"Elçin: yazıçının yaradıcılıq yolu" silsiləsindən ikinci yazı
"Min gecədən biri"ndən bir neçə il sonra Elçin "Açıq pəncərə" və "SOS" povestlərini ayrıca kitablar halında nəşr etdirdi ki, bu əsərlər, haqqında söhbət gedən "altmışıncılar" nəslinin ideya-estetik axtarışlarının əsas istiqamətlərini (və mahiyyətini!) özündə kifayət qədər ardıcıl, sistemli, eləcə də perspektivli bir şəkildə əks etdirir.
Doğrudur, Elçinin ilk hekayələrində də sosializm realizmindən əsər-əlamət yoxdur, ancaq nəzərə alsaq ki, "Açıq pəncərə"nin mövzusu, həmin mövzudan irəli gələn fakturası elədir ki, müəllif dövrünün nəinki aparıcı, hətta yeganə hakim bədii yaradıcılıq prinsipinə heç olmasa "üzdən" riayət etməli idi, ancaq belə bir riayət yoxdursa, bu cür "sərbəstliy"i, heç şübhəsiz, yeni cəsarətli bir ədəbi iradənin təzahürü saymaq lazım gəlir.
Müharibə illərində təsadüf üzündən ata-anasından ayrılaraq almanlara "əsir düşmüş" körpə uşaq - Həsən müharibədən sonra Sovet İttifaqına göndərilir…
"…Familiyamı xatırlamırdım. Mənim üçün Azərbaycanda ən çox yayılmış familiyalardan birini - Əliyevi seçdilər. Sonra sənət məktəbi… Fəhləlik… Gecə məktəbi… İnstitut…"
Və iş elə gətirir ki, institutun son kursunda oxuyanda valideynləri Həsəni tapıb evə - öz doğma ailəsinə gətirirlər…
"Həsən heç vaxt sərxoş olmamışdı - içməyi bacarırdı, lakin bu ötən bir neçə günü nə cür adlandırmaq olardı: səadət sərxoşluğumu, sevinc, xoşbəxtlik, fərəh, daxili qürur sərxoşluğumu? Onun doğma sandığı dost-tanışları, doğma xatirələri, həyatının doğma anları olmuşdu, amma doğmalıq məfhumunu bütövlükdə yalnız bu günlərdə dərk etmişdi"…
Əsir düşərgəsindən, uşaq evlərindən, yataqxanalardan sonra yaşamağa başladığı geniş, təmtəraqlı, rahat (və doğma!) ev ilk günlərdən Həsənə darıxdırıcı, doğmaları - atası, anası, bacısı, əmisi, bibisi isə yad görünür. Əsir düşərgəsində onu himayə etmiş azərbaycanlı əsir Kəpəz baba ilə xəyalən dərdləşir, onu yuxusunda görür. Və bu yuxunu gənc yazıçı qəribə bir ritmik- alliterasion dil (və sintaksis)lə təqdim edir:
"…Gördü ki, Buzovnada, dəniz kənarında qayalıqların yanındadır… Həsən addımlayırdı; ayağının altında dəniz, hey addımlayır, addımlayırdı, ayağına su dəymirdi; atası onu geri çağırdı - ildırım çaxırdı, amma bir şey çıxmırdı, Həsən yeriyirdi, dənizin üstü ilə; anası ağlayırdı - yağış yağırdı, Həsən islanmışdı, amma dayanmırdı, geri qayıtmırdı; qarşıda Ay var idi - böyük, girdə Ay; Həsən gözlərini böyük, girdə Aydan çəkə bilmirdi; kim isə onun ardınca gələ-gələ mahnı oxuyurdu; Həsən irəlilədikcə mahnı onu izləyirdi, ardınca gəlirdi; Həsən yavaş- yavaş hiss edirdi ki, bu, Kəpəz babadır, özü görünmür, amma bu, onun səsidir"…
Ümumiyyətlə, povestdə həyat gerçəkliklərinin realist təsvirlərilə yanaşı, həmin realizmin heç də romantikadan məhrum olmadığını göstərən rəmzi mənalandırmalar var ki, bir qayda olaraq, qəhrəmanın - Həsənin təsəvvürlərində təzahür edir…
