Qarayanız "Messi" - Malik Atilayın hekayəsi

I hissə

 

Yenə dərsə girməyib, məktəbin arxasındakı balaca futbol meydançasında top qovurdu bizim məhəllənin qarayanız "Messi"si. Uşaqlar ona bu adı verəndə sevincindən göyə uçurdu, oyunda hamının onu "Messi" deyə səsləməsi qürurunu oxşayır, daha da şövqlə oynamağa davam edirdi. Beton meydançada topa sürüşür, rəqibləriylə balaca canına baxmayaraq, qorxmadan çiyin-çiyinə mübarizə aparır, yıxır-yıxılır və sonda sol ayağı ilə qol atırdı. Qoldan sonra xəyali azarkeşlərinə tərəf qaçıb, hesabı dəyişən zərbəsini də qeyd etməyi unutmurdu. Futbol oynadığı dəqiqələrdə dünyada ondan xoşbəxti tapılmazdı yəqin ki. Amma bu şirin dəqiqələrə məktəb zəngi son qoyurdu çox vaxt, 6-cı dərsin də bitdiyini göstərən zəngin səsi yüksələndə saatın neçə olduğunu bilsə də, "yenə bəlkə dərslərin sayını səhv salmışam" ümidilə telefonu olan dostlarından saatı soruşardı. Bu gün də hər gün etdiyi şeyləri etmişdi. Saatın 2-yə 10 dəqiqə qaldığını öyrənən kimi, yağışda islanmasın deyə ağacın altında soyunduğu ayaqqabılarını geyinməyə tələsdi.

- Sabah yenə həmişəki saatda məhəllədə futbol oynayırıq? - dedi, uşaqların "pota" dediyi Cəmil.

Qarayanız "Messi" tərdən alnına yapışmış saçlarını kənara çəkib:

- Yox, - dedi, - sabah millinin oyunu var, ona baxmağa gedəcəm.

Sonuncu üç sözü deyərkən, uşaqların üzündəki dəyişikliyi görmək ona inanılmaz zövq vermişdi ki, sözünə davam elədi:

- Artıq evdən baxmaq maraqlı deyil e, stadiondan baxacam, - dedi, - ona görə sabah axşamüstü mənsiz oynamalı olacaqsız, - deyib, üstündə "Messi"nin şəkli olan çantasını da çiyninə atıb yola düzəldi.

Sabah futbola gedəcəkdi, amma hələ lazım olan pulu düzəltməmişdi deyə tez evə gedib, nəsə yeyəndən sonra işə çıxmağa tələsirdi. Anası işə gedəndə evin qapısını azca aralı qoyurdu ki, qonşu Sürəyya xala yorğan-döşək xəstəsi olan atasının gəlib dərmanlarını verib, iynələrini vursun. Hələ qapılarına açar düzəldə bilməyən ailə, bir yandan da, qapının ancaq arxadan kilidlənə bilməsi ilə lap çətin vəziyyətə düşmüşdü. Qışın qış vaxtı qapını bir barmaq belə açıq qoysan, Bakının soyuq küləyi ordan sivişib, bir neçə saata evin hər yerinə soyuq işğal bayrağını sancırdı. Evə çatanda, həmişəki kimi, qapını açıq görən qarayanız "Messi" tez içəri girib, qaz sobasına yaxınlaşıb əllərini isidirdi ki, atasının səsini eşitdi:

- Əhməd, gəl siqaret ver mənə!

Əhməd dinməz-söyləməz iti addımlarla tez siqareti, külqabını və alışqanı götürüb atasının yanına qaçdı.

- Buyur, - dedi, siqareti atasına uzadaraq.

Atası qəzəbli və soyuq adam idi. Hələ indiyədək atasını ayaqüstə görməyən Əhməd bəzən düşünürdü ki, gör, indi atamı ayaqüstə görsəm, ondan nə qədər qorxaram, uzandığı yerdə bu qədər qorxuludusa, ayaqüstə bağrım yarılar.

Atasının siqaret tüstüsündə itən üzünə diqqətlə baxıb indi nə deyəcəyini gözləyirdi:

- Nə baxırsan üzümə? - dedi atası, - dur, ordan kasetlərdən birini qoş, baxım, bir az fikrim dağılsın.

