Bir azdan hava işıqlaşmağa başlayacaqdı. Tələsmək lazım idi. Dan yeri sökülən kimi Vəliş kişi oyanacaq, əvvəl diqqətlə ətrafdan gələn səslərə qulaq asacaqdı. Qulaqlarına etibar etməyib, ayağa qalxacaq, gözətçi çardağından hər yanı xeyli müşahidə edəcəkdi. Daha sonra, qara atını minib sahənin ətrafını dolanacaqdı. Qurban bunları dəqiq öyrənmişdi. Ancaq yerindən qalxa bilmirdi. Dünən bütün günü, hətta gecəyarıya qədər yonca sahəsini suvarmış, çox yorulmuşdu. Heç iki saat olmazdı ki, yatağına uzanmışdı. Yorğunluq və yuxusuzluqdan çörək yemədən, ayaqlarının palçığını təmiz yumadan yatmışdı.
İndi güclə gözlərini açırdı. Yorğunluğunun üstünə yay səhərlərinin sərinliyi, oxumağa başlayan quşların səsi və mehin gətirdiyi biçilmiş ot, yemiş, meyvə-tərəvəz, həyətdəki qızılgüllərin qoxusu ilə təravətlənmiş havası gələrək, onu ecazkar yuxu aləminə çəkib aparırdı. İstədi, beş-on dəqiqə mürgüləyib, sonra qalxsın. Ancaq bu fikrindən tez də daşındı. Yatıb, yuxuya qala bilərdi və Vəliş kişi onu atın üstündə qarşılayardı... Atasının sözü yadına düşdü: "Yuxudan oyandın, bir, iki, üç! - say, ayağa qalx". O belə də etdi.
Səma buludsuz idi. Ulduzlara baxa-baxa gedirdi. Ona elə gəlirdi ki, ulduzlar göz vurub, gülümsəyirlər, hara getdiyini bilirlər. Qurbanın bundan xoşu gəlirdi. Alabaş da qabaqda gedirdi. Sahibinin hara getdiyini o da ulduzlar kimi bilirdi. Nə qədər çalışsa da, onu saxlaya bilməmişdi.
Gəlib üzüm bağlarına çatdı. Cəld cərgələrin arasına girib, yetişmiş üzümləri salxımlarından qoparıb, vedrələrini doldurmağa başladı. Eşitmişdi ki, qara üzümün şirəsi çox olur. Onlardan çox yığmaq istəyirdi. Ancaq bu üzüm salxımları tənəkdən çətin qopurdu, bəzən gilələri əlində qalır, salxım zoğdan aralanmırdı. Bu zaman onun əlinin içi ağrıyır, üzüm şirəsinə bulaşırdı.
Nəhayət, iki putluq (16 kiloluq) vedrələrini üzümlə doldurub, sürətlə bağdan çıxmağa başladı. Cərgələrin arasında sıx və hündür otlar bitmişdi. O, sürətlə yeridikcə, kalışın yumşaq meyvə qruplarının yerləşdiyi sünbülləri üzünə dəyir, xoş sığal təsiri bağışlayırdı. Ancaq bu bitkinin nazik, lentşəkilli, uzun yarpaqlarının kənarları iti idi, çılpaq biləklərində dərin, yandırıcı izlər buraxırdı. Pıtraq tikanları da üz-gözünə dəyir, qollarına batırdı.
Qurban bunlara məhəl qoymayaraq cərgənin sonuna gəlib çatdı. Ehtiyatla yan-yörəsinə, Vəliş kişinin çardağına tərəf baxıb, qara atın orda olduğunu görüb, əmin olduqdan sonra cərgədən çıxdı və iri addımlarla, tez-tez evə tərəf getməyə başladı. Vedrələr çox ağır idi, nazik qulpları əllərini kəsirdi. Amma buna baxmayaraq, bir km-dən artıq yolu gedəndən sonra bu vedrələri cəmi iki dəfə yerə qoyub, qısa müddət dincini aldı. Çox tələsirdi. Yenə qayıtmaq lazım idi. Çünki, bu iki vedrə üzüm onun nəzərdə tutduğu iş üçün az idi.
