Əsli qarının nağılı - Hədiyyə Şəfaqətin "Uzaq adamlar" romanından

 

"Biri vardı, biri yoxdu..."

Yox, bu anamın nağıllarından deyil,  mənim nağılımdır. Ona görə də sehri az, özü də bir az dumanlıdır, bir az da boz rəngə çalır, keçmişin kədərli və bizə heç bir dəxli olmayan bütün nağılları kimi...

"...bir Əsli qarı vardı".

Bu cümləni deyən kimi gözlərim dolur. Niyə? - Bilmirəm...

Gözümüzü açıb Əsli qarını necə gördüyümüzü xatırlamıram, üzdən necə göründüyünü də düzü, unutmuşam. Yadımda bircə arıq olmasıyla, daima qara geyinməsiylə (onda da şübhəliyəm), cəldliyi, iti baxışlarıyla qalıb. Gözümü açıb Əsli qarını elə Əsli qarı görmüşdüm yəni, onu cavanlıqda kimin görüb-görmədiyini də bilmirəm. Uşaqlar onu küpəgirən qarıya bənzədirdilər, yaman da qorxurdular. Deyirdilər, ilan-cəyənli qəribə bir yerdə yaşayır.

Lap balacaydım, anam əlimdən tutub bir yerə apardı, iki dəfə ağac addamacdan keçdik. Dar bir dalan kimi yer idi, tövlə kimi binaydı, dal üzüylə, divarın dibiylə getdik, sonra dar bir artırmaya çıxdığımızı, balaca taxta qapıdan içəri keçdiyimizi xatırlayıram. Kinolarda gördüyüm rus daxmalarına oxşayan bir otaqdı. Dəmir çarpayının ayağıyla başına əl işləməli qar kimi ağ  pərdə asılmışdı, qabağı da işləməli pərdəylə örtülmüşdü. Qapıyla üz-üzə də bir pəncərəsi vardı, ona da əl işləməsi eyni pərdələrdən vurulmuşdu. Divardakı paltar mıxçalarından asılmış paltarlar da deşikli-işləməli eyni tərzdə pərdənin altında gizlədilmişdi.

Anam içəri girib qarının halını xəbər alanda gəldiyim yerin Əsli qarının evi olduğunu bilmişdim. Çarpayıdakı qadın azca dikəlib məni yanına çağırmışdı, əvvəl çəkinsəm də, anamın: "Get, get görüş də, ayıb deyil?"-  deməsiylə qadına yaxınlaşmışdım.  Əlimi soyuq dodaqlarına aparıb öpmüşdü.  Anam balaca qutu kimi çantasını açıb içindən iynə-şpris çıxartmışdı, doldurub vuran arada mən də qarının yanında, çarpayının  kənarında oturub tərpənməyə qorxurdum ki, dəmir çarpayı yellənər, iynə qarının ətinin dərininə işləyər, onu qanadar.

Anam işini bitirib qutu kimi çantasını yığa-yığa qarıdan hal-əhval tutdu. Sonra gəldiyimiz yolla da evə qayıtdıq.

Bu qısa gediş - gəliş mənə nağıllar aləmində qaranlıq mağaranın divarları arasındakı dar yolla gedib çıxışı  axtarmğı xatırlatmışdı. Gözlərindən biri tövlə kimi istifadə olunan kərpic binanın divarları, qabağında qalaqlanan odun, ot yığını, qarşı tərəfdəki hasar kimi bir şey eyniylə bu yolu andırıdı.

Sonra anam əlimdən tutub məni bir dəfə də Əsli qarının evinə apardı. Bu dəfə qarı xəstə deyildi, barama təmizləmə mərasimiydi. Qarı təkbaşına çardaqdan barama şəllərini qucaqlayıb aşağı atır, məhəllənin oğlanlı-qızlı bir neçə uşağı baramanı şəllərdən ayırıb qablara doldurur, dar eyvanda düzülmüş qadınların qabağına boşaldırdı. Qadınlar baramaları bir - bir təmizləyə-təmizləyə nədən desən danışırdılar.

Anam məni həyətdə şaxdan barama təmizləyən uşaqların yanında qoyub eyvana keçmişdi. Sonra Əsli qarı çardaqdan enib özü də onların yanına getdi. Nəyə görəsə sıxıldım, eyvana boylanıb anamın yanında yer axtardım, anam da bunu görüb əliylə yanına çağırdı, döşəkcəsinin kənarında yer edib, qabağıma bir dəstə barama tökdü...

