Asif Ata 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndində dünyaya gəlmişdi...
- Mən sizin divanə saydığınız, Aqamemnon əsiri Kassandra deyirəm ki, Troya məhv olacaq, onun xarabazarlığında bayquşlar ulayacaq.
Fəqət siz ağıllılar mən divanəyə inanmayın!
Həyatın gözünə düz baxmayın! Gerçəkliyi uydurun! Şən, rahat, firavan yaşayın!
Siz ağıllılar, qorxmayın, sizdən döyüş rəşadəti tələb olunmayacaq, siz düşmən ordusunun qarşısında əsim-əsim əsməyəcəksiniz, ölümün pəncəsi sinənizə çökməyəcək!
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Siz ağıllılar, nəşənizdən, işrətinizdən qalmayın, usanmayın! Şəhvət şirnisindən doyunca qidalanın!
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Siz ağıllılar, rütbə, hakimlik dəbdəbəsindən, var-dövlət həvəsindən əl çəkməyin, qoy onlar sizi sərsəri həqiqətdən qorusun.
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Siz ağıllılar, güzəran xoşhallığından, məişət xoşbəxtliyindən ayrılmayın.
Peyğəmbərlik - dəlilikdir. Kassandraya inanmayın!
Siz ağıllılar, fitnənizdən, fəndgirliyinizdən çəkinməyin, ömrün ahəngini, axarını dəyişməyin!
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Siz ağıllılar, zamanın havasına coşğunluqla oynayın, qoy sevinc sədası həqiqətin səsini batırsın.
Kassandra sərsəridir, onu eşitməyin!
Siz ağıllılar, böyük fikri, böyük kədəri, böyük əzabı qəlbinizə yaxın qoymayın.
Qoy hərcayilik ürəyinizi düşüncə hücumundan qorusun.
Peyğəmbərlik dəlilikdir. Kassandraya inanmayın!
Siz ağıllılar, yaratdıqlarınızın əbədiliyinə, bənzərsizliyinə, əvəzsizliyinə sönməz inamınızdan dönməyin.
Divanə hıçqırıqlarına gülün!
Xülya badəsindən aralanmayın.
Fərəh olmayan yerdə o, sizə fərəh gətirəcək, səadət olmayan yerdə səadət!
Bugünün qapısını sabahın üzünə bərk bağlayın.
Elə edin ki, sabah bugünün üzərinə işıq sala bilməsin.
Divanə Kassandraya inanmayın, o sayıqlayır.
Özünüzə məftunluğunuz, heyranlığınız bir an da azalmasın, daxilinizdəki zülməti görməyin.
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Yalandan qaçmayın. Aldadın, aldanın, aldanışla yaşayın, yaşadın.
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Əxlaqı könül evindən qovun, vicdanı ömrünüzdən sürgün edin, xəbisliyi əsillik sayın.
Divanə Kassandra sayıqlayır. Ona inanmayın!
Yırtıcı ehtirasları alışdırın, qoy onun işığında fəlakət görünməsin.
Divanə Kassandranı eşitməyin, susdurun, susmasa - öldürün!
Ancaq Troya mütləq məhv olacaq...
28 Közərti ayı,
5-ci il (28 iyun 1983-cü il)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!