə gətirən olurdu, nə də adını. Elə: "ilan", deyən kimi camaat bilirdi söhbət kimdən gedir. Hərdən cüvəllağı cavanlar yoğun kəndiri qara rəngə boyayıb atırdılar bədbəxtin balaca şəkilçəkən otağının qapısının ağzına, hırıldaya-hırıldaya qışqırışırdılar ki, Tahir, qapının ağzında yekə bir gürzə yatıb. Binəva, biçarə Tahir də qorxudan əsim-əsim əsirdi, qapını möhkəm-möhkəm bağlayıb axşamacan otururdu içəridə, ta o vaxtacan ki, oğlu Tofiq gəlib atasını dilə tuturdu ki, ay kişi, qorxma, vallah-billah bayırda ilan-zad yoxdu, zatıqırıqlar, ana-atasından bixəbərlər yenə səninlə məzələnirlər, mənəm Tofiqdi çıx bayıra, çəkinmə... Atası qorxusundan tir-tir titrəyirdi, Tofiq də hirsindən qapqara qaralırdı, söyüb-söylənirdi ki, belə yaramaz hərəkətlər eləyəni tutsam ağzını cırıb qoyacam qulağının dibinə. Ancaq hamı bilirdi ki, kim, kimlər eləyir bu yaramazlığı, böyüyüb rayon mərkəzinə bitişən kənddəki cüvəllağılar kimdi. İntəhası, ttutulmayan oğru xandan-bəydən irəlidi, gedib kimin yaxasından yapışasan sübutsuz-filansız?.. Biçarə Tofiq yalan-gerçək çığır-bağır salıb, o cüvəllağıların qarasınca söyüb söylənsə də çəkinirdi. Neyləsin, onlar çox idi Tofiq yazıq tək... Adi zarafata görə araya qan salmayacaqdı ki?.. Ən məzəlisi bu idi ki, bizim tərəflərdə binadan yerli-dibli ilan olmur, kəndimizdə sonuncu kərə ilan görən çoxdan ölüb gedib yəqin ki... Deməyim odu ki, rəngsiz şəkli də qapqara, kölgəli çıxardıb rəhmətlik Tahir.

O vaxtlar texnika da indiki kimi deyildi axı, adi şəkil iki-üç günə ərsəyə gəlirdi. Amma yenə də o şəkillərdə mən hanıdan gözəgəlimliyəm. Hayıf o qaş-gözdən, qədd-qamətdən... Ən böyük nemət cavanlıqmış... Adam gərək ölüncə qocalmaya... Elə iyirmi yaşındakı kimi qala... Qızın-qadının qocalmağı lap betər olur, pis olur, bəzən az qala iyrənci olur... O bəziləri deyirlər e, guya, insan meymundan törəyib, ya nə?.. İndi hərdənbir gözüm güzgüyə sataşanda buna zərrəcə şəkk-şübhə eləmirəm. Məxluq üzü o tərəfə yaxınlaşdıqca doğrudan-doğruya öz əcdadlarına bənzəyirmiş. Fəqət axır vaxtlar hərdən, hərdənbir də yox, lap tez-tez fikirləşirəm ki, hər şey başqa cür ola bilərdi, yaxşı ola bilərdi, firavan ola bilərdi. Cadu-pitiyə inanmasam da elə bil mənim bəxtimi bağladılar... Olmadı... Sanki bütün qapılar üzümə bağlandı, dayaq üçün hara əlimi atdım çürük çıxdı, ovulub töküldü.  Hamısı da o şoğərib ağacın ucbatından... O ağac ki, barı, yepyekə alması bir ovuca sığışmır indi. Amma əvvəllər cır alma olub... Deyirlər, kərə də kəsiblər o ağacı, baltanı acıqla, hirs-hikkə ilə az qala lap kökündən vurublar, di gəl, tamam məhv eləyə bilməyiblər, gözlərini yumub açmamış bir də görüblər ki, ağac təzədən boy atıb... Özü də əvvəlkindən də qollu-budaqlı, əvvəllindən də yekə olub... Kəsilib təzədən boy atdıqca gövdəsi, qol-budağı kimi meyvələri də böyüyürmiş... Həm də heç bir alma sortuna, növünə bənzəmir onun dadı-tamı... Bilmək olmur Qızıl Əhmədidi, Sinabdı, Palmetdi, Sibir almasıdı, nədi?.. Bəlkə də dəyişib dadı-tamı... Mən çoxdandı çəkinirəm o ağacın meyvəsini, barını yeməyə. Yetişdikcə qonum-qonşuya paylayıram, yerə düşüb bir tərəfi çürüyənləri də heyvan-qaraya verirəm. Sən özün yemisən də, bilirsən ki, tamam fərqli dadı var