Ad günü - Nihat Pirin yeni hekayəsi

 

Ömərə

 

Elə sevinirdi, elə sevinirdi, sanasan, alçaq dağların behini indicənə verib. Özü ilə qürrələndiyini hər yolla göstərmək istəyirdi; gah qızını qucağına alıb banketin o baş-bu başına oynaya-oynaya gedir, gah Aybənizin boynunu qucaqlayıb rəqs edir, gah da ki qarşısına çıxan qohum-qonşulara elə şərait yaradırdı, dayanıb məclis üçün ona təşəkkür etsinlər.

Dak-dak-dak-dak-dak...

Masalara bircə-bircə yaxınlaşıb hamı ilə salamlaşır, hərəsi ilə əlli-əlli atışdırırdı. Başının-beyninin dumanlandığını hiss eləyib bənövşəyi örtüklü stollardan yapışa-yapışa özünü fəxri kürsüyə yetirdi, qızını qucaqlayıb öpmək istəyəndə Kamal kişi qolundan tutub onu oturduğu masaya sarı çəkdi.

- Ə, ay cavan oğlan, - ofisianta işarə elədi, - tez adama bir əlli süz, bu kişiylə vuracam, - Seymur kostyumunun yaxasını düzəldə-düzəldə atasının ən yaxın dostu Kamal kişi ilə qabaq-qənşər oturdu. Kamal kişi səs-küyü vecinə almadan ayağa qalxdı:

- Seymur, - Seymur çeynədiyi tikəni tələsik uddu.

- Ay can, əmi!

- Seymur, sən... mərd... igid... cannara dəyən...

Dak-dak-dak-dak-dak...

Yarıyuxulu vəziyyətdə yerində o yan-bu yana qurcuxub təzədən yatmaq istəsə də, alınmadı.

Dak-dak-dak-dak-dak...

Aybəniz idi, həyat yoldaşı. Yataq otağına bitişik balaca mətbəxkimidə səhər yeməyi hazırlayırdı. Səhər yeməyi deyəndə ki, pomidor-yumurta; Seymur üçün dünyanın ən ali neməti. Pomidor-yumurtaya bu qədər aşiq olmasının tarixçəsi isə nənəsi ilə bağlı idi. Gülayə nənənin bişirdiyi pomidor-yumurtanın, deyərdin, dünyada tayı-bərabər yox idi. "Dünya" demiş, bu otuz altı illik ömründə bircə dəfə sərhəddən o yana adlayan Seymur nə illah elədisə, qaldıqları hoteldə pomidor-yumurta tapa bilmədi. Kombinatdan Gürcüstana bir günlük təlimə aparmışdılar. Səhəri eləcə pendir-çörəklə yola verdi deyə, heç o təcrübə günündə nə baş verdi, kim kimə nəyi göstərdi, nəyi öyrətdi, yadında qalmadı. Bircə o yadındadır ki, ayağı Bakıya dəyər-dəyməz özünü qabağına çıxan birinci kafeyə yetirmişdi.

Yataqdan qalxıb ayağını sürütləyə-sürütləyə divarın küncünə qoyulmuş stula, - əslində o stul Seymurun yeganə çöl-bayır paltarı olan mavi cızıqlı köynək və qara dama-dama şalvar üçün oraya təhkim edilmişdi, - çatdı. Bir gözü açıq, bir gözü yumulu şalvarı götürdü, bir ayağını keçirmişdi ki, birdən ayıldı.

Dak-dak-dak-dak-dak...

Şalvarı əlindən buraxıb bir ayağına keçirilmiş vəziyyətdə təzədən ayaqlarını sürütləyə-sürütləyə güzgünün qarşısına gəldi. Yavaş-yavaş yuxusunu xatırlayıb bic-bic gülümsədi. Necə də xoşbəxt idilər, ilahi! Nurayın gözləri par-par parıldayırdı, Aybəniz banketi elə gəzirdi, elə gəzirdi, elə bil ölkənin birinci də olmasa, heç olmasa, ikinci xanımıdır. Özü də ki qayğıkeş, zəhmətkeş ata! Kamal kişi necə deyirdi? Mərd, igid, canlara dəyən!..