İkinci dəfə bağa girmişdi. Hər iki vedrəyə üzüm yığmışdı. Ancaq vedrələri tam doldurmamışdı ki, üstlərinə kişmişi sortundan da yığsın. Kişmişi axtara-axtara bağın dərinliklərinə gəlib çıxmışdı. Hərdən kişmişi sortundan olan tənəyə rast gəlsə də, üzümləri hələ tam yetişməmiş olurdu. Nəhayət, bir kol tapdı, sıx giləli, iri salxımları var idi. İki gilə qoparıb, ağzına qoydu. Qənd kimi şirin idi. Salxımları tez-tez qopararaq vedrələrini ağzına kimi doldurdu. Sürətlə, hündür otları yara-yara bağdan çıxmağa başladı. Axırıncı cərgənin sonuna az qalırdı, artıq taqətdən düşmüş, çox yorulmuşdu. Vedrələrin qulpları əllərini kəsirdi.
Dayandı, vedrələri yerə qoyub, dərindən nəfəs aldı. Bir az dincəlmək istədi. Əyilib kişmişi salxımından iki-üç gilə qoparıb ağzına qoydu. Bu zaman Alabaş hürüb, irəli atıldı. Qurban başını qaldıranda, cərgənin sonunda qara atın sürətlə ona tərəf gəldiyini gördü... Cəld vedrələri götürüb, üzüm cərgələrini bir-birindən ayıran, tənək zoğlarının bağlandığı üç sıradan ibarət məftillərin arasından digər cərgəyə keçdi, ordan növbəti cərgəyə keçmək istəyəndə, qamçı belindən dəydi. Ancaq o, cəld tərpəndiyindən, qamçı tam tutmamışdı, ucu dəymişdi. Buna baxmayaraq, belində nazik, yandırıcı ağrı hiss etdi...
- Sənə deyirəm, dayan! Onsuz da, qaça bilməyəcəksən, kopoyoğlu! - Vəliş kişi bağırdı.
O, söyüşə dözməzdi heç vaxt, istədi, Vəliş kişini söysün, ancaq bu fikirdən daşındı. Düşündü ki, bəlkə hələ onu tanımır, qaranlıqdı, səsini çıxarsa, tanıyar, atasını idarəyə çağırarlar... Ondan başqa cür heyif çıxmaq qərarına gəldi.
Qara at yüz metrlik cərgəni sürətlə başa kimi qaçır,Vəliş onu çöndərib yenidən, yeni cərgəyə salırdı. At çatana qədər Qurban məftillərin arasından iki cərgə o tərəfə keçə bilirdi. Ancaq arada bir qamçı da böyründən bərk dəymişdi ki, onun yerinin göyərtisi iki ay Qurbanın bədənində qalmışdı... Qəribədir ki, həmən bu Vəliş kişinin də sonralar pitili-üzümləri yığılmamış bağa girmiş quzularını qamçıladığı uşaqlar daşlayıb, böyrünü zədələdilər. Vəliş kişi elə bu zədədən dünyasını dəyişmişdi...
Dan yeri sökülür, hava işıqlanırdı. Artq Vəliş kişi Qurbanı tanımışdı və inadından əl çəkmirdi. O, atını çaparaq cərgəni uzununa, Qurban isə əlində vedrələri eninə keçməkdə davam edirdi. Alabaş da hürə-hürə atın dalınca qaçırdı. Ancaq onun təpiyindən qorxaraq çox yaxınlaşmırdı. Həm Alabaşla at, həm də Qurban bərk yorulmuşdular. Ancaq elə bil doğulanda göbəyi üzüm bağlarına atılmış, sovet əmlakını qorumağa beşikdə and içmiş Vəliş kişi get-gedə lap coşurdu.
İnsan fiziki cəhətdən yorulanda, tənbəlləşəndə vəziyyətdən çıxmaq üçün beyni daha sürətlə işləyir, ağlına qeyri-adi fikirlər daha tez gəlir. Qurbanın da ağlına çıxış yolu gəldi - atı yıxmaq lazım idi...
Qurban vedrələrini üzüm kollarının dibinə elə qoydu ki, at qaçanda dəyib, aşırmasın. Bunun üçün vedrələri tənəklərin gövdələri ilə yanaşı, eyni sırada yerləşdirdi. Sonra həmən yerdən nisbətən geriyə, cərgənin ortasına tərəf qaçdı. Bu proses vaxt apardı və bir qamçı da "yedi". Bu dəfə qamçının ucu başından tutdu. Onun ağrısından bərk əsəbiləşdi, istədi söysün, lakin yenə səsini çıxarmadı, fikirləşdiyi qisas almaq hissi daha da gücləndi. Ancaq bu hələ gələcəyin işi idi. İndi bu zalım, inadkardan canını və vedrədəki üzümləri qurtarmaq lazım idi. Vedrələri orda qoyub qaçmaq heç ağlına da gəlmirdi, üzümləri mütləq aparmalı idi...
