Elman müəllim iyirmi nəfərlik bir şöbənin müdiridir. Xasiyyətilə iş qaydası xoş bir harmoniya yaradır. Yüksək mədəniyyəti, xeyirxahlığı, işgüzarlığı məndə ona qarşı rəğbət hissi oyatmışdı. Biz ayrı-ayrı şöbələrdə işləsək də, vaxtaşırı görüşməli, hansısa tapşırığın həllini birlikdə aramalı oluruq. Bildiyini qarşı tərəfə ötürməyindən məmnunluq duyandır, Elman müəllim. Belə məsul vəzifə sahibinin məsləhətlərindən faydalanmaq fürsətini əldən verməməyə çalışıram. Mən, necə deyərlər, bir köynək aralı - oyanlığam. İndi gör, ona tabe olan doğma işçiləri nə qədər xoşbəxtdirlər.
Elman müəllim söz zərbəsindən zərər verməyən incə zarafatı da xoşlayandır. Adımın əvvəlində "mir" təyinatı olduğu üçün həmişə mənə "Seyid" deyə müraciət edir. Bu, ona işarədi ki, mənim şəcərəm yüz illəri aşıb Peyğəmbərin nəslinə bağlanır. Dəqiqliyini bilməsəm də, qəbul edirəm. Həmişə dolaşıq işlərin qaydasına düşməsi xatirinə dualarımı əsirgəmirəm. Deyəsən, dualarım düşərli olur.
Vacib iş üçün yenə yolumu Elman müəllimin müdir olduğu şöbədən salmalı oldum. Balaca kresloları ilə hələlik kifayətlənən qadınlı-kişili, işçilərin hamısı yerində idi. Üzlərində, gözlərində başaçılmaz qəribə bir ifadə vardı. Sanki hamısı eyni şeyi düşünürdü. Dəyişikliyə əhəmiyyət vermədim, şən halda dilləndim:
- Müdir yerindədirmi?
Kimsə "yoxdur", - deyə cavab verdi. Otaqdakıların gözləri mənə dikilmişdi. Dünyadan geri qalmış adamın xəbərsizliyindən təəccüblənirdilər. Hər halda, baxışlar belə deyirdi. Diqqətlə fikir verdikdə, bu baxışlar bir neçə qatdan keçib gəlirdi. Öndəki qatda süni kədər, arxadakında isə gizli sevinc vardı. Dedim:
- Gecmi gələr?
Hamı susqun olsa da, ümumi otaqdakılardan başqa, birisi sükutu pozdu:
- Bilmək olmaz...
Düşündüm: görəsən, bunlar niyə belə üzdə pıçıltılı, dərində qılçıqlı danışırlar? Aydınlıq üçün bir addım da atdım:
- Belə gözəl adamın məsləhətini eşitmədən keçinə bilmirəm. Gözləyirəm, harda olsa, indilərdə gəlib çıxar.
Otaqiçi adamlardan daha bir başqası dumanın əriməsinə kömək etdi:
- Yorularsınız. Onun qayıdıb gəlməsinə ehtimal... - Sözünün arxasını gətirmədi. Deyəsən, bəd xəbərin ilk müəllifi olmaq istəmirdi.
Kimsə kədərə bürünmüş sevincini büruzə verdi:
- Axşam Elman müəllimin qəflətən halı dəyişib, onu əməliyyata götürüblər. Səhih məlumatı xəstəxanadan almaq olar. Alın yazısı... Hələ indiyədək onun yazısını pozan tapılmayıb. İnşallah, hər şey salamatçılıqla qurtarar. Siz də hüzuruna gəlib məsləhətini alarsınız.
Axırıncı cümlə məni inandırmadı. Çünki ürəkdən səslənmirdi. Elman müəllim kimi xeyirxah bir adamın təhlükə ilə üzləşməsi mütləq bu hissi yaşayanı dərindən kədərləndirməliydi. Necə ki, bəd xəbər məni məngənəsində sıxdı. Dalana dirənən tale, sınaqla üzləşən alın yazısı məni, Elman müəllimin təbirincə desəm, "Miri"ni bərk həyəcanlandırdı. Belə gərgin məqamda sınaqlı "Seyid"in əlindən nə gələrdi? Əlbəttə, dua oxumaq, Tanrıya əl açıb təhlükədə olan yaxşı adama şəfalar diləmək. Qoşa əlim göyə doğru açıldı, dilim səsləndi:
- İlahi, öz böyüklüyün xatirinə, bu gözəl insandan şəfanı əsirgəmə!..
Otaqdakı adamlardan xorla "Amin!" sözü eşitmək istədim. Çoxluğun duası daha keçərli olardı. Amma heç kim mənim duama qoşulmadı. Təəccübləndim, gözlərimə və qulaqlarıma inanmadım. Ya mən duanı çox astadan demişdim, ya da onların qulaqları ağır eşidirdi. Əksinə, hiss etdim ki, hamısı mənə nifrətlə baxır. Niyə belə olsun? Səbəb nə idi? Onların sifətlərinə diqqət kəsildim. Bundan sonra hər şey mənə aydın oldu.
