Müqəddəs yolçuluq - Əfşan Yusifqızı

 

Bakı,14 iyul 2023-cü il.

Yay fəsli olmasına baxmayaraq, sübhün ilıq nəfəsi duyulurdu. Səhər ala gözlərini açsa da, göy üzü hələ də yuxulu görünürdü. Yer üzünə xumar-xumar boylanan səhər ağ bulud yorğanını üstündən atıb gözlərini açdı.

Heydər Əliyev Mərkəzi qarşısında Mədəniyyət Nazirliyi "Heydər Əliyev" Fondunun Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi "VAQİF Poeziya Günləri"ndə iştirak etmək üçün şair, yazıçılar, incəsənət və mədəniyyət işçiləri toplaşmışdılar.

Ard-arda üç böyük avtobus qapılarını taybatay açıb yolçuları oturacaqlarına alırdı.

"Təcili yardım", DYP maşınları "İkarus"ların ardınca yola düşməyə hazır vəziyyətdə idilər. Hamının üzündən 30 illik Şuşa həsrəti oxunurdu.

Mən də hamı kimi, bu sevinci yaşayırdım.

Bizim avtobusda yazıçı, şair, sənət adamlarından Güləmail Murad, Arifə Əliyeva, Həyat Şəmi, Məlahət Yusifqızı kinoaktyor Hacı Şamil, meyxanaçı Namiq Məna və gənc aktyorlar da yer alırdı.

Saat 6:00

Maşınlar nərildəyib yola düşdü.

Şuşa öz "zəvvar"larının yolunu gözləyirdi.

Bəli, məhz zəvvar. Çünki o torpaqlar Kərbəla torpaqları kimi, müqəddəs "ziyarətgah"a çevrilmişdi. O torpaqların hər daşında, qayasında şəhidlərimizin qanı çiçəkləmişdi. O yerlərə qazilərimizin əl-ayaqları tökülmüşdü.

"Pir" di, "Ocaq"dı Qarabağın hər bölgəsi. Biz "zəvvarlar" da "Azərbaycan"ı ziyarət eləməkçün, yola çıxmışıq. "Qarabağ Azərbaycandır!"...

Füzuliyə qədər gülə-gülə, sevinc içərisində getdik. Elə ki, Füzuliyə girdik, hamının üzündəki sevinc hissi birdən-birə yox oldu. Hamı dəhşət içərisində viranəyə qalmış binaların uçub-dağılmış divarlarında şəhid analarının ah-naləsini eşitdi. Mənim qulaqlarımda tankların, topların, minamyotların tükürpədici səsləri şəhid analarının fəryadını boğdu. Avtobus yeni çəkilmiş asfalt yolla şütüdükcə, pəncərədən Füzulinin dar döngələri gözlərimin önündə canlanırdı. Qanlı müharibə gözlərim önündən kino lenti kimi gəlib keçirdi:

"Uçulmuş binanın arxasında gülləsi qurtarmış bir yaralı silahını dizləri üstə qoyub, kürəyini divara söykəmişdi. Kim bilir, o nə düşünürdü? Hər gün yuxusuz qalıb, yolunu həsrətlə gözləyən anasınımı? Ya, gözü yollarda qalmış sevgilisinimi? Bəlkə də, ikiaylıq körpə qızının gələcəyini? Kim bilir? Kim?"

Avtobus şütüdükcə xatirələr arxada qalırdı...

Şuşanın Daşaltı kəndi.

Sıldırım qayalar.

Kapitan Nurzadə (aktyor Əli Nurun oğlu), Surxay Noçiyev bu qayalıqlar arasında şəhid oldu. Cəlal Aslanov yaralandı...

Bu da əzəmətli ŞUŞA...

Sürücü əvvəlcədən düşünmüş kimi, maqnitofonu işə saldı, Xan Şuşinskinin səsi hamını düşüncələrdən ayırdı.

"Şuşanın dağları başı dumanlı..."

Amma bu dəfə Şuşanın "başı" dumanlı deyildi. Açıq səma, aydın günəş görünürdü. Şuşa, əvvəlcə, gözlərimə tör-töküntü, dağınıq göründü.

Bura mən uşaqlıq illərimin xatirələrini qoyub getmişdim. O xatirələri qoyduğum yerdə tapa bilməyəcəyimdən qorxurdum. Amma avtobusdan düşən kimi qorxu bir anın içində məni tərk elədi. Uşaqlıq illərimdə qoyub getdiyim dağlar, qayalar, tər-təmiz hava yerində qalmışdı.

"Xarı bülbül" otelinə yerləşdik.

Şuşaya ekskursiya başladı. Saatlı məscidi, Gövhər Ağa məscidi, Mirmöhsün Nəvvabın ev-muzeyi sərgisi, Milli xalçaçılıq muzeyi...

