Romandan parça
...Nahardan sonrakı vaxt idi. Kiçik fasilə elan edilmişdi. Bir azdan ənənəvi təlimlər başlayacaqdı. Nəhayət, mayor Səfərov ağzının kilidini açdı:
- Hara baxırsan?
Rauf heç nə demədi, əlini irəli uzadıb, işarəylə qarşı tərəfi göstərdi:
- Nə görürsən?
- Nəyi görəcəm? Viran qalmış evlərimizi, tüstülənən ocaqlarımızı, bizi gözləyən vətən torpaqlarmızı!..
- Daha nə görürsən?
- Heç nə.... elə dağılmış evlər, adamsız yollar...
- O yollar bilirsən, hara gedir?
- ....?
- O yollar İrəvana gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni əmin edirəm ki, biz bir vaxt o yollarla gedib qədim ellərimizə sahib çıxacağıq. Bir ildən, beş ildən, on ildən sonra - onu dəqiq deyə bilmirəm. Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən əlində qoymayacağıq. Həmin vaxt heç kim qabağımızı kəsə bilməyəcək. Kimsə bizdən döyüşü dayandırmaq barədə xahiş etməyəcək. Etsə də, heç kimi eşitməyəcəyik. Mütləq torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin kimi əmin ol!
Rauf çömbəldiyi yerdən əllərini torpağa dayaq verib dik qalxdı. Bağırtısı Lələtəpənin ətəklərinə yayıldı:
- Haçan bə, komandir? Haçan bə?!..
Belə deyib Rauf Cəfər müəllimin yaxasını əlində elə xışmaladı ki, onun ayaqları yerdən üzüldü. Bayaqdan onları müşahidə edən hərbi rəhbərliyin içindən iki nəfər o tərəfə yeriyəndə polkovnik-leytenant Həmidov işarə etdi:
- İşiniz olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz. Amma gözünüzü çəkməyin.
Raufa pələng gücü gəlmişdi. Cəfər müəllim asta səslə, ehtiyatla deyirdi:
- Bizə baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan. Belə olmaz axı.
Rauf yavaş-yavaş qollarını boşaltdı. Cəfər müəllim üst-başını səliqəyə salıb ətrafa baxdı. Həmidovun işarəsini yaxşı anlamışdılar. Deyəsən, heç onlara tərəf baxan yoxuydu. Hər kəs öz işindəydi... Guya...
Rauf çökdü. Əlləri ilə başını tutdu. Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi torpağın dərinliklərinə işlədi. Gicitkən, cəmirtkən, tikan qarışıq torpağı eşdi. Sonra o biri əlini işə saldı. Barmaqları qanaq-qanaq olmuşdu. Dırnaqlarının mayası özəyindən ayrılmışdı. Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss eləmirdi. Yana-yana öfkələnirdi:
- Gör, necə bir fürsəti əldən verdik. İndi Xankəndini, o biri rayonlarımızın da hamısını almışdıq. “Millət millət olur öz hünərilə”. Gör, bizi necə aldatdılar. Rayonlarımızı bir-birinin ardınca zəbt edəndə, onlara heç olmasa, xala xətrin də olsa, göz ağardan olmadı. Torpaqlarımız işğal edilərkən, haqq işimizi, ərazi bütövlüyümüzün təcavüzə uğradığını heç kim etiraf etmədi. Onda BMT-nin qərarları, ATƏT-Matət, Helsinki Bəyannaməsi heç kimin yadına düşmədi.
Rauf yenə də “havalanmışdı”. Çayırın üstündə bükülürdü, top kimi yumrulanırdı, sonra yumaq kimi açılırdı. Bilinmirdi ki, nərə çəkir, zarıyır, yoxsa, bağırır. Söyüş söyürdü, amma sözləri tam tələffüz eləmirdi, əli ilə ağzını tuturdu, yarımçıq deyirdi, ona görə də anlaşılmırdı. Əslində Cəfər müəllimdən həya edirdi. Onun yanında ədəbsizlik etmək istəmirdi.
Cəfər müəllim yenə, bu dəfə xala xətrin qalmasın, üst-başına əl gəzdirirdi. Rauf ram olmurdu.
- Sevinirik ki, Lələtəpəni aldıq. Sevinc hal-hazırda indiki şəraitdə çox nisbi ifadədir - bizim üçün. Ona görə ki, məqsədimizə tam çatmadıq. Düşmənin əfsanələşdirdiyi Ohanyan səddini darmadağın etdik. Erməni dığalarına gücümüzü göstərdik. Bir neçə rayonumuz daimi hədəfdən azad oldu. Amma Şuşa qalıb axı... Xankəndi, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı qalıb axı... İşğal olunmuş rayonlarımız heç insafdır ki, bir addımlığımızda ola-ola, yenə düşmən əlində qalsın? Vurub düz, İrəvana qədər gedərdik. Belə ən azı, işğaldakı rayonlarımızı azad edib bayrağımızı Xankəndinə taxardıq. Həmişə millətin vətən eşqi, cəsurluğu fontan vuranda bir namərd zəngi, hansısa xarici bir dövlət başçısının yersiz və həyasız müdaxiləsi qabağımızı kəsir. Həmişə bizi yarıyolda qoyur. Qələbəmizi başa çatdırmağa imkan vermir. O vaxt ağdamlılar yürüş edib, erməniləri Xankəndindən iti qovan kimi qovub məsələni birdəfəlik həll edəcəkdilər. Xuraman xalanın yaylığı aşıb-daşan qəzəbimizi içimizdə boğdu. Mirzə Ələkbər Sabir demişkən, “öz tiğimiz öz rişəmizi kəsdi sərəpa!” Düşmən nəfəs dərdi, güc topladı, dünyanı ayağa qaldırıb özlərinə nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin də əli ilə neçə-neçə itkilər verdik. Xocalının başı üzərində oyun getdiyini, böyük faciənin qapının ağzında olduğunu nə qədər desələr də, vətənin o vaxtkı ali rəhbərlərinin hamısı kor oldu, kar oldu, lal oldu, milləti heç nədən qırğına verdilər. Yenə də zərbə özümüzə dəydi. Allah, bu namərd oyunlardan nə vaxt xilas olacağıq?
