Tut Budağı, Ərik Budağı və Sarı Bülbülün nağılı - ELÇİN

Knyaz: …yoxdu dünyada
bundan da qəmli dastan…
Şekspir. "Romeo və Cülyetta".                    

Qış qurtardı, yaz gəldi və Ana Tut Ağacı da yuxudan oyandı, sərin sudan içə-içə, günəşin altında qızına-qızına tumurcuqlamağa başladı və o tumurcuqlardan da biri boy ataraq sütül bir budaq oldu, sonra o sütül budaq da yarpaqlayaraq, gözgörəti böyüməyə başladı.

Ana Tut Ağacının başqa budaqları bu təzə Tut Budağına baxa-baxa heyrət edirdilər, çünki o, həmişə gülümsəyirdi, ancaq nəyə gülümsəyirdi? - bunu heç cürə başa düşə bilmirdilər, çünki bütün ətraf onların da hər gün gördüyü eyni ağaclar idi, göy üzündə eyni günəş, eyni ay idi, ulduzlar idi; heyrətlə baxırdılar, çünki o Tut Budağı elə sürətlə boy atırdı, yarpaqlayırdı və o yarpaqlar gün işığında elə par-par bir yaşıllıqla işıldayırdı ki, hətta o Ana Tut Ağacının çox yaz görmüş qart budaqları da bu işə heyrət edirdi - eyni Ana Tut Ağacı idi, eyni su idi, eyni hava idi və bu cür gülümsəyə-gülümsəyə işıldamağın, beləcə gözgörəti böyüməyin səbəbi nə idi? - heç cürə başa düşə bilmirdilər.

Onların başa düşmədiyini Ana Tut Ağacı yaxşı bilirdi: bəli, eyni günəş idi, eyni ay, ulduz idi, Ana Tut Ağacının torpağın dərinlərindən sovurduğu eyni su idi ki, budaqlarına paylayırdı, eyni hava idi ki, nəfəs alırdılar, ancaq bütün bunlarla bərabər, bir səbəb də var idi ki, o səbəb təzə Tut Budağına daha artıq istək, həvəs gətirir, daha artıq qüvvə verirdi və o istəyin, həvəsin, o qüvvənin adı - sevinc idi. 

O Tut Budağı bu dünyaya göz açdığı andan sevinirdi: sevinirdi ki, günəşin belə istisi var, sevinirdi ki, gecələrin bu cür ayı, ulduzları var, bütün ətrafda qış yuxusundan oyanmış ağaclar da onun çox xoşuna gəlirdi və sevinirdi ki, o ağaclar da tumurcuqlayır, yarpaq açır, qol-budaq atır, sevinirdi ki, torpağın cürbəcür yamyaşıl otu hər tərəfi bürüyürdü, güllər, çiçəklər açılırdı və gün işığının hərarəti ətrafdakı o yamyaşıl otu da, o gülü, çiçəyi də üşüməyə qoymurdu.

Məlum məsələdir ki, ağaclar gecələr yatmır, çünki payız başlayanda yuxuya gedib, bütün qışı da yatıb yuxularını alırlar, ancaq quşlar gecələr yatıb, sübh tezdən oyanırlar və Tut Budağı sevinirdi ki, o quşlar sübh tezdən o cür gözəl nəğmələr oxuyur, sevinirdi ki, hardasa yaxınlarda axan çayın şırıltısı gəlib ona da çatır, axşam düşəndə qurbağaların quruldamasını, cırcıramaların cırıldamasını eşidir.

Tut Budağı, əslində, özünün bu cür gözgörəti böyüməyinin fərqində deyildi - onu sərin sudan da, günəşin istisindən də artıq bu sevgi, bu sevinc beləcə sürətlə böyüdürdü və Tut Budağı bunu adi, təbii bir şey hesab edirdi, elə bilirdi ki, elə-belə də olmalıdır.

