Uzun hekayə
Kənan HACI
-Bibin öldü, gəl!
Bu acı xəbər onu kefinin kök vədəsində, toyun yenicə qızışan vaxtında yaxaladı. Köhnə dostlarından birinin toyunda idi. Əslində indi dost deyildilər, avara-sərgərdan vaxtlarının dostlarıyla əlaqələrini çoxdan üzmüşdü; bu dostlarla onu bircə tel bağlayırdı - yeyib-içib kef çəkmək. O da çoxdan idi bu cür səfil həyat tərzinə əlvida deyib yaşayışına çəki-düzən vermişdi. İndi onun əhatə dairəsi sanballı, say-seçmə adamlardan ibarət idi. Səhər işə, axşam evə tələsən xoşbəxtlərdən idi. İtkin taleyinin dalınca süründüyü zamanlar çox-çox arxada qalmışdı və o, heç vəchlə o boz, havasız, çarəsiz, ümidsiz günlərə qayıtmaq, o günlərlə bağlı hansısa hadisəni xatırlamaq istəmirdi. Keçmiş kiminləsə, nəyləsə özünü ona xatırladanda əhvalı pozulurdu, rəncidə olurdu. Həmin o avara dostlarıyla əyyaşlığa qurşandığı vaxtlarda ona elə gəlirdi ki, onun ömrü də fələyin əlində badə kimidir, fələk də hər gün onun ömrünü badə-badə içib axırına çıxacaq. Dostlar ona aman vermirdilər ki, ayılsın, olmayan papağını qabağına qoyub düşünüb-daşınsın. Hər gün onlardan qaçmağa minbir bəhanə axtarsa da, dostların onu axtarmağına ehtiyac qalmırdı, ayaqları onu həmişə görüşdükləri məkana - kəndin kənarındakı balaca, xudmani kafeyə gətirib çıxarırdı və o kafedən çıxanda isə bu ayaqlar əvvəlki yerişini itirirdi, heç cür çıxıb getmək istəmirdi. Yolu-rizi itirirdi bu ayaqlar, sahibinə yiyəlik edə bilmirdi. Heç bu ayaqların yiyəsi də əvvəlki adam olmurdu, tamam başqa bir adam olurdu...
İmran ailə qurandan sonra bu dəfə araq yox, xanımı onu dəyişib başqa bir adam eləmişdi. İndi növbəti dost subaylığın daşını atırdı, avaraçılığın daşını atıb-atmayacağını zaman göstərəcəkdi. Dostlar olan məclisdə, özü də dostun (keçmiş dost olsa da, hər halda nə vaxtsa dost olmuşdular) toyunda onun sağlığına heç olmasa, bir yüz qram içməsən deyəcəklər zalım bizimlə içməyi özünə sığışdırmır, elə bil dünənəcən içib kafelərdə yatan bu deyildi. İçmək istəmirdi, aradan çıxmağa fürsət axtarırdı. Fikirləşirdi ki, camaatın başı oynamağa qarışanda pulunu yazdırıb çıxsın. Bəy özü dostların masasına yaxınlaşıb onlarla içmək istəyəndə anladı ki, bu dəfə içməsə olmaz. Heç yaxşı düşməz. Keçmiş əyyamlara əlli qramlıq məcburi səyahət içini-içalatını göynətdi. Bəy deyəsən bu "səyahətə" hələ toy başlamamışdan çıxmışdı, bu gedişlə toydan sonra evinə öz ayaqları üstə gedib çıxa biləcəyi də sual altında idi. Dostunun kürəyinə əliylə şappıldadanda da yüngülvari səndirlədi:
"Brat, yaxşılaşmısan aaa. Arvad yaxşı qulluğ eliyir deyəsən. Day bizi vecüvə almırsan. Açığı, inanmırdım gələrsən."
Dostu İmranın toyuna sərxoş vəziyyətdə olsa da gəlmişdi. Nəmərsiz gəlmişdi, axır gəlmişdi. Qoluna girib onu kənara çəkmişdi və dili dolaşa-dolaşa "brat, üstümdə pul yoxduyaaa, üreyim istədi, qərdeşimin toyuna gəldim, başqa vaxt xəcaletündən çıxıceyəm" - demişdi. İmran da nə deyəsiydi? "Yaxşı eləmisən, narahat olma. Ye, iç, kef elə". İmran onu o biri dostlarından daha çox istəyirdi, çünki onların birgə xatirələri daha çox idi və bu xatirələr nisgil, kədər qoxuyurdu. O, həm də bu xatirələrə sadiq qaldığı üçün onun toyuna gəlmişdi və ondan fərqli olaraq çıxanda toya yaxşı da pul yazdırmışdı. Sərxan anasını çox erkən itirmişdi. Sərxoş gecələrin birində qəfildən dolmuş gözlərini İmrana zilləyib "anamçün darıxıram" - demişdi. Bu iki kəlmə söz İmranın içini köz kimi yandırmışdı. Gecənin bilinməyən vədəsində pay-piyada səndirləyə-səndirləyə qəbiristanlığa yollanmışdılar, qaranlıqda vahiməli görünən başdaşılarının arasıyla xeyli gedib Sərxanın anasının sadə, kasıbyana qəbrini tapmışdılar və qəbrin dibində yerə çökmüşdülər, qol-boyun vəziyyətdə baş-başa verib hönkür-hönkür ağlamışdılar. Ölülərin "rahatlığını pozan" bu hönkürtüyə gorgah öz sükutu ilə cavab vermişdi. İnsan burda yoxluğun, ölümün bir addımlığında həyatı daha dərindən hiss edir. Ölüm olmasa, həyatın qiyməti bilinməz.
...Bibin öldü, gəl!
Bu xəbər elə bir az öncə candərdi içdiyi araq kimi içini yandırdı, ürəyi ağrıdan gizildədi. Arvadının səsində heç bir təşviş, həyəcan yox idi, elə bil "evə gələndə çörək al" deyirdi. Toydan sağollaşmadan çıxdı. Bəyin və dostlarının ala buludda olan kefinə xələl gətirmək istəmədi. Hava sakit idi. Ay işığı yorğun su kimi damcılayırdı.
