Qürbət sularında üşüyən sevgi adası - Vaqif Sultanlı

Gündüz Əlizadənin xatirəsinə Esse-rekviyem

Dünyanın ən əzablı dərdi ayrılıqdı...

Ölüm ona görə ağırdı ki, içərisində əbədi ayrılıq var...

İndi əlimdə qələm dərdin çəkilməzliyinə boyun əyərkən nə zamansa onun haqqında keçmiş zamanda danışacağımı, ömrü, taleyi, ölümü ilə bağlı düşüncələrimi yazacağımı xəyalıma belə gətirməzdim.

1955-ci ildə dünyaya göz açmışdı, aramızda yaş fərqi o qədər də böyük deyildi. Ancaq indi ha fikirləşirəmsə, onunla nə zaman tanış olduğumu xatırlaya bilmirəm. Və mənə elə gəlir ki, bu tanışlıq çox-çox uzaq illərə, ömrün başlanğıcına, bəlkə hələ dünyaya gəlmədiyimiz çağlara gedib çıxır.

Azərbaycanda yaşadığı illərdə yolum çalışdığı "Ədəbiyyat qəzeti"nə düşəndə mütləq ona baş çəkərdim. Səliqəsiz şəkildə yığılmış, çeşidli rəsm əsərlərilə dolu, rəng qoxuyan otaq mənə o qədər doğma gələrdi ki, ayrılmaq istəməzdim.

Sonra gözlənilməz şəkildə Azərbaycanı tərk elədi. Oğlu Azərin ağır xəstə olması, ailənin, övladının ehtiyaclarını qarşılaya bilməməsi onu bu addımı atmağa məcbur etmişdi. Almaniyaya getməzdən öncə bir neçə dəfə görüşməyimiz, Bakının əski məhəllələrində gəzib-dolaşmağımız dünən olubmuş kimi xatirimdədir.  Səfər öncəsi rəsm əsərlərindən ibarət kitabını nəşrə hazırlayarkən dönə-dönə məsləhətləşmiş, gedərkən kitablarının xeyli hissəsini lazımi ünvanlara çatdırmaq niyyətilə mənə əmanət etmişdi.

Almaniyaya getdiyi ilk dövrlərdə bir neçə dəfə onunla telefon əlaqəsi saxlamışdım. Əvvəlcə Hannoverdə yaşayırdı. İsrarla mənim də Almaniyaya gəlməyimi istəyir, əgər gələrsəm, yerləşməyim üçün gərəkli işlərdə kömək edəcəyini bildirirdi. Ona Vətəndən ayrı yaşamağımın mümkün olmadığını söyləyə bilmədim. Hiss elədim ki, Vətən üçün darıxır, ətrafında doğma insanlara ehtiyac duyur.

Qürbətə üz tutandan sonra onunla 2004-cü ilin fevral ayının 27-29-da Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresinin VII qurultayında görüşə bildik. Qurultayın davam etdiyi üç gün ərzində bir yerdə olduq, keçmiş günləri yad edərək həzin xatirələrə daldıq. Söhbət zamanı birlikdə "Böyük Azərbaycan" adlı dərgi çıxarmağı təklif etdim. Dərhal razılaşdı və elə salondaca karandaşla dərginin üz qabığının eskizini hazırladı. Ancaq təəssüf ki, müxtəlif səbəblərdən bu istəyimiz baş tutmadı.

Sonuncu dəfə vaxtsız itirdiyi oğlu Azəri Bakıda dəfn etməyə gələndə görüşdük. 2007-ci ilin dekabr ayının sonları idi. Gecədən xeyli keçmiş zəng eləyib oğlunu itirdiyini, sabah dəfn olunacağını söyləyəndə nə cavab verəcəyimi bilmədim. Səhər erkəndən doğulub boya-başa çatdığı Əhmədli kəndinə getdim, oğlunun dəfnində iştirak etdim.

Həyatda ən böyük itki ilə - övlad itkisi ilə qarşılaşmışdı. Tale onu amansız şəkildə sınağa çəkmiş, övladını ölümdən xilas etmək ümidilə "ömrün nicat sahili" kimi üz tutduğu qürbəti cəhənnəmə çevirmişdi.

