Ana sübhdən durmuşdu. Çörək bişirmək üçün hazırlıq işinə başladı: təndirin üzərindəki şifer örtüyünü götürdü, külünü çıxartdı, külfəsini açdı. Toz qalxmasın deyə təndirin ətrafına su səpib, silib-süpürüb təmizlədi. Talvarın altından koğanı götürəndə gözünə dəhrə sataşdı. Həmişə par-par parıldayan dəhrənin gilənar ağacından olan tutacağı qaralmış, dəmir hissəsinin hər iki tərəfində pas ləkələri əmələ gəlmişdi. Dəhrənin bu görünüşü ananı incitdi, ağrıtdı. Xəyalı bir az keçmişə getdi.
...Oğlu bu dəhrə ilə həyətlərindəki ağacların, üzüm tənəklərinin qol-budaqlarını budayar, kol-kosları kəsib, doğrayar, səliqə ilə təndirin yanına yığardı. Çünki o oduncaqların, çubuqların közündə bişən çörək çox dadlı-tamlı, ətirli olur.
Bu işləri oğlu elə cəld, ustalıqla, məharətlə edirdi ki, sanki dəhrə onun əlində bir oyuncaq idi. Oğlunun bu zövqlü-şövqlü hərəkəti ananı həm heyrətləndirirdi, həm də ananı fərəhləndirirdi.
Bu işləri o uşaq vaxtı atasından öyrənmişdi. Atasını erkən itirdiyindən bu və bu kimi işləri özü görürdü. Müəllim işləməsinə baxmayaraq, boş vaxtlarında həyətdə özünə mütləq bir neçə saatlıq belə iş tapardı.
...Oğlu ötən ilin payızından naməlum xəstəliyə tutulduqdan sonra bu işləri görə bilmirdi. Bu müddət ərzində həkimlərin yazdığı dərmanların, türkəçarənin elə bir xeyri olmamışdı. Xəstəlikdən oğlu xeyli zəifləmişdi.
Düzdür, son günlər bir qədər yaxşılaşsa da, bu gecə yenə narahat olmuşdu. Ana da oğlunun yanında oturub qulluq göstərmişdi: müxəkli, kəklikotulu çay dəmləmiş, həblərini vermiş, tərini silib əl-ayağını ovmuşdu. Nəhayət, oğlu gecədən xeyli keçmiş yuxuya getmişdi. Ana da elə oğlunun yanında kresloda oturub, mürgü vurmuşdu.
...Ana dəhrəni götürüb bir də baxdı, deyəsən, dəhrə də oğlunun əlindən ötrü "darıxıb", "xiffət" çəkib "xəstələnmişdi". Üzündən-gözündən "ölüm" tökülürdü. Ana ürəyində: -Bu dəhrəni mütləq ölümdən xilas edəcəyəm, - dedi. Əvvəlcə bir əski götürüb, dəhrənin hər tərəfini sildi. Sonra başqa əski parçası götürüb, neftə batırıb, pas atmış dəmir hissəsini dəfələrlə sürtüb-sildi. Yiyə ilə bacardığı qədər dəhrəni itilədi. Dəhrə bir az əvvəlki vəziyyətinə oxşadı.
Sonra oturub həyətdəki yasəmən ağacına baxdı. Oğlu bu ağacı bir neçə il bundan qabaq əkmişdi. O vaxt ana oğluna demişdi:
- Əkirsən ək, amma rəhmətlik anam, sənin nənən deyərdi ki, bizə yasəmən ağacı düşmür.
Oğlu: - Ana, heç bir şey olmaz. Qoy əkim, yasəməndən xoşum gəlir. Düşməz, kəsib ataram, - demişdi. Ana da oğlunun istəyinə əks getməmişdi.
İndi ana oğlunun xəstələnmə səbəbini bir tərəfdən də yasəmən ağacında görürdü. Oğlu xəstələnəndən sonra da bir neçə dəfə nənəsinin "Bizə yasəmən ağacı düşmür" kəlməsini nəvəsinə desə də, oğlu: - Narahat olma ana, hər şey düzələr,- demişdi. Axırıncı dəfə deyəndə isə, oğlu:
- Ana, qoy bir az babatlaşım, yasəmən ağacını mütləq kəsəcəyəm.
Ana yasəmən ağacına bir də baxdı. Yazın ilk ayları olduğundan yasəmən çiçəkləmişdi, bar gətirmişdi. Budaqlarından sallanan dolu yasəmən salxımları göz oxşayırdı, ətri həyətə yayılmışdı. Baxımlıydı. Həyətə yaraşıq verirdi.
Ancaq ana yasəmən ağacına sap-sağlam oğlunun qənimi, düşməni kimi baxırdı. Bir tərəfdən də oğlunun bu ağacı əkib, qulluğunda durmasını, onu oxşamasını yadına salıb kövrəldi də. Ana iki daşın arasında qalmışdı, yasəmən ağacını - kəsim, ya kəsməyim?! Yenə anasının "Bizə yasəmən ağacı düşmür" - deməsi və xəstəlikdən oğlunun get-gedə zəifləməsi, oturub saatlarla hərəkətsiz qalması, adi bir hərəkətdən tərləyib sel-suyun içində olması ananı qorxudub, dəhşətə gətirirdi. Ürəyində: Dilim-ağzım qurusun, birdən oğlumun başına bir iş gəlsə, mən neyləyərəm? - düşünəndə bədəninə narahatlıq yaradan bir istilik gəldi. Az qaldı havalansın. Mən oğlumsuz yaşaya bilmərəm! - dedi. Ana, nəhayət, qərara gəldi: Nə olur-olsun, bu ağacı kəsməliyəm!
