44 nömrəli palata - Tural Cəfərlinin hekayəsi

 

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərrahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə, damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı. Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər.

Xəstəxana dəhlizində labirintə düşən qohumlar, boz dəsmalla gözünün suyunu silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər.

Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları, sanki ətçəkən maşından keçmişdi... Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

- Cek London, Drayzer, Tven... - Əsgər Ağayevin xırıltılı səsi bir andaca palatadakı sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev tavanda hörümçək toruna gözünü zilləyib sayıqlamağa başladı.

- Su, su, su verin... Ağayevin səhra çölünü xatırladan dili ilan kimi qıvrılır, davamında söyüş və qışqırıqlar eşidilirdi...

Tibb bacısı dəmir stəkandakı suyu Ağayevə sarı uzatdı. Bir qurtum içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü...

Ağayev Filologiya fakültəsini keçən il bitirmişdi. Elə Aytacı da fakültədə görüb sevmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmiş, ancaq ümidini də üzməyib hərbi xidmətə yollanmışdı. Beləliklə, hərbi xidmət və taleyinə yazılan qanlı müharibə...

Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi...

Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev Ağayevə qəfil yaxınlaşıb soruşdu:

- Əsgər, kitab oxuyursan?

- Bəli, cənab polkovnik - əsgər Ağayev özünü itirmədi.

- Kimləri oxuyursan?

- Əsasən, klassikləri. Tolstoyu, Drayzeri, Çexovu... Ağayev başını daha da dikəltdi.

Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq, əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə, bunu şəxsən, polkovnik Paşayev əmr etmişdi...

 

***

27 sentyabr... Səhər "Qalx!" komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbiləşdi:

- Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma!

Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.

- İrəli, addımla, marş! - Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi...

- "Birinci" mən "Şahinəm" necə başa düşdün, qəbul...

- ......

- Birinci, birinci!!!

- Birinci qəbulda!

- Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün, qəbul!

- ......

 

***

Xəstəxana həyətində, skamyanın yanında bardaş qurub oturan yaşlı kişi siqaret tüstüsündən saralmış bığına sığal çəkib zikr edirdi. Halından belə məlum olurdu ki, özünü tamamən unutmuşcasına soyuq və halsız idi. Pencəyinin yaxası qədimi orden və medallarla dolu olan bu adamın, elə bil üstündə dəmirdən çiçəklər açmışdı... Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçirdi, heç kim bu pərişanlığın fərqinə varmırdı...

Yaralı əsgərlərin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalı ilə döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı...

Tibb bacısı həyəcanla səsləndi:

- Həkim Güləliyev, 44 nömrəli palata... Əsgər Ağayev...

Tavana baxan gözlərdə gizlənən ümid get-gedə yox olurdu. Həkim Güləliyev bu ümiddən yapışıb bütün gücünü səfərbər edir, bir gəncin həyatı uğrunda ölümlə savaşmaqdan yorulmurdu...

 

***

- Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.

- Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!! - Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.

Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi böyüməyə başladı...

Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, ayabənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı; cəmi otuz gün, otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü - sanki sonsuzluq kimi görünürdü.

İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı...

Palata qırx dörd... Tibb bacısının üzünə qonan kədərin iki adı vardı: "Olum və ölüm"... İkincini heç kim eşitmək istəmir, o yan-bu yana var-gəl edir, addımlarını sürətləndirib bunu, sanki özlərindən uzaqlaşdırmağa çalışırdılar.

Cərrahiyyə otağından qara bulud kimi dolub çıxan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı...

 

***

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı...

Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin yaşamaq eşqi ilə vuran ürəyinin döyüntüsü kilidlənmişdi. 1 saylı uşaq evində böyüsə də, yetimliyini bildirməz, özünü hamıdan çox, atalı-analı kimi göstərərdi...

Nə Aytacın büllur kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi... Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı...

 

***

"Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım, bu son anımda?" Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır...

Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi... Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi...

Bitdi... Post bizdədi. Qələbə! Eşidirsən, Drayzer, eşidirsən, Mark, eşidirsən, Cek London? Eşidirsiz? Post bizdədi... Qə-lə-bə...!!!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!