İgid Nəbi - Hekayə. Salatın ƏHMƏDLİ

Hərbi qospitalda olan yaralılardan biri igid döyüşçümüz Quliyev Nəbidən bəhs edirdi.

...Nəbinin olduğu bölmə şərqarışana yaxın düşmən qüvvələrilə üz-üzə gəlir. Düşməndən azad edilən postlardan, hərbi hissələrdən pərən-pərən düşmüş silahlı erməni birləşmələri müxtəlif yerlərdə gizlənərək, cəbhəni yarıb Ermənistan ərazisinə keçmək üçün çalışırdılar. O dəstələrdən biri də Nəbigilin bölməsiylə qarşılaşır. Onlar aldıqları koordinatlara əsasən, meşədə erməni birləşmələrinin olduğunu bilirdilər və onları zərərsizləşdirmək üçün o istiqamətdə hərəkət edirdilər. Meşənin girəcəyində komandir onları dəstələrə bölür:

- Hamı bir yerdə hərəkət eləməsin. Pusquya düşə bilərik.

Nəbinin dəstəsi sağ tərəfdən yola düşür. Təkəmseyrək meşədə yerimək də qorxulu idi. Canını götürüb meşələrə qaçmış düşmən qüvvələr hər an onları görə bilirdi. Düşündüklərindən ehtiyatlı olmaq üçün çox vaxt sürünə-sürünə o əraziləri keçirdilər. Meşə qalınlaşanda ayağa qalxıb yeriyirdilər. Onlar dərənin dibiylə gedirdilər. Qəfil xısıltıya yuxarı boylanan Nəbi başını qaldırır, dərənin aşağısından xəbərsiz irəli gedən snayperli ermənini görür, dayanıb əliylə arxaya işarə edir. Onun getdiyi səmtə doğru, dərənin içiylə onu təqib edirlər. Nəbi ehtiyatla düşmənin arxasından gələnlərin olub-olmadığından əmin olmaq üçün yuxarı qalxır. Və arxadan gələn beş-altı ermənini də görür. Aşağı düşür. Nadirə:

- Qarşıdakı snayperçidir, arxadakıların ikisində silah var.

Nadir:

- Uşaqlara xəbər verim. Sakit və səssiz arxalarınca gedəcəyik. Ola bilsin, qarşıda dəstə var, birləşmək istəyirlər.

- Əllərini tərpətməyə imkan verməyək. Elə burdaca...

- Silah səsinə duyuq düşə bilərlər. Mən o snayperi onun əlindən alacağam. - Nəbi qabaqda gedəni göstərir.

- Ehtiyatlı ol.

- Onların heç birini nəzarətdən buraxmayın. Əl-qol açsalar, çarəmiz yoxdur, işlərini bitirməliyik. Uşaqlara xəbər ver.

Nəbi ehtiyatla, dərə aşağı sürətlə snayperə doğru gedirdi. Qəfil təpəcik düzənliyə sarı açılanda erməni dayandı, snayperi yerə qoydu və Nəbi fürsəti əldən verməyib, onu çəkib dərənin burnuna saldı. Əlbəyaxa oldular. Nəbi güc-bəla ilə qolunu onun boğazına dolayıb var gücüylə sıxdı, düşmən müqavimət göstərsə də, Nəbi öhdəsindən gəldi. Qəfil qarşıda yoxa çıxmış snayperi görməyən ermənilərin təşvişə düşdüyünü görən Nadirin dəstəsindəki döyüşçülər göz qırpımında hərəkətə keçdilər. Ermənilərdən biri Əfşarı ağır yaralamışdı. Bıçaq əlini kəsmişdi, onun yarasını tez bağlayıb, düşmənlərin üstlərindəki qumbaraları və silahları götürüb irəli yeridilər.

Nəbigilin dəstəsi verilən əmrə əsasən meşənin qurtaracağında dayandı.

- Uşaqlar gələnə kimi gözləyək. Ona kimi dincəlin, amma ehtiyatlı olun.

Nəbinin sözü ağzında qaldı. Əfşar düzənliyə açılan ərazidə olan adamları gördü:

- Qabağa baxın.

Nəbi onun göstərdiyi səmtə baxaraq:

- Düşmən olmaya?

Nadir:

- Gedim, baxım.

Nəbi:

- Olmaz. Komandir gəlsin.

- Bunlar hərəkətdədir, nəsə görüblər, yəqin.

Nəbi:

- Ola bilsin. Amma ehtiyatlı olaq.

- Gedim, baxım...

- Özüm gedəcəyəm.

- Olmaz, komandir, - Orxan irəli yeridi. - Kəşfiyyat işindən başım çıxır. Mən gedim.

- Təhlükəyə sala bilmərəm.

- Komandir, onsuz da biz ətrafı gözdən keçirməliyik. Bunlar kimdi, neçə nəfərdi, nəyi var, öyrənək.

- Komandir gəlsin, özüm gedəcəyəm.

