Məstan və Mavru - Qəşəm İsabəyli

nağıl

1

 

Azərbaycan türkcəsiylə pişiyə "Məstan" deyərlər, balasına "Mavru". Bir Məstanın bir Mavrusu var idi. Dəcəllik, sözə baxmazlıq, özbaşınalıq Mavrunun xasiyyəti olmuşdu. Nə istəsəydi, onu da eləyərdi. Orta məktəbdə oxuyurdu, gəl ki, məktəbə getməklə arası yox idi. Anası onu oyadınca... oyada bilmirdi ki:

- Dur, Mavru, dur! 

- Xorrr...

- Dur, Mavru, dur!

- Qoyyy... ya-a-a-tııım... ana... xorrr...

- Dur, bala, məktəbə gecikərsən!

- Niyə dərslər 8-də başlayır, ana?!

- Neçədə başlasın, ay bala?!

- Xorrr...

- Az xorulda, Mavru.

- Niyə dərslər 8-də başlayır?!

- Neçədə başlasın, deyirsən?

- 10-da.

- Niyə 10-da?

- Yuxudan doymuram axı!

- Düz deyirsən!

- Ola-a-a-arrr 10-da?!

- Olsa, niyə olmur, əlbəttə, olar.

Mavru bu dəfə lap bərkdən başladı:

- XORRR...

- Dur, Mavru, dur!

- Demədin saat 10-da?!

- Mənim deməyimlə iş düzəlmir, gərək Təhsil naziri əmr eləyə.

- Təhsil Naziri nədi?

- Təhsilin, oxumağın başında duran adam.

- Acıqla mən Təhsil naziri olacam!

- Nə yaxşı!

- Əmr eləyəcəm, uşaqlar saat 10-da dərsə getsin.

- Niyə 10-da?

- Qoy doyunca yatsınlar, səhər yeməyi də yesinlər.

- Nə gözəl, nə gözəl!

- İndi hamı gözüyuxulu, qarnıac gedir məktəbə... Xorrr...

- Mavru?

- Həəə... xorrr...

- Hələ ki Təhsil naziri deyilsən, bala, dərslər də saat 8-də başlayır.

- Qoy... yatı-ı-ım... ana.

- Dur, Mavru, dur!

- Bəlkə bu gün getməyim?!

- Dur, Mavru, dur!

Tutuquşu qəfəsdə oturub, Mavruya baxırdı. Baxdı... baxdı... və birdən bağırdı:

- Dur... Mavru... dur! Dur... Mavru... dur!

- Ana, de ona, səsini kəssin, qulağım batdı!

Məstan güldü:

- Niyə deyirəm, mənə kömək eləyir.

- Dur... Mavru... dur! Dur... Mavru... dur!

Mavru dik qalxdı yerindən. Hirslə Tutuquşuya yumruq atdı:

- Kəs səsini!

Tutuquşu kəsmədi:

- Dur... Mavru... dur! Dur... Mavru... dur!

- Ana!

- Can!

- Tut, onu boğ?

- Niyə?!

- Ver, yeyim!

- Boğa bilmərəm, bala!

- Niyə?!

- Biz bir evdə yaşayırıq axı!

- Yaşayaq da!

- Görmürsən, Ağ Göyərçin oturub bizə baxır?!

- Baxsın da!

- Eşitmirsən, hər gün deyir: "Bir-birinizi incitməyin!"

Bülbül də bu yandan başladı:

- Cik... cik... cik... cik... cirik...

Biz də dərsə gedirik.

- Görürsən, Mavru, bülbül də dərsə gedir.

- Onun qanadları var, pırrr eləyib, uçub düşür məktəbə.

- Sənin də ayaqların var.

- Nə olsun?!

- Bülbül göydə uça bilir, amma sən yerdə qaçırsan, gizlənirsən, acanda ov eləyə bilirsən.

Mavru çantasını götürəndə Məstan tutdu qolundan:

- Əl-üzünü yu.

- Yudum.

- Barmağını isladıb, gözünün üstünə qoymaq haçandan əl-üz yumaq olub?!

- Bəsimdi.

- Heç olmasa, saçını dara!

- Daraqdan acığım gəlir?

- Niyə, daraq sənə nə pislik eləyib ki?!

- Başımı qıdıqlayır.

- Deməli, beynini yuxudan oyadır ki, dərslərini yaxşı oxuyasan!

- İstəmirəm.

- Mavru, saçını dara, yoxsa, toz-torpaq yığılacaq tüklərinin dibinə. Bir də görəcəksən, saçların dönüb olub meşə!

- Daha yaxşı. Qışda oduna pul vermərik. Başımdakı ağacları kəsərsən, yandırarıq ocaqda.

- Mən ağacları kəsənə qədər vəhşi bitlər bala çıxardar başında.

- Olsun!

- Saçlarının dibini yeyər, keçəl olarsan!

Tutuquşu güldü:

- Xa... xa... xa... Keçəl olarsan... xa... xa... xa... Keçəl olarsan...

- Kəs səsini! - Mavru çantanı aldı dalına.

- Ay ana, nə ağırdı bu, belimi sındıracaq, vallah?!

- Həəə... bala, oxumaq-öyrənmək azalandan sonra çantalar ağırlaşıb!

- Niyə axı?

- Ona görə ki, dərs kitabları çoxalıb.

- Niyə çoxalıb?

- Çünki hamı dərs kitabı yazır indi. Müəllimlər də bizi məcbur eləyir, pul verib, həmin kitabları alaq.

- Mən nazir olanda, bunu qadağan eləyəcəm.

- İnşallah!

Tutuquşu yenidən bağırdı:

- Xa... xa... xa... Keçəl olarsan... xa... xa... xa... Keçəl olarsan...

