Azər TURAN
İlkin xristianlıqdakı səhranişin Serapion mistisizmi ilə rus ədəbiyyatındakı "Serapion qardaşlığı"nın, eləcə də, "Serapion qardaşlığı" ilə akmeizmin heç bir ilgisi yoxdur. Olmasa da onları, daha doğrusu, Hofmanın "Serapion qardaşları" ilə Rusiyada eyni adlı ədəbi hərəkatı ideya baxımından birləşdirib əski serapimçi Zoşşenkoyla ilk akmeistlərdən Anna Axmatovaya divan tutmaq Stalin üçün çətin olmadı. Çünki Jdanovun qənaətinə görə "həm akmeistlərin, həm də "Serapion qardaşları"nın babası, aristokratik-salon dekadentliyinin və mistisizminin banilərindən biri olan Hofman" idi.
Simvolizmin qürubundan sonra rus poeziyasının sabahı akmeizmlə açılırdı. Simvolizmə qarşı yaranmış bir hərəkat olaraq dəyərləndirilsə də, akmeizm hər halda, simvolizmə, ümumiyyətlə, keçmiş poetik ənənəyə, keçmişi yansıdan və yaşadan nə varsa - kitabxanadan muzeyəcən hər şeyə qarşı futurizmin sərgilədiyi davakar davranışı təkrar etmədi. Muzeyləri yıxmağa səsləyən italyan mənşəli Marinettiyə rəğmən, Rusiyada orta əsr intibahını ideallaşdıran akmeistlər üçün Avropa gələnəyi bütün hallarda məqbul və dəyərli idi. Hətta "Akmeistlər məfkurəcə dahiyanə olan Orta əsr zehniyyətinə şərik" oldular. Çünki Osip Mandelştama görə, "Orta əsr "hədd və dərəcə duyğusuna çox yaxşı malik" olduğundan dünya mədəniyyətinin renessans mərhələsi akmeistlər üçün ideal bir istinad dövrü oldu. "Zehn ilə mistikanın nəcib qarışığı və canlı müvazinəti olan aləmi duymaq qabiliyyəti bu dövrü akmeistlərə olduqca yaxınlaşdır"dı.
Bu mənada Orta əsrləri əzizləşdirən və əzizləyən akmeizm həm də ənənədən, dəyərlərdən çılğıncasına imtina edən futurizmin qarşısına çıxmış bir ədəbi cərəyan olaraq da anlaşıla bilər.
Ədəbiyyatda Balzakın, Floberin realizmindən fərqli bir realizmin - başqa sözlə, Flober, Balzak estetikasından fərqli bir estetikanın - Qorki estetikasının - "sosialist realizmi"nin hüdudlarını genişləndirmək üçün Stalinin son ideoloji basqısı, son antiədəbiyyat təcavüzü akmeistlərin, özəlliklə, Anna Axmatovanın üzərində gerçəkləşdirildi: "Məfkurəsiz irticaçı ədəbiyyat bataqlığının nümayəndələrindən biri olan Axmatova vaxtı ilə simvolistlər sırasından çıxmış akmeist adlanan ədəbiyyat dəstəsinə mənsubdur və sovet ədəbiyyatına tamamilə yabançı olan boş, məfkurəvi və aristokrat-salon şerinin bayraqdarlarından biridir. Akmeistlər... "sənət sənət üçündür", "gözəllik, gözəllik üçündür" nəzəriyyəsini təbliğ edirdilər... Bu cərəyan... həqiqəti görməmək üçün göylərdə dolaşan və dini mistika dumanları arasında, öz xırda şəxsi həyəcanları içərisində gizlənən" (Jdanov) şairlərin yaratdığı cərəyan kimi səciyyələndirilirdi.
