Elnur - Hədiyyə Şəfaqətin hekayəsi

 

Sizin hekayənizin qəhrəmanı müharibədə həlak olubmu?

Mənim hekayəmin qəhrəmanı müharibədə həlak oldu...

Yox, mən onun haqqında hekayə yazanda heç bir xüsusi xidmətinə görə seçilmirdi, orduya da çağırılmamışdı, zabit olmağa da hazırlaşmırdı, heç həddi-buluğa da çatmamışdı. Balaca bir oğlan idi - on bir yaşlı balaca, qarayanız, qəşəng bir oğlan. Nadinc, qapqara gözləri par-par yanan, dərinliyində məsum üsyankarlıq gizlənən. Balaca əlləri vardı, balaca barmaqları vardı. Dırnaqlarını dibindən tuturdular, amma yenə altına ya karandaş, ya qələm ləkəsi düşürdü. Səhərlər hələ məktəbə gəlib çıxınca ayaqqabıları sehrli şəkildə palçığa bata bilərdi. Çiynindən asdığı çantanın altından pencəyi, gödəkçəsi bir tərəfə əyilirdi. Dupduru oğlan uşağı...

Mən də onun haqqında hekayə yazmışdım. Onu tanıyandan səkkiz il sonra, amma hekayədəki hadisələr onu tanıyandan beş il sonra baş vermişdi və mənim ürəyimdə dərin iz buraxmışdı. Həmin izləri üç il də ürəyimdə gəzdirib, nəhayət, yazıya köçürmüşdüm. Bəlkə beş-altı dəfə üstündən bir müddət keçəndən sonra təkrar yazmışdım. Hiddətimin sözlərə təsirini yumşalda-yumşalda. Amma heç bir dəfəsində heç kimi bağışlaya bilmirdim. Bəlkə hadisə daha pis hadisələrlə müqayisədə adi hadisə idi, bəlkə sizə də elə görünə bilər, amma mən nəsə, çox pis olmuşdum. Gözümün qabağına gəldikcə də gözlərim dolmuşdu, amma bu qəzəb göz yaşları idi, bir sözlə, təsirindən çıxa bilməmişdim ki, oturub o hekayəni yazmışdım.

Balaca oğlanın çox vaxt üstündə cırmaq izləri olan əllərini, ləkəli barmaqlarını da o hekayəyə salmışdım. Bir küncü həmişə yumurlanıb bükülən dəftərini də. O vərəqlərinin bir küncü yumurlanıb bükülmüş dəftərə səylə nəsə, yazmasını da...

Siz biləsiniz, mən bu sözləri yazanda göz yaşlarımı köynəyimin qoluna necə silirəm. Özümdən asılı olmadan, balaca uşaq kimi burnumu çəkirəm və yenə hekayədəki o səhnəni xatırlayıram:

"Sahib müəllim müəllimlər otağında oturub qarşısındakı balaca oğlana göz qoyurdu. Uşaq müəllimin baxışlarını vecinə almırdı, öz aləmindəydi, dərs kitabını açıb qabağına qoymuşdu, arabir burnunu çəkə-çəkə, hansısa, mətni əyri-üyrü xətlə, küncləri bükülüb yumurlanmış, çirkli, səliqəsiz dəftərə köçürürdü. Solaxaylığı Sahib müəllimin çətininə gəlsə də, gözlərini çəkmirdi. Barmaqları azca kirliydi, əlinin üstündə çapıq, bir də pişik cırmaqlarına oxşayan izlər vardı, dırnaqlarının dibində diyircəkli qələm mürəkkəbi yığılıb qalmışdı.."

Oğlumla qızımı eyni sinfə qoymuşdum. Məktəbin ən yoxsul sinfinə. Ən az uşaqlı sinfinə. Məktəbin direktoru gözünə kəsdirdiyi valideynləri əvvəldən paralel sinfə yönəldirdi, amma bu mənim xoşuma gəlməmişdi. Müəllimə ədalı, göyləgedən deyildi, işiylə ad-san qazanmışdı, təcrübəsinə söz ola bilməzdi, amma baxışları... Gələn uşaqların səksən faizi onun sinfinə salınmışdı, mən uşaqlarımı sakitcə o səksən faizin arasından çıxardıb digər sinfə keçirdim. Deyəsən, səkkiz şagird vardı. Elnurla da orada tanış olduq. Əməlli-başlı tanış olduq, Elnur əməlli-başlı həyatımıza daxil oldu və... bir daha çıxmadı..

