Unutmaq mümkün deyil. Yanğısı qora bişirən yox, daş qaynadan o istilərin göynərtisi yadıma düşəndə başımdan tüstü çıxır. Planetin hər yerində, o cümlədən Bakıda da cövlan edən istiləşmələr get-gedə qızışırdı. Hərarət gecələr də səngimirdi. Havanın quruluğu təngnəfəslik və boğulmalarla müşayiət olunurdu. Arktikada neçə milyard il bundan əvvəl özünü tutan buz dağlarının zirvələri əriməyə başladı. İsti sellər qocaman buzların özüllərini laxladır, binə-bəndlərini sökürdü. Buz qayaları aysberqlərin belinə böyrü üstə çırpılır, gurultuya üfüqlər titrəyir, ağ ayıların qulaqlarından qan açılırdı. Amma insanlar guya bu iqlim dəyişməsini görmür, gurultuları eşitməməzliyə vururdular. Okeanlarda qasırğalar gəmiləri batırır, sellər, qabarmalar sahil şəhərlərini altına alırdı. Təbiətin belə acışmasına səbəb nəydi? Günəşi yaradan, o günəşin tacından qopub ətrafa səpələnən kösöv parçalarının, alov dilimlərinin qarşısında müdafiəçi - qalxan rolunu oynayan bir "Ozon qatı"nı da yaratmışdı. Min dəfə əhsən! Ustadına min bir bərəkallah! O, son dərəcə qızmar kütlə "Ozon qatı"nın filterindən keçərkən bir növ yuyulur, təmizlənir, mülayimləşir, həyat üçün yararlı hala salınır. Yer üzündə canlıların və təbiət qüvvələrinin həmahəng, barışıq şəraitində yaşamasına zəmin yaranır. Durna gözü suyunu içib, kristal havasını udub, meyvələriylə qidalanıb xoşbəxt günlərimizi yaşayarkən, çox təəssüf ki, ətraf mühitdən muğayat olmağı unutduq. Dahi Ələkbər Sabir demişkən, "öz qövmümüzün başına əngəl-kələf olduq". Nəticədə, "Ozon qatı"nın səthi yerdən üzüyuxarı şığıyan qaz, tüstü süngüləriylə deşim-deşim oldu, süzəyə döndü. Kimyəvi tullantılarla parçalandı, dağıntılara məruz qaldı səmamız. İstiləşmələr gücləndi. Nəfsi, tamahı quduzlaşan bəzi güclülər, daha çox torpaq zəbt etmək, seçilmək, zənginləşmək yoluyla dünyaya hakim olmağa can atırdılar. Silah-sursat zavodlarının bacalarından qalxan kimyəvi tullantılar, raket başlıqlarından, bomba və qumbara partlayışlarından atmosferə atılan qurğuşun, benzol, kükürd qazları, vulkan püskürmələrindən yaranan hidrogen, xlor birləşmələri də "Ozon qatı"nın qatlarını sökür, şüaların sərbəst axını yer-göyü yandırmaqda davam edirdi.
Lakin bəşəri faciədən xəbərsiz dünya eyş-işrətdədir. Toy-toya qarışır, məhsul bayramları el şənliklərinə çevrilirdi. Arabir televiziya kanallarında görünən alimlər bu hadisəni təbiətin "şıltaqlığı" kimi qələmə verirdilər. Çox nüfuzlu din və məscid alimləri bu vəziyyətin Allah tərəfindən tezliklə nizamlanacağını söyləyir, xalqa təsəlli verirdilər. Amma bəzi başbilənlərdən və ziyalılardan fərqli olaraq, uzaqgörən şair Səməd Vurğun cəmi insanlığa qənim kəsilən istiləşmələrə qarşı barışmaz mövqe nümayiş etdirdi.
Xalq şairi Səməd Vurğun ceyrana, quşa nə qədər güllə atsa da, patrondaşı daim dolu olsa da, ovçu Səməd Vurğun qələmi əsərdən-əsərə püxtələşən, ilham çeşməsi boşaldıqca dolan şair idi. Onun İkinci Dünya müharibəsi ərəfəsində yazdığı "Vaqif" pyesi uşaqlı-böyüklü xalqın tamaşasıydı. Hitler faşizmi ilə ölkəmiz arasında gedən müharibənin ağrı-acılarından yaxa qurtarmaq istəyən, teatrlara da gedirdilər. Sifətində barmaq qalınlığında qırışları titrəyən, başındakı şah-tacında rəngbərəng daş-qaşları bərq vuran Şah Qacar vəhşi görkəmiylə vahimə doğururdu. Oğlundan qara kağız alan analar, nişanlısından nigaran gəlinlər, Qacarın timsalında Hitleri görür, nahaq qanlar axıdan o faşistə lənətlər yağdırırdılar. Onun atəşfəşanlıqla parlayan "Zəncinin arzuları" əsəri qara dərililərin azadlıq yollarında mayaka çevrildi.
Şairin 1956-cı ilin baharında Opera və Balet Teatrında keçirilən 50 illik yubileyinə ədəbi aləmdə yaxşı tanınan qələm dostları da gəlmişdilər.
Tədbir ərəfəsində şairin səhhətində problemlər üzə çıxmış, "dağıntılar" yaranmışdı. Tədbir iştirakçıları yubilyarı öz yanlarında görmək istədiklərini bildirdilər. Bu istək baş tutmayanda "heç olmasa, səsini eşidək" dedilər. Mərəz şairin boğazını tutmuşdu. Xırıltılı səs eşidənləri şoka salar, sarsıda bilərdi. Yubiley komissiyasının sədri Rəsul Rza əlindəki zərfi hamıya göstərərək: - Səməd Vurğun məktub göndərib, - dedi. - Şair ən çətin anlarda da həssaslığından, insanpərvərliyindən qalmır. Qulaq asın, görün bizə necə can yandırır Səməd. Qurbağa gölünə daş atdılar sanki, Rəsul müəllim, böyük şairin siqləti çoxsaylı cildlərə sığmayan iki cümləlik məktubunu oxudu. - "Axır vaxtlar havalar çox istiləşib! Sizə cansağlığı arzulayıram".
Səməd Vurğun əsər müzakirələrində və rəsmi çıxışlarında da sözaltı sözlərə, ideomatik ifadələrə daha çox yer verirdi. Yüz ölçüb, bir biçən şairin bişirilməmiş bir söz çıxmazdı ağzından. İstiləşmələrdən gələn narahatçılığını siqləti qalın tomlara sığmayan, iki sadə cümləylə "qızım, sənə deyirəm, gəlinim, sən eşit" zərb-məsəlinə rəğmən yubiley iştirakçılarına deyib, dünyanın qulağına çatdırdı.