***
-Cəhənnəmdə od nə gəzir? Kim pis əməlin sahibidirsə, odunu özüylə aparır, orda onu öz odu yandırır.
Bibixanım nənənin saysız-hesabsız "aforizm"lərindən ən hikmətlisi də bu cümlə idi. Hər söhbətin üstünə limon sıxıb turşməzə dada gətirən bu yupyumru arvad kəndin bu başından o başına yumalana-yumalana söz xəzinəsini xırıd eləyirdi. Bu cümlə isə ox kimi vıyıldaya-vıyıldaya kəndin içiylə süzürdü və kimin ki, içi kirli idi, onun kürəyindən keçib içini qana boyayırdı. Bibixanım nənənin bütün insanlardan fərqli olaraq iki gözü yox, üç gözü vardı, o üçüncü gözü bir kimsə görə bilmirdi. Onun üçüncü gözü kimlərin bağlı qapılar arxasında nə işlər çevirdiyini, hansı günahlara batdığını görürdü. Nə sirri-xuda idisə, bir kimsə bu müşküldən baş aça bilmirdi. Bibixanım nənə kəndin yeganə qadını idi ki, "Avrora"sını tüstülədə-tüstülədə kəndin ətəyindəki çayxanaya girib şəstlə istədiyi masanın arxasında oturur, ədayla çayçıya çay sifariş edə bilirdi. Uzun ətəyinin ucundan görünən ayaqqabıları da kişi ayaqqabısına oxşayırdı. Başı nərdə, dominoya qarışan kişiləri arada öz atmacalarıyla sancsa da heç kim xətrinə dəymirdi. Bibixanım nənənin qarğışına keçməkdən qorxurdular. Onun bu kəndə nə vaxt gəldiyi də heç kəsə bəlli deyildi, əsli-kökü haqqında da bir kimsənin məlumatı yox idi. Sanki bu kənd yaranandan Bibixanım nənə də onun ayrılmaz bir parçasına çevrilmişdi; gövdəsi düyünlü tut ağacı kimi, divarları oyulmaqda olan qədim türbə kimi onun da yaşını bilən yox idi.
Yox, bu sahibsiz qadının kimliyini bilən bir nəfər olmalıydı axı... Lal Əhməd! Lal Əhməd kəndin dəniz səmtində, asfalt yolun qurtaracağındakı türbəyə oxşar bir tikilidə qalırdı. Bu tikilini qardan-yağışdan, dəlisov küləklərdən qoruyan qucağagəlməz əncir ağacının da qəddi əyilmişdi, qocalıq onun da gövdəsini çat-çat eləmişdi. Əncir ağacının arxası qida tullantılarıyla dolu idi, çürüntünün kəskin üfunətindən baş çatlayırdı. Zibil qalaqları təpə kimi ucalırdı. Gecə də, gündüz də süləngi itlər bu yerdən əskik olmurdu. İmran düşündü ki, Lal Əhməd bu kəsif, ürəkbulandırıcı qoxuların içində həyatın dadını çoxdan unudub.
Lal Əhməd Bibixanım nənənin hələ nənə olmayan vaxtlarının şahidi idi. Amma bu şahid uzun illər idi ki, inadla susurdu. Deyilənə görə, Əhmədin gözəl səsi varmış, bu itkin düşmüş səsin şahidləri də əncir ağacı kimi çoxdan qocalmışdı...
İmran sərxoş gecələrin birində pay-piyada səndirləyə-səndirləyə evə qayıdanda bir də gözünü açdı ki, Lal Əhmədin sığındığı tikilidə mitili çıxmış yorğan-döşəyin üstündə onunla üzbəüz oturub. Qaranlıqda qoca həyuləyə bənzəyirdi, əynindəki nəydisə ona paltar demək olmazdı, qolları üçün açılmış iki dəlikdən ibarət çuval Allah bilir, nə vaxtdan onun əynində idi. Qocanın dərinliyində sirli mənalar sayrışan gözləri onu üşütdü, içkinin xumarlığı bir anda uçub başından çıxdı. Ömründə belə baxış görməmişdi; Lal Əhmədin səsi sanki gözlərinə yığılmışdı və ordan vulkan kimi püskürəcəkdi. Batan səs gözlərin arxasında çırpınırdı, çıxmağa bir yer axtarırdı. Sözlər sanki lal Əhmədin içində havasızlıqdan boğulurdu. İmran gözlərini səsin qəbri olan bu müdhiş baxışlardan yayındırıb otağı nəzərdən keçirdi. Burda hər şey köhnə idi, bütün əşyalar - kamod, taxta çarpayı, stul, qab-qacaq, hisdən qaralmış çaydan - istifadə müddətini çoxdan bitirmişdi. Daxmanın küncündəki sobanın dizləri bükülmüşdü, sobanın böyrünə qalaqlanmış taxtalar nə vaxtsa qapı, pəncərə olmuşdu, indi isə yanmaq növbəsini gözləyirdi. İki əşya, dəmir ütü və həvəngdəstə İmranın təəccübünə səbəb oldu; bunlar qocanın nəyinə lazım idi? Onu heç vaxt ütülü paltarda görməmişdi. Əynindəki sırıqlının kürəyini nə vaxtsa alov qarsmışdı. Qaralan divarlar da buranın nə vaxtsa yanğından xilas olmasından xəbər verirdi. Divarlara mismarla kiril əlifbasıyla müxtəlif sözlər yazılmışdı. Sözlərin çoxu kirdən qaralıb oxunmaz hala düşmüşdü, bəzi hərflər isə hələ də diriliyini qoruyub saxlayır, tərkibindəki sözü inadla pozulmaq təhlükəsindən qorumağa çalışırdı. İmran düşündü ki, kaş imkanım olaydı, bu sözləri bir yerə yığıb bir kitab bağlayaydım. Şifrələnmiş sözləri aça biləcək adam da lal idi. Hərəkətlərindən görünürdü ki, ağlı da yerində deyil. Hər halda belə görünürdü. İmran hələ də onun baxışları altında əzilməkdə idi. Lal Əhməd divarları ovulmaqda olan, hələ də zamana dirəniş göstərən çat vermiş qədim binaya bənzəyirdi. Yaxın vaxtlarda plana düşüb söküləcəyini anlayan bina kimi susurdu.
