Div olanda noolar... - Günel Şamilqızı

Povest

O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü.

Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.

Məlikməmmədin hər iki qardaşı ayrı-ayrı vaxtlarda, hərəsi bir ayrı cür qaranlıq gecədə ziyankarı güddü. Oğru adam olmasa da, ən azı, adamlar kimi qorxuda bildi qardaşları. Almalar da onların sağ qalması üçün rüşvət oldu.

Atası Məlikməmmədi yanına çağıranda artıq qardaşların "yatıb yuxuya qalmaq" söhbəti ona da qəribə gəlirdi. Çünki içlərində ən ağciyər qardaş özü idi. Bilirdi ki, qorxu adamı gic eləyəndə nəinki yatmaq, əl-ayağını uzadıb rahatca ölmək də mümkün deyil.

- Bu gecə növbə sənə çatır.

Padşah ikinci cümləsini deməyə macal tapmamış Məlikməmməd etiraz elədi:

- Bu nağıl deyil, hər kəs təkbaşına qəhrəmanlıq göstərsin. - Sonra qardaşlarına sarı döndü, - Gəlin oğrunu bir yerdə güdək.

Qardaşlar hərəsi bir bəhanə ilə boyun qaçırdı. Bilirdilər ki, Məlikməmməd qorxaqdı, birlikdə getsələr, onlara arxayın olub gözləyəcək, torba-torba alma sirlərinin də üstü açılacaq. Amma tək qalsa, bir az gözləyib, gecə yarı qaçacaq evə.

Məlikməmməd başa düşürdü vəziyyət qəlizdi, onsuz da, adı qorxaq kimi çıxıb, bir az da xalın-gülün vurmasın deyə, özünü toplayıb getdi. Bəd ayaqda o da qardaşlarının üsulundan istifadə edəcəkdi.

Axşam yerini gecəyə təhvil verəndə gördü dizləri əsir, barmağını kəsdi ki, yaranın göynəməsinə bəlkə bu qorxaqlıq yadından çıxar. Yaxşı-yaxşı göynəsin deyə, lap duz da səpərdi. Amma gecəyarı bu bağda, qaranlıqda duz nə gəzir? Yaxşı ki də yox idi, çünki barmaq kəsmək əvvəldən çox axmaq fikir imiş, əlavə can incitməkdən başqa heç nəyə yaramadı. Sonra da yatmağa çalışdı. Bu dəfə yaranın ağrısını unutmaqçün. Sızıltı azaldıqca onu yuxu apardı. Qardaşları kimi yox, o, doğrudan-doğruya yatdı. Daş kimi yatırdı yazıq.

Bir də ayıldı ki, yekəpər bədheybətin biri gülə-gülə onu silkələyir.

- Ay adam, nə yatmısan? Sən hansısan, böyüyüsən, yoxsa o biri? Bəs hanı mənim almalarım? Hələ yığmamısan? Niyə hazır deyil torbam?

- N-nə torba? - Məlikməmməd dili topuq vura-vura soruşdu.

Bədheybətin sifəti çöndü:

- Bura bax, qudurma! Siz adamları bir az boş buraxan kimi divə dönürsüz. Bilirsən, mən kiməm? Divəm, əsl div! Bilirsən sənə neyləyərəm? Ağlını başına, almaları da torbaya yığ, ver mənə. Dur, tez elə. Tələsirəm.

Məlikməmməd qorxa-qorxa gülümsədi. Uşaqlar bəzən qorxudan belə gülür...

***

Səhər əlində alma dolu sini ilə saraya girəndə də o qorxaq təbəssüm üzündən silinməmişdi. Hamı inandı, hamı aldandı onun divi qovub, hətta yaralayıb bağı qoruduğuna. Bircə almaların əbədi həyat bəxş edəcəyinə inanan atasından başqa. Hamı əvvəllər lağa qoyduğu Məlikməmmədi öyəndə o da fəxr elədi oğluyla, amma özü də bilmədi hansı fərasətinə görə?

Məlikməmməd də duydu, atası inanmır bu qəhrəmanlıq cəfəngiyatına. Təkcə atasından gizlətdi baxışlarını. Gizlətdi ki, ömrü boyu bircə dəfə qorxusuz-ürküsüz, arın-arxayın, ata-bala kimi söhbət eləmədiyi padşah atası duyuq düşməsin dünən divlə hansı səmimiyyətlə dərdləşməyindən. Bəlkə danışsaydı Allahın divi kimi, atası da anlayardı onu, çıxarardı vəziyyətdən. Bilmirdi... Bircə şeyi bilirdi, hamı ondan bu qəhrəmanlığın ardını gözləyir.

***

"- Ay da!.. Səni başa düşürəm. Div olanda noolar? İstəmirəm mən bu almaları, ay bala. Apar ver atana.

- İnanmaz...

- İnanacaq! - deyə Məlikməmmədin qılıncını götürüb qollarını kəsik-kəsik eləmişdi.

- Neynirsən, başına dönüm?

- Fikir vermə, bunların yeri sağalacaq e. Danışdıqların daha çox incidəcək..."

Sonra da durub qanı şoruldaya-şoruldaya getmişdi.

İndi atasına verdiyi ikinci sözü yerinə yetirməkçün Məlikməmməd bu qanın izinə düşüb divi tapmağa gedirdi. Tapıb öldürməliydi. Sarayda söz-söhbət gəzirdi ki, elə əvvəldən səhv eləyibmiş sağ buraxmaqla. Əslində onlar qızıl sinidə alma yox, div başı görmək həvəsindəydilər. Həmin gecə onunla birgə oğrunu güdməyə getməyən qardaşları da bu dəfə yanındaydı. Sırf maraqçün. Allahın qorxaq Məlikməmmədinin bədheybət bir divi necə öldürəcəyinə tamaşa eləmək istəyirdilər.

Çox getdilər, tox getdilər, dağar-dağar şax getdilər. Sinəsi özündən qabaq yeriyirdi Məlikməmmədin. Yerə-göyə sığmırdı. Hərçənd, yola çıxdıqları gün hər yeni qan damcısından sonra dizləri büküləcək, daha yeriyə bilməyəcək, bir sonrakı damlanı da görsə, ürəyi partlayacaq sanırdı. Üzü bərk imiş demə. Bəxtəvər başına, qəhrəman olmuşdu. Qəhrəman olmaq xoşuna gəlmişdi. Ürəyində deyirdi birtəhər düzüb-qoşaram. Gümanı yenə sözlərə qalırdı, elə hey fikirləşir, lazımi cümlələri sıralayırdı beynində.

Arxayınlığı quyuya çatanacanmış. Qan izləri arasında məsafə sıxlaşır və qəfil quyuda kəsilirdi. Deməli, ona el-oba inamı, alın açıqlığı bəxş eləyən o geniş ürəkli bədheybət yerin üstündə yaşamağa bir qucaq torpaq tapmayıb, burda quylamışdı özünü.

Yəqin indi bu quyunun ağzında əlhəd daşı kimi ağır bir daş da olmalıydı. Amma o daşı qaldıracaq ürəkli oğlan, qoluzorlu igid yox idi deyə daşlar quyuların ağzını yuma bilmirdi. Kaş olaydı. Onsuz da heç biri götürə bilməyəcəkdi. Çünki həmişəki kimi tək-tək yaxınlaşıb güc gələcəkdilər. Olsaydı, ağırlığı bəlkə də qardaşları quyuya düşmək qorxusundan xilas edərdi, qayıdıb ev-eşiklərinə gedərdilər.

Bir-birlərinə çəp-çəp baxdılar. Həmişə bütün işləri birinci böyük qardaş "məharətlə" başından atırdı. Ortancılı da birincinin elədiyini təkrarlayırdı. Eynən, necə eləmişdisə elə, haracan eləmişdisə oracan. Məlikməmməd tifilsə həmişə onların həm elədikləri, həm də eləmədikləri qədərindən qorxub çaşbaş qalırdı.

Kəndiri əvvəlcə böyük qardaşın belinə bağladılar. Hələ də boyun qaçırtmaqçün ağlına bir şey gəlməmişdi. Endirdilər. Adamlardan, işıqdan uzaqlaşdıqca qorxudan əsməyə başladı. Heç yarıyacan endirməmişdilər ki, hardan beyninə düşdüsə, qəfil qışqırmağa başladı:

- Ay yandım, çəkin! Ay yandım çəkin!

Padşahın ilk varisinin sözünü yerə salmadılar. Oğlan çıxan kimi ortancıl qardaşla göz-gözə gəldi. Üzü gülürdü hazıra nazirin. İndi onu endirdilər. Zalım oğlu elə bil saniyələri saymışdı, eynən böyüyü kimi, yuxarıdan aşağı yolu yarı olmamış qışqırmağa başladı:

- Ay yandım, çəkin! Ay yandım, çəkin!

Çəkin deyir, çəkin də. Məlikməmmədin gözləri bərələ qalmışdı. Necə yəni "yandım"? Orda ocaq qalayıblar? Niyə isti olsun axı? Quyuda su olmayınca odmu olur?

İpə baxanda yorğun, bezgin, təlaşlı ruhuna su çiləndi. Bəlkə xilas kəndirdəydi, bu qəbir-quyudaydı? Onsuz da divi öldürə bilməyəcək. Heç olmasa, atasıgilə söz çatanda "quyunun istiliyinə dözməyib öldü" deyərlər. Bircə canı qurtarsın hər şeydən.

Ani həyəcana qapılıb, ipi sehrli qurtuluş kəməriymiş kimi, həvəslə bağladı belinə.

İşıqdan, adamlardan uzaqlaşdıqca canındakı minillik qorxu onu tərk eləməyə başladı. Nə istiydi, nə soyuq. Nə işıqlıydı bura, nə qaranlıq. İçinə dolan rahatlığın təsiriyləmi, ya o an dərk eləmədiyi başqa bir səbəbdən bərk-bərk yapışdığı ip ona mənasız göründü. Əllərini yana açıb uça-uça enmək istədi. Az qalıbmış demə, kürəyi xırda daşlara toxundu. Bir müddət belə - geniş açılmış qollarıyla gəldiyi yerin havasını qucaqlayıb uzandı. İlahi, insan dibdə belə rahat olurmuş. Dib budur, deməli?