O eyni cərgələrdə sağa-sola keçməyə başladı, hər dəfə vaxt qazandıqca, bir-birindən iyirmi metr aralı iki şpalerdən (tənəklərin zoğları bağlandığı nazik, uzun beton dirəklər) məftilləri açmağa başladı. Yalnız bu cür şpaleri aşırıb, atı yıxmaq olardı... Məftilləri açdıqdan sonra, həmin şpalerin yanında dayandı. Vəliş kişi onun durduğu cərgə ilə atı çapmağa başladı. Atın yaxınlaşdığını gözləyən Qurban lazımı anda o biri cərgəyə keçib, şpaleri var gücü ilə itələyib cərgənin arasına aşıra bildi. Sonra qaçaraq digər şpaleri də aşırdı.
Bu əməliyyat Qurbana bir qamçı, Vəliş kişiyə isə sağ qolunun biləkdən qırılması hesabına başa gəldi. Sonrakı iş Alabaşlıq idi...
Bu hadisəni bilən sovxoz sədri üzdə Qurbanın atasına acıqlansa da, ürəyində onun əməlindən zövq almışdı. Bu səbəbdən "əşi, uşaqdı, olmaz" - deyib, dərinə getməmişdi. Vəliş kişi bununla da canını qurtarmadı. O hadisədən təxminən on gün sonra onun ətrafı və örtüyü quru qamışdan, "döşəməsi" taxta parçalarından olan "ikimərtəbəli" çardağı günün günorta çağı yandı... Evlərindən günorta yeməyindən qayıdanda, çardağının beton dirəkləri qalmışdı.
Vəliş kişinin çardağı və sınmış biləyi hesabına iki vedrə üzümünü inadla, vəzifə dürüstlüyü ilə qoruduğu üzüm bağları çox keçmədi ki, məhv oldu... Onları öz yaratdığını həmişə özü dağıdan insan məhv etdi...
Sovetlər dağılan kimi, nə hökumətin, nə də kimsənin mülkiyyəti olmayan üzüm bağları sahibsiz qaldı. Camaat illərlə yerli iqlimə uyğunlaşmış, yüksək şəkərliyi, xüsusi aromat və keyfiyyəti ilə seçilən, məhsullarının dünyada rəqibi olmayan, qiymətli gülabı, rakaselin, ağadayı, kişmişi, əsgəri, hənəqırna, misqalı, keçiməməsi kimi üzüm sortlarının tənəklərini dibindən kəsib apardı, Vəliş kişinin çardağı kimi yandırdılar. O camaat ki, özləri bu bağları salmış, yayın istisində, qışın soyuğunda ailəlikcə min bir zəhmətlə becərmişdilər. Bu bağların hesabına maaş almış, ev-eşik düzəltmiş, məhsul vaxtı külli miqdarda mükafatlar almış, oğul-uşaq böyüdüb, oxudub evləndirmişdilər... Qış aylarında isə bu pullar hesabına bütün sovetlər məkanındakı kurortları gəzmişdilər. Sonra isə bütün hissələrindən - oduncağından, yarpaqlarından, qorasından, meyvəsinin toxumundan (çət deyirdilər), ləcəyindən, özündən isə, həm təbii halda, həm qurudulmuş halda yeyilən, şirəsi, spirti, şərabından geniş istifadə edilən, Quranda adı dəfələrlə çəkilən əvəzsiz bitkilərdən olan üzümə qarşı insanlar amansız bitki soyqırımı həyata keçirdilər. Üzüm tənəkləri də bütün bitkilər kimi bu xəyanəti insana bağışladı; yenidən pöhrələdilər. Lakin insanlar fikirlərində, onları məhv etmək qərarında qəti idilər. Elə bilirdilər ki, onları məhv etsələr, yerindən qızıl parıldayıb ucalacaq... Və başladılar sepli traktor salıb, bu yerləri şumlamağa, tənəklərin yerin altında qalan gövdələrini də kökündən çıxardıb apardılar. Tənəklər yenə pöhrələyərdilər, ancaq insanları çox sevdiklərindən onların arzularını həmişəki kimi ürəklərində qoymadılar və bir daha o yerlərdə görsənmədilər. O yerlərdən qızıl-filan da çıxmadı, sonralar xaotik təsərrüfatçılığın - kim nə gəldi əkdi, kimisi də heç nə əkmədi, suvarıb mal-qoyun otardı - nəticəsində, çoxlu qığ, təs və təzəklər "bitdi"... İnsanlar işlərini axıra çatdırdılar - bağların məftillərini açıb, halqa şəklində topalar düzəltdilər, şpalerləri də çıxarıb evlərinə gətirdilər. Vaxtilə üzüm zoğlarını, salxımlarını saxlayan şpalerlərdən hasar, toyuq hini, ayaqyolunun üstünü örtmək üçün istifadə etdilər. Şərab zavodlarının metallarını söküb, min tonluq çənləri kəsib, tez-tələsik qonşu ölkələrə apardılar, təsbeh, it dərisindən "modnu koja" ayaqqabılar, "bakkuş", "sarı qız", "importnı ətirli" saqqızlarla dəyişdilər... Vəliş kişi xoşbəxt idi ki, çardağının yandığını görsə də, bu günləri görmədi...
