Gözləmə - Mübariz Cəfərlinin hekayəsi

Qoqolun xatirəsinə

 

Gecə ev telefonu zəng çaldı, dəstəyi götürdüm. Köhnə dostum idi,  nəsə ordan-burdan, narahat-narahat danışırdı. Məndən xeylaq böyük olsa da, bir-birimizi çoxdan tanıdığımızdan aramızdakı  yaş fərqi  yavaş-yavaş əriyib getmişdi. Soruşmaq istəyirdim ki, nə olub, özü məsələni açdı.

- Başıma bir iş gəlib axı...

- Nə məsələdi?..

- Bizim o diş texniki Fərəc...

- Onun sənlə arası yoxdu axı...

- Yox idi,  o dəfə zəng vurub könlümü aldı, dedi ki, eşitdim infarkt olmusan, bəs indi nə təhərsən? Bizim arvad  mənə tapşırıb ki, o, yaxşı kişidi, hökmən get, ona baş çək...

- Lap yaxşı da... Sonra?..

- Sonrası budu ki, dilinin şirin yerinə salıb saqqızımı oğurladı, mən də düşdüm evin altındakı çayxanaya. Çayxanada gördüm Fərəcin yanında iki kişi də oturub. Salamlaşıb onların yanında əyləşən kimi diş texniki qayıtdı ki, sizin işinizi bu kişi düzəldəcək... Yanımda oturan ağbaş  məndən xəbər aldı ki, filan rayon məhkəməsində adamın var? Fərəc tez mənim əvəzimə cavab verdi ki,  bu kişinin hər yerdə adamı var, neçə il yaxşı vəzifələrdə işləyib, hər yerə əli çatır...

- Bəs demədin ki, indi təqaüddəyəm, elə bir imkanım yoxdu?

- Yox, əclaf Fərəc ağzımı açmağa imkan vermirdi,  elə bil mənim də dilimi-ağzımı bağlamışdılar... Axırda ağbaşın yanındakı xallı yerində qurcalanıb soruşdu ki, yaxşı, bəs pulu kimə verək?.. Fərəc də tez-tələsik cavab verdi ki, pul yox, pul yox, pul məsələsi qalsın sonraya... Mən barmağımı dişləyib lapdan durdum ayağa, dedim ki, bağışlayın, ürəyim ağrıyır, gərək evə qayıdıb dərmanlarımı içəm. Sağollaşıb gəldim evə...

- Hə, noolsun? - heç nə başa düşmədim.

- O olsun ki... Burası evdə lapdan ağlıma gəldi... - izah elədi. - Birdən o Fərəc qurumsağ mənim adımdan pul alıb eləyər e, o kişilərdən... Guya, mənə verəcək... Sonra yox yerdən böhtana düşərəm... Ola bilər?..

- Nə bilim, hər şey ola bilər, adamlara nə etibar...

- Mən də onu deyirəm də... Neçə gecədir fikirdən yata bilmirəm...

- Zəng vur, Fərəcin özündən xəbər al da, day niyə fikir eləyirsən?

- Zəng eləmişəm neçə kərə gecəyarısı, bircə balasının canına and içib-aman eləyir ki, mən o adamlardan pul-zad almamışam, qəti narahat olma, bu məsələ bağlanıb...

- Bəs nədən əndişəlisən?

- Deyirəm, bəlkə, yalan danışıb mənim başımın altına yastıq qoyur? Necə bilirsən, hə?..

- Nə deyim... Ümumi dostlarınızı yığ başına, məsələni birdəfəlik çürüt getsin.

- Onu da eləmişəm... Zahidi, Faiqi çağırıb zəng elətdirmişəm Fərəcə... Onlara da and içib ki, vallah-billah arada pul-para söhbəti olmayıb...

- Bəs?..

- Deyirəm, bəlkə, Fərəc onları da aldadır? O dəfə vəkil qonşuma da açdım məsələni. O da gülüb dedi ki, qəti narahat olma, sən nə pul almısan, nə də pul vermisən... Bəd ayaqda biz ölüb eləməmişik ki, dağ kimi arxanda durmuşuq... Srağagün gördüm yuxum ərşə çəkilib, gecə saat ikini keçib, yığdım Fərəci ki, bu məsələni bir də soruşum,  acıqlı-acıqlı qışqırdı ki, a kişi, sən nə qəliz adamsan, bir də mənə zəng vurma, qoy öldüyümüz yerdə ölək... Belə deyib sağolsuz, xudahafizsiz telefonu qoydu yerinə.  İndi sən ağıllı adamsan, de görüm, bu işin axırı nə olacaq? Zahidlə Faiq deyir ki, narahat olma, bu iş bitib,  heç bir problem-zad yoxdu. Bəs sən nə fikirdəsən?..

- Aradan nə qədər ötüb?

- Bir ay...

- Nə deyim... Hər şey ola bilər...

Köhnə dostumla təzəcə sağollaşıb dəstəyi yerinə qoymuşdum ki, oğlu zəng vurdu. Mənə möhkəm-möhkəm tapşırdı ki, sən Allah, bir də atama: "Hər şey ola bilər demə, ürəyi xəstədi, ortada heç nə yox, kişinin başına bir iş gələr, onsuz da neçə vaxtdı gecə-gündüz Fərəc məsələsi ilə evdə hamımızın başını xarab eləyib".

O gündən tez-tez zəng vururdu dostum mənə, həmişə də hərləyib-fırlayıb  mətləb üstünə gələrdi, deyirdi ki, o işin də üstündən filan qədər keçib... Mən də birtəhər malalayıb qayıdırdım ki, boş şeydi, fikir vermə, yadından çıxart getsin.  O da incik-incik inildəyirdi ki, necə fikir vermə, özümdən asılıdı bəyəm, ha başımı başqa şeylə qatmaq istəyirəm zalım oğlu Fərəc  gəlir gözümün qabağına...

Amma day çoxdandı zəng eləmir dostum, deyəsən,  günləri, ayları qarışdırıb, ya da bu işin başını birdəfəlik buraxıb... Mən də qəsdən onu itirib-axtarmıram ki, qoy tamam sağalıb özünə gəlsin...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!