Şəhid qızının məğrurluq dərsi - Hekayə. Asif MƏRZİLİ

Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra), əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun xatirəsinə həsr olunur

 

...Sevil yorğanı başına çəkib elə yatmışdı ki, heç kim onun yatağında kimsənin olmasını belə hiss edə bilməzdi. Axşam yerinə girəndə isə gecə yarıya kimi yuxusu gəlməmişdi, hətta anasının zümzümə etdiyi layla da, danışdığı nağıllar da kara gəlməmişdi. O, yuxulamamasından bərk əsəbiləşən anasına: - Mən atam gələndən sonra yatacam, - deyərək inadkarlıq da etmişdi: - Atam mənə demişdi ki, bu gün gələcək, mənə tort alacaq...

- Atan gec gələcək... Bəlkə heç bu gecə gəlmədi, sən yatmayacaqsan? - anası dilləndi.

Sevil uzun hörüklərini boynuna dolayaraq: - Atam iki gün əvvəl gedəndə mənə demişdi ki, bu gecə qayıdacaq, - deyib dərhal da başını yorğanın altında gizlətdi. Anası da işdən yorğun gəldiyindən daha bir söz demədən otağın işığını söndürüb mətbəxə keçdi.

 

***

...Balaca Sevil heç xəbəri olmadan yuxulamışdı. Bir də səhər tezdən gözlərini açanda yorğanın altında zil qaranlıq gördü. Yorğanın ucunu astaca qaldırıb ətrafda işıqlı hava görəndə diksindi. Başa düşdü ki, gecə yuxu onu aparıb, səhərə kimi yatıb, evdəkilərdən isə xəbəri olmayıb. Cəld yerindən qalxıb otağının qapısını araladı, barmağının ucunda, asta addımlarla mənzilin giriş qapısına tərəf getdi. Atası, adəti üzrə evə gələndə hərbi paltarını qapının girişində asardı.

Asılqanda atasının mundirini görən kimi sevincək irəli getdi. Mundirin ətəyindən tutdu. Sonra çoxdan görmədiyi, həsrətində olduğu və xəyalında əzizlədiyi bir doğması kimi mundiri qucaqladı. Və atasının iyini alırmış kimi, barıt qoxusu verən mundirin ətəyini burnuna sıxdı,  sonra mətbəxə qaçdı. Atası çay içirdi. Yüyrək addımlarla üstünə atıldı, boynuna sarıldı: - Anam məni aldatmışdı, dedi ki, atan gəlməyəcək...

Atası onun daraq görməmiş uzun, qıvrım saçlarını sığallayıb əlinə yığdı, öpərək: - Saçlarının nə qəşəng ətri var, hansı ətirdən vurmusan? - deyib sonra alnından öpdü.

- Ad günümdə mənə aldığın var idi eyyy, nənəmdən göndərmişdin...

- Hə, lap yaxşı... İndi qaç, əl-üzünü yu, saçını dara,  bağçaya getmək vaxtına az qalıb...

- İstəyirəm, sən işə getməyəsən...

- Yox, yox, olmaz, sən bağçaya gedəcəksən, mən də işə...

- Ata, dedim ki, sən işə getmə...

- Axı mən getməsəm, olmaz...

Sevil başını atasının sinəsinə söykədi, sonra sual dolu baxışlarla onu süzdü:

- Sən işə niyə gedirsən axı?

- Mən orda torpağımızı qoruyuram.

- Torpaq? - Sevil təəccüblə atasına baxdı: - Bizim orda da torpağımız var?

Anası özünü gülməkdən güclə saxladı: - Bu elə bilir ki, bizim torpaq burdakı balaca bağçamızın həyətindəkidir...

Atası gülərək: - Hə, qızım, ordan lap o biri tərəfdə, uzaqlarda çoxlu torpağımız var, amma düşmənlər onu ələ keçirib, biz onu geri almalıyıq...

- Düşmən? Onu avtomatla öldür, torpağımızı versin...

- Hə, elə bir dənə çarə ona qalıb...

- Ata, sən onlara başa sal, onlar da torpağımızı qaytarsın...

- Yox, qızım, onlar söz deməklə başa düşən deyillər, çarə sən deyən o avtomata qalıb...

- Ata, o düşmən kimdir ki?