Şalvar-köynəyini geyinib güzgünün qənşərində yerini rahatladı. Saçına yüngülvari əl gəzdirdi. Darağı tapmadı, güman ki, Nuray "Barbi"sininin saçını daramaq üçün götürmüşdü. Köynəyinin yaxasını dikləşdirib əzələli bədənini şişirtdi.

- Nuraya bir ad günü edəcəm ki, gəl görəsən! - dodaqaltı pıçıldadı.

Dak-dak-dak-dak-dak...

Yataq otağından mətbəxkimiyə açılan pəncərədən boylanıb Aybənizə göz yetirdi, başı qarışıq idi, hətta, deyəsən, zümzümə edirdi.

- Ona elə bir ad günü edəcəm ki, bütün nəsil-nəcabət bir ay ondan danışacaq. Hamını da çağırıb tökəcəm ora, Maisdən tutmuş, Qafargilə qədər, hamını! - öz dedikləri o qədər xoşuna gəldi ki, hələ bir təsdiq eləməkdən də çəkinmədi, - bəli!

Köynək elə bil bir az ütüsüz görünürdü, amma bu o qədər də gözə çarpmırdı. Həm də günah özündə idi. Aybəniz min dəfə deyib ki, əvvəl şalvarı, sonra köynəyi stulun başına keçirmək lazımdır. Görünür, bu dəfə də sıralamanı pozubmuş.

- Restoranlardan biri ilə elə şərtləşmək olar ki, əvvəldən beh-zad söhbəti olmasın. Qardaş, məclis oldu, bitdi, vəssalam da, pul səndədir, qaçası deyilik ki! - öz ideyası o qədər ağlına batmışdı ki, az qalırdı, telefonu götürüb qohum-əqrəbanı indidən çağırsın.

- Yemək hazırdı, gəlirsən? - dakkıltı kəsilmişdi.

- Bu gün bu qara lələşin söhbəti həll eləsin, sən də bax! - deyib güzgüdə özünə göz vurdu və cəmi ikicə addıma balaca mətbəxkimidə qara, - nə vaxtsa, onun da altı yapışmayan olub, - tavada pomidor-yumurta, bir fincan çay və çörək qoyulmuş masanın önünü kəsdirdi.

- Sən yemirsən? - cavab gözləmədən pomidor-yumurtaya elə girişdi ki, üçcə dəqiqənin içində bitirdi. Aybənizin pomidor-yumurtanı görməyə gözü yox idi. Ona görə də bu sualın cavabsız qalması heç birini narahat eləmədi.

- Nuraya ad günü keçirəcəm, - sonuncu tikə ilə tavanın dibini sıyıra-sıyıra dedi, həm də bunu elə tərzdə dedi ki, elə bil hər şeyi danışıb-bitişib hazırdır, bircə qalıb Nuray üçün paltar seçmək. Seymur Aybənizdən reaksiya gəlmədiyini görüb arxaya qanrıldı. Aybəniz üzünü əllərinin içində gizlətmişdi, çiyinləri atılıb-düşürdü. Amma bu onu sındırmadı, əksinə, daha da alovlandırdı:

- And ola Allaha, ona bir ad günü edəcəm ki...

- Nəynən, ay Seymur, - Aybəniz əlindəkiləri masanın üstünə qoyub onunla üzbəüz oturdu, Seymurun zarafat eləmədiyinin fərqində idi, - nəynən?

- Necə yəni nəynən? Dədəsi deyiləm? Canım çıxacaq edəcəm. İmkan vermərəm ki, sənin o genələ-genələ gəzən, ağzından da it iyi gələn dayın oğlu var ha, o...

Aybəniz fikrini tamamlamağa qoymadı.

