Biri var idi, biri yox idi, uzaq ölkələrdən uçub gələn bir qaranquş qatarı və o qatarda bir qaranquş ailəsi var idi. Ata qaranquşun adı Biləncik, ana qaranquşun adı Güləncik idi.
Köçün dördüncü günü günəş bir torağay nəğməsincə yüksələndə yüz-yüz quş qəbiləsinin, ailəsinin qatıldığı qaranquş qatarı axır ki, uçuşu başa çatdırdı; dağların arasına səpələnmiş kəndlərin üstündə bulud kimi sıxlaşıb açıldı, dalğalandı, sonra dəstə-dəstə, iki-iki, dörd-dörd ayrılıb kəndlərə səpələndilər.
- Cik-cik... Bunlar bizdən niyə ayrılır, Biləncik?
- Ayrılmırlar, Güləncik. Onlar evlərinə çatdılar.
Gülənciyin çırpınışı artdı.
-Cik-cik... Bəs biz nə zaman yetişəcəyik?
- Yorulmusan? - Biləncik uçub onun başına dolanaraq soruşdu.
- Yox! Yorulmamışam! Ancaq daha uçmaq istəmirəm.
- Darıxma! Bir az da uçsaq, çatacağıq - deyib Biləncik qanadlarına güc verdi.Bir göz qırpımında aşağıda, dərədə ağaran suya doğru endi, sinəsiylə suya çırpılıb bir damcı su içib yenidən Gülənciklə qoşalaşdı.
- Bu bizim suyumuzdur, Güləncik! Sən də iç.
Güləncik də suya toxunub yanğısını söndürdü və yenidən Bilənciyin yanına yüksəldi. O, heç vaxt Bilənciyin sözündən çıxmır... Axı Biləncik hər şeyi biləndir.
-Bax, bax! -Biləncik yenə onun başına dolanıb dedi: - Çatdıq evimizə.
Güləncik sevincindən gülməyə başladı:
-Cik- cik-cik!
İndi Biləncik irəlidə uçur, Güləncik ona yetişməyə çalışırdı. Onlar aşagı enməzdən öncə evin üstündə bir xeyli dövrə vurub ötən ildən bəri evlərində bir dəyişuklik olub olmadığını öyrənmək istədilər: "Bəlkə burda onları bir təhlükə gözləyir?"
Ancaq hər şey ötən il qoyub getdikləri kimiydi. Həyətdə at, inək bağlanmışdı, yamacda qoyunlar otlayır, bağda ağaclar çiçək açmışdır..
-Güləncik, görürsən? - deyə Biləncik onu səslədi..
-Nəyi deyirsən? Nənədir də! Bağçada işləyir.
-Cik-cik!
Ürəkləri həyəcandan çırpına-çırpına aşağı enib nənənin başının üstündən keçdilər, qanadlarının səsiylə onu salamladılar və sevinə-sevinə sağa-sola uçdular. Nənədən uzaqlaşanda yüksəyə qalxır, yaxınlaşanda lap aşağı enir, onun qarşısında süzür, az qala onun çiyinlərinə toxunurdular. Sevinirdilər.
"Bu haçaquyruqların dəcəlliyi tutub, sanki havada rəqs edirlər" - deyə düşündü nənə.
Bağçada çalışmaqdan yorulmuş nənənin üzündəki tər damlaları Bilənciyin gözündən yayınmadı. Bu dəfə lap aşağıdan uçdu, qanadlarıyla nənənin üzünü yelpiklədi.
-Cik-cik! Sən nə edirsən, nənəni incitmə! - deyə Güləncik onu səslədi.
- Görmürsən, nənəyə istidir... - dedi Biləncik və bu uçuşunu bir neçə dəfə təkrar etdi.
Nənə əlini gözünün üstünə qoyub onların uçuşunu seyr etməyə başladı və nəvəsini çağırdı.
-Cuppulu! Ay Cuppulu! - Nəvəsi balaca olduğuna görə onu belə çağırırdı.
Cuppulu cavab verdi:
-Mən burdayam, nənə! - dedi və düşündü: "Qoy bir yekəlim. Görüm onda nənəm mənə nə ad qoyacaq?
