Sən yadıma düşəndə... - "Əşyalar" silsiləsindən. Kənan HACI

"Anamdan mənə özünün toxuduğu kiçicik stolüstü xalça, gəlin üçün döşə taxılan qaşlı sancaq, bir-iki xörək qaşığı, iki-üç kasa, kəhrəba rəngli qənddan, bir də az sayda fotolar qalıb..."

Bu fikir gecənin bir aləmi gürz kimi başına çırpıldı. Gözlərinin önündə müxtəlif əşyalar canlandı. Hanı bəs o əşyalar? O əşyaların hər birinin unudulmaz xatirəsi vardı. Kənddəki evlərini atası öz dostunun oğluna satmışdı. Ona elə gəlirdi ki, həmin əşyaların, ata-anasının ruhu hələ də o evdə dolaşır. Əşyaları dəyişsə də, divarları rənglənsə də, taxta qapısı dəmir darvaza ilə əvəz olunsa da, o evdə onlardan nəsə qalır. O evi atası tikmişdi, o evin memarı onun atası idi, innən belə yüz adama satılsa da, yad nəfəslər atasının hənirini, daşlara hopan nəfəsini silib ata bilməyəcəkdi.

Bir dəfə həmin evə güzarı düşmüşdü, eyvana ayaq qoyunca köhnə əşyaları bir anlıq elə əvvəlki yerində gördü; atasının qırmızı kərpicdən tikdiyi peç eyvanın sağ küncündə idi, sol tərəfdə rəngli "Rekord" televizoru zamana meydan oxumaqda idi, ekrandan Elmira Rəhimovanın şərbət kimi səsi ürəyinə axdı... "Sən yadıma düşəndə..."

Həmin televizor evlərinə gələn gün onun uşaq dünyası da rənglərə boyanmışdı. Televizoru iri qutusundan çıxarıb quraşdıran Müzəffər usta da onun sevincinə təmkinli təbəssümü ilə qoşulmuşdu. Atası o rəngli televizoru usta Müzəffərin məsləhəti ilə almışdı. Ekran Elmira Rəhimovanın səsiylə dil açdı; "Sən yadıma düşəndə" mahnısını oxuyurdu. Ekranda bütün rənglər həyatda olduğu kimi idi. Ağlı-qaralı günlərinə də rəng qatdı bu televizor... Qocalıb əldən düşənə, qapazaltı olana qədər onları darıxmağa qoymadı.

Dəyirmi stol, döşəməni örtən yaşıl kovralit. Uşaq vaxtı yeməyini bitirəndən sonra əyilib o kovralitin qıvrımları içindən çörək qırıntılarını necə cidd-cəhdlə yığdığını xatırladı. Qonşunun damına qonmuş, saçına xına yaxan gəlinə bənzəyən ədalı şanapipik gözlərinin aynasında görünüb çəkildi. O əşyalar da şanapipik kimi canlı idi, nəfəs alırdı, hər birinin öz nəğməsi, öz ruhu vardı.

Evlərini satdıqları İsmayıl qocalmışdı, üzündəki qırışlı təbəssüm əşyalardan daha qədim görünürdü. Ona həvəslə otaqlarda, eyvanda, həyətdə apardığı dəyişikliklərdən danışırdı. O isə bu dəyişiklikləri görmürdü, köçdükləri gün gözlərinin aynasına əbədi hopmuş evin görüntüsü ilə baş-başa idi. Onun gördüyü atasının tikdiyi ev idi, İsmayıl nə qədər təmir işi aparsa da, atasının, anasının izlərini, əşyaların ruhunu bu evdən silə bilməmişdi.

Pəncərənin altında anasının "Singer" tikiş maşını qoyulmuşdu, üstü həmişə güllü parça ilə örtülü olardı. Atası işdən qayıdanda qapını yox, məhz o pəncərəni tıqqıldadardı. Ev o tıqqıltıya bənd idi; o dəqiqə canlanardı, uçunardı, isinərdi... Atası gələndən ev də siqaret "çəkməyə" başlayardı, pəncərəsindən tüstü çıxmağa başlayardı. Evin tavanında, divarlarında qaramtıl iz qoymuş bu tüstü, həm də güzəran qayğılarının, dərd-sərin rəsminə çevrilmişdi. Bu rəsmin ən vacib elementi də o tüstü idi ki, mənzərəni büsbütün tamamlayırdı. Bu fikirlərə hər dəfə yepyekə qara nöqtə qoyan ucuz külqabı isə doymaq bilmirdi ki, bilmirdi; sanki siqaret közlərindən sadistcəsinə həzz alırdı.

