Onu həmişə tək, kefsiz, üst-başı çirkli, saçları qıvrım və səliqəsiz görkəmdə görürdüm. Heç kimlə danışmaz, dinməzcə oturub çayını içər, sonra uzun müddət öz-özünə nəsə pıçıldayardı. Bu vəziyyət heç kimin vecinə deyildi. Çayxanada domino, nərd, okey oynayanların səsi qulaq deşirdi...
Bir gün ona yaxınlaşdım. Çoxdan idi özümü bu görüşə hazırlayırdım. İçimdə planlar qurur, götür-qoy edir, həyəcanlanırdım. Ona yaxınlaşanda, bir az da özümü itirdim. Nimdaş paltarında eybəcər və vahiməli görünürdü...
- Salam, əyləşmək olar?! - sualım boğazımda düyünləndi. Hiss elədim ki, məni eşitdi, ancaq özünü o yerə qoymadı.
- Əyləş, ancaq ucadan danışma... - ilk dəfə idi səsini eşitdiyim bir adamla bu qədər maraqlanırdım...
- Niyə tək oturmusunuz? Dostunuz yoxdur?
- "Dost?" gülməlidir, - ilk sualım və beləliklə, çayxana söhbətimizin başlanğıcı...
Tək olmaqdan sıxılmıram. Təklik mənə özümlə xoşbəxt olmağa, düşünməyə, qərar verməyə kömək edir. Təkliyimi boşluqlarla doldururam. Bu boşluqlar "dost" dediyimiz kəslərdən daha əhəmiyyətli və faydalıdır. Dostlar bizim təkliyimizi əlimizdən alır, ancaq əsl dostlar bizi özümüzlə tək buraxır. Çünki əsl dost elə sənin özünsən...
Səni əyləncələrə, mənəvi zövq almadığın bütün məsələlərə yönəldən, vaxtını, sadəcə, yüngül duyum və həzzə sərf edən dostlardan zərərli nə ola bilər?!
"Mənim heç dostum yoxdur" - müdaxilə etməli oluram. Mamırlı üzünə təbəssüm qonur. Anidən gülməyə başlayır. Qəfildən hamının diqqəti bizim üzərimizə yönəlir. Adamı sakitləşdirməyə çalışıram:
- Müəllim, müəllim, hamı bizə baxır, sakitləşin, zəhmət olmasa...
- Müəllim yox, Sokrat. Müəllimin çayxanada nə işi var?! Safroniksin oğlu Sokrat. Bilirsən, mənim atam daşyonan olub. Gözəl əl işləri var idi. Söhbətimiz davam edir.
- Bilirsən, dostluq nə deməkdir?
- Bilirəm.
- And iç.
- Nəyə and içim?
- Zevsə and iç ki, dostluq haqqında həqiqəti bilirsən...
- And olsun Zevsə ki, dostluq haqqında həqiqəti bilirəm.
- Axmaq, sənin heç dostun yoxdur, necə bilirsən, hə? Mat olduğum sualın qarşısında başımı qaşıyıram.
- Yaxşı, indi mənim həqiqətimə qulaq as!
Dostluq mənfəət və siyasi gedişatlardan uzaq olanda mahiyyətini dəyişir. Belə dostluqlar, adətən uzunömürlü olmur. Mənfəət və siyasi gedişatlar səmimi olmadığı üçün, yalanla idarə olunduğu üçün daha çox yaşayır. Kim deyir ki, əsl dostluq səmimiyyət üzərində qurulub, yalan deyir. Adam heç özü ilə səmimi ola bilmir, başqası ilə necə səmimi ola bilər?!
Zevsin xatirinə cavab ver, hansı daha yaxşıdır? Mən namuslu vətəndaşlarla yaşamalıyam, yoxsa, pislərlə? Hə, cavab ver!
Namuslu vətəndaşlarla... Ürkək səslə cavab verirəm.
- Yox, sən belə cavansan, ancaq mənim kimi qoca müdrikdən çox filosofluq etmək istəmirsən?
Cəmiyyət nəhəng bir şar kimidir. Onu dolduranlar öz nəfəslərində və nəfsində həmin şarı formalaşdırır, onu ya eybəcər bir hala gətirir, ya da onu gözəl bir formaya salır. Bax, pis adamlar şarın nəfs tərəfində olanlardı, onlar şarı hərəkətə gətirir, onu formalaşdırır, namuslu adamlar isə şarın nəfəs tərəfində olanlardı, onlar şarı doldurmaqla məşğuldur, ancaq onu hərəkətə gətirmək gücündə deyillər. Çünki hərəkətin mahiyyətində pislik var. Yaxşılıq yerimir, yaxşılıq yerində sayır, pislik isə hər yerə ayaq aça bilir, pislik daha sürətli və daha hərəkətlidir...
- Çayınız soyuyur. - Gözümlə armudu stəkanı işarə edirəm.
- Yaxşı, Zevsin xatirinə, bu günlük bu qədər. Sabah söhbətimizi davam edərik. Masadan qalxıb, ləngər vura-vura çayxanadan çıxanda, elə bildim gəmi tərpəndi. Arxasınca çayçının zil səsi eşidildi:
- Ey, Sokrat, çayın pulunu kim verəcək?!
- "Bu günün israfçısı sabahın dilənçisidir", - deyib, avar kimi qollarını çəkib çayxandan çıxdı. Çayçı əsəbindən başını bulayıb, bığaltı gülümsədi...
- Yaxşı, yaxşı, filosofluq eləmə! - Pivə içən yekəqarın bir kişi əsəbi halda dilləndi. Sonra əlindəki dominonu var gücü ilə masanın üstünə çırpıb bəxtini söyməyə başladı.
Armudu stəkanın altına iki manat qoyub çayxanadan çıxdım. İstədim "Sokrat" deyilən adama çatım. Çölə çıxdım, ancaq onu görmədim. Adam bir göz qırpımında yoxa çıxmışdı. Təəccüblə ətrafa baxıb, evə getdim. Bu gecə çayxanada olan söhbətləri çox düşünəcəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!