Bir az qorxu, bir az da həyəcanla kasetlərdən birini götürüb atasına göstərdi:

- Bunu qoşum?

- Əşi, nə qoşursan-qoş da, nəsə oynasın televizorda, bəsdi, - dedi yenə qəzəbli səslə.

Əhməd heç vaxt atasının istədiyi kimi bir uşaq ola bilmədiyi üçün özündən zəhləsi gedirdi bəzən, nə etsə səhv edir, nə desə, yersiz çıxırdı. Ona görə də heç nə demədən əlinə keçən ilk kaseti qoşub, atasının uzandığı yatağın ayaq tərəfində oturub, yağışda islanmış corablarını çıxarıb qurumağa qoydu sobanın yanına.

- Qoşa-qoşa, bunu qoşdun, axmağın, biri axmaq! - qışqırdı atası.

Yenə harda səhv etdiyini başa düşməyən Əhməd yerindən dik atılıb kaseti çıxarmaq üçün televizora sarı qaçdı. Bir yandan qorxu, bir yandan da, anlaşılmaz hisslə harda səhv etdiyini düşünürdü. Əmisinin toyu idi televizorda gedən, atası da əynində palma köynək, barmaqları arasında siqaret, "Cavanlığım" deyilən mahnını oynayırdı. Həyəcandan əl-ayağı titrəyən uşaq, nə illah edirdisə, kasetə çıxara bilmir, bir yandan da, rəqs edən atasına heyrətlə baxırdı. Atası nə üçün belə bir musiqi ilə, bu cür əyləncəli rəqs edərkən ağlayırdı. Atasının yenə qışqıracağından qorxan Əhməd tez televizoru tokdan ayırdı. Bu dəfə çox sakit bir səslə adının çəkildiyini eşitdi:

- Atam, gəl bura, - dedi atası.

Əhməd yatağın yanına yaxınlaşan kimi üzünə dəyən şillənin ağrısından ağlamaq, pərt olduğuna görə də atasını söymək istədi. Amma bunların heç birini etməyə gücü qalmadığı üçün dodaqlarını dişləyib, ayaqyalın ayaqqabısını geyinib evdən qaçdı. Qapıdan çıxanda da atasının onu necə söydüyünü eşidirdi.

Yenə Xəzri Dağlı məhəlləsini bir-birinə qatmışdı. Payız gəlmədən qaynamağa başlayan tiyanların içində indi sarı-sarı yarpaqlar alov dilimləri kimi oynaşırdı. Cəfər Cabbarlının ev-muzeyinin yanındakı parka getdi Əhməd. Burda nə də olmasa, gözlərdən qıraq olduğu üçün sevgililər tez-tez gəlirdilər. Adamların tez-tez gəldiyi yerlərdə də klok, dəmir və plastik içki qabları, ya da itirilmiş əşya tapmaq asan olurdu. Əhmədə görə buralar şəhərin ən sıx yeri idi, çünki burdan uzağı tanımırdı, onun dünyası "Elmlər" metrosundan Qədirli məhəlləsinə qədər idi. "Elmlər"ə də tez-tez gedirdi iş üçün, amma orda insanların baxışı əynindəki nimdaş paltarını güllə kimi deşərək, təkrar-təkrar üşüdürdü qarayanız "Messi"ni.

Zibil qablarına baxır, götürdüklərini saf-çürük edib lazım olanları zənbilinə yığırdı. "O zibil qabı sənin, bu zibil qabı mənim" deyə-deyə 2 saatdan çox idi ki, gəzirdi. Nə havanın qaraldığını hiss etmişdi, nə də soyuqdan barmaqlarının donduğunu. Yığdıqlarını təhvil vermək üçün Əhəd əminin obyektinə getdiyi yolda binanın qabağında tozsoran, ətçəkən və şirəçəkən gördü:

- Nə yaxşı oldu, - dedi, öz-özünə - bunların misini satsam, bilet pulu da, yolpulu da hazırdı.