- Komandiri gözləmək daha təhlükəli ola bilər. Bəlkə o tərəfdə bizim qüvvələri görüblər, döyüşə hazır vəziyyətə gətirilirlər.

Nəbi narahat bir şəkildə həmin səmtə baxırdı.

Orxan:

- Komandir, narahat olma. Mən tez dönəcəyəm.

Bir göz qırpımında gözdən itən Orxanın həyatı üçün narahat olan Nəbi geriyə   meşəyə sarı baxırdı:

- Harada qaldı bunlar? İndiyə kimi gəlməliydilər.

- Ola bilsin, onlar da bizim kimi düşmən qüvvələrini görüblər.

- Atəş səsi gəlmədi axı. Heç eşitmədik.

- Komandir, bəzən səsləri meşə udur. Eşidilməz olur.

- Orxan gəlsin, görək...

 

***

Nəbigilin dəstəsindən ayrılan komandirin bölməsi dağılmış kəndin yaxınlığından meşəyə girmək üçün dəstəni yığdı. Həmin kəndin xarabalıqları arasında gizlənmiş iki erməni - Araiklə Levon hansı ki, onlar erməni dəstələrindən ayrılıb ikilikdə gizlincə, səs-küy olmadan Ermənistana tərəf getmək fikrində idilər, onları gördü. Onların məqsədi erməni hərbi birləşmə meşəyə girəndən sonra, xaraba evdən çıxıb Araza doğru yol almaq və o tərəfdən Ermənistana keçmək üçün yol tapmaq idi. Amma azərbaycanlı döyüşçüləri görüb yenidən xaraba evin zirzəmisinə qısıldılar:

- İzimizə düşüblər.

- Görünür.

- Batdıq.

- Özümüzü dəstəyə çatdıraq.

- Başqa çarəmiz də yoxdur.

- Bunlar da meşəyə sarı gəlirlər.

- İzimizə düşüblər.

- Məhv edəcəklər bizi.

- Çatdıraq özümüzü dəstəyə.

- Çoxdan yoxluğumuzu duyublar. Sağ buraxmaz bizi o adamyeyən.

- Livanlını deyirsən?

- Vəhşidi o.

- Ona yaxşı xəbər aparırıq. Deyərsən, əsgərlikdə olanda kəşfiyyatçı olmuşuq. Məqsədimiz qaçmaq olmayıb, ehtiyatla arxadan gəlmişik.

- Sənin də  bu yalanların olmuya.

- Bu bəlanın içindən sağ-salamat çıxmaq istəyirsənsə, hər şeyə hazır ol. Girək meşəyə. Tez ol.

Erməni Araiklə Levon təngnəfəs özlərini dəstəyə çatdıranda hər kəs onlara baxırdı. Livanlı Ter onları görüb ironiya ilə:

- Ayı gördünüz? Qaçıb canınızı qurtarmaq istəyirdiniz, əclaflar?

Araik özünü onun qarşısına yıxdı:

- And olsun, yox. Mən də, Levon da qərara almışdıq ki, arxayla gələk, biz türklə vuruşuruq, nolar, nolmaz. Bu yerlərə bələdik.

Ter hırıldadı:

- Noldu bəs? Türk yerinə ayı çıxdı qabağınıza?

Araik:

- Türklər gəlir arxadan, meşəyə sarı.

Ter onun başının üstünü aldı, silahı boğazına dirədi:

- Çəkib dilini çıxararam. Köpək oğlunun...

Levon özünü qabağa atdı:

- Doğru deyirik. Gəlirlər. Meşəyə girmiş olarlar...

Ter ciddiləşdi:

- Hansı istiqamətdən?

- Deyəsən, yerimizi bilirlər, bu istiqamətdən. Kənd tərəfdən. Meşənin girəcəyinə yığışıblar.

- Qüvvə çoxdur?

- 60-70 nəfər, bəlkə də çox olar. - Araik yalandan - Lap irəli yeridim, saydıqlarım bu oldu, ətrafda da görünürdülər.

Ter:

- Hamısı bir istiqamətdə gəlir?

- Bəli, yerimizi biliblər ki, qüvvə birlikdə hərəkətə keçib.

Ter Araiki ayağıyla geri itələdi:

- Dediyin kimi olmasa, özünü ölmüş bil. - Sonra yanındakı livan əsilli hərbçiyə sarı çevrildi:

- Puça, mənə xəbər gətir.

- Oldu, komandir.

Puça Levonun boynundan yapışdı:

- Gördüyün istiqaməti göstərəcəksən.

Levonun onunla getməkdən savayı çarəsi qalmadı. Onlar xeyli vaxt sonra döndülər. Puça:

- Böyük bir dəstədir. Hiss olunur ki, izimizə düşüblər. Hələ meşənin kənarındadırlar. Deyəsən, hücuma hazırlaşırlar.

- Biz də onları qarşılayaq.

- Onların, deyəsən, elə hamısı bu istiqamətdə gəlir.

- Tez olun, gəldikləri istiqamətdə müdafiəyə keçin.

