Birinci fəsil
Qarabağ xanlığı soyundan gələn əsilzadəlik
...Tərnəkütdə bu gün ayrıca bir şadyanalıq vardı. Şahbulaq qalasından ətraf oymaqlara çal-çağır səsləri yayılırdı. Qalanın ətrafında qonaq gələn məliklərin atlarının kişnərtisi, Şahbulağı qoruyan uzun zəncirli qarqaraya vurulmuş heybətli itlərin səsinə qarışmışdı. İçəridən sazəndələrin tar və kamançalarının çalğısı, xanəndənin şövqlə oxuduğu "Qarabağ şikəstəsi"nin sədaları bu ümumi hay-küyə qarışır, xoş bir toy-düyün ab-havası yaradırdı.
Qaladakı aşbazlar da bu gün məharətlərini lap qabarıq göstərmək üçün dəridən-qabıqdan çıxırdılar. Ətrafa köz üstündə böyük mis qazanlarda dəm alan zəfəranlı plovun ətri, təndirlərdə cızhacız bişən əmlik quzu kababının iştahaçan qoxusu yayılırdı...
...Bu gün cənnətməkan Tərnəkütdə məxsusi bir gün idi, ilıq yaz günəşinin şüaları fərəhdən üzü gülən insanların təbəssümünə qarışmışdı. Qarabağın baş tacı, qüruru sayılan, Sarıcalı oymağından olan əsilzadə Cavanşirlər soyunun igid oğlu Pənahəli xanın əmri ilə Şahbulaq qalasında böyük bir məclis qurulmuşdu.
Su kimi axıb gedən zamana yön verən əlahəzrət tarixin əqrəbləri isə 1752-ci ilin may günlərindən birinə tuşlanmışdı.
Pənahəli xan Şahbulaqdakı ehtişamlı iqamətgahında möhtərəm qonaqlarını böyük hörmət-izzətlə qəbul edir, hər kəsə dərin ehtiramla yanaşırdı. Həm Qarabağın yaxın-uzaq oymaqlarından, həm də qonşu xanlıqlardan möhtərəm şəxslər məclisə təşrif buyurmuşdular.
Qürurlu yorğa yerişlə qalaya doğru yaxınlaşan əzəmətli Qarabağ atının belində şax oturan ucaboy kişinin və onu müşayiət edən iki atlının görünməsi ilə nökərlər xüsusilə əl-ayağa düşüb qonaqların qabağına qaçışdılar. Hiss olunurdu ki, bu gələnlər yolu gözlənilən, arzuedilən qonaqlardır. Pənahəli xan Qarabağ atından qıvraq şəkildə enən qonağı xüsusi şadyanalıqla qarşılayıb möhkəm qucaqladı, xeyli vaxt güclü qollarının arasından buraxmadı. Qonaq da Xanın bu səmimiyyətinə və məhəbbətinə eyni coşğunluqla cavab verdi. Pənahəli xan ərklə qonağının kürəyinə vurdu:
- Can dostum, Nəzərbəy, Şahbulağa xoş gəlib, səfa gətiribsən! Belə məclislərimiz də olmasa, sənin üzünə həsrət qalacağıq deyəsən?
- Heç elə şey olarmı, Sarıcalı Cavanşir?! İki dünya bir ola, mən səni unudarammı? Cismən sənin yanında olmayanda da bilirsən ki, ruhum və könlüm sizinlədir, dualarım daim sənin və həşəmətli Qarabağ xanlığının rifahı və tərəqqisi üçündür! Pənahəli xan, özünə də agahdır ki, indiyədək də canımla da, malımla da daim sənin qulluğunda olmuşam! Cismim də, varım da, bu qiymətli başım da sənə və Qarabağ xanlığına fəda olsun, ay Sarıcalı Cavanşir soyunun baş tacı!
Nəzərbəyin qədim-qayım alban bəylərinə məxsus könüldən səmimiyyətlə süzülüb gələn bu dostanə, mərd cümlələri Pənahəli xanın ürəyinə sarı yağ kimi yayıldı. Bu məmnuniyyət hissini heç gizlətmədən də sağ qolunu ərklə dostu Nəzərbəyin boynuna saldı, hər ikisi aram addımlarla Şahbulağın ən baş odasına - qonaqların toplaşdığı əsas məclisin qurulduğu geniş saray otağına doğru irəlilədilər.