Dəfn gününün axşamı söhbət əsnasında ölkəni tərk etməkdə peşman olub-olmadığını soruşdum:

- Burda özümü daha xoşbəxt hiss edirdim, məni sevən insanların əhatəsindəydim, həm rəsmlər çəkir, həm bədii yazılar yazırdım. Almaniyada maddi sıxıntılarım yoxdu, ancaq elə bil ruhunu çəkib bədənimdən çıxarıblar, içim tamam boşalıb, - dedi və sonra bir qədər fikrə gedərək:

- Niyə soruşdun bunu? - deyə üzümə baxdı.

O zaman bu suala nə cavab verdiyimi xatırlamıram. Ancaq bir qədər keçəndən sonra öz-özünə:

- Qürbətdə hamı Vətənə məzar yeri kimi baxır. Ya tabutları gəlir, ya ölmək üçün bura üz tuturlar. Vətən haqqında bu cür düşünəndə ürəyim sıxılır, - dedi.

Sonrakı günlər də onu tək qoymamağa çalışdım. Övladını itirmiş atanı sözlə təskin etməyin mümkünsüzlüyünü anlasam da, onu ovutmaq deyil, bəlkə bir anlığa olsa belə, fikrini yayındırmaq üçün yollar arayırdım.

 Sağalmayacağı bəlli olandan sonra psixoloqların xəstəxanaya gələrək oğlunu ölümə hazırlamaları ilə bağlı kədərli söhbətləri dinləyərkən bir ata kimi yaşadığı sarsıntıları anlatmağa çalışırdı. Bəzən söhbətlərə qulaq asırmış kimi görünsə də, özündə olmadığı  gözlərindən, baxışlarından hiss olunurdu..

Rəssamlıq sahəsindəki ilk təcrübəsi atasından ayrılmış anasının portretini çəkmək olmuşdu. 2015-ci ildə "Metrolu kəndin nağılı" adlı xatirə türlü yazısında o uzaq illəri yaddaşında belə canlandırırdı: "Anamı itirəndən sonrakı günlərin məşəqqəti mənə əzab verirdi. Bu məşəqqətdən uzaqlaşmaq üçün mücadilə etməyə gücüm çatmırdı. Elə bu arada içimdə şəkil çəkməyə ehtiyac hiss etdim. Evimizin divarında atamla anamın toy şəkli hələ də dururdu və atam gümüşü çərçivəli bu ağ-qara fotoya nədənsə toxunmurdu. Bu uğursuz foto mənim təsəllim idi və inanırdım ki, anam nə vaxtsa qayıdacaq. Bir dəfə yorğan-döşək yükünün üstünə çıxıb şəkli divardan aldım. Aşağı düşürüb ilk dəfə baxırmış kimi baxdım... və ürəyimdən anamın rəsmini  çəkmək istəyi keçdi. Amma oxşada biləcəyimə qəti inanmırdım. Buna baxmayaraq, fotonu çərçivədən çıxardım, üstünə bir ağ kağız qoyub işığa tutdum. Anamın fotosu az qala tam aydınlığı ilə kağızda əks olunurdu. Sevindiyimdən əllərim əsməyə başladı. Bu üsulla anamın rəsmini çəkəcəyəm deyə düşündüm və köhnə dolabımızın alt siyirməsində gizlətdiyim qələmləri çıxarıb işə başladım. Rəsm... Anam... Və dəyişməyən reallıq. Çəkdiyim şəkil anama o qədər oxşayırdı ki, bunu öz əllərimlə çəkdiyimə inanmağım gəlmirdi".

Bu addımla anasını evlərinə qaytara biləcəyini düşünsə də, bu arzusu baş tutmamışdı, əksinə, atasının onun çəkdiyi rəsmi və divardakı fotonu cırması ilə ümidləri əzilmiş, dərin xəyal qırıqlığına uğramışdı.