Belindəki ipdən qurtulub bir xeyli irəlilədi. Qapı gördü, yaxınlaşdı. Deyəsən gec-gec əl toxunurmuş dəstəyinə, çox ağır açıldı.

***

- Ooo, sən? - Div başını uzunsaçlı, yarıçılpaq, gözəl bir qızın dizləri üstündən qaldırıb təəccüblə Məlikməmmədə baxdı.

Oğlanın gözü qızda qalmışdı. Beynində düzüb-qoşduğu hər şey darmadağın idi. Bədheybətin yanında bu cür gözəlliklə qarşılaşacağını gözləmirdi. Nə edəcəyini bilmədi. Ürkək-ürkək gah divə, gah qıza baxdı.

- Hə, nədi, xoşuna gəlir? - Div bic-bic güldü.

Quruyub qalmışdı. Gözlərini də qırpmırdı.

- Bu səninçün atanın sarayında sevişdiyin açılmamış qönçələrdən deyil.

Oğlan qızı bir də başdan-ayağa süzdü.

- Buna insan nəfəsi dəyməyib. Vəhşidi. Div görüb bu ancaq, div.

Qızın donuq baxışları Məlikməmmədə zillənmişdi. Heç elə bil vecinə də deyildi quyuya adam ayağı dəyməsi, indi onun haqqında danışmaqları.

- Qorxma, heç nə eşitmir. Lal-kardı.

***

- Niyə məhz bizim almalar? Dünyada bağ qəhət idi?

- Mən ora almaya görə gəlmirdim.

- Başa düşmədim.

- Ağlına başqa şey gəlməsin. Nə bilim e. Adi meyvəlikdən alma oğurlamağa nə var? Padşah bağının bəhərindən yemək başqa şeydi.

- Heç zibil də deyil. "Başqa şey"miş. Boş-boş sözlərdi. Deməli, divlərdə də var əlçatmazları yağlı matah zənn eləmək?

- Div olanda noolar? Mən padşah bağının meyvəsindən yeyə bilmərəm?

- Bir dəfə, iki dəfə... Bəs fikirləşmirdin ki, hamısını yeyib, sahibinə heç nə saxlamayanda o da izinə düşüb səni öldürtmək istəyəcək?

- Kim, sən? Sən düşmüsən izimə? Sən öldürəcəksən məni? Öz bağındakı meyvələri ona verim deyə mənə yalvaran qorxaq?

- Olanları sənə başıma qaxasan deyə danışmamışdım.

Div qolundakı çapıqlara baxıb başını aşağı saldı:

- Bağışla.

***

- Niyə elə oturmusan?

- Qızın üzünə baxa bilmirəm.

- Gözəldi, hə?

- Adam dəli olur... Hardan tapmısan onu?

- Çətin olmadı. Gözgörəsi gözəlliklər o qədər də əlçatmaz sayılmaz. Belə şey görməmisən deyə hayıl-mayılsan.

- Nə dəxli var? Mən gördüklərimi də sən görməmisən.

- O dediyin qıza - atan öldürdüyünə bənzəyir?

- Kəs! 

- Nooldu? Nə dedim ki?

- Ağ eləyirsən, dost...

- Dost?

- Hə... Sənə "dost" desəm, olar?

- Fərqi yoxdu. Amma çətin olacaq.

- Nə?

- Öldürmək.

- Hardan bilirsən, birdən-ikiyə dost öldürmüsən?

- Bilmirəm.

- Neçə gündü burdayam?

- Bilmirəm.

- Daha nə qədər belə davam edəcək?

- Bilmirəm...

***

- Mən gələn kimi niyə ilk görüşdə danışdıqlarımızı başıma qaxdın, sonra da qəfil üzr istədin?

- Səni ələ sala bilərəm. Amma öz qərarlarıma hörmət eləməliyəm. Mən həmin gün bağda səni dəstəkləmişdim. Sonradan özümü yekəxana aparmağın yeri yoxdu.

- İndi də dəstəkləyirsən?

- O məsələdə, hə.

- Yalnız o?

- Nə gözləyirsən? Ay adam, sən bura məni öldürməyə gəlmisən. Nə deməyimi istəyirsən?

- Mənə asan deyil.

- Başa düşürəm, vallah. Amma sənə asan gəlsə, mənə çətin olacaq.

- Ay Allah, durdu-durdu məni gör kim başa düşdü...

- Bilmirsən? Div başa düşdü səni, div.

***

- Atan sevdiyin qadını niyə öldürdü?

- Bilmirəm.

- Heç vaxt soruşmamısan?

- Yox.

- Bəllidi, camaat sənə niyə qorxaq deyir.

- Onsuz da o ölüb. Bilib, sonra atama da nifrət eləyim?

- Guya eləmirsən?

- Yox... Həm də sənə o vaxt düzünü deməmişdim. Onu atam öldürməyib, bircə dəfə söhbət ediblər, vəssalam. O, sadəcə asmışdı özünü.

- "Sadəcə"yə bax.

- Qorxusundan! Bir qorxaq şah oğlunu axıracan sevməyə qorxdu. Bu qorxaq şah oğluyla xoşbəxt olmaqdan qorxdu. Deyirdi gedək buralardan, başqa səltənətdə, başqa qanunlarla yaşayaq, başqa adamlara gülümsəyib açaq səhərlərimizi. Tərəddüd edirdim, atam razı olmaz deyirdim, adımı qorxaq qoyurdu. Özü neylədi guya?

- Yaxşı, sakit ol, bura ağlamağa gəlməmisən.          

***

- "Div olanda noolar?" az qala hər cümlənin başında deyirsən.

- Çünki mən div olmaq istəməyən divəm. Çünki bu gördüyün məxluqu həmdivləri qəbul eləmir. Mən "almayeyən div"əm.

- Heç insan yeməmisən?

- Əvvəllər yemişəm.

- Niyə vaz keçdin?

- Onlarla söhbət eləməyə başladım.

- Nə danışırdılar ki?

- Heç nə. Özlərini. Həyatlarında baş verənləri, onları ağrıdan sirləri. Ya qorxudan, ya da artıq öləcəklər deyə, daha heç kimə danışa bilməyəcəklər deyə.

- İndi özün də mənə danışırsan səni ağrıdan divliyini...

- Hə, bildim nə demək istəyirsən. - Div çoxbilmiş-çoxbilmiş gülümsədi.

- Heç gülməli deyil, dost.

- Elə-belə danışıram. Sual verirsən, nəsə cavab verməliyəm, düzünü deyirəm də. Nədən qorxuram ki, yalan danışım?

***

- Bəsdi də bir-birinizi gah incitdiz, gah əzizlədiz. Siz bəlkə də heç biriniz insan deyilsiz. Amma mən dözə bilmirəm artıq.

Məlikməmməd yuxulu gözlərini diqqətlə qızın dodaqlarına zillədi. Hə, yanılmırdı, həmin qız idi. Divin "lal-kardı" dediyi yarıçılpaq vücud danışa bilirmiş.

- Niyə gəldin axı? Sən gəlməmiş daha yaxşıydı hər şey. İndi heç nə əvvəlki kimi olmayacaq! İncinib-əzizlənməkçün illah da yerin dibinə enməliydin?

Məlikməmmədin yuxusu qaçdı. Ağzına su alıb oturmuşdu, rollarını dəyişmişdilər elə bil.

- Nə baxırsan?

- Bilmirəm neyləyim, nə deyim? Öz istəyimlə gəlməmişəm bura. Diqqətlə dinləmisənsə, hər şeyi bilirsən artıq. Bunca olanlardan sonra da onu öldürə bilmərəm. Gör necə yatıb? Yuxusu da özünə oxşayır.

- Elə bunca olanlardan sonra öldürməlisən də onu.

- Başa düşmədim.

- Of! Dur götür o qəfəsdəki quşu, üz başını. Bunun canı o quşdadı.

- Bu qəfəs? Bu quş? Bu? Nə danışırsan, div hara, quş hara?

- İnanmırsan yoxla, səndən nə gedir?

- Yazıq... İlahi, kim, niyə fikirləşib bunu? Niyə belə edib?

- Çox axmaq adamsan, Məlikməmməd!

- Mən birini öldürmək fikrini beynimə yerləşdirə bilmirəm, sən ikincisindən danışırsan.

- Sıranı səhv dedin, birinci quş, sonra bu öləcək. Onsuz da div öldürməyə cəsarət yoxdu səndə.

- Guya quş öldürməyə var? Bunu sığallamağa qıymır adam, o ki qala öldürmək.

- Boş-boş çərənləmə. Götür sənə deyirəm.

- ...

- Qorxma, aç qəfəsi. Aç, Məlikməmməd! Elə yox, aşağıdan yuxarı açılır.

- Oyandı...

***

Div yarıyuxulu halda hər ikisini süzdü. Heç nədən duyuq düşməmişdi. Sadəcə, qızla Məlikməmmədin qəribə-qəribə baxışmaqları xoşuna gəlmədi. Arvadının gözəl görünməsindən narahat olan kişilər kimi gizlətmək istədi onu. Gəlib oturdu qızın qarşısında, üzünü çevirdi Məlikməmmədə, başladılar söhbət eləməyə.

- Bağdan qayıtdığım gecə səni yuxuda görmüşdüm. Bilirdim gələcəksən.

- Gəlmək istəmirdim.

- Bilirəm.

- Vallah istəmirdim.

- Bəs getmək necə? Qayıtmaq istəyirsən evinizə?

- "Ev"... Hansı üzlə? Necə qayıdım? 

- Nə deyim axı? Sən özün bir şey fikirləşərsən də...