Dördüncü il o uşaqları da say bəhanəsiylə bağlanan sinifdən çıxardıb qatdılar adlı-sanlı müəllimənin sinfinə, bizim uşaqların müəlliməsinə isə iki-üç saat dərs verdilər. Üç il qayğıkeş, diqqətli, dərsini deyib gedən, müəllimdən çox himayədara, dosta, ərkə öyrəşmiş, hər birinin nazıyla ayrıca oynanan uşaqlar sudan çıxarılmış balığa döndülər. Zeynəblə Məhəmməd vardı, bacı-qardaş, anaları ruhi xəstəydi deyəsən, ataları da yoxdu, oğlan yaxşı danışa da bilmirdi. Amma müəllimə ona yazıb-oxumağı, saymağı, hesablamağı öyrətmişdi, - o sinifdə üzlərinə baxan olmadı, ən arxada, ən zərərsiz yerdə oturdular, olmamış kimi gəlib, olmamış kimi getməyə başladılar. Qalan uşaqlar yaxşı oxuyurdular, başlarını aşağı salıb uyğunlaşmağa çalışdılar...

Dördüncü sinfin özündən deyən, kostyumlu-qalstuklu, ütülü, maşınla gətirilib-aparılan ərköyünləri ilə dil tapmadı Elnur. Qara günləri başladı. Cırnatdılar, sataşdılar, yığışıb döydülər də. Müəllimənin səsi çıxmadı. Ütülü oğlanlar qohumları idi, bir öpüb, beş dişləyirdi. Üstünə çımxıra-çımxıra həvəsdən də saldılar, dərsləri də zəiflədi. Şikayət şikayət üstünə...

Sevimli, nadinc, dupduru oğlan özündən çıxdıqca çıxdı, gah yumruqlarını işə saldı, gah dilini, - başladı söyməyə. Bir gün vurub ağzını qanatdılar, bir gün köynəyini cırdılar. Dincəlmədi. Sakitləşmədi. Bir gün dərsin axırında, hamının gözünün qabağında, partaların arasında yenə kimsə durduğu yerdə çantasını yerə töküb dava salanda, elə sinfin ortasında arxa-arxaya gedib tüpürdü, hamının üzünə. Üstünə gələnlər dayanıb üz-gözlərini silməli oldular, hərə öz uşağının qolundan tutub çıxartdı. Sinifdə bir Elnur qaldı, bir biz, bir də müəlliməylə yuxarı dartılmış qaşları. Mən müəllimənin yuxarı dartılmış qaşlarına baxdım, gördüm ki, baxışlarımın altında qaşları aşağı düşdü, gözlərinə baxdım, yalandan gülümsəyib, başını yellədi, üzümü çevirib uşağın yanına getdim, çantasını yerdən yığmağa başlayanda, yaxınlaşıb kömək etdi, kitab-dəftərləri də barmaqları kimi qələm mürəkkəbinə, karandaş ləkəsinə bulaşmışdı. Çantasını çiyninə keçirdim, müəllimənin yanından sivişib keçdi, başını da azca yana tutdu, amma müəllimə mənim yanımda gözlənilən qapazı təxirə salmalı oldu. Allah bilir, nə qədər yemişdi o qapazdan...

Beşinci sinifdə ütülü valideynlərin şikayəti ərşə çıxdı. Deyəsən, səhər-axşam marçamarç öpüşüb-görüşüb ayrılan bərbəzəkli analar bir-birinə xoş gəlmək üçün sözü bir yerə qoyub, direktora xəbər göndərtdilər. Hardansa, yuxarılardan. Hansınınsa əri yaxşı yerdə işləyirdi, ya nəydisə, - təkcə biz, əvvəlki səkkiz uşağın valideynləri bu işə qarışmadıq, - tələb etdilər ki, iclas çağırıb Elnuru məktəbdən qovsunlar...

Mənim hekayəmdə həmin iclas təsvir olunub. Necəsə, elə, nöqtəsinə-vergülünə toxunmadan. Mən o iclasda olmuşam. Nigar müəllimə də. Uşaqlarımızın əsil müəlliməsi. Dördüncü sinifdə də uşaqlarını tək qoymayan, hələ də Zeynəblə Məhəmmədə kitab-dəftər alan, pal-paltar tapıb gətirən, hələ də uşaqlarımızın başını oxşayıb, dərsləriylə maraqlanan, hələ də ərkyana danlayan, uşaqlarımızın hələ də qarşısında cavabdehlik hiss etdiyi Nigar müəllimə. Direktorun, həqiqətən, onu görən gözü yoxdu. O iclasda, həqiqətən, bircə kişi iştirak edirdi, təşkilatçı və o təşkilatçı, həqiqətən, bu uşağın üstünə belə düşülməsinə ikrahla yanaşırdı. Nigar müəllimə o iclasda, həqiqətən, təklənmişdi, amma geri çəkilməmişdi və mən o dialoqu da olduğu kimi yazmışam, digər "bəyanatları da". Məsələn, direktor soruşmuşdu ki, bu uşaq nə yeyib-içir evdə? Yox, siz fikirləşən kimi deyil, yəni deyirdi ki, buna nə yedirirsiniz ki, belə qudurur? Məsələn, soruşmuşdu ki, bu uşağın atası haralardadır, üzə dəymir, heç siz də, xanım, - anasına deyirdi, - məktəbə gəlmirsiniz, - bunu deyəndə sinif rəhbəri qımışmışdı, - haralarda olursunuz?