- Bizim qaranquşlar gəldi.
Cəlal tez həyətə qaçdı və evin ətrafında uçuşan qaranquşlara və uzaqda kəndin üstünü bürümüş quş dəstəsinə baxdı.
-Hə, qaranquşların gələn vaxtıdı. Ancaq bunların bizim qaranquşlar olduğunu hardan bilirsən? Qaranquşların hamısı bir-birinə bənzəyir.
-Əlbəttə, bunlar bizimkilərdir. Öz yuvalarına qayıdıblar.
Cuppulu narazılıqla mızıldandı:
- Hə, yenə zibilləyəcəklər eyvanı...
-Onlarla işin olmasın! Beş günün qonağıdırlar, payız düşən kimi uçub gedəcəkdilər.
Bilənciklə Güləncik yuxarıdan onlara göz qoyurdular. Güləncik öz gülüşü ilə salamladı onları:
-Cik-cik-cik-cik. Necəsən, nənəcik?
Nənə onu başa düşməsə də quşlar nənənin sevindiyini anladılar və uçub eyvandakı köhnə yuvalarına qondular.
Güləncik gülə-gülə dedi:
-Yuvamız yerindədir! Çox gözəl! Çox gözəl!
-Mən də sevindim. - Biləncik dedi. - Yeni yuva tikmək çətindir! Onsuz da yorulmuşuq.
Yuvanı gözdən keçirdilər.
-Dincəlmək istəyirəm! - dedi Güləncik.
Biləncik qanadıyla ona toxunub bu fikri bəyənmədiyini bildirdi:
-Tənbəl olma, işimiz çoxdur, yuvamızın içini təmizləyək, daha yumşaq yataq düzəldək!
Beləcə yuvanın qırağında xeyli cikkildəşdilər.Sonra ötən il yuvaya döşədikləri və qışda qurumuş otları, saralmış yarpaqları dimdiklərinə alıb bağçaya daşıdılar.Yeni yumşaq otlar, yarpaqlar gətirib yuvanın içinə döşədilər, özlərinə keçən ildəkindən daha gözəl yataq düzəltdilər. Güləncik nənənin bağçada işlədiyindən istifadə edib, eyvanda sərilmiş yundan da tel-tel götürüb yuvaya daşıdı.
"Nənəcik, məni bağışla, axı mənə də yun lazımdır. Lap azacıq götürdüm. Eyvanda olmasa, həyətdəki qoyunların yunundan dartışdıracaqdım. Onlar bunu görsələr də, heç inicimirlər, sən də incimə."
Gecəyə kimi yuvanın ətrafı hörümçək torundan təmizləndi, yuva zövqlə bəzədildi. Qaranquşlar onların dönməyəcəyini düşünüb yuvalarını ələ keçirən hörümçəkləri axtardılar. Hərəsi bir neçə hörümçək yeyəndən sonra yuvada yatdılar.Xoşbəxt idilər. Bir azdan yuvaları Gülənciyin alabəzək yumurtaları ilə dolacaq, Güləncik o yumurtaları qanadının altına alıb bir daha yuvadan çıxmayacaq, Biləncik ona yem daşıyacaqdı. On beş gün sonra ətcəbalalar çıxacaqdı o yumurtalardan.
Ancaq sevincləri uzun sürmədi. Ertəsi gün Cuppulu yuxudan oyanan kimi eyvana qaçdı. Axı nənəsi bu səs-küylü, çirkli quşları niyə sevir? Quşları qovmağa, onları nənəsinin gözündən salmağa bəhanə axtarırdı. Döşəmədə quşların dimdiyindən düşən çör-çöpü, lələkləri görəndə hirsləndi.
- Ay nənə, axı niyə qoymursan bunları qovum, uçub getsinlər. Eyvanda rahat otura bilmirik. İndi gözümüz qalacaq bunların yuvasında.
Deyinə-deyinə həyətdən quru budaq götürdü və yuvanı yerindən qoparmağa çalışdı.
Qaranquşlar qorxudan dik atılıb yuvadan uçdular. Həyətdəki elektrik məftilinə qonub, qəzəblənmiş Cuppulunu izləməyə başladılar.