***

- Elə dostlar var düşmən kimidi. Bəlkə də elə düşməndi - dost kimi. Daha çox hansıdı bilməzsən. - Amma gözləmədiyin anda gələr zərbəsi.

- Elə sığalı da. Ürəyində ən çox nəyisənsə, özünü onunçün kim hesab edirsənsə, əslində, o da səninçün həmin adamdı: düşmən bilirsənsə, düşməndi, dost bilirsənsə dostdu.

- Hm...

- Məni niyə "dost" deyib çağırırsan?

- Bu, sadəcə müraciət formasıdı. "Ay div" deyə bilmirəm.

- "Sadəcə" sözünü elə rahatlıqla işlədirsən ki...

- Sən çox ağıllı divsən. Belə olma, yazıqsan.

- Məsləhətini özünə saxla, şah balası!

***

- Necə düşünürsən, sən yaxşı adamsan?

- Çalışıram.

- Bəs çalışmasan, kimsən?

- Bilmirəm, yoxlamamışam.

- Heç kim yoxlamayıb. Tanıdığım bütün insanlardan soruşmuşam. Heç kim özünə "yaxşıyam", ya "pisəm" deyə bilmir.

- Deyir! Zibilə qalasan! Elə də deyir... - sinəsini yumruqlaya-yumruqlaya səsini qaldırdı: - Bu adam deyib. Atam gələcəyimi əlimdən alan gün heç nə edə bilmədim. Sonra az qala hər gün güzgüyə baxıb qışqırırdım: Sən pis adamsan, Məlikməmməd! Sən pis adamsan!

- Bu ani həyəcandan doğan səslənişdi, sayılmır.

- Çox vaxt bərkdən demək lazım olmur. Durum ortadadırsa, ürəyinə qanı başqa cür uddurursa, boynuna almaqdan başqa çarən qalmır. Bura gələndə, yolda qarşımıza çıxan hər yeni qan damlasından sonra özümə nifrət edirdim. O sözü isə deməyə ehtiyac yox idi.

- Peşmansan bura gəlməyinə?

- Yox.

- Doğrudan?

- Hələ ki yox.

***

- Nahaq arxayın elədin onu.

- Düzünü deyirəm də, bura gəlməyimə peşman deyiləm. Həm, səni də gördüm...

- Elə baxma.

- Niyə?

- Mənə heç kim elə baxmayıb.

- Ola bilməz. Niyə burdasan, gözəl?

- Çünki məndən başqa heç kim onunla burda olmaq istəməyib. Ən azından, sən gələnə qədər bu belə idi.

- Niyə istəyirsən onu öldürüm?

- Nə qədər ki gəlməmişdin, halımızdan məmnun idik, amma indi heç nə əvvəlki kimi olmayacaq. Əvvəlki kimi alınmırsa, onda necəsə başqa cür olmalıdı, bunu da biz eləməliyik. Tilsim varsa, onu sındırmaq lazımdı.

- Niyə özün eləmirsən?

- Çox axmaq sualdı, Məlikməmməd. Bacarsaydım, edərdim də. Bu tilsimin bir ucu mənə toxunur, eləsəm də, heç nə alınmaz.

- Bəlkə...

- Sss! Ayıldı!

***

- Dünyada adam qəhət idi mənim quyuma gəlməyə? Nə səbəbə sən, ay Allahın qorxaq bəndəsi?

- Niyə coşdun yenə?

- Məni gic yerinə qoymusan! Elə bilirsən xəbərim yoxdu?

- N-n-nə demək istəyirsən?

- Ona necə baxdığını görürəm. Kaş mən də insanlar kimi az yata biləydim. Əlacım olsa, yatmaram...

- Bu çıxış yolu deyil.

- Bilirəm.

- Nəsə fikirləşmək lazımdı. Belə davam edə bilməz.

- Fikirləşmişəm.

- De.

- O dəfəki söhbətdən mənə məlum oldu ki, "dost" sözü səninçün yalnız müraciət formasıdı.

- Hə, əslində...

- Dayan, mən danışıram. İstəyirəm biləsən ki, mənimçün elə deyil.

- Elə...

- Sözümü kəsmə! Mənə bu yerəcən heç kim "dost" deməyib. Nə divlər, nə adamlar. Sən hamını üstələdin. Ona görə bunu yalnız sən eləməlisən.

- Nəyi?

- O qəfəsdəki quşu görürsən?

- Hə...

- Mən yatanda başını üz.

- Niyə?

- Belə lazımdı.

***

- Quyuya salladılan kimi, rahatlığı, insanlardan uzaqlaşmağın ləzzətini duyan kimi tez o ipi belimdən açmalıydım. Hamımızın canı qurtarardı. Sən də, o quş da, bu qız da rahat yaşayardı. Qorxdum. Həmişəki kimi...

- Nə tez fikrini dəyişdin? Bura gəlməyinə peşman deyilsən deyirdin... Əksinə, ömründə cəsarətlə elədiyin yeganə hərəkət dibə çatmaqdı. Öz dibini görənlər daha rahat ucalır.

-Uşaq başı aldadırsan elə bil. Dediyini edə bilməyəcəyəm.

- Elə də eləyəcəksən...

- Bacarmıram.

- Balaca bir quşdan qorxursan? Ağciyər, həyatın boyu heç nəyi səninçün belə halva eləyib qabağına qoymayıblar. Tıx da, tıx!

- Bəsdi!

- Həyatına dair heç nəyin məsuliyyətini üstlənməmisən bu yerəcən? Nə sevginin, nə dostluğun - heç nəyin qədrini bilməmisən. Dərdini əzizlədiyin qədər özünü də doğma bilsəydin, gün görərdin. Nədi, bədbəxtsən? Əcəb olur! Nə tökmüsən qaşığına, nə də çıxsın?

- Kəs!

- Çoxbilmişin yekəsi! Yerin altını da bilirsən artıq, üstünü də. Bilmək kifayət deyil. Hərəkət eləmək lazımdı.

- Kəs, dedim!

- Hirslənirsən, çünki sənə həqiqəti deyirəm. O həqiqət ki, kimsənin vecinə deyil. Bu quyunun dibində çürüməkdən məmnun olduğumuz müddətdə heç kim bizə kömək edə bilməyəcək. Nə divlər, nə insanlar bizi başa düşə bilməz, Məlikməmməd. Biz, yalnız biz, yenə də biz bilirik nə yaşadığımızı! Sənin həqiqətin onlara maraqlı deyil. Onların da doğruları sənin vecinə olmayıb heç vaxt. Çıxart xəncərini, bitsin bu iş. Ömründə bircə dəfə adam ol! Sözümə qulaq as, dost.

- Yalvarma, dözə bilmirəm!

- Onda elə dediyimi!

- Heç olmasa, yatanda...

- Yaxşı.

***

- Yenə ayıldım. Heyif, yuxuda heç nə görməmişəm. Sənə danışası maraqlı heç nə yoxdu. Aramızda bütün söhbətlər oldu, bitdi, Məlikməmməd.

- Yox, söhbətə görə yox. Sadəcə bacarmadım. Quş uçdu.

- Uçmayıb axı. Odey, qəfəsdədi.

- Təsəvvür elə ki, uçub və bir də bu barədə danışmayaq.

- Eliyə bilmirəm. Eləsəydim, başqa cür olardı. O elə uçardı. Sən, mən burda olmazdıq. Bu qəfəs olmazdı. O quş qəfəsdə çürüməzdi. Heç fikirləşmisən, niyə bu divin canı qəfəsdəki quşdadı?

Oğlan divin nəzərlərinin naməlum bir nöqtəyə zillənməsini fürsət bilib qızı süzdü. Bu barədə söhbətləri olmuşdu: "Div hara, quş hara?" - soruşmuşdu Məlikməmməd. Qız indi elə bil çox-çox uzaqlardan, başqa qadının baxışlarıyla baxırdı ona, sonra gözlərini qaçırdıb qəfəsə sarı döndü. Məlikməmməd də. İlk dəfəydi belə diqqətlə baxırdı quşa.

- Fikirləşmişəm. Amma cavabı indi tapdım.

- İndi məni bu qəfəs-quyudan xilas etmək istəyirsənsə, öldür əədivini.

- İlahi, dəli olacağam!

***

Qucaqlaşıb ağlayırdılar...

Qız hıçqırırdı deyə sözlər arasında özündən asılı olmadan fasilə əmələ gəlirdi:

- Sən..

- Hə, mən!

- ... pis...

- Çox pis!

- ... adamsan...

- Heç adam da deyiləm.

-... Məlikməmməd!

- Bir də de, gözəl!

- Sən pis adamsan, Məlikməmməd!

Qız elə dedikcə oğlan bir az da bərkdən hönkürürdü. Bilmirdi nəyə görə belə ağlayır: dostunu itirdiyinə, yoxsa uzun müddət qadın nəvazişindən uzaq düşən bədəninin məhz bu məqamda oyanmasına.

- Bilirsən? Dünyadakı bütün quşların boğazını üzə bilərəm indi.

Qucaqlaşıb ağlayırdılar...

***

Yer-göy lərzəyə gəlmişdi o yıxılanda. Amma bu əsl yıxılmaq deyildi, adamlar daha "yaxşı" yıxılır. Məsələn, dost yasında sevinincəyə, cəsəd qarşısında sevişincəyə qədər yıxıla bilər qadın və kişi...

Məlikməmmədlə div dost idi, qız mane olurdu onlara - yox, nəsə ədalətli deyil, axı qız əvvəldən divin həyatında idi. Bəlkə qız və div canbir qəlb idilər, Məlikməmməd gəlişiylə korladı işləri. Yox, aldatmayaq özümüzü, bir münasibət ki, kiminsə gəlişiylə dağılır, həm də üçüncü buna cəhd eləmədən, daha nə mərdimazarlıq söhbətidi? Onda Məlikməmməd tapdığını tapmışdı, qız da tapılmağının sevincindəydi, kənarda qalan divdi. Kim idi "1+1" misalında bərabərin heç bir tərəfində özünə yer tapmayan? Deyim, bilin: dünyada üçlük yoxdu. Olmayıb, olmayacaq da. Həmişə ikilik var. Üçüncü əbədiyyən məhvə məhkumdu, div belə olsa. Ən böyük qorxu da üçüncü olmaq qorxusudu. Bu qorxunun ucbatından adam bütün qorxularını yenə bilər, sevdiklərini məhv edər. Özünü də.