Elnurun atası Birinci Qarabağ müharibəsində yaralanıb qayıdanlardan idi. Çox vaxt xəstə olurdu, biz valideynlər bunu bilirdik. Nigar müəllimə də bilirdi. Elə təzəsi də. Amma o vaxt müharibə iştirakçılarının uşaqlarına indiki kimi diqqətlə yanaşıb-eləmirdilər, məğlub döyüşçülərin məğlub övladları... Nə olsun, ürək qoymuşdular, can qoymuşdular, kimə nə, nə qazanmışdılar, nə qazandırmışdılar? Ona görə də bu uşağın atasının haralarda olmağını belə lovğa ittihamla xəbər alırdılar, çəkinən yerləri yoxdu, özlərinin də hissləri kütləşmişdi.

Direktor coşduqca coşurdu. Bu dəfə xəbər alırdı ki, xanım, bu uşağı niyə doğmusan? Doğmusan, doğmusan, nə salmısan üstümüzə? "Üstmüzə" özü də!

Sonra əlaltıdan estafeti ötürdü bülbüllərinə. Bağışlayın, burasını köhnə hekayədən götürmüşəm:

"- Nə qaldı ki, özünüz dediniz, bezmişik, valideynlərin yanında da xəcalətli olmuşuq, hər gün kimsə şikayətə gəlir, - imkandan istifadə edib, həm o yana, - valideynlərə, həm bu yana, - direktora yarınırdı.

- Bu uşağın ağlı çatmır, dərslərinin də başı-ayağı yoxdur, diqqəti dağda-arandadır, - fənn müəllimlərindən biri köməyinə yetdi.

- Mənə elə gəlir, onu xüsusi uşaqlar üçün olan məktəbə qoymaq lazımdır, bilirsiniz də, hansını deyirəm? - müəllimədən çox müğənniyə oxşayan cavan qız anaya, daha doğrusu, onun kasıb əyin-başına baxdı.

- Bu uşağın vaxtında qarşısı alınmasa, narkomanlara qoşulacaq, sonra da başlayacaq oğurluğa, başına bir-iki özü kimisini də yığacaq, bir cinayət edəcək, biz zibilə düşəcəyik, məktəbimizə polis dadanacaq! -Ağsaçlı müəllimə elə-belə də deyirdi, üzünü Elnurun anasına tutmuşdu. - Anam-bacım, siz qara gününüzü indidən qablaşdırın, belələrinin ömrü həbsxanada bitir!"

Nəhayət:

"- Belələri vətənimiz üçün, dövlətimiz üçün təhlükə mənbəyidir, potensial terrorist, kani... - sonuncu kəlməyə dili yatmadı, iki dəfə düzəldib yenidən deməyə çalışdı, - kami... kamikadzedir..."

Elnur heç vaxt bizim uşaqlarımıza sataşmazdı. Elnur, ümumiyyətlə heç kimə sataşmazdı. Bütün dünya Elnura sataşırdı.

Sizin hekayənizin qəhrəmanı müharibədə həlak olubmu?

Elnur nə narkoman oldu, nə cani, nə oğrulara qoşuldu, nə terrorçulara. Ömrü də həbsxanada bitmədi. Elnur müharibədə həlak oldu, üç il əvvəl, oktyabrın 22-də, Alsunun ad günündən üç gün əvvəl, 19 yaşında...

Alsu müharibədən iki-üç ay əvvəl niyəsə, birdən-birə sinif yoldaşlarını axtarmağa başladı. Ordan-ora köçə-köçə yaşamışdıq deyə, üç məktəb dəyişmişdilər, amma məhz həmin sinif yoldaşlarını axtarırdı. Bəzilərini də tapmışdı. Bir gün axtarış qruplarından birində yazdığını gördüm.

Elnuru soraqlayırdı.

Kimdən xəbər almışdısa, bilən olmamışdı. O da məktəb dəyişmişdi, çıxartmışdılar, izi itmişdi. Nə nömrəsini bilən olmuşdu, nə görən. Açıq elan vermişdi. Ordan da bir xəbər hasil olmamışdı...

Müharibə gedirdi. İşləyirdim. Əlimi saxlayıb, xəbərlərə baxmaq istədim. Onu da orda gördüm.. Heç dəyişməmişdi, eyni duru, məsum baxışlar, eyni dərinlikdən boylanan suallar, eyni əda, eyni dəcəllik yağan duruş... - Həlak olanların arasında...

