II hissə
Hər insan bir döyüş üçün dünyaya gəlib, ya savaşında məğlub, ya da qalib olmalıdı, bunun bir orta yolu yoxdu. Elçin isə özüylə döyüşmək üçün doğulmuşdu. Topsuz, tüfəngsiz, amma ən şiddətli döyüş gözləyirdi onu. Uşaqlığı atasının kürəyində şaqqıldayan kəməriylə anasının "vaxsey, uşaq öldü" qiyyələri arasında keçmişdi. Əfqanıstanda döyüşüb əsir düşən atası uzaq ellərdə deyil, 90-cı illərdə canını doğma torpaqlar uğrunda qurban verib, Elçini özündən və kəmərindən xilas eləmişdi. İki qardaşın ən nadinci və evin böyük uşağı olan Elçin heç vaxt atasının sevimlisi ola bilməmişdi. Hər işində bir səhv görərdi atası, hər hərəkətində bir qəbahət. Di gəl ki, Elçin olduğu kimi qalmaqdan məmnun idi, dəyişməyə çalışmırdı. Atasının qara xəbəri gələndə 11 yaşına yenicə qədəm qoyan Elçin, başqalarının çiynində gedən adamdan təkcə əsəbi, üçnəfərlik ailənin yükünü və kürəyindəki kəmər izlərini miras götürmüşdü. 1992-ci ildə müharibəyə gedən atasının bir illik döyüş xatirəsindən əsgər yoldaşları danışarkən, onun necə cəsur və mərd adam olduğundan ağızdolusu bəhs edirdilər.
Yas çadırı adamla dolub-boşalırdı, məhəllə şəhidini yola salmağa gəlmişdi. Elçin qulaqlarına inana bilmirdi, haqqında bu qədər gözəl sözlər danışılan adam onun atası idimi, yəni?! Axı evdə hamıya, əsasən də, anasıyla Elçinə qan udduran adam, eyni zamanda döyüşdə, küçədə bu qədər yaxşı bir insan olmağı necə bacarırdı?! "Ölüm ən pis adamı belə yaxşılaşdırır", - deyə düşünürdü Elçin, atasının olmadığı günlərdə öz-özünə götür-qoy edirdi, "Görəsən, atamdan tez ölsəydim, o, mənim üçün gözəl şeylər deyərdi, görəsən, mənim də çirkinliyimi aparardımı, ölüm?" Belə sözləri ədəbiyyat müəlliməsi olan nənəsindən qalma kitablardan öyrənmişdi. Bəzən, amma özü də narkotikanın, içkinin təsirində olanda fəlsəfi söhbətlər edirdi. Bu küçələrdə atasız böyüyən uşaqların elə də çox seçimi olmurdu heç vaxt. Hər halda, Elçin seçim etmək yerinə, qarşısına çıxan ilk qaranlıq yola addım atmışdı. Əvvəl-əvvəl içki içib evə gec gəlirdi, hələ 14-15 yaşlarında. Yavaş-yavaş içkinin yanında fərqli narkotikalar da özünə yer eləməyə başlamışdı. Dava-dalaş desən, yaxasından heç əl çəkmirdi Elçinin. Məhəllənin ən təhlükəli adamına çevrilirdi 14-15 yaşlı uşaq. Küçələr uşaq doğmasa belə, doğulan uşaqlardan canavar yarada bilirdi. İlk cinayətini də elə onu vəhşiyə çevirən Dağlı məhəlləsində, Ələsgər Ələkbərov küçəsində işləmişdi. Məhəlləyə təzə köçən qonşunun "belinə haqq qoymaq" istəyəndə, qonşu qarşısındakı yeniyetməni ciddiyə almamış, ciddiyə almamaqla da yetinməyib, hələ birini də ilişdirmişdi qulağının dibindən. Yaşanan bu səs-küydən sonra Elçin qürurunda vazaya düşmüş çatlar kimi sınıqları hiss edincə, səhərə yaxın bloka girib işıq düşməyən yerdə gizlənmiş, qonşunu işə gedəndə 5 bıçaq vuraraq öldürmüşdü. Onsuz da, həyatı bərbad halda şəkildən-şəklə düşən Elçinin fərqli və əsl qaranlıq yollara qapısı açılmışdı. Həbsxana illərində Kürdəxanı, sonra Əhmədlidə həyatının ən gözəl illərini qurban vermişdi. 