İmran cibindən siqaret çıxarıb damağına qoydu, alışdırmazdan əvvəl qutunu lal Əhmədə uzatdı. Lal Əhməd titrək əllərini siqaret qutusuna uzatdı, İmran onun siqaretini alışdıranda qırışmış üzünü örtən pırtlaşıq, saralmış saqqalına nəzər saldı. Sükutu bədənində sağalmaz yara kimi daşıyan bu adamla danışa bilmək üçün sükut dilini öyrənməliydi. Qocanın dilində batan mənalar gözündə üzə çıxırdı. Onunla ancaq sükut dilində danışa bilərdi. Qoca başqa dil bilmirdi. İmrana elə gəldi ki, uzun qış gecələrində qoca bu kirli, sınıq-salxaq çarpayıda tək-tənha yatmayıb, sükutla qol-boyun olub, sükut onun vəfalı ömür-gün yoldaşı olub, yeməyini-içməyini hazırlayıb, onu darıxmağa qoymayıb. Qocanın demək istədiyi, amma deyə bilmədiyi sözlərin hənirini İmran yan-yörəsində hiss eləyirdi. Daxmanın altında sanki yorğun bir külək uğuldayırdı və Lal Əhmədlə İmranın arasındakı sükuta kobudcasına müdaxilə edirdi.
Lal Əhməd fəhmlə İmranın ürəyindən keçənləri oxudu, əllərini açıb vəziyyətinin bu cür olduğuna işarə elədi və çay tədarükünə başladı. İmran yüngülcə başını tərpətdi. Düşündü ki, belə yerdə sükut dilini adama ancaq külək öyrədə bilər; uğultusu bu daxmadan heç vaxt əskik olmayan külək...
***
Bibisigil beşmərtə binanın ikinci mərtəbəsində yaşayırdı. Avtobusdan düşüb bir siqaret yandırdı və başını qaldırıb yuxarı baxdı, o biri otaqda yanan hüznlü işıq mətbəxə sızırdı. İkinci mərtəbənin işığı elə bil boğulub qaralmışdı, evin canlı işığı əbədi sönmüşdü.
Anası dünyasını dəyişəndən sonra bibisi ona analıq eləmişdi, onu tək qalmağa qoymamışdı, ona həyan olmuşdu. Bacıları ərə gedəndən onlarla heç bir əlaqəsi yox idi, nə qədər çətin olsa da, özü onların üstündən xətt çəkmişdi. Çünki ikisi də evin xeyir-duası olmadan qoşulub qaçmışdı. Anasının yalvarışları İmranın daş qəlbini yumşaltmadı. "Mənim bacılarım yoxdur!" - deyib bir də onların adını dilinə gətirmədi. Atalarını hələ uşaq ikən itirmişdilər, axşam işdən evə qayıdarkən yolu keçəndə maşın onu vurmuşdu, arxadan gələn başqa bir maşın da üstündən keçib meyitini tanınmaz hala salmışdı. Sabir kişi çörək dükanında işləyirdi, evdən səhər çıxıb axşam qayıdırdı. Həmin axşam evə sağ-salamat gəlib çıxa bilmədi. İmranın uşaq yaddaşında həmin gün ən qorxulu, vahiməli günlərdən biri kimi qalıb. Birinci dəfə qapılarının önündən kiminsə cənazəsini aparanda üstünə qara örtük çəkilmiş mafəni görəndə möhkəm qorxmuşdu, qaçıb evdəki paltar dolabının arxasında gizlənmişdi, gözlərini yumub qulaqlarını da balaca əlləriylə qapamışdı ki, mollanın avazını eşitməsin. Qəza atalarını aparanda İmranın on bir, əkiz bacıların isə yeddi yaşı vardı. Onun və bacılarının uşaqlığı atasızlıq uçurumuna yuvarlanıb məhv olmuşdu. Anaları onları min-bir əziyyətlə böyütmüşdü. Həyətdə toyuq-cücə saxlayırdılar, qıtlıq illərində qonum-qonşu, yaxın məhəllələrin camaatı yumurtanı gəlib onun anasından - Güllüdən alırdılar. Yumurtadan cücəylə bərabər həm də evin dolanışığı çıxırdı.
İmran anası dünyasını dəyişəndə də bacıları ilə barışmadı, bacılar bu itkini onunla bölüşməyə nə qədər cəhd eləsələr də o, heç birinə yaxınlıq vermədi, kişilərin arasında gəzib-dolaşdı ki, qızlar ona yaxın düşə bilməsinlər. Anasının ölümü ona dəhşətli bir yuxu kimi görünürdü, asudəlik içində mürgüləyən ruhu bu itkidən silkələnmişdi. Arvadın üçü veriləndən sonra bibisiylə xəbər göndərdi ki, daha çıxıb getsinlər, mən tək qalmaq istəyirəm. Bibisi böyür-başına keçib onu yumşaltmağa çalışdı:
-Oğlum, sən heç düz hərəkət eləmirsən. Onlar sənin doğma bacılarındır, onlar uzaq olsun, pis yola getməyiblər, gül kimi ailələri var. Daha nə atan var, nə anan, siz bir olmalısınız. Bax, ikisi də neçə gündü "qardaş" deyib sızlayırlar. Eləmə belə, bala. Özünü hamıdan təcrid eləməklə nə qazanacaqsan? Sənin soyuqluğun da onlara bir dərd olacaq. Axı niyə? Nəyə görə?