- Seymur, sən göyə çıxsan da, yerə girsən də, o, qızın atasıdır, - bunu deməyi ilə peşman olmağı bir oldu, ona görə də tezbazar masadakıları yığıb uzaqlaşmaq istədi, Seymur imkan vermədi.

- Ay qız, kimdir qızın atası? - qolundan yapışdı, - mən, ya o? - Aybəniz Seymurun əlindən çıxıb özünü ömrünü başa vurmuş mətbəx mebelinə oxşayan, - sözün düzü, heç oxşamırdı, - taxçaya yetirdi, əlindəkiləri əlüzyuyanın içinə boşaltdı.

- Səninləyəm e! - Seymur səsini qaldırdı, - mən, ya o? İldə bir dəfə - o da ad günündən-ad gününə dədən Mirabbas boyda ayı kuklası alanda, ad günü edəndə olurlar ata?

Aybəniz dinmirdi. Əvəzində, bu məsələni açmasaydı, söhbətin hansı məcrada davam edəcəyini düşünürdü.

- Mən ona sözümü demişəm, - səsinin tonunu bir xeyli aşağı salan Seymur, görünür, sakitləşmişdi, - ofisində, o yekəməməş madmazeli də yanında idi, o da Allah şahidi, - başını bulayıb dodağını dişlədi, - əstəğfürullah, belə şahidi Allah kəssin! Dedim ki, sən bir də mənim qızıma ad günü hədiyyəsimi deyim, ya nə bilim, dəm-dəstgahlı ad günümü deyim, fərqi yoxdur, eləsən, məndən incimə!..

- Nədir ki fikrin? - Aybəniz boğuq səslə soruşdu. Bu səsdən sonra üzr istəməsə də, olardı.

- Eləyəndə görəcəksən... - Seymur bayaqdan bəri tavanın ortasında ölüm növbəsini gözləyən sonuncu tikəni də götürüb ağzına atdı, çeynəyə-çeynəyə:

- Nuray nənəsigildən sabah gəlir?

- Hə, - Aybəniz qab-qacaqla məşğul ola-ola cavab verdi, - atam gətirəcək...

Seymurla Aybənizin düz beş il uşaqları olmadı. O həkim sənin, bu həkim mənim, belə-belə gəzmədikləri qapı, getmədikləri ocaq, ziyarət eləmədikləri pir qalmadı. Dedilər, İsraildə müalicəsi var, ona isə imkan nə gəzir? Bütün həkimlərin də dilindən dua kimi eyni diaqnoz çıxırdı: Seymurun toxum faizləri aşağıdır. Sonra həkimlər izah eləmişdi: yəni toxum faizinin aşağı olması o deməkdir ki, hərəkətsiz olurlar. Bu hərəkətsizlik isə mayalanmaya mane olur. Seymur bir il razılaşmadı, iki il razılaşmadı, axırı başa düşdü ki, bu toxumlardan bir şey çıxan deyil. Ondan sonra toxum anlayışı ilə oldu qanlı düşmən. Hətta o dərəcədə ki, az qala, ana südü qədər doğması olan pomidor-yumurtada pomidorun toxumlarına gözü sataşan kimi, vəssalam, öldürsən, yeməzdi. Ona görə də Aybəniz məcburən pomidor-yumurtanın toxumlarını da əzib itirirdi və Seymur hər səhər zəngli saat kimi həmin dakkıltı səsinə oyanırdı.

Xülasə, çar-naçar bu tale ilə barışan cütlük bir də Aybənizin dayısı oğlu Hafizin dördüncü qızı doğulanda sevindilər. Hafizin üç qızdan sonra dördüncünü görməyə gözü yox idi. Boşanmağı kişilikdən saymayan Hafiz abortu isə günah qılırdı. Ona görə də nəsil-nəcabətin ağsaqqal-ağbirçəkləri sözü bir yerə qoyub qərara gəldilər ki, Allahın verdiyi paydır, madam bu paydan sizdə üç dənədir, qoy biri də Seymurgildə olsun. Uşağı xəstəxanadan qucağında özü çıxarmışdı Seymur. Hələ pilləkənləri düşüncə arxaya çevrilib xəstəxananın "Doğum evi" yazılan lövhəsinə elə baxdı, deməzsən ki, illərdir, toxum deyə-deyə qapı-qapı gəzən budur.