Qonaqlar təəcüblə bir-birlərinə baxdılar. - Hava istiləşməsinin cansağlığına aidiyyatı varmı? - soruşdular bir-birindən. - Var! Özü də əsaslı dəxli var - dedi, - titrəyən çənəsini əliylə qamarlayan qoca. - Səməd Vurğun "havalar istiləşir" deyəndə ona işarə vurur ki, yerdən göyə qalxan tüstülər, kimyəvi tullantılar, zəhərli qazlar atmosferin "Ozon qatı"nı söküb-dağıdır! İstiləşmələr gücləndikcə xəstəlik daşıyan bakteriyaların doğulub törəməsinə münbit şərait yaranır. "Donuz qripi"nin qılçasını qırdıq, "Quş qripi" süngüsünü dirədi boğazımıza. İndi də "Koronovirus"un əlində aciz qalmışıq. Ustad bizi dünyamızdan muğayat olmağa çağırır - deyə havanı yumruqlayan qoca, birdən fağırlaşdı, doluxsundu: - Ay pir olmuş, Səməd qağa! Cansağlığı arzulayırsan, çox yaxşı! Ancaq onu necə əldə eləyək? Bilirsənsə, yerini göstər. Dükanda, bazarda satılırsa, biz də alaq, tökək uşaqların qabağına. Bir-ikisini də ataq ağzımıza. Yoxdu belə bir həb! Amma faciədən qurtulmaq yolu var. Biologiya elmləri doktoru Mirəli deyərlər mənə. Qlobal istiləşmə və parazitlərin artması barədə yüzlərlə məqalə çap etdirmişəm. Qoca üzü şir dərisi kimi qırışan portfelini ağzı aşağı çevirdi. Masanın üstündə əl boyda blaknotlar, cildli kitablar, rəngi solmuş qəzet və jurnal nüsxələri üst-üstə qalaqlandı. - Bu necə işdi, ay balam? Aidiyyatlı şəxslər susurlar. Ancaq Allah sənin canına dəyməsin, ay Səməd qağa. "Nə? Nə? Xəstə hüceyrələr?" Lov xəbər. Xəstə hüceyrələrlə yüklənmiş səma qalın bir yorğan kimi çəkilib üstümüzə. İldırım kimi çaxdı başımda! Canıma qorxu düşdü. "Vaxsey! İşimiz bitdi! Evimiz yıxıldı ki! O yorğanın altından salamat çıxa biləcəyikmi biz? Düşünür, üzülürdüm. "Mərifətli danış! Ağzını yuyucular yusun. Bizi diri-diri torpağa basdırma". Öz aləmində hədələyirdi qocanı. Hay-küy salıb baykot eləmək istədim". Amma deyəsən, həqiqət vardı sözündə. Əlbəttə, o bakteriyaların bir neçəsi keçib qanıma. Bel tirimi, yançaq sümüklərimi, oynaqlarımı gəmirən də elə o bakteriyalardı.
Məktubun məzmunundan vəcdə gələrək "Yaşamaq gözəl şeydir, qardaşım" - dedi, dünya poeziya artilleriyasının uzaq vuran topçusu - şair Nazim Hikmət. Amma o, "gözəl yaşamaq, firavan, geninə-boluna təminatla, şessotka maşınlarla, bağ evləriylə yaşamaq, vəzifə pillələrini qalxa-qalxa yaşamaq gözəl şeydi" demədi. Çox sadə və adi yaşamağa üstünlük verdi Nazim əfəndi.
Səhər tez oyanasan. Aynəbəndin pəncərələrini həyətə tərəf itələyib açasan. Yarpaqların üstündən sürüşən şeh damcıları əllərini sanca. Bu gicitkan iynələri kirpiklərinin ucunda olan-qalan yuxunu qaçıra. Qollarını velosiped təkərləri kimi fırladıb, xırman vəli kürəklərinin sığnağında büzüşən damarlarını cana gətirsin! Cuşa gələn qanın bədəninin bütün nahiyələrinə fəvvarələrlə atılsın! Sinə dolusu nəfəs alasan, udduğun kövrək hava keçən axşam içdiyin rakının çöküntülərini yuyub nəfəs yollarını təmizləyə. O hava - məlhəm hisi-pası üzə çıxan içərilərini yaxşı-yaxşı qalaylaya! Başını krantın alnına tutasan, şaqqaşaqla axan sular kürəklərindən qayış yerlərinə süzülə, biləsən ki, yaşayırsan!
Nazim Hikmət ustad saydığı Səməd Vurğunun iki cümləlik məktubunu Qlobal istiləşməyə qarşı mübarizə proqramı kimi qəbul etdi. "Mən", "Sən", "Biz" deyərkən kürreyi-ərzi bu mübarizədə əlbir olmağa çağırırdı.
Mən yanmasam, sən yanmasan, biz yanmasaq, -
Necə çıxar qaranlıqlar aydınlığa?
Yaşa dolduqca həyatın ətəyindən bərk-bərk yapışırıq. Di gəl ki, əlimizdə saxlaya bilmirik. Mənim davam-divanım da kəskin ağrılar-sancılarla əsayişimi pozan, hələ həkimlərin də dəqiq baş tapmadığı xəstəlikdir. Neçə vaxtdı ki, Təcili yardım, Hospital, Poliknika yollarında həlak-yorğunam. Həblər atmışam, iynələr vurdurmuşam, heç tükü də tərpənməyib xəstəliyimin. Yüz faiz əminəm ki, anamı ağladan da o Mirəli kişinin dediyi bakteriyalardı ki, bir neçəsi boynuma, əlimə daraşıb, qanıma keçib. "Yüz imama yalvarınca, bir Allaha yalvar" deyiblər. İmkanlarımı götür-qoydan sonra mənə tanış hospitala gəldim. Dərdimi-şikayətimi soruşmadılar. Qoluma girib qan vermə kabinetinə gətirdilər. Dedim axı, keçən həftə elə bu kabinetdə olmuşam. Qan da alıblar, "UZİ"-dən də keçmişəm. Analizlərin cavabı cibimdədi. Gəldim ki, bu dəfə əlli min rubla institutu qurtaran yox, bəlkə savadlı bir həkim o analizlərə baxsın, sağaltsın məni.
- Xeyr, - dedi üzümə irişən, həvədiş həkim. - O analizlər köhnəlib. Bu dəfə qanınızı üç aspektdə yoxlayarıq. Diabetə, yəni şəkərə görə, mədəaltı vəzində prostata görə, bir də qara ciyərin sirrozuna görə. Düzdü, bir az qiymət artacaq! No, zato cansağlığı hər şeydən qiymətlidi.
- Ay doktor, deyirlər axı, xəstə viruslarla dolu səma, yorğan kimi çəkilib üstümüzə. Bəlkə o bakteriyalardan bir neçəsi keçib qanıma?
- Ola bilər! No, zato, uzun müddət İranın Kosmos Agentliyində həkim işləmiş kolleqam Ağayi Firdovsi loğman bir-iki seansa sizi sağaldar. Ağzımı doldurmuşdum "Yalan deyənin atasına lənət! İranda hələ Kosmos Agentliyi yoxdu. Orda belə qurum ancaq 2004-cü ildə təsis olunacaqdır - deyib həvədişə bir turşulu aş yedirmək istədim. "Ancaq göyərçinin canı bardaqdadı, bardaq da Devin əlində. Meşədən çıxana kimi ayıya dayı deməliyəm". "İranlı Kosmos həkimi"nin dərman nüsxəsində heç bir dənə də təzə dərman görmədim. Ümumi ağrıkəsicilər yazılmışdı. "UZİ" həkimi müayinələrin qiymətini baha oxudu. Səbəbini soruşdum. Saçları ənsəsində xoruz pipiyi kimi qızaran oğlan dedi ki, dayı, bu importnu aparatları öz şotuma gətirtmişəm. Orqanları super göstərir. Tanış əczaçılar dəfələrlə işlətdiyim "Ketanol", "Voltoren", "Novalis" qutularını çantama doldurub vurdular qoltuğuma. Həbləri atdım, iynələri vurdurdum, xeyri olmadı. Köhnə hamam, köhnə tas! Bəlkə dərmanlar saxtadı? Deyirlər ki, Bakının podvallarında doldururlar. Yanmayan yerdən tüstü çıxmaz. Əldə düzəltmə olsa da eybi yoxdu, az-maz təsirini göstərər. Amma narazılığım əlli min rubla AMİ-ni qurtaran həkimlərdəndi ki, diaqnozları dəqiq olmur. Xəstəni ram etməkçün minbir cildə girirlər.
Xirosima və Naqasaki şəhərlərinin hərəsində bir atom bombası partladı. Yüz minlərlə insan dünyasını dəyişdi. Bombaların partlayışından yaranan vakuum, sərt iqlim dəyişikliyi "Ozon qatından" yan ötmədi. Bu təbii qorunma qatının, özəyi, səthi də müxtəlif dərəcəli zədələr aldı. Az sonra "Çernobıl" atom-elektrik stansiyası qəzaya uğradı. "Ozon qatı" müqavimətini bir az da itirdi. Ərazilərini müharibə, istila yoluyla genişləndirmək istəyənlərin sayı xeyli artdı. Silah zavodlarının bacalarından "Ozon qatının" dəyirmanına su yox, bol-bol qaz birləşmələri axıdıldı, istiləşmələr gücləndi.