- Bilirəm, bütün bunları, Nəzərbəy, bilməzmiyəm? Qarabağ xanlığı təşəkkül tapandan bəri sən xanlığımızın inkişafı üçün canını da, malını da əsirgəməmisən! Qarabağ xanlığı elə sənin kimi mərd məliklərin sayəsində bu gün güclü bir şəkildə ayaq üstündə dayanır. Elə bilirsən, ətrafdakı xanlıqların hamısı bizə dostdur? Yox! Elə götürək, şəkili Hacı Çələbi xanı! Nə vaxt fürsət tapsa, Şahbulaq qalasına soxulmağa can atır! Yaxşı ki, güclü ordumuz və sənin kimi mərd dostlarımız var! Bunların sayəsində vaxtaşırı o şəkilinin də, digər düşmən xanların da burnunu ovub kor-peşman geriyə yollayırıq.
Pənahəli xanın məclisə daxil olması ilə içəridəki səs-küy nisbətən azaldı, qonaqlar səmimiyyətlə xanın şərəfinə yer-yerdən xoş arzularını ürəyəyatan kəlmələrlə dilə gətirdilər:
- Daim üzün gülsün, ey Qarabağın baş tacı!
- Qarabağın həşəmətli xanına eşq olsun!
- Allah özü sizi pənahında saxlasın!
Pənahəli xan ehtiramla sağ əlini döşünə qoyub, mərdanə bir şəkildə təbəssümlə qonaqlarına təşəkkür elədi. Xanəndə və sazəndələr də xanın içəriyə gəlişi ilə məxsusi şövqə gəldilər. Tarçalan Gülalı tarını sevgiylə köksünə basıb təkcə onun tellərini deyil, məclisdə oturanların qəlbinin sarı simlərini də dilləndirdi. Sarıcallı Şövqi gözlərini yumub dizi üstə saxladığı kamançasını doğma balası kimi süzüb, ürəkləri inlədən musiqi ilə məclisi titrətdi. Qarabağın Bəhmənli oymağından olan, cavan olsa da, artıq ətraf mahallarda da ün salmış məşhur xanəndələrdən olan Xəlil "Araz axar lil ilə, dəstə-dəstə gül ilə..." deyibən səsini zilə qaldırdı.
Pənahəli xan sağında Nəzərbəy, solunda vəziri İbrahimlə məclisin baş tərəfində rəngbərəng buta naxışlı, yumşaq xovlu Qarabağ xalılarının üzərində gülməxmər üzlüklü mütəkkələrə söykənib əyləşdi. Xanın tapşırığı ilə süfrə yerdən salınmışdı, üstündə quş iliyi, can dərmanı axtarsan, tapardın. Xan bu yer süfrəsinin arxasında daha səmimi bir məclis olacağını düşünmüşdü.
Qonaqlar yeməklərini yedikdən sonra kəlağayılı qaravaşların və qıvraq cavan nökərlərin gətirdiyi gül suyu ilə zərif işləməli gümüş taslarda əllərini yudular. Süfrəyə pürrəngi çay, ləziz şirniyyatlar, növbənöv çərəzlər düzüldü.