Doğum evindən körpəni çıxarıb Bakıda illərlə qapısında növbə gözlədiyi xəstəxanaların qarşısından bircə-bircə siqnal verə-verə keçməsi isə Seymurun beş ildən sonra bütün tibb elmindən aldığı qisas idi.

Seymur kombinatda işləyirdi, heykəl tökürdü. Yaxşı əl qabiliyyəti olsa da, gərək ki iş ola. Ona görə də hər nə qədər dişi ilə, dırnağı ilə əlləşib birtəhər ailəsinin çulunu sudan çıxarsa da, bircəcik qızının ad günlərində Hafizin: "Yaxşı bir banket bağlatdırmışam - Nurayın ad günü üçün", - təklifinə "yox" deyə bilmirdi. Düz üç ildir, arını-abrını heçə sayıb həmin məclislərdə sıradan bir qonaq kimi qol-qanad açıb oynayır, tamadanın: "Qızımızın atası gəlsin", - sözlərini eşitməzdən gəlməyi özünə sığışdırır və ən nəhayət, Hafizin restoranın çıxışında it iyi gələn ağzını Seymurun qulağına dirəyib: "Hesabı ödədim, narahat olma", - deməsinə dözürdü. Amma neçə gündür, başını-beynini didik-didik edən fikirlərin cəm olub yuxusuna pənah gətirməsi ilə Seymurun ağlı tamam qarışmışdı: Nuraya ad gününü özü keçirəcəkdi.

Məhəllədən çıxar-çıxmaz, ağlına ilk gələn Elçin oldu, uşaqlıq dostu. Elçinlə bir yerdə böyümüş, bir yerdə oxumuşdular. Amma sonralar bəxt Elçinin üzünə güldü, oxumadı. Əmisi ilə Rusiyaya getdi, beş ilə bütün borc-xərcini bağlayıb yaxşı pulla qayıtdı. Hələ də o pulun hesabına açdığı çayxananı işlədir, əməlli-başlı dolanırdı.

Seymurun planı, əvvəlcə, Elçinin ağlına batmadı.

- Ə Murad, tez adama bir pürrəngi, - deyib stulu çəkdi, adəti üzrə, əllərini boynunun arxasında çataqladı, stulun qabaq ayaqlarını havaya qaldırıb irəli-geri yellənməyə başladı. Bu, Elçinin ən yaxşı düşünmə forması idi, məktəb vaxtından vərdiş eləmişdi. Elçin hər dəfə stulu irəli-geri yellədikcə Seymur da onunla bərabər irəli-geri yellənir, ondan nəsə yaxşı fikir çıxacağına ümid edirdi. Amma olmadı.

- Yox! - deyən Elçin Muradın masaya yaxınlaşdığını görüb əli ilə onu tələsdirdi, - heç kəs sənə behsiz restoran verməz, - armudu stəkanı havada qapdı, iki dərin qurtum alıb masaya qoydu, - min dəfə demişəm ki, mənə çayı çappada ver!

- Niyə ki? - Seymur əlinin arxası ilə özü tərəfdə olan armudu stəkanı da Elçinə tərəf itələdi, - atıb qaçası deyilik ki? - sonuncu cümləsinin yersiz olduğunu özü də başa düşüb məyus oldu.

Elçin Muradın gətirdiyi çappa stəkanı ehmallıca masaya qoyub, Seymura da çayını içməsini işarə elədi:

- Yox, məsələ atıb qaçmaqda deyil ki... A kişi, belə şeylərdə inam, etibar-zad boş şeydir, - yenə əli ilə Murada işarə elədi, - aç o qapını, istidir.

Seymur dinməz-söyləməz baxırdı. Çayı soyuyurdu.