"Zülmət bir gecə idi. Göy tutqun idi - nə Ay vardı, nə də ulduz. Birdən uzaqda, lap uzaqda qəflətən bir ulduz parladı. O elə bil buludları deşərək özünü göstərdi. Sürətlə axan buludlar ona çatan kimi bir-birindən aralanır, sanki o tək ulduzun qarşısını kəsməkdən qorxurdular. Buludlar elə hey axdıqlarından adama elə gəlirdi ki, həmin tək ulduz bu qara-boz buludları yararaq irəliləyir, irəliləyirdi… Hərdən yox olur, lakin elə o dəqiqə gah bu, gah da digər tərəfdən parlayırdı. Ulduz yenə yox oldu. Bir neçə vaxt keçdi, Həsən gözlədi, lakin həmin tək ulduz bir daha görünmədi…"
Bütün bunları povestin qəhrəmanı ata- anasının - gəraylıların təmtəraqlı evlərinin açıq pəncərəsindən görür. O pəncərədən ki, bu sirlər, şübhələr, müəmmalarla dolu evin azad, sərbəst həyata açıq yeganə guşəsidir. Sirlərdən, şübhələrdən, müəmmalardan (və üstü örtülüb- basdırılmış hər cür rəzilliklərdən!) kənardakı dünya yalnız həmin pəncərədən görünür.
Həsən tamamilə təsadüfən Züleyxa ilə qarşılaşır, başqa bir təsadüf onu bu "bir cüt iri, göygöz" qızla gəraylılargildə görüşdürür. Və əxlaq- mənəviyyatca bir-birindən fərqlənməyən iki ailənin həmin ailələrdən ruhən fərqli övladları talelərini bir-birilə bağlayırlar… Yazıçı bu sevginin "xronologiya"sını yüksək sənətkarlıqla - "Züleyxanın gündəliyi"ndən "sitat" gətirdiyi qeydlərlə təqdim edir…
"…Yazmağa da qorxuram, bəlkə mən sevirəm…
…O yenə zəng elədi. Axşam görüşdük.
…Bu gecə nənəmi yenə yuxuda gördüm. Gördüm ki, yenə barmağındakı üzüyü çıxarıb mənə verir. Amma daha ağlamır, gülür, elə hey uğunub gedir… Üzüyü alıb o saat öz barmağıma taxıram, sonra mən də başlayıram gülməyə. Nənəm: " Mənə anamdan qalmışdı bu üzük, - deyir, - indi də qoy qalsın sənin barmağında. Yoxsa elə qorxurdum ki, deyirdim, bəs adamım yoxdur üzüyü verməyə, mənimlə bir yerdə gedəcək qəbrə. Day canım rahat oldu…" Sonra nənəm gözdən itdi.
…Bu axşam biz yenə görüşdük…"
Çoxdan rəhmətə getmiş nənəsinin yuxuda verdiyi üzük Züleyxa ilə Həsənin taleyini həll edir. Həmin xeyir-duanı bu saflıq, bu ilahi təmizliklə kimdən almaq olardı? Həm maddi, həm də mənəvi çirkab içində olan ailələri buna nə layiq, nə də qadir deyildilər.
Gənc müəllif, o yaşları üçün nə qədər paradoksal olsa da, qəhrəmanlarının (xatırladaq ki, müəllif də qəhrəmanları yaşda idi) qarşılıqlı hiss-həyəcan mübadilələrinin təsvirində "dərin"ə getmir. Yalnız bir yerdə elə bir ovqat peyzajı yaradır ki, həmin çətinlikləri oxuduqdan sonra təkcə Həsənin Züleyxaya məhəbbətinin yox, ümumən Məhəbbətin nə demək olduğunu dərk etməsən, gərək bu dünyadan xəbərin olmaya…
"Dənizin lap kənarındakı söyüdün altında oturmuşdular.
Axşamdan keçmişdi.
Sahilə ləpə gəlmirdi - xəzri idi. Xəzər köpüklənmişdi. Söyüdün yerə çatan saçaqları küləkdən yellənib dənizə elə can atırdılar ki, elə bil bu saat o boyda gövdəni yerindən çıxarıb özlərilə birlikdə dənizə aparacaqdılar.