İmran bibisini dinləyib heç bir söz demədi, evdən çıxanda isə "bibi, nömrəmi bilirsən, haçan çıxıb getsələr, xəbər edərsən" - dedi və pencəyini götürüb cavab gözləmədən eyvanın qapısını arxasınca çırpdı. İmranın son sözünü bacıları qonşu otaqdan eşitmişdilər. Elə həmin gecə yığışıb getdilər. Gülşad qardaşı oğluna zəng vurub: - Sakit ol, getdilər, qayıt gəl, mən də çıxıb gedim xarabama! - dedi.
O gündən İmran özünü təkliyə məhkum elədi. Evin, həyət-bacanın səliqə-sahmanı itdi. İmran günortaya qədər yatırdı, günorta qalxıb əl-üzünü yuyurdu, çay qoymağa da ərinirdi, eləcə qrafindən soyuq suyu stəkana süzüb başına çəkirdi və evdən çıxırdı. Bir də gecəyarıdan xeyli ötəndə sərxoş vəziyyətdə qayıdırdı, çox vaxt da pallı-paltarlı çarpayıya sərilib qalırdı. Həmişə yeyib-içdiyi kafedə bir qabyuyan qadına bənd olmuşdu, həftədə iki-üç dəfə onu evə gətirirdi. Bu qadın araq içməkdə İmrandan geri qalmırdı. Bu xoşagəlməz xəbərlər bibisinə çatırdı, ona demişdilər ki, qardaşın oğlu avara bir qadınla oturub-durur, qadın olan bəndə bir dəfə bu kişinin üst-başına baxmır. Onu da demişdilər ki, İmranın bənd olduğu qadın evlidir. Rəhmətlik anasının sağlığında bəy balası kimi geyinib gəzirdi, indi pencəyi, şalvarı kirdən parıldayır, yazıq uşaq bomja oxşayır. Ay qız, bəs bunun bacıları hara baxır? Gülşad yanıb-yaxılmışdı.
-Tərs oğlu tərsdir, bacılarını yaxına buraxır ki?
Neçə dəfə İmranı yanına çağırıb danlamışdı:
- Axı bu avara həyat tərzi nə vaxta qədər davam edəcək? Güzgüdə bir özüvə bax, gör nə günə düşmüsən? Axı niyə özüvə qəsd edirsən? Dərdin nədir, de, biz də bilək də, ay bala?
Həmişə olduğu kimi, bu dəfə də bibisinin boynunu qucaqlayıb üzündən öpmüşdü. Aralarında belə bir söhbət olmuşdu:
-Ay bibi, darıxma. Evlənəcəm, hər şey qaydasına düşəcək. Hələ ki, cavanlıqdı da eləyirik.
-Cavanlığını elə e, day belə yox də. Özü də eşitmişəm evli qadınla oturub-durursan. Ayıb deyil? Camaat nə deyər? Bu işin axırı yaxşı qurtarmayacaq. Söz-söhbət əvvəl-axır gedib ərinin qulağına çatacaq. Onda nə cavab verəcəksən? Bütün kənd camaatı üzünə tüpürəcək. Harda avara, alkaş var, gedib qoşulursan onlara. Belə getsə, sən özün də alkaş olacaqsan. Atanın, ananın da ruhunu incidirsən. Bacıların sənə neyləyib, hə? O yazıqlar bütün günü sənin dərdini çəkirlər. Səninsə dünya-aləm vecinə deyil, öz kefindəsən. Amma bilmirsən ki, bu yol səni uçuruma aparır. Belə yaşamaq olmaz, bala!
İndi daha bibisi də yox idi. İkinci mərtəbəyə qalxınca keçmişin xatırlamaq istəmədiyi bu qaranlıq parçası gözlərinin önündən keçdi. Qəhərləndi, dərin peşmançılıq hissi keçirdi. Gərək bacılarıyla barışaydı. Etdikləri indi ona uşaqlıq hərəkəti kimi göründü.
Hər yerdən əli üzüləndə üz tutacağı yeganə qapı indi açıq idi, qadınlar girib-çıxırdı. Astanada dizləri əsdi, üçüncü dəfə yetim qaldığını bütün varlığı ilə hiss elədi və bayaqdan bəri boğazına tıxanan qəhər partlayıb hönkürtüyə çevrildi. Anasını itirəndə varlığına hakim kəsilən ruhi təlaş növbəti həmləsini etmişdi və bu anlarda bacılarına nə qədər ehtiyacı olduğunu aydınlığı ilə dərk etdi.
Meyiti yuyub kəfənləmək üçün məscidə aparmışdılar. Kişilərdən bir kimsə yox idi, qonşu qadınlar evdə yır-yığış edirdilər. İmran astanada yerə çöküb əlləriylə üzünü tutmuşdu, çiyinləri atıla-atıla ağlayırdı. Yumşaq, isti bir əl çiyinlərini qucaqladı. Başını qaldırmadan bu əlin təmasından onu tanıdı; bacısı Fərəhin doğma nəfəsi ona anasını xatırlatdı. Bacı-qardaş qapının ağzında qucaqlaşıb doyunca ağladılar. Bacısı içini çəkə-çəkə "o, sənin ikinci anan idi, İmran..." dedi. İmran ağlar səslə "indi tamam yetim qaldıq" - deyə inildədi. Bacıların əkiz tayı Fidan gözə görünmürdü. Fərəh bacısına indicə xəbər verildiyini dedi: "Yoldaşıyla gəlir, çıxıblar kənddən". Fərəh şəhərdə yaşadığından bibisigilə özünü tez çatdırmışdı.