Qonaqlar yeyib-içib rahatlandıqdan, əllərini gül suyunda isladılmış ağappaq dəsmallara silib mütəkkələrə yayxandıqdan sonra Pənahəli xan aramla sözə başladı:
- Əziz-girami qonaqlarım, xanlığıma qəlbən mənə yaxın olan hər kəsi toplamaqda məqsədim çox vacib bir məsələni sizinlə məsləhətləşmək, hər birinizin qızıldan qiymətli fikrini öyrənməkdir. Əvvəla, hamınıza cox minnətdaram ki, bu gözəl məclisimizə gəlib öz ləyaqətli varlığınızla bizi şərəfləndirdiniz. Şahbulaq qalası dostlarımızın bir araya yığılmasından daha da canlandı, daha da qəddini dikəltdi. Bilirsiniz ki, xeyli vaxtdır biz iqamətgahımızı Kəbirli mahalındakı Bayat qalasından Şahbulaq qalasına, Tərnəkütün bu quş quşluğu ilə qanad salan, əlçatmaz yerinə köçürmüşük. Çünki Bayat qalası daha kiçik idi, düşmən qüvvələrin qarşısını lazımınca ala bilmirdik. Bizə düşmən olan xanlar, Xəmsə məliklikləri, indiki Otuziki elatı, eləcə də ordan-burdan hücum edən yadelli qüvvələr də vaxtaşırı Bayat qalasına soxula bilirdilər. Düzdür, bizim qoşunumuz, güclü sərkərdələrimiz bu qüvvələri zaman-zaman yenib məğlub edirdilər, ancaq bununla belə yenə də daha güclü ola bilməyimiz üçün möhkəm bir qalaya ehtiyacımız vardı. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyə haqqımız yox idi. Xaçın əhalisi də bilirsiniz ki, arada fitnə-fəsada yol açırdılar. Onlara da özüm məliklər təyin edib onları özümə tabe edəndən sonra, o elatın da ağzını yığışdıra bildim. Xülasə, Şahbulaq qalası neçə illərdir ki, iqamətgahımızı öz qoynunda qürurla qoruyur, qalanın ətrafında xeyli bazar-dükan, hamam, sənətkarların rahat işini görə biləcəyi lazımlı məkanlar tikilib, Qarabağ xanlığının döyünən ürəyinə çevrilib. Buranın təbiəti də füsunkardır, Allah-taala bu yerlərdən öz cənnət nemətlərini əsirgəməyib. Şahbulaq indi Qarabağ xanlığının mərkəzinə, göz bəbəyinə çevrilib. Ancaq düşünürəm ki, xanlığımız getdikcə qüvvətləndiyi üçün, ərazilərimizi getdikcə, daha da genişləndirdiyimiz üçün indi daha güclü, daha əlçatmaz, ünyetməz bir yerdə inşa ediləcək daha ehtişamlı bir qalaya ehtiyacımız var. Elə bir qala ki, düşmən, nəinki hücum etmək fikrinə düşməsin, hətta uzaqdan belə qalaya baxanda gözü qaralsın, başı hərlənsin. Bu məclisi təşkil etməzdən əvvəl Şahbulaq qalasını tikən memar və ustalarla da məsləhətləşmişəm, yaxın adamlarla məşvərətlər aparmışam. Onların da birgə tövsiyəsi ilə bu qərara gəlmişəm ki, elə Şahbulağı tikən memar və sənətkarların iştirakı ilə daha təhlükəsiz və düşmənin, nəinki əlinin, heç nəfəsinin də yetməyəcəyi bir yerdə - Şuşakəndin yaxınlığında yeni şəhər-qalamızın inşasına başlansın. Elə şəhər-qalanın adı da Şuşa olar. Orada da məscidlər, daş evlər, bazar-dükanlar, hamamlar tikiləcək, usta sənətkarların, əsnaf tayfasının da rahatlıqla yaşayıb işləyəcəyi, iqamətgahımıza layiq bir qala-şəhər boy göstərəcək. Gələcək nəsillərimizə də bizdən bu gözəl şəhər sələflərindən ən dəyərli ərməğan kimi yadigar qalsın. Gələcəkdə adımızı rəhmətlə anıb böyuk sayğı və ehtiramla bizi yad eləsinlər. İndi, əziz dostlarım, deyin görək, sizin fikriniz nədir, necə bir təklifdir?
İlk dillənən Pənahəli xanın dostu Nəzərbəy oldu. Böyük şadyanalıq içində çəpik çalıb xanı alqışladı:
- Ağlınla min yaşa, Pənahəli xan! Çox gözəl və lazımlı təklifdi, mən də beşəlli sənin bu təklifinə razıyam. Və var-dövlətimdən nə qədər arzulasan, bu qala-şəhərin tikintisinə bəxşeyiş etməyə can-başla hazıram! Elə gələndə də hazırlıqlı gəlmişdim, ilkin olaraq məndən beş kisə qızıl bu qala-şəhərin tikintisinə hədiyyə olsun. Elə bu qalanı da onu inşa etdirənin şərəfinə, Qarabağ xanlığının vuran ürəyi Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırarıq.
Pənahəli xan ürəkdən qəhqəhə çəkdi, "Bunu tikdirib başa çatdıraq, elə Qala, ya da Şuşa adlandırsaq da olar, Nəzər!"
Vəzir İbrahim də təmkinlə Pənahəli xanın təklifini təqdir etdi, Şuşa şəhər qalasında da Şahbulaq qəsrinin tikintisində istifadə olunan Arran memarlıq məktəbinin üslubundan istifadə etməyi məsləhət gördü.