***
Gün xeyli yuxarı qalxmış, isti düşmüşdü. Əli indi yuxudan oyanırdı. Bir az da yerində sağa-sola fırlanıb, yuxudan sonrakı yerdəminin - yerində eşələnməyin dadını çıxarırdı. Anasının səsi gəldi:
- Ana qurban, gün günortadı, adam bu qədər yatar? Dur, gəl aşağı.
Əli yerindən qalxıb, ikinci mərtəbədən aşağı düşdü. Əl-üzünü yudu, dişlərini fırçaladı. Bacısının gətirdiyi təzə dəsmalla əl-üzünü sildi. Sonra barmağı ilə ağ köynəyindəki küncüt dənəsi boyda ləkəni ona göstərib yeni köynək istədi. Ona tamaşa edən nənəsi zarafatla dedi:
- Nədir, Moskvadan gəlib, təzə sabun, dəsmal verirsiniz? Ya narkom oğludur?
Anası gülüb dedi:
- Hə, mənim balam özü narkomdur. Anası ölmüş, uşaqlıqdan belədir. Çox təmizkardır, gərək üzünü sildiyi dəsmalla heç kim silinməsin.
Əli axşamdan sağılmış inək südünün qaymağı ilə şirinçay içdi. Keçi pendiri ilə kişmişi üzümdən yeyə-yeyə anasından soruşdu:
- Qurban hanı, gözümə dəymir?
Ananın üzü qayğılı ifadə aldı. Bir az düşünüb dedi:
- Həyətdədir, sən çörəyini ye, gələr indi...
Analar hərəsi bir aləm olan övladlarının məxsusi dünyalarını özlərində birləşdirən nəhəng kainatlardır. Ana sevgisi hər övladın dünyasını əhatə edər, isidər, quş qanadları bütün yumurtalarını əhatə etdiyi kimi...
- Axı mən həyətdə Qurbanı görmədim. - Əli bunu deyib ayağa qalxdı. O, bəzən qardaşına əlləm-qəlləm işlərinin üstündə acıqlansa, acı sözlər desə də, onu özündən çox istəyirdi. Və həmişə də ondan ötrü, nədənsə, nigaran idi. Odur ki, anasının simasının tez dəyişdiyini, qayğılı görkəm aldığını dərhal görmüşdü.
Əli həyətə çıxıb, yan-yörəyə baxdı, Qurbanı görmədi. Evin qırağında "təndirəsər" deyilən, adətən palçıq kərpicdən hörülən, içərisində təndirin olduğu kiçik bir tikili vardı. Əli Alabaşın orada yatdığını və təndirəsərin arxasından tüstü çıxdığını gördü və ora getdi. Qurbanı görüb, təəccüblə soruşdu:
- Ə, sən nə iş görürsən, üst-başın palçıq, üz-gözün hisin-pasın içindədir?
Qurban ona baxıb, gülümsədi. Nədənsə, Qurbanın bu andakı gülümsəyən iri qara gözlərindəki və simasındakı doğmalıq, qayğılı ifadə və burada edilən söhbət həmişəlik Əlinin göz və səs yaddaşında qaldı.