Güləncik ağlayırdı.
-İndicə dağıdacaq yuvamızı. Sənə dedim axı, gəl başqa yer axtaraq, yeni yuva quraq.
-Biləncik həyəcanla qışqırırdı.
Cik-cik-cik!
-Belə qısa, lakin bərk səslə cikkildəyirdisə, deməli nə isə gözlənilməz bir iş baş verib.
Əlində süd dolu vedrə, tövlədən çıxan nənə elə bil quşların bu həyəcanını hiss elədi. Cuppulunun əlindəki budağı görüb hirsləndi.
-Dayan, sən neynirsən?! Nə yaramaz uşaqsan e! Bilmirsən qaranquşun yuvasın dağıtmazlar? Yoxsa inəklərimizin südü qana dönər.
Cuppulu yerində donub qaldı. Nənəni çox sevirdi və onun bir sözünü iki eləməzdi. Utandığından qızardı.
Nənə vedrəni eyvana qoyub diqqətlə yuvaya baxdı.
-Utanmırsan, o quşlar bizi sevdiklərindən bura gəlirlər, ayrılmaq istəmirlər. Adam sevənlərini qovmaz!
Cuppulu inadkarlıq elədi.
-Gedib ayrı yerdə yuva qursunlar.
Nənə onun əlindəki ağacı aldı.
-Get həyətdə oyna! Quşlarla işin olmasın!
Biləncik sakitləşmişdi:
-Görürsən Güləncik, nənə yuvamızı qorudu. Ancaq daha burda qalmayaq.
Bu dəfə Güləncik ona etiraz etdi:
-Axı nənə bizim burda qalmağımızı istəyir.
Yuvalarının bir böyrü qopub düşmüşdü, buna baxmayaraq, heç nə olmamış kimi, arxın qırağından palçıq, çör-çöp gətirib yuvalarını təmir etməyə başladılar. Palçığı yorulmadan yoğurub, aralarına daha çox çöp hördülər.Bütün gün çalışdılar və yuva əvvəlkindən daha gözəl və daha möhkəm oldu.
Di gəl Cuppulu sakitləşə bilmirdi:
-Sən bir eyvana bax ay nənə.Yuvanı dağıtsam indi uçub getmişdilər. Nənə sakitcə
-Yuva dağıtmaq yaxşı iş deyil bala. İstər quş yuvası olsun , istər insan yuvası.
Cuppulu bir söz demədi. Quşlardan xoşu gəlirdi, ancaq eyvanın çirklənməsini də istəmirdi. Çünki səhərlər atası, anası və bacıları ilə burda çay içirdilər. Arada qonaq da gəlirdi. Ancaq quşların heç vecinə deyildi.
İyirmi beş gün sonra yuvanın qırağından dörd açıq ağız göründü, qaranquş balaları idi.
Bilənciklə Güləncik ara vermədən yem daşıyırdılar. Eyvandan milçəklər yoxa çıxmışdı.
Başlarının üstündə quşların hərəkəti artmışdı, səsləri eyvanı bürümüşdür. Yuva balalara dar gəlir, yem üstündə itələşirdilər.Bir dəfə balaların ən balacası öz yemək növbəsini gözləməyib, irəli cumanda özünü saxlaya bilməyib düz aşağıya masanın üstünə düşdü. Nənə kətilin, sonra masanın üstünə çıxdı, ovcuna götürdüyü qaranquş balasını yuvasına qoydu. Sonra yuvanın altından şalbana səliqə ilə kəsilmiş bir kardon vurdu. Axır ki, yuva görünməz olmuşdu və Cuppulu onu görməyəcək, eyvanda rahat oturacaqdı.
Çəkic səsindən qorxuya düşən balalar başlarını içəri çəkib, gizləndilər.
Bilənciklə Güləncik dimdiklərində yem eyvana gələn elektrik xəttinin üstündə oturub bu işin sonunu gözləyirdilər.
Güləncik:
-Cik-cik , yuvamızı dağıdacaqlar. Balalarımız əziləcək. Sənə dedim axi! - deyə Bilənciyi günahlandırırdı.