Üçüncü günə keçmədi bu həvəs. Soyudu, adiləşdi, öldü. Amma həmişəki kimi yeni bəhanə dirildi məlum "ölümlərdən": "Necə cansıxıcıdı hər gün eyni quyunun dibində yumulub yatmaq, hər gün eyni qızın sifətinə oyanmaq. Yaxşı xilas elədim bədbəxti bu zülmdən".

***

Sonra başqa bir sual doğuldu: "Bəs mən bədbəxti kim xilas edəcək?"

Hər şey də bundan sonra başladı. Gəldiyi qapıya baxdı. Qayıtmaq olardı. Evə. Yox, unutmaq da olardı keçmişin yolunu, başqa səmtə üz tutardı, başqa diyarlara gedərdi, başqa qanunlarla yaşayardı, başqa adamların təbəssümüylə açılardı sabahları. Lap orda adamlar olmasa da olar, təki başqa nəsə olsun.

- Nə çox baxırsan qapıya. Bu yerəcən ağlına gəlməmişdi?

- Niyə acıqlısan? Noolsun ki, bu div iylənmir, hər halda ömrümüzün axırınacan iki diri, bir ölü yaşaya bilmərik burda.

- Ölüsü də narahat eləyir səni?

- Eləsəydi, olanlar olmazdı, gözəl.

- Amma indi deyəcəyim mütləq narahat edəcək səni. Bu qapı gəldiyin yerə aparmır, açsan tamam başqa bir otağa düşəcəksən. Orda nələr var, bilmirəm. Heç bu yazıq da bilmirdi.

***

Al, bu da sənə "başqa nəsə"! Kimə desin dərdini? Kim dinləsin, danlasın, sonra yenə dinləsin... Bundan sonra nə sual, nə də cavab verməyə kimsəsi yox idi.

Sirr açmaqdan qorxur adam. Amma qəribə bir ehtirasla da bilməyəni bilən eləmək istəyir həmişə. Çətini örtüyün bir ucunu qaldırmaqdı, sonra anadangəlmə olacaqsan, az qala ayaqlarının altında gəzdirdiyin kiri də tanıtmaq istəyəcəksən ona. O da vücudnaməsini sənə təhvil verəndə, birinci mərhələ bitəcək. Dilinçün susmaq mərhələsi gələcək. Əsl sirlərin üstü onda açılacaq. Bir az əllərin, bir az gözlərin, daha çox ürəyin danışacaq... O sənləşəcək, sən o olacaqsan. Elə tanıyacaq ki səni, elə biləcəksən heç özün o qədərini bilmirsən. Bitəcək bu mərhələ də. Sonra çətin günlər başlayacaq. II özünü qəbul etməyəcəksən, dözə bilməyəcəksən onun varlığına. Onda "daimi özün" "yeni özün"dən qorunmaqçün dürlü yollar təqdim edəcək sənə:

Ya hədə-qorxu gəlib özünlə öz dilində danışacaqsan: "Desən, mən də deyərəm".

Ya hər ikinizi qoyub qaçacaqsan: "Bir kəlmə ağzından qaçırtsan, gecəynən qayıdıb boğaram səni!"

Ya qara səni basınca, sən qaranı basacaqsan: "Dostlar, indi mən bunun həqiqətlərini ortaya çıxartmışam deyə, o da ağzına gələni danışacaq haqqımda. İnanmayın bir cümləsinə də!"

Ən yaxşı halda, səbirli olub keçəcəksən o biri mərhələyə. Onda başa düşəcəksən ki, dünyada suallar bitmədikcə, sirlər də bitmir. Əsl sirdaşlar da buna görə maraqlıdı, doğmadı. Onda başa düşəcəksən ki, "niyə?" soruşmağa kimsən varsa və o özü hər dəfə bir fərqli cavab kimi qarşında durursa, sən də onun suallarının cavabı ola bilərsən.

İnsanın bir qanadı sual verməkdisə, bir qanadı da sualverilən olmaqdı.

- O mənim cavabım idi, indi heç bir suala cavab tapa bilmirəm. Bitdik burda, gözəl. Tək bacarmayacağam qapılar açım.

- Dedim axı, bu qapının arxasında nə olduğunu o da bilmirdi.

Hə, bax indi qızın nə dediyi ona aydın oldu. "Onda cavab sənsən, Məlikməmməd. Dur, adam balası kimi tərk elə bu divxananı", - pıçıldadı dodaqaltı.

***

Öz-özünə danışa-danışa itələdi taxta qapını, arxasında qışqıran qadının yenə nələrisə faş etdiyini duyurdu, amma qulaqlarını bərk-bərk tutub bilmək istəmədi o nə çığırır.

"Dur, adam balası kimi tərk elə bu divxananı" - deyə-deyə daxil oldu yeni otağa.

Eynən bayaqkı kimi idi hər şey. Sadəcə, div əvvəlkindən sısqaydı, qız da o biri otaqdakı kimi gözəl deyildi. Bədheybət başını qızın dizi üstə qoyub yatmışdı. Buradakı qız günlərdi sevişdiyi yarıçılpaq gözəlçədən çox fərqlənirdi - normal geyimdəydi, hər şeylə maraqlanan baxışları vardı, həm də hiss olunurdu ki, onun gəlişinə sevinir. Fəqət, heç nəyə, heç kimə diqqət kəsilmədi oğlan.

"Adam balası kimi, Məlikməmməd..." - təkrar edə-edə birbaş qəfəsə yaxınlaşdı. Xəncərini sıyırıb quşun başını üzdü.

"...Tərk elə bu divxananı! Tərk elə..!" - deyə-deyə də növbəti qapını itələdi.

***

Yox, atam, halva-halva deməklə ağız şirin olmur. Hətta bir az da acılaşır. O biri otaq da əvvəlkilərin əkizi idi. Sadəcə, div bir az da balacaydı, elə balacaydı ki, lap adam boyda, heç dilin də dönmür div deməyə... Qız da Allahın kifiri, hələ bərk-bərk də bürünmüşdü parça-purçaya. Məlikməmməd tanış tablonun təhrif olunmuş variantı önündə çaşbaş qalan tacir kimi özünə belə sata bilmirdi bu "əsər"i.

Qız onu görcək ağlamağa başladı. Çox ağıllı, çox təmiz baxışları vardı, amma bu saflıq, müdriklik də gizlədə bilmirdi çirkinliyini. Div boynunu büküb yeni sima görməyin aclığını çəkən yataq xəstələri sayaq dolmuş gözlərlə süzürdü onu.

Gördüklərinin onu belə sarsıdacağını zənn eləməzdi, tezcə bitsin istədi hər şey. Ən azından bu dörd gözdən ikisini bağlamağın yolu bəlliydi ona. İri addımlarla qəfəsə yaxınlaşdı. Quş ovcunda necə çırpındısa, div də eləcə əsməyə başladı:

- Səni and verirəm o çayda çiməndə gizlin-gizlin baxıb vurulduğun, şahın ən qorxaq oğlusan deyə əvvəl sevginə qarşılıq verməyən, sonra tanıdıqca dəli kimi sevən, atanın tikanlı sözlərinə dözməyib boynunu kəndirə təslim edən çoban qızının ruhuna, əl saxla!

Məlikməmməd gözləri hədəqəsindən çıxmış halda quşu qucaqladı. Divə, sonra qıza diqqətlə baxdı. Sonra üzünü divə sarı tutub gözlərini yumdu.

- Sən?

- Mən, dostum, mən. Mənimkimilərin üç canı olur. Birini sənə qurban verdim, birini özün aldın. Bunu da qurban verərdim, əgər sən bu cür qorxaq-qəhrəman olmasaydın. İkisi bir araya sığmır, ay adam.

- Bu nəyin cəzasıdı çəkirəm mən, İlahi?

- Hər şeyi olduğu kimi qəbul eləməyin qorxusudu səni məhv eləyən, - deyə zərif bir səs girdi araya. - Niyə yummusan gözlərini? Əvvəlki gözəlliyi axtarırsan, sevişəndə sığalladığın bədəni təsəvvür eləyirsən, halbuki onda da gözlərimə baxanda bilirdin, mən başqa qadınam, toxunduğun kimi deyiləm.

- Mənə üç can verən Tanrı, ona da üç başqa qiyafədə xoşbəxt olmaq imkanı tanımışdı. Sən dünyanın sonuncu divini bir canla, özün kimi ölümlü insanların qorxusuyla yaşamağa məhkum elədin. Onu da ən gözəl görkəmində atdın, ikincidə sevmədin, sonda da istəmədiyi özünü verdin yenidən.

Hələ də aça bilmirdi:

- Bağışla məni, do... di.. özünü mənim nəyim hesab edirsənsə, o! Sən də bağışla, gözəl gözlüm.

Div qəfəsin balaca qapısını bağlayıb onunla üzbəüz oturdu.

- Aç gözlərini. Məlikməmmədi görmək istəməyən bizik, sən kimə baxmaq istəmirsən?

Kirpiklərini aralayıb ehtiyatla ona yuxarıdan aşağı baxan bu balaca divi süzdü. Qollarındakı kəsikləri görüncə özünü saxlaya bilmədi:

- Haqlısan... - dedi səsi titrəyə-titrəyə.

Qız isə o gözlərini açan kimi arxasını çevirib oturdu, dəri çarıqlarına cızılmış burum-burum çevrələri iynələməyə başladı.