Qarabağın müxtəlif oymaq və elatlarından gələn dostlar da xanın sözünə dəstək verib təklifini alqışladılar. Onlardan varlı-hallı məliklərdən bəziləri elə oradaca qalanın inşasına başlamaq üçün xeyli qızıl peşkəş elədilər. Məclis getdikcə daha şən bir əhvala büründü, dostların qəlbinin fərəhi simalarındakı gülüşlərində, sevincli hallarında əks olunmuşdu. Məclis öz axarı ilə davam edirdi. Xanəndə Xəlil bu səfər dəfinə daha zərblə toxunub, ürəkdən zəngulə vuraraq məclisə xoş əhval gətirdi:
Qalada yatmış idim,
Top atdılar, oyanmadım,
Saz ilə, söhbət ilə oyatdılar...
İkinci fəsil
Azad Qaraqoyunludan gələcəyə uzanan yol
Qaraqoyunlunun qız-gəlinləri kimi səhəngini, kimi güyümünü çiyinlərinə alıb, kimi başındakı teşt dolusu pal-paltarla, kimisi külləyib təmizləyəcəyi mis qazan-tavasını qoltuğuna vurub yenə coşub-daşan Tərtərçayın sahilinə enmişdilər.
Bahar günü bağ-bagçadan göyə bülənd olan bülbüllər kimi qız-gəlinlərin şirin avazları çay sahilini başına almışdı. Gah qəhqəhə çəkib cayın suyundan bir-birlərinin üzərinə çiləyib üst-başlarını isladır, gah da ağız-ağıza verib, hansısa xalq mahnısını bir yerdə oxuyurdular. İçlərində nisbətən ortayaşlı gəlinlər paltar-palazı çayın kənarındakı sal daşların üzərinə sərib əllərindəki bir parça ağ gillə köpükləndirib yuyur, bir neçə yaşlı qadınsa, altı qaralmış mis qazanları ağzıüstə çevirib külləyib ağartmağa çalışırdı. Gənc qızlar öz aralarında nəsə zarafatlar edib qəhqəhə çəkib gülüşür, bir-birlərinin hörüyünü, birçəyini dartırdılar. İçlərindən özünü ağır aparıb şirinliklə meymunluq edən gənc qızları xəfif təbəssümlə süzən də vardı, rişxəndlə baxış atan da.
May günəşinin parlaq, insanı şövqə gətirən, ilıq şüaları altında deyib-gülən gənc qızları bir xeyli süzəndən sonra başına örtdüyü ağ kəlağayını düzəldib qımışan Rasta arvad dözməyib dilləndi:
- Ay saqqalı ağarmışlar, bir sakitləşin, nolub, mazaq axtarırsınız, deyəsən? Bunlara bax, necə də ding-ding dingildəşirlər e, ay bala, cavan olanda nolar, elə gərək hər latayır zarafatı edəsiniz?
Qızlardan dilli-dilavər, uzun qara hörükləri kəmərindən aşağı sallanan, alagözlü, dolu əndamlı Zibeydə gülə-gülə dilləndi:
- Yazın günəşidir bizi belə oynadan. Guya sən cavan olmamısan, ay Rasta xala? Kim bilir, cavanlığında nə ürəklər hopladıb, nə canlar yandırmısan sən?..
Rasta arvad qımışdı, fikrə getdi, sanki Zibeydənin sözləri ilə bir anlıq gəncliyinə doğru qanadlandı. Ancaq tez fikirdən ayrılıb yenidən xəyalı Tərtərçayın sahilinə qayıtdı, o da gülə-gülə Zibeydəni cavabsız qoymadı:
- Ay cüvəllağının qızı, mən elə cavanlıqda da ağır gəlin idim. Yazın günəşiymiş bunları oynadan! Mən yaxşı bilirəm, sizi oynadan nədir, birçəyiniz ağarsın sizin, köpəkqızları...
Rasta arvadın yanında oturub qızları süzən Züleyxa qarı da söhbətə qarışdı:
- Deyin-gülün, ay bala, Allah həmişə sizi güldürsün, amma əndazəni aşmayın da. Bir az ağır oturub, batman gəlin, bax, uzaqdan da Azadağa xan başının dəstəsi ilə gəlir deyəsən, özünüzü bir az yığışdırın, ayıbdı.