Qan təzyiqi, şəkər arvadı üzüb əldən salmışdı, hər gün ovuc-ovuc dərman atırdı, əvvəlki təravəti qalmamışdı. Bir dəfə İmran ona baş çəkib kef-əhvalını soruşanda Gülşad günahkarcasına gülümsəmişdi, elə bil xəstəliyindən utanmışdı. - Ay bala, bu xəstəlik də kasıbçılıq kimidi, adamı çarəsiz qoyur, - demişdi. İmran onun parlaqlığını itirməkdə olan gözlərində ruhumuzda gizlənən ölümün nişanəsini görmüşdü. Bir də bu bulanıq gözlərdə özünün əksini görmüşdü, aynadakından tamamilə fərqli idi. Bilirdi ki, özüdür, amma bəs niyə üz cizgiləri ona bənzəmir? İmran bu gözlərdə özünü həm tanıyırdı, həm də tanımırdı. Bu müəmmanı heç cür çözüb bir yana çıxara bilmirdi. Gülşad bibinin gözlərindəki İmran uzaqlardan gəlmiş qərib kimiydi, yadlıqdan bezmiş yorğun halı vardı. Valideynlərinin ölümündən sonra bu gözlərdəki doğmalığa sığınmışdı. Bu doğmalığın dərinliyində mərhəmətə oxşayan bir hiss yuva qurmuşdu.
Mətbəxə keçib pəncərəni açdı, payız mehi su kimi üzünə çırpıldı. Siqaret yandırdı. Rəhmətliklə çox vaxt elə bu pəncərənin böyründə oturub dərdləşərdilər. Özü həmişə kətildə otururdu, qardaşı oğlunu isə kiçik divanda otuzdururdu ki, yeri rahat olsun. Mürəbbəli çay da öz yerində. Pilətənin üstündə Allah verəndən nə olurdusa, İmrana da bir boşqab çəkirdi. İmranın yeməklə arası yox idi. -Ay bibi, özünə niyə əziyyət verirsən? Özünə də, mənə də çay süz, bir az oturub dərdləşək, çıxıb gedirəm, - deyirdi. Bibisi onu eşitmək istəmirdi, tez qazın gözünü yandırırdı, yemək qızdırırdı. İmran həmişə ayaqüstü bibisinə baş çəkib gedirdi. Gülşad bibi hər dəfə sellofan torbaya onunçün bir banka mürəbbə, qazanda yemək, dovğa qoyurdu. "Avaralara qoşulma, evə get!" - deyirdi və onu qapıdan ötürəndə də yarı canı yanında qalırdı. İmran binanın blokundan çıxanda çevrilib arxaya baxırdı, görürdü ki, bibisi pəncərədən gözlərini arxasınca zilləyib. İndi bibisinin yeri boş idi, daha heç vaxt bu pəncərədən onun arxasınca boylanan olmayacaqdı.
İmran pəncərədən aşağı baxanda siqaret dumanının arxasında bir kənd mənzərəsi gördü, sarsıntı keçirdiyindən onu qara basdığını zənn elədi, əliylə tüstünü qovdu, mənzərə dəyişmədi; bura şəhər deyildi, kənd idi. Uşaqlıqda gördüyü məhəllələri heç dəyişməmişdi, kişilərin üstündə çöməltmə oturduqları dəyirmi daş da yerindəydi. Məhəllə kişilərinin əksəriyyəti bu daşın üstündə qocalıb ölmüşdülər. Bu daş insanlara zamanın keçdiyini xatırladırdı, onun altında da yorğun bir külək uğuldayırdı, saatın batareyası kimi onu yatmağa qoymurdu. Kişilər yenə dəyirmi daşın ətrafına yığışmışdılar. Sabir kişi qucağındakı ağ bükülünü onlara göstərib: - Bunu əncir ağacının altında gördüm, - dedi, - elə çığırırdı ki, ürəyim dözmədi. Qayıdıb götürdüm.
Ağızdan pərtöv olan Ququş uşağın doğub-əkənini sıraya düzəndə Sabir kişi nədənsə elə bil pərt oldu, söyüş sanki qəfil tüpürcək kimi üzünə düşdü. Kəndin poçtalyonu olan Ququşun söyüşündə bir ritm vardı, elə bil qəzəl deyirdi, bu ləngərli söyüşlər Sabir kişidən fərqli olaraq uşağın heç eyninə də deyildi, kirimişcə onu qucağında tutan adamın saqqallı sifətinə baxırdı. Uşağın yerinə Sabir kişi bu söyüşlərin cavabını vermək istədisə də, dilinə gələn sözləri geri qaytardı, eləcə Ququşa altdan yuxarı baxmaqla kifayətləndi.
Güllü ərinin qucağında körpə görəndə rəngi avazıdı, ürəyinə qara-qura fikirlər gəldi. "Hardandı bu uşaq? Kimindi? Necə tapdın? Niyə evə gətirdin?" Sualları dolu kimi kişinin başına yağdırdı. Cavab gözləmədən əyilib uzun-uzadı uşağın üz cizgilərinə diqqətlə baxdı, baxdı, baxdı... şübhələri, gümanları havada qaldı. Əncir ağacının altından tapılan uşaq ərlə-arvad arasında müəmmaya çevrildi.
***
Sabir dükanı bağlayıb evə getmək istəyirdi ki, uzaqdakı qaraltını görüb dayandı, qıfılı qaytarıb mıxçadan asdı. Siluetindən gələnin Bibixanım olduğunu bilirdi. Bu yerişi başqa gözəlçə yeriyə bilməzdi.
-Bu nə vaxtın gəlişidi, ay qız? Xalxın arvadları bu vaxt soyunub ərinin qucağına girir, - Sabir hər fürsət düşdükcə Bibixanıma söz atır, qılığına girib onu yola gətirməyə çalışırdı, bu dəfə də adətindən qalmadı.
Bibixanım ürəyinin dərinliyində Sabirin bu atmacalarından xoşlansa da, üzdə bunu büruzə vermirdi. Amma qadının gözlərinin dərinliyindəki şeytani parıltı onu ələ verirdi. Bu parıltı o gözlərdəki boşluqda girinc-giriftar olmuşdu, boşluqdakı parıltı qara tuşla haşiyələnmişdi. Sabir hiss edirdi ki, qadın bütün varlığı, saçının hər bir teli ilə ona təslim olmağa hazırdır. Ancaq ağıl hələ ki, bu istəyə müqavimət göstərir.
-İmkan ver, bir Allahın salamını verək də, - Bibixanımın damarı yumşaldan səsi Sabirin içindəki şeytanı qıdıqlayıb yuxudan oyatdı.
