- Bu yaxınlarda "Bit bazarı"na getmişdim. - Tələbə yoldaşım N.-lə görüşən kimi, məhəbbət macəralarının növbəti səhifəsini açdı. - Cəmiyyətin böyük bir hissəsinin nəfəs aldığı bu bazar Sabunçu qəsəbəsində, dəmiryolu vağzalının yanında yerləşir. Burada iynədən tutmuş sapa qədər, ayaqqabıdan tutmuş başmağa qədər, kəlağayıdan tutmuş araba çarxınacan, 100-150 ilin qab-qaşığından bəzək əşyalarınacan nə istəsən taparsan. Hələ santexnik avadanlıqlarını demirəm.
Dəfələrlə əyin-baş görmüş, bir evdən çıxıb başqa evə girmiş, vaxtilə sahibinin təzə geyib, güzgülənib, fors vermək üçün parka, bulvara getdiyi, indi miras olmuş bu köhnə-kürüş malları insanlar, baxırdım ki, təzə mal kimi alır.
Satıcılar da elə tərifləyirdi, adamın tamahı düşürdü. Bunları görəndə Allahına şükr eləyirsən ki, hələ təzə paltar alıb geyə bilirsən.
"Bit bazarı"ndan nəyisə almaq ehtiyacım yox idi.
Ağlıma, gözlərimə fərqli şeylər göstərib, dincəlmək marağım vardı. Bir xeyli gəzdim. Qab-qacaq dəstlərinə baxanda... birdən elə bil məni cərəyan vurdu. Yaxınlaşıb, balıq formalı qab dəstinə diqqət elədim.
- Bundan, and içə bilərəm ki, Bakıda bir dənədi, o da məndə, alsanız, düşərəm qiymətdə. - Satıcı ley kimi aldı başımın üstünü.
Balıq-boşqabları götürüb, bir-bir arxasındakı yazılara baxdım. Şübhəm yəqinləşdi - qablar vaxtı ilə mənim olmuşdu.
- Nəyə baxırsınız, müəllim, görmürsünüz, qət təzədi?!
- Bu hardandı səndə?
- Nəyinizə lazımdı?!
- Soruşuram da.
- Bir qadından almışam.
- Qadın?!
- Bəli.
- Yaşı neçə olardı?
- Ay müəllim, mən burda mal alıb-satıram, kadr vərəqi doldurmuram.
- Bu dəst mənimdi.
- Bu nə ürəkli hökmdü?! Necə yəni sizindi?! - Satıcı az qaldı qabları qucaqlayıb sinəsinə sıxsın. - Vallah, bahasına bir ətək pul vermişəm.
- Narahat olma...
- Necə narahat olmayım, malıma sahib çıxırsınız?!
- Sahib çıxmıram, əslini bilsən, bunların sahibi elə mən olmuşam.
- Qardaş, mən dördüncü sinfi bitirmişəm, Allaha and olsun, özü də güclə. Filosofluq deyirlər ey, başım çıxmaz ondan. Kəsə sözlə anladın mənə, görüm, fikriniz nədi?!
- Mən bu dəsti 37 il əvvəl Türkmənistanın indi Türkmənbaşı deyilən liman şəhərindən alıb, "E" adlı bir xanıma hədiyyə vermişəm. Diqqətlə bax, boşqabların arxasındakı "E" hərfindən sonrakı hərf pozulub.
Satıcı tez bir boşqabı çevirib arxasına baxdı:
- Doğrudan, a... niyə pozmusunuz?!
- O xanımın adı qabarıq görünsün, deyə!
- Halal olsun!
- Nəyə halal olsun?!
- Bu boyda məhəbbət hər kişidə olmur!
- Yadında saxla, hər adam da məhəbbətin qədrini bilmir!