Xəstəlik çəlləkdə şərab deyil ki, saxalandıqca suyu çəkilib tündləşsin! Özbaşına buraxılan viruslar saatlarla yox, saniyələrlə, özü də həndəsi silsiləylə çoxalır, pəhləvan cüssəli insanları iynədən keçən sapa döndərir.
- Naftalana ver özünü. "Çinar" sanatoriyasının həyətinə ki, girdin, müalicələr başlayır. Özü də təbii vasitələrlə aparılır a! Küknar, qovaq ağaclarının altında şırıltıyla axan arx sularının gah eşidilən, gah da qeyb olan həzin səsi palataların açıq pəncərələrindən içəri dolur, xəstələrin yuxularını şirniləşdirir. Budaqlarda pıçıldayan yarpaqlar yuxusu qaçan xəstələri nağıl dünyasına qovuşdurur. Bağ-baxçanın ağacdələnləri də sanitar işini görür - dedi, bura tez-tez gəlib-gedən bir tanışım. Neyləyəydim, adam çarə-əlac ümidiylə yüz yerə əl atır, imkanı olan dünyanın o başına gedir.
Dəmir darvazanın dingilbabisini tıqqıldatdım. Qapı açıldı. İçəridən qəribə ətirli, yumşaq bir külək çırpıldı üzümə. İki-üç addımla ağ, sarı, çəhrayı zambaqların divarına dirəndim. Boyları məndən də uca zambaqlar əyilib-düzəlir, başımı sığallayırdılar. Nədi bu, ilahi! Rəhmətlik Füzuli babamın "Heyrəti, ey büt, sürətin gördükdə lal eylər məni" misrası səsləndi qulaqlarımda. Şirin, təlx qoxu burnumu sancır, ürəyimi uçundururdu. Sinə dolusu iki ağız asqırdım. Başım-beynim ayazıdı. Göz qapaqlarım qalxır, qaşlarımın çəpərlərini sökürdü. Dilimi dodaqlarımın üstündə gəzdirdim. Bu nədi? Quruluq, acılıq nə tez yoxa çıxdı! Zambaq ətirli, zambaq şirəli hava qara ciyərimdə ödün axarını sabitləşdirib, zəqqutun kimi acı dilim-ağzım bal dadırdı. Dostumun dedikləri təsdiqləndi. Burda müalicələr həyətə ayaq basdığım andan başladı.
Böyük zəhmətin bəhrələri görünürdü həyətin hər qarışında. Yamaclar, dərələr, təpələr doluydu zambaqnan. Dəmir reşotkalar uzandıqca zambaq plantasiyaları da uzanırdı. Maşın yoluna yaxın yerlərdə zambaqlar şeypur başlarını raşotkaların üstündən aşırıb, asfaltın yapışqan buxarını, avtomobillərin qluşitellərindən asqıra-asqıra çıxan tüstü topalarını öz zərif qoxularıyla zambaqlaşdırırdılar. Çox güman ki, təcrübəli bir aqranom-mühəndisin əliylə yüz dəfə ölçülüb, bir dəfə dəqiq biçilib ağacların dibləriylə axan arxların yolu. Torpağın qarın verən yerindən çıxan, qabığı ayaqlar altında soyulmuş, yaralı köklərə tənzif kimi sarılan sular, travmatoloq həkimlərin işini görürdü. Arxın divarlarına çapa-çapla çırpılan dalğalar qaval şappıltılarını xatırladırdı. Oynaq ritmlərin əks-sədaları cığırlar, keçidlər boyu kreslolarda dincələn xəstələrin sümüklərinə düşür, ruhlarını dingildədirdi. Dərmanlar şiprislərdə köhnəlir, həblər qutulardan çıxmırdı. Həyətin xırman kölgəli ağacları, suları qabığı sıyrılmış köklərə cuna kimi sarmanan arxlar da şəfqət bacıları, həkimlər kimi hörmətə minirdi gözümdə.
Qəbul otağında sənədlərimi yoxlayan burnu batıq, qaboy səsli oğlan, xəstəlik kartımı, şəxsiyyət vəsiqəmi, laborator, rentgen kabinetlərinə icazə kağızlarımı da mənə tərəf uzadaraq başını arxaya fırlatdı. - Ay Gülnarə xanım, sən Allah, bələdçilik elə bu təzə qonağımıza, kabinetlərin yerini göstər - dedi. Necə, necə? Qonaq? Xalamgildə, dayımgildə "qonaq" çağrıla bilərəm. Ancaq burda... "Ay yolsuz, özünü dağa-daşa salma! Bir dəfə başa düş ki, "Çinar"da "xəstə" "bil mar" kəlməsi işlənilmir. Lap əcəb eləyirlər. Yeri var! Əsəbləri qıcıqlandıran "xəstə", "pasient" sözlərini qəsdən işlətmədi qaboy səsli oğlan da. Xəstəyə xəstə olduğunu tez-tez başına çırpmaq, yetişməmiş çibana neştər vurmaqdı. Qaboy səsli oğlan həkimlərdən daha artıq həkimlik eləyir, xəstələrin əsəblərini qoruyurdu.
Bəzi kabinetlərə növbəsiz idi giriş. Həkimlər üz-gözümə diqqətlə baxır, "səndə heç nə yoxdu" deyib, kağıza qol çəkir, qovluğu qoltuğuna dürtürdülər. Ancaq kardioloq Vəfa xanımın qapısında uzun növbə gördüm, qanım qaraldı. Bu görüşü sonraya saxladım.
Vaxt itirmək büzdümümlə omba sümüyümün arasında oturuşmuş bakteriyaların əlinə drel, külüng, lom verib dağıntılara imkan yaratmaqdı. İnzibati binaya tələsirdim mən də! Amma Allah uzaq eləsin, ağzımdan küləklər aparsın! Kaş buranın həkimləri əlli min rubla Amini (Tibb Universitetini), bitirdikdən sonra da iynə vurmağı bacarmayan üzüqara həkimlərdən olmayaydı. Amma allahçına danışsaq, elə o vaxtlarda da ali məktəblərə öz başıyla girənlər az deyildi.
Yolum Qovaq ağaclarının altından keçirdi. Havarəngi kombinizonun ətəyi dizlərini tutan gülərüz oğlan uzun saplı süpürgəni, özündən iki-üç metr irəli ataraq sağa, sola tovlayır, dəvə pəncəsini xatırladan yarpaqları süpürgənin ucuyla qarşısındakı xəzəl topasının üstünə oturdurdu.
Əlimlə darvaza tərəfi göstərib: - Orda da küknarların, çinarların altında xəzəl topaları var. Sonra bunları yandıracaqsız, eləmi? Tüstü boğacaq xəstələri. Oğlanın dodaqları qaçdı. Dişlərini sanamaq olardı. Baxışları əlimdəki qovluqda dondu. - Təzə gəlmisiz eləmi?
- Lap təzə!
- Ancaq ay qonaq müəllim, bax, o göydə - deyərək, əlini başı üstünə qaldırdı. - Hə, o göydə bir "Ozon qatı" deyilən sahə var. Əgər yandırsam... Şair Səməd Vurğunun vəsiyyət məktubundan xəbəriniz var, yəqin ki!
- Siz ədəbiyyatçısınız?