Düşmənin iki snayperçisi və pulemyotu hazır vəziyyətə gətirildi...

Orxan həmin vaxt artıq kəşfiyyat xəbərini Nəbiyə çatdırmışdı. Orxanın gedib-qayıtması bəlkə də heç o qədər vaxt aparmamışdı, amma hər dəqiqə Nəbi ilə bərabər olduğu üzündəki təşvişdən hiss olunurdu.

Orxan təngnəfəs:

- Düşmən duyuq düşüb, qərb istiqamətində istehkam qururlar. Əsgərlər o istiqamətə yerləşdirilir. Bir pulemyot da var.

- Bölüyün bir hissəsi o tərəfdədir. Yəqin kəşfiyyat aparıblar, duyuq düşüblər. Həmən xəbər çatdırmalıyıq.

Nəbi radioqəbuledicini işə saldı və qəfil nədənsə dayandı...

Nadiri çağırdı:

- Bunu yerli-yataqlı komandirə çatdırmalıyıq. Dinləyən ola bilər. Xəbəri özümüz çatdıraq. Bu istiqamətdən arxadan biz hücuma keçərik, plandan xəbərimiz olsun. Yola düş.

 

***

Nadir gəldikləri yolla, Samirlə birlikdə komandirin olduğu yerə çatanda, komandir narahat oldu:

- Nəsə olub? Hanı uşaqlar?

- Uşaqlar sağ-salamatdır, komandir. Xəbər var.

Nadir məsələni komandirə xəbər verəndə gizir Səlimi gülmək tutdu:

- Niyə gülürsən?

- Belə çıxır ki, biz kəşfiyyat qrupu göndərmişik.  Sağ ol səni, igidim Nəbi.

Komandirin də üzündə təbəssüm görünəndə Nadir yolda ermənilərin bir dəstəsini necə zərərsizləşdirdiklərini danışırdı.

- Vaxt keçir. Gəldiyiniz kimi dönün. İstiqaməti dəyişirik. Arxadan onların yolunu bağlayacağıq. Burda qalan qüvvələr meşədən çıxmaq istəyənlərin qarşısını kəsəcək. Nə arxaya, nə irəliyə yeriməyə imkan verin.

- Oldu, komandir.

- Sübh tezdən hücuma keçəcəyik.

 

***

Nadirlə Samir artıq komandirin əmrini Nəbiyə çatdırmışdı. Verilən koordinatorlara əsasən, sübh çağı hücuma keçən döyüşçülərimiz düşmənin xeyli qüvvəsini məhv etdi, Ter də başda olmaqla, səkkiz ermənini əsir götürüb meşədən çıxaranda artıq günorta idi. Yağış yağırdı...

 

***

Axşama yaxın Nəbinin rəhbərlik etdiyi hərbçilər hərbi texnika və maşınlarla Tərtər istiqamətində hərəkət edirdilər.

Düşmənin ağır çaplı silahını - hansı ki, meşədə ermənidən qənimət kimi götürülmüşdü - Nəbi özüylə götürmüşdü, düşməni öz silahlarıyla məhv edirdi.

Bu istiqamətdə döyüşlər daha ağır, daha qanlı olmuşdu. Erməni dəstələr muzdlu əsgərlər idi, saqqallı, orta yaşlı, hərbi hazırlıqlı idilər. Tərtər boyu iki bölük xüsusi təyinatlılarımız erməniləri darmadağın etmişdilər. Döyüşçülərimizə ötürülən məlumatlarda o postlarda 40-a yaxın adamın olduğu bildirilsə də, döyüşə girərkən düşmənin 300-dən çox canlı qüvvəsiylə üz-üzə gəlmişdilər. Doqquz saat yarım davam edən döyüşdə xüsusi kəşfiyyatçı qruplarımız düşmənin 22 postunu, 300-dən çox canlı qüvvəsini məhv etmişdi. Tərtər boyu erməni postlarını yox edən, əraziyə sahib çıxan döyüşçülərimiz arasında şəhid Nəbi və onun silahdaşları da vardı...

Bu gün qazanılan qələbələrimizdə şəhid olan Nəbiylə yanaşı, minlərlə igid oğullarımızın haqqı üstümüzdədir. Bizim birliyimiz, möhkəmliyimiz, vətənə olan sevgimiz, bir də qeyrət hissimiz bir-birini elə möhkəm tellərlə bağlayıb ki, şəhid olanımız da, qazilərimiz də qarışıq, özümüzü bütöv bir can hesab edirik, göynəyən yaralarımız dost-qardaş itkisindən doğur. O qanlı-qadalı, hər anı ölüm olan bir vaxtda özünü düşünməyən qardaşlarımızın döyüş meydanlarından yaralılarımızı necə fədakarlıqla qurtardığının canlı şahidi kimi əminəm ki, bir daha bu birliyi sarsıda biləcək qüvvə olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü, bütöv Azərbaycan missiyasını bu oğullar vasitəsilə təmin edəcək...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!