***
İş yerimi dəyişmişdim. Bəxtimdən getdiyim idarənin qız-qadınları kişilərindən ikiqat çox idi. Alıcı gözüylə xanımları çeşidləyirdim. Sevgi-məhəbbət oyunlarında sərraf olduğuma, bilirəm ki, həmişə "əla" yazmısan. İlk baxışda adamın diqqətini cəlb eləməyən - naziksifət, ucaboy, nə arıq-nə kök, təmkinli addımlarla yeriyən biri ağlımı başımdan aldı. Xəsis olsam da, müdriklər demiş, nəsə xərcləmək lazım idi ki, xanımı ram eləyəsən. Mənim də varım hanı?! Amma gizli dövlətimə əl qoymalı oldum - dilimi işə saldım.
Çox keçmədi ceyranın bərədən keçmək istəyini oxudum gözlərindən. Bir gün kollektivin az qala yarısı Türkmənbaşıya getməli oldu. Biz də qoşulduq onlara. Gəmidə pişiklərimiz barışdı. Liman şəhərində bir mağazaya girmişdik, gözüm bu qabları tutdu.
- Bəlkə, alım sənə?!
- Neyləyirsən, ey?!
Ürəyimdə mən də o sözləri təkrar elədim: "Neyləyirsən, ey!". Amma əlim girdi cibimə, nə verdiyimi indi deyə bilmərəm, yadımdan çıxıb, aldım. Gördüm, vallah, xanımın çiçəyi çırtladı.
Bakıya qayıdanda artıq bir ailə olmuşduq. Hər görüşəndə, indi "can" dəbdədi, onda "ciyər" deyərdilər, "necəsən, ciyər?" söz birləşməsiylə kefimi soruşardı.
Hərdən fikirləşirəm, niyə bəzi qadınlar ona qarşı doğma olan, hər qayğısına qalan, etibarsızlıq eləməyən kişilərə xəyanət eləyir?! Cavabını tapa bilmirəm.
Bir gün sonra soyuqluq hiss eləməyə başladım onda. Hətta bir dəfə görüş istəyimi də təqdir eləmədi:
- Yox, gələ bilmərəm, anam xəstədi.
Həmin günə ki, görüş istəmişdim, günortadan sonra zəng elədim evlərinə, onda mobil telefon nə gəzirdi, dedilər, şəhərə çıxıb. Axşam durub getdim həyətlərinə. Saat 22.00-can gözlədim, gəlib çıxmadı. Səhər iş başlayanda otaqlarına girdim, - tək idi.
- Hardaydın dünən?
- Bibim qızıgilə getmişdim.
- Bəs anan xəstəydi?!
- Elə anam göndərmişdi. Vacib işi var idi.
Eləmədim tənbəllik, axtarıb, bibisi qızına çıxış tapdım, dedilər, neçə illərdi onlara gəlib eləmir.
Üzünə də vurmadım. Başladım fakt yığmağa. Sonra da gördüm, yaxın dostum olan direktorumuzla maraqlanır. Hətta bir dəfə də:
- O niyə qırmızı qalstuk taxır? - Soruşdu.
- Mən nə bilim.
- Yaraşmır axı ona!
- Niyə mənə deyirsən?!
- Kimə deyim bəs?!
- Özünə.
- Arvadı desin, mən niyə deyirəm!
Təbii ki, bu qaneedici cavab deyildi.
Bir gün də yaşlı bir iş yoldaşım vardı:
- Direktorumuzu evlərinə tərəf gedən gördüm.
Ondan sonra da baxdım ki, E. də o tərəfə gedir.
Əlbəttə, bizim münasibətimizi o bilə bilməzdi.
Məsələ məlum idi.
Bütün bu faktları çinədanıma yığandan sonra, zəng elədim özünə:
- Ceyran, görüşə bilərik?!
- Ciyər, sənsən, bu nə sözdü, əlbəttə, görüşə bilərik?!
Ürəyimdən keçən fikrimi tutub, şübhələnməsin deyə, zarafat elədim:
- Eşitmə qabiliyyətin güclüdü.
- Niyə?
- Səsimdən tanıdın məni.
- Qoy oturmuşuq, sən Allah! Uşaq başı aldadır elə bil! - Güldüm. - Harada görüşək, deyirsən?
- Təbiətin qoynu yaxşı olar.
- Məsələn?
- Neftçilər metrosunun yanında bağ var.