Bu balaca, yosma evdə o qədər arzular köklənib ki... o qədər arzular kökdən düşüb ki... o qədər xəyalların qanadı qırılıb ki... Pəncərəsində o qədər ümidlər səmənitək cücərib ki...

Atasının aldığı Kazan qarmonu ftulyardan çıxınca, qəfəsdəki bülbül də dil açırdı, yerində dingildəməyə başlayırdı. O bülbül yaddaşının sağalmayan yarası idi. ...Əgər o yay gecəsi bu yay gecəsinə bənzəsəydi, o yay gecəsinin ağrısı bu yay gecəsinin ağrısına oxşasaydı, bu gecələr arasında o da böyüməsəydi, deyərdi, "bəs anam hanı? Atam hardadır, niyə mənə "möhkəm ol!" demir, "kişi ağlamaz" deyə tənbeh eləmir?"

Bülbülün on yaşı vardı, ailənin bir üzvü də o bülbül idi. Onun qəfəsini eyvandakı mıxçadan asmışdılar, anası ona xüsusi qulluq edirdi. Onun ayrıca qida rejimi vardı.

Eyvan böyük və geniş idi. O, arada futbol topunu o baş-bu başa qovur, ayağıyla çiləyirdi. Küləkli yay gecələrinin birində necə oldusa, top qəfəsə dəydi və qəfəs mıxçadan qopub guppultuyla yerə düşdü. Bir anlıq donub qaldı. Qorxudan qəfəsə tərəf baxa bilmirdi. Anası qonşu otaqdan səsə çıxdı və "hə, sakit ol indi, bülbülün axırına çıxdın!" - dedi.

Bülbül ölmüşdü... Bir damcı qan dimdiyinin ucunda qalmışdı. Qəfildən qəfəsin önündə dizləri üstə çöküb hönkür-hönkür ağlamağa başladı. Anası onu heç cür ovuda bilmirdi. O isə eləcə, "yox" deyirdi, "ölməyib, ölməyib" deyə təkrarlayırdı. O gecə evin qabağındakı ərik ağacının altında torpağı ovuc boyda qazıb bülbülü basdırdı və basdırılan yeri kiçik bir taxta parçasıyla manşırladı. Bülbülün ölümü həyatının ilk sarsıntısı idi. Bütün gecəni ağladı, çöldə külək səngimək bilmədi, pəncərədən qorxunc səmaya baxıb üşənirdi. Arada anası yuxudan oyanıb: "ay bala, yat, olacağa çarə yoxdu, atan təzə bülbül alar" - deyirdi.

Atası bir daha evə bülbül gətirmədi...

Evin bir küncünə atılan, milləri arasına təbaşir taxılmış qəfəs isə ona hər dəfə bülbülü xatırladır, pöhrə sevincinə su ələyirdi.

Musiqi məktəbinin qarmon sinfinə gedirdi. Barmaqları o qədər nazik idi ki, məktəbin müəllimləri ona skripka sinfinə getməyi məsləhət görmüşdülər. O isə qarmonu skripkaya dəyişmədi. Neçə illər boyu qarmon dizinin üstündə şirin nəğmələr ötdü. O qarmon necə oldu? Ha fikirləşdi, yadına sala bilmədi. Niyə o qarmona xəyanət elədi? 

Musiqi məktəbini "əla" qiymətlərlə bitirmişdi, barmaqları qarmonun şirmayı dilləri üzərində su kimi axıb gedirdi. Kənd klubunun özfəaliyyət ansamblında solo ifaları Əlibəndə müəllimdə onun istedadına möhkəm inam yaratmışdı. Əlibəndə müəllim ansamblın bədii rəhbəri idi, musiqi məktəbində onun ifasını eşidib bəyənmişdi və ansambla dəvət etmişdi. Onda necə sevinmişdi, İlahi! Qanadlanıb uçmuşdu, özünü evə yetirib anasına demişdi ki, Əlibəndə müəllim məni ansambla dəvət edir e! Anası da unlu əllərini önlüyünə çəkib oğlunu bağrına basmışdı. "Təbrik edirəm, oğlum! Görürsən, çalışqanlığın öz bəhrəsini verir. Sən yaxşı sənətkar olacaqsan".