Ölkənin siyasi-filoloji alatoranında Axmatovanın "siyasətdən kənar" şeirləri, düşüncələrinin altyapısı "incələndi". Onun "həm rahibə, həm də fahişə" statusunu təsbit etmək üçün "dekadent məktəbinin ideya əsası olan Nitsşe fəlsəfəsinə", Berqsonun intiusiya nəzəriyyəsinə, Freydizmə, Avropanın "əyalət dekadentliyinə", "fikir ölgünlüyü"nə qarşı hücum əmri verildi. Prust və Coys nacins elan edildi. "İnsana və bütün insanlığa nifrət edən Lui Ferdinand Selin"lə yanaşı Stefan Sveyq də, siyasi görüşləri bir-birindən kəskin fərqlənsə də, Tomas Mann və Knut Hamsun da Nitsşe və Freydin təsiri altında olan yazıçılar zümrəsinə aid edildilər. Axmatovanın susdurulması ədəbiyyatda yalnız bir cərəyanın deyil, ümumilikdə, poeziyada "formalist-estet meyillər"in yasaqlanması ilə nəticələndi ki, bundan sonra sənətə estet münasibəti formaca milli, məzmunca sosialist yanaşma əvəzlədi. Əslində, Axmatovanın şəxsində akmeizmə qarşı açılmış savaş sosrealizmdən başqa bütün ədəbi cərəyanlara qarşı açılmış savaş idi, ölkənin siyasi həyatında təkpartiyalı sistem olduğu kimi ədəbi aləmdə də vahid sistem - sosrealizm olacaqdı. Onsuz da simvolistlər ədəbiyyat səhnəsindən çəkilmiş, futuristlər, imajinistlər süqut etmiş - Blok, Xlebnikov, Soloqub, Kuzmin, Andrey Belıy... ölmüş, Mayakovski, Yesenin, Marina Svetayeva intihar etmiş, Nikolay Qumilyov, Osip Mandelştam qətlə yetirilmişdi. Axmatova bu mənada yaşadığı dövrün tək və son böyük rus şairi idi. Onun susdurulmasıyla çağdaş dünya ədəbi fikrindən Rusiyaya doğru uzanan bütün estetik yollar qapadılır, bütün alternativ cərəyan və fərqli üslub axınlarının və estetik dəyərlərin qarşısına sədd çəkilirdi.
Məlum və məşum müşavirədə Jdanov həm də bunları xatırladırdı: "Qorki vaxtilə demişdi ki, 1907-ci illə 1917-ci il arasındakı onillik müddət rus ziyalılarının tarixində ən biabırçı və ləyaqətsiz onillik adını daşımağa layiqdir, çünki 1905-ci il inqilabından sonra ziyalıların xeyli hissəsi inqilabdan üz döndərərək, irticaçı mistika və cəfəngiyat bataqlığına yuvarlanaraq, məfkurəsizliyi özlərinə bayraq edib öz mürtədliyini bu cür "gözəl" sözlərlə pərdələyirdilər: "Mən də pərəstiş etdiyim şeylərin hamısını yandırdım. Yandırdığım şeylərə pərəstiş etdim"... Xalqdan əl çəkən, "sənət sənət üçündür" şüarını elan edən, öz məfkurə və mənəvi pozğunluğunu məzmunsuz və gözəl forma dalında gizlətməyə çalışan simvolistlər, imajinistlər, hər cür dekadentlər məhz bu zaman meydana çıxmışdı..."
"Pərəstiş etdikləri hər şeyi yandırıb, sonra da yandırdıqlarına pərəstiş edən" simvolist "mürtədlər" Vyaçeslav İvanov, Merejkovski, Mixail Kuzmin, Andrey Belıy, Fyodr Soloqub, Konstantin Balmont, Zinaida Kippus, Zinovyeva-Annibal və b. kimi rus modernistləri onsuz da çoxdan qadağan olunmuş, proletar kultu modernizm kultunu zərərsizləşdirmiş, poeziyanın zadəgan ruhu zədələnmiş, rus ədəbiyyatının Tanrıyla savaşı başlanmışdı. Ədəbiyyat meydanında çarmıxa çəkilmiş Ruhun Məryəm Anası Anna Axmatovadan başqa kimsə qalmamışdı...