-Sənin gəlişin elə salamdı də, - Sabir də qadını sözlə tumarladı. Bibixanım özünü o yerə qoymadı.
-Yaxşı ki, tez çatdım. Çörəyin qalıb?
-Gecənin bu vaxtı sən niyə gəlirdin? Kələni göndərəydin də, - Sabir Bibixanımı sancdı.
Bibixanım qarşısındakı adamı tərs-tərs süzüb "onun haqqında artıq-əskik danışma, çörəyin yoxdusa çıxım gedim",- dedi.
Sabir bığaltı qımışdı:
-Day xətrivə nöş dəyir? Kişini çox istəyirsən deyəsən? Yaxşı baxır sənə?
-Başına dəysin elə baxmağı. Fikri-zikri elə yatağa yıxıb işini görməkdir. Ondan başqa əlindən başqa iş gəlmir külbaşın. - Bibixanım lap arsızlığına saldı.
-Əsas elə odu da, - Sabir şit-şit hırıldadı.
Bibixanım gülmədi. "Sən nöş mənim yaramı təzələyirsən? İstəmədim sənin çörəyini. Gecən xeyrə qalsın!" deyərək üzünü döndərib getmək istədi. Sabir onun şümşad qolundan tutdu, bu an sanki damarları gizildədi, nəbzi sürətlə döyünməyə başladı. Bibixanım qolunu çəkmədi.
-Bir dayan daaa, ay qız. Sənə də söz demək olmur ki? Bəxtindən iki dənə çörək qalıb, - Sabir çörəkləri sellofan torbaya qoyub qadına verdi. Pul götürmək istəmədi, Bibixanım qəpikləri onun ovcuna basdı və çevrilib getdi.
Sabir gecənin qaranlığında bu yırğa yerişi gözdən itincə süzdü, ah çəkib cibindən siqaret çıxardı. Mağazanın böyründəki daşın üstündə oturdu və kibriti çəkdi. Fikirləşdi ki, Əhmədin adamlığı yoxdu, ayı kimi şeydi, bu qadın naz istəyir, nəvaziş istəyir, o isə belə şeyləri qanmır. Ondakı ehtirasdı, sevgi-zad deyil. Arvadı gözünün qabağına gəldi, ona xəyanət etdiyi üçün vicdanı sızladı. Çiyinlərini qısıb gödəkçəsinin yaxalığını qaldırdı, sanki işlətdiyi günahdan gizlənmək istədi. Kənddə arvadına xəyanət edən kişilərin neçəsiylə dostluq edirdi, bu adamların başqa bir qadının yanından çıxıb arxayınlıqla, heç nə olmayıbmış kimi öz evlərinə yollanmasına çox vaxt təəccüb edirdi. O kişilərə elə gəlirdi ki, belə etməsələr, el içində onların kişiliyinə şübhə yaranar. Fikirləşərlər ki, deməli bunda nəsə qaydasında deyil. "Kişi gərək hər hoqqadan çıxsın". Bu cümlə bütün səfeh əməllərinin bəraət kağızı idi. Araq içəndə də, anaşa çəkəndə də, başqa qadının yanına gedəndə də bu cümlə dillərinin ucunda idi. Məsələni tək bircə cümlə ilə həll edirdilər. Sabir arağın da, anaşanın da dadına baxmışdı, amma xəyanətin dadını bilmirdi, arada şeytan belə şeyləri onun yadına salırdı, o da hər dəfə şeytanın sözünü qulaqardına vururdu. Şeytan da höcəşmirdi, səbr edirdi, bilirdi ki, onun ürəyinə atdığı toxum gec-tez cücərəcək. İndi vaxt-vədə yetişmişdi, əkdiyi toxum tumurcuqlayırdı. Şeytan özü isə başqa adamlarla məşğul idi, iş-gücü başından aşırdı, heç Sabir kişi yadına da düşmürdü.
Sabir siqaretin kötüyünü yerə atıb ayaqqabısının dabanı ilə əzdi, günah hissini toz kimi üstündən çırpırmış kimi əllərini gödəkçəsinin üstünə çəkdi və oturduğu daşın üstündən qalxdı. Başını qaldırıb göy üzündə bic-bic qımışan Aya baxdı və tez də gözlərini çəkdi. Günorta evdən çıxanda Güllüyə yarpaq dolması sifariş vermişdi...
***
Növbəti hönkürtü dalğası qalxanda bildi ki, cənazəni evə qaldırırlar. Gözlərini pəncərədən çəkdi. Ayağının altında özünü didib-tökən küləyin yaratdığı burulğan sanki indicə bu beşmərtəbə binanı yerin dibinə çəkəcəkdi. Tabutu dəhlizdən keçirib qonaq otağına qoydular. Mərhumə öz evində bir gecəlik qonaq qalacaqdı, sonuncu gecəni də keçirib içində uzun bir ömür yaşadığı evdən əbədilik köçüb gedəcəkdi. Hönkürtüdən indi sızıltı, initli, iççəkmələr qalmışdı, güzgülərin üstünə ağ örtük çəkilmişdi. Bibisi qızı Gülnaz əli qoynunda qonaq otağının qapısına söykənib anasının tabutuna baxırdı, göz yaşları səssizcə yanağı boyu axırdı. İmran yaxınlaşıb çiyinlərini qucaqladı, Gülnaz buna bənd imiş kimi başını onun sinəsinə söykədi və çiyinləri atıla-atıla ağlamağa başladı. İmran gözlədi ki, bibisi qızı ağlayıb ürəyini boşaltsın. Belə məqamda heç bir təsəlli insanı kiridə bilmir. Gülnaz azcana toxtayan kimi ilk sözü bu oldu:
-Neçə gündü elə hey səni görmək istədiyini deyirdi. Bilirəm iş-güc adamısan, narahat eləmək istəmədim. Kaş çağıraydım səni, kaş...
-Belə məqamda nə iş-güc, ay qız? Bəs niyə zəng vurub demədin? Harda olsam gələrdim.