Muğam parçalarını ona etibar edirdilər, o da proqramın öhdəsindən layiqincə gəlirdi. Nə oldusa, qəfildən qarmondan soyumağa başladı. İstedadının pardaxlandığı dövrdə musiqiyə arxa çevirdi. İstifadəsiz qalmış qarmon sükut heykəlinə döndü. Həmkarlarının qınaqlarını vecinə almadı, dost məclislərindən, ad günü dəvətlərindən də yayınıb başqa məclislərə tələsdi. Valideynlərinin ümidləri suya düşdü. Atası əsəbiləşib dişinin dibindən çıxanı ona dedi:

- Sən adam olan döyülsən! Ağılı başında olan adam beş illik zəhmətini yerə vurmaz. Gül kimi sənətin var, əziyyət çəkmisən, yaxşı bir ifaçı kimi yetişmisən. Əlin çörəyə çatan vaxtı nə düşmüsən bu avaraların dalınca? Bütün günü orda-burda veyillənməklə nə qazanacaqsan? Elə bilirsən, sənin uğurlarını o dost dediklərinin gözü götürür? Heç gör, biri sənə deyib ki, ay qardaş, ay əziz dostum, sən istedadsan, özünü məhv eləmə? Deməzlər! Səni də özləri kimi avara eləməsələr, əl çəkməyəcəklər.

Bütün günü fikirləşdi, yaddaşını bərkə-boşa saldı, o qarmonun evdən necə yoxa çıxdığını xatırlaya bilmədi. Kimə vermişdi? Kim aparmışdı? Barmaqlarına baxdı, bu barmaqların musiqi yaddaşı itmişdi. Bir dəfə qonşuya keçəndə evlərində tələbə qarmonu gördü, həyəcanlandı, barmaqları gizildədi. Qarmonu özgə balası kimi qucağına aldı, barmaqları qarmonun dilləri üzərində çolaq adamın ayaqları kimi bir-birinə dolaşdı. Qonşuların yanında pərt oldu.

- Sən doğrudan, musiqi məktəbinə getmisən? - ev yiyəsi, dostu Rövşənin bu sualı ona yamanca yer elədi.

Qarmon ondan qisasını belə alırdı.

...Bax, eyvandakı balaca divanda oturub gecə yarıdan keçənə qədər qarmonda məşqlər edərdi. Anasının yuxusuna haram qatsa da, yazıq arvad dinməzdi, düşünərdi ki, balam dərsə hazırlaşır, mane olmayım.

Anasının ad günündə pianoda onun üçün "Sən yadıma düşəndə" mahnısını ifa etmişdi. Anası bu mahnını çox sevirdi. İndi evin hər küncündən bu mahnının sədaları eşidilirdi və anasının gülümsər çöhrəsi ilğım kimi yaddaşından boylanırdı. Bu balaca evə sığışan sevinc dolu dünya üçün necə darıxıbmış... Dodaqlarından qeyri-ixtiyari bu sözlər çıxdı: "Kaş ünüm sənə yetə, kaş səsim sənə çata, mən təzədən gələrəm, sevmək üçün həyata..."

Anası çox uzaqlarda idi... Nə ün yetirdi, nə səs çatırdı. Dünyaya təzədən gəlsəydi, heç bu evdən çıxmazdı. Əşyalarını göz bəbəyi kimi qoruyardı. Valideynlərini xoşbəxt etməyə çalışardı.

Əlifbanı bu evdə öyrənmişdi, ilk şeirini bu evdə yazmışdı, sevdiyi qızın şəklini bu evdə balıncının altında gizlətmişdi, aynanın altındakı sarı rəngli, diyircəkli telefonda bütün gecəni o qızla danışmışdı, ayrılıq acısını ilk dəfə bu evdə dadmışdı, yatağına çəkilib için-için ağlamışdı...

Amerika yazıçısı Sol Bellounun "Özüm haqqında xatirə" romanının yeniyetmə qəhrəmanı kimi gül dükanında satıcı işləyəndə ətrafdakı güllərin hamısından gözəl olan canlı bir gül qarşısında dayanmışdı və həmin qıza anındaca aşiq olmuşdu. Onda piştaxta arxasında oturub "Gənc Verterin iztirabları"nı oxuyurdu. Bu eşqin də sonu az qala intiharla bitəcəkdi... 

Sən yadıma düşəndə... Sən... O "Sən"in içində ata-anası da vardı, qovuşmadıqları sevgilisi də vardı, xoşbəxt günlər vardı, əziz, munis əşyalar vardı... İndi heç biri, heç biri yoxdu... Zaman gələcək, qapının ağzında donub qalmış o qərib qonaq da olmayacaq. Bu evin daşları, divarları isə həzin-həzin pıçıldayacaq:

Sən yadıma düşəndə...

Dünyaya təzədən gələ bilsəydi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!