- Görürsən vurduğu naxışı? Sənin dostluğun da eynən o naxışlar kimi gözəldi, amma deşik-deşikdi ürəyim.

- Bilirəm. Biz danışmaq mərhələsini çoxdan keçmişik.

- Amma heç vaxt daş ola bilməyəcəyik.

- Çünki suallarım bitmir, cavabım mənim. Sənin tilsimində mənimçün də bir göyərçin tapılarmı?

***

- Üçlükdə hamı təkdi. Birlik ikilikdən doğur. Təksən, çünki biz bu yerəcən tanıdığın adamlardan deyilik. Səni hamıdan yaxşı tanısaq, duysaq belə, bizi onlardan saymadığınçün həmişə özünü tək hesab edəcəksən. Mən, məlum məsələdi, niyə - bunu qəbul eləsəm də, eləməsəm də, bir divəm. Onunku da qadın tənhalığıdı, birinin yanında qalmaqçün gözəlləşmək istəmişdi, o biri onu həqiqətən çılpaq görsün deyə gözlərini tanıtdırmışdı, iki erkəyə can yoldaşı olmuşdu, amma yenə də təkdi. Sən gəlincə bəlli oldu ki, güclü deyilmiş bizim ikilik. İndi siz sınayın. Quşun qəfəsini bağlamışam, o bir də içəri girməyəcək. Nə eləmək lazım olduğunu bilirsən.

- O səni sevir, bax yenə gözəl gözləri doldu.

- Hə, məhz "gözəl gözləri". Çünki o danışanda başqa heç nəyi yoxdu baxışını sancasan. Bax, diqqətlə bax, doya-doya bax, günlərlə yalvardığım, amma mənə "dostumsan" - deyib qıymayan adam, bax bu "gözəllikdən" ötrü cəsarətə gəldi.

- Qəfil oldu hər şey. Çox hirsliydin, onu öldürmək istəyirdin.

- Elə bilirsən indi istəmirəm?

- Bəsdirin! - çirkin xanım uzun saçlarını üzünə töküb gözlərini gizlətdi. - Deyir də açıq-aydın, ay adam. Bura üçnəfərlik deyil. Hansımızsa getməliyik.

- Onu bu çirkinlikdə yalnız mən, məni də bu cür yarımçıq divliklə yalnız o qəbul eləmişdi. Az qala ömrünün yarısını mənimlə yaşayıb. Bilib ki, insanlarla söhbətləşməkdən xoşum gəlir, görüb ki, məhz buna görə həmdivlərimlə dalaşmışam, adamları yeməkdən imtina eləmişəm, anlayıb ki, bu quyuda məni yalnız söz diri saxlayır, amma bu yerəcən kəlmə də kəsməyib divciyəziylə. Heç vaxt bağışlamayacağam onu.

Məlikməmməd udqundu:

- Elə məni də...

***

- Nədi, yenə yatmağımı gözləyirsən?

- Cavabını bildiyin sualları verməzdin əvvəllər.

- Yaxşı eləyirsən. Mən də istəyirəm yuxum tez gəlsin. İkinizdən də zəhləm gedir. Əcdadlarım məni lənətləməsəydi, o vəhşi ruh məni tərk eləməsəydi, ikinizi də məmnuniyyətlə parçalayardım. - deyib üzünü divara sarı çevirdi, səkiyə uzatdığı ayaqlarını qarnına tərəf yığıb əlini yanağının altına qoydu.

- İndi sən yatmaqçün üzünü çevirdin, yoxsa yanağındakıları görməyim deyə?

- Sən çox pis adamsan, Məlikməmməd!

- Bilirəm... Çoxdan bilirəm. Başqa şey anlama, onunla söhbət eləmək istəyirəm. Sən dirilmisən deyə yenə tez-tez lallığa vurur özünü. Bir də istəyirəm biləsən, onunla söhbət səninlə elədiklərimizdən heç də maraqlı deyil,  biz sadəcə eyni cinayəti törətmiş adamlar kimi yaxınıq bir-birimizə.

- Başına dəysin "sadəcə"lərin!

***

- Birinci otağın qapısından girəndə səni el-aləmin gözündə qəhrəmana çevirən, qəlbən dost bildiyin birini ziyarətə gəlmiş adamın sevinci vardı üzündə. Kim nə deyir-desin, sən onu öldürməyə gəlməmişdin. Bağdakı sirdaşınçün darıxmışdın, vəssalam. Sözlərə ümidliydin, yenə həmişəki kimi açıq danışdın. Hər şeyi də bu səmimiliyin dəyişdi. Yaxşımı oldu bu dəyişiklik, pismi, özün hamıdan yaxşı bilirsən. Uzun-uzun, doya-doya söhbətləşdiz. Bir-birinizin sualları, cavabları oldunuz. Amma bilirdiz ki, bu sual-cavab bitəndən sonra çox pis əzab çəkəcəksiz.

- Hə...

- Bəzən həddən çox şey paylaşdığımız insanın ölümünü arzulamaq qədər heç nə təbii görünmür bizə. Özünə belə bərkdən deməyə qorxduğun həqiqətləri başqasına açandan sonra nə özünü, nə onu bağışlayır. Əlacımız olsa, hər dəfə danışandan sonra öldürüb, dodaq tərpəşdirməyə adam tapmayanda bir də dirildib, sonra yenə öldürərik. Sonra yenə, sonra yenə...

- Düzdü...

- İkinci otağın qapısından qatil kimi girmişdin. Özünü, sözünü, sirlərini paylaşdığı, "dost" dediyi kəsə qıyan adam istəsən div yox, lap Tanrısını da öldürər.

- Zibilə qalasan! Bu da düzdü.

- Üçüncü qapıdan girəndə peşman idin. Ona görə verilən peşkəşin yaxşı-pisliyinə, gözəl-çirkinliyinə baxmadan cani-dildən razılaşdın. Özünü çıxış yolu axtarmaqdan xilas elədin.

- ...

- Belə xilas olmur, əzizim.

- Yorulmuşam, gözəl gözlüm. Amma hər şey yenicə başlayıb elə bil. Bu göyərçini əllərim yoruluncaya qədər gəzdirəcəyəm. Əllərimsə yorulmaq bilmir, onu qucaqladıqca yüngülləşir, qanad qazanır.

- Of... Səndən heç birimizə xeyir gəlməyəcək. Deməli, hər kəs başının çarəsini özü tapmalıdı. Mən saçlarımı kəsə bilərəm. Sonra topa-topa ayırıb hörərəm, hörükləri bir-birinin ucuna düyünləyərəm, olar ip.

- Neynirsən ipi? Onun ölümü mənim əlimdədi. Yumruğumu sıxsam, canı çıxar.

- Eh, axmaq... Niyə eləmirsən bəs?

- Adam nə qədər adamlıqdan çıxar? Onu çox istəyirəm. Div olanda noolar?

- Elədiyimiz xəyanətin əvəzində ona yüz can da versək, heç nə yoluna düşməyəcək...

İlk dəfəydi div yuxusuna yenilməmişdi. Adamlar kimi fikirdən yata bilmirdi. Dinləyirdi onları.

İlk dəfəydi ki, onlar da divin oyaq olduğunu bilə-bilə söhbət edirdilər.

Sonra adamlar yatdı və div çıxıb getdi.

***

Ayılınca heç nə demədilər bir-birlərinə. Elə bil bilirdilər belə olacaq. Bərk-bərk qucaqlaşdılar. Bəlkə də gedən məhz buna görə getmişdi.

Qərar verdi, bir əlindəki göyərçinə, bir də başını qaldırıb onun ağıllı, gözəl gözlərinə baxdı. O da anladı, güldü gözləriylə, kirpiklərini bir-birinə sıxmaqla təsdiqlədi: razıdı. Məlikməmməd açıq qalmış qapıya yaxınlaşıb ovuclarını araladı. Uçub getdi göyərçin sülh paylamağa.

Sonra boş qalmış əllərini gözlərə sarı uzatdı, o da sanki gözləriylə tutdu Məlikməmmədin əlindən, qayıtdılar gəldikləri yerə.

Tərslikdən günün gecə vaxtına düşmüşdü, Günəşi görə bilmədi Məlikməmməd.

Elə bil bayaq açmışdı bu ipi belindən, bütün olanlar gündüz yerini gecəyə təhvil verənə qədər olub bitmişdi. Ehtiyatla kəndirə toxundu. Yuxarıda səs-küy düşdü. Hazır idilər aşağıdakını çəkib çıxartmağa. İpi gözlərə tərəf uzatdı.

- Hər şeyə görə çox sağ ol. Salamat qal, - dedi gözəl gözlü.

- Niyə vidalaşırsan? Qorxursan kəndiri kəsərlər?

- Kəsəcəklər.

- Sən ki gözəl deyilsən...

- Səbəb bu deyil. Necə inanırsan belə cəfəng şeylərə? Onlar ipi fikrən çoxdan kəsiblər. Sən "ay yandım, çəkin" deməyib bu quyunun dibinə endiyin andan. Padşaha deyiləcək sözlər çoxdan hazırdı: "Divi öldürərkən qəhrəmancasına həlak oldu". Ölsən də, sağ da qalsan, bu sözləri eşidəcək atan.

- Səni də şahid aparacaqlar?

- Hə...

- Atama deyərsən ki... Ya da qalsın, ehtiyac yoxdu, özü bilir.

Son dəfə göz-gözə gəldilər, Məlikməmmədin əlləri boşaldı, qız isə kəndirdən bərk-bərk yapışdı. Çəkməyə başladılar. Yuxarıdan aşağı iki göz səsləndi:

- Yaxşı yadıma düşdü, beynim indi açılır e hələ. Bir azdan bura iki qoç gələcək. Qara zülmət dünyanın, ağ da işıqlı dünyanın qoçudu. Hansına istəsən minərsən, onsuz da burdan getməyə bir yol var, o da qaranlıq dünyaya aparır.

- Bəs onda ağ qoç niyə gəlir?