Səhər bir dəstə gül alıb, "Şirvan şikəstəsi" üstdə mızıldaya-mızıldaya qalib ədasıyla düşdüm yola.
- Aaa... nə gözəl güllərdi! - Əlimdən qapıb, iyləyib, sinəsinə sıxdı.
Tez gülləri geri aldım.
- Bıyyy... bu nə deməkdi... aaa?! Ayıb olmasın, bu gülləri kimə gətirmisən?!
- Sənə gətirmişəm.
- Onda əlimdən niyə alırsan?!
- Bir sual verəcəm, cavabını tapsan da sənindi bu güllər, tapmasan da.
Hiss elədim, narahat oldu - üzgün səslə soruşdu:
- O nə sualdı?!
- Bu güllərin adı nədi?
- Elə bu?! - Sevincək dilləndi, - qızılgül!
- Səhv eləyirsən, - dedim.
- Ya sən qızılgülü tanımırsan, ya mən!
- Mən sərrafam, tanımaya bilmərəm. Özündən şübhələn!
- Niyə?
- Bu güllərin adı ayrılıq gülüdü, - dedim.
- Elə də gül adı var?!
- Buyur. - Gülləri uzatdım ona.
Gülləri alıb, üzümə baxdı.
- İndi gedə bilərsən!
- Bəs görüşə çağırmışdın məni.
- Görüş deyil bu?!
- Belə görüş olur?!
- Ayrılıq görüşü belə olur!
Qıpqırmızı qızardı. Heç nə demədən çevrilib, parkın arasıyla iri addımlarla yeriyib getdi. Hələ də gözümün qabağındadı - güllərin saplağından tutub, süpürgə kimi yelləyə-yelləyə aparırdı. Yəqin ki, gözümdən itən kimi zibil qabına tullayacaqdı.
- Sonralar görüşmədiniz heç? - Tələbə dostumdan xəbər aldım.
- Pis xasiyyətim var, ayrıldığım qadınla bir də görüşmürəm. Qadın üçün ən böyük təhqir atılmaqdı. Mən də xəyanət edən qadını atmaqda ustayam. Sonralar, münasibətimiz tam soyuyandan sonra hərdən otağıma gələrdi. Bir dəfə də rəfiqəsi yanındaydı.
- Min əla xasiyyəti var müəllimin, heyf ki, biri olmayaydı, - dedi.
- O hansı xasiyyətdi? - Rəfiqəsi soruşdu.
- Çalış gözündən düşməyəsən, düşdünsə, adamı ölüncə bağışlamaz!
Gülümsədim:
- Olmazmı adam özünü gözdən salmasın?!
- Bəzən adamın özündən çox hissləri günaha batır, - dedi.
Başımı aşağı salıb, işimlə məşğul olan kimi göstərdim özümü. Rəfiqəsiylə qol-qola verib, otaqdan çıxdı.
- Daşürəklik eləmisən, gərək bağışlayaydın, - dedim.
- Bu yaxınlarda bağışladım!
- Neçə il keçmişdi son görüşdən?
- Düz 37 il!
- Səbir varmış ey, səndə!
- Bir ay bundan əvvəl dostumun həyat yoldaşının yasına getmişdim. Köhnə iş yoldaşıma rast gəldim. Bir qədər söhbətdən sonra Nazim Hikmətin "Başladı nəslimin yarpaq tökümü!" misrasını söylədi:
- Nə mənada?! - Soruşdum.
- E. də rəhmətə getdi.
- Nə danışırsan?!
Başını yellədi:
- Həyatın qanunudu.
- Niyə?! Onun ki, elə yaşı yox idi.
- Ölüm haçandan yaşa-başa baxan olub, - dedi.
- Heyf ki, gec başa düşürük bu qanunu, - təəssüflə başımı yellədim.
E.-nin ölümü vurub ayıltdı məni. Gördüm ki, inciklik, düşmənçilik, kin saxlamaq, paxıllıq, hətta xəyanəti bağışlamamaq kimi xəstəliklər böyük ölümün qabağında insan faciəsindən başqa bir şey deyilmiş.
06-16.11.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!