- Söz soruşmuram? - deyə Əli yenə acıqla sual etdi.
- Bəhməz düzəldirəm... - sən get, üst-başına his qonacaq, mən də bir azdan gəlirəm... üç-dörd gündən sonra gedəcəksən, yenə dərslərin başlayacaq, get dincəl. -Qurban qayğılı halda qardaşına dedi.
Əli yaxınlaşıb, onun düzəltdiyi qəribə aparata baxmağa başladı.
- Ə, bu nədir, düzəltmisən? Sən lap kimyagərsən ki, laboratoriyadır elə bil..
Qurban gülüb, barmağını tuşlayıb izah etməyə başladı:
- Bax, burada üzüm olan qabın altına odun qoyub, yandırıram. Üzümün buxarı bu turbadan keçir. Turba soyuq su olan boçkadan keçir, buxar maye halına düşür. Görürsən, oradan da bəhməz süzülür. İstəyirsiniz, gəlim, sizin institutda da bundan birini düzəldim, ac tələbələrsiniz, bütün günü bəhməz yeyin.
O bunları deyib gülməkdən uğundu. Əli də gülümsəyib dedi:
- Ey kimyagər, heç bilirsən, Vitis sylvestris nə deməkdir?
Qurban başını qaşıyıb gülərək:
- Hardan bilim, nədir? De, bilim.
Əli:
- Latınca üzümün beynəlxalq adıdır. "Vitis sylvestris" deyəndə sən də, zənci də, monqol da söhbətin üzümdən getdiyini başa düşür. Bax, bu, başına hoqqa açdığın üzümdən.
Qurban qəhqəhə çəkib güldü. Sonra dedi:
- Qaqaş, sənin işin-gücün yoxdur? Niyə gedib dincəlmirsən, həyəti gəzib, öz əlinlə meyvələrdən yığıb yemirsən?
Əli ona tərs-tərs baxdı, sonra yaxınlaşıb, süzülən mayedən ovcuna yığıb, qoxladı. Üz-gözünü turşudub, hirslə dedi:
- Ə, bu ki, spirtdi. Nə bəhməz? Sənin nə vaxt dilinə düz söz gələcək? Bu il məktəbi bitirdin, vurma cədvəlini bilmirsən! Avara-avara işlərlə məşğulsan. İndi bu spirti neyləyəcəksən? Yoxsa, araq düzəldib içəcəksən?
Qurban başını aşağı sallayıb dinmədi. O heç vaxt - nə indi, nə də sonralar, ailə-uşaq sahibi olanda da Əlinin tənqid və danlaqlarına cavab verməzdi. Heç özünə bəraət qazandıracaq fikirlər də səsləndirməzdi.
- Mənə düzünü de, bu spirt sənin nəyinə lazımdır? Cavab ver, yoxsa, indi vurub, aşırdacam hamısını!!!
Onların səsinə ana gəldi. Əlinin qolundan tutub, özünə tərəf çəkərək dedi:
- Gəl gedək, Qurban işini qurtarıb gələr.
Əli lap əsəbləşdi:
- Nə iş? Bu adam pis işlərlə məğuldur. Heç vaxt düz söz danışmır. Gecə yarıya qədər veyillənir, evə gəlmir. İndi də araq düzəltməyə başlayıb. Siz də fikir vermirsiniz! Bunun axırı yaxşı olmayacaq! - bunu deyib, yaxınlaşıb Qurbanın "aparatı"nı vurub aşırmaq istədi.
Ana onun qabağına keçib, qolundan tutub, evə tərəf çəkərək dedi:
- Gəl, sonra danışarıq.
- Bunun işinə bax, üst-başından, üz-gözündən cin hürkür! Sonra özünüz də peşman olacaqsınız!
Əli bunları deyib, acıqlı halda oradan uzaqlaşdı.
Həmin gün axşamçağı Qurban evdə yenə danlandı. Bu dəfə anası:
- İnəkləri axşam hörükdən açıb gətirəndə yonca sahəsinin qırağında niyə yaxşıca otarmırsan, südləri azalıb? - deyərək danladı. O həmişəki kimi dinmədi.