Cəld dəhrəni əlinə götürdü. Sanki oğlunun düşməni üzərinə gedirdi. Bir göz qırpımında yasəmən ağacının bir neçə budağını vurub yerə saldı. Ana elə bil yağı düşmənlə vuruşurdu. Təkrar-təkrar ağacın budaqlarını kəsib gövdəsindən ayırırdı. Ananın əlində dəhrə oyuncağa dönmüşdü. Az bir vaxtda yasəmən ağacının axırına çıxdı - əksər hissəsini kəsib-doğramışdı. Nədənsə, ana bir anlıq dayandı. Oturub kəsdiyi yasəmən ağacının yerə sərilmiş budaqlarına hüznlə baxdı. Kədərlənib kövrəldi. Oğlunun zəhmətinə heyfi, yasəmən ağacına isə yazığı gəldi. Axı, yasəmən ağacı da canlıdır, onun da balası açdığı gülü-çiçəyidir - deyib, dolu yasəmən salxımlarına sığal çəkdi. Peşman kimi də oldu. Kədərlənib kövrəldi. Ağladı. Hıçqırmaq istədi. Özünü güclə saxladı. Lakin anasının dediyi: "Bizə yasəmən ağacı düşmür" - sözü yenə yadına düşdü. Oğlunun neçə vaxtdır əziyyət çəkməsi, günü-gündən zəifləyib əriməsi, xüsusən dünənki halı gəlib gözünün önündə dayandı. Anada qəti inam yarandı ki, yasəmən ağacını kəssəm, oğlum mütləq sağalacaq. Ana ürəyində: - Yox, dayanmaq olmaz. Lazım gələrsə, həyətdəki bütün ağacları kəsərəm, təki oğluma bir şey olmasın - deyib yasəmən ağacına axırıncı həmləni etdi. Elə bil anaya əlavə güc gəlmişdi. Beləcə, yasəmən ağacını kökünə kimi qol-budaq eləyib, təndirin yanına daşıdı. Dəhrəni öz yerinə qoydu. Deyəsən, dəhrə də "sağalmışdı". Əvvəlki görkəminə qayıtmışdı.
Ana oturub xeyli dincini aldı. Daxilən rahatlaşmışdı. Özünü elə yaxşı, yüngül hiss edirdi ki, sanki, uçacaqdı. Sonra durub əl-üzünü yaxşı-yaxşı yudu. Aynanın qabağında durub üst-başını qaydaya saldı, dağılmış saçlarını darayıb yaylıqla başını çaldı. Qapını astaca aralayıb oğluna baxdı. O, rahat-rahat nəfəs alır, şirin-şirin yatmışdı.
Un ələdi, xəmir yoğurdu, təndiri qaladı. Çörək bişirdikdən sonra samovara su töküb, odluğuna təndirin közündən doldurub qaynatdı. Çay dəmlədi. Balaca bir süfrə açıb, üzərinə yağ-pendir və bişirdiyi təzə təndir çörəyindən qoydu. Ancaq onlardan yeməyə iştahı olmadı. Yəqin dəhrə ilə işləməyi, təndirin istisi onu susatmışdı. Ona görə də dəmlədiyi pürrəngi çaydan dalbadal bir neçə stəkan içdi.
Oğlunun eyvandan səsi gəldi: "Sabahın xeyir, ana".
Ana dönüb eyvana baxdı. Oğlu pilləkənlə asta-asta aşağı düşürdü, oğlunun hərəkətində bir şuxluq nəzərə çarpırdı. Ana:
- Sabahın xeyir, oğlum. Amma indi günortadır. De görüm, necə yatmısan?
Oğlu:
- Lap yaxşı, neçə vaxtdı hələ belə rahat yatmamışdım. Burnuma çörəyin ətri gəldiyindən iştaha gəldim - deyib, təndir çörəyinin arasına yağ-pendir qoyub, iştahla yeyib, anası süzdüyü çaydan ləzzətlə içdi. Ana oğlunun xəstələnəndən sonra belə iştahla yemək yediyini görməmişdi. Ananın qanadı yoxuydu uçmağa.
Oğlu bayaq pilləkənlə aşağı enəndə yasəmən ağacının kəsildiyini görüb bir söz deməsə də, ancaq ana ağacı necə kəsdiyini təfsilatı ilə oğluna danışdı. Sonra nənəsinin "Bizə yasəmən ağacı düşmür" kəlməsini nəvəsinə xatırladıb, açıqlama da verdi. Oğlum, nənən deyərdi ki, yasəmən ağacını əkənə, yasəmən ağacı deyər: - Ya sən, ya mən. Mən də seçim etdim deyib, oğlundan soruşdu:
- Yasəmən ağacını kəsdiyimə peşman deyilsən ki?
Oğlu anasının bu hərəkətinə "razılığını" təbəssümlə bildirdi. Anasının hünərinə bir daha heyran olub, onu bağrına basdı. Ana oğlunun qolunda qüvvə hiss etdi.
Təndirin yanında kəsilib yığılan budaqların üstündəki yasəmən salxımları artıq solmağa başlamışdı. Yasəməni kəsən dəhrə isə par-par parıldayırdı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!