Raufun hərbi formasını çayırın rəngi zolaq-zolaq etmişdi. O qədər bilinməsə də, hərbi forması tərg olmuşdu, üst köynəyi şalvarından çıxmışdı, toqqası açılmışdı.
Ayaqlarını hey yerə döydüyündən dabanları zoqquldayırdı. Yenə dünya başına uçmuşdu.
Belə görünürdü ki, əldən qaçan fürsət onu ömrü boyu yandıracaqdı.
Uşaqlardan kimsə yaxınlaşıb qumqumanı açdı, Raufa uzatdı. Alıb başına çəkdi. Onun suyu axıracan içəcəyini hiss edən mayor Səfərov ortaya şirinlik qatmaq, Raufun havasını almaq üçün yarızarafat, yarıciddi, incik düşmüş məktəbli kimi əlini uzatdı:
- “Su kiçiyindi”, deyiblər deyə hamısını başına çəkəcəksən? Bizə də saxla dəə... Yoldaşlığın buracandı?
Rauf azca gülümsəyib qumqumanı dodaqlarından araladı. Suyun qalanını da Səfərov içdi.
O biri yoldaşları da gəlib dövrələmə oturdular. Heç kim danışmırdı.
Raufun aşıb-daşan qəzəbi onsuz da, elə gennən bilinirdi. Oradakı danışıqları eşitməyənlər yenə, hansısa ağrının ürəyinə toxunduğunu anlayırdılar. Dostları yumruqlarını sıxıb, torpağı döyəcləyirdilər, baxmayırdılar ki, əllərinin altında daş var, dahara var, tikan var, gicitkən var - ürəklərinin iniltisini birtəhər belə ötüşdürürdülər. Təsəllilərini ermənilərin atıb-getdikləri texnikalara, pulemyotlara, Lələtəpənin düşmən səmtindəki ətəklərinə səpələnmiş, hələ də yiyəsiz qalmış, iylənmiş meyitlərinə baxmaqla sakitləşdirirdilər:
Günəş ilıq və mehriban şəfəqlərini bol-bol dağlara, düzlərə, yarğanlara səpirdi. Həyat bütün gözəlliyi ilə bərq vururdu. İnsan yaşamaq, sevmək, hamını bağrına basmaq istəyirdi. Lələtəpə döyüşləri Azərbaycan əsgərlərini bir boy ucaltmışdı. Əminlikdən və qürur hissindən belləri dikəlmiş, əzmləri birə-beş artmışdı. Qələbənin ləzzətindən, erməni ordusunun qorxaqcasına qaçmasından, silahlarını, texnikalarını hara gəldi, atıb, toyuq kimi özlərini kola-kosa soxaraq, nəyin bahasına olursa-olsun, canlarını qurtarmaq istəmələrindən əsgərlərimiz vəcdə gəlirdilər: “Köpək uşağı, bu deyildi canınız?!”
Lələtəpə qələbəsi onları qane etmirdi. Daha da irəli getmək, qalan şəhərləri də azad etmək istəyi, düşmənə son və qəti zərbə endirmək arzusu əsgərlərin qarşısalınmaz arzusuydu. Heyhat, Rauf demişkən, fürsət quşu əllərindən uçub getmişdi.
Quşların səsi, cırcıramaların nəğməsi, sükutun məstedici haləsi hamını bürümüşdü. Fikirliydilər. Nəsə düşünürdülər. Əlbəttə, belə sakitlikdə ən çox evdəkilər anılırdı. Sevgililərini xatırlayanlar da az deyildi içərilərində. Çoxu ürəyində, hətta şirin-şirin sevgililəri ilə pıçıldaşmaqdaydılar. Sifətlərinə çökən xoş təbəssümdən, dodaqlarının titrəyişindən, sinələrinin qalxıb enməsindən məlum olurdu. Heç kim bu nağıla oxşayan əhvaldan, sakitlikdən, arxayınçılıqdan ayrılmaq istəmirdi. Nagahan bir söz deyib, hərəkət eləmək böyük günah olardı. Şirin xəyalların qanadlarından kim düşmək istərdi?..
Cəfər müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun çiyninə qoyub, astadan nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, sakitləşdirici, ümidverici sözlər dediyi duyulurdu...
“Sən bir az gözlə... hələ...”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!