***
Üç yoldaş idilər. Hərəsi bir tərəfdə saqqız kollarının daşlı, çınqıllı diblərini əvvəl külünglə, sonra isə ucu döyülərək sivriləşmiş mıxla qazırdılar. Sonra boyları bir metrə çatan, açıq kül rəngli, yarpaqları və zoğları xırda tükcüklərlə örtülmüş, sarı çiçəkli saqqız kollarının yerin altında qalan, diametri üç-beş sm olan, qara rəngli əsas kökünü iti bıçaqla kəsirdilər. Bu zaman ağ rəngli, südəbənzər, nisbətən qatı maye çıxırdı. Kəsilmiş kolu qazılmış yuvanın üstünə qoyurdular ki, gün düşməsin. Çünki gün düşəndə kol az "süd" verirdi. Bir az sonra bıçaqla həmən qatılaşmış "süd"ü sıyırıb stəkan və ya parçın içinə tökürdülər. Saqqız kolunun kökünü bir az aşağıdan yenidən kəsirdilər, hər dəfə yenidən kəsdikcə çıxan "süd" azalırdı. Parça yığılan süd daha da qatılaşır, bərkiyir, açıq şabalıdı rəng alırdı. Bu da olurdu təbii saqqız. Saqqız sıxılıb bərkidikcə, parçın üzərinə tünd-qonur rəngli suyu çıxırdı. Bu su acı idi və mədə-bağırsaq xəstəlikləri, qurdqovucu kimi, əvəzsiz təbii dərman sayılırdı. Təbii saqqız özü də, həm bu baxımdan, həm də dişlərin dibinin möhkəmlənməsində faydalı idi.
Gün az qalırdı günorta olsun, çox yorulmuş, həm də acmışdılar. Səhər hava işıqlaşmamış, kəndin magistral yol keçən hissəsində görüşmüş, iki saatdan artıq yol gəlmişdilər. Qurbanın avtomobillə uzaq yol getməklə heç arası yox idi. Benzin qoxusu gələn kimi ürəyi bulanırdı. İndi də özünü halsız və iştahasız hiss edirdi. Son iki gecədə çox az yatması yorğunluq və başgicəllənməsi əmələ gətirirdi. Odur ki, yemişan ağacının kölgəsinə çəkilən, süfrələrini açan yoldaşları onu çörək yeməyə səsləyəndə - siz yeyin, mənim iştaham yoxdur, - dedi. İştahası olmasa da, əslində uzanıb dincəlmək, heç olmasa, bir saat yatmaq istəyirdi. Yoldaşlarından biri - Həsən ondan bir sinif aşağı oxuyurdu. Digərinin - Vaqifin isə 45-50 yaşı olardı. Vaqif saqqız tutmaq həvəskarı idi. Həsəni isə saqqız yox, bu dağları gəzmək və burada araq içmək daha çox maraqlandırırdı.
Onlar həvəslə süfrələrini açdılar, evdən gətirdikləri yeməkləri süfrəyə düzdülər. Vaqif yenidən Qurbanı səslədi:
- Gəl çıx görək, səni gözlüyürük.
Həsən də ona qoşuldu:
- Neyliyəcəksən, o qədər saqqızı? Satacaqsan? Gəl görək, gətirdiyini də çıxart, qoy ortaya.
Dağ saqqızını doğrudan da, satırdılar. Bir parçdan əlliyə yaxın çeynəm (birdəfəlik çeynəmək üçün kiçik parçalar) çıxırdı. Rayon mərkəzində çeynəmini 40-50 qəpikdən satmaq olurdu. Qurban durub, könülsüz halda, onlara yaxınlaşdı. Torbasını açıb, pendir, pomidor və bir şüşə üzüm arağı ortaya qoydu. Sonra isə yemişanın kölgəsində arxası üstə uzanıb dedi:
- Siz yeyin, mən bir az yatım. Yuxum gəlir.
Yoldaşları təəccüblə ona baxdılar. Vaqif dedi:
- A bala, dur, çörəyini ye. Səhərdən acıq.
Həsən araq şüşəsinə baxa-baxa dedi:
- Dünən tezdəndən-günortaya qədər təndirəsərinizin arxasından tüstü çıxırdı. İndi Allah bilir, nə qədər spirt çəkmisən. Axşamdan da bizi qızışdırıb bura gətirmisən. İndi bu nədi, bir şüşə araqla biz üç nəfər iki gün burda neyləyəcik?