Atası ani olaraq fikirləşib balaca Sevilin başa düşəcəyi tərzdə: - Qızım, onlar çörəyimizi yeyib, üzümüzə ağ olan ermənilərdi, - deyərək Sevilin başını sığallayıb güldü: - Anası, görürsən, Sevil heç düşmənimizi də tanımırmış...

- Yox, ata, mənim də düşmənim var...

- Sənin düşmənin? Bəs sənin o düşmənin neyləyir sənə?

- Ata, mən göyərçinlərə çörək atıram, qara qarğalar gəlib onları qovur, çörəyi əlindən alıb aparır...

Sevil doluxsundu: - Dünən anam mənə kökə almışdı, pəncərəyə qoymuşdum ki, göyərçinlər gəlsin, onlara verim. Qara qarğa qapıb apardı, göyərçinlər ac qaldı...

- Hə, qızım, bizim ordakı düşmənlər də o qara qarğalar kimi həyasızlaşıb, torpağımızda yer verdik, yuva düzəltdik, üz verdik, sonra çörək də verdik, qudurdu... Sonra da torpağımızı əlimizdən aldı, indi qaytarmaq istəmir. Biz də o düşmənləri torpağımızdan qovmaq üçün çalışırıq...

Sevil özünü çoxbilmiş göstərirmiş kimi: - Hə, ata, sənin o düşmənini tanıyıram...

Atası necə güldüsə, çeçədi, az qala çörək boğazında qalacaqdı... Əlini əlinə vurub: - Anası, eşitdin, Sevil mənim düşmənimi tanıyır... Hə, de görüm, harda görmüsən?

- Anam mənə danışıb... Onlar Xocalıda uşaqları öldürüblər... Yuxuda da görmüşəm ki...

Bu vaxt telefon zəng çaldı. Hərbi hissədən idi. Atası cəld ayağa qalxıb getməyə hazırlaşdı.

Sevil atasını buraxmaq istəmirdi... Amma atası həmin gün mühüm bir tapşırığın icrası üçün gecə kəşfiyyata getməli idi...

10 il sonra...

Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də xüsusi əməliyyat planına uyğun olaraq düşmən üzərinə hücuma keçdi. Sevilin atası kəşfiyyat rəisi idi. Müharibənin ilk günlərindən döyüşçüləri ilə birlikdə düşmənə ağır zərbələr vuraraq igidlik göstərirdi. O, bir neçə dəfə düşmənin arxasına keçərək yüzlərlə canlı qüvvəsini və çoxsaylı hərbi texnikalarını məhv etmişdi. Sonuncu dəfə, oktyabrın 2-də ağır döyüşlərdə şəhid olmuşdu. O, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı Fəxri adına layiq görülmüş, çoxsaylı orden və medallarla təltif edilmişdi. Orduda hamı onu əfsanəvi kəşfiyyatçı kimi tanıyırdı...

1 il sonra...

...Sevil dərslərində əlaçı idi. Hələ 44 günlük Vətən müharibəsinin ilk günləri idi, atası sonuncu dəfə evlərinə zəng edəndə Sevilə dərslərindən həmişə əlaçı olmağı, məktəbdə nümunəvi olmağı tapşırmışdı: - Söz ver ki, məktəbi qızıl medalla bitirəcəksən, - deyərək onu xeyli dilə də tutmuşdu: - Bax, söz ver, ha...

Sevil də atasının bu tövsiyəsini heç vaxt unutmurdu, məktəbdə ən nümunəvi şagirdlərdən idi.

 

***

Sevilin anası Nuranə xanım tibb bacısı idi. Sevili və balaca qardaşı Çingizi məktəbə yola salmaq istəyəndə xəstəxanadan təcili zəng gəldi. Ağır xəstə gətirmişdilər. Nuranə xanım uşaqların çay- çörəyini verərək taksi ilə işə qaçmalı olmuşdu.