-Son nəfəsində də səni görmək istədiyini dedi. Elə istəyirdim sənə zəng vurum, gördüm ki, boğulur. Başımı itirdim, qonşunu hayladım, Natavanı. Tanıyırsan da onu. O da bizdən təcili yardıma zəng vurdu. Həkim gəlincə keçindi.
-Nə cür adamsan sən? Bilirdin vəziyyəti yaxşı deyil, mənə niyə xəbər eləmirdin axı? Görəsən nə sözü varmış mənə?..
-Daha bunu heç vaxt bilə bilməyəcəyik... Özümü günahkar sayıram. Neçə gündü heç danışmırdı, gözləriylə imdad diləyirdi. Soruşurdum ki, mama, yaxşısan? Başını astaca tərpədirdi, bilmirdin yaxşıyam deyir, ya pisəm deyir.
İmran bibisinin gözlərindəki iynə ucu boyda sezilən müəmmanı xatırladı. İndi artıq onun göz qapaqları bu müəmmanın üstünü əbədilik örtmüşdü. İmran onun son nəfəsinə çatmadı, bəlkə də bibisi ölüm ayağında hansısa mühüm bir sirrin üstünü açacaqdı. Ax, Gülnaz!
Gülnaz İmranın əsəbi baxışlarından yayınıb qadınlar olan otağa keçdi. "Bəlkə yeganə qızını mənə tapşıracaqdı?" deyə İmran düşündü. Başını qaldırıb Gülnazın atasının divardan asılmış şəklinə baxdı. Sanki divardan şəkil asılmamışdı, xalçanın qarşısında dipdiri adam dayanmışdı, indicə əllərini üzünə tutub hönkürəcəkdi. Şəkildəki adamın üzündəki ifadə İmranı dəhşətə gətirdi.
-Şakir dayı, möhkəm ol! - biixtiyar pıçıldadı. Yan-yörəsinə boylandı ki, görəsən dediyini eşidən olmadı... Hamama keçib üz-gözünə soyuq su vurdu, həyətə düşdü. Ayın üzü ləkəli idi, ürəyi sıxıldı, siqaret çəkməkdən ağzı zəhər dadırdı. Bu nə gün idi, İlahi? Səhər Təranənin zəngi ovqatını təlx etmişdi, fikirləşirdi ki, toyda deyib-gülər, şənlənər, bir müddət hər şeyi unudar. Bəd xəbər dabanqırma özünü yetirib yediyini-içdiyini zəhərə döndərdi.
Bibisi demişdi axı. Demişdi o qadından uzaq gəz. Demişdi subay vaxtı məni eşitmədin, indi daha evlisən, günaha batma. Aldatmışdı bibisini, demişdi onunla çoxdan üzülüşmüşəm. Amma Gülşadı aldatmaq o qədər də asan iş deyildi, qardaşı oğlunun yalan danışdığını anlamışdı, amma üzə vurmamışdı. Bibisi susanda İmran da hesabını götürmüşdü.
Üşüdüyündən yenidən yuxarı qalxdı. O biri bacısıgil hələ gəlib çıxmamışdılar. Gülnaz onu kənara çəkib dedi:
-Gecə bizdə qalarsan. Meyiti otaqda tək qoymaq olmaz, yanında kimsə olmalıdır.
İmranı gic gülmək tutdu, istədi desin ki, durub qaçmayacaq ki, qarovul çəkmək nəyə lazımdır, amma sözləri dilinin ucundan qaytardı. Zarafatın yeri deyildi.
Bircə kəlmə: - Qalaram, - dedi.
Bibisi yerində qurcuxdu və ona sarı çevrilib asudəliklə gülümsədi. "Həə, bundan sonra dincəlməyə gen-bol vaxtım olacaq. Dünyanın azar-bezarından, dərd-sərindən biryolluq canım qurtardı. Şakir ölmüş hələ ki, gözümə dəymir. Yəqin burda da başı gözəlçələrə qarışıb, yenə mənə xəyanət edir. Axı deyirdilər o dünyada xəyanət-zad olmur, adamlar eləcə uzanıb diriləcəkləri günü gözləyirlər. Mən hələ təzə gəlib çıxmışam, buralara nabələdəm. Bəlkə də mən fikirləşən kimi deyil, yazıq kişinin burda da günahını yuyuram. Bir də deyirlər burda adamları iki yerə böləcəklər, günahsızlar bir tərəfə, günahı olanlar o biri tərəfə düşəcək. Axı yer üzündə günah işlətməyən bircə adam da yoxdur".
-Bibi! - İmran döşəkçənin üstündən dik atıldı. Bibisi ona hay vermədi. Qaranlıq otaq sanki evdən qopub harasa sürüşürdü. Havasızlıqdan boğuldu, qalxıb pəncərəni açdı, şüşəni cırmaqlayan külək içəri soxuldu, tabutun üstünə çəkilmiş yaşıl ipək örtüyü kənara atdı, sanki dərin yuxuya dalmış qadını oyatmaq istəyirdi. "Qalx, bəsdi yatdın!" Bibisinin ruhunun qapıları həmişə onun üzünə qapalı olmuşdu, indi ölüm bu qapıların kilidini qırmışdı.
"Bu dünyada ən böyük günah ananı baladan ayırmaqdır. Sənin atan, mənim qardaşım günah iş gördü. Bibixanım əski-üskünü büküb-bürmələyib qucağında gəzdirəndə hamı ona dəli kimi baxırdı, dedilər Əhmədin nəşəsinin tüstüsü bu bədbəxt qadının da beynini dumanlandırıb. Bir dəfə qarşımı kəsib ağlar səslə dedi ki, sənin qardaşın balamı oğurlayıb məndən gizlədir. Buna görə onu heç vaxt bağışlamayacağam".