Qurban elə uzanmışdı ki, görən deyərdi, bir də yerindən qalxmayacaq. Yorğunluq və yuxusuzluğun üzərinə Vəliş kişinin qamçılarının yerində yaranan ağrıqarışıq zövqlü sızıltı, sərin və çiçək qoxulu dağ havası ona ecazkar yuxu gətirirdi. Yoldaşlarının səsini güclə eşidir, çətinliklə dərk edirdi. Yavaş səslə dedi:
- Vaqif dayı, siz yeyin, yemək istəmirəm, yuxum çox gəlir. Həsən, sən də, o bir şüşəni iç, bəsindi. Mənim araq içdiyimi görmüsən? Bir də ki, mən bu gün axşam qayıtmalıyam.
Həsən ona acıqlandı. Arağın bir şüşə olması kefini pozmuşdu. İstədi onun üstünə qışqırsın, özünü saxladı. Qurbanın dəmir kimi biləkləri, sərt yumruqlarının dadını bilirdi. Odur ki, ta dinmədi, Vaqifə göz-qaş edərək Qurbanı süfrənin başına çağırmasını istədi.
- Qurban, bu yoldaşlıq olmadı ki, sən orda yat, biz çörək yeyək. Dur, gəl, yeməyini ye, sonra bir az yatarsan.
Bütün yeniyetmə və gənclər kimi, bu yoldaşlıq söhbəti Qurbanın incə damarına toxundu. Özünü toparlayıb süfrənin başına gəldi. Həsən tez sevincək torbasından üç balaca stəkan çıxarıb araq süzdü. Vaqif stəkanı qaldırıb dedi:
- Sizinlə yoldaşlığa dəyər, sizin sağlığınıza, sağ olun.
Həsən tez stəkanı toqquşdurdu, Qurbanın əlini stəkana tərəf aparmadığını görüb dedi:
- Götür, götür vuraq, ta məktəbi də qurtarmısan. Nə gözləyirsən? Heç bunun ləzzətini bilirsən? Sağ olsun, Vaqif əmini, altı ay olar ki, bunun necə bir əvəzsiz "nemət" oduğunu mənə başa salıb.
O, Qurbanın stəkanı yenə götürmədiyini görüb Vaqifə işarə etdi. Vaqif gülümsəyərək dedi:
- Qurban, bu cür dağ havası, bizim kimi yoldaşlarla içməmək, yoldaşlığa da, bu süfrəyə də hörmətsizlikdi. Gör, hələ Xumuş xalan sizə nə cür çolpa qızardıb. Götür, görək, necə araq çəkmisən.
Qurban həmin gün ilk dəfə araq içdi, bir stəkan. Az keçmədi ki, ürək bulantısı gücləndi. Yeyib-içdiklərini qusdu. Yemişanın kölgəsində üstünə pencəyini atıb yatdı. Yuxudan oyananda, günün axşama doğru əyildiyini və yoldaşlarının da yatdığını gördü. Bərk acmışdı. Süfrəyə baxdı, şüşə boş idi və yeyiləcək bir şey qalmamışdı. Vaqifin yoldaşlıq fəlsəfəsinin incə düsturlarını araq həll etmişdi.
Yoldaşlarının təkidi və axşamın düşdüyünü görüb, gecələmək üçün yaxınlıqdakı obaya getmişdilər. Obadakı qonaqpərvər insanlar əl çəkməmişdilər ki, sabah qalacaqsınız və sizə çəpiş kəsəcəyik, yeyib-içəcəyik. Çəpiş və yeyib-içmək adı gələndə Vaqif yenə özünəməxsus şəkildə el adətlərindən, qonaqpərvərlikdən fəlsəfə açmış, bu təklifin ürəyindən olduğunu çəpiş dərisi ilə örtmək istəmişdi. Həsən isə dişlərini ağardaraq dərhal razılaşmışdı. Qurban düşünüb, hamını təəccübləndirən sual vermişdi: "Obada kimsə keçi pendiri və ya inək yağı satır?" Ona gülərək demişdilər ki, satmaq nədi, sənə pay qoyarıq, apararsan. O isə: "Mənə çox lazımdı. İyirmi kilo pendir və ya on kq yağ", - demişdi.
Obadakı insanların və yoldaşlarının təkidinə baxmayaraq Qurban səhər dan yeri söküləndə tək yola çıxmışdı. Dağ yolu ilə üzüaşağı, hər əlində on kiloluq vedrə, beş km yolu getmək asan deyildi. Ancaq o çox tələsirdi, gecikə bilərdi deyə, var gücünü toplayıb, az dayanmağa və tez-tez getməyə çalışırdı. Əllərindəki dünənki üzüm vedrələrinin yerini indi pendir vedrələrinin qulpu kəsirdi.
