Rolan Bart - Müəllifi öldürən adam - Günel İmran

XX əsrin görkəmli mütəfəkkirlərindən olan  Rolan Bart "Müəllifin ölümü" essesi ilə oxucu, yazar, tənqidçi barəsində qəbul olunmuş fikirləri darmadağın etməyi bacarmışdı. Bu dağıntılar üzərində isə  bədii mətnə yeni bir baxış istiqaməti formalaşdı.  Bu essedəki məqsəd isə yazını, bədii mətni müəllifin  özünün təzyiqindən də qorumaq, azad etməkdir. Təsadüfi deyil ki, onun essesinin ardınca Mişel Fuko "Müəllif nədir" mühazirəsində "əsər nədir", "müəllifin adı" kimi  sualları ilə müraciət edir və yazarın yoxa çıxmasının ədəbi təkamülünü mərhələ-mərhələ təhlil edir. Mişel Fukoya görə  ölümə qalib gəlmək cəhdi ilə yunan eposlarında qəhrəmanın ölümsüzləşməsi, ərəb nağıllarında 1001 gecədən səhərədək nağıl danışmaq kimi ənənələr tənəzzülə uğramışdır. Təhkiyənin, əbəbi yaradıcılığın ölümə üstün gəlmək üsulu  kimi  təqdim edilməsi fikri dəyişilmişdir. Rolan Bart, Mişel Fukonun bu fikirlərinin müzakirəsi bizləri Jan Bodriyarın əsərlərinə müraciət etmək zərurəti qarşısında qoyar. Bartın fikirlərindən gəldiyimiz nəticəyə görə isə ədəbi mətn oxucuya aiddir. Yazının gələcəyini təmin etmək üçün onun barəsindəki mifi alt-üst etmək  lazımdır - oxucunun doğuşu Müəllifin ölümü bahasınadır.

"Yazının sıfır dərəcəsi" kitabındakı fikirləri  ilə yola çıxaraq XX əsrin görkəmli  mütəfəkkirlərindən birinə çevrilən Rolan Bartın "Rolan Bart Rolan Bart haqqında " kitabı avtobioqrafik olması baxımından xüsusilə maraqlıdır. Müəllif kitabda özünə öz gözü ilə baxır. Əslində, bu kitab adət etdiyimiz bioqrafik əsərlərdən çox fərqlənir. Kitab yazı şəklinə görə  filosofun gündəliyinə, əsərlərini yazarkən  qeydlərini apardığı qaralama dəftərinə bənzəyir. Kitab müəllifin qısa fikirlərindən ibarət çox sayda başlıqlardan formalaşmışdır. Sanki Rolan Bart həyatından, əsərlərindən, dünyaya baxışından, terminlərdən parçalar toplayaraq kitab formatında qarmaqarışıq mozaika yaratmışdır.

"Sümük" başlığı ilə yazdığı qeyddə Bart 1945-ci ildə keçirdiyi cərrahi əməliyyatda  qabırğasından götürülən hissənin sonradan ona təqdim edilməsini xatırlayır. Bu addımla  həkimlər insan bədənin yalnız onun özünə aid olması fikrini təsdiqləmək istəyirlər. Bartın özünə aid olan bu sümük parçasını atmağa əli gəlmir. Özünün bir parçasını atarsa, öz şəxsiyyətinə qəsd etmiş olacağından qorxaraq onu xatirəsi onun üçün dəyərli olan başqa əşyalarla birlikdə saxlayır. Bu əşyaların arasında köhnə açarlar, məktəb gündəliyi, qeyd dəftəri, nənəsindən yadigar qalan futlyar vardır. Rolan Bart bu mənəvi dəyəri olan əşyaların saxlanılmasında əsl məqsədin onların ölümünü xəfiflətmək, buna alışmaq olması fikrinə gəldikdən sonra sümüyü yeşikdən çıxarıb atmağa qərar verir. Buna baxmayaraq  o,  yenə də öz bədən hissəsini zibil yeşiyinə ata bilmir. Bir zamanlar bədəninin bir hissəsi olan, indi isə cansızlaşan sümüyünü hər hansı bir köpəyin qoxlayıb tapacağını düşünərək eyvandan küçəyə atır. Bu əhvalatın diqqətimi çəkməyinə səbəb bu yazı ilə "Müəllifin ölümü" essesi arasında oxucuya çatdırmaq istədiyi məna  baxımdan bənzərlik olmasıdır. Bəlkə də Rolan Bart bu hadisənin təzahürü nəticəsində bədii mətni müəllifinin bir hissəsi olmaqdan azad etmək istəmişdir. Kitabda müəllifin öz obrazı ilə mübarizəsi, özü haqqında subyektiv deyil, obyektiv düşüncələrini yazmaq cəhdi aydın görünür. Eyni zamanda bu kitab onun bütün əsərlərini anlamaqda oxucuya sorğu kitabçası rolunu oynayır.