Rus poeziyasında poetik üslubu Anna Axmatova qədər Bibliya mistikasına bürünmüş, lirik "mən"inin Tanrıyla baş-başa qaldığı başqa şair təsəvvür etmək asan deyil. Axmatova İncil motivlərini şeirinə gətirəndə Üç üqnum bir kontekstdə birləşir. "Rekviyem"dəki "Çarmıx" şeirində olduğu kimi. Burada Tanrı Ruh da var, Tanrı Ata da var, Tanrı Oğul da var. Mərhəmədsiz prokurator Ponti Pilatın ölkəsində İudaların bir öpüşün kölgəsində otuz gümüşə satdığı dəyər də var. Danışan həm Hz. İsa, həm Məryəm, həm Mariya Maqdalina, həm də Anna Axmatovadır. Söhbət İsa Peyğəmbərdən, Məryəmin iztirablarından da getmir. Burda Ponti Pilat da xatırlanmır. Bu şeirdə İuda da yoxdur. SSRİ adlı bir ölkənin dəmir qəfəsində sıxılan ruhlar var. Tərkedilmiş Anna Axmatova var. Burada intibahın daş "Pieta"sındakı mərhəmətlə provaslav ikonasındakı çarəsizlik iç-içə girib. Burda həm də qətlə yetirilmiş ata Nikolay Qumilyov var. Həbsxanaya salınmış oğul Lev Qumilyov var. "Ananın (Anna Axmatovanın - A.T.) səssizcə durduğu yerə heç kəs (xalq - A.T.) baxmağa cəsarət etmirdi". Beləcə, pessimist ovqatın yetirdiyi simvolizmə arxa çevirmiş akmeizmin "Çarmıx"ında da yevangelik, ikonaqrafik (yenə də və yenidən) pessimist simvollar sayrışmağa başlamışdı:
"Ne rıday Mene, Mati,
vo qrobe suhu".
Xor anqelov velikiy ças vosslavil,
İ nebesa rasplavilisğ v oqne.
Otüu skazal: "Poçto Menə ostavil!"
A Materi: "O, ne rıday Mene..."
Maqdalina bilasğ i rıdala,
Uçenik löbimıy kamenel.
A tuda, qde molça Matğ stoəla,
Tak nikto vzqlənutğ i ne posmel.
Axmatova Əhdi-Cədiddən "İsanın ölümü"nü özünün və ölkəsinin taleyinə interpretasiya edir. "Tanrım, Tanrım, məni nədən tərk etdin?" - deyə bağırdı... Orada olub-bitənləri uzaqdan izləyən bir çox qadın vardı".
"İncil": "Matfey"
***
Politbüronun qənaətinə görə, "Axmatovanın... şeirlərinin əhatə dairəsi iyrənc dərəcədə məhduddur. Onun şeirləri... bəzək otağı ilə dua otağı arasında vurnuxan qudurmuş xanımın şeirləridir. Onun tərənnüm etdiyi əsas mövzu-kədər və qəm, ölüm, mistika və ümidsizlik donuna geyindirilmiş məhəbbət və şəhvət mövzularıdır... Axmatovanın mənəviyyat aləmi - məhkumiyyət hissini... zülməti, ümidsizliyi, yarısı şəhvətdən ibarət olan mistik duyğuları ifadə edən bir aləmdir. Axmatovanın təsvir etdiyi qadın həm rahibəyə bənzəyir, həm də fahişəyə, daha doğrusu, eyni zamanda həm fahişə və həm də rahibə olub fahişəliklə duanı bir-birinə qatmışdır:
Qoy and olsun mələklərin bağına,
O ilahi, o ecazkar surətə,
Ehtiraslı gecədəki həsrətə.
Xırda, dar çərçivədə həyat sürən, miskin həyəcanlar keçirən və dini-mistik şəhvət duyğusu ilə yaşayan Axmatova belə bir şəxsdir". Jdanov Lunaçarskinin rahibə təyininə fahişə bənzətməsini əlavə edir. Axmatovanın ədəbi kimliyi məhz bu şəkildə "bəlirlənir". "Həm rahibə, həm də fahişə". Sonra söz yazıçılara verilir. "Axmatovanın dini erotikası" (Fadeyev) qadına qadın, duyğuya duyğu, sənətə sənət, şairə şair müamiləsi yapa bilməyən ölkə ədəbiyyatçılarının əsas müzakirə mövzusuna çevrilir. Dini-mistik şəhvət duyğusunda suçlanan "A tı dumal - ə toje takaə" şerini Axmatova adi bir qısqanclıq zəminində ərinə - Nikolay Qumilyova yazmışdı və son böyük rus simvolisti Aleksandr Blokun ölümü ilə, Qumilyovun öldürülməsi ilə sona çatdığını söylədikləri "rus poeziyasının gümüş dövrü", məncə, həmin şeirin yazıldığı və Blokun öldüyü, Qumilyovun öldürüldüyü 1921-ci ildə deyil, 1946-cı ildə Anna Axmatovanın başına açılmış ideoloji mərəkədən sonra tamamlandı. Rusiyada poeziya fəsli bitdi...
Azər TURAN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!