- Xeyr. Botanikəm! Çəyirdəksiz bitkilərin genetikası üzrə elmlər namizədiyəm. Atam məni daş binaların içində laboratoriya rəhbəri qoydurmuşdu. Xoşuma gəlmədi. Amma burda suda balıq, göydə quş kimiyəm. Ərazidə çoxlu şabalıd, palıd ağacları var. Payızın axırlarında meyvələri yerə tökülür. Mən meyvələri çuvallara doldururam. Zambaqların bürüşmüş ləçəklərini, qurumuş çör-çöplərini də xüsusi qutulara yığıb Bakıdakı Baş apteklər idarəsinə yollayıram. O idarədən də sanatoriyanın büdcəsinə xeyli vəsait daxil olur. Bəhram direktor bağban Mədət kişiyə, mənə də hər ay premya verir. O, əlini xəzəl topasının üstünə qoydu. - Bu xəzəlləri də yandırmaram. Niyə? Birinci ona görə ki, tüstülər o başı bəlalı "Ozon qatı"nı didib-dağıtmasın, biz də istiləşmələrdən əziyyət çəkməyək. Yandırmayacam, bir də ona görə ki, xəzəllərə ikinci həyat verəcəm mən - dedi.
- Xəzəllər quruyub, əldən düşüb! Onlara ikinci həyat necə vermək olar?
- İşimizi bilirik. Bir gün sanatoriyanın böyüyü Bəhram direktor bizi "petiminutka" iclasına çağırdı. - Xalq şairimiz bütün dünya insanlarının, bizim də sağlam yaşamağımızı istəyir - dedi. - Reşotkaların o tərəfindəki asfalt yolun mazut nəfəsi, maşınlardan çıxan qazlar həyətimizə dolur, xəstə qonaqlarımızı zəhərləyir. Amma a yoldaş. Biz də nəsə bir iş görməliyik, ya yox! Atmosferdəki "Ozon qatı" yırtılıb dağılır. İstiləşmə yer-göyü yandırır. Bunun qabağını necə alaq? Qulaqları da papağının içində itib-batan Mədət kişi əlini qaldırdı. - Məni utandırma, qadan alım, ay direktor. O qazların, tüstülərin, zəhərlərin canını almağa zambaqlarıma nə gəlib? Bağbanı mənəm bu tərəflərin. Mənim tədbirimi özün görəcəksən! İndi də icazə ver gedim işimin dalınca - deyib yanlara basa-basa qapıdan çıxdı. - A yoldaşlar, gəlin, başımızın üstündəki aydan arı, sudan duru o səmanı təkcə qazlarla demirəm, lap siqaret tüstüləriylə də zədələməyək - deyib söhbətini yekunlaşdırdı direktor. O gün-bu gündü sutkada iki paçka siqaret sümürən şef pover Kamran indi heç bir dənə də çəkmir. - Bəlkə and içib? Qurana əl basıb? Siqaret çəksə, Quran qənim olar, o da ölər?
- Yox, şef ölməyindən qorxmur. Direktordan qorxur.
- Niyə? İşdən qovar onu?
- Yox. Direktor çörəyə bais adam deyil. Kamran o direktorun danlağından qorxur. Direktor hərdən elə ağır söz deyir ki, onu heç qatır da çəkə bilməz. Ona görə də stalovanın bacasına kərənaya oxşayan bir tüstü təmizləyən qoydurub.
- Min dəfə "sağ ol" deyirəm mən də baş aşbaz Kamrana. Yaxşı, bəs sən yığdığın xəzəlləri neyləyəcəksən? Bayaq dedin ki, yandırmayacaqsan! Göydəki buludları da zəhərləməyəcəksən? Bəlkə aparıb yığasan seyfə! Bəzi nazirlər qızıl-brilyant yığır seyfə!
Sifəti allandı cavan oğlanın. Gözümə zillədi gözlərini. Səhvə yol vermişdim. Heysiyyətinə toxunmuşdum.
- Mən süpürgəçiyəm. Qızılım, brilyantım da xəzəldi. O xəzəllər mənim köməyimlə ikinci həyatlarını yaşayacaqlar. Mən o xəzəl topalarını torpağın altına basdıracam. Xəzəllər orda gübrəyə çevriləcək. Zambaqlarımız da bu təbii gübrələrlə mayalanıb daha yaxşı qol-budaq atacaqlar! Zambaqların oksigen nəfəsinə "Ozon qatı"nın da ehtiyacı var - dedi, gülərüz oğlan və məni utandırdı.
Bakıda adamın cığını çıxaran istilərdən qaçıb, Qubanın "Qız bənövşə", "Qəçrəş" meşələrinin sərinliklərinə qısılmışdım.
Şəhərin "Orta" məhəlləsindən havalanan "Aptekçi Xanbabanın qızı Xurşud Bakıdakı doktorluq instutuna öz başınan girib" xəbəri ildırım sürətilə bütün məhlələrə yayıldı. Hər ağızdan bir avaz gəlirdi. "Xurşud instituta öz başınnan girib?! İnanan daşa dönsün". "Eh, sözdü də danışırlar. Həkimlik institutu əlli min rubladı. Apteklərdə alver ölüdü. Xanbaba beş-on köpüklük xinni, aspirin, öskürək dərmanı satıb əlli mini yığa bilməz". "Amma türkəçarə həkimliyi o nəsildə Allah vergisidi. Qızın nənəsi Cirə Məsmənin həyətində sirli-sehirli bir ağac var. Xərəkdə gətirilən xəstələri arvad o ağaca bağlayır, sonra üzünü qibləyə tutub elə bir dua oxuyur ki, xəstə yerindən qalxıb "ləzginka" oynaya-oynaya gedir evlərinə. O Xurşud da çoxbilmişdi. Nənəsinin tökdüklərini yığa-yığa gedəndi" - deyib, qızı tərifləyirdilər.
Bakıda Voroşilov (indiki Səbail) rayonunun Komsomol Komitəsində işləyirdim. Bu hadisə barədə "Azərbaycan gəncləri" qəzetində bir oçerk çap etdirib "Ali məktəblərə qəbul əlli minədi" - bu və buna bənzər böhtanlara son qoymaq istəyirdim. "Orta" məhəllənin ortasında ora-bura boylanır, mənə heyrətlə baxanlardan Xanbabanın evini soruşurdum.
- Xanbabanın qapısı "Jenklubun" yanında göy çernil rəngli qapıdı - dedilər. Addımlarımı yeyinlətdim... "Jenklubun" tinindən vedrələrlə su aparan bir qadın çıxdı. Qollarımı irəli uzadıb arvadın vedrələrini götürmək istədim. O, əlindəkiləri yerə qoyub, sifətinə dağılmış saçlarını ləçəyinin altına yeritdi. -Dəymə, üst-başın islanar. Ayaqqabıların da zay-may olar!
- "Nazlı" gölündən gətirirsiz bu suları? Uşaqlıqda çox içmişəm, yayın cırcıramasında buz kimi olur, dadı-tamı da ürəyə yatandı.
- Hə... Qədrini bilmədik - əlini sinəsinə qoyub bir "ah" ötürdü. - O gölü qurudublar. Ayaqlarım yerə yapışdı.
- Üzü ayna kimi işıqlıydı. Qamışların arasında arabir qaz, yaşılbaş da görünürdü. Hansı əli qurumuş qurudub onu? Axı, kimə nə pisliyi dəyib? Daşıb, sellənib, evləri yıxıb, əkinləri batırıb?
- Yox daşmayıb. Qadın məni doğma nəzərlərlə təpədən dırnağı kimi süzdü. - Səməd Vurğunu tanıyırsan yəqin ki?
- Bəs necə? O, sənət müəllimimdi. O, həm də təbiətin vurğunudu. Ovçudu! Gecə-gündüz çöllərdədi. O gölü qurutmaz, başına güllə çaxsalar da!
- Amma görüm ki, kökləri kəsilsin!
- Sən kimi qarğıyırsan, ay xala!