O gün Əsli qarı çardaqdakı, evdəki ilanlardan danışdı. Divarı dəlib evə girməklərindən, bəzən oyanıb evdə sürünən ilan görməyindən. Əvvəldən məhlənin uşaqlarından eşitdiyim ilan-cəyən söhbətinin üstünə bu da gəlincə canımı qorxu almışdı. Gözüm dörd olmuşdu, hara baxırdım ilan görürdüm, hər tərpənişdə ilan sürünməsi hiss edirdim.

İndiki kimi yadımdadır, o anlarda yeganə arzum anamı ordan götürüb getməkdi. Dünyada ən böyük qorxusu anasının ölməyi olan bir uşaq fikirləşin.

Anam söhbətləri hamı kimi soyuqqanlılıqla dinləyib, ilan məsələsinə qarışmırdı, arabir "zəhər qoy", "dəyməsən dəyən deyillər", "sənin də həyətin sıxlıqdır, nə desən olar" deyən qadınların söhbətinə başını yelləməklə münasibət bildirirdi.

Mənə indi də elə gəlir, həyatımın ən uzun saatlarını orda, Əsli qarının həyətində barama təmizləyən qadınların yanında yaşamışam.

Əsli qarının bu ilan-cəyənli daxmada yaşaması mənim ürəyimdə qorxu yaratmaqla qalmamışdı, yuxularımı da narahat edirdi. Hər dəfə yerimə girəndə elə bilirdim, o ilan-cəyənlərdən biri bir küncdən çıxıb Əsli qarını sancacaq. O da quruyub yaşıl rəng alacaq (niyə yaşıl?), üstəlik də heç kim qorxusundan gedib Əsli qarıya kömək edə bilməyəcək. 

Bir az böyüyəndən sonra Əsli qarının evinə tək gedib - gəldiyim də oldu, anam əlimə nəsə verib yollayanda, (o da ayda-ildə bir olurdu) canımı dişimə tutub, qaça-qaça gedib, qaça-qaça qayıdırdım. Elə bilirdim eyvanın qabağına gedib çatınca hardansa ilanlar çıxıb üstümə atılacaq.

Elə bilirdim, Əsli qarını bu dar, qaramat, az qala çıxılmaz cığırın sonundakı quyuya salıblar, arabir ordan çıxsa da (çıxdığını bilirdim, çünki qohum-qonşunun xeyrində-şərində həmişə rastlaşırdıq) qayıtmağa məhkumdur.

İllər sonra Əsli qarının başqa tərəfdən də yolunun olduğunu bildim. Qonşudakı qız bir dəfə oynadığımız yerdə: "Gəl gedək, Əsli arvaddan alma qaxı alaq", -  deyib məni evləri səmtdən geniş bir həyətə çəkmişdi. Səliqəsiz olsa da dar, qaranlıq deyildi. O başda iki addım atan kimi eyvanın başına çatırdın, ordan da Əsli qarının otağına. Gözüm kəlləmə çıxmışdı, Əsli qarının o üzdən ilanın quyruğundan girib ağzından çıxdığın yerdə dayanan  qapısı bu üzdə qıf kimi açılıb aşağı yola genişlənirdi.  Əsli qarı iki dəfə çağrılmasıyla eyvana çıxıb acıqlı-acıqlı üzümüzə baxmışdı, qız alma qaxı istəmişdi, qarı da nəsə deyinə-deyinə kağızın arasında beş-altı dilim alma qaxı  gətirmişdi. Qız bükülünü alıb heç "sağ ol" da deməmişdi, sivişib gəldiyimiz yerdən yoxa çıxmışdıq, nə qədər təklif etsə də əlimi alma qurusuna vurmamışdım, mənə elə gəlirdi, üstündə ilanlar gəzib, qızın ağzına baxa-baxa da ödüm ağzıma gəlmişdi, Əsli qarının çiçək kimi tər-təmiz otağını xatırlamaq da dadıma çatmamışdı, çünki görmüşdüm ki, Əsli qarı alma qurusunu evindən yox, eyvanın o başındakı balaca kamodundan  çıxardıb verdi.

Böyüdükcə Əsli qarının nağılvariliyi azaldı, mən də bir az soyuqlaşdım, balacaykən ürəyimə dolan qorxunun yerini laqeydlik aldı. Kim ilanların arasında yaşamaq istəyirsə, yaşasın, -  nə etmək olardı? Bəlkə də Əsli qarının taleyinə biganələşməyim mənim insaniləşməyimin bir əlamətiydi. Böyüdükcə qorxulu-qorxusuz sehr, mənzərə dağılır, mağara dalanları açılır, quyular içində heç kimin itib-batmayacağı qədər zir-zibillə dolur, ya da divarına nərdivan söykənir, kim istəsə quyusuna girə də bilir, çıxa da. Heç kim heç kimin gəlib onu ordan xilas etməyini ya gözləmir, ya da mənim kimi hamı insaniləşdikcə ilanlı quyudakı Əsli qarılar taleyin o biri üzündən əllərini üzürlər.