Biləncik sakit idi:
-Qorxma. Nənə qoymaz yuvamıza toxunsunlar. Axı bu ev həm də bizimdir.
Kardon vuruldu, hərə öz işinin ardınca getdi. Bilənciklə Güləncik uçub gəldilər.
-Ax, nə gözəl olub. İndi dəcəl uşaqlar yuvamıza toxuna da bilməyəcək. Balalarımız üçün gör nə boyda yer düzəldiblər. Uçmaq öyrənərlər burdan.
Sonra bala qaranquşların uçmaq təlimləri başlandı. Bilənciklə Güləncik bir aya onlara hər şeyi öyrətdilər. Yuvadan öncə kardonun üstünə endilər, ordan uçub qorxa-qorxa elektrik xəttinə qondular. Elə titrəyirdilər, sanki külək onları qabağına qatıb aparacaq. Sonra məftildən bağçadakı alma ağacına kimi uçmağa cəhd göstərdilər. Ən böyükləri uçsa da, o birilər yarıda yorulub, çəmənliyə endilər. Bilənciklə Güləncik bir an olsun balalarından ayrılmadılar. Axı onlar hələ çox balaca idilər, çox şeyi bilmirdilər. Bir neçə aydan sonra çox uzun bir yol uçub isti yerlərə gedəcəkdilər. Uça- uça havada cücüləri ovlamağı da, arxdan su içməyi də, bir-birilərini hansı səslə çağırmağı da öyrənməlidirlər.
Bir ay öncə balaca ətcəbalalar tüklənib elə gözəl olmuşdular ki, Bilənciklə Güləncik onlara baxmaqdan doymurdular. Dördünün də boğazlarının altı, sinələri ağappaq olmuşdu. Elə ağ ki, baxanın gözünü qamaşdırır. Qanadlarını geniş açır və ata-analarının gözündən yayınan kimi daha da yuxarıya uçur, bir-biriləri ilə yarışırdılar. "Bu gün mən hamıdan yüksəkdə uçmuşdum!" "Yox mən daha yuxarıda idim!" "Amma mən buludlara çatmışdım, buludların içində elə gizlənmişdim ki, siz məni görmədiniz." Buna bənzər mübahisələrdən yorulmurdular.
Yay keçdi, məktəbdə dərslər başlandı. Cuppulu birinci sinifdə oxumağa başladı. Bir gün siniflərinin iri pəncərəsindən havada dalğalanan, burulub-açılan, səs-küylə gecikənləri gözləyən və nizamlanan böyük bir quş dəstəsi gördü.Yanında oturan dostu Yaşarı dümsüklədi:
-Gör nə qədər quş var! Bəlkə də bir milyon olar.
Yaşar güldü:
-Nə tez saydın?
Müəllimləri onların baxdıqları tərəfə baxdı.
-Hə, uşaqlar, qaranquşlarınız köçüb gedir. Uşaqları sevdiklərinə görə məktəbimizin üstündə yığışırlar. Bütün qonşu kəndlərin qaranquşlar da bura toplanır, sonra sizinlə vidalaşıb, uçub gedəcəklər.
Yaşar öz-özünə dedi:
"Ay havada uçan durna."
Müəllim dedi:
-Hə, gözəl mahnıdır! Heyif ki, köçüb gedən qaranquşlar haqqında hələ mahnı yoxdur.
Dərsdən sonra Cuppulu evə tələsdi. Eyvana çıxan kimi, gözü qaranquşları axtardı. Ancaq yuva boş idi.
Cuppulu kədərləndi.
O payız havalar sərt keçdi. Külək yağışı-qarı düz eyvana vururdu.
Ata gileylənirdi.
-Otaqlar isinmir. Eyvanı aynabənd etməliyik.
Ustalar gəlib ölçüb-biçdilər və bir həftə sonra eyvan hər tərəfdən şüşələndi.
Qaranquşlar heç kimin yadına düşmədi.
***
Yeddi aydan sonra qaranquşlar yenə uçub gəldilər. Bilənciklə Güləncik yenə öz evlərinə döndülər. Balaları ayrılmış, hərəsi öz sevdiyinə qoşulub, öz yuvalarını qurmağa getmişdilər.