17 yaşında düşdüyü türmə divarlarından 26 yaşında çıxa bilmişdi. Elə çıxan gündən köhnə həyatına tam sürətlə başlamışdı davam etməyə. Həbsxana divarlarının arxasında doğan minlərlə yeni günəş Elçin üçün heç bir məna daşımırdı, hər keçən gün dəyişmək yerinə, daha da qorxulu birinə çevrilirdi. Həbsxanadan çıxdığı ilk aylarda evdən bayıra çıxmırdı Elçin. Nənəsindən qalma kitabları oxuyur, ilk baxışda qorxulu həyatından uzaq durmağa çalışdığı görünürdü. Bir neçə ay insanların gözündən kitab səhifələri ilə asdığı pərdəni, sonra isə gününün qalanını keçirdiyi məscidin canamazları ilə möhkəmləndirmişdi. İndi bütün məhəllə Elçinin işinin-gücünün kitab oxuyub, ibadət etmək olduğunu düşünür, bu vaxtacan etdiyi hər şeyin bir cavanlıq səhvi olduğunu deyirdi. Ona da elə bu lazım idi. Aylar bir-birini əvəz elədikcə qonşuların gözündə etibar qazanan Elçini axşamlar köhnə dostları on-on beş dəqiqəlik ziyarət edib, hansısa mövzuda məsləhət alıb gedirdilər. Evdə get-gedə yaranan çətinliklər, boş soyuducu, işığı kəsilmiş ev Elçini nə qədər darıxdırsa belə, hər gün anası və qardaşına hər şeyin yaxşı olacağını deyirdi. Uşaqlıq və cavanlığında məhəllənin ən bərbad adamlarından olan Elçin, həbsxana illərindən sonra məhəllənin ən hörmət edilən, gənclərin məsləhət üçün qapısını döydüyü böyük qardaşına çevrilmişdi. Evdəki sıxıntıları özü dilə gətirməsə belə, qonşuları Məryəm xala İmam Hüseyn məscidinin axundu oğlu Vəliyə Elçingilin sıxıntısından bəhs etmiş, Vəli də xiftən namazından məscidin imkanı yerində olan adamlarından bir neçəsinə: "mömin bir qardaşımızın sıxıntısı var", - deyib bir miqdar pul yığmışdı onun üçün. Yığılan pulla işıq borcunu ödəmiş, evə bazarlıq etmiş, qardaşına universitetə gedib-gəlmək üçün cibxərcliyi də ayırandan sonra yerdə qalan pulu hər axşam onu görməyə gələn dostlarına vermişdi. Bunu eşidən adamların tənqidini susdurmaq üçün "mənim ehtiyacım var idi, qardaşlar əl tutdular, indi də onların ehtiyacı vardı, deyə mən əlimdən gələni elədim" demişdi. Bununla bir az da, məhəllənin gözündə yaratmaq istədiyi Elçinin gözəl əməllərdən olan heykəlinin ən incə detallarını işləmişdi.
Bir ildən bir az daha artıq müddət idi ki, azadlığa qovuşmuşdu. İllər əvvəl, 17 yaşında qatil adıyla çıxdığı məhəlləsində indi sakit, namazında-niyazında olan biri kimi tanınırdı. Hər axşam dostlarının onu görməyə gəldi vaxtda bu dəfə qapısına polislər gəlmişdi. Qonşular iki hissəyə bölünmüş, biri: "qozbeli qəbir düzəldər", digərləri isə: "bu uşaq heç nə eləməyib, nədisə, hər axşam gələn dostlarının işidi" deyirdilər. Polis bölməsində saxlanıldığı 4 gün ərzində məhəllədə hər cür dedi-qodu, hər cür şayiələr yayılmağa davam edirdi işıq sürəti ilə. Kimilərinə görə, Elçin günahsız idi, kimilərinə görə, bütün işlər elə onun başının altından çıxmışdı. Polislərin onu apardığı günün bir gün əvvəli, gecə saatlarında məhəllədəki sələmçi Gülbadam öldürülmüş, evindəki hər şey oğurlanmışdı. İsti izlərlə Elçinin 2 dostu həbs edilsə də, oğurladıqları heç nə tapılmamış, buna görə də Elçinin də sorğu-suala çəkilməsinə ehtiyac yaranmışdı. 4 gün ərzində bölmədə qalan Elçinin nələr danışdığını heç kim bilmirdi. Heç dostlarının məhkəməsinə də getməmişdi. Oğurlanan pullar, qızıllar tapılmasa belə, Gülbadamın ölümündə əli olan iki dostu həbs edilmiş, Elçin isə bu işdən tər-təmiz çıxmağı bacarmışdı. Həbs edilən dostları Həmid və Rüstəmin ailəsi isə Elçinin süd çıxmış qaşıq qədər təmiz olduğuna inanırdılar, süd ləkəsi hər tərəfinə bulaşmış qaşıq qədər təmiz. Rüstəmin kiçik qardaşı kimə danışırdısa, heç kim inanmırdı, çünki onun danışdığı şeylər məhəllədə hamı tərəfindən sevilən, hörmət