- Bu şəhərin xaxaları, başbilənləri gölə axan suların başını öz bağlarına, bostanlarına çevirdilər. Göl bataqlığa döndü. Quş-muş görünmədi ara-bərədə. Dedilər ki, qaz çıxır gölün yerindən. Lax yumurta iyi basdı şəhəri. Oğlum, elə o qara günlərimizdə də Səməd Vurğunun vəsiyyəti barədə söhbətlər oldu televizorda. Sonra Bakıdan gələnlər "gölün yerindən qalxan qaz zolaqları göydəki "Ozon qatı"nı yekələyib, sökür" deyib, çay daşlarıynan doldurdular gölü. Hə! Hə! O şairin xeyri çox dəyib bizə. Bu şəhərdə "qamaxoz" həyətləri var. İt qursağı yağ götürmür, ay bala! Bir az bolluq oldu. Adamlar qudurdular. Nimdaş paltarları, sırınmalı yorğanları, şüşəsi qırıq şkafları da həyətin ortasında üst-üstə yığıb, altını oddadılar. Birdən elə olurdu ki, bir neçə həyətdə tonqal yanırdı. Eyvanda oturanda da elə bilirdim təndirxanadayam. Bir gün də komoxozun naçalniki Dümbək Rza camaatı başına yığıb dedi ki, burda tonqal yandıranlar, his-paslı tüstülərlə göydəki "Ozon qatı"nın atasını yandırırlar. Biz də istilərdən əziyyət çəkirik. O, zibil yandıranları "ştraf" elədi. Suda verilənlərə iş kəsildi. O cənnətdik Səməd Vurğunun vəsiyyəti qubalıların ömrünə ömür caladı.
- Ay xala, buralarda aptekçi Xanbabanın evi olmalıdı. Qapısını mənə göstərərsənmi? Müsahibim əlini qaşının üstünə qoydu. - Bura bax! Səni bir şairə oxşadıram. Televizorda da görürəm arabir. Neynirsən Xanbabanı? Qızı Bakıda doktorluq institutuna girib. Sən də yüyürtnbə gəlmisən ki... Başımı razılıqla tərpədib - Hə, - dedim. Arvad bir-iki addım irəli gəldi. Üzü güldü: - Harda işləyirsən? -Bakıda, raykom komsomolda. Raykom sözünü eşidən arvadın dodaqları qaçdı.
- Hə! Xanbaba oğlumdu. Evdə olmasa da yerin deşiyindən çıxardaram! Raykom basıb-kəsən idarədi. Raykomun gəliri seldi, dənizdi. Oğlum, yaxşı daş-başın da var da. Ev-eşik eləmisənmi özünçün? -Evim yoxdu, xala - dedim. -Amma hökümət verəcək. Hələ kirəçiyəm.
Əlbətdə ya bir zavod direktorunun, ya bir zavmağın çəkərsən məşər ayağına. "Dom Sovet" boyda ev tikdirər səninçin. İçini də importnu mebelnən doldurar.
- Yaxşı, ay bala, maaşın da çox güclüdü də!
- Ayda yetmiş rubl! İyirmi beşini kirəyə verirəm. Qırx beş rubl qalır. Hər günə bir rubl yarım. Arvad iki addım geri çəkildi. Yumruqlarını şalının altından çıxartdı. Boksçu döyüş vəziyyəti götürdü: -Hə! Yoxdu, yoxdu! Xanbaba evdə yoxdu! Ay, hay! İştahına da qoz halvası! Hesab eləyirsən ki, Xurşud altı dolu Xanbabanın qızıdı. Atası ev alar, altına maşın qoyar! Sən də yüyürüb gəlmisən ki, nişanlayasan qızı. Sən yoxey, lap Allahın bacısı oğlu gəlsə də, nəvəmi verən deyləm. Oxuyub qurtarar, sonra da ürəyi istəyənə gedər. "Oğlan evinin xəbəri yox, qız evində toydu" dedim ürəyimdə. Ancaq məni bu qapıya gətirən nişan qoymaq həvəsi deyildi. Mən Xurşudu Bakıda bizim komsomol komitəmizə büro üzvü seçdirər, az sonra instruktorluğa irəli çəkdirərdim. "Bəlkə Xurşud nənəsinin vedrələrini aparmağa gələr"düşünür, tez-tez geri boylanır, məhlədən uzaqlaşırdım.
İcraçı binaya aparan qaratorpaq cığır, zambaq talasının ortasından keçirdi. Gövdələri köklərdə bir-birinə söykənib sıxlaşır, cığırla tala arasında keçilməz səddə çevrilirdi. Yumşaq, çılğın mehlər əllərimin üstünü, üz-gözümü də zərif-zərif dalayırdı. Göyün üzü sarıya çalırdı. Zambaqların sarı tozuna bürünmüşdü üfüqlər də. Səmada ulu şairin tövsiyəsinə uyğun proflaktik işlər gedirdi. Zambaqların oksigen zərrəcikləri göylərin dərinliklərinə işləyərək, "Ozon qatını" zəhərli qaz -tüstü həmlələrindən qoruyurlar. Dərindən nəfəs alanda ciyərlərimin qırışları şaqqa-şaqla açılır, içərilərimdə at çapırdılar sanki. Gözlərimin böyüdüyünü, dodaqlarımın səyrişdiyini görürdüm. Həyətin ağaclarında, yarpaqlarında da daş sükut yaşanırdı. İşdi-şayət, bir quş uçsaydı, qanadlarının çap-çapı İnzibati binanın divarlarında əks səda verər, zambaq ləçəklərində günəş vannası qəbul edən kəpənəkləri çərəm-pərəm salardı. İrəliləyirdim. Taq-tuq səslərinə ayaq saxladım. Pəhləvan cüssəli dalğanaxış köynəkli bir kişi gah çömbəlir, gah dizləri üstə oturur, maşaya oxşayan budama qayçısını kolların altına yeridirdi. Matros, Fidel Kastronun beretkasına oxşayan "günlüksüz"ünü qamarlayıb alın qırışlarında yırğalanan tər damcılarının üstünə basdı. Birdən noldusa qayçını kənara tulladı. Pəncələri üstə qalxaraq, İcraçı binanın tüstülənən bacasına zilləndi. Başını bulaya-bulaya bamaq silkələdi korun-korun tüstülənən bacaya. Burnunu tez-tez çəkir, dodaqlarını marçıldadır, tüstünün acılığını, şirinliyini yoxlayırdı sanki. Başını razılıqla tərpədib, kolların altına yeritdi qayçısını.
Dənizçinin qəribə hərəkətləri, - kolları "uf" demədən qırması, tüstülənən bacaya barmaq silkələməsi, öz-özünə danışması da təəccüb doğururdu.
- Niyə belə narahatsan, ay matros əmi? Yaxınlaşıb qolundan tutdum. Dartıb, qolunu əlindən çıxartdı.
- Matros deyiləm. Bosman olmuşam "Aşıq Ələsgər" gəmisində. Göyərtə komendasının naçalniki, - bosman! Gəminin "prixod"u, "atxod"u mənim komandalarımla aparılıb. Deyərsən ki, bu kişi dəlidi, nədi, tez-tez bacaya baxıb, burnunu çəkir. Havanı niyə yoxlayır? Londonda "Orion" limanının uzaq reydində yük gözləyirdik. Kalpitimizi, poçtumuzu gətirən Şipşandr qoltuğunun altına bir qazet itələdi. - Burda sizin Xalq şairimizin dərin məzmunlu bir məqaləsi var. Şair qlobal istiləşmənin qabağını almağa çağırır bütün dünyanı. Hər kimdisə zor iş görür - deyib əlimi sıxdı. Qazetin qatını açırdım ki, gəmimizi körpüyə dəvət elədilər. Trumlara kimyəvi amyak gübrəsi yükləyəcəkdilər. Özü də "nasıp", yəni toz halında. Evimiz yıxıldı ki? Gəmi heyəti bir-iki həftə bu amyakın zəhərini udmalıdı? Düşündüm. Kapitana dirəndim ki, gəl biz bu yükü götürməyək.
- Niyə, ay Bosman? Yük tapmaq da asan deyil! Bunu əldən buraxsaq bilirsən gəmiçilik başımıza nə oyun açar?