…Bax, dənizə can atan bu söyüdlə birlikdə dənizə yüyürüb dənizdə çiməsən. Bu küləkdə. Paltarlı çiməsən. Sonra çıxıb üşüyəsən. Üşüyəsən. Üşüyəsən. Sonra birdəfəlik silkələnib özünü ələ alasan, daha üşüməyəsən.
Daha heç vaxt üşüməyəsən.
Daha heç vaxt paltarla dənizdə çimməyəsən.
Daha heç vaxt söyüdlə dənizdə çimməyəsən.
…Züleyxa onu dinləyirdi, neon işıqları yanırdı, külək əsirdi, söyüd dənizə can atırdı"…
Və bu sətirlərlə yeni Azərbaycan nəsrinin düşüncə tərzi, təhkiyə-intonasiya texnologiyaları dünyaya gəlirdi.
"Açıq pəncərə"də Elçinin ümumiyyətlə, yeniliyə ideoloji-fəlsəfi münasibəti də kifayət qədər inamla (və cəsarətlə) ifadə olunur… Həsənin diplom rəhbəri "dissident" Əli Ömərin dili ilə deyilmiş aşağıdakı sözlər buna misal ola bilər:
"Canım, axı haçanacan biz bütün yenilikləri qərblilərin ayağına yazacağıq?! Nə vaxta qədər biz standartdan uzaq hər bir işə hoqqabazlıq kimi baxacağıq? Nə vaxta qədər novatorluq dırnağa alınacaq, hoqqabazlığın sinonimi olacaq? Bəs deyilmi?"
Əli Ömərin (əslində, "Açıq pəncərə" müəllifinin) bu sözləri 60-cı illərdə, əlbəttə, yalnız istehsalata deyil, ədəbiyyata münasibətdə də xüsusi ideoloji dəyər daşıyırdı.
Elçin yazır:
"Sistemə qarşı bədii-estetik müxaliflik, hətta belə demək olarsa, bədii- estetik kin- küdurət, bədii- estetik düşmənçilik (!) "altmışıncılar"ın yaradıcılığının mayasına hopmuşdu və onlar yalnız istedadın təhtəlşüur gücü ilə yox, həm də şüurlu olaraq sosrealizm çərçivələrindən çıxmaq istəyirdilər.
… "Altmışıncılar"la bağlı bir cəhəti də qeyd etmək istəyirəm: bir az obrazlı şəkildə desəm, onlar gəmidə oturub, gəmiçi ilə dava etməyi bacardılar".
Və sübut etmək artıqdır ki, həmin "gəmidə oturub gəmiçi ilə dava etmək" təşəbbüsləri "Açıq pəncərə"nin qəhrəmanlarının təbiəti üçün də az səciyyəvi deyil.
İlk əsərlərindən başlayaraq Elçinin yazıçı üslubunda (və xarakterində) analitik təfəkkürdən irəli gələn səmimi bir "pozitivlik", nikbinlik, ən qatı zülmətdən də bir işığın doğulacağına inam var… İşığa, günəşə, təmiz havaya həmişə açıq olan bir pəncərə var…
"Həsən siqaret yandırdı.
Ulduzlu, aylı gecə idi - yaz gecəsi. Həsənə elə gəldi ki, onun üçün ayrılmış bu otağın həyət pəncərəsi həmişə həmin bu yaz gecəsinin intizarında olmuşdur.
Sabah axşam Həsən Bakıdan gedəcəkdi. Bəlkə də o daha heç vaxt bu pəncərədən baxmayacaqdı. Lakin bu pəncərə bu böyük otaqların gözü olub həmişə ona baxacaqdı. Yaxşı ki, axırıncı gecə də olsa bu pəncərədən əsl bahar mənzərəsini gördü, ulduzlu, aylı yaz gecəsini…"
Həsən bu evdə yalnız taleyi artıq həll olunmuş, etdikləri günahların cəzasını çəkməli olacaq "doğmalar"ını deyil, həm də bütün gələcəyi qabaqda olan doğma bacısını qoyub gedir… O bacısını ki, heç cür bu evdə qala bilməz…
"Əbdül Gəraylı əvvəlcə oğlu ilə əl tutmuşdu, sonra özünü saxlaya bilməyib onu qucaqladı, öpdü:
- Bizi yaddan çıxartma, - dedi və geri dönüb öz otağına girdi. Həsənə elə gəldi ki, bu iki günün içində atası çox qocalıb; onun ürəyi gizildədi.