Birləşdirmə başlıqlı qeydində isə Rolan piano çalarkən öz ifasını maqnitofona yazmağından bəhs edir. Əvvəlcə özünü dinləmək maraqlı gəlsə də, qısa müddətdən sonra o, bu səs lentində özünü deyil, Baxı, Şumanı eşidir. Halbuki Rixter və Qoroviç kimi görkəmli pianistlərin ifasını dinləyərkən Rolan Baxı, Şumanı deyil, onların özlərini eşidir. Öz ifasında Baxı, Şumanı eşitməsini Rolan  dinləyərkən keçmişdəki ifası ilə indiki zamandakı dinləməsinin birləşməsi nəticəsində bütün şərhlərin yox olmağı, yalnız musiqinin qalmağı kimi izah edir. Bundan sonra Rolan Bart əvvəllər yazdıqları barəsində yenidən yazmağını da bu cürə müqayisə edir. Və gəldiyi nəticəyə görə o, abidələrdə olduğu kimi, keçmişdəki özünü bərpa etməyə səy göstərmir. O, bununla özünü təsvir etdiyini də demir. "Mən mətn yazıb onu R.B. adlandırıram"-deyir. O, özünün simvolu olur və heç nə ilə müqayisə olunmadığını qeyd edir.

Rolan Bart bir vaxtlar Sorbon Universitetindəki professor Raymon Pikarın onu fırıldaqçı hesab etməsini xatılrlayır. T.D. isə onu Sorbonun professoru kimi qəbul edir. Ona görə təəccüblü olan fikirlərin çoxluğu deyil, bu qədər zidd olmasıdır.

Utopiyanın yazıçıya daha yaxın olması fikrini irəli sürür. Çünki yazıçının işi məna  bəxş etməkdir. Dünya yazıçıya görə ikitərəfli medala və ya qəpiyə bənzəyir. Əks tərəfdə yazıçının reallığı, üz hissədə isə utopiyadır. Utopiya fərqliliklərin dünyasıdır. Amma bir-birindən fərqli olmaq birinin kənarlaşması, istisna olunması mənasını vermir. Rolanın fikrincə, yazıçı olmaq kimi fantazmı olan bir yeniyetmə də qalmamışdır. Fantazm yazıçının gündəliyində göründüyü kimi obrazını bizə təlqin edir.

Digər yazısında o, Fure ilə Floberin tarixi baxımdan hansının daha dəyərli olmasını müqayisə edir. Furenin yaradıcılığında  müasiri olduğu coşqun tarixin birbaşa izləri görünmür. Flober isə 1848-ci il hadisələrinə roman həsr etmiş olur. Amma Fure eyni zamanda həm tarixi, həm də müasir olmaqla və bilavasitə tarix arzusunu ifadə etməklə daha önməli olur.

Başqa bir qeydində ketç döyüş növündə  məqsədin qələbə deyil, idrak etmək, anlamaq olduğunu deyir. Məqsəd qarşındakını anlamaq olarsa, nəticə qələbə olar. Qanqster filmlərinin əslində emosionallıqdan kənar intellektual təbiətinin olduğunu yazır. Onun fikrincə astrologiya gələcəkdən xəbər vermir, təsvir etmək xarakteri daşıyır. Bundan başqa kitabda Prust, Flober, Sartr, Zolyanın əsərlərindən nümunələr gətirmişdir. Sıfır dərəcədə çatdırmaq istədiyi fikri filosof  bu kitabda daha aydın qısa şəkildə oxucusuna izah edir. Mənadan azad olmuş dünyanın xəyalından, stereotiplərin onun üçün yorucu olmasının səbəblərini bildirir.

Rolan Bart "Rolan Bart Rolan Bart haqqında" kitabında fraqment anlayışının onun üçün nəyi ifadə etməsini açıqlayır.  İnsanın fraqment yazaraq günü-gündən gündəlik yazmağa keçidini nümunə gətirir. Özünə aid yazdığı fraqmentlərdə də belə gündəlik tutmağın gizli motivlərini görür. Kitabın bəzi başlıqlarında  o, oxucu ilə öz günlük qrafikini və ya doğmaları haqqından səmimi fikirlərini bölüşür. Başqa bir hissədə isə o, özü barəsində yazarkən özünə kənar bir şəxsin gözü, düşüncəsi ilə yanaşır. Buna qədər yazılarını  Marks, Sartr, Brext, Semiotikanın himayəsi ilə yazdığını qeyd edir və indi isə sanki bütün himayədarlardan kənar yazdığını düşünür. Kitabda "Dendi" başlığı ilə yazdığı qeydə isə "zaman- mənim həyatımın zamanıdır" ifadəsi çox düşündürücü fikirdir. Onun fikrincə tənqidi oçerklərdə mətnin subyektinin təkamülünü aydın görünür. Bu təkamül haqqında yazdığı yazıçıların dəyişməsi ilə tədricən baş verir.

O, Brextin hər dəfə növbəti məşqin vaxtını təyin edərkən aktyorlara acqarına gəlməyi deməsini xatırlayır. Brext acqarına deyərkən hissləri nəzərdə tutur. Aktyorların nədənsə təsirlənləmələrini istəmir. Bunu yadına salaraq Rolan hazırda yazdığını bu cür acqarına qəbul edə bilərmi sualı  ilə özünə müraciət edir.

Rolan Bart bu kitabda yazdıqlarının özü barəsində etiraf olmadığını  vurğulayır. Bunun etiraf olmaması heç də  qeyri səmimi olması demək deyildir. Rolan Bartın fikrincə özü barəsində yazdıqlarının heç də onun haqqında deyilən sonuncu sözlər olmadığına aydınlıq gətirir. Dünəndən bu günə məna dəyişir.

Rolan Bartın "Rolan Bart Rolan Bart haqqında" əsəri fəqli bir yazı təcrübəsi omaqla, onun buna qədər yazdığı məqalələri daha aydın anlamaq üçün çox əhəmiyyətlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!