dəyişməyibsə, elə bil sadaladığım bütün növlərin, sortların qarışığıdı, kəsəsi, sözlə anlatmaq müşküldü... Özü də ilin hansı vədəsində, haçan gəlirsən gəl, yarpaqları sımsıxdı, almaları, bar-bəhəri də ki, üstündədi ağacın... O ağacın yarpaqları heç vaxt saralmır, qurumur, xəzan olub yerə tökülmür, o ağacın tumurcuqlamasını, gül açmağını görməyim də yadıma gəlmir. Nə qışın şaxtasından qorxandı, nə yayın istisindən... Külli-aləmi gəz-dolan bu boyda, bu yekəlikdə alma ağacı tapmazsan. Həm də ki, göbələyə, salxım söyüdə oxşayan... Sanki sıx yarpaqlarını yorğan kimi üstünə çəkib ətrafdan özünü qoruyur, ona görə isti-soyuq, yay-qış, lap belə gecə-gündüz vecinə deyil. Beş-altı ilin söhbətidi, qonşuya bir sısqa, keçəl kişi gəlmişdi, heç bilmirəm, yadımdan çıxıb yolu bizim həyətə necə düşdü. Hə, o sısqa, ayaqları spiçka çox hərləndi bizim alma ağacının altında... Dərib bir-ikisini də yedi. Mən də şübhələndim, amma qonşu dedi ki, bu kişi bilikli adamdı, şələşür-filan deyil, şəhərdə yaxşı vəzifəsi, hörməti-zadı var. Hər nə isə: "Nə olar, nə olmaz, yox yerdən başım ağrıyar..." - fikirləşdim, gedib kəsdirdim spiçkaayağın çənəsinin altını. Çənəsinin altı demək də düzgün çıxmır, yazıq mənim çiynimdən idi. Kişi gözlərini qıyaraq bir xeyli ağaca müştəri gözü ilə baxıb birdən-birə qayıtdı ki, bu elə-belə, adi alma ağacına oxşamır. Gərək Akademiyadakı mütəxəssislərə danışım, gəlib əməlli-başlı araşdırsınlar buraları, bu ağacın barını, toxumunu, kökünü, gövdəsini, budaqlarını, yarpaqlarını... Bir sözlə, hərtərəfli işə girişsinlər.

Mən botanik, nəbatat deyiləm, amma əminəm ki, bu ağacın kökləri lap dərinə, min illərə qabağa gedib çıxır, illərlə araşdırma tələb eləyir ki, ağac bildiyi sirləri, mətləbləri açsın bizlərə...Bu məsələyə adi iş kimi baxmayın, bəzən çöllükdən tapılan qədim bir saxsı parçası da həmin ərasinin tarixini səlnaməçilərdən dəqiq nəql eləyir bizlərə... Başladım kişiyə yalvarıb yaxarmağa ki, sən Allah elə iş görmə, qoy sakitcə oturub birtəhər günümüzü yola veririk, güzaranımızı keçirib başımızı girləyirik, bu dəfə insan əli ilə bu ağacın bircə yarpağına xələl gəlsə, yəqin ki, nəinki evimiz başıma uçacaq, ətrafda nə varsa qupquru quruyacaq, bütün kənd otsuz-qanqalsız ölü çölə, susuz səhraya çevriləcək, səni and verirəm ölənlərinin goruna çox şişirtmə, ağacdı də, adi alma ağacıdı, heç kəsə, heç nəyəmaneçiliyi yoxdu, qoy sakitcə durub yerində... Həm lənətləyirdim, qarğıyırdım alma ağacını özlüyümdə, həm də qorxurdum... Nə olursa olsun, bu ağacla bağlı işıqlı xatirələrim də var idi axı... Üç bacı bu ağacın altında evcik qurub oynayardıq, yazıq canım, böyük qız olduğuma görə həmişə ana olardım mən oyunda. Qardaşım dünyaya gələndən sonra atam ağacın altında yüyrük düzəltdi, biz ehmalca yelləyirdik, uşaq o yüyürükdə mışıl-mışıl yatardı. Necə yəni yüyrük nədi, sən heç dilimizi düz-əməlli bilmirsən ki, yüyrük yəni nənni, budaqdan sallanan asılqan beşik... Dədəm evdə olanda gəlib yatmış uşağa tamaşa eləyərdi, qəfil qardaşım oyanıb elə gözüyumulu balaca, nazik qollarını yuxarı qaldıranda kişi qımışıb bığaltı pıçıldayırdı ki, bu uşaq da bizim kimi Allah adamı olacaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!