Yuxarıdan baxanda hər şey ötən yazda olduğu kimiydi və yenə nənə bağçada işləyirdi.
Əvvəlcə yuva təmizlənməli idi. Ancaq qanadları aynabəndin şüşələrinə çırpılanda çaşıb qaldılar.
-Cik-cik-cik .
Gülənciyin gülüşü yarıda qırılmışdı.
-Sən bilənsən, Biləncik. Bu nədir belə?
Şalbandakı yuvalarını görürdülər.Yuva da, altındakı kardon da yerində idi. Di gəl ona yaxınlaşa bilmirdilər.
Bütün günü yol axtardılar amma yuvalarına yol qalmamışdı.
-Bəs biz neyləyək? - Güləncik həyəcanla həyətin üstündə dolaşırdı.
Yeni yuva qurmalıyıq. - dedi Biləncik.
Uçub getdilər.
Başqa evləri, bağları bəyənmədilər. Bəyəndikləri də öz evləri kimi qapanmışdı, ya da başqa quşlarındı. Geri dönməkdən başqa yol tapmadılar.
Nənə onları gördü.
-Vay, Cuppulu, bax, qaranquşlarımız gəldi.
Cuppulu razılıqla gülümsədi.
- Qoy gəlsinlər, onsuz da yuvalarının yolu bağlanıb.
Nənə pərt oldu.
- Niyə onları düşünməmişik? Yuvasız qaldılar, inciyəcəklər bizdən.
Qaranquşlar yuxarıdan baxır və yenə nənənin onları görəndə necə sevindiyini hiss edirdilər.
- Ey nənəcik, gəlmişik. Bəs bizi yuvamıza niyə buraxmırsız?
"Cəhənnəm olsun yağış da, qar da.Gərək heç aynabənd düzəltdirməyərdik!" - deyə düşündü nənə.
Qaranquşlar uçub havalandılar. Nənə:
- Ey, uçub getməyin. - deyə pıçıldadı. Sanki quşlar onu eşidəcəkdilər. Amma onu da bilirdi ki, quşların uçub getməkdən başqa yolu qalmayıb. Axı onların yuvaları olmalıdır. Yeni balalar gətirməlidirlər həyata.
Sonra nənənin ev işlərinə başı qarışdı,quşlar haqqında düşünmək istəmirdi. Çünki onları düşünəndə ürəyi sıxılırdı.
Güləncik Bilənciyə dedi:
- İndi biz neyləyək? Axı sən hər şeyi bilənsən!
Biləncək uça-uça düşünürdü. Birdən yadına düşdü ki, əvvəlki illərdə onlar bəzən yuvalarına evin bağa baxan və yazdan-payıza bağlanmayan pəncərələrindən də girirdilər. Pəncərədən həmişə boş olan sakit otağa uçur, ordan keçıb eyvana çıxırdılar...
Nənə ara-sıra qaraqnquşları bağçanın üstündə dolanan görürdü və sevinirdi ki, onlar hardasa yaxında yuva qurublar.
Təxminən on gündən sonra birdən evin bağçaya baxan kəllə gözündən nənənin səsi yüksəldi.
-Cuppulu, Cuppulu, bura gəl.
Cuppulu həyətdə yer şumlayan atasına kömək edirdi. Nənəsinin səsini eşidib beli yerə qoyub evə tələsdi." Görəsən nə olub?"
Qonaq otağının qapısı açıqdı. Nənə otağın ortasında dayanıb,heyrətlə başının üstündəki çilçırağa baxırdı.
-Sən bir bura bax! Gör mənim qaranquşlarım nə qədər vəfalı və ağıllıdırlar.
Ağıllı olsalar da, gördükləri iş ağlasığan deyildi.
Bilənciklə Güləncik iri pəncərələri bağlanmayan otaqda, düz çilçırağın üstündə yuva qurmuşdular. Göstərmək istəmişdilər ki, siz bizi eyvana buraxmadınız, biz sizin evinizin içinə girdik.
- Cuppulu, gör necə cəsarətlidirlər?
Nənə gülümsədi.