Zəngin və təkrarsız yaradıcılığı ilə Azərbaycanın ən istedadlı rəssamları sırasında yer almaqdadır. Onun karikatura, qrafika və rəngkarlıq sahəsindəki əsərləri orijinallığı, bənzərsizliyi, düşündürücülüyü ilə insanı heyrətə salır. Bu rəsmlər xalqın, millətin tarixinin və bugünün ən ağrılı problemlərinə, gələcəkdə gözlənilə bilən təhlükələrə güzgü tutmaqdadır. Bəzi əsərlərində sərt ciddiyyətlə zərif yumor çalarları məharətlə qovuşdurularaq insanı dünyanın əzəli-əbədi həqiqətləri haqqında düşüncələrə çəkir. Həyatın ən adi detalları belə onun rəssam fırçasında fərqli, ağlagəlməz mənalar alır.

Rəsmlərində baharın gəlişi, Novruz bayramı ilə bağlı detallar, zəngin folklor çalarları, xüsusilə Dədə Qorqud və Koroğlu kimi epos qəhrəmanlarının obrazları, divan ədəbiyyatı klassiklərinin əsərlərinə illüstrasiyalar romantik ovqat aşılayır.

Azərbaycan bayrağını rəmzləndirməyi çox sevir, müstəqil dövlətçiliyin gətirdiyi qüruru, milli ordu əsgərlərinin savaş ruhunu rənglərin dililə canlandırmağa çalışırdı.

Bununla yanaşı, əsərlərində sovet imperiyasının törətdiyi vəhşiliklər, Qarabağ müharibəsi, Xocalı qətliamı xüsusi yer tutur.

Rəsmlərinin birində xəncərlə ikiyə parçalanmış nar, altında suyun (qanın) axıb göllənməsi, başqa bir əsərində çöhrəsindən əzab tökülən kişinin qıyıq və sapla parçalanmış ürəyinin tikməsi təsvir olunur. Hər iki rəsm bölünmüşlüyün faciəsini anladan təsirli lövhələr kimi yaddaşlara həkk olunur.

1996-cı ildə İsveçdə mənim redaktorluğumla nəşr olunan "Araz" dərgisinin rəsmlərini çəkmişdi. Dərginin ilk sayı üçün çəkdiyi rəsmdə Bütöv Azərbaycan xəritəsi şəklində kəsilmiş ağac kötüyünə çalınan baltanın sapı yarpaq açmış, çiçəkləmişdi. Kötük üzərində Bütöv Azərbaycanın çəkilişini mən istəmişdim, ancaq parçalanmış Vətənin balta ilə ikiyə bölünməsi və baltanın sapının çiçəkləməsi onun dahiyanə tapıntısı idi.

Bir qədər sonra mənim "Azadlığın üfüqləri" kitabımın qrafika işlərini də çəkməli oldu və müəllif kimi onun fırçasında yaradılmış rəsmim indi həyatımın əziz xatirəsinə çevrilmişdir.

Məmməd İsmayılın redaktorluğu ilə nəşr olunan "Gənclik" dərgisinin (1988-1992) geniş oxucu kütləsinin marağını çəkməsində onun əsərləri əvəzsiz rol oynamışdır.

Bəlkə bir çoxları xəbərsizdir ki, bu gün "Ədəbiyyat qəzeti"nin başlığının bayrağımızdakı Ay-ulduz rəmzlərilə bəzəyi də Gündüz Əlizadənin fırçasının məhsuludur.

...Anasız böyüməsinə, övladını erkən itirməsinə, qürbətin ağrı və əzablarına qatlaşmasına rəğmən əsərlərində ümidsizlik ovqatı duyulmur. Ən kədərli mövzularda belə işığın, aydınlığın var oluşunu görməyə, göstərməyə çalışır.

Sevgiyə inanır, dünyanın və insanlığın yalnız sevgi ilə xilas edilə biləcəyi qənaətinə tapınırdı. Bəlkə bu səbəbdən rəsmlərində təbiətin və cəmiyyətin sevgi üzərində qurulduğu çeşidli motivlərlə vurğulanır. Əsərləri başdan-başa sevgi qoxuyurdu. Nə zamansa çəkdiyi rəsmlərindən birini "Məhəbbət adası" adlandırmışdı. O özü də bir insan və sənətkar olaraq həyatdakı missiyası ilə sevgi adasına bənzəyirdi - sahilini zaman-zaman soyuq qürbət sularının yuduğu sevgi adasına...

