Minimalist üslubda kino ekspressiya
Yarıqaranlıq otaqda bir qadın əyləşib. Masanın bir hissəsi görünür. Masanın üstündə bir neçə kitab, bir fincan kofe var, amma bunlar qızdan bir az sağ tərəfdədir. Sanki qızın yox, bir başqasınındır. Qızın üzündə qəribə laqeyd bir ifadə var, dodaqları qırmızı boya ilə boyanıb...
Qız danışdıqca qıraqda üzünü görmədiyimiz adam var və kompüterdə nə isə yazır. Kompüterin səsi eşidilir.
Qadın sakitcə danışmağa başlayır. Danışa-danışa bəzən sağ tərəfə də baxır...
Qadın: -Məncə, biz hamımız obrazlarıq... hə... başqa-başqa kitablardan Yer üzünə düşmüş personajlar. Soruşma necə, onu bilmirəm. Tutalım, hansısa oxucu işdən evə yorğun gəlib çarpayısında yarıuzanılı şəkildə bir roman oxuyur, elə oxuya-oxuya da yuxuya gedir, kitab da qalır açıq... oradakı personajlar da yavaş-yavaş cümlələrin həriflərin arasından sürüşüb düşür bu dünyaya... hərəsi dağılır bir yerə...
Qadın dərindən nəfəs alır, ani olaraq sağ tərəfə baxıb, boğazını arıtlayıb yenidən davam edir. O dayananda klaviatura səsi də dayanır, sanki. O danışanda kompüter yenə nə isə yazır...
Qadın: -İndi sən fikirləş ki, hər açıq qalmış kitabdan çox yox, cəmi iki personaj düşübsə, yer üzündə nə qədər adam real insan yox, kitab qəhrəmanıdır... zamanla real insanlarla bütün personajlar qaynayıb-qarışıb... Hətta evləniblər də... təsəvvür edirsən? Adi insanla hansısa kitabın personajı evlənir, onların uşaqları olur... Yarı kitab, yarı adam... qəribədir...
Qadın əlindəki karandaşı oynada-oynada nə isə düşünür, üzündə qəribə təbəssüm peyda olub tez də yoxa çıxır...
Qadın: -Ən çox bilirsən, kimlərə yazığım gəlir? Tamam ayrı bir kitabın personajıyla tamam başqa bir kitabın personajı evlənir... Bax, məncə, bu artıq faciədir... İndi bir fikirləş ki, ciddi bir yazıçının romanından qopub gəlmiş sanballı bir obraz, bilərəkdən ya bilməyərəkdən, təsadüfən ya məcburi şəkildə hansısa bulvar ədəbiyyatı sayılan roman personajıyla ailə qurur... Ya da lap götürək böyük, amma bir-birinə zidd olan əsərlərin qəhrəmanlarını...
Dostoyevskinin Raskolnikovuyla Dümanın Miledisi sevgilidir... (qadın kinayəli şəkildə gülümsünür). Raskolnikovu barmağında oynadardı Miledi...
Belə baxanda nə qədər personajlar öz əsərlərindəki obrazları tapa bilməyib başqalarıyla bir yerdədirlər... adamın lap yazığı gəlir onlara...
Qadın susur, sanki nəyisə xatırlamağa çalışır...
Qadın: -O qədər yalanlar eşidir, o qədər bəhanələr uydurur və o qədər əsası olmayan xəyallar qururuq ki, hardan gəldiyimizi, əslində kim olduğumuzu və niyə yaşadığımızı unuduruq... Hamımız sehrli hərflərdən düzəlmiş varlıqlarıq... Öz kitabımızın personajlarını tapmaqdan ötrü yaşayırıq əslində... Şərt o deyil ki, sən kitabın qəhrəmanı olasan, bəlkə də, kitabda balaca epizodik, dekor üçün yazılmış bir obraz olasan... əsas olan yer üzünə düşəndən sonra hansı kitabdan gəlmisənsə, həmin əsərdəki personajları tapa biləsən... əsl xoşbəxtlik də budur, məncə...
Qadın susur, bir anlıq sanki gözləri dolur, sağ tərəfə bir az baxıb davam eləyir...
Qadın: -Şəhərin küləkli, qəhvəyi küçələrində ən çox bilirsən, nəyə heyifsilənirəm?! Başqa-başqa personajların yanaşı getməyinə... Kafelərdə cılız hekayə qəhrəmanlarının ağır bir romanın obrazına pivə sifariş verməyinə...
Nəyə görəsə güclü ədəbiyyatın qəhrəmanlarının yer üzündə heç vaxt bəxti gətirmir... Ona görə də çox vaxt onlar bu dünyada tək qalırlar...
Qadının gözlərindən iki damla yaş süzülür... O, əliylə göz yaşını silir, masanın üstündə bir az sağ tərəfdəki qəhvə dolu fincanı götürüb bir qurtum içir, yerinə qoyur...
Qadın: -Sən də, mən də personajıq və hansı kitabdan düşmüşüksə, ömrümüz həmin kitabın o biri obrazlarını tapmaqla keçir... Bəzən tapmaq olur, bəzən də, yox... Elə tənha, yarımçıq, naqis şəkildə yaşayırıq...
Bəs tapmaq üçün bizə nə lazımdır? Onu mən bilmirəm... axı mən özüm də hələ tək-tənhayam... heç kimi tapa bilməmişəm...
Qadın kədərli bir halda dərindən nəfəs alır... Bu vaxt telefon səsi eşidilir... Qadın səs gələn sağ tərəfə baxır, kompüterin də səsi kəsilir, telefon zəng çalmaqda davam edir... Qadın diqqətlə sağ tərəfə baxır...
***
Bir nəfər oğlan oturub, masanın üzərində nootbuk var. Bayaq qızın içdiyi fincan da onun qarşısındadır... Bilinir ki, qız oturduğu masadır... Oğlan telefonu götürür...
Oğlan: -Alo...... yaxşıyam, sən necəsən?.. Heç nə, evdəyəm, əsər işləyirdim... Yox, təkəm...... Bilirsən axı, mən yazanda gərək, tək olam...... Yox, onsuz da yorulmuşam, arxasını sonra yazacam. Sən get, mən də gəlirəm ora...... Old!....
Oğlan telefonu söndürüb cibinə qoyur... Nootbuka baxır... Kadrda bütün masa görünür. Otaqda oğlandan başqa heç kim yoxdur... Oğlan nootbuka baxmaqda davam edir. Kadrda nootbukun monitoru görünür... Ordakı yazının axırıncı hissəsi görünür...
Qadın: -Sən də, mən də personajıq və hansı kitabdan düşmüşüksə, ömrümüz həmin kitabın o biri obrazlarını tapmaqla keçir... Bəzən tapmaq olur, bəzən də yox... Elə tənha, yarımçıq, naqis şəkildə yaşayırıq... Bəs tapmaq üçün bizə nə lazımdır? Onu mən bilmirəm... Axı mən özüm də hələ tək-tənhayam... heç kimi tapa bilməmişəm...
Oğlan nootbuku bağlayır... Ayağa qalxır... Telefonunu masadan götürür. Nə isə düşünür, nootbukunu da götürür... otaqdan çıxır. Kadrda otaq görünür. Otaqda heç kim yoxdur. Masada bir neçə kitab və içində yarımçıq içilmiş qəhvə olan fincan var.
Kadrda iri planda həmin fincan görünür.... Fincanda qırmızı rəngdə dodaq boyasının izi var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!