 

***

Sevil qardaşından böyük idi, bəzən anası işdən gec gələndə onun da qayğısına qalardı. Baxmayaraq ki, o da balaca idi, hələ 5-ci sinifdə oxuyurdu. Hamı məktəbdə ona Vətən Müharibəsi Qəhrəmanının qızı kimi xüsusi hörmətlə yanaşırdı, amma o, bundan narahatlıq keçirirdi. Hətta bir neçə dəfə anasına demişdi ki, sinif müəlliminə zəng etsin, desin ki, onu digər şagirdlərdən seçməsin, onların yanında xüsusi təqdimatla, başqa uşaqlara fərq qoyularaq şəhid qəhrəmanın qızı kimi təqdim edilməsindən çox narahat olur... Anası isə Sevilin başını sığallayıb: - Hə, qızım, narahat olma, deyərəm, müəllimlər səni onsuz da, çox istəyirlər, çünki sən əlaçısan... Amma həm də istəyirlər ki, bilməyənlərə nümunə çəksinlər. Çünki bütün şəhidlər kimi, sənin atan da düşmənlərimizə qan uddurub, Vətən yolunda qurban gedib, onun adı hamımızın qürur yerimizdir!

Sevil: - Yox, ana, sinifmizdə iki şəhid övladı da var, müəllimlər mənə qəhrəmanın qızı deyəndə onlar üzümə baxırlar, mən onda çox narahat oluram... Noolar, sən müəllimə de...

Anası söz verdiyi kimi, sinif müəlliminə zəng edib Sevilin bu xahişini çatdırmışdı. O vaxtdan Sevil sinifdəki bütün şagirdlər kimi bərabər çalışar, özünə qarşı fərqli münasibəti duymazdı və buna görə də özünü çox rahat hiss edirdi.

 

***

...Bazar günü olduğundan Sevil və qardaşı dərsə getməmişdi. Amma anası qrafik üzrə həmin gün növbətçi həkim olduğundan işə tələsirdi. Evdən çıxanda Sevilə: - Qardaşın duranda termostda çay var, süzərsən, yeməyini verərsən... Bir də, mən çatdıra bilmədim, bu kağıza alınmalı şeylərin adını yazmışam, sağdakı supermarketə gedib alarsan. Bu da sənin kartın, iki gün əvvəl 20 manat vurmuşam, bəs edəcək, - deyərək ona tapşırıqlarını verdi və Sevilin üzündən öpüb işə tələsdi.

 

***

Qardaşı hələ də öz otağında yatırdı. Sevil fürsətdən istifadə edib dükana baş çəkmək qərarına gəldi. Qapıdan çıxmaq istəyəndə birdən yadına düşdü ki, ötən gün siniflərindəki şəhid oğlunun ad günü üçün dostları ilə birləşib hədiyyə almışdı. Dərhal yadına saldı: "Əgər anam kartıma 20 manat pul göndəribsə, onun 7 manatını hədiyyəyə vermişdim, deməli, 13 manat hələ durur",- deyə dükana tələsdi.

 

***

Sevil kağızda yazılanları bir-bir alıb səbətə yığmışdı. Kassaya yaxınlaşdı. Növbəsi çatanda səbətdəki çörəyi, ardınca şəkər və çayı, sabunu, bir də kofe qutusunu kassirin qarşısına qoydu, dərhal da ödəmə kartını kassir xanıma uzatdı. Xanım ödəmə terminalına kodu yazaraq ümumi məbləğı qeyd etdi. - Hə qızım, kartı aparatın burasına yaxınlaşdır, - deyərək ona kömək etməyə çalışdı...

Sevil: - Mən bilirəm, çox sağ olun, - deyərək kartı ödəmə terminalının ekranına yaxınlaşdırdı. Lakin ödəmə baş tutmadı. Məlum oldu ki, kartda lazımi vəsait yoxdur...

- Qızım, kartda pul azdır...

- Nə qədər pulum var idi?

- Sənin 13 manatın var, amma aldığın mallar 15 manat edir...

Sevil özünü itirmədən: - Mən kofeni istəmirəm... - dedi.

Kassir silinmə aparmalı oldu. Növbədə isə xeyli müştəri var idi. Qalstuklu, orta yaşlı kişi öz- özünə deyinərək növbədən çıxıb kassaya yaxınlaşdı, Sevilin yanında dayandı, kassir xanımdan bir daha problemin səbəbini soruşdu. "Ödəmə kartındakı məbləğdə kifayət qədər pul vəsaiti çatmır...", - deyə kassir izah etdi: - Silinmə aparmalıyam, xahiş edirəm, səbirli olun...