- Məsələn... nədir o Cəmilin yeznəsinin işlətdiyi restoran? - bir qədər düşündü, stulun qabaq ayaqlarını qaldırmışdı ki, qışqırdı, - "Qönçə"! - adı bu qədər tez tapmasına sevindi, - yaxşı işləyən restorandır, tutaq ki, banketini behsiz-zadsız verdi sənə, hə? Yaxşı bəs niyə? Niyə versin? Sən kimsən ki? - kobudluq elədiyinin fərqinə varsa da, özünü o yerə qoymadı, heç bu, Seymurun da o qədər vecinə deyildi, - amma deyim ki, Hafizə verdi, onda heç bu sual da yaranmayacaq.

Seymur hələ də susurdu. Axırı boğazının quruduğunu hiss elədi, ilıq çaydan yarım qurtum alıb əllərini qoynunda birləşdirdi. Üzündə yenə də iki daşın arasında söhbətdə Hafizin adının hallanmasının kədəri var idi.

- İndi neyniyək, Hafizdən artıq kişi deyilik də?.. - könülsüz-könülsüz dilləndi.

- Yox, əşi! - Elçin səsini qaldırdı, - Hafiz niyə səndən artıq kişi olur ki? - elə bil bayaqkı kobudluğunun üzrxahlığını eləməkdən ötrü nəsə fikirləşirdi, - sadəcə... - əlini bir qədər yuxarı qaldırıb baş və şəhadət barmaqlarını bir-birinə sürtdü, - denqi, denqi!

- Bəs Məlik? - Seymur stəkanı yarıladı.

- Yox, adə, Məlikdə o dal nə gəzir?! - Elçin pıqqıldadı, - qaynatasınındır o restoran, and ola Allaha, az qala, hər həftə hesabat aparır. Zəmanə o deyil e, lələş, - bir az susdu, - gəl, belə edək... - stulu irəli çəkdi, - Murad, çayları təzələ.

Seymur ürəklənib çayı axıracan içdi.

- Yaxşı dəmdir, - söz xətrinə olsa da, dilləndi, dirsəklərini masada cütləşdirib çənəsinə dayadı.

- Ad günü nə vaxtdır? - Elçin müstəntiq ədası ilə soruşdu.

- Birisigün...

- Vəssalam. Bura neçə adam yerləşər? - əli ilə boyaboy oturduqları çayxananı göstərdi.

Seymur bir qədər tutuldu.

- Bura?.. - deyib elə öz təəccübünün arxası ilə düşüb içəri göz gəzdirdi. Rahat on beş ildir, işləyən çayxananın daşı-divarı samovar-siqaret tüstüsündən, buxardan bomboz bozarmışdı. Dörd pəncərənin birini Elçin kartonla bağlamışdı. Üzbəüz yerdə qadın salonu vardı, işçilərin narazılığından sonra o pəncərənin bağlanması məsləhət bilinmişdi. Digər üç pəncərə üçün də o qədər də xoş söz demək olmurdu. Stollara da baxanda bilinirdi ki, ən azı, altı-yeddi ilin malıdır. Bircə çilçıraqlar normal idi. Deyəsən, təzə dəyişilmişdi.

- Bura?.. - Seymur sualı öz-özünə təkrarlaya-təkralaya əllərini belinə qoyub masanın ətrafında dolandı. Çayxananın içərisini o baş-bu baş fırlanıb təzədən Elçinlə üzbəüz oturdu.

- Burada eləmək olar ki? - gözlənilməz təklif hələ də ağlına batmırdı.

- Əşi, niyə olmur ki? - Elçin canıyananlıq elədi, - Murad, bir dəftər, bir qələm, - Murad yerindən tərpənməmiş, onu tələsdirdi, - bir az tez elə.

Hövsələsi o qədər daraldı ki, özü mətbəxə keçdi. İki dəqiqə keçməmiş vərəqləri qopmuş, üz qabığı yazıq-yuzuq olan dəftər və qələmlə qayıtdı.