Qəmər xanım ağlaya-ağlaya onun ardınca bir yekə fincan su atdı.
Dilarə də ağlayırdı, arakəsmədə dayanmışdı"…
Muğanda salınmış yeni qəsəbələrdən birinə Züleyxa ilə birlikdə təyinatla işləməyə gedən Həsən, heç şübhəsiz, bu evi, ailəni həmişəlik tərk edə bilməzdi…
Hər şeydən əvvəl ona görə ki, gənc yazıçının dünyagörüşündə birinə kəskin rəğbət, digərinə kəskin nifrət bəslənilməli olan ictimai təbəqələr yox, bütövlükdə cəmiyyət, onun mənəvi-əxlaqi problemləri var. Və ədəbiyyatın məqsədi də həmin problemlərin həm mümkün qədər geniş realist mənzərəsini göstərməkdən, həm də bu problemlərin haradan nəşət etdiyini, hansı sosial-ruhi naqisliklərin məhsulu olduğunu aşkarlamaqdan ibarətdir… Həsən ona görə mənən güclü, iradəli deyil ki, müəyyən sosial-ideoloji prinsiplərinin daşıyıcısıdır, yox; ona görə ki, min cür əzab-əziyyətdən keçə-keçə həyatdan (ideologiyadan deyil!) insanlıq dərsləri almışdır. Və onun üçün hər hansı qərarı qəbul edərkən əsaslandığı yeganə prinsip varsa, o da daxilindən gələn səs - vicdanın səsidir… Əvvəl təsadüfən ayrı düşdüyü, sonra isə zərurətdən ayrıldığı ailə üzvləri isə bu hissi (və məsuliyyəti) artıq ya itirmişlər, ya da itirmək üzrədirlər…
Məsələnin bir cəhəti isə bundan ibarətdir ki, gəraylılar ailəsi özünün naqis mənəvi-əxlaqi keyfiyyəti ilə göydən düşməyib, tarixi keçmişin mənfur qalığı da deyil, artıq formalaşmış, özünü ölüm-dirim mübarizələrində "təsdiq etmiş" sosialist həyat tərzinin təbii məhsuludur… Hərçənd müəllif çox dərinə getmir, həqiqəti publisistik-ideoloji intonasiya (və öz adı) ilə kiminsə, yaxud kimlərinsə nəzərinə çatdırmır (o illərdə bunu bu cür kimə və ya necə demək olardı?), ancaq həmin həqiqət əsərin ruhunda, ideya-estetik məntiqində kifayət qədər aydın ifadə olunur…
"Əsli və Kərəm"dən, "Açıq pəncərə"dən sonra "SOS" Elçinin üçüncü povestidir. Və əvvəlki hekayələrində, povestlərində olduğu kimi, burada da gənc yazıçını düşündürən əsas məsələ insanın ruhi- mənəvi aləmində baş verən təbəddülatlar - istər təsadüf, istərsə də zərurət üzündən keçirdikləri həyəcanlar, iztirablardır. "SOS"un, demək olar ki, bütün qəhrəmanları bilavasitə həyatdan gəlir, hamısı canlı, realdır, lakin müəllifin əsas "tədqiqat obyekti", heç şübhəsiz, əri Toğrulu gənc yaşlarında müharibədə itirmiş, körpələrini namus- qeyrətlə böyütmüş Safurənin yaşantılarıdır…
Safurə ilk zərbəni Toğrulun həlak olması xəbərilə alır və dəli olmaq dərəcəsinə çatır; ancaq "haradansa" aldığı iradə onu xilas edir… "Onun qəlbinə bir istək hakim kəsilmişdi; ona elə gəlirdi ki, bu, övlad məhəbbətidir, əslində isə, bu istək daha böyük idi: bu, həyat sevgisi - nəsil saxlamaq instinkti idi".