Ana Tut Ağacı bunları öz budaqlarına deyə bilmirdi, çünki ağacların dili yoxdur, onlar ancaq hiss edirlər və başqa budaqlar da gərək bunu hiss edəydilər, ancaq başqa budaqlar qış yuxusundan sonra ən çox sərin suyu, bir də gözəl günəşin istisində qızınmağı xoşlayırdılar. Onlar Ana Tut Ağacının hiss etdiyini, yəqin, bir də ona görə hiss etmirdilər ki, o budaqlar hər gün öz yarpaqlarını sayırdılar və hər budağın da ən böyük arzusu, istəyi öz yarpaqlarının başqa budaqlardakı yarpaqlardan çox olması idi.

Ana Tut Ağacı təzə Tut Budağının bu sevincini hiss edir və sevinirdi ki, bu Tut Budağı dünyanın ən xoşbəxtidir.

Tut Budağı özü də özünü dünyanın ən xoşbəxti hiss edirdi və bu xoşbəxtlik içində bir ərəfə hissiyatı da var idi - o ərəfə hansısa gözəgörünməz başqa bir xoşbəxtlikdən xəbər verirdi.

Gözəl gecələrin birində Tut Budağı göy üzünü bürümüş ulduzlara, aya baxa-baxa xəyala dalmışdı - onun xəyal aləmi ancaq gündüzlər gördüklərini yada salıb sevinmək idi, çünki həyat onun üçün yalnız bundan ibarət idi.

Və Tut Budağı xəyala daldığı həmin gözəl gecə heç bilmədi ki, səhər necə açılmağa  başladı və onu o xəyal aləmindən həmin ana qədər heç vaxt eşitmədiyi bir quş nəğməsi çıxartdı.

Tut Budağı zərif yarpaqlarını qaldırıb ətrafa boylandı ki, bu gözəl nəğməni oxuyan quşu görsün, ancaq sübh çağının ala-toranında quşu görə bilmədi, quş isə o gözəl nəğməsini öt ki, ötürdü və yalnız hava tamam işıqlananda Tut Budağı nəhayət ki, o balaca sarı quşu - Sarı Bülbülü gördü.

***

O Ana Tut Ağacından bir az aralı, üzbəüzdə bir Ərik Ağacı da qış yuxusundan oyanıb, yarpaqlamışdı və Sarı Bülbül o Ərik Ağacının da bu yaz pırtlayıb boy atmış bir budağına qonub, bitmək bilməyən o gözəl nəğməsini oxuyurdu.

Sarı Bülbül Ərik Budağının təptəzə qırmızımtıl-yaşıl yarpaqları arasından güclə görünürdü, ancaq Tut Budağı Sarı Bülbülün nəğməsinə qulaq asa-asa, qəribədir, Sarı Bülbülə yox, heç özü də bilmədən o təzə Ərik Budağına baxırdı və həmin anlarda o Ərik Budağının da yarpaqlarından bir titrəyiş keçdi, onun qırmızımtıl-yaşıl yarpaqları diksinərək dikəldi.

Tut Budağı dünyaya gözünü açandan o böyük Ərik Ağacını görmüşdü və o Ərik Ağacının yarpaqlarının rəngini çox bəyənmişdi, o rənglər də Tut Budağına sevinc gətirirdi, indi də Tut Budağı o Ərik Budağına baxa-baxa eləcə sevinc hissinin içində idi, ancaq indi bu sevinc hissinə nəsə başqa bir hiss də qarışmışdı, Tut Budağı isə bunun hansı hiss olduğunu bilmirdi.

Tut Budağına elə gəlirdi ki, ilk dəfədi belə bir Ərik Budağı görür və anlaşılmazı da bu idi ki, Tut Budağı baxışlarını o Ərik Budağından heç cürə çəkə bilmirdi.