- Sənin maksimum nə qədər adamın olar? - gələ-gələ soruşdu.

Seymur bu sualı gözləmirdi. Bir qədər düşündü:

- Haradasa... - samovar üçün odun çilikləyən Murada baxıb təzədən vaxt qazanmağa çalışdı, - təxmini...

- Əlli olar? - Elçin tələsik soruşdu.

- Olar, - Seymur cavabı verib arxayınlaşdı.

- Vəssalam. Düz on iki stolum var, hərəsində dörd nəfərdən qırx səkkiz adam edir. Sənlə mən oturmasaq da, olar, - şaqqanaq çəkib güldü, - çayı özüm süzüm? - Murada acıqlandı.

- Yer çatmasa, bayırda da üç-dörd stolluq yerimiz var, - Murad çilikləri balaca, qulpsuz vedrəyə yığa-yığa dilləndi.

- Hə, ay sağ ol! - Elçin dərhal razılaşdı, - Mais, Həmid, Teymur, hərəsinin də bir arvadı. Sonra? Ənvərlə danışırsan?

Seymur yenə də gözlənilməz sualın qarşısında aciz qaldı:

- Yox... Sonra... Malik. Əvvəlki iş yoldaşım. O təkdir, - tezbazar əlavə elədi.

Seymur adları dedikcə, Elçin dəftərdə stolları çəkib adamların adlarını qeyd edirdi.

- Sonra?

- Qayınatamgil! - növbəti sualı da cavabsız qoymamasına sevindi.

- Əla, onlar da üç nəfər. Sonra? Bəs Hafiz?

Hafizin adını eşitməyi ilə Seymurun suya-buza dönməyi, bütün əhvalının korlanması bir oldu. Hafiz onun üçün ən lazımsız qonaq, ən mənasız söhbət, ən arzuolunmaz xəbər idi. Könülsüz formada təzədən masadan qalxıb küncdə üst-üstə yığılmış plastik stollara yaxınlaşdı. Stolların ayaqlarındakı çatın içinə yığılmış kirə, toz-torpağa toxundu, əli ilə stolları yoxladı, ardından üzünü Elçinə tutdu:

- Yox, - bir qədər ara verdi, - Hafiz bura gəlməz, - o qədər astadan dedi ki, Elçinin eşidəcəyinə heç inanmadı.

- Əşi, gəlmir, cəhənnəmə gəlsin! - Elçin səsini qaldırdı, - məclis sahibi sən deyilsən?

Seymur dillənmədi. Əvəzində Elçin Murada çayxanadakı stol-stulu təcili silib təmizləməyi tapşırdı.

- Say gör, neçə stol-stuldur, - çilikləri vedrəyə yığan Murad tezbazar işə qoyuldu. Elçin isə çayxananın o baş-bu başına gedir, əyri-əskiklər haqqında nəsə, qeydlər aparırdı. Axırı işini yekunlaşdıraraq samovarın yanında boynunu büküb dayanan Seymura yaxınlaşdı.

- Dörd pəncərə şüşəsi, üç emulsiya, altı işıq fənəri, bir də... - Seymurun təəccübləndiyini görüb izah elədi, - içəri yüngülvari əl gəzdirmək lazımdır. Etməsək də, olar, amma baxma da... - bir az qab-qacaq da lazım olacaq, - Seymur dinmirdi, - bir də qapının ağzına yüngülvari beton... narahat olma e, lazım olan şey-şüyü "optavoy"dan götürərik, məclisdən sonra həll eləmək olar da!..

- Nə bilim, nəsə, başıma batmır, - Seymur samovarın qaynadığını görüb dütkeşi götürdü.

- Əşi, sənin də başın batmasın, yazıqsan, - dütkeşi onun əlindən alıb qapının içəri açılan üzünə söykədi, - bir az diri ol, sən canın. Vaxt gedir.

- Hafizin keçən il bağlatdırdığı restoran yadında? - Seymur qorxa-qorxa soruşdu.