Almaniyada yaşadığı illərdə dəfələrlə özünün rəsm əsərlərindən ibarət İyirmi yanvar, Xocalı soyqırımı, Qarabağ müharibəsi ilə bağlı sərgilər düzənləmiş, Azərbaycanın keşməkeşli tarixinin gerçək mənzərəsini canlandırmaq üçün əlindən gələni əsirgəməmişdi. Həyatının son illərini keçirdiyi Trier şəhərində əsasən portret rəssamlığı ilə məşğul olurdu. Şəhərin mərkəzi küçələrinin birində yerləşən balaca köşkü sadəcə işləmək üçün üz tutduğu məkan deyildi, bəlkə daha çox Vətən həsrətini bir qədər səngitmək üçün soydaşları ilə görüş yeriydi.

Ancaq ən yaxşı əsərlərini Azərbaycanda yaşadığı illərdə, doğma xalqının içərisində, Vətənli günlərində çəkmişdi. Sonra neyləmişdisə, qürbətə daşıdığı Vətən ruhunun havasına edə bilmişdi.

Rəsm əsərləri ilə yanaşı, gözəl bədii yazıları vardı. Və maraqlıdır ki, rəsm əsərlərində olduğu kimi, bədii yazılarında da lirik və yumorlu üslub iç-içə hopdurulmuşdur. O, sözü sözdən seçən, seçdiyi sözləri məharətlə rənglərə dönüşdürməyi bacaran qeyri-adi bir istedad sahibi idi. Bu səbəbdən yazılarında sözlə rəng biri-birini görünməz ilmələrlə tamamlayır.

Bədii yazılarına dərin fəlsəfi düşüncəyə malik müdrik insan təfəkkürü hakimdir. "Ağılın olmamasından şikayətlənməyən yalnız ağılsızlardır", "Ölümdən qorxmaq alma yanağına düşən xal kimidi, get-gedə böyüyür və onu çürüdür", "Uçurumun kənarına yetişəndə arxa tərəfin səhrası da cənnətə dönür",  "Həyat - var olmaq deyil,  bəlkə Tanrının ən möhtəşəm və dərkolunmaz illüziyasıdır", "Bir "insan ömrü" kimi həzin və sığallı anlam tanımadım", "Yumruq kimi bükülməyən xalq kölə kimi bükülməyə məhkumdur" - deyirdi.

Həyat yoldaşı Yasəmən xanım ömrünün son günləri sevimli ərinin keçirdiyi ruhi sarsıntıları göz yaşları içərisində anlatmağa çalışır: "Mənə deyirdi ki, evimizdən yol keçir. Burda nə çox adam var...  Kimdir axı bunlar, mən heç birini tanımıram. O ağ paltarlı adam kimdir, üzünü məndən gizlədir". Sonra isə kədərlə əlavə edir: "Onu xəstəlik deyil, oğlu Azərin vaxtsız itkisi apardı. O hadisədən sonra özünə gəlmədi".

Və beləcə 2017-ci ilin dekabr ayının 9-da gecə saatlarında qürbətdə dünyaya gözlərini yumdu. Cənazəsi Vətənə gətirilərək Bakının Əhmədli kənd qəbiristanlığında vaxtsız itirdiyi oğlu Azərin məzarı yanında torpağa gömüldü.

Almaniyada mühacir ömrü yaşayan Vahid Tarzənin dostunun ölümünə həsr elədiyi Fikrət Əmirovun "Laylay" mahnısının solo ifası sözün deyə bilmədiklərini musiqinin dililə canlandırır. Mətbuatda onun ölümü ilə bağlı qələmə alınanların heç biri, elə bu yazı da qəribliyin həzin kədəri hopmuş o musiqi qədər insanın ruhuna işləmir.

O bir zamanlar istəmədən ayrıldığı, uzun illər həsrətilə qovrulduğu Vətənə döndü. Bu dəfə əbədi olaraq döndü. Məzara çevrilmək, Vətən torpağına qarışmaq, bir daha qürbətə dönməmək üçün Vətənə döndü.

9-14 dekabr 2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!