Sevindiyindən indi havanın qaralmağı da qorxutmurdu onu, ətçəkəni əlindəki zənbilə qoyub, tozsoranı isə əlinə götürüb yoluna davam edirdi ki, arxadan kiminsə qışqırdığını eşitdi:

- Saxlayın, əclafı. Evə yük daşıyırıq, oğurluq edir burdan.

Əhməd yanlış nişan aldığını başa düşüb, əlindəki tozsoranı yerə qoyub qaçmağa başladı. Arxasıyca qaçan orta yaşlı kişidən qaça bilməyəcəyini başa düşüb ayaq saxlayıb, gözlərini yumub kişinin ona çatmasını gözlədi.

- İndi vuracaq, - dedi.

Kişi ona yaxınlaşıb təngnəfəs halda:

- Ayıb deyil sənin üçün? - dedi, - bu yaşda oğurluq edirsənsə, böyüyəndə nə olacaq səndən? Adam öldürən? Ver ətçəkəni, görüm. Özün də sürüş, burdan!

Sonuncu sözdən sonra kişinin ona zərər verməyəcəyini başa düşən Əhməd gözlərini açıb zənbildəki ətçəkəni çıxarıb:

- Bağışlayın, elə bildim ki, tullantıdı. Yoxsa, vallah, götürməzdim, - dedi.

Görünür ki, kişinin əsəbi keçmişdi, Əhmədi diqqətlə süzüb:

- Heç nə olmaz, axşam-axşam məni bir az idman elətdirdiyin üçün çox sağ ol, - dedi gülərək.

Əhmədin də dodağı qaçdı azca.

- Yenə yaxşı adam çıxdı, - pıçıldadı, - döyə də bilərdi, məsələn...

Bugünkü işini yekunlaşdırmaq üçün Əhəd əminin obyektinə çatıb, zənbilinə yığdıqlarını çıxarıb düzdü tərəzinin üstünə. Əhəd siqaretindən bir tüstü alıb Əhmədə baxdı:

- Belə 7 manat edir, amma səninlə köhnə dostuq da, 10 manatı götür, qoy cibinə, sabah mənim yerimə də "zbornının" oyununa "balet" elə, - dedi.

Əhməd Əhəd əmini anasından başqa hamıdan çox istəyirdi. Məsələ pul verməyi deyildi, təkcə Əhəd ona qulaq asırdı, danışdıqlarını yadında saxlayırdı.

Əhməd evə girəndə işıqlar sönmüşdü, anası qaz sobasının yanında oturmuşdu, otağa işıq, ancaq qaz sobasının ağzından düşürdü. Sakitcə gəlib başını anasının dizinə qoyub, nəsə, günorta televizorda eşitdiyi mahnını zümzümə etməyə başladı. Anası saçını sığallayır, Əhməd divarda rəqs edən işığa baxaraq həm zümzümə edir, həm də, sabahın xəyalını qururdu.

Səhər açılanda Əhməd yerindən durmaq istəsə də, buna gücü yox idi, sanki çiyinlərindən yatağa mismarlanmışdı. Bütün bədəni tərin-suyun içində idi, hətta yatağını islatmışdı. Utandığından yorğanı başına çəkib, yenidən yuxuya getməyə çalışsa da, alınmırdı heç cür. Öz-özünə danışır, özünü danlayırdı. Necə ola bilər ki, bu yaşında belə bir şey etmişdi? Uzandığı yerdən sağa-sola boylananda atasından başqa evdə heç kimi görmədi. Səssizcə yerindən durub, əynini dəyişdi, döşəyin üstündən yorğanı çəkdi ki, yeri qurusun, amma halsızlıqdan çox çəkmədi, qarayanız "Messi" özünü verdi sobanın dibinə. İsti sobanın dibində tir-tir əsə-əsə özünə gəlməyə çalışırdı, cibində oyunun bileti üçün də, yolpulusu üçün də, pulu vardı, günlərdir bu günü gözləyirdi, millinin oyununa gedəcəkdi, səsi batana qədər marşlar oxuyub, udsa da, uduzsa da, meydançada can qoyan oyunçuları stadiondan dəstəkləyəcəkdi.

İsti sobanın yanında isinməyən, soyumuş bədəni isti xəyallarla isinərkən, bizim məhəllənin qarayanız "Messi"si titrəyə-titrəyə gözlərini yumdu...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!