- Yox, yadımda deyil, - Elçin köksünü ötürdü, - çağırmamışdın ki... - bir az ara verdi, bu ara hələ də incik olduğunu Seymurun dərk eləməsi üçün idi, amma indi Seymur o hayda deyildi, - sorağını eşitmişik.

Seymur qızardı, dinməz-söyləməz başını aşağı salıb fikrə getdi.

Cəmi yarım saat sonra çayxana banket vəziyyətinə gətirilmişdi. Stolları üç ayrı cərgədə düzən Elçin bu möhtəşəm ideyasına bir də kənardan baxıb özü-özünü alqışladı.

- Canım üçün, əladır, - əmisi onun üçün klounları da təşkil edəcək.

- Kimi? - Seymur eləcə sual xətrinə soruşdu. Elçin, görünür, bu sualı gözləmirdi:

- Əş, nə bilim, o qədərdilər ki, taparıq, məclisdən sonra həll edərik də...

Seymur ayağa qalxıb içəridə bir də o baş-bu baş hərələndi, kartonla örtülmüş pəncərənin qarşısında dayandı. Karton bir neçə yerdən barmaq sığacaq böyüklükdə deşilmişdi.

- Gərək evdəkilərlə də məsləhətləşim, - amma bu təklifi Aybənizə demək fikri yox idi, sadəcə, hələlik, Elçini razı salmaq üçün ən ağıllı variant bu idi.

- Əşi, arvadlarınkı bir-birinin bəhsinə girməkdir, - Elçin ən sonuncu kozırlarını istifadə edirdi, - yenə də sən bilərsən, - bir az narazı halda davam elədi, - ədə, stol-stulu qaytar, yığ yerinə, - Murada işarə elədi, - müəllimin könlüncə deyil bura!..

Seymur heç nə demədi, dinməz-söyləməz çayxanadan çıxıb, əsas yola doğru uzanan dar, çınqıllı yolla gedə-gedə bu fikrin haradan və necə ağlına gəlməsi haqqında düşünürdü. Elçinin isə giley-güzarı kəsilmirdi.

- Müəllim qızına ad gününü "Şahzadə" restoranında eləyən adamdır, buranı niyə bəyənsin ki?

 

***

Klounlardan birtəhər yaxasını qurtarıb Aybənizin boynunu qucaqladı.

- Demişdimmi? - gülə-gülə qulağına pıçıldadı. Aybəniz heç nə demədi, amma elə baxdı ki, bu, Seymur üçün "Sən dünyanın ən yaxşı kişisisən" demək idi.

İndi isə məclisin ən həyəcanlı məqamı gəlib çatmışdı: tort kəsəcəkdilər. Nuray və balaca uşaqlar banketin iri qapılarının taybatay açılması və zala üçmərtəbəli tortun daxil olması ilə bir-birlərinə qarışdılar...

Dak-dak-dak-dak-dak...

Gözünü açıb bir müddət, eləcə, tavana zillədi. Aybəniz idi, yataq otağına bitişik, balaca mətbəxkimidə səhər yeməyi hazırlayırdı: pomidor-yumurta.

Birdən telefonun zəng səsi eşidildi. İki çağırışdan sonra Aybənizin səsi gəldi:

- Hə, Hafiz...

Seymur eləcə dinməz-söyləməz tavana zillənmişdi.

- Hə, hə... Bilirəm, başa düşürəm.

Dak-dak-dak-dak-dak...

- Yox, dünən evə gec gəldi, danışa bilmədik, amma bilirsən də, qəbul edən deyil... Nuray bu gün gəlir. Yəqin, özü bir şey fikirləşər... Nə bilim? Yenə də sağ ol...

Zəng kəsildi.

Dak-dak-dak-dak-dak...

Seymur yataqdan qalxıb şalvar-köynəyini geyindi. Güzgünün qarşısında bir xeyli qurdalandıqdan sonra saçına əl gəzdirdi. Daraq yenə də yox idi. Güman ki, Nuray özü ilə babasıgilə aparmışdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!