Həmin kişi balaca Sevilə baxdı, onun çaşqın durumundan təsirlənmişdi. O, kassirdən ödəmə üçün nə qədər vəsaitin çatışmadığını soruşanda məlum oldu ki, borc 2 manatdır: - Xanım, o pulu mən ödəyərəm, o qızı buraxın, biz də çox tələsirik, görürsüz, növbə çox uzandı axı, - deyərək qalstuklu kişi əlindəki 10 manatı kassirə uzatdı... Növbəyə düzülmüş digər müştərilərin kassirə və Sevilə qarşı etirazlı səsi bir az da artdı: "Xanım, biz işə tələsirik, bir az cəld olun də..."

Sevil onun əvəzinə 2 manatı kassaya ödəmək istəyən tanımadığı orta yaşlı nurani kişinin üzünə baxdı: "Yox, əmi, istəmirəm, kofeni qaytarıram...", - deyib kassir xanımı hirsli nəzərlərlə süzdü. Onun çaşqın və əsəbi halı, xüsusən də, əvəzinə pul ödəyəcək kişinin təklifindən inadkarcasına imtina etməsi növbədə gözləyən müştərilərin hövsələsini lap daraltmışdı. Başqa bir yaşlı qadının isə kassirə xitabən: "Xanım, biz nə qədər gözləməliyik? Bu uşaq niyə bu qədər vaxtımızı alır axı?!" - deməsi isə Sevili bir az da həyəcanlı etmişdi. Kassada isə silinmə əməliyyatı, nədənsə yubanırdı.

Qalstuklu kişi bu dəfə Sevili yola gətirmək və kassanın qarşısında dayanmış, getdikcə sayı artan növbədəkilərin narazılığını sovuşdurmaq məqsədilə: - Qızım, görürsənmi, silinmə də getmir, kassa aparatı dondu, eybi yox, mən ödəyim, siz gedin, oldumu?! - deyərək Sevili evlərinə yola salmağa çalışdı. Lakin Sevil bu dəfə lap əsəbi halda: - Yox, istəmirəm, - deyəndə, həmin kişi təəccüblə ona baxdı:  - Sən nə inadkar balasan, - deyib bir daha: - Ay qızım, narahat olma, telefon nömrəsi verərəm, atan 2 manatımı gün ərzində mənə qaytarar, - deyib onu sakitləşdirməyə çalışdı...

Sevil növbədəkilərin hirsli və qəzəbli baxışlarından lap çaşıb qalmışdı. Bu vaxt səs-küyə adminstrator da kassaya yaxınlaşdı: - Nə olub burda? Bu qız niyə bu qədər vaxt aldı axı? - deyərək problemin həllinə çalışdı.

Sevil qalstuklu kişinin təklifinə mehribanlıqla: - Sağ olun, əmi, - deyərək kövrəlmiş baxışlarını gizlətməyə çalışdı. Hamı onun davranışına hakim kəsilmişdi. O, birdən əlini ərzaq "kulok"una atdı, kofe qutusunu kassirin qarşısına ataraq: - Əmi, sağ olun, amma atam sizə o pulu qaytara bilməyəcək, - deyib, aldıqlarını götürüb çaşqın halda kassadan aralanmağa çalışdı. Bu vaxt kassada növbə gözləyən çoxsaylı əsəbi müştərilər isə qeyzlənərək: - Bir buna bax, hələ bir əvəzinə verilən puldan da imtina edir, - deyib onun qarasına gileyləndilər... Qadınlardan biri: - Ay qızım, sizə borc verirlər, niyə əsəbiləşirsən axı, atan gəlib qaytarar dəə, niyə imtina edirsən??? "Çox sağ ol" demək əvəzinə, hələ bir naz edib əsəbiləşirsən də?! - deyəndə Sevil ani olaraq dayandı, məğrur baxışları ilə bayaqdan onu tələsdirməyə səsləyənlərə üzünü çevirdi, yanağından süzülən göz yaşlarını balaca əlləri ilə silərək: - Atam o pulu heç vaxt qaytara bilməyəcək, - deyib duruxdu, sonra dərindən nəfəs aldı, ardınca hıçqırtı ilə: - Çünki atam şəhid olub... - deyib, yeyin addımlarla gözdən itdi...

Növbədəkilər donub qalmışdı, hamı yaz buludu kimi dolmuşdu. Heç kim aldığı ərzaqlara əl vurmaq istəmirdi, yaman kövrəlmişdilər... Əllər ərzaq səbətindən üzülərək yanaqlarda muncuqlanmış göz yaşlarına köklənmişdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!