İkinci zərbənin qarşısına isə, əgər belə demək mümkünsə, özü könüllü çıxır ki, bu da bir ayrı cür instinktin təkidi sayıla bilər…
"Alik elə hey nəsə deyirdi, səsi ürəkdən gəlirdi, ürəyini açıb qoymuşdu ortaya… Safurə Toğrulu eşidirdi. Toğrul güclü idi, gözəl idi. Toğrul kişi idi. Safurəni Toğrul qucaqladı. Toğrul öpdü. Bu güclü əllər, bu möhkəm qollar Toğrulun əlləri, qolları idi… Alik handan- hana özünə gələndə artıq evdə heç kim yox idi: Safurə qaçıb getmişdi. Safurə artıq Toğrulun yoxluğunu dərk etdi… Elə bil Toğrul uşaqları, ev-eşiyi yenidən Safurəyə tapşırıb getdi"…
Elçin "Açıq pəncərə"də nə qədər yazıçı- sosioloqdursa, "SOS"da da o qədər yazıçı- psixoloqdur.
Ana - Safurə hansısa şövqi- təbii duyumla (yenə də instinkt) hiss edir ki, tələbə qızı - Leyla hamilədir. Və bu zərbə əvvəlkilərdən daha dəhşətli olur… Bir tərəfdən, doğma balasını qoruya bilməməsinin günahkarlıq üzüntüləri, digər tərəfdən, düşdüyü bəladan çıxış yolu axtarışı iztirabları onun tədricən normallaşmış, yeni ümidlərlə təskinlik tapıb stabilləşmiş ruh dünyasını təzədən yerindən oynadır, lərzəyə salır… Leylanı aldadıb öz sevgi oyunlarının qurbanı etmiş Rövşənin ailəsilə danışmaq üçün onlara gedən Safurə meşşan laqeydliyilə qarşılaşanda nə edəcəyini bilmir, havalanır. Və bu "söhbət" səhnəsinin dramatizmini daha effektli vermək üçün müəllif nəsrdən drama keçir. Ancaq Safurənin daxilindəki təlatümü yenə də müəllif sözü- nəsr təhkiyəsi ümumiləşdirir:
"… Birdən-birə Safurənin canını vahimə bürüdü, qorxdu, qarşısındakı tamamilə yad bu adamlara baxdı, az qaldı qışqırsın… Sonra Safurənin gözlərinin qabağında boşluqdan qopub sürətlə gəlirmiş kimi, üç hərf yekəldi, lap iri oldu, bütün ətraf boyda qara fonda üç boz hərf: SOS… Yadına düşdü Safurənin. Bir dəfə bu hərfləri qəzetdə oxumuşdu, Məmişdən soruşmuşdu ki, bunlar nədir belə? Məmiş demişdi ki, gəmilər fəlakətə uğrayanda bu cür haray salırlar. Bu, o deməkdir ki, gəmi batır, gəmi məhv olur. Bu, o deməkdir ki, gəmi kömək istəyir, haray salır"…
Lakin Safurənin həyat gəmisi bu dəhşətli zərbədən də batmır. Leylanın doğduğu oğlan uşağı babası Toğrulun adını daşımağa başlayır… Povestin "Epiloq"undan hiss olunur ki, Safurəyə hələ bundan sonra mənəvi zərbələr dəyə bilər. Çünki cəmiyyətin insan taleyinə həm birbaşa, həm də pedant "əxlaq normaları" arxasında gizlənmiş mənəvi laqeydliyindən nə desən gözləmək olar…
Povestin bədii quruluşu, təhkiyə tərzi, əgər belə demək mümkünsə, kifayət qədər mürəkkəb, çoxgedişli, çoxsüxurludur; ilk yarısı sanki "birnəfəsə" yazılıb - pauzasız, sonrakı yarısında isə ovqat vaxtaşırı dəyişir, epizodlar bir-birini əvəz edir, süjet şaxələnir. Və "insan"ı "cəmiyyət" əvəz edir…
Elçinin sosial-psixoloji təhlillərlə zəngin ilk əsərlərində həyat materialının bolluğu, həmin materiala yazıçı həssaslığının miqyası, eləcə də insanın (və cəmiyyətin) mənəvi xilası üçün təxirəsalınmaz "SOS" çağırışlarının həyəcanı, həqiqətən, heyrət doğurur.
Və o da heyrətamizdir ki, bu əsərlər qələmə alınanda müəllif hələ çox gənc, hətta Azərbaycan ədəbiyyatının üç məşhur "altmışıncı"sının ən gənci idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!