"Çaylar dənizlərin analarıdır" - Fəxrəddin Teyyub

"Cənub mirvarisi" adlanan Lənkəranın ən böyük kəndində - Boladidə dünyaya göz açıb "bölgədən boylanan ölkə şairi" - Şəkər Aslan. Ulu Nizaminin xələfi kimi bütün ömrünü Lənkəranda yaşadı. Lakin sənətkar şöhrəti, şair qüdrəti ölkəmizdən uzaqlarda da eşidildi, duyuldu. Anamız Azərbaycanın ən əsrarəngiz guşələrindən biri kimi Lənkəranın poetik vəsfini bu gözəlliyə layiq sənətkar məharəti ilə bədii sözün aynasında canlandırdı:

Lənkəran bir gözəldir

bəzənir

Xəzər adlı güzgünün

qabağında...

Cənub bölgəsinin ən tanınmış şairlərindən biriydi Şəkər Aslan. Qələmə aldığı bütün şeirlər bədii-ictimai siqləti, poetik predmetə yanaşma məharəti baxımından seçilir. Təbiəti duymaq, mövzuya məxsusi ictimai-poetik səciyyə aşılamaq qüdrəti Şəkər Aslanın şair istedadının ən parlaq təzahürlərindəndir. Ədəbiyyatımızda, xüsusilə poeziyada dəfələrlə işlənmiş təbiət hadisəsinə yeni rəng, yeni məzmun qataraq, onu orijinal poetik kəşf kimi təqdim etmək bacarığı da Şəkərin sənətkarlıq cizgilərini əyaniləşdirir.

Kükrəyir dağ çayı, baxır kəndimiz,

Köpüklər elə bil qışın qarıdır.

Min-min belə çaydan yaranıb dəniz,

Çaylar dənizlərin analarıdır.

Görkəmli şair yaşadığı dövrün bədii salnaməsini yaradırdı. Yaşadığı zamanın nəfəsi, müasirlərinin duyğu və düşüncələrinin bədii ifadəsi ilə yanaşı, həm də əməksevər adamın yurdsevərlik və milli-mənəvi cəhətləri onun şeirlərinin aparıcı xəttidir. Bəzən onun şeirlərinin bircə bəndi ilə zamanın, dövrün havası, ictimai həyatın bədii mənzərəsi ilə tanış olmaq olur. Poetik nəfəsin təravəti zamanın, tarixin xatirələrini solmağa qoymur…

O zərif əlləri qoy bir də sıxım,

Onlarda zəhmətin göynəyi, izi.…

Nə vaxt stəkana dəyir dodağım, -

Elə bil öpürəm əllərinizi.

Lənkəranın çay yığan qızlarına həsr olunmuş bu misralarda həyatın nəfəsi, zamanın nəbzi və sənətkar məharəti poetik tablo yaradıb.

1941-1945-ci illərin müharibə ağrısını şair özünəməxsus notlarla oxucuya çatdırır. Yığcamlılıq, səmimi ifadə tərzi, poetik nəfəsin canlılığı Şəkərin bütün şeirlərinə olduğu kimi, bu misralarda da öz səciyyəsini qoruyur.

Bir zamanlar bu yerdə

Atam oda giribdir.

Onu düşmən gülləsi

Burda yerə səribdir.

Düşünürəm, fikrimə

Görün nə gəlir indi?

Ata döyüşən yerdə

Oğul dincəlir indi.

"Atam döyüşən yerdə" adlanan şeirdən nümunə gətirdiyim misraların poetik ovqatı bu günlə səsləşir elə bil. Şeirin bədii ümumiləşdirməsi çox mükəmməl və yaddaqalandır. Şeirdəki ideya poetik özünüifadənin mahiyyətini yüksək bədii dəyər kimi təqdim edir. Atalar müharibə alovlarına ona görə qatlaşır ki, övladları, yəni gələcək nəsillər firavan yaşaya bilsinlər. Fədakarlığın, vətənpərvərliyin poetik dəyərə çevrildiyi mənzərənin şahidi olur oxucu bu şeirdə.

Şəkər Aslan ənənəvi poeziyamızda həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəxas orijinal düşüncəylə yanaşan şair idi. Onun yaradıcılığı milli-mənəvi dəyərlə bağlılığı, poetik axtarışların sanbalı, obrazlı orijinal düşüncələrin zənginliyi aspektindən böyük sənət səciyyəsi daşıyır.