***
Əli getməyə hazırlaşırdı. Yaxşı ütülənmiş qara şalvar, ağ köynək geyinib, nənəsi, atası, anası və bacısı ilə görüşdükdən sonra anasının onun üçün hazırladığı sovqat dolu iri çantasını əlinə alıb, gülərək dedi:
- Yaxşı, bu mürəbbə, pendir, üzüm kimi yeyəcəkləri çantaya yığmısınız ki, ağır gəlsin? Hələ anamdan olsa idi, kartof-soğan da qoyardı. Bəs pul? Orda çörəyi pendir verib alacam, ya mürrəbə verib metroya minəcəm?
Hamısı onun bu sözünə güldülər. Ana nigaran halda, yenə pəncərədən yola baxıb ona yaxınlaşdı və əlindəki az miqdar pulu ona uzadıb dedi:
- Anan ölsün, atan ehtiyacımız var idi deyə, ərizə yazıb maaşı vaxtından tez aldı, xərclədik. Götür bunu, birtəhər ötüş, gələn maaşda göndərərik.
Nənəsi sözə qarışdı:
- Sizin nə vaxt ehtiyacınız olmayıb ki... Bu uşağa pul saxlamadınız. İndi orda tələbə yoldaşları pul çıxardanda, bu neyləyəcək?
Atası saata, sonra isə Əliyə baxıb gülümsəyərək uşaq vaxtı səvələdiyi kimi dedi:
- Kopolu kişisən. Bax gör, sənədlərin yerindədirsə, gedək, səni yola salım, qatara gecikəcəksən.
Əli gülüməsyib dedi:
- O mərifətsiz yalançıdan muğayat olun, qoymayın evə gec gəlsin, avara işlərlə məğul olsun. İndi Allah bilir, hardadır, bizi də aldadıb ki, dağa gedirəm...
Əli ilə atası getdilər. Nənə də çıxdı həyətə. On dəqiqə keçdi. Qurban qaranəfəs içəri girdi. Tez əlindəki hazır saxladığı pulu anasına uzatdı. Bacısı pulun heç ananın əlinə dəyməyinə macal vermədi. Cəld götürüb Əligilin arxasınca qaçdı...
Ana Qurbanın üzünə xeyli baxıb soruşdu:
- Niyə gec gəldin?
Qurban zornan gülümsəyib dedi:
- Bazara pendir də aparmışdım.
Ananın gözləri yaşardı, özünü ağlamaqdan gücnən saxlayıb dedi:
- Neçə gündür inəkləri də çöldə sağıb, xəstə pişik balalarını yedizdirirsən...
Hər ikisi susdu. Ana pəncərədən yola baxaraq yavaş səslə dedi:
- Vəsiyyət edirəm ki, mən öləndə sən harada olsan, gözləsinlər. Sənin çiyinlərində qəbrə getmək istəyirəm.
***
Bir aydan çox idi ki, Əli onu görmək istəyirdi. Görə bilmirdi. Nəhayət, gördü, yonca sahəsinə gedən kiçik arxın kənarında durmuşdu. Yanında iki sarımtıl pişik balası var idi. Səma aydın, qəribə qarışıq və nurlu rəngdəydi. Günəş üfüqdə batana yaxın, qırmızımtıl-sarı rəngdə, həm də iri idi və sanki hərəkət etmirdi, burada zaman işləmirdi... Arxın içindən dumduru su axırdı. Arxın qıraqlarından sallanan, keçən ildən qalan saralmış çayırotunun nazik yarpaqlarını axar su aparırmış kimi, üzərində üzdürürdü. Hər tərəf yaşıl çəmənlik, əkin sahələri və topa-topa bitmiş ağaclardan ibarət idi. O, qonur-qırmızımtıl rəngli köynəkdə, lap gənc yaşındaydı. Siması daha gözəl, səma kimi nurlu, kefikök, təbəssümlü dayanmışdı. Gülümsəyərək, qayğılı halda deyirdi - "Neyliyirdin dəfnə, yasa bu qədər xərc çəkirdin, bilmirdin ki, cavan adamın ehsanını yemirlər, öz rahatlığına xərcləyəydin..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!