Yer üzündə hər şey ulu Tanrınındır! Çiçəklər də... - Seyid Aynurdan yeni esse

 

- "Nəyi gözləyirik, Zeze?"

- "Buludun göy üzündə üzməsini"

 

"Şirin portağal ağacım" .

Jose Mauro di Vaskonselos

 

Xatirələr göy qurşağı olub, hərdən-hərdən səni xatırladır. Özümdən qaçmaq istəyəndə düşüncələri əlimdə yumaq edib toxumağa başlayıram. Nədənsə bəxtimə heç bir dənə də olsun, rəngli sap düşmür. Və mən beləcə, ağlı-qaralı günlərin boz mənzərəsinin bir küncündə qısılıb qalıram.

Ümidim Simurq quşuna qalmışdı. O, lələklərindən birini mənə verəcək, mən də lələkləri yandırıb ondan məni uşaqlığıma aparmağını istəyəcəkdim.

Gəlmədi...

Əslində o gün səni getməyə mən qoymamalı idim. Səni ayrılığın əllərindən həmin gün almalıydım.

Olmadı. Yolumu divlər bağladı.

Görəsən, dərdlərin ömrü qırx gündürmü?

Zaman axsa da, yuya bilməyib yaddaşımı. Hafizəmdə bütün izlər, hələ də təptəzədir. İnsan hərdən ömürboyu ləzzətini dadmadığı şeyləri xoşlaya, oynatmadığı oyuncaqları sevə bilir. Yaşamaq, həm də sənin olmayan həyata uzaqdan sevgi dolu baxışlarla baxa bilməkdir.

- "Zeze, ağlayırsan?"

- "Keçdi (əlləri ilə gözlərini ovuşdurdu)".

Braziliyanın yenicə İstiqlal müharibəsindən çıxdığı bir dövrü əks etdirən "Şirin portağal ağacım" əsərinin qəhrəmanları olduqca kasıb məhəllənin sakinləridir.

- "Bu eybəcər ağac tinglərin yerinə portağal ağacım olsun, istəyirəm".

Yazıçı on iki günə başlayıb-bitirdiyi "Şirin portağal ağacım" romanını nə az, nə çox, iyirmi ildən artıq idi ki, ürəyində gəzdirirmiş. Uşaqlıqda üzgüçülük üzrə çempion olmağı xəyal edən istedadlı yazarın qələmindən çıxan bu heyrətamiz əsər xəyalpərəst və dəcəl olduğu qədər ağıllı, həssas bir uşağın taleyindən bəhs edir. Yoxsulluq ucbatından yaşadıqları evi ailəsi ilə birlikdə tərk etməyə məcbur olan Zeze bacısının onun üçün seçdiyi portağal ağacı ilə dostluq etməyə başlayır. Günboyu başına gələnləri "Xururuca", deyə çağırdığı bu ağacla bölüşür.

- "Ağacım yekə olsun istəyirəm".

- " Zeze, bu ağac çox cavandır. Səninlə böyüyəcək. Bir gün yekə portağal ağacı olacaq. Lap qardaş kimi olacaqsınız. Budağına bir bax! Tinginin bir budağı var. Elə bil ata oxşayır, çıx, min belinə"

Lap qardaş kimi olacaqsınız...

Həmin gün çox ağlamışdım. Gecə bitmək bimirdi ki, bilmirdi. Kədər o gündən vurulmuşdu mənə. Hara getsəm, dalımca düşürdü. Yolda, evdə, adamlarla dolu küçədə, otağımda tək olanda dayanmadan ağlayırdım. Dərdimi hər gün möhkəm-möhkəm qucaqlayır, günbəgün dərin boşluğa çevrilirdim.

- "Kəpənək boyunbağısız şair olar? Edmundo dayı şəkillər göstərmişdi. Orda bütün şairlərin kəpənək boyunbağısı var".

Kəpənək eşqin özüdür. Bir cüt qanadların titrəyişidir şeir. Sevəndə qanadlanmaq necədir, bunu ən yaxşı şairlər bilər.

Eşqi tapmaq üçün Məcnun olub çöllərə düşmək lazım deyil. Bir ananın övladının saçlarını oxşaması, puçurun çiçəyə, tırtılın kəpənəyə çevrilməsidir eşq.

"Sənin yanında olanda söyülmürəm, danlanmıram. Gün işığının, sanki ürəyimi isitdiyimi hiss edirəm".

Zeze ailəsindən sevgi və diqqəti görmədiyi üçün dəcəllik edirdi. Məktəbdən yayındığı günlər Arivaldo ilə mahnı sözlərini kağızlara yazıb satır, ayaqqabı rəngləyir, yoldan keçən maşınlara minib "yarasalıq" (maşınların arxasına minib-düşmək) edirdi. Portuqa ilə də həmin günlərin birində tanış olur. Dava-dalaşla başlayan tanışlıq sonralar möhkəm dostluğa çevrilmişdi.

"Necə döyə bilirlər səni? Hələ altı yaşı tamam olmayan uşağa necə qıyırlar?"

Tətildə Portuqa ilə gəzəcəyi yerlərin xəyalını quran Zezeni dostunun ölüm xəbərini aldığı an soyuq tər basır, gözləri dolur, leysan yağır gözlərindən. Günlərlə qızdırma içində körpə bədəni od tutub yanır, yatağından çıxmır. Ailəsi Zezenin şəhərin yollarını genişləndirmək məqsədilə bələdiyyənin portağal ağaclarını kəsəcəyi xəbərini eşitdiyi üçün azarladığını düşünür. Portuqa Zezenin içində sirr olaraq sonsuza qədər qalır.

"Daha mənim evim yoxdur!"

"Ata, kəsdilər, kəsdilər mənim balaca, şirin portağalımı"

Son etiraf:

Əzizim, Zeze! Sarısaçlı dostum, xəyallarımda məni qısa müddətlik keçmiş xoşbəxt günlərə qaytardığın üçün sənə minnətdaram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!