Məncə elə belədir, Əsli qarının  təsəvvürümdə qalan o qaranlıq, qaramat mənzili onun öz seçimiydi. Uzun illər övladı olmamışdı, əri də gedib hardansa bir gənc qadın gətirmişdi, - üstünə arvad almışdı. O arvad da ard-arda yaşlı ərinə beş övlad  doğmuşdu. Dörd yaraşıqlı oğlan, bir də iri, kor-kobud, kişi üzlü qız. Deyirdilər əvvəl iki arvad bir damın altında yaşayırmışlar, sonra kişi təzə ev tikibmiş, amma təzə gələn uşaqların sayını artırdıqca əvvəlkinin yerini dar etməyə başlayıbmış. Günlərin bir günü də həyətin bir tərəfində tövlə kimi saxladıqları köhnə evin bir tərəfini kəsib qarıya otaq etmişdilər, qapısını da o biri tərəfə qoymuşdular ki, təzəsi tərəfə açıılmasın. Sonradan öyrəndiyimə görə, təzə arvad heç o üzə baxan pəncərənin də açılmasına razı deyilmiş, yəqin burda da qəribə bir qəddarlıq vardı - deyirdilər, o arvadı o evə elə Əsli qarı tapıb gətirib.

Əsli qarı niyə çıxıb getməmişdi, o otaqda, mənim qorxduğum o quyuda qalmışdı, bilmirəm. Bəlkə əlacı olmamışdı, bəlkə arına sığışdırmamışdı, bəlkə bu halı müvəqqəti saymışdı, ərinin, təzə arvadın şirinlikdən çıxdıqca insafa gələcəklərini gözləmişdi? Amma deyəsən şirinlik bitincə kişinin ömrü başa çatmışdı, o günü görməmişdi. Bəlkə ərinin uşaqlarına mehr salmışdı, onlardan qopa bilməmişdi, çünki o dörd oğlan, bir qız "Əsli mama" deyə-deyə onu gözdən qoymurdular. Əsli qarı təzə arvad üçün tikilmiş hündür, geniş, səliqəli ev tərəfə hərlənməzdi, amma deyəsən arada dava-dalaşları düşərdi. Onu yaxşı xatırlayıram.

Əsli qarı ərinin uşaqları üçün özünü öldürürdü, amma ərinin uşaqları Əsli qarının xəstəsinə  yiyə çıxmadılar, heç ölüsü də onlara qalmadı. Bacısı uşaqları yerbəyer elədilər. O da payına düşən bir parça torpağı, gizli - gizli yığıb gizlətdiyinə işarə vurulan var-dövlətini ölüsünün yiyələrinə verdi. 

Bu yaxınlarda yolum kəndə düşmüşdü, onu xatırladım, içimdə qəribə bir istək yarandı, istədim, bir bəhanəylə yolumu o tərəfdən salım, uzaqdan-uzağa həyətə, Əsli qarının evinə tərəf boylanım. Söz saldım, dedilər, Rusiyada yaşayan kiçik oğey atasının yurdunda qalan o köhnə küməni çoxdan söküb, yerində kefin istəyən ev tikdirib.

Bəlkə məndən sonra doğulan uşaqların gözündə Əsli qarı illər sonra da nağıl qəhrəmanı kimi görünməyə davam edəcəkdi, amma sözsüz, bir gün ölüm gəlir çıxır, Əsli qarını o nağıldaykən görməyən, tanımayan uşaqlar doğulur, ara açılır, vəssalam. Bəlkə elə Əsli qarı heç o vaxtın uşaqlarının, mənim həmyaşıdlarımın gözündə də nağıl qəhrəmanı deyildi, amma bu ürəyimdəki danışılmamış əhvalatın kövrək nisgilinə xətər toxundurmayıb.

Bir gün hardan hara, dünyanın o biri ucunda birdəncə pıçıldayırsan: "Biri vardı, biri yoxdu, bir Əsli qarı vardı..."

Gəl indi kiməsə başa sal ki, Əsli qarı niyə vardı və mən niyə ondan danışmaq istədim...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!