Şuşada 36 il öncə olmuşdum. Həmin yerlər elə bil bir az yaşlaşmışdı. Ya mən yaşa dolduğum üçünmü, bu yerlər mənə ilk baxışdan qəribə göründü?!

Üzü yoxuşa qalxdıqca kölgəm ayaqlarım altında qalıb əzilirdi. Başa düşdüm ki, yoxuş həmin yoxuşdu, illərsə, o illər deyil...

Axşama doğru Vaqifin möhtəşəm muzey-məqbərəsi önünə gəldik.

Xatirələr məni yenə əvvəlki illərə qaytardı. Vaqifin məzarına 36 il əvvəl qoyduğum güllərin ətri gəldi burnuma, sanki. Bu hissləri yenidən mənə yaşatdığı üçün ürəyimdə Allahıma şükr etdim...

Hava qaralmışdı.

Xan qızı Natəvanın evinin qarşısında təşkil olunmuş "Dövri-Səda" adlı konsertə gəldik.

Yaddaşlara dərin iz buraxan möhtəşəm bir konsert oldu...

Şuşanın gecəsi də bambaşqadır. Yol yorğunu olmağımıza baxmayaraq, heç kim yatmaq haqqında düşünmürdü. Hərə bir yanda dəstələşib "Qarabağ" otelinin qarşısında çay içir, söhbət edir, əylənirdi...

15 iyul 2023-cü il.

Şuşada açılan ilk səhərimiz.

"Xarı bülbül" oteli bizi əsrarəngiz həyətində xarı bülbüllərlə qarşıladı. Dünənki yorğunluqdan əsər-əlamət qalmamışdı.

Hamımız Xan qızı Natəvanın evinin qarşısında keçiriləcək "Vətənim Qarabağ" poeziya saatına toplaşdıq. Tədbirin birinci hissəsi başa çatdıqdan sonra, Cıdır düzünə gəldik. Sözlə ifadə olunmayan həyəcan yaşadıq. 44 günlük müharibədə canlarından keçən şəhid və qazilərimiz gözlərimizin önündə dayandı. Ayaqlarımı torpağa basmaq istəmirdim. Kaş quş olaydım, qanad çalıb, havada dayanaydım. Döyüşçülərimizin şəhid olduğu yerlərə döşənmiş qərənfil güllərin, elə bilirdim, xətrinə dəyirəm.

Xan qızı Natəvanın ruhu eşidəcəkmiş kimi: "Bax, Xan qızı, sənin "qərənfillərin" öz qanına boyanıb..." - deyə pıçıldadım. Göz yaşlarımı saxlaya bilmirdim. Elə bil, ürəyim köksüm altda öz qanında boğulurdu. Kənara çəkilib özümü ələ aldım. Başımı qaldırıb dağlara baxdım. Dərindən nəfəs aldım.

Burnuma qəribə bir qoxu gəldi - kəklikotu. 36 il idi, bu qoxunun həsrətini çəkirdim.

Amma 30 ildir, bu "kəklikotu" kəkliksiz qalmışdı. Yağı düşmən meşələri heyvanlara, göyləri quşlara, düzləri "kəklikotu"na, "cincilim"ə, "gəlin barmağı"na həsrət qoymuşdu...

Cıdır düzündən birbaşa Xan qızının evinin qarşısına - poeziya saatımızın ikinci hissəsinə toplaşdıq.

O əlamətdar gündə mənimçün həyəcanlı olsa da, səhnədən durub: "Əziz Şuşa, sən azadsan" şeirimi demək mənə də nəsib oldu.

Həmin unudulmaz gündə yaradıcılığımın ən dəyərli, ən məsuliyyətli anlarını yaşadım.

Həmin bağda, həmin həyətdə Xan qızının viranəyə qalmış sarayının divarlarına baxdıqca qəlbimin başı sökülürdü. Çox məsuliyyətli bir işin altına girəcəyimi düşünmədən "Natəvan" əsərini yazacağıma öz-özlüyümdə qərar verdim.

16 iyul 2023-cü il.

Şuşadan Bakıya qayıtmağa hazırlaşırdıq. Ürəyimdə bir nisgil qalmışdı. Şuşa qalasına, İsa bulağına getmək...

Şükürlər olsun ki, İsa bulağından su içmək də bəxtimizə yazılıbmış. Amma bulağın suyu əvvəlki deyildi. Düşündüm ki, yəqin İsa bulağı yağı düşmənə görə dadını itirib. Bizim gəlişimizdən xəbərsizdi.

"Şuşa, sən azadsan", İsa bulağı, biz gəldik!

Budur, Bakıdayam, evdə oturub söz verdiyim kimi, "Natəvan" əsərimi işləyirəm...

"Xurşudbanu həyat yoldaşı Xasay xanın əmisi, qoca knyaz Araula kəklikotulu çay dəmləyir".

Şuşadan yığdığım, tütyə kimi saxladığım kəklikotuna baxıb köks ötürürəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!