- Əlbəttə, bilirəm. Ancaq o kübrə xüsusi kisələrdə daşınmalıdı. Toz halında xata-baladı. İki saatdan bir tryumların qapıları açılmalıdı. Əgər açmasaq qazlar gəmini partladar.
- Hə! Neynək? Açarıq da. Qazlar uçub, rədd olar! -Xeyr, dedim! Qazlar uçmazdan əvvəl kayutlara dolacaq. Biz zəhərlənəcəyik! Başıma gəlib də. Elə bu gəminin matrosuydum. Azot gübrəsi aparırdıq. Körpücükdə düyməni basıb tryumların qapısını aşdılar. Külək bir neçə cəngə azot tozunu çəkdi başıma. Gözlərim tutuldu. Nəfəstənglikdən indi də əziyyət çəkirəm. Heç düşmənimə də qıymaram çəkdiyim zülmü. Gəmimizdən qalxan ammonyak qazları buludlara çökəcək. Zəhərli yağışlar buğda zəmilərini, bağların, bostanların bəhrə- barını da ağuya döndərəcək. Ən pisi odur ki, o qazlar "Ozon qatı" nın qəzalı sahələrini də genişləndirəcək. O boyda İngiltərə şairimizin sözünü eşidir, amma biz gəmimizdə qaz bolluğu yaradıb, "Ozon qatı"nın kələyini kəsirik. Bu hərəkətinə görə gəmiçilik şurasından yağlı şapalaq yeyəcəyəmi bilirdim. Amma yoldaşlarımın gözləri nurdan düşməyəcək, qaşınmadan əziyyət çəkməyəcəklər. Nazim Hikmətin "Mən", "Sən", "Biz" deyən çağırışına xalqların necə qoşulduğunu görəcəkdi dünya. Kapitan yuxudan ayıldı elə bil. Gözlərini ovuşdurub, çox sərt danışdı. -O xatalı yükə, - ammonyak gübrəsinə arest qoyduracam -dedi.
Bakıya boş qayıtdıq. Gəmiçilik Şurasında kapitana şiddətli töhmət verdilər. Məni işdən qovdular. Bekar otura bilməzdim. Hər yana səs salan Naftalan "zambaqlarından" mənim də xəbərim vardı. Gəldim, Bəhram direktor mənə müxtəlif vəzifələr təklif elədi. Mən, ocaqçı - koçaqarlığı seçdim.Havanın sağlamlığı bizim əlimizdədir. Çörəksiz, susuz beş-altı gün yaşamaq olar. Amma havasız bir dəqiqə də mümkün deyil. Bu gün smenimin qurtarha-qurtarında Bakıdan bir sisterna yanacaq gətirdilər. İndi peçlər gur-gur yanır. Mən də tüstülü havanı burnuma çəkib, bilmək istəyirdim ki, bu solyarkaya mazut qalıblar, ya yox?
- Mazutu kim qatır? -Ekspertlər, fəhlə, sürücü. -Nəyə görə, axı? -Vallah, deməyə də xəcalət çəkirəm. Bir ton solyarkaya iki yüz litr mazut qatan, az-maz pul qazana bilir.
- Necə oldu? Yoxlama nə göstərdi?
- Təmizdi yanacaq!
- Heyran olmamaq mümkün deyil bu cöv-cəlala. Yəqin akademiklərin, alimlərin əməyi var bu bağ-bağçanının salınmağında. - Xeyr, əşi! Bağban Mədət bağçılıq işində Miçurini cibində gəzdirər. Burdakı bütün işçilər ekologiyanı qoruyanlardı. -Aşpaz Kamranın eqzotik kəşfləri hamımızı mat qoyur. Bir dəfə də yeməkxananın ortasında iki elektrotəndir qalatdırdı. Birində toyuq ləvəngisi, o birində təndir çörəyi bişirdilər. Təndir çörəyi, motal pendiri! Ye ki, yeyəsən! O gün qazan xörəkləri bişmədi. Ərzağa qənaət direktor fonduna xeyli gəlir gətirdi. Ən böyük xeyrimiz o oldu ki, bacamızdan tüstü çıxmadı. Xalq şairimiz Səməd Vurğunun ruhu şad oldu. Həkim personalının işi yaxşı qurulub burda. Qlavvraç Xurşud xanım çox tələbkardı. "Xurşud" sözünü eşidcək yerimdən oldum. "Ayə, bəlkə bu qlavvraç Qubalı Xanbabanın qızıdı? Eh! Xurşud adında qız nə çox! Amma, kim nə deyir desin, ayağımı yerə vurub, yumruğunu masaya çırpıb, israr eləyirəm ki, bu Xurşud öz başınnan AMİ-yə girən həmin o Xurşuddu. Axı, ay qardaş, ancaq bilikli, savadlı kadrları rəhbər vəzifələrə çəkirlər. Amma "bosman əmi" əllərini ölçə-ölçə söhbətini davam etdirirdi. -Polşanın, Bolqarıstanın bəzi zavod direktorları da, daş atıb başlarını tuturlar ki, təcili zambaq tinkləri göndərməsəniz zəhərli qazlar bizi öldürəcək! Ancaq tinglər öz başına cücərmir. Bunun parniki, gübrəsi, işçisi olmalıdı. Zambaqların xeyrini yaxşı başa düşən direktor Bəhrəm Raykomun birinci katibinə bir raport göndərdi. Rayonun başçısı ərazimizdə bir Zanbaq Kombinatı tikməyi qərarlaşdırıb. Arada söhbət gəzir ki, Mədət kişini o Kombinata direktor qoyacaqlar.
- Yaxşı, ay Bosman müəllim, danışığından belə başa düşdüm ki, sən buranın ətraf mühitini saflaşdırmağa çalışırsan! Soruşmaq ayıb olmasın, bəs axı, budama qayçısıyla qaratikan kollarını niyə qırırsan?
- A tövbə, bir ota, bir yarpağa da əl vurmaram! -Bilirsənmi- deyib, -"künlüksüzünü" gözünün üstündə yanəki oturtdu. - Az-para sağalan xəstələr gəzə-gəzə bu yerlərə də gəlirlər. O, budama qayçısını xəndəkdəki qaratikanlara tuşladı. -Az qala adamın gözünə girələr. Niyə qara adlanır bu qaratikanlar? Ona görə ki, həm böyükdülər, həm də ucları çox itidi. Qonaqlarımızı qıcıqlandırar, əsəbləşdirə bilər, bu ağrı, sancı dolu tikanlar.
Kardioloq Vəfa xanımla görüşməliydim. Anam, bacım olsun! Orta yaşlı, gözəl-göyçək xanım məni gülə-gülə qarşıladı. Təzə mələfə saldı çarpayıma, arxası üstə uzandım. Vəfa xanım topuqlarıma, biləklərimə, ürəyimin başına, həndəvərlərinə də qaz ayağına oxşayan şipilkalar sancdı. Cihaz uğuldadı. Gözlərimi pəncərəsindən çəkə bilmirdim. Lent üzərində çəpər çubuqları, -xətlər gah enib nazilir, gah da oxlar kimi yuxarı atılırdı. "Vağsey, işim bitdi". Bir parça buza döndü bədənim. - Nədi, ay həkim, orda infakt var? -soruşdum. O, gülümsədi. "Ürəyim qan ağlayır. Amma həkimin vecinə deyil. -Əsəbləşməyin -dedi. -Yoxsa adrealiniz çoxalar, təzyiqiniz qalxar. O, cihaza zilləndi- Çox diqqətlə baxıram, amma ürəyinizdə çat görmürəm. Sevincək oldum. -Məni təzədən həyata qaytarmısınız, Vəfa xanım, xəcalətinizdən necə çıxa bilərəm? Çeşmək altındakı gözləri işıqlandı, kəsərləndi. - Qalxın! Söhbətimizi baş həkimin kabinetində davam etdirəcəyik!