Qışqıra-qışqıra dedi:

- Gəlir ki, biləsən, inanasan işıqlı dünya da var. Gəlir ki, ömrü boyu düşünəsən, bəlkə bir az fərasətli olsaydım, ağ qoçu ram edib işıqlı dünyaya gedərdim. Amma neynəsən də, o səni qara qoçun belinə tullayacaq. Ona görə deyirəm, özünü əziyyətə salma, birdəfəlik qara qoçun... - son sözləri eşidilmədi.

Sonra bir də kəsilən ipin dibə çırpılmasının səsi gəldi, vəssalam.

***

Bikef deyildi, dibdəki ən yekə daşın üstündə oturub olanları düşünürdü. Nə vaxtsa çox istəmişdi macəra dolu günlər yaşasın. Ürəyindəki sızıltılardan başqa hər şey arzuladığı kimi idi. Bir də gördü iki qoç oynaya-oynaya ona tərəf gəlir. Yaxınlaşdıqca sakitləşdilər, asta-asta gəlib düz qarşısında durdular. Çox düşünmədi, qalxıb qara qoçun belinə mindi: "Həmişə işıq gələn tərəfə getməli deyil adam, itlər də yazıqdı, boş yerə hürməsinlər. Gedək görək qaranlıq dünyada nə var. İncimə ağ qoç, sənin rəngin indən belə məni aldada bilməz".

Amma qara qoçun dəcəlliyi tutdu, tulladı Məlikməmmədi ağ qoçun belinə.

***

Qarşısına çıxan ilk ağacın altında oturub fikrə daldı. Qız düz deyirmiş, dibdən qurtulmağın bir  yolu var - qaranlığa pənah gətirmək. Qoçların rənginin dünyalarımızın ağlığına-qaralığına dəxli yoxdu, təəssüf. Yol səni çəkirsə, ağ qoçun belində də qaranlıq dünyaya gələ bilərsən.

Söykəndiyi gövdə silkələnincə fikirdən ayıldı. Əcaib bir əjdaha ağaca dırmaşırdı. Qılıncı siyirdi:

- Dayan!

Əjdaha sakitcə ağacdan düşüb Məlikməmmədə yaxınlaşdı. Başını yerə uzadıb alovunu uddu:

- Elə vur ki, birdəfəlik kəsilsin.

- Bu nədi? Sən əjdahasan e, əjdaha! Nə hərəkətdi bu?

- Tüpürüm belə əjdahalığa ki, quş balalarıyla yemlənirəm. Burda yeməyə adam qalmayıb. Yaxşı insanları yemək olmur, qardaş.

- Bəs o biri əjdahalar neynir?

- Qalıb ki? Bir mən qalmışam, bir də deyirlər haradasa bir qəddarı var, heç vaxt rastlaşmamışıq, o mənim kimi sonalamır, istəyəndə yeyir. Daha doğrusu, adamlar özləri yedirir.

- Heç işıqlı dünyada olmusan?

- Yox, nədi ki?

- Orda yeməli o qədər adam var...

- Doğrudan?

- Hə, mən orda yaşamışam, azıb bura düşmüşəm.

- Aparım səni də evinə.

- İndi yatmaqdan başqa heç nə istəmirəm.

Əjdaha sürətlə uçub getdi. Məlikməmməd də ağacın altında yıxılıb yatdı.

***

Zümrüd quşu Məlikməmmədi balalarının xilaskarı bilib qanadları altına alanda ona elə gəldi quş səsini yuxuda eşidir. Elə bildi divi gəlib, sevinə-sevinə açdı gözlərini. Zümrüdü görüncə əvvəlcə üz-gözünü turşutdu, o danışdıqca yavaş-yavaş qırışığı açıldı. Sən demə, qanadlıların qənimi olan bu əjdahanın əlindən yazıq quş neçə ildi bala üzünə həsrətmiş.

- Bu yaxşılığın əvəzində nə istəyirsən?

- Heç nə istəmirəm.

- De, utanma. Nə istəsən, eləyərəm.

- Vallah, heç nə istəmirəm. Mənasızdı hər şey.

- Aydındı, onda icazə ver, hədiyyəni özüm seçim. Səni bir yerə aparacağam.

- Hara?

- Desəm, ləzzəti qaçar. Amma bizə yol azuqəsi - 40 şaqqa ət, 40 tuluq da su lazımdı. Bunu tapmaq çətin olacaq.

- Nə məsləhət görürsən? Mən buraları yaxşı tanımıram.

- Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi var. Orda qaranlıq dünyanın sonuncu qəddar əjdahası yaşayır. İnsanlar sonuncudur deyə, onun ölməsini istəmirlər.

- Qəddar olsa belə?

- Qəribə səslənsə də, belədi. Burda pis insan yoxdu, Məlikməmməd. Yaxşılar da heç bir canlı növünün, əjdahaların belə məhv olmağını istəmir. Hər ay bir qızı toy-bayramla aparıb o əjdahanın ağzına atırlar. Daha doğrusu, gözəl-göyçək qızlar özləri bu ölümü şərəf bilir. Əvvəllər bu adət nə onlara, nə də o biri məmləkətlərin insanlarına qəribə görsənmirdi. Çünki o boyda ölkə üçün ayda bir qızın məhvi gözəçarpan itki deyildi. Həm də axı könüllü olurdu hər şey. Amma illər keçdikcə ölkədə tarazlıq pozulur. Cəsarətli qadın qalmayıb diyarda. Buraların adamı deyilsən, onları həmin əjdahadan xilas edə bilərsən. Bəlkə neylədiyini başa düşüb səni sevdilər, onda 40 şaqqa ət, 40 tuluq da su istə, - bunu deyib zümrüd quşu öz tükünü də ona verdi, - elə ki dediklərim hazır oldu, tükümü oda tut, o saat gəlib səni söz verdiyim yerə aparacağam.

***

Kütləyə təslim olmuşdu. "Nə olar-olar" - deyib özünü müdafiə də etməyə çalışmırdı. Düzünü demişdi, hər zamankı kimi sözlərin əlindən tutub irəliləmişdi bu qədər adama qarşı. Amma daş qayaya rast gəlmişdi, deyəsən. Burda saatın əqrəbləri tərsinə fırlanırdı, burda ağ adamlar ağ arzular qursalar da, "qaranlıq dünyanın sakini" adıyla damğalanıb həmişə işıqlı yerlərin həsrətini çəkmişdilər. Beynində öz arşını ilə də olsa, hər şeyi ölçüb-biçən Məlikməmməd bu dəfə tələsmişdi. Bu dünyanın adamlarına öz doğrularını başqa dünyanın sözləri ilə demişdi. Boynuna keçirdikləri kəndir bir zamanların qorxaq Məlikməmmədinin tükünü də tərpətmədi. Amma heç vaxt ağlına gəlməzdi ki qaranlıq dünyanın ədalətli adamları onu bir əjdahanı öldürmək istəyir deyə asacaqlar.

Adamların içindən bir əl uzandı kəndirə sarı. Sonra bütün əllər çəkildi. Təkcə o əl qaldı. Həmin əl çıxartdı kəndiri onun başından. O əl havaya qalxıb hamını sakitləşdirdi. Sonra saçları görsəndi Məlikməmmədə. Külək o saçların ətrini burum-burum sundu ona. Sonra bir az da bərk əsdi, saçlar dalğalandı, onda qızın dodaqlarını, bəyaz üzünü, təmiz, aydın gözlərini gördü. And içə bilərdi ki, belə dumduru baxışları heç kimdə görməyib. Hər iki cahan sığardı bu qızın ayna gözlərinə...

***

- Sən onu öldürsən, ən maraqlı əyləncəmizi, ən gözəl bayramımızı, bu diyarda ən qəribə varlığı məhv edəcəksən. O burda, o çayın sahilində oturmasa, biz xoşbəxt ola bilmərik.

- Bəs əjdaha? O xoşbəxtdi belə tək-tənha, bu qədər insanın içində?

- Onu sevən insanların içində.

- Yaxşı, olsun "onu sevən". Məgər bu, kifayətdi? Axı sizin dünyada pislərin bəxti gətirmir. O da yaxşılıq yolunu seçməyənlərdəndi. İndi özün fikirləş, o xoşbəxtdi?

- Bilmirəm... Biz onun haqqında rəvayətlərlə böyümüşük. Müəyyən həqiqətlər də olub. Məsələn, o həmişə əjdahalığı ilə fəxr edib. Amma mənə bir neçə dəfə onu yaxından seyr etmək nəsib olub. Heç də əfsanələrdəki kimi möhtəşəm varlıq deyil. Nəhəngdi, əzəmətlidi, amma yenə də o möhtəşəm gücü hiss etməmişəm.

- Çünki təkdi. Təklik bir yerə qədər zövq verir.

- Nəysə, bildiyim budur ki, bu əjdaha bizim diyarın taleyinə yazılıb. Uşaqdan-böyüyə hamı bunu əzbər bilir: o bizim böyüklük rəmzimiz, canlı silahımız, güc mücəssəməmizdi. Bacardığımız qədər sevindirməyə çalışırıq. Canımız da qurbandı, görürsən ki, bu, sözdə deyil. Ayın tamamında o şərəfli vəzifəni mən yerinə yetirəcəyəm. Ömrümün ən gözəl bayramı kimi hazırlaşıram o günə. Hər qıza nəsib olmur onu sevindirsin. Başqa neyləyə bilərik ki?

- Axı o bir əjdaha kimi xoşbəxt deyilsə, nəyə lazımdı sizin elədikləriniz, bu qədər canın fəda olması? İcazə verin, mən ona kömək edim.

- Bayaq öldürmək istəyirdin... Hansı sözünə inanım?

- Hər ikisinə.

- İncimə, Yadoğlan. Bu məsələdə sənə kömək edə bilməyəcəyəm. Yaxşısı budur, özünə iş tap, burda heç kim havayı tikə yemir.

***

- Neynirsən?