Evimizə od düşdü. Alsuya mən xəbər verdim. Donub qaldı. Əməlli-başlı donub qaldı. Sonra ağladı. Çox ağladı. "Onu tapa bilmədim", - dedi. - "Necə ürəyimə düşmüşdü, necə bilmək istəyirdim, indi hardadır, necədir?"...

O hekayədə balaca, hörüklərinin ucuna ağ bant bağlanmış bir qız da var. Elnurun sinif yoldaşı, müəllimlərindən birinin qızı. Şahid. On bir yaşlı iki uşaq pəncərənin qabağında dayanmışdı. Mən iclas otağında qala bilməmişdim, çıxmışdım, pilləkənlərə tərəf gedəndə onları görüb dayanmışdım. Hər şey orda olduğu kimi baş vermişdi. O tərli şüşədəki yaradıcılıq - ev şəkli də, o ortadan bölünən pendir-çörək də, o sözlər də:

"- Qorxma, təmizdir. Həm də anam deyir, tək yemək günahdır..."

Hekayə çap olunanda usta yazıçılardan biri mənə irad tutmuşdu ki, son səhnəyə çox sentimental yanaşmışam, emosiyalara qalib gəlmək lazımdır. Amma mən, həqiqətən, gördüklərimi və eşitdiklərimi yazmışdım, heç nəyi dəyişmədən, həyatda olduğu kimi. Həyatda da çox həssas məqamlar olur, biz günahkar deyilik. Hətta yaxşı bilirəm ki, o andakı hisslərimi ifadə etməyə gücüm çatmamışdı...

Görəsən, usta yazıçı mənim hekayəmin qəhrəmanının müharibədə həlak olduğunu biləndən sonra nə fikirləşərdi?

Biz bilmək istəmirik Elnur hansı nöqtədə, necə, hansı şəraitdə həlak olub. Həlak olub, daha yoxdur. Bütün müharibə qurbanları kimi ya güllə yarasından, ya mərmi qəlpəsindən, ya kəskin zərbədən, ya... Uzaqdan da olsa, atasını tanıyırdıq, anasını tanıyırdıq, tapıb xəbər ala bilərdik, şəhid xəbərlərindən oxuya bilərdik, etmədik. Ürəyimiz gəlmir. Bircə öyrəndik ki, maşınyumada işləyirmiş, yenə də tez cırnayırmış, yenə qabağından yeyən deyilmiş, yenə lazım biləndə yumruqlarını düyünləyirmiş, üstünə gələnlərin üstünə cumurmuş... Bəlkə müharibədə də yumruğunun düyünü açılmayıbmış, nə bilim. Bəlkə dalda yerdə yenə tüpürürmüş dünyanın üzünə? Hamımızın üzünə. Çünki o hekayədə deyilən kimi:

"- İşə bir bax, bu uşaq super gücmüş ki! Siz Allah, yığışdırın bu tamaşanı, uşaqlar arasında olur belə şeylər, sinifdə görürlər ki, hamınız onun üstünə düşmüsünüz, bir az da özləri qızışdırırlar. Uşaq olmamışıq, görməmişik? Qabağından yeyən oğlan deyil, cavablarını verir, vəssalam!"

Vəssalam!

Elnur heç vaxt bizim uşaqlarımıza sataşmazdı. Elnur, ümumiyyətlə heç kimə sataşmazdı. Bütün dünya Elnura sataşırdı, o da cavabını verirdi, - təkbaşına.

Mən bilmirəm, ataları Elnuru məktəbdən qovdurmaq istəyən o ütülü uşaqlar hara oldular? Onun həlak olduğunu bildilərmi? O direktor xanım nə fikirləşdi? Bircə bilirəm ki, Nigar müəllimə ağlayıb, çox ağlayıb... Biz də çox ağladıq. Çox ağlayırıq.

Bu yaxınlarda yır-yığış edirdim, Alsunun dəftəri yerə düşdü. Arasından bir şəkil çıxdı. Xəbərlərdəki şəkil. Elnurun şəkli. Lap filmlərdəki kimi. Nə sentimentallığı? Bunun adı əzabdır...

Keçən il gedib məzarını ziyarət etdi. Biz elə bilirdik, vaxt keçər, ovunar, ovunmadı. Qəribə şəkildə ovunmadı. Kiçik yaşda dördcə il bir sinifdə oxumuşdular, ondan sonra bir-birilərini heç yerdə görməmişdilər. Hətta narahat olduq. Sonra narahat olduğumuza utandıq...

Bağışlayın, başınızı ağrıtdım, amma bizim hekayəmizin qəhrəmanı müharibədə həlak olub... Başa düşürsünüzmü, Elnuru deyirəm..

 

20 oktyabr 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!