Bayaqdan qaz kimi qaqqıldaşan qız-gəlin bir andaca sakitləşdi, gülərüzlü qızlardan biri - Yadigar kişinin qızı Sona zaraftayana, yavaşca dilləndi:
- Maşallah, ay Züleyxa xala, sənin də gözün darı dəlir, o uzaqlıqdan Azad xanı necə seçdi gözlərin?
Ortayaşlı, xoş görkəmli Azad xan ağbirçək qadınlara tərəf gözucu baxıb, ədəblə salam verib hündür Qarabağ atının belində yavaşca uzaqlaşdı. Bu yerlərdə kişilər qadınların toplaşdığı yerlərə çox yaxınlaşmazdı. Sadəcə, xanın başının dəstəsindən bir neçə nəfər susamış atları çaya tərəf endirdilər ki, atlar su içib susuzluğunu yatırsın. Atları sulayandan sonra cavanlar qız-gəlinə tərəf baxmamağa çalışaraq elə dəstə ilə çayın sahilindən uzaqlaşdılar.
Atlılar uzaqlaşan kimi qızlardan ən dilli-dilavəri, Rasta arvad demiş, "gözü-başı qaynayan" Dilruba yanındakı rəfiqəsi Sitarəyə pıçıldadı:
- Ay qız, bu Azad xan necə yaraşıqlı, boylu-buxunlu imiş? Hələ indiyədək onu bu qədər yaxından görməmişdim. Buna ərə gedənin bəxtəvər başına! Həm yaraşıqlı, həm ağayana, ağırtaxtalı, həm də varlı-kallı, bu boyda elatın sahibi! Vallah, məni ikinci arvad kimi alsa, lap belə ürəklə ona ərə gedərəm!
Sitarə rəfiqəsinin gülə-gülə dediyi sözlərə gülüşlə cavab verdi, zaraftayana iki əlini qoşalayıb yavaşca Dilrubanın başına endirdi:
- Kül başına, elə sənin! Əlbəttə, yaraşıqlı, cüssəli olacaq. Heç bilirsənmi Azad xan kimin soyundandır? Qarabağ xanı Pənahəli xanın nəticəsidir, o cür əsilzadə nəsildən olan daha necə olmalıdır ki?
Azad xanın arvadını görmüsənmi heç? Dünyalar gözəli bir xatundur. Özü də ikicanlıdır, deyirlər, bir-iki aya dünyaya körpəsini gətirəcək. Azad xan da onu yaman sevir, deyilənə görə. Babalı deyənin boynuna, onların malikanəsində qulluqçu işləyən axçi Siranuş o gün danışırmış ki, Azad xan oğlu olsa, körpənin ağırılığında qızıl -cəvahirat söz verib arvadına. Əlini ağdan-qaraya vurmağa qoymurlar, bir dediyini iki etmirlər ki, təki uşağı sağ-salamat dünyaya gətirsin. Sən də deyirsən, ikinci arvad. Ağlın kəndin hampasına, axunda-zada getməsin. Onun arvadı da hansısa elatın xanının qızıdır, heç imkan verərmi üstünə günü gətirsinlər?!
Dilruba güldü, "Ay qız, sözdü də dedim, bu dəqiqə durub Azad xana ərə getmirdim ki..." deyib əlindəki yaş paltarı sıxdı...
...Bu söhbətin üstündən heç iki ay keçməmiş, Azad Qaraqoyunlusunun yuxarı hissəsində hündür ağacların kölgəsində daldalanan ehtişamlı malikanədə hamı qarışqa kimi qaynaşırdı.
Azad xanın həyat yoldaşı Bəyim xanımın doğum sancıları başlamışdı.
Xan tezbazar kəndin aşağısına at yollayıb əbə Nəsibə arvadı və kənddəki doğumlarda ona kömək edən gəlini Yavəri gətirtmişdi.
Nəsibə arvad malikanəyə çatar-çatmaz təlaşla ora-bura qaçışan qulluqçuları Afitab və Rəxşəndəyə, əl-ayaqda gətir-götür edən erməni Siranuşa təmiz qaynadılmış bezlər, gümüş teştlərdə isti su gətirməyi tapşırdı.
Bəyim xatun malikanənin baş tərəfindəki otaqda zərxara döşək üstünə uzadılmışdı. Ətrafında xalası, qayınanası da oturub ağrılar içində qıvrılan gənc qadının əlindən yapışıb ürək-dirək verirdilər.