Qapının kəndarında "Baş həkim Xurşud" yazılı lövhəni oxudum. "Halvaçı qızı daha şirin!"- dedim öz-özümə. İçəri girdik. Kabinetlərdə gördüyüm, həkimlər pıçha-pıçlarını kəsdilər. Uzun masanın yuxarı başında oturan orta yaşlı qadın ayağa qalxıb amiranə baxışlarla dəyirmi stol arxasındakı boş kreslonu göstərərək:
- Buyurun, əyləşin, şair müəllim- deyib gülümsündü. Baş həkim bilək yoğunluğunda qulaclarını boynunun ardında "nevedimkalarla" sancaqlamışdı. Gicgahlarından asılan buruq-buruq, üzüm salxımı saçları qarabuğdayı sifətini şirinləşdirirdi.
- Əlimə qəzet, jurnal düşəndə sənin imzanı axtarırdım. Yerlimsən axı, qan çəkir də. Şeirlərindəki fikirlər təzəydi. Misralar şablon deyildi. Amma bir az rəndə istəyirdi. Həkimin böyük qara gözləri kəfkirli saatın gözləri kimi ora-bura qaçırdı. -Mən o şeirləri şıltaq uşağa bənzədirdim. Elə sizə görə də ədəbiyyata həvəsim artdı. Həkim -şair Abbas Səhhətin, sevgidən yarımayan Çexovun, Rafiq Yusiflinin, Paşa Qəlbinurun, Qalib Şəfahətin kitabları insanlara daha həssas yanaşmağı öyrətdi mənə - deyib, əlindəki yaylığın ucunu gözlərinə yaxınlaşdırdı. Üzüntünün səbəbi nədi? Bilmədim. Qadınların sirrindən kim baş tapıb ki?
Yerin altından, üstündən də xəbər verən Süleyman peyğəmbər üç sirri aça bilmədi. Zirvədəki qartalın sağı dərya, solu səhra, qabağı qalın meşəlik, arxası sıra dağlardı. Qartal hansı tərəfə uçacaq?! Peyğəmbər bu sirri aça bilmədi. İlan otluqda, palçıqda, qumluqda da iz qoyur. Amma daş üzərində izi qalmır ilanın. Peyğəmbər bu sirri də aça bilmədi. Açılmayan sirlərdən biri də qadın sirridi. Qadın ürəyini oxumaq mümkün deyil. Həkim kövrəlmişdi. "İman bir yerə, güman min yerə". Məsmə nənə yəqin ki, Xurşudla maraqlandığımı söyləyib nəvəsinə. Qızın gözləri önündə toy şamları yanıb, qulaqlarında "Vağzalı" havası səslənib. Təbii, şirin bir ovqat Xurşudu fantastik bir aləmə qovuşdurub. Amma indi ər evində, qəriblikdədi! Məni görüb doğmaları, o füsunkar bağ-bağçalar düşüb yadına. Qadının sirrindən heç kim baş aça bilməz. Cansıxıcı sükutu mən pozdum. - O vaxt Bakıda Komsomol Komitəsində işləyirdim. Tibb İnstitutunun kuratoruydum. Niyyətim sizi komsomol xəttiylə irəli çəkməkdi. Əvvəl bizim büronun üzvü, az sonra Bakı Komitəsinin təlimçisi görməkdi arzum. Xurşud xanım üzümə gülə-gülə: - Çox sağ olsun qayğıya, diqqətə görə - deyib, başıyla razılığını bildirdi. - Gördülər, irəli də çəkdilər. Sahibim məni "Çinar"ın baş həkimi qoydurdu - deyib sağ yanında büzüşüb oturan can həkimi Gülşənə tərəf çevrildi. - Ay Gülşən, hörmətli qonağımız bütün şöbələrdən keçib. Həkimlərin rəyini bilirəm. Bəlkə "UZİ" həkiminin qərarıyla bizi tanış eləyəsən?
- UZİ həkimi Seyran xanım yazır ki, hörmətli qonaq yaşına görə çox yaxşı qalıb. Vaxtilə böyrəyində bir kista olub, indi kristallaşıb. Yüz illərlə ağrısız, sakit yaşaya bilər qonağımız. Qara ciyəri əllənmir. Öd kisəsi yumşaq, həm də hamardır. Mədəaltı vəzinin funksiyası əladır. Prostatda şişmələr yoxdur. Can həkimi tez-tez yaylığını ağzına aparırdı. Gülməyini nə qədər boğsa da, saxlaya bilmədi. Axırda tapança kimi açıldı.
Baş həkim çəp-çəp baxdı müavininə: - Nədi? Nolub? Nəyə gülürsən? - Xurşud əl atıb Gülşənin ağzından yaylığı götürdü.
- Ay Xurşud xanım, bu qonaq deyir ki, o böyük səma xəstə bakteriyalarla, hüceyrələrlə dolu bir yorğandı. Biz də o yorğanı çəkmişik üstümüzə. Xurşud xanım qaş-qabaq salladı. - Sən elə indi eşidirsən bu söhbəti? Dünya alimləri bu məsələylə məşğuldu. İnstitutun axırıncı kursunda məşhur bioloq Mirəli müəllim bu məsələylə bağlı bizə mühazirələr oxudu, öz hipotezalarını, yəni fərziyələrini söylədi. Gözlərini pəncələrinə zilləyən can həkimi başını qaldırdı. - Qonaq deyir ki, ordakı bakteriyalardan bir neçəsi düşüb büzdünümlə ombamın arasına. İndi sümüklərimi didir o bakteriyalar.
Deməli, hörmətli qonaq Mirəli müəllimin versiyalarını, gümanlarını, fərziyyələrini həqiqət kimi qəbul eləyir. Həm də qonaq, şair diliylə onu narahat eləyən mərkəzin yerini göstərir. Büzdümüylə omba sümüyünün arasındadı o mərkəz. Bəs rentgen şəklini gözdən keçirmisənmi, ay Gülşən?
- Bəli! Çox diqqətlə. O nahiyələrdə heç bir bakteriya, hüceyrə görmədim.
- Belə çıxır ki, qonağı incidən oynaqlararası artritdir. Sən nə məsləhət görürsən, ay Gülşən xanım? Ancaq müalicəni gecikdirmək olmaz.
- Naftalizlə aplekasiya eləyək. Zədəli yerlərə o məlhəmi çəkib üstünü klyonkayla bağlayardım. Oturardım yanında lap bir sutka.
Özümü saxlaya bilmədim. - Bəli! O məlhəmi çəkibdilər. Amma iki həftədən sonra ağrılar yenə gücləndi. Kəndimizə gedib Əbil dayının həyətində ot da çalmışam, bir-iki araba odun da doğramışam. Amma noolsun? Bir aydan sonra ağrılar yenə şiddətləndi.
- Səidə xanım fizioterapiya şöbəsinin müdiridi - pıçıldadı Gülşən. - Təcrübəli, savadlı həkimdir. Bəlkə o təzə yanaşmalara əl atsın. Güclü pereparatlardan istifadə eləsin. Başını çiyninə qoyub oturan Səidə xanımın yanaqları qızardı. Can həkiminin tərifi onu utandırmışdı. Gənclik ehtiraslı, şövqlü gözləri Benqal şimşəkləri kimi çılğamlanırdı. Yerindən qalxıb nəm-nüm eləmədi, birbaşa mətləbə keçdi.
- Deyirəm, bəlkə o fizioterapiya müalicələrini ləğv eləyək? Elektrik cərəyanı yeritməyək orqanizmlərə. Sağlam hüceyrələri də zədələməyək!