- Heç, fikirləşirdim.

- Hələ də özünə bir məşğuliyyət tapmamısan. Belə getsə, acından öləcəksən.

- Neçə illərdi əjdahaya can peşkəş verən xalq Yadoğlandan bir loxma çörəyi əsirgəməz, məncə.

- Çox maraqlı məntiqin var. Sizin dünyada hamı belə fərqli, əslindəsə, lazım olmayanı düşünür?

- Lazım olmayanı düşünmək? Düşünürsənsə, deməli, özünə icazə vermisən də düşünmək istədiyin barədə düşünməyi.

- Vay dədə, beynim qarışdı. Onda sən nə istəsən düşünürsən?

- Əlbəttə. Bu ki normaldı.

- Məsələn, indi nə düşünürsən?

- Hm... deyim?

- Məcbur eləmirəm, istəmirsənsə, demə.

- Doğrudan?

- Sadəcə maraqlıydı...

- Səni düşünürdüm...

***

- Sənin dünyanda insanlara düşündüyünə görə məvacib verirlər, deyəsən. Elə hey nəsə fikirləşirsən.

- Orda fərqli düşünmək dəbdi.

- Niyə özünüzə əziyyət verirsiz?

- Elə daha maraqlı olmazmı? Fərz et, hamı fərqli düşünür və günlərin bir günü sən özün kimi düşünən birini tapıb sevinirsən. O adam dostun, əzizin, doğman olur.

- Niyə bir nəfər? Olmazmı hamının düşüncələri yaxın olsun, dostların da, sevdiklərin də çox olsun?

- Sən hamının olduğun andan özün deyilsən.

- Amma hamının içindən keçməsən özünü tapa bilməzsən.

- Sizin dünyada ikinci mərhələyə heç kim keçməyib. Hamı başqaları olub. Özü olan, özünü tapan, özünə qayıdan yoxdu. Ya da var, onlar da fərqliliyi niyəsə ayıb bilib dillənmir.

***

- Bugünkü ziyafətə görə də çox sağ olun, əlahəzrət. Amma madam ki, ikilikdəyik, fikrimi rahat ifadə edəcəyəm. Övladınıza qarşı çox amansız davranırsız.

Padşahın dərdi təzələndi. Məğrur görkəmindən əsər-əlamət qalmadı.

- Hansı ata istəyər qızını əjdahanın ağzına atsınlar?

- Bütün atalar.

- Kimin hüzurunda dayandığını yaddan çıxartmısan, deyəsən.

- Heç bir ata bilmir qızını böyüdüb hansı əjdahanın ağzına atacaq.

- Mənim qızımçün bu, ali seçimdi. Hər qız fədakarlıq yolu seçməyə hazır deyil. Biz də imkan vermirik hər yoldan ötən əjdaha payı olsun.

- Nə danışırsız? Siz indi ata sayılırsız? Belə düşünməklə? Gözlərinizi qaçırmayın. Üzümə dik baxın.

- Mən padşaham!

- Noolsun? Mən də padşah oğluyam.

- Nə gəzirsən burda?

- Qızınızı xilas eləməyə gəlmişəm.

- Mən padşaham...

- Bunu bildik.

- Başqa cür danışmağa ixtiyarım yoxdu. Onun qərarını eşitdiyim gündən Allaha yalvarıram,  mənə bir yol göstərsin. Deyirdim, lap məndən uzaq düşsün, dünyanın harasında olur-olsun, təki nəfəsi gedib-gəlsin, yaşasın. Övladımın ölümünü görmək mənə çətindi.

- Onda imkan verin mənə, heç olmasa, o əjdahayla danışım. Qızınız yola gəlmir.

***

- Əlindəki nədi?

- Gələcək. Hamıya nəsib olmur gələcəyini əlində gəzdirsin.

- Başladın yenə əcaib cümlələr qurmağa.

- Qaşların çatılanda bir başqa cür gözəl olursan.

- Belə cümlələr də istəmirəm.

- Sən dedin, mən də inandım.

- Əlindəki nədi, söz soruşdum axı.

- Sehrli lələkdi. Mənə görmədiyim maraqlı yerlər, yeni dünyalar, başqa düşüncədə adamlar vəd edir.

- Gedəcəksən?..

- Hərdən istəyirəm sən belə baxanda bu lələyi didib tullayım, həmişəlik gözlərindəki əksimə çevrilim. Amma bacarmaram, bura məni boğur.

***

Yaxınlaşıb çaya sallanmış yoğun budağın üstündə oturdu. Ayaqlarını suda şappıldadıb onun dərisinin necəliyini duymaqçün ağaca yaslanmış quyruğunu sığalladı. Əjdahanın vecinə də olmadı kiminsə yaxınlaşmağı, ona toxunmağı. Nəhayət, Məlikməmməd özü dilləndi:

- Əjdahalar necə salamlaşır?

- Bizim dildə salam yoxdu. Düzü, dilimiz də yavaş-yavaş yaddan çıxır... Qaranlıq dünyanın sonuncu normal əjdahasıyam mən. Bu qaramat halıma da "normal" demək olarsa...

- Ürəyin doludu, deyəsən.

- Bura gələnlər heç vaxt söhbət eləmir, elə hey dua oxuyub ölümünü gözləyir, mən də onları çox intizarda saxlamıram.

- Mən yeməli deyiləm ha, sadəcə söhbət eləməyə gəlmişəm. Sözdən başqa heç nəyə, heç kimə gümanım qalmayıb yenə.

- Görürəm də. Onlar mənə yeməkçün qızları göndərir, adətən. Vallah, bu ölkənin əhalisi olmasaydı, ölüb-getmişdim. Yoxsa, qoşulacaqdım özünü məhv edən əjdahacıqlara, imtina edəcəkdim insan ətindən və beləcə nəsli kəsiləcəkdi ağzı alovluların. Mən o "ağıllı"ların arasında əjdahalığını qoruyub saxlamış son nümayəndəyəm.

- Onda hər iki dünyanın çiləsini çəkmiş adam kimi, səni də görə bildiyimçün sevinirəm.

- İşıqlı dünyanın badına getdik, adam. "Orda hamı belədi, elədi... Hər şeyin yaxşısı ordadı. Biz də elə bir dünya düzəltmək istəyiriksə, dəyişməliyik, ordakılar kimi olmalıyıq." Axı o dünyada əjdahalar yoxdu. Onda mən niyə dəyişməliyəm? Nəyə, kimə bənzəməkçün, necə dəyişməliyəm?

- Sizi aldadıblar, ay əsl əjdaha. Ya da özünüz özünüzü aldatmısız. İşıqlı dünyanın quru adı var. Həmin ada aldanmısız. Orda elə varlıqlar var ki, əjdahalar şükürlüdü.

- Mənə məndən dəhşətlisi lazım deyil, özüm kimisi - əjdaha lazımdı. Yoxdu, qurban olum, qırıldı getdi hamısı.

- Sən burda əjdahalığını təkbaşına qorumaq əvəzinə, sağ qalanları yığıb dediklərini onlara da danışsaydın, inandırsaydın, indi mənimlə söhbət eləməz, uçub alovunu püskürərdin.

- Ağıllı adama oxşayırsan. De görüm, mənim axırım necə olacaq?

- Yaxşı olacaq. İstəyirsən, sənə bir sirr açım. Amma əvəzində mənə bir yaxşılıq edəcəksən.

- Əvvəl şərtini de. Baxma, bu adamların ətini yemişəm, canıma, qanıma hopublar, ədalətsiz davrana bilmirəm, istəyini de, görüm hələ edə biləcəyəmmi?

- Buraların adamları səni dəyərli bilir. Hətta əjdahanı öldürüb onları xilas eləmək istədiyimi deyəndə az qaldılar məni asalar. Padşahın qızı ürəyiyumşaq çıxdı, dedi min illərdi işıqlı dünyadan bura adam gəlmir, onu öldürsək, əbədi qaranlığa düçar olarıq. Axır bu dəfə də sudan quru çıxa bildim.

- Nədi, istəyirsən padşaha deyim, qızını sənə versin?

- Yox, o asan məsələdi. Qızın könlü məndədi, özüm həll edəcəyəm.

- Müşkülünü de, ağıllı adam.

- Mənə 40 şaqqa ət, 40 da tuluq su lazımdı. Sizin dünyanızda əziyyət çəkmədən, havayı heç nə əldə etmək mümkün deyil. Hamı da ehtiyacı olan qədər qazanıb yaşayır. Bu dediklərimi almaqçün gərək neçə il durmadan işləyəm. Buna nə vaxtım var, nə də həvəsim. Bir dost maraqlı, mənə məlum olmayan yeniliklər söz verib, ona ümidliyəm. Əhalini yola gətir, istədiyimi versinlər.

- Bəs söyləyəcəyin sirr buna dəyəcəkmi, ay hazıranazir, ağıllı adam?

- Sənə desəm ki, əjdahalar məhv olmayıb, yapmacıq əjdahalıqdan eynən sənin qədər xoşu gəlməyən, qurd-quş yeməkdən zəifləmiş, solğun, dişi, amma hələ də gözəl qalmış bir əjdahanı 40 gün əvvəl öz gözlərimlə görmüşəm, inanarsanmı?

- Zarafat eləyirsən?

- İnanmırsan, amma o səni tanıyırdı.

- "Dı"? - əjdaha yerində qurdalandı - Neynəmisən ona? - dişlərinin arasında alov dilimləndi.

- Heç nə. Gileyləndi vəziyyətdən, dedi burdakı adamları yemək olmur, dedim get işıqlı dünyaya.

- Yalan demirsən də, hə? Ay daa. Mən necə yatmışam burda.

- Qorxma, hələ gec deyil, odun-alovun yerindədi, özün də yaxşı qalmısan. Get arxasınca. Bəsdi bu yeknəsəq, mükəmməlliyə can atan adamların arasında məhv elədin özünü. Burdakı adamların bu dərəcədə normallığı özü anormaldı

- Çata bilmərəm. - quyruğu yaş balıq kimi yerə çırpıldı. - Dişilərin qanadları uzun olur. O çoxdan keçib sərhəddi.