Nəsibə içəri daxil olanda hamının ürəyinə bir rahatlıq hissi çökdü. Bəyim xatun ümidlə onun üzünə baxdı, sanki dünyada bütün ağrılarına son qoyası yeganə qadın gəlib onu tapmışdı. Afitabla Rəxşəndə əllərində böyük gümüş teştlərdə isti su, əllərində tərtəmiz bezlərlə qaçaraq içəri girdilər. Siranuş da məcməyidə gümüş qayçı gətirib Nəsibənin əlinin altına qoydu. Nəsibə böyük bez topundan elə əli ilə parçalar kəsib taya kimi əlinin altına yığdı, qulluqçu Rəxşəndəyə tez zəncəfilli ballı isti çay dəmləyib gətirməyi tapşırdı. Dünyaya övlad gətirməyə hazırlaşan gənc və gözəl qadın dözülməz doğum sancıları içində qışqırır, hərdən əlinin kənarını dişləyib ağzını qapayırdı ki, səsi çölə getməsin. Nəsibə arvad qulluqçunun dəmləyib gətirdiyi zəncəfilli ballı çayı nəlbəkiyə töküb yavaş-yavaş Bəyim xatuna içirtdi:
- İç qızım, zəncəfil çayı doğumunu asanlaşdıracaq, bal isə səni qüvvətli tutacaq ki, agrılara dözə biləsən. Dərindən nəfəs al, indidən qışqırıb nəfəsini tükətmə, hələ doğumunun başlamağına var, indidən özünü gücdən salma. Dərindən nəfəs al, ancaq mən deyəndə güc verərsən, hələ boşuna üzmə özünü...
İyulun sonları idi, isti adamı qovurğa kimi qovururdu. Günəş çoxdan günortanın yerinə qalxmışdı, malikanənin həyətindəki əzəmətli palıd ağacında səhərdən bəri xoş səslə oxuyan quşlar, cəh-cəh vuran bülbüllər susmuş, onların avazını günortanın istisində daha da cuşa gəlmiş cırcıramalar əvəzləmişdi. Cırhacır səslərini başına atan cırcıramalara bir yandan da, arabir, həyətin aşağısında yorğun-yorğun hürən qoca Alabaş yoldaşlıq edirdi. Malikanənin nökərlər yaşayan tərəfindəki tövlənin qarşısında qurban kəsilmək üçün alınan qoçların mələrti səsləri isti havanı vecinə almadan, həyət-bacada deyə-gülə oynayan nökər-naibin uşaqlarının səs-küyünə qarışırdı...
Həyətin aşağısında, kölgəsi az qala bütün həyətə düşən nəhəng palıd ağacının altında var-gəl edən Azad xanın səbri daralıb bir tikə qalmışdı. Damağında Şamaxı ustaları tərəfindən hazırlanmış bahalı qəlyan çubuğunu aramsız tüstülədir, arabir dayanıb malikanədən gələn səsləri dinşəyirdi. Malikanədən isə təlaşla ora-bura qaçışan qonşu arvadların, qulluqçuların səsindən başqa hələ ki, heç nə eşidilmirdi. Arabir sevimli həyat yoldaşının çığırtılarını da bu qarışıqlığın içində qulağı alırdı. Bu zaman qəlbi həyəcanla döyünür, yavaşca pıçıldayırdı:
- Ya Allah, sən böyüksən, xanımı da, körpəmi də qoru, hər şey xeyirlisi ilə başa çatsın!..
Dostu Xanəli də ondan bir az aralıda dostunun həyəcanlandığını gördükcə ona təsəlli verir, tezliklə hər şeyin xoş bir sonluqla bitəcəyini xatırladırdı. Ancaq Azad xan bu məqamlarda, sanki dostunu eşitmirdi. Qəlyanını tüstülədə-tüstülədə, dayanmadan var-gəl eləyirdi. Zaman keçmək bilmirdi. Ayrı vədə su kimi axıb gedən vaxtın ayağından indi ağır daş asılmışdı, bəlkə də gözlədikləri üçün heç cür zamanı xərcləyib qurtarmaq olmurdu. Həyəcan içində keçən saatlar Azad xan üçün, sanki bir ilə bərabər idi...
Gün qüruba doğru əyilirdi. Nəsibə arvad qan-tər içində cavan qadına gah ötkəm səslə, gah da mülayim tərzdə "güc ver, qızım, güc ver, axı bayaqdan deyirdim sənə, boşuna nəfəsini tükətmə, hələ indi güc verməlisən, az qalıb, bir az da döz, gözəl qızım" deyə səslənirdi.