Sarı Bülbülə vəhy gəlmişdi, nəydi? - dayanmaq bilmədən dünyanın ən gözəl nəğməsini oxuyurdu, ancaq Ərik Budağı Tut Budağına baxa-baxa Sarı Bülbülün nəğməsini, elə bil, eşitmirdi, halbuki sübh tezdən Sarı Bülbül uçub gəlib ona qonanda və sübh nəğməsinə başlayanda Ərik Budağı çox fərəhlənmişdi, hətta qürurlanmışdı ki, Sarı Bülbül onu seçib, ona qonub və elə bil, bu nəğməni də onun üçün oxuyur. 

Ərik Budağı ilə Tut Budağının baxışları bir-birinə zillənmişdi, onlar baxışlarnı bir-birlərindən ayıra bilmirdilər və elə bil, bu dəm həmin baxışlardan başqa da nə isə istəyirdilər, nə isə çatışmırdı, ancaq onlar bir-birlərinə baxmaqdan başqa nə edə bilərdilər?

Və elə bu vaxt Sarı Bülbül qəflətən susdu, hər tərəfə sükut çökdü, ancaq bu sükut həmişəki sükutdan fərqli idi - fərq nədə idi? - Tut Budağı da, Ərik budağı da bunu bilmirdi, ancaq o fərqi hiss edirdilər və Sarı Bülbül qəflətən də havaya qalxıb, ağacların arasında dövrə vurdu, sonra da eləcə qəflətən uçub o Tut Budağına qondu.

Qəribədir, Sarı Bülbül onların bir-birinə zillənmiş baxışlarını görmüşdü?

Yəni quşlar ağacların baxışlarını  görə bilir?

Onda bəs, Sarı Bülbül niyə o böyük, o qollu-budaqlı tut ağacında həmin Tut Budağına qondu?

Və Sarı Bülbülün balaca və zərif caynaqları Tut Budağını qucaqlayanda, budağa elə gəldi ki, Ərik Budağı ona toxundu və bu hiss onun daxilindəki sevincə elə təsir etdi ki, elə bil, o sevinc də bir zəmi idi, birdən-birə çiçəklədi, gül açdı - bu, elə güclü bir duyğu oldu ki, hətta bayaqdan Sarı Bülbülün nəğməsinə qulaq asa-asa mürgüləyən Ana Ağac da diksindi, əvvəlcə Tut Budağına, sonra bütün ətrafa baxdı, ancaq bir şey görmədi, heç nə də başa düşmədi - yəqin ona görə ki, daha qccalmışdı və dünyanın qəribə işləri artıq onun yadından çıxmışdı.

Sarı Bülbülün Tut Budağını qucaqlamış incə caynaqlarından gələn hərarət günəş istisinin hərarəti deyildi, bu, nəsə, başqa bir duyğuydu və bu duyğuda bir doğmalıq var idi, bu duyğu Tut Budağının bütün varlığına yayılırdı, bu duyğuda o doğmalıqla bərabər, xoş bir naməlumluq da var idi - bəlkə bu, həmin ərəfə hissiyatının davamı idi? - ancaq Tut Budağı elə bir həyəcan içində idi ki, heç nə fikirləşə bilmirdi.

Sonra Sarı Bülbül yenə nəğməsinə başlayıb, o sükutu pozdu, bir müddət də o gözəl nəğməni ötdü, sonra birdən susub, pırıltıyla havaya qalxdı və uça-uça gözdən itdi, ancaq Tut Budağı istəmirdi ki, Sarı Bülbül uçub getsin, Tut Budağı istəyirdi ki, Sarı Bülbül təzədən Ərik Budağına qonsun və onun balaca, zərif caynaqları Tut Budağının deyə bilmədiklərini Ərik Budağına çatdırsın.

Ərik Budağı da uçub gedən Sarı Bülbülün ardınca baxdı və onun qırmızımtıl-yaşıl yarpaqları xəfifcə titrədi, çünki Ərik Budağı da istəmirdi ki, Sarı Bülbül uçub getsin, Ərik Budağı da istəyirdi ki, Tut Budağından qalxan Sarı Bülbül yenə gəlib ona qonsun.