- Nə tənbəl əjdahasan sən! Deyirəm, qurd-quş yeməkdən çöpə dönmüşdü. Elə cılız idi ki, ilk başdan mənə də əcaib gəldi. Səni görməsəydim, az qala elə biləcəkdim əjdahalar o cür olur.

Əjdaha gözlərini geniş açıb, diqqətlə Məlikməmmədə baxdı. Qanadlarını tərpətdi, quyruğunu oynatdı.

- Sağ ol, ağıllı, hazıranazir, yaxşı adam. İstədiklərin sabah səndə olacaq. Mən getdim özümü axtarmağa.

- Dayan! Neynirsən, ay evi tikilmiş. Mənimlə söhbətin ardınca çıxıb getsən, səbəbi təbii ki, məndən bilib burdakılar dərimə saman təpər. Birinci məni yola sal, sonra gedərsən. Qorxma, hər şey yaxşı olacaq.

- Çox sağ ol, ağıllı, hazıranazir, yaxşı, hiyləgər adam. Bir də nə vaxtsa görüşsək, söz verirəm, səni yeməyəcəyəm.

***

- Bilmirəm nələr görmüsən, kimlərdən diksinmisən? Amma varmaq istədiyin hər nədirsə, o da rahatlatmayacaq ruhunu. Bütün yeniləri görəcəksən, bütün qorxuları dadacaqsan, hər şey bir az mənasızlaşacaq, amma dünyaların ən maraqsız ölkəsində yaşayan bu qızı, onun gözlərinə, bəbəklərindəki özünə necə baxdığını unuda bilməyəcəksən. Mən də daha heç kimə könül qızdıra bilmərəm burda. Heç kim sənin kimi olmayacaq. Onsuz da müqəddəs əjdahamızın imtina elədiyi qıza kim yaxın durar ki? Bircə təsəllim var, mənə istədiyim şeyləri düşünməyə icazə vermisən.

- Nə düşünürsən indi?

- Gələn görüşümüzü.

- Qayıtmayacağam, gözəl. Qayıtsam belə, o indiki mən olmayacaq.

- Qəbulumdu, təki gəl...

***

Adı qaranlıq olan dünyadan uzaqlaşdıqca yenə içinə qəribə həyəcan doldu. Üzü küləyə, bir zümrüd qanadında qopdu bu dünyadan da. Səmanın boşluğuna buraxdı xəyallarını. Qızı özüylə aparmadığına görə it kimi peşman idi.

Hər adama tablayacaq bir cüt qanad var hardasa. Mütləq var. Nə xoş tapanlara, uçanlara... Amma bir cüt qanad heç vaxt dözə bilməz iki nəfərin ağırlığına.

Noolsun, yenə də peşman idi.

***

- Ət də, su da yarı oldu.

- Biz də sərhədə çatmışıq demək olar.

- Nəyin sərhədinə?

- Qaranlıq dünya ilə işıqlı dünyanın.

- Nəəə?

- Təəccüblənmə, o tərəfdən gəlmək olmur, amma sehrli varlıqlar burdan ora gedə bilir. Mənə elədiyin o boyda yaxşılığın əvəzindən yalnız bu cür çıxa bilərdim. Sənə işıqlı dünyanı hədiyyə edirəm. Get, xoşbəxt ol. Daha buralara gələ bilməyəcəksən, amma nə vaxt istəsən lələyimi yandır, köməyinə yetəcəyəm.

- Dayan. Xahiş edirəm, dayan. Mənə lazım deyil o işıqlı ...

***

- Heç bir dünya lazım deyil mənə!

- İndi hara gedirik, başına dönüm?

- Yerdəki qaraltını görürsən?

- Hə, gördüm.

- O adam deyil, yoxsa bu ucalıqdan seçə bilməzdim. Uç, ondan yüz ağac qabaqda qoy məni yerə. İndi başa düşdüm ki, mən bu yolçuluğa məhz onu yenidən görməkçün çıxmışam.

***

Başını aşağı salıb sürətlə gedirdi. Yolun ortasında dayanıb onun gəlib çatmağını gözlədi. Div də təxminən yüz addımlıqdan, gözləyənin Məlikməmməd olduğunu duydu. Addımlarını nə yavaşıtdı, nə də sürətləndirdi. Necə gəlirdisə, elə də davam elədi. Amma bircə saniyə də olsun gözlərini qaçırtmadı. Çatıb dayanan kimi Məlikməmməd gizlətdi baxışlarını.

Yaxından baxmaq daha çətindi həmişə...

- Necəsən?

- Deyəsən, bilmirəm. O qapıdan çıxandan bəri dayanmadan yeriyirəm. Hər yeni addımımı "bu sonuncudu, indi üzəcək quşun başını" qorxusu, həm də arzusu ilə atdım. Nə əcəbsə, əllərin boşdu, özün də təksən.

- Sənə demişdim axı, uçdu getdi quş. İnanmırdın. Axır, elədim bunu. Həm də məni and vermişdin ilk məhəbbətimin ruhuna.

- Əsl bizi tanımağını, peşman olmağını, utanmağını istəyirdim, buna görə and vermişdim. O hanı?

- Qardaşlarım atama şahid apardı. Mənim ölmüşümün şahidi.

- Dirilməyə gedirsən?

- Yarı yoldan qayıtdım. Getsəm, öldürəcəyəm...

- Çox gülməlidi, almayeyən yad divə gücü çatmayan Məlikməmməd öz doğmalarını öldürəcəkmiş.

- Hə, indən belə adamları daha rahat öldürə bilərəm.

- Qorxmursan?

- Heç nədən.

- Yaxşı bəs evə qayıtmırsansa, bu yollarda nə itin azıb?

- Dostumu axtarırdım...

Divin səsi titrədi:

- Sən pis adamsan, Məlikməmməd!

- Pis adamların dostu olmur?

- Olmur!

- Onda gəl xoşluqla ayrılaq...

Qollarını bacardığı qədər geniş açdı.

- Yox, bunu eləyə bilmərik. Güzgüdəki əksimlə əl vermək kimi ağırdı indi sənlə qucaqlaşmaq. Fəlakətdi...

- Olsun da. Fəlakətdən qorxan var?

- Məni Məlikməmməd eləyib, özün div olmağa hazırsan?

- Zatən elə deyilmi, dost? - sonuncu cümləni deyəndə artıq qucaqlaşmışdılar.

***

Heç biri etiraf eləmək istəmirdi, amma ikisi də qorxurdu qollarını endirib qucaqladığını buraxmaqdan. Axır, cəsarətə gəlib, əvvəlcə div iki addım geri çəkildi. Qarşısında da div görüncə, bildi ki artıq özü Məlikməmməd olub.

- İndi kim kimdi?

- Nə fərqi var...

- Bundan sonra neyləyəcəksən?

- Zümrüd quşuna deyəcəyəm, mənə o ölkədəki padşah qızını gətirsin. Yox! Əvvəlcə soruşsun, hələ də əhdinə sadiqdirmi? Axı indi başqa cür olmuşam. - deyib üz-gözünü əlləriylə yoxladı.

- Rahatsan?

- Hə, əlbəttə. Div olanda noolar? Bəs sən?

- Belə də. İzah edə bilmirəm, necəyəm. Nə vaxtsa istəmişəm adam olum. İçimdəki sızıltılardan başqa, hər şey arzuladığım kimidi.

- Keçəcək. Hər şey keçəcək... İcazə versən, sənin quyunda yaşayarıq.

- Halal xoşunuz. Amma göyərçinin qayıtsa, tutub qəfəsə salma. Bir gün yolum düşsə, əmin ol ki, rəhm eləmərəm.

Nəhayət, qırışıqları açıldı, güldülər.

- Bəs sən neyləyəcəksən? 

- Gedim onun yanına. - Divin səsi yenə titrədi. - Ümidvaram saçlarını kəsməyib, onları topa-topa ayırıb hörməyib, hörükləri bir-birinin ucuna bağlamayıb...

Bilirsən? İki qadın və bir kişi hardasa, qəbulolunan üçlükdü. Yeri gələndə, həm qadınlar xoşbəxt olur, həm kişi. Amma iki kişi və qadın bir yerdədisə, bütün hallardan bədbəxt olan qadındı. Neynəsə də, adı xəyanətdi. O səni seçsəydi, xatirələrimizə, məni seçsəydi insanlığa xəyanət edəcəkdi. Yanlış seçim elədi. İstəyirdi ikinci otaqda, sıradan görkəmiylə, divlə yox, bir adamla xoşbəxt yaşasın, sənin qapını növbəti dəfə aça biləcəyinə inanmırdı. Gör nə gözləyirdi... Məni tanıdığı qədər tanıya bilməmişdi səni, ona görə də əvvəlki görkəminə qayıtdı. İndən belə heç kim sevməyəcək onu.

- Səndən başqa...

- Nigaran qalma, ona da, atangilə də yaxşı baxacağam.

- Məncə, bütün bunlar heç də təsadüfən baş vermədi. Bilmirəm, hansımız hansımızı aldatdıq.

- Mən səni aldatmadım, Məlikməmməd. Dünyanın sonuncu divi üçüncü canını da sənə bağışladı. Di salamat qal.

- Yaxşı yol, dostum.

- Məndən istədiyin nəsə var?

- Hə. Bir torba alma yığıb qoyarsan. Yolum düşəndə gəlib aparacağam.

- İki nəfərsiz, neynirsən bir torba almanı? Gəl, nə qədər istəyirsən ye, qıza da bir az apar.

- Uşaqlara paylayacağam. O uşaqlara ki, bu nağılı dinləyəndə ömürlərində heç olmasa bir dəfə "kaş öldürməyəydi divi, kaş üzməyəydi o quşun başını, buraxaydı onu" - deyiblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!