Azad xan bir neçə dəfə malikanəyə yaxınlaşmaq istəsə də, ayaqları, sanki onu geri dartırdı. Doğum sancıları çəkən cavan arvadının iztirablı səsini eşitməyə ürək eləmirdi, amma bir yandan da səbirsizlikdən bağrı çatlayırdı.
...Və günəş ağacların kölgəsinin arxasında gözdən itib ətrafa alatoranlıq çökəndə nəhayət ki, səbirsizliklə gözlənilən səs eşidildi!
Axşamın alatoranında cırcıramaların da artıq yorulub susduğu, uşaqların da əl-ayaqdan çəkildiyi, ümumi sakitlik çökmüş həyətə içəridən var gücü ilə ağlayan çağanın səsi yayıldı. Azad xan dərindən nəfəs aldı, qulluqçu Rəxşəndə tumanının balağını əlinə alıb sevincək xana doğru yüyürdü:
- Azad xan, gözümüz aydın, Bəyim xanım sağ-salamat bari-həmlindən azad oldu! Muştuluğumu istəyirəm, ay xan, nur topu kimi sağlam, güclü bir oğlun olub.
Xanəli sevinclə dostunu qucaqlayıb gözaydınlığı verdi. Sevincindən Azad xanın gözü dumanlandı, az qaldı ağlasın. Təntidiyindən ona doğru qaçıb muştuluq gözləyən Rəxşəndə arvada əlindəki qəlyanı uzatdı, sonra özünə gəlib əlini nazik yay çuxasının cibinə salıb, bir qızıl onluq çıxarıb gülə-gülə qulluqçunun ovcuna basdı. Tez tapşırdı ki, doğulacaq körpənin şərəfinə neçə gün əvvəldən alınıb qurban kəsiləsi qoçları kəssinlər, nökərlər heyvanları tövlənin aşağısına çəkib yanlarında dua oxuyan mollanın müşayiəti ilə "Bismillah!" deyib qoçları boğazladılar.
Həmin gün Azad xanın malikanəsindən bütün qonşulara, elata qurbanlıq qoç əti, şirniyyat paylandı, muştuluqlar, bəxşişlər verildi...
Gecə əl-ayaq çəkilib, qohum-qonşu arvadlar evlərinə dağılışandan sonra Azad xan təmkinli addımlarla malikanənin hündür pillələrini qalxdı. Həyəcanını xanlara məxsus ağayanalıqla gizlətməyə çalışaraq Bəyim xanımın yatdığı otağa daxil oldu, Nəsibə arvad hələ getməmişdi, zahı qadının yanında oturub onu yağlı-ballı quymaq yeməyə məcbur edirdi. Xanı təbrik edib, o da öz muştuluq payını sevinc içində alıb otaqdan eyvana çıxdı.
Azad xan arvadına yaxınlaşıb onun alnından öpdü, tərtəmiz bezə bələnib beşiyə uzadılmış sağlam, qırmızıyanaqlı körpəni ehmalca, sanki zərif şüşə qaba toxunurmuş kimi əlinə götürdü, bığı körpəni incitməsin deyə xəfifcə onun da alnından öpüb fəxrlə bu nur parçasına baxdı:
- Adı Behbud olsun, bir həftədən sonra axund çağırıb məclis qurarıq, əzanla körpənin adını qulağına oxusun. İnşallah, ailəmizə, nəslimizə, vətənimizə xeyirli övladlardan olsun, Behbud oğlumuz!
Ağrılardan azad olub canı sancılardan dincələn yorğun gənc qadın qürurla gülümsündü, Azad xanın yanına qoyduğu körpəsini lap yaxınına çəkib gül kimi qoxladı.
Nəsibə arvad yenidən içəri girəndə xan ayağa qalxdı ki, otaqdan çıxsın. Nəsibə üzünü xana tutub dedi:
- Azad xan, bilirsənmi, körpə balamız köynəkdə doğulub, bu isə o deməkdir ki, o, gələcəkdə tanınmış, böyük adam olacaq, igid oğul olacaq, inşallah!
Azad Xan fərəhlə gülümsədi və körpəni yenidən fəxrlə süzüb cavab verdi: - Pənahəli xanın soyunda elə-belə oğul doğulmaz, Cavanşir nəslinə də belə igid oğul yaraşar!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!