edilən Elçin üçün çox uzaq idi. Rüstəmin qardaşı deyirdi ki, bu cinayəti də, oğurluğu da, qardaşına elə Elçin öyrədib, yaxşı axtarsaydılar, qızıllar da, pullar da ondan çıxacaqdı. Amma bütün məhəllənin gözündən asılan kitab və canamaz pərdələrinin arxasından heç kim Elçinə bu deyilənləri yaraşdırmırdı. Dostları tutulmamışdan bir həftə əvvəl, borc-xərc edib Şüşəli bazarda balaca bir piştaxta götürmüşdü, nənəsindən qalma qızıl üzüyü də satıb bazara alma, armud, göyərti gətirib öz pulunu qazanmağa başlamışdı. Dostlarının həbsindən 7-8 ay keçmişdi, Elçinin əli alverdə yaxşı gətirirdi. Bu müddət ərzində bazardakı piştaxtasını genişlətmiş, ondan da başqa, məhəllənin girişində böyük meyvə-tərəvəz dükanı açmışdı. Yenə məhəllə camaatı Elçinin bu uğurlarına görə ikiyə bölünmüşdü; bəziləri: "ruzini verən Allahdır", bəziləri isə: "sələmçi Gülbadamdan oğurlanan pullar ilə belə şeylər elədi" deyirdi. Həqiqəti isə, bir Allah, bir də Elçin bilirdi. Ticarətdə əlinin gətirməyindən 2 ildən çox zaman keçmişdi. El adəti ilə necə lazımdırsa, qardaşının elçiliyini etmiş, toyuna hazırlaşdığı vaxtda türmədən Elçinə dostu Həmidin öldüyü xəbəri gəlmişdi. Məhəllənin bir ucunda axşamüstü yas çadırı sökülərkən, digər tərəfində toy çadırı qurulurdu. Həyat xeyirlə şərin qardaşlığını sərmişdi məhəllə adamlarının gözləri önünə. Toyxanası, klarneti , meyxanası ilə necə lazımdı, keçən toyda Elçinin ağlayaraq "Cavanlıq" mahnısını oynamağı silinməz iz kimi düşmüşdü. Musiqinin hər saniyəsinə həyatından bir şey sıxışdıran, hər saniyəsində itirdiyi gəncliyi, itirdiyi dostları, itirdiyi xəyallarını düşünən Elçinin üzündən film lenti kimi keçib getmişdi həyatı. Toyxanadakı adamlar həyatını teatr kimi yaşayan Elçinin rəqsinə, bəlkə də teatrın sonuna çatdıqları üçün səhnənin ən yaxşı aktyorunu alqışa tutmuşdular.
Qardaşının toyundan 2 il sonra özü də evlənən Elçinin həyatında hər şey yolunda idi. Evi, maşını, sevdiyi həyat yoldaşı. Sanki illər əvvəl həbsxana, içki, narkotika üçbucağı arasında qalan adam o deyildi. İndi başqa bir Elçin hər səhər illər əvvəl etdiklərini saniyə-saniyə unudaraq yeni günə başlayırdı. Yeni həyata başladığı günlərin birində xəstəxananın qarşısında gözləyirdi oğlunun doğum xəbərini. Və o şad xəbər gəldi. Elçin artıq ata idi. Oğlunun xəbərindən 1 gün sonra isə məhəllədə bir başqa yas çadırı quruldu. Həbsxanada olan dostu Rüstəm ölmüş, ya da öldürülmüşdü. Elçinin evində yeni bir həyatın ilk təbəssümləri cücərərkən, Rüstəmgildə bir həyatın son nəfəsini necə verdiyini qeyd edirdilər. Rüstəmin balaca qardaşı yasdan adamlar çıxdıqca başsağlıqlarını qəbul edir, bir yandan da, gözü Elçini axtarırdı. İllərdi qardaşının həbsində günahkar bildiyi adam dostunun yasına gəlməmişdi, bəlkə gəlsəydi, içində Elçini bağışlayacaqdı. Amma yas bitmiş, Elçin də gəlməmişdi, Rüstəmin qardaşı isə illərdi içində böyüyən nifrəti iti bıçaq kimi ürəyində daşımaqdan yorulmuş, evdəki iti bıçaqlardan birini götürüb, Elçinin evinə getdiyi yolda, qaranlıq dalanların birində onu gözləməyə başlamışdı. Hər şey bir neçə saniyəyə yaşandı, Elçin dalana girib 3-4 addım atandan sonra arxasından gələn və hər addımda sürətlənən ayaq səsini eşitmiş, çevrilməyə imkan tapmadan kürəyində bıçağın soyuqluğunun qanıyla necə isindiyini hiss etmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!