Tut Budağı, əlbəttə, Ərik  Budağının yarpaqlarının o titrəyişini elə o andaca gördü, ancaq bu, təkcə görmək deyildi, çünki o titrəyiş, elə bil, nəsə çox yüngül, çəkisiz bir meh kimi Tut Budağına tərəf əsirdi və o çəkisiz meh, elə bil, Sarı Bülbül uçub gedəndən sonra Tut Budağına təskinlik vermək üçün əsirdi.

Günəş günorta yerinə gəldi, sonra əyildi, axşam düşdü, gecə gəldi və  Ərik Budağı qaranlıq içində daha görünmədi.

Tut Budağı bilirdi ki, nə qədər baxsa da, qaranlıqda Ərik Budağını görməyəcək, ancaq baxışlarını o səmtdən çəkə bilmirdi və Tut Budağı bunu da hiss edirdi ki, Ərik Budağı da o qaranlıq içində ona tərəf   baxır.

Tut Budağı heç özü də bilmədi ki, yavaş-yavaş necə xəyala daldı, ancaq bu dəfə onun xəyal aləmi yalnız gündüz gördüklərini xatırlamaqdan ibarət deyildi - birdən-birə ona elə gəldi ki, yarpaqları Ərik Budağının yarpaqlarına toxundu.

Bu, o qədər gözəl bir hissiyat idi ki, Tut Budağı o hissiyatdan ayrılmaq istəmirdi, ancaq bu hissiyatı yavaş-yavaş bir qəm, qüssə, kədər bürüdü, çünki Tut Budağı başa düşürdü ki, bu xəyal həmişə xəyal olaraq da qalacaq və onların yarpaqları heç vaxt bir-birlərinə toxunmayacaq.

Və bu vaxt Tut Budağı yenə o Sarı Bülbülün nəğməsini eşitdi - sübh çağının ala-toranında Sarı Bülbülün ancaq qaraltısı görünürdü, ancaq Tut Budağı nəğməsindən tanıdı ki, bu, onların Sarı Bülbülüdür və Sarı Bülbül yenə Ərik Budağına qonmuşdu.

Sonra Sarı Bülbül bir xeyli nəğmə ötəndən sonra qəfil pırıltıyla havaya qalxıb, Ərik Ağacı ilə Tut Ağacının arasında dövrə vurub, onu gözləyən Tut Budağına qondu və yenə o gözəl nəğməsinə başladı.

Sarı Bülbül o nəğməsində nə deyirdi? - Tut Budağı quşların dilini bilmirdi, ancaq Sarı Bülbül o nəğməni ötdükcə, Tut Budağına elə gəlirdi ki, elə bil, bu nəğməni ona Sarı Bülbülün gözəl səsiylə Ərik Budağının özü oxuyur.

Sarı Bülbülün zərif caynaqlarındakı o hərarət, əlbəttə, Ərik Budağından gətirdiyi hərarət idi və Tut Budağı bunu bütün incə varlığı ilə duyurdu. Tut Budağı bunu duyduqca, elə bil, onun içinə işıq dolurdu, elə bil, o, hava ilə yox, gün işığı ilə nəfəs alırdı.

Sarı Bülbül nəğməsini kəsdi, bir neçə an ətrafa çökmüş sükuta qulaq asdı və havaya qalxdı, uçub getdi, ancaq dünyanın ən gözəl işi o oldu ki, bir müddətdən sonra Sarı Bülbül yenə uçub gəldi, yenə Ərik Budağına qonub, nəğməsinə başladı, yenə havaya qalxıb, ağacların arasında bir dövrə vuraraq uçub zərif caynaqları ilə Tut Budağını qucaqladı və yenə nəğməsinə başladı.