Biz zədəli nahiyələrə fiziki yollarla novakain yeridirik. Novakainin tərkibindəki spirt toxumaları keyləşdirir, amma sağaltmır. Bu saat dünya qlobal istilərlə mübarizədədi. Mədət kişi zambaqlarla havanı hər cür çöküntülərdən, qazlardan təmizləyir. Çox güman ki, "Ozon qatı"nı bürüyən zəhərli qatlar da əriyir bizim zambaqların oksigeniylə. Amma biz həb atdırır, kimyəvi iynələr vururuq xəstələrə. Səhvə yol veririk. O iynələrin, həblərin çöküntüləri, şlaqları da, qan damarlarının "Ozon qatı"nı darmadağın eləyir. Qan dövranı pozulur, xəstəlik ağırlaşır.
Xurşud xanım əlini çənəsinə qoyub fikrə getdi. Balacalaşdı, fağırlaşdı. - Heç nə bilmirəm! Ancaq onu bilirəm ki, hörmətli qonağı sağaltmalıyıq. Belə qərara gəldim ki, oynaqlardakı Artrit naftaliz aplikasiyası, ot çalmaq, odun doğramaq hərəkətləriylə müəyyən qədər ərimişdir. Amma ağrılar tam götürülməyib. Deməli, oynaqlararası Artritə bir də əl gəzdirməliyik. Biz nədənsə əzələ faktoruna fikir vermirik. Hörmətli qonağı incidən Miozit mərəzidir. Duzlaşma qonağın baldır, bel, kürəklərarası əzələlərini, boyun əzələlərini də iflic etmişdir. Biz həm də Miozitdən qurtarmalıyıq hörmətli qonağı! Yadıma gəlir ki, savadsız Məsmə nənəm çoxşaxəli alma ağacına bağlayırdı, yanına ikiqat gələn xəstələri. Sonra ipləri açırdı. Xəstə "Ləzginka" oynaya-oynaya çıxırdı darvazadan. Mən "meşə terapiyasını" məsləhət görürəm - dedi Xurşud xanım. - Bu terapiyadan sonra hərtərəfli masaj olunmalıdı qonaq. Özü də Kolistar, Nizorello mazlarıyla yox, bizim naftalan məlhəmiylə. Üzümə mehribanlıqla baxıb - Çox asanlıqla öhdəsindən gələcəyik o əzələ duzlaşmasının - deyə gülümsədi Xurşud xanım.
Yüz yetmişdən çox mərəzin müalicəsini tezləşdirən Naftalan nefti dünyanın səkkizinci möcüzəsidir. Möcüzə deyilmi bəs? Üç gün öncə dəhlizdə divarları tuta-tuta irəliləyən, sarıyanız qadını indi dümdüz oxlov kimi görəndə gözlərimə inanmadım. Dikdabanlarını taqqıldada-taqqıldada, az qala oynaya-oynaya yanımdan keçirdi. Əl atıb biləyindən tutdum. "Qayıdıb çəmkirəcək, biyabır olacam el içində" - dedim özüm-özümə. Ancaq xanım altdan-altdan gülümsəyirdi. - Hə, bax buna varam! Əsl kişi jesti gördüm sizdə. Tünd, kəskin Qafqaz xarakteri! - Nə istəyirsiniz, cavan oğlan?
- Bağışlayın, sırtıq-naxal deyiləm mən! İki gün əvvəl dəhlizdə ölə-ölə yeriyirdiniz. Buranın həkimləri Allahdı bəyəm? İynə-dərman hünəri deyil bu!
- Tomsk şəhərindən gəlmişəm. Soyuqlar ki başladı, belim sancır, boynum şişir. Sankt-Peterburqda kimyəvi pereparatlar nəticə vermədi. Moskvanın "Burdienko" hospitalında "Naftaliz" məlhəmini iki kürəyimin arasına yeridib üstümü qalın yorğanlarla basdırdılar. - Nolsun? İki həftədən sonra yenə ikiqat oldum. Amma burda can həkimi Gülşəncik məni apardı baş həkimin yanına. Dedi ki, kimyəvi pereparatlar, fizioterapiya da bu xanıma kömək eləməyib. Neyləyək? Baş həkim rentgen şəkillərinə baxandan sonra:
- Mütləq xalq təbabəti - dedi. - Xurşud xanım - Fındıq ağacının budaqlarına bağlayırıq qollarını. - Ay Gülşən, nənəm savadsızdı. Amma onurğa, kürək, bel ağrısını sağaldırdı. Armud ağacının budaqlarına bağlayırdı xəstənin qollarını. Sonra üzünü mənə tutdu. - Siz də qalxın ayağa! Düşün qabağıma - dedi. Zambaq talasını keçib meşəyə girdik! Qlavraç fındıq ağacının iki yan budağını bir-birinə yaxınlaşdırıb uclarını kəndirlə düyünlədi. Gülşən qollarımı yuxarı qaldırdı. Qlavraç sağ qolumu bir budağa, sol qolumu o biri budağa bağladı. Mən də qorxdum. Axı İsus Xristos kimi çarmıxa çəkilmişəm. Qlavraç, - Ay Gülşən, - bağırdı birdən. - Niyə çaşıb qalmısan? Qayçını götür. Budaqların ucunu birləşdirən kəndiri kəs yavaş-yavaş. Gülşən çətinlik çəkmədi. Baş həkimin əlindəki budaqlar zərif-zərif yanlara açılırdı. Mən boynumun ortasında, kürəklərimin arasında, onurğamda da şirin qaşıntılar duyurdum. Bel tirəmdəki ağrılar da get-gedə yoxa çıxırdı. Qlavraç qolumdakı ipləri kəsdi. Budaqlar yanlara çırpıldı. Sonra biz Gülşən xanımın kabinetinə gəldik. Səidə həkim bədənimi naftalanla ovuşdurdu. Gülşən xanım tumbuçkanın üstündəki həb, iynə qutularını, dərman butulkalarını da zibil səbətinə tulladı. Məni həyata qaytardılar. Yazıq-yazıq üzümə baxdı qadın. - Hər dəfə mən inildəyəndə ərim başımın üstünü kəsdirib deyirdi - Sənin bu zarımaqların mənim müsbət emosiyalarımı, həyat həvəsimi, kişilik şövqümü öldürür. Axırda məni atdı o əclaf. "Çinar"ın həkimləri məni sağaldır. Bu münasibətlə sizi palatamda bir bokal şampana dəvət eləyirəm. Çaxır soyuducudadır. Şokoladı, marojnanı da bardan gətirdərəm.
- Mənmuniyyətlə, - dedim. - Sizin belə kampanyon olmağınız ürəyimcədir. Amma məni də iki saatdan sonra "meşə terapiyası" gözləyir. Allah qoysa, nəticəsi yaxşı olar! Biz sizinlə palatamızda şampanları bruderşaftla içib, unudulmaz anlar yaşayarıq - dedim.
"Çinar"ın qənşəriylə uzanan yol yoxuşa dirənirdi. Avtomobillər fısıldayıb, nəfəs dərəndə qluşitellərin ağzından çıxan zəhərli qazlar topa-topa, özü də "partapartla", bomba partlayışlarıyla atılırdı havaya. Tüstü zolaqları ilan kimi qıvrılır, qanadı qırılmış leylək kimi çabalayırdılar. Külək asfalt yolda ağ cuna kimi titrəyən mazut buxarlarını da süpürüb göyə qaldırır, "Çinar"ın həyətinə yönəldirdi. Bu zaman yollar, cığırlar, keçidlər uzunu sıralanan zambaqlar şeypur başlarını dik qaldırır, zambaqlar öz oksigen kristallarıyla qazlı, zəhərli, tüstü zolaqlarını zərərsizləşdirirdilər. Bəşəri qələbə o idi ki, zambaqlar "Ozon qatının" dəyirmanına axıdılan qazların, tüstülərin, zəhərli birləşmələrin qabağını alırdı. Yaxın qonşulardan, uzaq qohumlardan, bir sözlə, firavan yaşamaq istəyən isanlardan bir xahişim var. Zambaq əksinlər!
Naftalan, Nabran
Aprel-Oktyabr 2013
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!