Şairin bədii nümunələrində mövzu və forma dolğunluğu, emosional və yığcam ifadə tərzi, poetik vasitələrin rəngarəngliyi, onun qüdrətli sənətkarlıq bacarığının mühüm atributlarındandır. Şəkər Aslan səciyyəvi poetik nəfəsə, məxsusi intonasiyaya və diqqətçəkən dəst-xətti ilə seçilən söz ustadı idi. Ərsəyə gətirdiyi poetik nümunələr öz istinad obyektinə və bədii qaynaqlarına görə milli lirikamızın yaddaqalan əsərləri sırasındadır.

Şəkərin yaradıcılığında lakonizm çox vaxt əsas ideyanın, ədəbi qayənin açılmasında bədii vasitə kimi çıxış edir. Onun bir çox şeirlərində koloritli bədii dil, orijinal və gözlənilməz fikir tutumu, təzə rəng çalarları, həmçinin emosional ruhuyla yadda qalır.

Dəniz dalğa-dalğa diz çökər ona,

Dəniz üfüq-üfüq əyilər, sınar.

Balıqçı qəlbinin tufanlarına

Bir təmiz, bir kövrək sevgi sığınar.

Bu misralar şairin poetik təfəkkürünün zənginliyini, bədii düşüncəsinin dolğunluğunu, bütövlükdə sənətkarlığını ehtiva edir. Şəkər Aslanın poetik yaradıcılığı elat düşüncəsindən daha çox ürbanist düşüncəni özündə əks etdirir. Bu fakt görkəmli söz ustadının dünya ədəbi praktikasına dərindən bələdliyi, həmçinin təfəkkür etibarilə poetik çevikliyə önəm verməsindən doğur.

Bu gün şəhərdə yoxsan,

Nə qədər darıxdırır

Yollar, küçələr məni.

Heç nə görə bilmirəm;

Əlinlə bağlamısan

Sanki hər pəncərəni...

Şairin poetik nümunələrində epitetlər, təşbehlər, metaforalar, həmçinin obraz zənginliyi qarşılaşdırılan məfhumların məna və məzmun genişliyində ehtiva olunur. Sadalanan bu bədii komponentlər şairin təqdim etdiyi ideyanın, fikrin məharətli poetik ifadəsində məxsusilik qazanır.

Xəzərin sahilində gözəl kimi güzgülənən Lənkəranda daim qaynar ədəbi mühit olub. Hələ XIX əsrdə "Fövcül-füsəha" ədəbi məclisinin fəaliyyəti bunu ədəbi fakt kimi təsdiqləyir. Burada söz sənətinə, bədii yaradıcılığa böyük həvəs olduğu kimi, ciddi məsuliyyət və tələbkarlıq prinsiplərinə də həmişə riayət olunub. Bu ədəbi ciddiyyəti, sözə ehtiramı qoruyan bölgənin müqtədir söz ustadları - Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Vaqif Hüseynov, Əlisa Nicat, İltifat Saleh və başqaları olmuşdur.

Haşiyə: 1978-ci ildə "Ulduz" jurnalında şeirlərim işıq üzü görmüşdü. Bu yaradıcılıq sevincini yaşadığım günlərdə daha bir xoş xəbər eşitdim. Lənkəranda çıxan "Leninçi" (indiki "Lənkəran") qəzetində tanınmış şair, qəzetin redaktoru Şəkər Aslanın mənim haqqımda yazdığı "Uğurlu yol" məqaləsi dərc olunmuşdu. Bu xeyirxah addım görkəmli şairin gənc həmkarına qayğısıyla bərabər, ürəyinin genişliyinə, alicənablığına dəlalət edirdi. Sonralar Şəkər müəllimlə hər dəfə görüşəndə bu böyük şairin səmimi münasibətinə, işıqlı şəxsiyyətinə heyran olurdum. Onun insan kimi, şair kimi, ziyalı kimi bir məktəb olmasına əminlik hasil edirdim.

Bu gün də Lənkəranda ədəbi mühit öz qaynar havasını qoruyur. Maraqlı odur ki, şair, ustad Şəkər Aslanın ədəbi ənənələri davam etdirilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!