Alın yazısı... Deyirlər, insanın taleyi Tanrı tərəfindən alnına həkk olunur. Ömür, şərəfli və ya şərəfsiz, bu yazılardan keçib sona yetir. Kənardan ona dəyişiklik etmək cəhdləri gec-tez fənaya uğrayır. Tamah, şəxsi təmənna insanı Tanrı yazısına müdaxilə etməyə, özünə xeyir eləyən düzəlişə vadar edir. Bu, nə qədər doğrudur? Deyə bilmərəm. Ancaq araşdırıcı duyğu dəyişən, yamanlığa yuvarlanan insanı tanımağa kömək edir.
Mən bir otaqlıq işçini həmişə müdirlərinin başına pərvanə kimi dolanan görmüşdüm. Rəhbərlərinə tərif deməkdən dilləri qabar bağlamışdı. Açığını deyim ki, dəfələrlə bu şit, yersiz təriflərdən vaz keçməyə işarələr vurmuşam. Adamın başı üstündə Allah var, heç Elman müəllimin də belə pərvanəlikdən xoşu gəlmirdi. Hələ bu barədə erkəkli-dişili - bəyli-xanımlı, neçəsinə iradını da bildirmişdi. Di gəl, kimə deyirsən, onları tərif yarışının süni peykliyindən kənarlaşdırmaq mümkün olmurdu. Bir mahnının bir misrasını təkrarlamaqdan yorulmurdular: "İcazə ver, mən dolanım başına". Özü də yalınqat yox, kreslo ilə birlikdə.
Hə, mən Allahdan xəstəyə şəfa diləyəndə bir otaqlıq işçilər siyasi məqam seçdilər - "Qoşulmayan ölkələr bloku" kimi on qramlıq dillərini hərləyib "Amin!" deməyə yaxın durmadılar. Və bu anda onların xəbərçi gözlərini arxa plana ötürüb, bir az yuxarı boylandım. "Alın" adlı qaş ilə baş arasında olan meydançalarını nəzərdən keçirdim. İlahi, onlar mənə necə də nifrətlə baxırdılar!.. Başa düşürəm. Zənn edirdilər ki, günaha batmadığım üçün Allah tərəfindən mənim duam tez tutula bilər, xəstə şəfa tapar.
Alın Allahın yazısını özündə əks etdirən bir lövhədir. Şəxsi təmənna ehtiras atını minmişdi. Onlar Allahın insanın necə yaşayacağı barədə tale yazısını ört-basdır edərək, arxivə vermiş, gündəliyə öz arzularını gətirmişdilər. Bu afişalarda ifşa olunmaqdan çəkinməyərək qəlblərinin quyusunda gizlədikləri niyyətlərini önə çıxarmışdılar. Onların hər birinin qurama alın yazılarını hərifaçar arxeoloq kimi asanca oxuyurdum: "Müdirlik kreslosu ancaq mənim olmalıdır!" Nəfs, mənəmlik ehtirası ofsunagəlməz ilan kimi baş qaldırmışdı. Hələ boşalmağı sual altında olan kresloya qarşısıalınmaz həvəs nə ilə bağlı idi? Ariflər üçün onun da cavabı bəllidir. Onlara görə, sərvət toplamaq, daha iri kresloya sahiblənmək, məşuqələr meşəsində ova çıxmaq o sehrli - möhürlü məkandan asılıdır.
Üç gündən sonra telefonuma Elman müəllimin zəngi gəldi. Bir az zəif, bir az nikbin səsini eşitdim:
- Salam, ay Seyid, necəsən? Mən iş başındayam. Eşitdim, dua oxuyub Allahdan mənə şəfa diləyibsən. Yaxşı əməl sahibisən ki, duan tutulubdu. Aydınlaşdırmaq istədiyin bir məsələ varsa, buyurub gələ bilərsən.
"Elə bil ki, dünyanı mənə verdilər". Bu fikri kimsə illər öncəsi səsləndirib. Elə bu məqamın sevincini, yaşantısını ifadə etmək üçün səsləndirib. Onu yenidən təkrar etmək mənə xoş oldu.
Nə yaxşı ki, Tanrı alın lövhəsinə həkk etdiyi öz yazısının üstündə durdu. Durmasaydı, daha ona Allah deməzdilər ki... Tarix də belədir. Orijinala saxtakar yanaşmalar alınmır ki, alınmır.
Bir-iki dəqiqədən sonra "dünyanı çiynimə alıb" yaxşı əməl sahibi ilə görüşəcəyəm. Halına acıdıqlarım da var. İndi görəsən, otaqdakılar hansı hissləri yaşayırlar? Bir azdan bunun şahidi olacağam. Deyirəm, insan da həndəsə elmi kimi çoxüzlü, çoxbucaqlıdır. Öyrənməsən, sinifdən-sinfə, kursdan-kursa adlaya bilməzsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!