***

Bundan sonra hər gün səhərin gözü açılmamış Ərik Budağına qonmuş Sarı Bülbül nəğməsini başlayırdı, sonra uçub Tut Budağını qucaqlayırdı və Sarı Bülbül, elə bil, zərif caynaqlarının məhrəmliyi ilə Ərik Budağının danışa bilmədiyi sözləri Tut Budağına çatdırırdı - o zaman Tut Budağının incə varlığını elə bir həyəcan bürüyürdü ki, Ana Tut Ağacı da bu həyəcanı duyurdu və təəccüb edirdi, çünki Ana Tut Ağacı belə hissiyatlardan uzaqlarda idi - indi o, kökləri ilə torpağın dərinlərinəccan atırdı ki, oradan doyunca su, gübrə çəkib, budaqlarına ötürə bilsin və çoxlu tut yetişdirsin.

Sarı Bülbül o gözəl nəğməsini oxuduqca, elə bil, Ərik Budağındakı yarpaqların  qırmızısı, yaşılı gün işığında daha artıq işıldamağa başlayırdı və bir-birinə qarışan o rəngbərəng işartı Tut Budağının bütün varlığına yayılırdı.

Sarı Bülbül hər səhər beləcə uçub gəlirdi və Ərik Budağı da, Tut Budağı da səhəri beləcə onun nəğməsi ilə açırdılar, ancaq bir gün sübh alatoranı da işıqlandı, gün də çıxdı, günorta da oldu - Sarı Bülbül uçub gəlmədi. Tut Budağı da Ərik Budağı da yarpaqlarını  qaldırıb bir-birlərinə baxa-baxa Sarı Bülbülü gözlədilər, ancaq sarı Bülbül gəlmədi.

Bir gün də keçdi, iki gün də keçdi, üç gün də keçdi - Sarı Bülbül gəlmədi və hissiyatı Tut Budağına dedi ki, nəsə olub, Sarı Bülbül bir də heç vaxt uçub gəlməyəcək, bir də heç vaxt Ərik Budağına qonub nəğməsini başlamayacaq, zərif caynaqları ilə onu qucaqlayıb, Ərik Budağının dediklərini ona çatdırmayacaq.

Ərik Budağı ilə Tut Budağı bütün günü yarpaqlarını qaldırıb bir-birlərinə baxırdılar və Ərik Budağının yarpaqlarındakı o rəngbərəng işartı gündən-günə solmağa başlamışdı.

Tut Budağı bunu görürdü və onun incə varlığını başdan-başa bir qüssə bürümüşdü - bu qüssə içində onun öz yarpaqları da solmağa başlamışdı.

Başqa tut budaqları təəccüb edirdilər ki, payız hələ gəlməyib, Tut Budağının yarpaqları niyə  indidən solmağa başlayıb və əlbəttə, heç nə başa düşmürdülər.

Tut Budağının daha gücü çatmırdı ki, yarpaqlarını qaldırıb Ərik Budağına baxsın və o, yenə xəyala dalmaq istəyirdi, istəyirdi ki, yenə yarpaqları Ərik Budağının yarpaqlarına toxunsun, ancaq daha heç cürə xəyala da dala bilmirdi.

Ana Tut Ağacı Tut Budağını bürümüş bu qüssəsini hiss edirdi və bunu payızın yaxınlaşması ilə yozurdu, fikirləşirdi ki, eybi yox, payız bitəcək, sonra qış gələcək, Tut Budağı yatacaq, yazda yuxudan oyanıb təzədən yarpaqlayacaq, böyüyəcək, sevinəcək.

***

Yay bitdi, payız gəldi, sonra qış, sonra da növbəti yaz gəldi və qupquru  qurumuş Tut Budağı daha tumurcuqlamadı

Həmin yaz Ana Tut Ağacı həmişəkindən daha artıq qol-budaq atmışdı, qayğıları çoxalmışdı, yəqin buna görə də keçən ilki kiçik bir budağın quruması onun üçün elə də mühüm bir hadisə olmadı və Ana Tut Ağacının bundan da xəbəri olmadı ki, üzbəüzdəki o Ərik Ağacının keçən ilki bir budağı da qupquru quruyub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!