-Bir daha onlarla işin olmasın. Quş quşluğuyla öyrəşdiyi yuvasını atıb getmir, bizdən əl çəkmək istəmir, bizə nə olub? Axı quşların da öz duası var. Köməksiz olduqlarına görə Allah onların duasını daha tez eşidir.
-Gülənciklə Biləncik yenə balalarını böyütdülər və yenə payızda uçub getdilər.
***
Bulud kimi kəndin üstünü tutan qaranquş, sığırçın dəstələri uçub gedəndən, bülbüllərin yay uzunu susmayan nəğməsi bir gecə qaranlığına qarışıb əriyəndən sonra dünyaya səssizlik çökdü. Sərçələrin cik-ciki artmışdı. "İnsanlara "görürsünüzmü, soyuqdan qorxdular, yenə uçub getdilər. Ancaq biz burda, sizin yanınızdayıq!" - deyirdilər.
Toylar başlanmışdı, yol üstündəki balaca elektrik dəyirmanına taxıl gətirənlərin sayı artmışdı, bağ-bağatın meyvəsi yığılır, yaylaqdan enən sürülər ara yolları doldurur, havanın sərinləşməsi ilə adamlar evlərə yığışmır, gecə yarısınadək on beş günlük Ayın süd selində yuyunan dünyanın gəlişindən-gedişindən söhbət açırdılar. Toylar da bir yandan... Buna baxmayaraq bu canlanan həyat, bu səs-küy quşların köçməsi ilə yaranan boşluğu doldura bilmir.
Cuppulu nənəsi ilə zarafatlaşır:
-Görürsən, ay nənə, sənin qaranquşların bizimlə vidalaşmadan köçüb gedirlər.
-Onlar sağollaşmadan gedərdilərmi? Başını qaldırıb baxsan, görərdin. Neçə dəfə dolandılar evimizin üstündə. Sanki balalarına öyrədirdilər ki, bax, bura bizim evimizdir. Buranı unutmayın!..
***
Payız da, qış da keçib getdi. Yenə gözəl bir bahar günü qaranquş axını kəndin üstünü tutdu və dəstədən ayrılan Bilənciklə Güləncik öz evlərinə uçdular. Evin qabağında bir ağ maşın dayanmışdı.
Adamlar nənənin qoluna girib maşına doğru aparırdılar.
Gülənciyi qorxu bürüdü.
- Cik-cik, ay aman, nənəmizi hara aparırlar?
Nənə başını yuxarı qaldırıb baxmadı və quşları görmədi.
Qaranquşlar həyətdən çıxan maşının arxasınca uçdular. Kəndin hansı evinə getsə, biləcəkdilər.Yəqin yenə qayıdıb gələcəkdi. Öz evlərini təmizləməliydilər. Ancaq bu dəfə evin pəncərələri də bağlıydı. Qaranquşlar yenidən havalandılar və maşının getdiyi istiqamətdə uçdular. Onlar nənənin uzağa, şəhərdəki oğlunun yanına getdiyini bilmirdilər.
***
May ayının ortalarında nənə sağaldı və oğlunun şəhər kənarındaki evinin ikinci mərtəbəsindəki balkona çıxdı. Burda onun dincəlməsi üçün kreslo qoymuşdular. Hava açıq və isti idi. Hündür balkondan evlərə, bağlara baxanda ürəyi açıldı. Birdən bala quşların tanış çıvildəşməsi çatdı qulağına. Nənə diksindi. Başını qaldırıb tavana baxanda heyrətləndi. Başının üstündəki yuvadan balaca quşcığazların açıq ağızları görünürdü. Elə bu vaxt böyük qaranquşlar dimdiklərində yem uçub gəldilər. Nənəni görən quşlar tez yemi balalarıa verib nənəni salamladilar:
-Cik-cik!
Doymaq bilməyən balalarının civiltisinə baxmayaraq bir xeyli nənənin başı üstündə dolandılar.
Nənə çaşıb qalmışdı. Doğrudanmı quşlar bu uzaq yolu uçub onun ardınca gəlmişdilər?
-Oy! Nə yaxşı gəlmisiniz! Yəqin məni sizin duanız sağaltdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!