- Kəs səsini! - Mavru Tutuquşuya yumruq atıb, evdən çıxdı.

 

2

 

Mavru gedəndən sonra Tutuquşu da səsini kəsdi. Nəsə, təzə bir şey görmək üçün ora-bura baxmağa başladı. Axı hər şeylə maraqlanırdı.

On gün sonra Tutuquşu oturduğu yerdə diksindi. Hardansa qorxulu səslər gəlirdi:

- Xart... xart... xart...

Ora baxdı, bura baxdı, heç nə görmədi.

- Xart... xart... xart...

- Bülbül, o nə səsdi, elə bil ki, evin damını mişarlayırlar?!

- Mən də eşidirəm, amma tanıya bilmirəm, nəğmə olsaydı, tanıyardım.

- Xart... xart... xart...

- Ağ Göyərçin, o nə səsdi, elə bil ki, evin damını mişarlayırlar?

- Mavrudu.

- Mavru?! Neyləyir ki?

- Başını qaşıyır.

- Xart... xart... xart...

- Niyə qaşıyır?

- Bilmirəm.

Tutuquşu güldü:

- Xa-xa-xa... xart... xart... xart...

Mavru əli başında stolun altından çıxdı:

- Kəs səsini!

- Xa-xa-xa... xart... xart... xart...

Məstan içəri girdi:

- Sənə deyirdim axı, saçını dara, bit düşər!

- Xart... xart... xart... -  Mavru yazıq-yazıq soruşdu, - indi darasam, bitlər ölər, ana?

- Xeyr!

- Bəs neyləyim?! Başım yandırır axı, qaşıyıram da, kəsmir. - Xart-xart-xart...

Məstan əl atdı telefona:

- Salam, həkim, bir bizə gələ bilərsiniz?

- Xeyirdimi?

- Xeyir deyil, Mavrunun başına bit düşüb!

- Gəlirəm.

- Xart... xart... xart...

Tutuquşu güldü:

- Xa... xa... xa... xart... xart... xart...

- Kəs səsini! - Mavru qışqırdı.

Bir azdan qapının zəngi çalındı. Ağ xalatlı Ala Qarga əlində çanta içəri girdi.

- Salam.

- Xoş gördük, doktor!

Ala Qarğa başı ilə razılıq eləyib, Məstana göz vurdu:

- Hanı Mavrunun başı?

Mavru yazıq-yazıq dilləndi:

- Budur ey, iki çiynimin arasındadı.

- Hanı, görmürəm?

- Budur ey, - Mavru başını sağa-sola çevirdi, - doktor, tərpədirəm.

- Başın yerində deyil, Mavru!

- Niyə, yerindədi?!

- Olsaydı... bit düşməzdi! - Həkim Məstana göz vurdu.

- Budur ey, iki çiynimin arasındakı başım deyil, nədi bəs?!

Bu sataşmaqdan sonra həkim Mavrunun kefini açmaq istədi:

- Hətta Mavrunun çiyinləri də var.

- Əlbəttə, var. Yoxsa, çantanı hara keçirdərəm?!

Həkim mikroskopu çıxartdı. Diqqətlə Mavrunun saçlarının dibinə baxmağa başladı. Baxdı-baxdı və birdən "bahooo..." deyib, qaşlarını qaldırdı.

- Nə olub, doktor?! - Məstan soruşdu.

- Olan olub.

- Olan nədi, doktor?

- Gecikmisiniz?

- Dərmanı yoxdu bunun?! - Məstan qorxa-qorxa soruşdu.

- Dərmansız dərd olar?! Əlbəttə, var!

- Yazın da reseptini.

- Bu dəqiqə. - Həkim əl atdı telefona.

- Düüüt... Düüüt...

- Bəli.

- Salam, cənab bərbər!

- Salam, doktor! Başınızı qırxdırmaq istəyirsiniz, nədi?!

- Qırxılası baş olmağa başdı, amma... Mavrunu tanıyırsan?

- Bizim Məstanın oğlu Mavrunu?

- Bəli.

- O dəcəli, sözəbaxmazı kim tanımır ki?!

- Başına bit düşüb.

- Bi-it?! Oy-oy-oy... Bu dəqiqə gəlirəm.

Beş dəqiqə keçməmiş, Bərbər Şanapipik içəri girdi. Tez Mavrunun boynuna xalat taxıb, saçlarını qırxıb tökdü yerə.

- Buyur, bu sənin keçəlin, bu da şirinliyin, - Mavrunun başına çırtma da vurdu. - Keçəl... keçəl... noxudu keçəl!

Həkim Mavrunun keçəlinə yağ sürtüb, tənziflə sarıdı:

- Buyurun, Məstan xanım, hər axşam Mavrunun başını yuyub, bu yağla yağlayıb, sarıyarsınız.

- Allah sizdən razı olsun, doktor!

Həkim Ala Qarğa otaqdan çıxdı. Dalıyca da Bərbər Şanapipik əl çantasını götürdü. Məstana göz vurub, Mavruya baxdı:

- Keçəl... keçəl... noxudu keçəl!

Tutuquşu da onun səsinə səs verdi:

- Keçəl... keçəl... noxudu keçəl.

Bülbül də oxudu:

- Cik... cik... cik...

Cik... cirik...

Ağ Göyərçin Mavruya baxdı:

- Xrrrrr... - yəni, tez sağal!

Mavru düz bir ay küçəyə çıxa bilmədi. Niyə? Utandığından. Keçəl idi axı.

Anası Məstan çox fikirləşəndən sonra parik düzəltdirdi. Mavru başına qoyub, sevinə-sevinə getdi məktəbə. Axı yoldaşlarından ötrü bərk darıxmışdı.

 

16.11.2023-21.01.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!