Gülşadın səsi onun ruhundan hissə-hissə qopurdu. Bu sözlər illər boyu ruhun bədəndən ayrılmasını gözləmişdi ki, gün işığına çıxsın. İmran fikirləşdi ki, bibisi son nəfəsində yəqin onu bu sirlərdən agah edəcəkmiş. Hansısa mübhəm bir qüvvə Gülnazın İmranı çağırmasına mane olub. İndi bu sözləri ona Gülşadın özü yox, ruhu pıçıldayırdı. İlahinin məsləhəti belə olmuşdu. Gülşadın həqiqəti dilə gətirməkdən ötrü canında bir misqal da güc qalmamışdı, xəstəlik canının bütün şirəsini çəkmişdi.
***
Bibixanımın canındakı ehtiras yatağından çıxmış çay kimiydi, bədəninə sığmırdı. Bu dəli ehtiras dalğası başındakı ağlı da kənara atmışdı. Əhməd axşamlar əncir ağacının altında öz kefinə qulluq edirdi, kişiliyi də burun dəliklərindən çıxan tüstü-dumana qarışıb havaya qarışırdı. Damağındakı "Kazbek"in gətirdiyi ləzzət onun üçün qadından aldığı həzzi də əvəz edirdi. Bibixanımın bədəni sağlam, qüvvətli kişi təmasına susamışdı. Bu ipə-sapa yatmayan bədən sanki onun rəqibinə çevrilmişdi, o, rəqibi qarşısında çox gücsüz idi. Gecələr çıxıb həyətin bir az hündür yerindən qaranlığa baxırdı, qaranlıqdan dənizin uğultusu eşidilirdi və bu uğultu onun içindəki həyəcanı körükləyirdi. Sinəsi qabarırdı, hissləri şimşək kimi beynindən çaxıb gözlərindəki buludu doğrayırdı, yanağı boyu səssizcə axıb gedirdi. Əhmədlə Bibixanım fərqli iqlim qurşağındaydılar. Əhmədin beyni sanki Ərəbistan səhralığıydı, tüstü-duman onun içini quraqlığa döndərmişdi, burda heç bir həyat nişanəsi görünmürdü, heç bir canlı burda artıb-çoxalmağa qadir deyildi.
Bibixanım isə sulu meyvə kimiydi, şəhdi-şirəsi qabığından süzülürdü. Atalar əbəs yerə deməyib: "yeməyənin malını yeyərlər". Sabir də bu məsəldən möhkəm yapışmışdı və Bibixanım sövq-təbii qadın hissiylə onun niyyətini çoxdan duymuşdu və bədəni şirin-şirin gizildəyirdi. Sabir Bibixanımın bədənindən əvvəl ruhuna hakim kəsilmişdi, qadın indiyə qədər ona tanış olmayan qəribə hisslər keçirirdi. Sabirin isti baxışları altında daşlaşmış duyğuları yumşalırdı, ürəyinin buzu əriyirdi, ona illərlə ürəyinin bir küncünə yığılmış arzularından, istəklərindən danışmaq istəyirdi. O, başdan-başa bir sirr idi və Sabir üçün açılmaq istəyirdi.
Əhmədin dili tutulmamışdan əvvəl gözləri kor olmuşdu, yanındakı qadını görə bilmirdi, qulaqları kar olmuşdu, bu qadının ürəyinin səsini eşitmirdi. Bibixanım Sabirə təslim olan günün gecəsi isə o bədbəxt hadisə baş verdi.
Sabir həmin gün axşam dükanı həmişəkindən tez bağladı. Bibixanım onu əncir ağacının dalda yerində gözləyəcəkdi. Çayxananın işıqları yanırdı, içəri tüstü-duman içindəydi, nərd-domino oynayanların səs-küyündən ağız deyəni qulaq eşitmirdi. Küncdəki sınıq-salxaq masada oturanların qarşısında kələm turşusu və iki-üç dilim pendir vardı, bu miskin mənzərəni bir də ucuz araq şüşəsi tamamlayırdı. Əhmədin xırıltılı səsi "Segah"ı mişar kimi doğrayırdı, Əhməd oxumurdu, boğazında sümük qalmış it kimi xırıldayırdı. Bu səs çayxananın qapı-pəncərəsinin həncaması kimi çoxdan pas atmışdı. Sabir siqaretini işarda-işarda bu xırıltılı səsin üstündən adlayıb keçdi.
Əncir ağacı susurdu, Ay buludların arxasına çəkilmişdi. Dənizin yorğun uğultusu qayaları yuxuya vermişdi. Əncir ağacı onları qanadları altına aldı.
Əhməd gecənin dibindən çıxhaçıxda əncir ağacının altındakı qaraltıdan hövlləndi, nə qədər çalışdısa, səsi boğazından çıxmadı, əlləriylə küləyi cırmaqlaya-cırmaqlaya daxmasına sarı sürünməyə başladı. İçəridə heç kim yox idi. Geri çevriləndə Bibixanımı qapının ağzında gördü, qadın Əhmədin qəribə hərəkətlərindən qorxuya düşmüşdü.
Əhmədin səsi o batan batdı, Aşqabad batan kimi...
***
Qabaqda şütüyən qara cənazə maşınını beş-altı maşın müşayiət edirdi, bibisini kənddə, doğmalarının əhatəsində dəfn edəcəkdilər. İmran yol boyu gecəki söhbəti xatırlayırdı, bibisi son mənzilinə köçməzdən öncə sirri ona ötürə bilmişdi. İmranın fikirləri qarışıq idi, evlənməsindən beş il ötsə də, züryəti olmurdu. Həkim, dava-dərman da onların dərdinə əlac edə bilmirdi. Amma deyəsən İmran lap bu yaxınlarda ata olacaqdı, arvadı heç nəyi bilmirdi. İmran bilmirdi bu xəbəri ona necə bildirsin. Arvadı onun xəyanətini bağışlayacaqdımı? İmran balanı anadan ayıra biləcəkdimi? Atasının günahını təkrarlamaq istəmirdi.
Cənazəni qəbrə sallayırdılar. Birdən elə bil İmranı ildırım vurdu; təzəcə qazılmış qəbrin baş tərəfindəki qozbel əncir ağacı eynən Bibixanım nənəyə bənzəyirdi... Boş qəbrin içində yorğun külək vurnuxurdu...
01-11 dekabr 2017-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!