Xatirələrlə hörülmüş Əhmədli - Oğuz AYVAZ

 

Həyatım iki hissəyə bölünüb: alışa bilmədiyim Hövsan və xatirələrlə hörülmüş Əhmədlim.

Bu iki qəsəbəni bir-birindən uzun, çöl yolu ayırır. Çöl yolundan boz dəniz görünür. Dalğalanan ləpirlər ürküdür məni. Bu yoldan hər dəfə keçəndə elə bilirəm ki, kimsə məni öldürəcək, yaxud xoşagəlməz bir hadisənin şahidi olacam.

Hövsanda olanda hər şeyi ağ-qara görürəm. Adamlar, maşınlar, ağaclar...  Gəzdiyim parklarda uşaqlar qaçışır, hərəkətləri tez-tez donur, anaların bağırtısı eşidilmir, küləyin səsi qulaqlarımda südsüz qalan küçüklər misalı zingildəyir. Qəsəbəyə alışmaq üçün gəzirəm, köhnəlmiş, yaddan çıxmış məkanlara üz tuturam. Mənə nəyisə xatırladan, hiss elətdirən adını bilmədiyim bir şey axtarıram. Tində, ara məhəllələrdə, vağzalda, adamların üzündə, bazarda mer-meyvə satanların səsində, amma heç nə tapa bilmirəm.

Əhmədliyə çatanda isə hər şey rənglənir, özünə qayıdır. 132 №-li avtobusdan düşən kimi qarşı küçədən əlində top, uşaqlığım üzərimə qaçır. Sısqa, zil qara saçlı uşaqlığım soruşur:

- Nə yaman kökəlmisən? Saçlarına nə olub? Bu, mənim gələcəyimdi?

Onun əlindən topunu alıram. Gözlərim yaşarır.

- Cavab ver, da. Niyə susmusan? Olmaya, 50 yaşın var?

- Gəl, yerimizi dəyişək. Mən sənin yerinə keçim, olar?

- Olmaz, sənin yerinə keçsəm, mamama nə deyərəm? O indilərdə məni çağıracaq. Həm də ki, sənin yerinə keçsəm, futboldan da ayrılmalı olacam.

- Oğuz, Oğuuuzzz.... Hardasan?

- Anam çağırır, getdim...

Oturduğum skamyadan kürəyimə kimsə toxunur:

- Oğuz, heyy...

- Nə yaxşı gəlmisən? Tanımadın? Mənəm də, Bəxtiyar əmin...

- Oğuz, heyy...

- Xoş gəlmisən, bala, köhnə məhəllənə. Tanımadın? Mənəm də, Solmaz xalan...

Əhmədlidə adamlar rəngli və tanışdı. Hər addımbaşı rastlaşıram. Üzlərində itmiş illərin izlərini görürəm. Gözlərində közərən işıq seli azalmış olsa belə.

Əhmədli - xatirələr diyarım, duyğularla ömrümə yazılmış qəsəbəm.

Əhmədli - parıldayan səhər günəşi kimi...

Boşluqda olan kimi Əhmədliyə qaçıram, anasının qucağına tələsən uşaq kimi. Əhmədli anamın qucağı kimi isti və mehribandır. Vunq Tau küçəsi yaşadığım, xəyal qurduğum, lopa qar dənəcikləri topladığım məhəlləm.

Yataqxana binasına keçirəm. Qoxu hələ də mövcudluğunu itirməyib. Üçüncü mərtəbə mənim qaldığım yerdir. Uzun, qaranlıq dəhliz. Parketləri sökülmüş, buz kimi daş döşəmə.

Qaranlığın içində divarlara toxunur, içimdəki duyğularla rəqs edən kimi oluram. Bir-bir qapıları nəzərdən keçirirəm. Nəsə, çatmır. Evlər çox səssiz-səmirsiz, qəbiristanlığı xatırladır. Qonşularımız, sərxoş işıqçı Qurban dayı, qeybətcil arvadlar, anam, sevdiyim qonşu qızı, uşaqlıq dostum... Onlar hanı? Hara gediblər? Hər şey büsbütün sükuta qərq olunub.

Dəhlizin ümumi eyvanında tozlanmış lampa diqqətimi çəkdi. O lapma ilk qorxumu xatırlatdı. Qəfil atamın həyəcanlı səsi eşidildi: "Qaçın, zəlzələdir!" Eyvanın kandarında balaca bir otaq da var. İlk dəfə qızla öpüşdüyüm, ürəyimin səsini aydın eşitdiyim kibrit boyda otaq.

Ağıllı telefonumun zəngli səsi cibimdən eşidilir. Qaranlıqda parıldayan süd işıqda belə yazılıb: "Hövsanlı usta Elvin". Getmək vaxtı çatıb. Hövsan məni səsləyir. Xatirələri rəfə qaldırmağın vaxtıdır. Yenidən uzun çöl yolu, bulanıq, ifadəsiz dəniz və küləyin uğultusu...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!